Rey Bredberi - İzdiham

25.02.17

Avanqard.net gənc yazar Şəfiqə Şəfanın tərcüməsində Rey Bredberinin "İzdiham" hekayəsini təqdim edir.

Mister Spolner əlləri ilə üzünü örtmüşdü. Hiss edirdi ki, harasa uçur, sonra dəhşət və ağrının yaratdığı ahəngdar, güclü bağırtını eşitdi. Ardınca zərbə gəldi. Divara çırpılan avtomobil oyuncaq maşın kimi çevrilib aşaraq sürücünü bayıra tulladı. Bundan sonra sakitlik çökdü.
İnsanlar axışıb gəlməyə başladılar. O, uzaq addımların tappıltısını eşidirdi. Ona elə gəlirdi ki, çəmənlikdən, küçədən, səkilərdən keçərək qaçıb gələn, sonra da gecə səmasının fonunda uçurum üzərindən sıçrayırmış kimi divarda açılmış deşikdən tullanıb, kərpic qalaqlarının üstündə təkərləri artıq gərəksiz halda havada fırlanan maşına tamaşa etməyə yığışmış bu adamların yaşını, çəkisini təyin etmək qabiliyyətinə malikdir. O, bu izdihamın haradan xəbər tutub bura yığışdığını anlamırdı və huşunu itirməməyə çalışırdı. Yaralı adam hərəkət edən, dəyişən, əyilib onun sağ və ya ölü olduğunu bilməyə can atan insan kütləsini görürdü. Adamlar onun üzünün vəziyyətini öyrənməyə çalışır, birdən-birə qəməri saat diskinə bənzəyən sifətində burnunun dəqiqəgöstərici əqrəb kimi yanağına düşən kölgəsindən nəfəs alıb-almadığını bilmək istəyirdilər.
“İzdiham nə yaman tez yaranır?.. – o düşündü. – Necə də dərhal əmələ gəlib böyük bir qələbəlik yaradır?!”
Sirena siqnalı eşidildi. Polis səsi gəldi. Yaralını qaldırıb apardılar. Qan yavaş-yavaş dodağından süzülürdü. Xərəyi təcili yardım maşınına yerləşdirdilər. Kimsə soruşdu: “Olüb?”, “Sağdır,” – deyə digəri cavab verdi. Başqa biri isə əminliklə bildirdi: “O ölməyəcək”. Ona tamaşa edən insanların üzündən də anlayırdı ki, yaşayacaq.
Bütün bunlar elə qəribə idi ki! O, hansısa kişinin arıq, solğun, gərgin üzünü gördü. Təlaş içində tüpürcəyini uddu, dodaqlarını dişlədi, özünü pis hiss edirdi. Daha sonra dodağı parlaq boyalı kürən bir qadını, çilli oğlan uşağını gördü. Bundan başqa... dişsiz ağızlı qoca kişi, çənəsində ziyili olan yaşlı bir qadın da gözünə sataşdı. Onlar haradan gəlmişdilər?.. Evlərdən, otellərdən, ötüb-keçən maşınlardan, tramvaylardan, bu ayıq-sayıq, bədbəxtliyə həmişə hazır olan dünyanın küçə və dalanlarındanmı?! 
İzdiham yaralıya, o isə bu qələbəliyə baxırdı. Bu izdiham onun heç xoşuna gəlmirdi. Onda nəsə aydınlaşdıra bilmədiyi xoşagəlməz, urküdücü bir şey vardı. İzdiham – insan əlinin məhsulu olan və özünün də qurbana çevrildiyi avtomobildən də təhlükəli idi.
Təcili yardım maşınının qapıları çırpılıb örtüldü. Amma yaralı şüşənin arxasından izdihamın maşına necə baxdığını görürdü. O izdiham ki, inanılmaz dərəcədə tez toplaşıb, eynən quzğun kimi şikarın üstünə cumur, gözlərini zilləyir, zərərverici maraqları ilə ölüm ayağında olan yaralını son məqamlarında narahat edirdi.
Təcili yardım maşını yola düşmək üçün tərpəndi. Yaralının başı yastığa söykədildi. İzdiham maşını baxışları ilə yola salırdı. O, hətta bunu gözuyumulu halda belə hiss edirdi. Onun xəyalında hələ də avtomobilin havada fırlanan təkərləri canlanırdı; gah biri, gah da dördü birdən...
Bir neçə gün keçdi. Bir fikir onu rahat buraxmırdı: düşünürdü ki, xəyalında hərlənən təkərlərdə, başına gələn bu qəzada, haradan toplaşdığı bəlli olmayan izdihamın zərərli, xəstəhal maraqlarında müəmmalı nəsə var. Azğın izdiham, hiddətlə fırlanan təkərlər... O, yuxudan ayıldı.
Günəş işığı xəstəxana palatasını bürümüşdü. Kiminsə əli onun biləyindən yapışıb nəbzini yoxlayırdı.
– Özünüzü necə hiss edirsiniz? – həkim ondan soruşdu. Xəyalındakı fırlanan təkərlər yox oldu. Mister Spolner palataya göz gəzdirdi.
– Mənə elə gəlir ki, yaxşıyam.
O, nə baş verdiyini soruşmaq üçün uyğun sözlər tapmağa cəhd etdi.
– Həkim!
– Bəli, sizi eşidirəm.
– Dünən axşamkı o izdiham...
– Bu, iki gün bundan qabaq olub. Siz çərşənbə axşamından burdasınız. Hər şey qaydasındadır. Siz sağalırsınız. Ancaq hələ ayağa qalxmaq olmaz.
– Amma o izdiham, həkim, bir də fırlanan təkərlər... Bədbəxt hadisələrdən sonra insanlar özlərində olmurlar, elə deyilmi?
– Olur, amma bu tez keçib-gedir.
O, həkimin üzünə narahat halda baxaraq uzanmışdı.
– Bu, insanın zaman hissiyatına təsir edirmi, həkim?
– Təlaş, qorxu zamanı duymaq qabiliyyətini poza bilər.
– Bir dəqiqə bir saat kimi görünə bilər, ya da əksinə?
– Hə, belə şeylər olur.
– Onda siz məni dinləməlisiniz, həkim. – O dərk edirdi ki, xəstəxana çarpayısında uzanıb və günəş şüaları düz üzünə düşür. – Sizcə, mən ağlımı itirmişəm? Bəli, mən həqiqətən də yüksək sürətlə sürürdüm. Bunu bilirəm və çox təəssüf edirəm. Mən maşından kənara sıçradım və divara dəydim. Zərbə güclü oldu və mən əzildim, ancaq huşumu itirmədim. Mən çox şeyi xatırlayıram, xüsusilə izdihamı... – O, bir anlıq susudu, sonra sanki onu nəyin narahat etdiyini anlayıb sözünə davam etdi. – İzdiham çox tez yarandı. Qəzadan otuz saniyə sonra məni artıq qələbəlik əhatə etmişdi. Bu axı mümkün deyil, həkim!
– Sizə elə gəlib ki, otuz saniyə keçib, əslində isə üç və ya dörd dəqiqə keçə bilərdi. Sizin zaman hissiyatınız...
– Bəli, bilirəm. Bədbəxt hadisə, mənim düşdüyüm vəziyyət... Amma mənim huşum, şüurum yerindəydi, həkim! Mən hər şeyi xatırlayıram. Ancaq məni bir şey çaşdırır, lənət şeytana! Çox qəribə görünür, camaat axışıb gələndə mənim aşmış maşınımın təkərləri hələ də hərlənirdi.
Həkim sadəcə gülümsədi.
– Mən buna əminəm, həkim. Maşının qabaq təkərləri çox sürətlə fırlanmağa davam edirdi. Bu mümkün olan şey deyil. Adətən, toqquşmanını təsirindən təkərlər demək olar ki, dərhal dayanır. Amma bu təkərlər dayanmamışdı.
– Bu ancaq sizin gözünüzə görünə bilər. 
– Yox, küçə bomboş idi. İns-cins görünmürdü. Birdən qəza baş verdi, təkərlər havada hərləndi və ətrafda dərhal izdiham yarandı. Hər şey bir anda baş verdi. Onlar mənə necə baxırdılar! Onların baxışlarından anladım ki, sağ qalmışam və ölməyəcəm.
– Siz sadəcə olaraq şok keçirmisiniz, – həkim onu sakitləşdirib günəş işığı ilə bol olan palatanı tərk etdi.
İki həftədən sonra o, xəstəxanadan çıxdı. Evə taksidə gəldi. Xəstəxanada olanda çox adam ona baş çəkirdi. O isə dəyməyə gələn ziyarətçilərin hamısına eyni şeylər – qəza, havada fırlanan təkərlər, izdiham barədə deyirdi. Ona qulaq asıb gülür, əhəmiyyət vermirdilər.
O, əyilib sürücünün şüşəsini döydü.
– Nə baş verib? – deyə soruşdu.
Sürücü ona tərəf çevrilib dedi.
– Çox təəssüf edirəm cənab, bu lənətəgəlmiş şəhərdə maşın sürmək çox təhlükəli olub. Allahın verdiyi hər gün bir qəza baş verir. Yenə qəza olub, başqa yoldan getməliyik. Etiraz etmirsiniz? 
– Yaxşı. Ancaq yox, dayanın! Qəzaya yaxın sürün, görək nə baş verib?
Taksi siqnal verib yerindən tərpəndi.
– Qəribədir, – sürücü donquldandı. – Ey, sən! Bu sınıq-salxaq arabanı yoldan çək! – kiməsə qışqırdı, sonra yenə də təkrar pıçıldadı. – Qəribədir, nə çox adam var! Bu qədər avara adam hardan belə yığışıb?
Mister Spolner titrəyən əllərinə baxdı.
– Siz də fikir verdiniz? – deyə soruşdu.
– Fikir verməmək olur ki! Bir hadisə olan kimi hamı toplaşır. Elə bil doğma analarını maşın vurub, – taksi sürücüsü dedi.
– Onlar elə tez toplaşırlar ki, – sərnişin tələsik əlavə etdi.
– Lap partlayış və yanğın zamanı olduğu kimi... Adama elə gəlir ki, heç kəs yoxdur, amma elə ki “bum!” səsi gəldi, hamı baxmağa yığışır. Heç cür anlamıram ki, bunu necə bacarırlar!
– Siz nə vaxtsa gecə baş vermiş qəza və ya bədbəxt hadisə görmüsünüz?
Sürücü təsdiq olaraq başını yelləyib:
– Əlbəttə! Gecə ya gündüz, heç bir fərqi yoxdur. İzdiham o saat yaranır. – dedi. 
Onlar hadisə baş verən yerə yaxınlaşdılar. Sıx izdihamın yaralını əhatələyib görünməz etməsinə baxmayaraq, dərhal anlamaq olardı ki, o, səkidə uzanıb.
Bu boş-bekar insan yığınını görcək Spolner maşının pəncərəsini açıb onların üstünə qışqırmaq istədi. Ancaq birdən qorxdu ki, adamlar dönərsə, onların üzlərini görməli olacaq.

**

– Mənim baş verənlərdə bəxtim gətirir, – Spolner işlədiyi idarədə axşama doğru qeyd etdi. Dostu Morqan qarşısında, stolun kənarında oturub diqqətlə ona qulaq asırdı. – Bu səhər xəstəxanadan çıxar-çıxmaz evə gedəndə səkidə baş vermiş bədbəxt hadisə ucbatından yolumu uzatmalı oldum.
– Həyat dairə ətrafında hərəkət edir, hər şey zəncirvari baş verir, – Morqan mənalı-mənalı dedi.
– İstəyirsənmi bunun mənimlə necə baş verdiyini danışım?
– Mən artıq eşitmişəm.
– Burda qəribə nəsə olmağı ilə razılaşırsanmı?
– Razılaşıram, amma yaxşısı budur gəl içək.
Onlar daha yarım saat, bəlkə də bir az artıq söhbət etdilər. Və bütün bu müddət boyu Spolnerin başında həmişəişlək saat kimi nəsə tıqqıldayırdı. Yaddaşında baş verənlərin – fırlanan təkərlərin, izdihamın ayrı-ayrı görüntüləri canlanırdı.
Təxminən saat beşin yarısında onlar bayırda zərbə səsi – qıcırtı və metal cingiltisi eşitdilər. 
– Demədimmi hər şey zəncirvari baş verir?! Bu dəfə yük maşını ilə krem rəngli “kadillak” toqquşub.
Spolner pəncərəyə yaxınlaşdı. Bir gözü saatının əqrəblərində pəncərədən bayıra baxa-baxa bədəni həyəcandan uçunurdu. Bir, iki, üç, dörd, beş saniyə keçdi, izdiham toplaşmağa başlayırdı. Səkkiz, doqquz, on, on bir, on iki – insanlar hər tərəfdən axışırdılar. On beş, on altı, on yeddi, on səkkiz saniyə – kütlə getdikcə çoxalır, maşınlar siqnal verirdi. Spolner maraqla, sanki kənarlaşdırılmış kimi bu səhnəni izləyirdi. Elə bil partlayışı çəkmiş lent yazısını geri fırladırdı. Partlayışın gücündən qırılmış, dağılmış hər şey birləşir, əvvəlki halına düşürdü. On doqquz, iyirmi, iyirmi bir saniyə də keçdi, izdiham artıq tam yığılmışdı. Spolner əli ilə izdihamı göstərdi. Kütlə elə tez bir araya gəlmişdi ki!
Amma Spolner izdiham tam yığışmazdan qabaq yerə sərilmiş qadın bədənini görə bilmişdi.
– Sən çox pis görünürsən, dost. Al, iç! – narahat olmuş Morqan dedi.
– Mən qaydasındayam, məni rahat burax. Bu insanları görürsən? Heç olmasa onlardan hansınasa baxa bilərsən? Onları yaxından görmək lazımdır.
– Hara gedirsən? – Morqan qorxmuş halda qışqırdı.
Ancaq Spolner artıq qapıdan çıxmışdı. Morqan onun arxasınca cumdu.
Onlar küçəyə qaçdılar. Spolner düşünmədən izdihama soxulub hadisə yerinə tərəf irəlilədi. Birdən o, kürən saçlı, dodaqları parlaq boyanmış qadını gördü.
– Bax! – o, dalınca gələn Morqana qışqırdı. – Onu görürsən?
– Kimi?
– Lənətə gəlsin, yoxa çıxdı.
Qəzanın qurbanını sıx şəkildə əhatəyə almışdılar. İzdiham ağır-ağır nəfəs alırdı, anlaşılmaz donqultular eşidilirdi, Spolner kütləni yarıb heç cür yaxınlaşa bilmirdi. “Əlbəttə ki, – o düşündü. – Kürən qadın məni görcək gizləndi. Bax, daha bir tanış sifət! Mən onu bir dəfə görmüşəm. Çilsifət oğlan! Amma dünyada bir-birinə bənzəyən o qədər insan var ki...” Spolner oğlana yaxınlaşan kimi o da yoxa çıxdı. Bu nə müəmmadır?!
– Qadın ölüb? – kimsə soruşdu.
– Can verir, – digəri cavab verdi. – Təcili yardım yetişə bilməyəcək. Yaralını gərək tərpətməyəydilər!
Tanış, yad üzlər daha yaxından görmək üçün bir az əyildilər.
– Ey, cənab bəsdir itələdiniz!
– Dirsəklərinlə deşmə, oğlan!
Spolner izdihamın içindən çıxdı. Morqan özünü yetirib onu tutmasaydı, yıxılacaqdı. 
– Niyə ora girmişdin, səfeh? Sən hələ tamam sağalmamısan. Niyə küçəyə çıxdın axı? – Morqan onu danladı.
– Bilmirəm, həqiqətən də, bilmirəm – Spolner mızıldandı. – Onlar yaralını dəbərtməməliydilər. Ümumiyyətlə, yol qəzasında yaralanmış adamı tərpətmək olmaz! Bu, onu öldürə bilər. 
– Bilirəm, amma sən bu izdihamla, bu axmaqlarla neyləyə bilərsən?

**

Spolner qəzet kəsiklərini səliqəylə stolun üstünə düzdü.
– Bu nədir? – Morqan onlara baxıb dedi. – Qəzaya düşəndən bəri hesab edirsən ki, bütün yol-nəqliyyat hadisələrinin səninlə bir bağlılığı var?
– Bütün avtomobil qəzaları haqqında yazılanlar və onların şəkilləri! Bax, avtomobillərə deyil, izdihama! – Spolner dedi. – Bax, bu Uilşir rayonunda baş vermiş qəzadır. İndi onu Uestvudda baş vermiş hadisə ilə müqayisə et. Oxşar heç nə yoxdur, onlar müxtəlifdir. İndi isə Uestvudda bu yaxınlarda baş vermiş hadisənin şəklini götür və onu on il əvvəl orada baş vermiş hadisə ilə tutuşdur. Bu qadını görürsən? Hər iki şəkildə var. Bu nədir? Təsadüf? O, 1936 və 1946-cı ildəki həmin eyni qadındır. Təsadüf bir dəfə olar. Amma on il ərzində on iki təsadüf ola bilməz. Bundan başqa hadisələrin baş verdiyi ərazilər arasında üç mil məsafə var. Yox, bu təsadüf deyil. – O, Morqanın qabağında onlarla şəkil düzdü. – Bax, hamısında o qadındır!
– Bəlkə o, xəstədir?
– Bundan da betərdir. Deyə bilərsənmi, o, bütün qəza yerlərinə necə gəlib çata bilir? Nəyə görə o, bütün şəkillərdə eyni paltardadır? Axı aradan düz on il ötüb!
– Doğrudan a! Lənət şeytana!
– Və nəhayət, iki həftə bundan əvvəl mən qəzaya düşəndə niyə o dayanıb gözlərini mənə eləcə zilləmişdi? 
Onlar içki içdilər. Morqan yenidən şəkilləri gözdən keçirdi.
– Yoxsa sən xəstəxanada yatanda qəzet arxivinin xidmətindən yararlanmısan? – deyə soruşdu.
Spolner başını razılıqla yırğaladı. Morqan stəkandakı viskidən azca içdi.
Hava artıq qaralmışdı. Bayırda küçə fənərlərini yandırmışdılar.
– Bütün bunlar nə deməkdir? – Morqan soruşdu.
– Bilmirəm, – Spolner cavab verdi. – Məgər baş verən bütün hadisələrin nəsə bir qanunauyğunluğu var? Nəsə baş verən kimi, izdiham yaranır. Mənimlə sənin kimi bəlkə də çox insan izdihamın niyə belə tez yığışdığı üstündə baş sındırır.  Bu necə baş verir? Deyəsən, mən cavabını tapmışam.
Bunu deyib o, stolun üstünə bir dəstə şəkil atdı.
– Bu tapıntı məni qorxutdu.
– Bəlkə onlar sadəcə olaraq, ruhi xəstə və ya pozulmuş psixikası olan insanlardır? Qəddar, qanlı görüntülərin, dəhşətli şəkillərin həvəskarlarıdırlar?
Spolner çiyinlərini çəkdi:
– Amma onların bu və ya digər yol qəzalarında, yanğın, ya da başqa bədbəxt hadisələrdə peyda olmasını nə izah edə bilər? Fikir ver, onlar müəyyən yerləri tutublar, hansısa eyni əraziləri... Brenvutda bir qrup adam, Hanq-tinqton parkda başqa bir dəstə yerləşir. Amma onlardan bəziləri həm ora, həm də bura yetişib çata bilirlər. 
– Deməli onlar dəyişirlər? Həmişə eyni sifətlər olmur?
– Sən haqlısan. Onların arasında yoldan ötənlər də var. Bədbəxt hadisə hamının marağına səbəb olur. Amma mənim dediyim adamlar isə həmişə ilk gələnlərdən olurlar.   
– Bəs onlar kimlərdir? Nə məqsədlə toplaşırlar? Sən nəyəsə eyham vurursan, amma mətləb üstünə gəlmirsən. Lənət şeytana! Sənin ki ehtimalların var! Sən özünü qorxutmusan, indi də məni birtəhər eləmisən.
– Mən özümü onlara yetirməyə çalışdım, ancaq mənə hər dəfə nəsə və ya kimsə mane olurdu. Hər dəfə gecikirdim, onlar da izdihamın arasında yox olurdular. Sanki izdiham onları qoruyur və gizləyirdi. Mənim hər gəlişimdə eyni şeylər təkrar olurdu.
– Gizli təşkilat işinə bənzəyir...
– Bilirsən, onlarda ümumi olan nədir? Onlar həmişə birlikdə peyda olurlar. İstər partlayış olsun, istərsə də hərbi həyəcan siqnalı və ya kütləvi nümayiş – onlar ölüm qoxusu gələn hər yerdə peyda olurlar. Quzğunlar, goreşənlər, yoxsa... müqəddəslərdir?! Onların kim olduğunu bilmirəm, amma bu barədə mütləq polisə xəbər verməliyəm, elə bu axşam! Yoxsa onlar çox irəli gedəcəklər. Onlardan biri yaralı qadını tərpətdi, bu da onun ölümüylə nəticələndi.
Spolner şəkil və qəzet kəsiklərini yığıb portfelinə qoydu. Morqan da qalxıb paltosunu geydi. Spolner portfelinin ağzını bağlayıb dedi:
– Ya da bəlkə... İndicə düşündüm ki...
– Nə?
– Bəlkə də onlar qadını elə öldürmək istəyirdilər.
– Niyə?
– Kim bilir?! Mənimlə gedirsən?
– Təəssüf edirəm, amma çox gecdir. Sabah görüşərik. Sənə uğurlar! 
Onlar çıxdılar.
– Polisə mənim salamımı çatdır. Ümid edirəm ki, onlar sənə inanacaqlar. – Morqan vidalaşarkən dedi.
– İnanacaqlar, arxayın ol. Gecən xeyrə qalsın.
Spolner mərkəzə doğru istiqamət alıb maşını yavaş-yavaş sürürdü.
– Nə olursa-olsun, mən ora sağ-salamat çatmalıyam.
O qorxurdu, lakin dalandan çıxan yük maşını ilə üzbəüz gələndə heç də təəccüblənmədi. O, hətta ağıllı hərəkət edib maşını aşağı sürətlə sürdüyündən özündən çox razı qaldı. Fikrən düşündüklərini polisə necə izah edəcəyini təsəvvür etdi. Elə bu an yük maşını onun maşınına çırpıldı. Daha doğrusu, onun yox, Morqanın maşınına! Bu isə onu daha çox narahat elədi. Yük maşını onu bir tərəfdən digər yana sürüdü. O isə həmin an düşünürdü ki, çox heyif ki, yenidən qəzaya düşdü, özü də Morqanın maşınında. Spolner qəzalı avtomobilini təmirdən çıxarana qədər dostu öz maşınını bir neçə günlük ona vermişdi.
Maşının ön şüşəsi qırıldı və güclü zərbə Spolneri geri tulladı. Sonra hər şey bitdi, yalnız bütün bədənini bürüyən ağrı qaldı.
Qaçan ayaqların tappıltısı eşidildi. O, qapını açmağa cəhd etdi və onun bədəni sərxoş adamınki kimi səkinin üstünə sərildi. Spolner qulağı yerə dirənmiş halda asfaltda uzanmışdı. O, leysan başlayanda düşən ilk iri damlaların, sonra isə şırhaşır yağışın səsinə bənzər getdikcə güclənən ayaq tappıltısını dinləyirdi. Qaçıb gələn adamları görmək üçün başını qaldırmağa çalışdı.
Onlar artıq burda idilər. Spolner onların nəfəsini hiss edirdi. Qarışıq qoxulu izdiham təmiz havanı acgözlüklə ciyərlərinə çəkməklə yerdə uzanmış yaralının hər udumu uğrunda mübarizə apardığı oksigenini əlindən alırdı. O, izdihama qışqırmaq istəyirdi ki, ondan aralanıb geri çəkilsinlər və rahat nəfəs almağa imkan versinlər. Başındakı yaradan qan axırdı. Spolner tərpənməyə çalışdı, amma bacarmadı, başa düşdü ki, onurğa sütununa nəsə olub. Zərbəni hiss etməmişdi, ancaq dərk edirdi ki, onurğası zədələnib. O donub qalmışdı, tərpənməyə qorxurdu.
Tezliklə anladı ki, nitq qabiliyyətini də itirib. Ağzından yalnız rabitəsiz səslər tökülürdü, söz deyə bilmirdi.
Kimsə dedi:
– Kömək edin, onu qaldırım. Onu üzüyuxarı çevirərik, belə ona daha rahat olar.
“Yox! Mənə toxunmayın!” – deyə dilsiz-ağızsız nalə çəkdi.
Spolnerə elə gəldi ki, onun naləsi kəllə tasını parçaladı.
– Biz onu qaldırarıq, – kiminsə səsi təkrar etdi.
“Axmaqlar, ağılsızlar, siz məni öldürəcəksiniz!” – deyə qışqırsa da, sözsüz iniltisini heç kəs eşitmədi. Dili söz deməyə dönmürdü, qışqırığı isə içində qırılırdı.
Kimlərinsə əlləri onu qaldırdı. O, yenə də dilsiz iniltisi ilə ona toxunmamağı yalvarırdı. Kimsə onu uzandırdı, elə bil onu can verməyə hazırlayırdı. Bunu edən iki nəfər idi. Biri arıq, solğun, cavan, digəri isə qoca idi. Spolner onları hardasa görmüşdü.
Tanış bir səs soruşdu:
– O olüb?
Ona tanış gələn başqa bir səs isə cavab verdi:
– Yox, ancaq təcili yardım maşını gələnədək canını tapşıracaq.
Hər şey elə mənasız və bəsit idi ki, sanki dəlilərin əlbir qəsdi idi. Elə bil hər şey düşünülmüş olaraq baş verirdi.
Ağrıya güc gələrək Spolner bu adamların nə qədər olduğunu bilmək istədi. Budur, cilli oğlan, büzüşmüş ağızlı qoca, kürən qadın, çənəsində ziyili olan qarı...
“Bura niyə gəldiyinizi bilirəm. Siz heç bir bədbəxt hadisəni əldən vermirsiniz. Kimin yaşayacağına, kimin öləcəyinə qərar vermək haqqını öz üzərinizə götürmüsünüz. Elə ona görə də məni qaldırdınız, bilirdiniz ki, bu məni öldürəcək. Məni tərpətməsəydiniz, sağ qalacaqdım. Beləliklə, hər dəfə izdiham yarananda eyni şeyi edirsiniz. Bu üsulla adam öldürmək asan və rahatdır. Bəraətiniz də hazırdır: siz bilmirdiniz ki zərərçəkmişi tərpətmək olmaz. Bunun yaralının həyatı üçün təhlükəli olduğundan xəbəriniz yox idi. Siz ona pislik etmək istəməmisiniz”.
Spolner onlara elə maraqla baxırdı ki, sanki batan adam suyun qalın laylarından körpüdən ona tamaşa edənlərə baxırdı.
“Siz kimsiniz? Hardan gəlmisiniz, bura necə belə tez çatmısınız? Siz hər yerdə hazır izdihamsınız. Hər dəfə peyda olub can verən adamı oksigendən məhrum edirsiniz, onun sakit uzanmaq, tənha qalmaq haqqını əlindən alırsınız. Siz onu ölənə qədər tapdalayırsınız. Mən artıq sizi tanıyıram!
Bu, sözləri olmayan bir monoloq idi. Kimsə onun portfelini qaldırdı.
– Bu kimindir? – onlar bir-birindən soruşdular.
“Mənimdir! – Spolner içində bağırdı. – Orada sizə qarşı dəlil, sübutlar var!” O, pırtlaşıq saçları arasından, gözünün üstünə möhkəm basılmış papaqların altından baxan sual dolu baxışları görürdü. 
Uzaqdan sirena sədası eşidildi. Bu, onun köməyinə tələsən təcili yardım maşınının səsi idi. Ancaq tanış simalara baxıb dərk edirdi ki, artıq gecdir. Bunu izdiham da bilirdi.
“Görünür, tezliklə sizin yanınıza gələcəm. İndi mən də sizlərdən biri olacam...”
Spolner gözlərini yumub polis müstəntiqinin son sözünü eşitməyə hazırlaşdı: bədbəxt hadisə nəticəsində ölüm!..


Yenililklər
23.05.19
Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində
23.05.19
Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap edilib
23.05.19
Bakı Dövlət Universitetində Füyuzat Mərkəzinin açılışı olub
23.05.19
Dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
22.05.19
Oman yazıçısı Buker mükafatına layiq görüldü
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
26.04.19
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan olunub
24.04.19
“Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
24.04.19
“Atatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiya çap olunub
24.04.19
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi
23.04.19
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.19
“Almaz” yenidən təqdim edilib
23.04.19
Mərhum alim İlahə Məmmədlinin kitabı işıq üzü görüb
22.04.19
Üçlü formula yeni baxış
22.04.19
Nemət Mətin - Gülüş doğuran yalan
22.04.19
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı”nın açılışı keçirilib
22.04.19
Şərif Ağayarın romanı Fransada çap olunacaq
18.04.19
Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu
18.04.19
Gənc şairin "Bir ovuc suda" kitabı təqdim olundu
18.04.19
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.19
Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib
17.04.19
Viktor Hüqonun "Notr-Dam-de-Paris" əsərinin satışı artıb
17.04.19
Azərbaycan filmi beynəlxalq müsabiqəyə dəvət alıb
16.04.19
"Ustad” jurnalının aprel sayı nəşr olunub.
16.04.19
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd ediləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.