Cavid Zeynallı: "Roman məhz planla, ölçü-biçi ilə yazılmalıdır"
01.03.17

"Ədəbiyyat qəzeti" üçün “Öz əsərini danışdır” layihəsində Cavid Zeynallı “Günəşi gözləyənlər” romanı haqqında danışır.


- Cavid bəy, ilk ənənəvi sualımız: Niyə məhz “Günəşi gözləyənlər”?


- Yəqin ona görə ki, özümü təsdiq etmək, oxucu qabağına çıxmaq üçün nə isə yazmalı idim. Bu əsəri roman kimi nəzərdə tutmamışdım. Yazı prosesində əlavə hadisələr yarandı, süjet xətti genişləndi və başa düşdüm ki, roman yazmaq o qədər də qorxub-çəkinməli məsələ deyil. Əsas odur, insan istedadını, potensialını qiymətləndirə bilsin. Yəni özünü yaxşı tanısın. Yerdə qalan hər şey öz yolunu tapır.

- Deməli əvvəldən belə bir roman ideyası, planı yox idi...

- Xüsusi planım olmayıb. Bu gün isə artıq düşünürəm ki, roman məhz planla, ölçü-biçi ilə yazılmalıdır. Hər şey dəqiq olmalıdır. Mənə görə, əvvəl mövzu yaranır, sonra ideya. Bəzən mövzuya hər rəngdə ideya çaları vermək olur, hətta uydurmaq olur, amma bəzən ideya xətrinə mövzu quraşdıranda, bu, artıq ədəbiyyat olmur.

-Necə yazdınız, necə bitirdiniz?

- “Günəşi gözləyənlər”i 2009-cu ildə yazmağa başlamışam. 24 yaşım var idi. Əsgərlikdən təzə qayıtmışdım, magistratura dərslərinə heç həvəsim yox idi. İlk cümləni yazdığım anı xatırlayıram və qəribə hisslər yaşayıram. Bu sizi təəccübləndirməsin. Üstündən cəmi səkkiz il keçib, amma hədsiz uzun zaman kimi görünür mənə. Başım romanı yazmağa o qədər qarışmışdı ki, magistr işini tamam unutmuşdum. Elmi iş mənə məcburi əmək kimi görünürdü. Tərslikdən elmi rəhbərim dekanımız idi. Dedi, səni fakültədən xaric edəcəyəm. Məsələ ciddi idi. Kitab çap olundu, ruhu şad olsun, Zəlimxan Yaqub oxudu, “525-ci qəzet”də haqqında çox isti, gözəl bir yazı yazdı. Fürsətdən istifadə edib, mən də dərdimi Zəlimxan müəllimə dedim ki, bəs, məni universitetdən qovurlar. Dekanı tanıyırdı, lap yaxın münasibətləri var idi. Zəng vurdu ki, sənin magistrin Zəlimxan Yaqubdan da məşhur olacaq, gələcək yanına, onu incitmə, başına sığal çək. Hə, elə belə də dedi: başına sığal çək. Getdim. Münasibət təxminən belə idi: sən kimsən ki, o boyda xalq şairi sənin xahişini edir? Əlbəttə, bunu açıq demirdilər, sadəcə, hiss edirdim. Amma problemimi həll etdilər, vaxtı çatanda universitetlə vidalaşdım.

-Yazdınız, bitirdiniz, nə hiss etdiniz?

- Rahatlıq, toxtaqlıq, azadlıq...

- Mətn redaktorda xeyli qalıb deyəsən, özü etiraf edir...


- Əsəd Cahangirin zövqünə, intellektinə hədsiz inanıram. İlk dəfə Yazıçılar Birliyinə gedəndə də Əsəd Cahangirlə tanış olmuşdum, ilk hekayəmi oxuyub düzəliş etmişdi, sonra “Ulduz”da çap olundu. Aramızda qəribə doğmalıq yaranmışdı və hələ cümlə qura bilməyən vaxtlarımda deyirdi ki, səndə nə isə var, səndə alınacaq, davam elə. Əlbəttə, bu təmənnasız münasibət mənə xoş idi, özümə inam hissi yaradırdı. Romanı da Əsəd müəllimə inandığıma görə verdim. Oxudu, gecə zəng vurdu ki, təbriklər, mən demişdim axı, səndə alınacaq. Sonra düzəlişlər, redaktələr, müzakirələr... Və nəhayət kitab Əsəd Cahangirin ön sözü ilə çap olundu.

-Sizcə ön söz romanın ruhunu oxucuya çatdıra bilirmi?

- Əlbəttə, çatdırıb, özü də romanın mənə bəlli olmayan tərəflərini – təhtəlşüurla bağlı olan məsələləri izah edib.

- Bir yandan da ön söz həm də onu yazanın hesabatıdır axı?

-Əlbəttə, bu həm də tənqidçinin mövzuya yanaşma istedadını, təhlil qabiliyyətini, mətni bütöv görmə bacarğını göstərir.

- Ümumiyyətlə, redaktə sizi qane edibmi?

-Redaktə tükənməyən prosesdir. Məşhur bir söz var: yazdıqlarımı tez çap edirəm ki, redaktədən canım qurtarsın. Ümumən, əlbəttə, redaktə məni qane etmişdi. Amma bu gün düşünürəm ki, romanın dilinə əl gəzdirib təzədən çap etmək olar. Məsələ ondadır ki, mənim dilə qarşı vas-vasılığım bir il əvvəl yazdığım hekayəyə də münasibətimi dəyişdirir. Nə isə, mərəzdir, pis mərəzdir.

- Müəlliflər adətən əsərin çapından sonra onu oxuya bilmədiklərini deyirlər, sizdə bir az başqadır yanaşma...

- Mən dil məsələsinə çox həssasam. Hətta xəstəlik dərəcəsində. Artıq buna görə məni tənqid edirlər.

-Cavid bəy, sizcə romanınızı maraqlı edən nədir?

- Yəqin ki, süjet xətti, qəhrəmana qeyri-standart münasibət. Bir də mənim qəhramanım məişətdə nə qədər iyrənc, insanlara münasibətdə nə qədər vulqar olsa da, içində işıq və xeyirxahlıq daşıyır. Bu, ədəbiyyat üçün çox vacibdir. Vulqarlıq, məişət iyrənliyi maddi və mənəvi ehtiyaclar içində boğulan gəncliyin təbii etirazı, reaksiyasıdır.

-Əsərdə özünüzdən nələr var?

- Şübhəsiz ki, məndən nələrsə var. Xüsusən, sevgi, tələbəlik, kirayə həyatı, universitet divarları arasında cərəyan edən hadisələr. Adətən hazırlıqsız oxucuların ilk sualı bu olurdu: bu başına gələn hadisədir? Xüsusən şaman məsələsi, reinkarnasiya və s. Mən də həvəs və hövsələ ilə izah edirdim ki, hər yazılan real olmur, loru dillə desəm, yazıçılar onu bəzəyib-düzəyib təqdim edirlər.

- Əsərin maraqlı strukturu var, oxucu sona qədər nəyin necə olacağını təxmin edəmmir. Hər halda mən edəmmirdim. Bəs siz əvvəldən başlayanda bilirdinizmi hara gedirsiniz, yolunuz hardan keçəcək, hara yetişəcəksiniz? Plansız başladığınızı qeyd etdiniz...


- Mən oxucu ilə oynamağı, onu axıra qədər arxamca aparmağı bilərəkdən etmişəm. Məncə, yaxşı əsərlər elə belə olmalıdır. Təvəzökarlıqdan uzaq oldusa, üzrlü sayın. Ümumiyyətlə, oxucunu ardı ilə aparmağı bacarmayan yazıçı qələmi bəri başdan yerə qoysa yaxşıdır. Əvvəlcə əsərin oxunub-oxunmadığını müzakirə etmək lazımdır, sonra digər kriteriyalar gəlir. Yazıçı istənilən mövzudan yaza bilər. İstər real mövzular olsun, istək mistik. Vacib olan odur ki, ümumi ideyaya, çatdırmaq istədiyin mesaja xidmət etsin. Bir də əsər oxunmalıdır, başqa cür ola bilməz. Bu yaxınlarda Emmanuel Şmittin “Müsyo İbrahim və Quran çiçəkləri” və “Qüsursuz cinayət” əsərlərini oxudum. Azar Yaşar çevirib dilimizə. Şmit deyir ki, yazıçı bir mənada Motsarta bənzəməlidir, yəni hər kəs tərəfindən anlaşılmalıdır. Yaşından, sosial təbəqəsindən və təhsil səviyyəsindən asılı olmayaraq, hər kəs onun əsərlərini oxuyub anlaya bilməlidir.

- Roman müasir gəncin müəyyən bir dövrü əhatə edən yaşantılarını çatdırır. Bir az mistika, bir az sarkazm...

- Əslində məqsədim məhz gəncliyin auditoriyası üçün roman yazmaq olub. Gördüklərim, eşitdiklərim, fantaziya, yazıçı təxəyyülü... bunların hamısını bir süjetdə, eyni mövzu ətrafında cəmləşdirmək istəmişəm. Qəhrəmanın özünə ironiyası mənim xoşladığım ədəbi proyomdur. Ümumiyyətlə, özünə ironiya etməyi bacarmayan adamların istedadına ciddi şübhələrim var. İnsan rahat, daxilən bütün situasiyalara hazır olmalıdır. O ki qaldı mistikaya, məsələ ondadır ki, mistik məqamlar mənim başqa əsərlərimdə yoxdur. Nə “Günəşi gözləyənlər”dən əvvəl, nə də sonra. Amma çoxdandır içimdə gəzdirdiyim bir mövzu var, onu yaza bilsəm, yenidən mistikaya müraciət etməli olacam.

- Əsərin əsas qəhrəmanı kifayət qədər özünü bilən, həyatı dərk edən gəncdir.  Ön sözdəki  fikirlə razıyam- “Bu romantik bir gəncin romantik xülyaları deyil”...

- Əlbəttə. Həmin gənc düşüdüyü vəziyyətin məsuliyyətini dərk edir, təhlükələrə daxilən hazırdır. Amma oyun oynamağı, xarakterindən irəli gələn nadinclikləri etməkdən də əl çəkmir. Nəticədə, bütün bu oyunlar bir insanın, özü də sevdiyi insanın xilasına gətirib çıxarır. Mənim qəhrəmanım hər şeydən əvvəl insandır. Bütün naqislikləri, çatışmazlıqları ilə əli, ayağı, ürəyi, sevgisi olan insandır. Onu ideal kimi qələmə vermək axmaqlıq olardı. Məsələn, təsəvvür edin, ideal gənc qəhrəman haqqında roman oxuyursunuz. Nə qədər maraqsız olar, hə?

- Sovet dövrü qəhrəmanları... Yeri gəlmişkən romanda bu qəhrəmanların təsvir olunduğu kitablara daş atmaq da yaddan çıxmayıb.

- Sovet romanlarını oxuyanda qəhrəmanların aydan arı, sudan duru olması məndə həmişə istehza yaradıb. Bu romanlar haqqında qəhrəmanım nə düşünürsə, əlbəttə, bu elə mənim öz fikirlərimdir.

- Şaman mədəniyyətinə əvvəldən xüsusi bir maraq vardımı? Ya əsər bunu gərəkdirib?

- Əvvəllər Şamançılıq haqqında müəyyən mətnlər oxumuşdum, amma sistemli öyrənə bilməmişdim. Romanı yazanda kitab mağazalarından bir neçə kitab tapdım, internetdən xeyli materiallar oxudum və bütün bunlar romanda mənim köməyimə gəldi.

-Maraqlıdır, yad bir qadının ruhunu onunla heç bir uzaqdan-yaxından bağlılığa olmayan qıza-Əqrəbə köçməsinin sirri nədədir? Yalnız eyni addamı? Ya bilinməyən yerlərdə eyni bir ruhun iki müxtəlif bədəndə, bəlkə də üç bədəndə parçalanmış yaşamı var? Əqrəb-qadın-qadının qızı üçbucağı...

- Reinkarnasiya məsələsi. Ruhun təkrar qayıdışı və bədənlənməsi. Yaxud ruhun bir bədəndən digərinə keçməsi. Məncə, oxucu romanı oxuyanda bu məsələləri özü saf-çürük etsə, daha yaxşı olar. Müəllif kimi oxuculara istiqamət verməyi, izah etməyi vacib bilmirəm.

-Bu yaxınlarda, deyəsən keçən ildi, yaman ələm çıxarmaq söz-söhbəti yayılmışdı...

- Mənim uşaqlığım ələmin dağda-daşda cuşa gəldiyi kənddə keçib. Bizim kəndin yuxarısında Kazım Ocağı deyilən yer var, qazıntılar zamanı oradan yeddi ələm tapılıb. Qonşu kəndlərə göndəriblər və 100 ildən artıqdır həmin ələmlər kənd məscidlərində saxlanılır. Məhərrəmlikdə bir həftə ələmi götürüb Kazım Ocağına aparır, oranı ziyarət edirdik. Kəndimizdə deyirlər ki, həmin ələmlər Qızılbaş şiələrinin döyüş bayrağı olub. Qızılbaş döyüşçüləri məğlub olub geri çəkiləndə bayraqlarını nişan kimi yerə basdırıblar. Ocağın yerində yerə batmış böyük daşlar var, daşların arasında böyürtkən kolları, kollara bağlanmış qırmızı parçalar... Qismət olsa, növbəti əsərimdə həmin ocaqdan da nə isə yazacağam. İndi əlbəttə, insanların ələmə, nəzirə-niyaza inamı avamlıq kimi görünür, amma o qədər ürəkdən, bütün səmimiyyətləri ilə inanırdılar ki, kəndimizdə qoyub gəldiyim o adamların inancına yalnız hörmət və ehtiramla yanaşıram.

-Şaman nənə…  Deyəsən onu hansısa şimal rayonunda "gizlətmisiniz"...

-Hə, düz tapmısınız. Mənim təsəvvürümdə o qadın Siyəzəndə, Xıdır Zində Pirinin o üzündə yaşayır. Tələbə vaxtı dostlarla Siyəzənə getmişdim. Başımı qaldırıb Xıdır Zindəyə baxanda mənə çox əzəmətli görünmüşdü. O, yaddaşımda ilişib qalmışdı. Sonra da belə bir səhnə yarandı.

- Ruh çıxarmaqla bağlı səhnələr... Şamanın ruhu dəyişməsinin ayini var, onu da izlədiyiniz filmlərin, oxuduğunuz mətnlərin köməyiylə yaratmışdınız, eləmi? Özünüzdən nəsə yenilik etməmisiniz?

- Düzü, dəqiq xatırlamıram. Məndə axır vaxtlar yaddaş problemi yaranıb. Daha doğrusu, huşsuzluq. Amma filmlərdən baxdığım, kitablardan oxuduğum xeyli şey var. Onu təsvir etmək isə mənim fantaziyamdır. Tam olaraq. Səhnəni oxumaq, yazmaqla yaratmaq olmur, gərək adamın içindən gəlsin.

-Bir də həqiqətən maraqlıdır, niyə Əqrəbin bədəni? Niyə qadının ruhu onu seçib? Sadəcə sirrini bilir deyəmi? Kimin sirri yoxdur ki? Mən daha çox günahkar ruhun təkrar doğuluşunda cavab verməli olacağına inanıram, nəinki başqa günahsız bədənə köçüb ona əzab verməsinə. Bu da günahın davam etməsi deyilmi? Özgə bədəni zəbt etmək, ona əzab vermək deyilmi?

-Bu dünyada hamı bir az günahkardır. İdeya budur. Və o günah payından Əqrəbə də düşüb. Bir də görünür qadın ruhu başqa qadının bədənində daha rahat yaşayır, ona görə ünvan olaraq oranı seçib. Təkrar doğuluşda yəqin ki, hamımız cavab verəcəyik. Günah həmişə davam edir, günah, lənət heç vaxt bitmir. Ta məhşər gününəcən...

- Bu həssas məqamda soruşum - Bakıyla çəkiləsi bir haqq-hesabınız varmı? Onun üzə gülən, aldadıcı sifətinin arxasında aşkar edilməmiş heç nə qoymamısınız...

- Yox, əksinə, əyalətdə böyüyən uşaq kimi Bakıda yaşamağı arzu etmişəm. Uşaq vaxtı tramvaya, trolleybusa minməklə bağlı xəyal qururdum. Bakıdan rayona gələnlər danışanda içimdə qəribə həsrət duyğusu baş qaldırırdı. Hə, vallah. Nəsə sirli bir qüvvə məni Bakıya sarı çəkirdi. İş elə gətirdi ki, 2003-cü ildə universitetə daxil oldum, elə həmin il də tramvay və trolleybus xətləri söküldü. Və mənim tramvaya minmək arzum ürəyimdə qaldı. Məncə, bütün böyük şəhərlər amansız olur. Ona sığınmaq, güvənmək olmur. Hər vaxt aldadılmaq qorxusu ilə yaşayır insan. Görünür, böyük şəhərlərlə öz dilində danışmaq lazımdır. Qətiyyən sadəlövh, tənbəl, tez inanan olmaq olmaz. Yoxsa, şəhər adamı udar, üstündə də su içər.

- Alatava... Montin... Dar döngələr, içində əriyib gedən, çarpışma, sakit olduğu qədər də ölüm-dirim savaşı içində davam edən həyatlar...

- Belə qəsəbələrdə insane taleləri daha əlçatan olur. Əhvalatlar, hadisələr o qədər çox olur ki, mövzu özü adamın qapısını döyür ki, məni yaz, qoyma soyuyum. Bir də Alatava kimi qəsəbələr adama koloritli gəlir. Bütün tərəfləri ilə. İnsanları, küçələri, alçaq evləri, zibil qabları, iti-pişiyi ilə...

-  Sizcə Bakıda Firəngiz xalalar qalıbmı?

- Firəngiz xala kimi insanlar həmişə olub. Məsələn, mənim qarşıma çox çıxıb. Bakıda o qədər belə insanlar var ki. Və nə yaxşı ki, var. Dünya mərhəmətli insanların çiyni üstündədir. Mən buna inanıram.

-Cavid bəy, heç fala baxdırmısınız?

- Yox, heç ağlımdan da keçməyib. Məşhur söz var: hər kəsə layiq olduğu tale verilir. Ona görə inanmıram belə şeylərə. İnsan özünü bir dəfə inandırdısa, bu adət halını alacaq. Bir dəfə Akademik Milli Dram Teatrının qarşısında dayanmışdım, bir qız yaxınlaşıb pul istədi. Xırdam yox idi, ona görə üzrxahlıq etdim. Qız üzümə baxıb başladı ümumi sözlər deməyə. Təxminən belə ki, sadəlövh olma, dostlarına çox inanma, onlar səni aldadacaq, sənin gözləntin var, bu yaxınlarda o həyata keçəcək filan. Sonra göz qırpımında əl atıb saçımdan bir tük qopardı ki, bunu pulla götür. Necə yəni pulla? Bəs əlində pul olmalıdır, yoxsa düşər-düşməzi olar. Mənim də cibimdə birdə əlliliyim vardı, onu da falçıya verəsi deyildim. Və beləcə, “falım” yarımçıq qaldı.

-Qəribə taktikadır. Əslində qaraçılara bəlli münasibət var, oğrudurlar, fırıldaqçıdırlar, tovlayıcıdırlar. Lakin romandakı qaraçı qadın sizi şamana aparan vasitədir, xeyirxah, mehriban, ayağında qırmızı “Mariana” corablar... Başına sığal çəkilən mehriban qızcığazın anası... Üzeyir ona etibar edir, evinəcən gedib çıxır...

- Mən kimliyindən asılı olmayaraq insana bu cür yanaşılmasının tərəfdarı deyiləm. İnsan inanmalı, zəhmət çəkməyi öyrənməli, xoş düşünməli, işıqlı fikirlərlə yaşamalıdır. Yerdə qalan hər şey qaydasına düşür. Necə ki, mənim qəhrəmanım bunun nəticəsindən məqsədinə çatır.

- Belə bir fikir var ki, yazıçı əsərində mütləq öz dövrünün siyasi, ictimai həyatına toxunmalı olur...

- İctimai-siyasi məsələlərə mesajlar, göndərişlər olmalıdır. Ümumən əsərin bəlli fəlsəfəsi, söykənəcəyi olmalıdır. Əslində Üzeyir obrazı gənclərin sosial problemlərə, insanlar arasındakı sağlam olmayan münasibətlərə etirazdır.

-Küçədə kiçik bir mitinqə hazırlıq...

-Hə, mən belə şeylərə o vaxtlar çox rast gəlirdim, ona görə də səmimi olaraq fikrimi yazmışam. Daha doğrusu, qəhrəmanım onlara istehza edib. Bu, kiminsə inancına, əqidəsinə istehza deyil, ümumi yanaşmadır. O vaxtlar həmin səhnəyə görə məni sosial şəbəkələrdə təhqir edənlər də olmuşdu.

- Niyə biz ən iyrənc səhnələrdən iyrənmirik? Ya mən iyrənmədim, əksini deyənlər oldumu?

- Siz yeganə adamsınız ki, “iyrənmədim” deyirsiniz. “Günəşi gözləyənlər”i kim oxuyubsa, əvvəlcə vulqar məqamlara görə məni tənqid ediblər, sonra irad tutublar ki, qəhrəmanın xarakterində murdarlıq var. Hətta Kürdəmirdən olan bir yaşlı oxucu dedi ki, romanı oxuduğum gün dilimə çörək vura bilmədim. Bu mənada sizin timsalınızda istisna oxucu tapdığıma görə özümü təbrik edə bilərəm.

- Amma bunlar həyatdır, elə deyilmi?

- Əlbəttə. Həyatı olduğu kimi görmək, göstərmək yazıçı üçün çox vacibdir. Qalstuklu cümlələr yazıb, ütülü mətnləri ortaya çıxarmaq ilin-günün bu vaxtında eybdi. Təəssüf ki, bu eyib işi tutan xeyli sayda yazıçı, şairimiz var.

- Başından da çox təbii görünür, həqiqətən bu canı boğazına yığılan adam gecənin yarısını küçədəki qadına hədə-qorxu gəlib onun on manatını ala bilərdi...

- İnsanın içində işıq varsa, sevgi hissləri güclüdürsə, mərhəmət göstərməyi bacarırsa, bütün xırda günahlara görə dar ağacı qurmağa dəyməz.

- Bir günlük fəhləlik də keçir qəhrəmanın başından. Bunları hardan görüb yazırdınız, təsəvvür edirdiniz, soruşurdunuz, öyrənirdiniz?

- Mən fəhlə işləmişəm. Fəhlənin bütün düşüncələri, arzuları, istəkləri mənə doğmadır. Dərnəgülün taxta bazarında fəhləlik məktəbi keçib ədəbiyyata, jurnalistikaya gəlmişəm. Necə deyərlər, çinədanım doludur, bundan sonra fəhlə həyatından hələ çox şeylər yaza bilərəm.

-Mətndə Üzeyirin özüylə qəddar dialoqları var, özünə lağ edir, özünə tərbiyə verir, özünü danlayır. Bu tənhalığa işarədir? Əsərdə onun kimi var, kimi yox, görünmür, amma uzaq bir kənd var, arxasıyca su atan ana var... Ümumiyyətlə əlamətlərə inanırsınızmı?


- Get-gedə inanıram. Bu həm də koloritdir, ənənəyə bağlılıq və inancla yaşamaqdır. Əlbəttə, kimlər üçünsə batil inanclar ola bilər. Amma görün, nə gözəldir: siz Şəkidən yola çıxırsınız və kimsə arxanızca su atıb alqış deyir: yolun açıq olsun, qızım. Pisdirmi?

-Yəqin ki, pis olmazdı...

-Su olmasın, xeyir-dua olsun, sizi gözləyən adamlar olsun, övladlarınız olsun...

- Romanda əvvəldən sonacan Üzeyirə “ayaq bağı” olan bir uşaq var. Sevdim o uşağı...

- Mənim ikinci romanımda da uşaq obrazı var. Son yazdığım iki hekayə də o cümlədən. Görünür, uşaq obrazı olmadan keçinə bilmirəm. Özü də bu, məhz mövzu kimi ağlıma gəlir. Sonradan əsərə daxil etmək söhbəti yoxdur. Yəqin ki, təhtəlşüur məsələsidir. Harada uşaq varsa, orda təmizlik var. Mənə görə uşaq obrazı əsərə fərqli rəng, hava gətirir. Bu hava, rəng məni özünə çox cəlb edir.

- Bir də bir biskvit fabriki əhvalatı var. Xızır kimi peyda olub səssizcə itib gedən yazıq Qaragöz...

- Mən Dərnəgüldə işləyəndə hər gün həmin fabrikin yanından keçib gedirdim. Bələdliyim vardı ordakı işlərə. O ki qaldı Qaragözə, mənim xeyirxahıma, hə, deyəsən, ona qarşı çox ədalətsizlik etmişəm. Bunu oxucularım da eşitdirdilər.

-Cavid bəy, maraqlıdır, polis ərin Əqrəbdən ayrılandan sonrakı canfəşanlığı sünii deyilmi?

-İstək, ehtiyac heç vaxt süni olmur. Qadın gedirsə, onun arxasınca gələsi mütləq biri olur. Polis, həkim, mühəndis, çoban... nə fərqi. Bir qadının arxasında bir kişi boylanır və onun boşluğunu hiss edir. Həmin boşluğu doldurmaq çətin məsələdir.

-Belə bir boşluq yaşanıbmı yazıçının həyatında? Ki, onu əsərində bu cür üzə vurub?

- Ooo... Romandakı əhvalatlardan bir neçəsi həyatımda olub. Və sevinirəm ki, olub, geri boylananda xoş-naxoş nələrsə xatırlamaq olur. Yazıçılıq həm də yaddaşdır axı. Qadın yaddaşı, ehtiras yaddaşı, daş-divar yaddaşı, sıxıntı yaddaşı, çətinlik, mənəvi təbəddülat yaddaşı... Amma polislə qarşılaşmamışam, arzu da etmirəm…

- Ad məsələsinə toxunaq - "Günəşi gözləyənlər"...

-Bəli. Əsərin adını Əsəd Cahangir qoyub. Mən ad tapmaqda çox naşıyam. Ona görə kömək istədim. Əsərdə günəşi salamlamaqla bağlı bir yer var, xatırlayırsınızmı, ad ordan gəlir. Bir də bizim hamımız günəşi gözləmirikmi?

-Yəni, uğurlu ad hesab oluna bilər. Amma həm də niyəsə "Küləklə sovrulanlar"-ı xatırladım, mətn olaraq deyil, ad olaraq...

-Mənim xoşuma gəlir. "Leyla"nın adına görə peşmanam. Dediyiniz isə heç ağlıma gəlməyib, bəlkə də təhtəlşüurdur.

-Heyvanlarla münasibət necədir, heyvansevərsiniz, ya yox? Pişiyi öldürürsünüz, küçükləri yemləyirsiniz, siçandan danışmağa dəyməz. Firəngiz xalanın küçüklərə görə Üzeyiri evdən qovması var, dinin heyvanlara yanaşmasına münasibət, Üzeyirin o yerdəki mesajları əladır...

-Heyvanları sevirəm. Birmənalı olaraq. Bir dəfə qardaşım zəng vurdu ki, iş yerinin yanında bir pişiyi maşın vurub, ayağı sınıb. iki gündür burda pis vəziyyətdə qalıb, necə kömək edə bilərik? Qardaşımın bu jesti mənə o qədər təsir etdi ki, Bakı şəhəri üzrə heyvanlara baxan stansiyanın direktoruna zəng vurdum, qardaşım pişiyi maşına qoyub apardı həkimə. Orada bir qızla rastalaşmışdı. Həkim pişiyin ayağını sarıyandan sonra qız pişiyi alıb özü ilə aparmışdı. İnsanlıq bir baxımdan da elə budur.

-O qəribə ayindən sonra küçüklərin sağ qalmağına çox sevindim...

-İnanın, mən romandakı bəzi detalları unutmuşam. Siz deyirsiniz, mən xatırlayıram, xoşdur ki, bu qədər yadınızda qalıb.

- Pişik, yenə pişik. Bu dəfə yuxunuza gələn pişik. Nərminlə birgə. Pişikli, qəzəbli, qanlı, qorxulu yuxu...

- Yuxularda fantaziya genişliyi əla olur. Adam belə şeyləri düşünsə, tapa bilməz.

- Lap görülmüş yuxu kimi yazılıb...

- Yox, bu qəhrəmanın mənəvi-psixoloji durumunu göstərmək üçün bir vasitədir. Psixoloji vəziyyəti yerində olmayan Üzeyir kimi o qədər gənclər var ki. Yuxusuna bu cür qorxulu səhnələr gəlir. Bir də görünür, bu detal oxucunu daha çox marağa salmaqdan irəli gəlir. Hər şeyə ədəbi nəzərdən baxmayaq. Oxucunu da düşünmək lazımdır və səmimi olmaq gərəkir. Bəlkə ona görə bu yuxunu yazmışam ki, oxucu kitabı daha maraqla oxusun, süjet onu arxası ilə aparsın.

-Mən şaman nənənin kiminsə öləcəyiylə bağlı xəbərdarlığından  sonra qonşu uşağın xəstələndiyini oxuyanda qorxdum... Və məncə siz qorxutmağı bacarmısınız...


-Hə, bir neçə nəfər bunu mənə deyib. Deyəsən, o məqam yaxşı alınıb.

-Bəli, amma o məqam nə qədər yaxşı alınıbsa da, Nərminin sonu zəif enib...

-Nə mənada?

- Romanda məni mətn baxımından narahat edən, sanki yerinə oturmayan daş kimi bir xətt var.

-Professor xətti. Onun qadınla keçmiş münasibəti, evini ələ keçirməyi, qadını əlacsız qoymağı, sonra qızın evi istəməsi, onun qızı oğurlatmaq, öldürmək planları. Axı bu adam professordur, mafiya üzvü deyil?

-Məncə də. Görünür təcrübəsizlikdən irəli gəlir. İndi olsaydı, o xətti yazmazdım.

-Redaktor buna diqqət yönəltməyibmi?

- Ola bilər, nələrisə deyib, mən razılaşmamışam. Belə tərsliyim olur. (Gülür).

-Bir də milli kitab müsabiqəsində iştirak var...

- Bəli, romanı Milli Kitab Mükafatına təqdim etmişdim. Özü də iddialı idim. Eşitdiyimə görə, münsiflər arasında ciddi fikir ayrılığı olub və bir bal əsəri onluqdan kənarda qoyub. Məncə, qısa siyahıya düşsəydi, yer tutacaqdı.

-Müsabiqədən sonra kitab çıxdı. Necə oldu, özünüz çap etdirdiniz, təklif gəldi?

-Kitab 2010-cu ildə çap olunub. O vaxt gənclər üçün nəzərdə tutulan birillik prezident təqaüdü alırdım. Kitabı da həmin təqaüdün hesabına çıxardım. 500 tirajla nəşr olundu. Sonra min tirajla etmədiyimə görə təəssüfləndim. İndi özümdə 3-4 kitab qalıb. Amma romanı ikinci dəfə nəşr etdirməyi düşünürəm. Gələn il üçün planda hekayələr kitabının çapı var, onu başa gətirim, sonra romanın yenidən nəşri haqqında düşünəcəm.

-Roman haqqında xeyli yazı yazıldı, bəyənənlər, bəyənməyənlər, müxtəlif fikirlər. İlk böyük həcmli əsər, gənc yaşda... Necəydi tənqidə tuş gəlmək?

- Normal qarşıladım. Əsas tənqid vulqarlıqla bağlı oldu. Razılaşdığım, razılaşmadığım fikirlər oldu. Məsələn, bəzi fikirlər yazıldı ki, romanın dili bir qədər ağır, ləngərli olmalıdır, bu isə çaparaqdır. Bunu qəbul etmək olmaz, çünki bu tipli əhvalatlar, bu cür ab-havası, xarakterik qəhrəmanı olan romanın dili elə belə də olmalıdır. Bir də əsərin qəhrəmanı Üzeyirin xarakteri, insanlara, ətrafa münasibəti ilə bağlı tənqidi fikirlər eşidirdim. Normaldır. Məşhur fikirdə deyildiyi kimi: əsər yazıldısa, müəllifin deyil. Amma ümumən, əsər haqqında müsbət rəylər eşitdim.

-Bəli, mən tanış oldum yazılanlarla, əsasən yaxşı fikirlərdir. Heç deyəsən, ikinci romanın - “Leyla”nın bəxti bu qədər gətirmədi...


- Ümumən götürəndə bəli, birinci daha maraqla qarşılandı.

-Cavid bəy, oxuculardan rəylər gəldimi romandan sonra? Yəni dostları nəzərdə tutmuram sizi tanımayan oxucuların.

-Hə, çox oldu. Mənə də xoş olan o oldu ki, məni tanımayanlar xeyli fikirlər yazdılar. İmzam o romandan sonra tanındı. Ən çox verilən sual bu idi: romandakı hadisələr hamısı olub? Üzeyir sizsiniz?

- Adamlar real insan həyatı oxuduqlarını düşünüblər, bu da uğurdur...

-Həm də məsuliyyətdir. Oxucu qabağına yaxşı əsərlərlə çıxmaq lazımdır. Üstəlik, yeni Azərbaycan oxucusu formalaşır, axtarır, seçir, dəyərləndirir.

-"Günəşi gözləyənlər"-i "doğma mətn" adlandırmaq olarmı?

- Əlbəttə, "Günəşi gözləyənlər" mənim üçün hədsiz doğmadır. Səmimi deyim ki, "Leyla"dan o doğmalığı hiss edə bilmirəm.

-Bəs ən bəxti gətirən mətniniz hansıdır?


- Elə “Günəşi gözləyənlər”. Bir də "Coğrafiya müəlliminin pencəyi” hekayəm. Bir də “Həsən maşın alacaq”.

-“Həsən maşın alacaq” mənim də sevdiyim hekayələrdəndir. Bilmək maraqlıdır, romanınız haqda danışmağımız sizə nə verdi?

-Nə gizlədim, unutduğum şeylər varmış, suallar məni bir də mətnimə qaytardı, hətta bəzi yerləri yenidən oxudum. Yaddaşımı təzələdi, diqqətli, sevgili oxucu ilə qarşılaşdım. İndi belə şeylər hər vaxt ələ düşmür. Çox xoş oldu.

-Roman nağıl kimi, xoşbəxt sonluqla bitir...

-Hə.

-Lakin mən sondan əvvələ qayıtdım:
..."Dərnəgül taxta bazarında üç saata yaxın iş axtardım. Axır ki, mərhəmətli bir iş sahibi tapıldı. Öz dili ilə dedi, öz qulaqlarımla eşitdim:
-Sabahdan işə çıx!"...
Və mənim "Günəşi gözləyənlər"-im məhz belə tamamlandı...


/Hədiyyə Şəfaqət, "Ədəbiyyat qəzeti"/

Yenililklər
17.11.17
Antonio Tabukki - Yuxular. Tuluz-Lotrek - Pessoa
17.11.17
İkicildlik “Dünya dramaturgiyası antologiyası” nəşr olundu
17.11.17
““525-ci qəzet” dünənin və bu günün olduğu kimi, gələcəyin də qəzetidir” - Yubiley MÜSAHİBƏSİ
17.11.17
Səməd Ağaoğlunun “Sovet Rusiya İmperiyası” kitabı çap olunub
16.11.17
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
16.11.17
İradə Tuncay: “Atamın ölümünü təsdiq etmək üçün 24 “şirvan” istədilər”
16.11.17
Təranə Məhərrəmova - Dilimizi necə sevək?
15.11.17
"Ədəbi proses"in dördüncü toplusu çap olunub
14.11.17
İsa Həbibbəyli - Ortaq yazılı ədəbiyyat mərhələsia
14.11.17
Xətainin ana dilində şeirləri tapılıb
13.11.17
"Ana layla"sı ilə dünyanı ağladan, qarmonuyla İrana qarşı savaşan Rəhman Əsədullahi kimdir? - FOTOLAR
13.11.17
Elmira Axundova: "Gənc yazarlara maliyyə ayırmaq lazımdır"
13.11.17
Taleh Eminoğlu - O qədər yorğunam ki unutmuşam hamını
13.11.17
Bakıda “Almaniya bir rəssamın gözü ilə” sərgisi açılacaq
13.11.17
“Türkologiya” impakt faktor statusu qazanıb
10.11.17
Aqata Kristinin “Lord Ecverin Ölümü” çap olunub
10.11.17
Nəsimi ardıcılı Heyrətinin divanının yeni tapılmış əlyazma nüsxəsi barədə qeydlər
10.11.17
Azərbaycan-Moldova ədəbi əlaqələrində mühüm yenilik
10.11.17
Mübariz Örən: “O kitabı oxuyanda dəli oldum” - MÜSAHİBƏ
10.11.17
Antonio Tabukki - Yuxular. Çexov - Debüssi
08.11.17
Fərid Hüseynin Amerikada kitabı çıxıb
08.11.17
Dünyanı velosipedlə dolaşan "mama uşağı" Bakıda – REPORTAJ
07.11.17
"İkinci pərdə" filminin təqdimatı keçirilib
07.11.17
Qanun Nəşrlər Evinin oktyabrda ən çox satılan kitabları
06.11.17
Elçin - Söz azadlığı tənqidimizə nə verib?
06.11.17
Ərəb yazıçı Yusif Əzizi AYB sədri Anarla görüşdü
06.11.17
Azərbaycana aid nəşrlər 36-cı Beynəlxalq kitab sərgisində nümayiş etdirilir
03.11.17
Ülvi Babasoy - Yaşamaq sənəti
03.11.17
İlqar Əlfi - Rüşvət alınır, yoxsa verilir?
03.11.17
“Yarımçıq əlyazma” Yaponiyada çap edildi
03.11.17
AYB-də "Adın azadlıqdır" kitabının təqdimatı keçirildi
02.11.17
Vasif Əlihüseyn - Əllərin də üşüyər, soyuq suda hardasa
02.11.17
Qismət - Danışan əşyalar
01.11.17
Seymur Baycan - Sakit və mədəni it
01.11.17
Avropa Film Festivalı başlayır
31.10.17
Muxtar Kazımoğlu - Elmi əsər yazıçı tərcüməsində
31.10.17
Modern türk şairi Tuğrul Tanyol ilə müsahibə
30.10.17
Antonio Tabukki - Yuxular. Stevenson - Rembo
30.10.17
Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub
30.10.17
Xalq artisti Rafiq Hüseynov vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.