Ettore Rossinin Məhəmməd Əmin Rəsulzadə haqqında məqaləsi - II yazı
25.04.17

Ettore Rossinin bir məqaləsi haqqında

       Ettore Rossinin (1894-1955) elmi fəaliyyəti ilə ilk dəfə “Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsinin italyanca müqəddiməsini oxuyarkən tanış olmuşdum. Sonralar, tələbəlik illərində də, elmi iş üzərində çalışanda da, uzun illər sovetlər dönəminin bəzi “maraqlı” arxivlərindən istifadə etmək imkanına malik olanda da, sovet şərqşünaslığının bu görkəmli türkoloqa olan bir qədər yad münasibətinin səbəblərini anlaya bilmirdim. Daha sonra, 2004 – cü ildə Ettore Rossinin 110 illiyi ilə əlaqədar xatirə məqaləsi üzərində işləyərkən,  məşhur italyan ərəbşünası Françesko Qabrielinin (1904 – 1990) 1955-ci ildə E.Rossinin  vəfatı münasibətilə yazdığı vida məqaləsi ilə tanış oldum. Bu mükəmməl və həssas yazının sonunda E.Rossinin əsərlərinin biblioqrafiyası verilmişdi. Məqalələr sırasında 1924-cü ildə çap olunmuş bir yazı xüsusilə diqqətimi çəkdi.  O vaxt, göstərdiyim səylərə baxmayaraq, həmin məqaləni əldə edə bilməsəm də, bu yaxınlarda internet vasitəsilə buna nail oldum. Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” və “Əsrimizin Siyavuşu” əsərlərinin təhlilinə və redaktoru olduğu “ Yeni Qafqasya” dərgisinin fəaliyyətinə  həsr olunmuş bu yazını oxuduqdan sonra, sovet senzurasının E.Rossiyə olan soyuq münasibətinin səbəblərini anladım. 1955-ci ildə ağır xəstəlikdən sonra 60 yaşında vəfat edən görkəmli türkoloq bu məqaləni 1924-cü ildə, türkologiyada ilk müstəqil addımlarını atarkən, Azərbaycan Cümhuriyyətinə və türk dövlətçiliyinə böyük sevgi, erməni riyakarlığına və bolşevik şovinizminə laqeyd qalmadan yazmışdı. E.Rossinin  bütün türkoloji fəaliyyəti bilavasitə Türkiyə ilə bağlı olub. Ancaq, onun yalnız “Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsini 150 min əlyazması və arxiv cildləri arasından tapıb üzə çıxarması Azərbaycan ədəbiyyatı qarşısında əvəzsiz  xidmət idi...
         “Azərbaycan Cümhuriyyəti” (I, 1) və “ Əsrimizin Siyavuşu” (I, 2) əsərlərinin təhlilinə və “Yeni Qafqasya” dərgisinin fəaliyyətinə (II)  həsr olunmuş iki yazının italyancadan tərcüməsini təqdim edirik;Məlum faktlardan ibarət çoxlu sayda qeydlərin ixtisarını məqsədəuyğun saydıq; Gənc türkoloqun ilkin dil təcrübəsi kimi, məqalədə bəzi söz və ifadə təhrifləri mövcuddur ( Şimalı Rusiyada - Şimalda, Rusiyada, zamanın bağbanı - zamanın qayçısı, kökünə - köksünə və s.); Fəsillərin nömrələnməsi müxtəlif rəqəmlərlə (rum və ərəb) verilmişdir. VI fəsil nömrələnməmişdir. Dırnaq içərisində verilmiş abzasla başlayan mətn parçaları  əsərlərdən  sitatlardır...
           ... F.Qabrielinin E.Rossiyə həsr etdiyi vida məqaləsi isə bu sözlərlə bitirdi: “Bir ərəb məsəlində deyilir:  Ad-dunya hadith, fa-kun hadithan ğamila dh-dhikr  (Həyat bir hekayətdir, sən də xatirəsi gözəl bir hekayət ol). Sənin də həyat hekayətin gözəldir, dostum Ettore Rossi, çalışmalarının səxavətli zənginliyinə, məsləkinə və idealına olan sədaqətinə görə. Qoy sənin hekayətinin gözəlliyi daima var olsun, bizim həyatımızı yaxşılaşdırıb, dəyişdirməkdən ötrü... Oriente Moderno, XXXV, № 10, 1955, Ricordo di Ettore Rossi”.

                                                            *  *  *

Ettore Rossi

Qafqaz Azərbaycanı antibolşevik müsəlmanlarının nəşrləri
Oriente Moderno, IV, 1924

                                     
Əvvəli ötən sayımızda                                        
                                                                       I
      2. Əsrimizin Siyavuşu. Azərbaycanın faciəvi tarixi ilə bir müqayisə. Həmçinin, Azərbaycan Milli Şurasının keçmiş sədri Məhəmməd Əmin Rəsulzadənin əsəridir.
       Əsər siyasi-ədəbi bir ekskursdur. Müəllif nağıl edir ki, 1920 –ci ildə Bakının bolşeviklər tərəfindən işğalından bir qədər sonra (may ayında), Gürcüstana səfər edir. Lahıcda qonaq qaldığı bir dostunun kitabxanasında Firdovsinin “Şahnamə” əsərini yenidən mütaliə etməyə başlayır. Ona daha çox təsir edən epizod məhz həmin Siyavuşla bağlı olur və o, “Əsrimizin Siyavuşu”nu yazmağı qərara alır. Ancaq işini yarımçıq qoymalı olur, yazdıqlarının bir surətini evində qaldığı kəndliyə verib, bolşeviklər tərəfindən axtarıldığına görə daima yerini dəyişərək, yoluna davam edir. Öncə Rusiyaya, oradan Finlandiyaya, nəhayət,  İstambula gəlib çıxır. Səyahət zamanı özü ilə apardığı nüsxəni itirir, ancaq kəndliyə əmanət qoyduğu surəti geri ala bildiyindən, əsəri çap etdirə bilir ( səh. 7-9).
         Öncə yazıçı Siyavuş əfsanəsini “Şahnamə”də olduğu kimi nağıl edir. İran şahı Kavusun Turan şah ailəsindən olan bir qızla izdivacında doğulmuş Siyavuş, atasının səltənətində böyüyür və onu yoldan çıxarmağa çalışan şahbanu Südabəyə müqavimət göstərir. Tam yetkinlik yaşına çatanda turanlılara qarşı müharibədə İran ordusuna komandanlıq edərək, turanlılara qalib gəlir. Sonra onu sülh bağlamağa dəvət edən Turan şahı Əfrasiyabın təklifini qəbul edir. Siyavuş atasının razılığını gözləyir, ancaq atası  qəzəblənərək hər hansı bir sülh təklifini rədd etdiyindən o, verdiyi sözü yerə salmaqdansa, düşmən ərazisinə keçməyi üstün tutur. Turanlıların ölkəsində hörmət və izzətlə yaşayır, düşmən şahının qonağı ikən, şah öz qızı Firəngizi ona ərə verir. Ancaq, şahın qardaşı ona nifrət bəsləyir, onu hər şeydə ittiham edib, pis qələmə vermək istəyir və nəhayət, öldürtməyi bacarır. Firəngiz Xosrov adlı bir uşaq dünyaya gətirir, onunla İrana getməyə nail olur, Xosrov orada şah seçilərək, turanlılarla uzun-uzadı müharibələr aparır ki, bu da  Əfrasiyabın ölümü ilə sonuclanır.
        Müəllifin kitabına verdiyi bu qəribə başlığa necə haqq qazandıracağını söyləmək asan deyil, necə ki, bu qədim əfsanə də, müasir hadisələr də bu qədər mürəkkəbdir.  Mahiyyətcə, Məhəmməd Əmin Rəsulzadə  Siyavuş əfsanəsini bir rəmz kimi nəzərdən keçirir.  “Əsrimizin Siyavuşu” - Azərbaycan Respublikası, onun qatili Əfrasiyab isə Rusiyanın bolşevik hökumətidir. Bu rəmzlər ətrafında heç də az dolaşıq olmayan digərləri var: Türkiyə - ərinə sadiq Firəngiz, fars üləması isə - yoldan çıxaran qadın Südabədir.
        Bu cür xəyallar üzərində dayanmağına dəyməzdi, əgər istər bilim adamlarının, istərsə də siyasətçilərin şüurunda onun xarici anlamını  üstələyən daxili mənası olmasaydı. Müasir türk ədəbiyyatında fantastik-rəmzi kitablar yenilik deyil. Bunu Xalidə Ədib Xanımın “Yeni Turan” və ya Ziya Gökalpın “Qızıl alma”əsərində də da görmək olar.
        Fikirlərimi təsdiqləmək üçün kitabdan kiçik bir parçanın tərcüməsini verirəm.
       “Rus işğalından sonra Azərbaycan müsəlmanlarında dini-mədəni bir oyanış baş verdi. Onlar ilk dəfə idi ki, sünnü və şiələr arasındakı münaqişənin səbəblərini yumşaltmağa çalışırdılar. Ancaq retroqrad fars üləması və yenilik düşmənləri bu xalqın duyğularını başa düşə bilmirdi”.
       “Zəmanəmizin (yəni Azərbaycanın) Siyavuşu üçün İrandan Türkiyəyə qaçmaqdan savayı özgə bir çarə qalmırdı”.
       “ Türkiyə Vyana  divarlarına qədər gedib çıxmış müharibədən usanmışdı. O görürdü ki, artıq, ulduzu dəyişmiş və İstambul divarlarına söykənərək, Əfrasiyab kimi, bir röyadadır (cümləni olduğu kimi tərcümə etmişik C.C.). Zamanın təfsirçiləri olan istedadlı siyasətçilər və bilikli sosioloqlar bu röyanı açıqlayıb ona demişdilər  (əsərin orijinalında: Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək özünə demişdilər ki... C.C.) : sənin istiqbalın artıq, Qərbdə deyil, Şərqdədir. Sən öz kökündən uzaqlaşdığına görə zamanın bağbanı sənin gövdədən uzağa gedən budaqlarını kəsir ki, öz mühitində və öz kökün üstündə təbiicəsinə yaşarasan. Sənin istiqbalın Avropa Türkiyəsində,  Hicazda,  İraqda deyil, - Türkistandadır;  bil ki, yolunun üstündə, əski Turanın göbəyində  Azərbaycan adlı bir cavan (xalq) var. Yeni Turanın açarı ondadır. Ancaq Tanrı istəmir ki, sən qarşıdurma  yaranmasına imkan verəsən. Tanrı istəmir ki, sən onun könlünü qıraraq, özünün bütün arzularını puç edib, taxtını bərbad edəcək bir bədbəxtçilik qazanasan”.
        “ Bu röyanın qarşısında Türkiyə qorxu ilə ümid arasında qalmışdı. Və onda sığınacaq axtaran Azərbaycanı o bir bəxşiş, öz idealı üçün bir təşəkkür kimi qəbul etdi”.
        “Yeni Azərbaycan Türk Yurdu və Türk Ocağı tərəfindən layiqincə qarşılandı. Şairlər onun zövq və alicənablığını mədh etdilər. Onunçün “Altun dastan” yazdılar, peyğəmbərlik etdilər ki, ...( yeri boş qalmış ifadə: Turanın “İsmi-Əzəmi” olan – C.C.) qızıl almanı tapmış Tomris Xanım, Bakıdan təşrif gətirəcək”.
        “Mütəfəkkirlər ruhunu cilalandırdılar. Söylədilər ki, İstambul neçə əsrlərə və tarixlərə bağlı olduğundan, heç də asan olmayacaq islahatlar keçirmək üçün daha azad bir mühit lazımdır ki, bu Azərbaycanda daha əlverişli olsun.  Qızıl neft quyuları və təbii sərvətlərlə  zəngin olan  bu ölkə böyük bir tərəqqiyə yetişəcəkdir ”.
      “Azərbaycan gəncləri ehtiras və təmiz niyyətlərlə türk ustadlarını tələbəsi oldu. Çox keçmədi ki, Namiq Kamal - Məhəmməd Hadini, Əbdül Haqq Hamid - Hüseyn Cavidi, Məhəmməd Əmin isə Əhməd Cavadı oğulluğa qəbul etdi”.
     “Azərbaycan məfkurəsi  milli Türk məfkurəsi ilə izdivac etdi. Yeni Azərbaycan  utanmaz  Südabənin  ehtiraslı  istəklerindən azad olaraq, özünü iffətli Firəngizin (yəni Türkiyənin)  vüsal hərəminə atıb,  xoşbəxt yaşadı”.
      Daha sonra 1917-1920 - ci illərin hadisələri gəlir, orada əfsanəvi müqayisələr əlavə olunmaqla, öncəki kitabda baş vermiş olaylar bir daha nəzərdən keçirilir. 
       
                                                                II
     “Yeni Qafqasya” dərgisi,  - “ikihəftəlik, ədəbi, ictimai-siyasi və millətpərvər”.
      İlk nömrəsi 26 sentyabr 1923 – cü ildə çıxmışdır.
      Redaktoru, adı göstərilməsə də, yuxarıda əsərləri nəzərdən keçirilən Məhəmməd Əmin Rəsulzadə olmalıdır. 3-cü nömrədən başlayaraq (1 noyabr 1923) - “azəri yazarlarının işbirliyi ilə” altyazısı oxunmaqdadır.
     Dərginin obyekti hər nömrəni müşaiyyət edən aşağıdakı elanla açıqlanır:
     “Yeni Qafqasya”yalnız Qafqazla məhdudlaşmır o, imkanları daxilində, bütün Şərqə, xüsusilə də xarıcdəki türklərin vəziyyətinə dair xəbərlər verməyə çalışır. Bizim dərginin Azərbaycanda, Gürcüstanda, Dağıstanda və İranda xüsusi müxbirləri var, o həmçinin Şərqdəki Volqa boyu, Krım, Əfqanıstan və Türkistan türkləri və müsəlman xalqları barədə məlumat almaq iqtidarındadır.
      Dərgi, xəbərləri açıq-aydın anti-bolşevik yönəmli olduğundan, həmişə etibarlı olmasa da, maraqlıdır. 
     1923-cü ilin 26 sentyabrından, 1924 –cü ilin 28 aprelinə qədər 15 nömrəsi çap olunmuşdur. Qafqazdakı ( Ermənistan, Acarıstan, Gütcüstan, Azərbaycan, Dağıstan), olaylarla, ilk növbədə bolşevik zorakılıqları ilə bağlı xəbərlərə xüsusi əhəmiyyət verilir. İran və Türkistan barəsində də həmçinin  bol-bol məqalələr dərc olunur,  rus qəzetləri ilə polemikalar aparılır,  xüsusilə də “Pravda” ya qarşı.
      Azərbaycana qaldıqda, dərgi artıq Oriente Modernoda elan edilmiş  xəbərlərin şərhini verir. Bu qəbildən o, rusların Azərbaycana emiqrasiyasını, Muğan düzündə rus kolonizasiya siyasətini tənqid atəşinə tutur.  Bolşevik rejimi altında mədəni hərəkatın və  təhsilin vəziyyəti barədə xəbərlər xüsusilə diqqəti çəkir (11,12 –ci nömrələr).
     Həqiqətən də, bir Azərbaycan  irredentizmi ( italyanca irredento  – geri alınmamış, azad edilməmiş – C.C.) barədə danışmaq olar. Həmin “Yeni Qafqasya“ bolşeviklərin Azərbaycana soxulması (1920) -  28 aprellə əlaqədar, digər yazılarla yanaşı, türk milliyyətçi dərgisi İstiqbalın redaktoru Abdulla Cövdətin və bu gün Bölidən (Boludan, - C.C.) deputat olan Falih Rifqinin, redaktoru olduğu “Axşam” qəzetində, ötən il eyni münasibətlə işıq üzü görmüş məqaləsinin də yer aldığı xüsusi nömrə çap edir. Onların hər ikisi arzu edir ki, Türkiyə öz müstəqilliyini qazandığı kimi, Azərbaycan da tezliklə xoşbəxt bir tarix qeyd edərək, 1920 ci ilin kədərli 28 aprel ildönümünü unutsun.
      İranda, Qəzvində yaşayan Gül Təkin imzalı bir azərbaycanlı şair bu dərgidə Vətənim və eşqim adlı vətənsevər şeirini çap etdirir; tərcüməsini verirəm:

“O gözəl üfüq çevrələndi qırmızı bir çənbərlə;
mənsə daima acılar və sıxıntılar içində.
Dayanmışam intizarında o batan günəşin,
yeganə bir şeyin ki, doğa bilər ruhuma mənim.       
Həzin bir pərdə bürüyürür niskilli qəlbimi,
rəngdən rəngə girərək füsunkar təpələr üstə.
Ehey, Ay, görün tutğun üfüqlərdən, bir çıraq yandır ki,
faş etsin aləmə bu od tutan torpağı.
Torpağı  ki,  türkündür yaranışından və indi  –
zülmə  düçardır  rusların əlində!
Ey yurdumun üstündə titrəyən kölgə,
bil ki, bir gün sən də varsan ölümçün,
O gün ki, bürüdün sevgili yurdumu mənim, 
süngün sancıldı tariximin kökünə.   
Mən unutsam da sənin  yaptığın  bu vəhşəti,
tarix ötürəcək onu nəsillərdən nəsillərə.
Məni toplarla, tüfənglərlə qorxutmağa səy etmə,
unutma nişan aldığın bu ürəyi də.
Cismim  tərk etsə də bu həyatı, imanımı məhv edə bilməzsən -
get, sığın  dəmir hisarlar arxasına.
Sevmək günahsa , mən - günahkaram; 
aşiqəm; məşuqəm  - əziz vətənim,
Suçluyamsa əgər, günahkar - eşqimdir.
Bacarırsan, ey düşmən,  gəl qır eşqimi mənim”  



İtalyan dilindən
tərcümə edən
Cəmşid Cəmşidov

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.