Əli Şirin Şükürlü - Ölüm
02.02.17

Hekayə

O, həyatında ilk dəfə idi ölümdən qorxmurdu...
Yox, elə düşünməyin yalnız ölümdən danışıb, ölüm barədə fəlsəfi, lirik-sentimental fikirləri yan-yana düzəcəyik. Məsələn, bu kimi fəlsəfi fikirlərə qapılıb,
deyəcəyik: ölüm – yoxolmadır;
deyəcəyik: ölüm - əbədi həyatdır;
deyəcəyik: ölüm – son olaraq yeni başlanğıcdır;
deyəcəyik: ölüm – şüurun məhsuludur, düşüncədən kənarda ölüm yoxdur, yalnız dəyişmələr var.
Ya da ölümün poetik vəsfi ilə baş qatacağıq, təxminən belə:
ölüm – mən səndən güclüyəm, öldürə bilmədin məni;
ölüm – qurtar məni, başdan-başa əzabdır həyat;
ölüm - nə gözləyər adamı həyatdan sonra.
Bütün bunlardan danışmaq fikrimiz yoxdur. Fikrimiz həyatdan danışmaqdı, sevgidən, iradədən söz açmaqdı. X. adlı bir şəxsin həyatının bəzi parçalarını kəsib (ayırıb), sonra montaj edərək bir hekayə nəql etməkdi. Ona görə də hekayəni belə başladım:
O, həyatında ilk dəfə idi ölümdən qorxmurdu. Amma əvvəllər qorxardı. Indi isə gerçəkdən qorxmurdu. Yoxsa elə çox adam deyər mən ölümdən qorxmuram. Adətən ölümdən qorxanlar belə deyər həm də. Bunu deyənlər ya ölümdən qorxurlar həqiqətən, ya da ölümün hələ ondan çox uzaqda olduğunu düşünürlər. Yəni bir növ nəyəsə arxayındılar. Yoxsa ölüm ola və insanın nəyi var əlindən ala, sən də ölümdən qorxmayasan. Bir də axı niyə də ölümdən qorxmayasan və düşünəsən ölümə hələ çox qalıb. Ölüm də ki yaşa-filana baxmır, həyatın düz yanındadı, arada nazik pərdə. Bir tərəfdən diqqətlə baxsan o biri tərəfi görünür. X. isə niyə ölümdən qorxmurdu az sonra biləcəyik. Indi isə gəlin görək bu qorxmazlığa çatana kimi o kim idi, nə edirdi, necə yaşayırdı. Bütün bunların da təfsilatına varmayaq, lazım olan hissələrə nəzər salaq.
X. oxumuş bir adamdı, babat işi var, yaxşı geyinir, yeyib-içməyi, məclisləri xoşlayır, bir də mütaliə etməyi. Yaşı az olmasa da evlənməyib, sevdiyi qadın var.
Bu, onun görünən tərəfləridi. Pulu olanda xərcləyər – bu məziyyəti yuxarıda sadaladığımız xüsusiyyətlərindən anlaşılır. Çünki yaxşı geyinib, yaxşı dincəlmək üçün pul xərcləməlisən. Amma pulu azaldıqca narahatlığı artır. Itirmək elə də asan məsələ deyil axı. Pul salıb itirməkdən söhbət getmir, ümumiyyətlə, itirməkdən söhbət gedir. Nəsə qazanmısan, vaxt getdikcə qazandığını itirirsən tədricən. Itirdikcə də narahatlığın artır, yəni itirməklə narahatlıq düz mütənasibdir.
Elə ki pulu qurtardı qeyri-ixtiyari bir rahatlıq başlayır X.-ın həyatında. Nə tapır onu da sərf edir yaşayışa, day nəyinsə azalacağından, tükənəcəyindən ehtiyat etmir. Amma var-dövlətinin artmasını da arzulayır, baxmayaraq, var-dövlətin artması ilə narahatlığının da çoxalacağını bilir. Çünki onu itirmək təhlükəsi də var – sınaqdan keçirib. Belə baxanda adi ömür yaşayır bəzi qəribəlikləri olsa da. Əksəriyyətin sürdüyü ömrə bənzər. Bütün bu sadaladığımız onun görünən və qismən də görünməyən cəhətləridir.
Bir görünməyən tərəfi var, onu heç kimə sirr gəlməyib bu vaxta kimi. Ta ağlı kəsəndən “bir cüt göz” izləyir onu daima. Daima deyəndə, o ozü hər zaman bu izləmənin fərqində olmur, amma o “bir cüt gözdən ibarət kamera”nın fasiləsiz onu lentə aldığını bilir. O bir cüt göz balaca, qəribə bir vücudda məskunlaşıb. Həmən vücud o qədər balacadı yalnız iri gözləri nəzərə çarpır. Bəlkə gözlər də bir elə iri deyil, sadəcə, yerbəyer olduğu xırda vücudla müqayisədə bu qədər yekə görünür. Tez-tez də onu harasa dəvət edir – fərqli məkana. Vəd etdiyi məkan əbədidir, orada zaman yoxdur. Bütün varlıqlar və hadisələr bir anın içinə yığılıb, yəni fotoya bənzəyir. O da həmişə imtina edir bu əbədilikdən. Nə olsun o məkanda əbədi həyat hökm sürür, heç nə dəyişmir ki. Bir məkan ki geçmiş – xatirələr movcud deyil. Bir məkan ki gələcək – ümidlər yoxdu. Özü də o məkanın sakinləri də dostu “bir cüt göz”ə bənzəyir. O məkana köçüb getməkdənsə, elə “ölüm”ə gedərəm – düşünür X. Nə olsun doğma məkanda ölüm var, ölümlə yanaşı nə qədər gözəlliklər, dəyişmələr, ümidlər də var ki, həyatı maraqlı, rəngarəng edir.
Dostunun dəvətini qəbul etməsə də, ölümdən də qorxur X. Hələ ki qorxur. Çünki itirəcəyi bir çox şeylər var. Onlardan biri də sevdiyi, neçə il bir yerdə olduğu gözəl qadınıdır. Bu neçə ildə daim birlikdə olsalar da evlənmək ağlına batmır X.-ın. Axı evlənməyin nə mənası var. Bir dəfə sevdiyi qadınla dostunu təbrikə getmişdilər; dostunun övladı gəlmişdi dünyaya. Qadın qucağına alıb oxşadığı körpəyə X.-ın nəvazişlə baxdığını görərkən ona müraciətlə bir qədər sevincək soruşdu:
- Xoşuna gəlir?
- Hə. Nəsə qanım qaynadı bu uşağa.
- Istəyərsən belə bir uşağın olsun?
- Bilmirəm.
Day heç nə soruşmadı qadın. O da heç nə demədi. Əslində deyiləsi sözü var idi. Amma demədi. Desəydi gərək bunları deyəydi: uşaq dünyaya gətirmək yeni insan dünyaya gətirməkdi. Gəlişi ilə sevindirər ata-ananı, baba-nənəni, yaxın qohumları. Axı insan daim yaşamaq istər, amma bunun mümkünsüzlüyünü də dərk edər. Uşaq dünyaya gətirməklə şüurunda gizlənən əbədi həyat istəyini doydurar qismən. Lakin uşaq dünyaya gətirməklə yeni iztirablara yol açırlar. Dünyaya gələn o insan çox keçmədən çox şey istəyəcək, xoşbəxt olmaq barədə düşünəcək. O xoşbəxtliyə isə az-az rast gələcək. Lap elə tez-tez rast gəlsə də az olduğunu düşünəcək. Bir istəyi həyata kediyi an başqa nəsə arzulayacaq. Istəyin doğurduğu arzular da bitib-tükənməz, sonsuz bir proses. Hər hansı bir istəyi həyata keçmədi məyusluq döyəcək qapısını. Özünü bədbəxt hesab edəcək. Xoşbəxt anları unudacaq. Iztirablar başlanacaq. Həyat isə elə bir yoldu o yolda xoşbəxtliyə tez-tez rast gəlmək qeyri mümkündü. Belə olan halda dünyaya uşaq gətirməyə dəyərmi. Biz özümüz tükənməz iztirablar məngənəsində sıxıldığımız halda yeni iztirablar gətirək dünyaya hansısa bir körpənin timsalında?!
Bax bu kimi düşüncələri onu ailə məsuliyyətini üzərinə götürməkdən çəkindirirdi. Allahın ona bəxş etdiyi ömrü düzgün hesab etdiyi kimi yaşayırdı. Sevdiyi qadın da onu yaxşı tanıdığından üstünə getmirdi. Bəlkə də qadın qüruruna sığınıb dururdu, bəlkə də onu itirmək istəmirdi. Hər halda ilk baxışdan onunla birlikdə olmaqdan məmnun görünürdü.
“Bir cüt göz” isə kamera kimi daima izləyirdi “qurbanını”. Arabir peyda olurdu əbədi həyat vədləri ilə. Özü də bu peydaolmalar müəyyən məqamlarda baş verirdi. Əsasən də X. məyus olduğu vaxtlarda. Elə danışan da gözlər olurdu. Bir cüt göz monitor kimi bütün informasiyaların təsvirini verirdi ekrana. Danışığa yer qalmırdı. Bir məkanda hər şey bir tərəfə, adi səsdən, sözdən məhrumdu oranın sakinləri. Səsin, sözün doğurduğu ahəng, ritm, intonasiya movcud olmayan yerdə insan nə qədər gözəlliklərdən məhrum olur. X. isə rəngarənglik, ahəng, ritm, intonasiya arzulayırdı həyatda. Ziddiyyətlər, dəyişmələr arzulayırdı. Sabitliyi, monotonluğu sevmirdi.
Bir gün gözündə ağrı hiss etməyə başladı X. Belə hallar bəzən olurdu deyə əhəmiyyət vermədi. Amma bu ağrı əvvəlki ağrılardan fərqlənirdi. Insanın bir çox şeylər kimi vərdiş etdiyi ağrıları da olur. Bir növ o ağrılarla doğmalaşır. Amma bu ağrı ona yad idi, qəfil haqlamışdı onu. Getdikcə artırdı ağrıları, artıq başında da bərk ağrılar yaranmışdı. Ağrılar o həddə çatdı onu yatağa saldı. Sevdiyi qadın, doğma adamlar tez-tez baş çəkirdi ona təsəlliləri ilə. Həkimlər isə qəti heç nə vəd etmirdi. Vəd edən isə yenə də “bir cüt göz” dostu idi.
- G E D İ R S Ə N? – monitorda iri hərflərlə yazılmışdı.
- Yox hələ - X. gülümsəməyə çalışdı.
- Orada həyat gözləyir səni.
- Elə burada da həyat var, ağrıların özü də həyat əlamətidi, - X. özünü sındırmamağa çalışdı.
- Orada həyat var, ağrı yoxdu.
- Ağrısız da həyat olar, - X. eyni şövqlə cavab verdi.
Monitor qaraldı, yerində yenə iri bir cüt göz parladı. Tibb bacısı palataya daxil olarkən X. artıq tək idi. Ağrıkəsici qəbul etməyin vaxtı idi. Vaxtı idi deyəndə özü xahiş etmişdi. Ağrılardan müvəqqəti də olsa qurtulmaq, rahatlanmaq istəyirdi. Ancaq maraqlı olan o idi ki, belə vəziyyətdə idrakı işıqlanmışdı elə bil. Ağlında bu vaxta kimi ona tanış olmayan fikirlər dolaşırdı. Hikmət dolu bu fikirlər ona iztirablardan qurtuluş yolu göstərirdi. Sadəcə, bu yolu qəbul etmək qalırdı ona. Bunun üçünsə ayağa qalxmaq, fiziki ağrılardan xilas olmaq gərəkdi öncə. Sonra necə yaşayacağını bilir. Fiziki ağrılara da bacardıqca dözməyə çalışırdı. Sevdiyi qadın tez-tez ziyarət edirdi onu, ağrılarının şahidi olurdu. “ Səni daha çox sevdim, ağrılarınla birgə, iradəni daha çox sevdim bu dəfə” – sevdiyi qadın bu sözləri ona söyləyərkən, bunun da təsəlli olduğunu düşünüb, qadının gözlərinə baxdı. Qadının gözləri gerçəkdən sevgi ilə dolu idi, amma bu sevgi göz yaşları ilə islanmışdı azca. Əlini qaldırıb, vəfalı qadının gözlərində gəzdirməyə başladı. Əlində, sonra da dodaqlarında hiss etdiyi doğma istiliyin hərarəti altında yuxuya getdi.
Ağrılardan tez-tez huşunu itirirdi son vaxtlar. Sədaqətli dostu “bir cüt göz” də tez-tez peyda olurdu bu məqamlarda və “xilas etməyə” çalışırdı onu. Son dəfə yenə peyda oldu: “G E D İ R S Ə N?”. “Həmişə gedirik də, elə yaranandan. Yox, heç yaranmamışdan da, bu dünyaya təşrif gətirməmişdən gedirik” - ağrılardan üzülmüş X. bu dəfə başını qaldırıb bir cüt gözə diqqətlə baxdı. Qəribə idi, bu gözlər artıq ifadəli idi. Əvvəl heç vaxt bir cüt gözü bu cür mənalı görməmişdi. Gözlər mərhəmətlə, nəvazişlə dolu idi. Sanki onun ağrıları, ağrılarına qalib gəlmək əzmi, iradəsi cansız kameranı xatırladan bu bir cüt gözə də təsirsiz ötüşməmiş, bu gözlərə “həyat” bəxş etmişdi. Gücünü toplayıb, yenə nəsə demək istəyərdi ki, yenidən huşunu itirdi.
Artıq ayaq üstə idi X. Özünü gümrah hiss edirdi, heç vaxt olmayan kimi gümrah. Fərqli hisslərlə zəngin idi varlığı. Hər yerdə gözəllik axtarırdı gözləri. Nə xoşuna gəlməyəndə tez üz çevirirdi və gedirdi. Hər şeyi təmənnasız seyr edirdi. Təmənnasız yaşadığından çox rahat idi. Nəsə itirəcəyindən də qorxmurdu. Hesab edirdi itirəcəyi heç nə yoxdu həyatda. O qədər böyük iradə sarmışdı varlığını qorxu hissini də itirmişdi. Insanı zəif salan, gözüqıpıq edən qorxu hissini itirməklə güc sahibinə çevrilmişdi X. Bunu yaxşı anlayırdı. Onu zəif edə biləcək nə vardısa hamısından imtina etməyi bacarırdı. Ətrafında nə vardısa fövqündə dayanmışdı onların. Amma elə hey gedirdi.
Ölümdən də qorxmurdu. Bu dəfə gerçəkdən qorxmurdu. Qorxu hissini itirən adam ölümdən necə qorxa bilərdi. Amma həyatdan da imtina etmirdi. Həyatdan öz xoşuna imtinanı zəiflik hesab edirdi. Belə adamlar adətən çox istəyib, tez məyus olanlar, həyata daha çox bağlanan zavallılardır. Xoşbəxt olmaq istədiklərindən elə bədbəxdirlər. Belə düşünə bildiyindən gözəlliklərdən zövq alır, çirkinliyə, nadanlığa arxa çevirib yaşayırdı X. Çox asanlıqla imtina etməyi bacarırdı yeri gələndə. O qədər böyük iradə sahibinə çevrilmişdi imtina etmək adi bir şey idi onun üçün. Çoxlarının qamarlamağa çalışdığı, üstündə əsdiyi, itirməkdən qorxduğu elə şeylər vardı onunçun heç bir əhəmiyyət kəsb etmirdi. Beləcə əsl güc sahibi kimi çox şeyin fövqündə dayanmışdı və ucalıqdan seyr edirdi həyatı. Ucalığı isə fiziki hadisə kimi qəbul etmir, idraki vəziyyət hesab edirdi.
Və ölümdən qorxmazlığı belə başladı X.-ın. İdraki ucalıqda iradə sahibinə çevrildikdən sonra. Bu çevrilməni isə bir neçə dəfə “ölüb-dirildikdən” sonra qazanmışdı. Ölümə də həyat əlaməti kimi baxırdı artıq. Ölümlə həyat o qədər yaxındı, doğmadı bir-birinə, əl-ələ tutublar və hər an sarıla bilərlər bir-birinə. Ölüm həyatın davamıdır, həyat ölümün – deyə gedirdi. Elə hey gedirdi. Arabir gözləri dostunu axtarırdı - “bir cüt göz”ü. O isə peyda olmurdu.
... - 20.02.2015

Yenililklər
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.