Bob Dilanın Nobel nitqi - Tam mətn
09.06.17

Ötən il Ədəbiyyat üzrə Nobel Mükafatının Bob Dilana verilməsi sənət dünyasında böyük müzakirələrə səbəb olmuşdu.

Bob Dilanın mükafatlandırma mərasimində iştirak edib-etməyəcəyi, mükafatı götürüb-götürməyəcəyi uzun müddət müəmmalı qalandan sonra, sənətçi mart ayının axırında mükafatını aldı və kürsüdə çıxış etdi. Ancaq 922 min dollarlıq (8 milyon isveç kronu) pul mükafatını götürə bilməsi üçün 10 iyuna qədər Nobel Mühazirəsini yayımlamalı idi.

Sözügedən mühazirəsinin mətni srağagün 27 dəqiqəlik səs variantı ilə birlikdə İsveç Akademiyasının rəsmi internet ünvanı olan www.nobelprize.org saytında yayımlandı.

Qismətin tərcüməsində həmin mühazirənin tam mətnini təqdim edirik.


Nobel mükafatını aldığımı birinci dəfə eşidəndə maraq məni götürdü ki, mahnılarımın ədəbiyyatla əlaqəsi nə cürdür. Dərindən düşünmək və aradakı əlaqənin harada olduğunu görmək istədim. Bunu sizə açıq şəkildə ifadə etməyə çalışacağam. Və bunu daha çox dolayı yolla ifadə edəcəyəm. Amma ümid edirəm ki, dediklərimin dəyəri olar və öz məqsədinə çatar.

Əgər lap əvvələ qayıdası olsam, deyəsən Baddi Hollidən başlamalı olacağam. Baddi 22 yaşında öldü, onda mənim 18 yaşım vardı. Ona ilk dəfə dinləyəndən özümə yaxın hiss etdim. Qohumum kimi hiss etdim, o, böyük qardaş idi. Hətta ona oxşadığımı belə düşündüm. Baddi sevdiyim musiqi ilə məşğul idi, dinləyə-dinləyə böyüdüyüm musiqi ilə: kantri vestern, rok-n-rol, ritm, blyuz. Onun bir-birinə qarışdırdığı və yeni bir növə ilham verdiyi üç fərqli musiqi cərəyanı. Yeganə brend idi. Baddi mahnı yazardı – gözəl melodiyalar və fantaziyası güclü olan misralar. Möhtəşəm də ifa edərdi – birdən çox səslə.

O, arxetip idi. Mənim olmadığım və olmaq istədiyim hər şey idi. Onu cəmi bircə dəfə gördüm, bu da ölümündən bir neçə gün əvvəl idi. Onun ifasına qulaq asmaq üçün 160 kilometr məsafə qət etməli idi, amma buna dəyərdi.

Güclü idi, həyəcanlandırırdı və hökmlü idi. Düz iki metrliyində idim. Ovsunlayıcı idi. Üzünə tamaşa elədim, əllərinə, ayaqlarını yerə vurmağına, böyük qara eynəyinə, eynəyin arxasındakı gözlərinə, gitaranı tutmasına, duruşuna, geyim dəstinə. Hər şeyinə tamaşa elədim. İyirmi iki yaşından daha yaşlı görünürdü. Onda daimi olan bir şey vardı və məni inancla doldururdu.Sonra, birdən-birə baş verəcək ən qəribə şey oldu. Birbaşa gözlərimin içinə baxdı və nəsə dedi. Nə olduğunu bilmədim, tüklərim biz-biz oldu.

Deyəsən təyyarəsinin qəzaya düşməsindən bir, ya da iki gün sonra idi. Kimsə (əvvəllər tanımadığım bir nəfər) mənə “Cottonfields” mahnısının olduğu bir Leadbelly valı erdi. Və o val elə ordaca, o andaca bütün həyatımı dəyişdirdi. Məni tanımadığım bir dünyaya apardı. Partlayış kimi idi. Elə bil, qaranlıqda yeriyirdim və qəfildən həmin qaranlıq işıqlandı. Sanki kimsə mənə əlini uzatmışdı. O vala bəlkə də yüz dəfə qulaq asmışam. Əvvəllər qəti qulaq asmadığım bir albom idi, üstündə bir broşura da vardı, başqa sənətçilərin də reklam olunduğu bir albom: Sonni Terri və Brouni MakGi, “The New Lost City Ramblers”, Jan Ritçi, musiqi qrupları. Əvvəllər heç birinin adını eşitməmişdim. Amma təxmin edirdim ki, əgər Leadbelli ilə eyni albomdadırlarsa, yaxşı olmağa məcbur idilər, buna görə onlara da qulaq asmalı idim. Haqqında hər şeyi öyrənmək və o tərzdə musiqi ilə məşğul olmaq istəyirdim. Dinləyə-dinləyə böyüdüyüm musiqiyə qarşı hələ də nələrsə hiss edirdim, amma o anda həmin musiqini unutmuşdum. Düşünməmişdim heç. Hələlik tarixə çevrilmişdi.

Hələ evdən ayrılmamışdım, amma gözləyə bilməzdim də. Bu musiqini öyrənmək və onunla məşğul olan insanlarla tanış olmaq istəyirdim. Nəhayət evdən ayrıldım və o mahnıları çalmağı öyrəndim. Radiolarda səslənən və indiyə qədər eşitdiyim mahnılardan çox fərqli idilər. Daha canlıydılar və həyata qarşı dürüst idilər. Radio mahnıları ya təsadüfən, ya da yerinə düşəndə hit olurdular, amma folk musiqinin dünyasında bunun önəmi yox idi. Hər şey hit idi. Bircə lazım olan məsələyə hakim olmaq və melodiyanı çala bilmək idi. Bu mahnılardan bəziləri asan, bəziləri isə çətin idi. Köhnə nəğmələrə və kantri blyuza təbii bir hissiyatım vardı, amma qalan hər şeyi zəhmətlə öyrənməliydim. Dar çevrə üçün ifa edirdim, bəzən otaqdakı, ya da küçənin tinindəki adam sayı 4-5 nəfərdən çox olmurdu. Geniş bir repertuar olmalıydı və nəyi nə vaxt ifa edəcəyinizi dəqiq bilmək. Bəzi mahnılar üstü örtülü idi, bəzilərini isə eşitdirmək üçün çığırmaq lazım idi.

Bütün köhnə folk sənətçilərinə qulaq asaraq və onların mahnılarını özünüz oxuyaraq şivəni tutursan, mənimsəyə bilirsən. Qısa templi caz tərzində oxuyursan, iş mahnılarını, Gürcü matroslarının nəğmələrini, Apalaş nəğmələrini və kovboy nəğmələrini. Bütün ifadələrini dəqiq şəkildə eşidirsən və detalları öyrənirsən.Bunun nəylə bağlı olduğunu başa düşürsən. O silahı çıxarmaq və təzədən cibinə qoymaq. Qamçılaya-qamçılaya yolu açmaq, qaranlıqda danışmaq. Stragger Linin pis adam olduğunu da bilirsən, Frenkinin yaxşı qız olduğunu da. Vaşinqtonun burjua bir şəhər olduğunu da bilirsən və John The Revelatorun dərin, toxtaq səsini də eşidirsən, Titanikin bataqlıq dərəsində batışını da görürsən. “The İrish Rover” tay-tuşunuz  olur, “The Wild Colonial boy” həmçinin. O boğuq barabanlara qulaq asırsan, o pıçıltılı fleytalara da. Güclü Lord Donaldın arvadını bıçaqlamasını da görürsən və xeyli dostun bəyaz kəfənə büründü. Bütün yerli ağızları öyrəndim. Xitabəti bilirdim. Heç biri yadımdan çıxmadı (alətlər, texnika, sirlər, mistika), onların keçdiyi bütün yolları da öyrəndim. Hamısını bir-birinə bağlaya bilər və bu günün cərəyanları ilə sintez edə bilərdim. Öz mahnılarımı yazmağa başlayanda, folk musiqisinin dili bildiyim yegan söz xəzinəsi idi və mən də ondan istifadə etdim.

Amma həm də bir şey daha var idi: prinsiplərimə qarşı həssaslığım və şüurlu dünya görüşüm. Bir müddət bunlara sahib oldum. Hamısını qrammatika məktəbində öyrəndim. “Don Kixot”, “Ayvenqo”, “Robinzon Kruzo”, “Qulliverin səyahəti”, “İki şəhərin hekayəsi” və başqa əsərlər – insan təbiətini başa düşməyimizə kömək edən, bizə həyatla bağlı bir baxış bucağı və bəzi şeyləri ölçmək üçün müəyyən standartlar verən, tipik qrammatika məktəbinin tədris proqramı. Mahnı sözləri yazmağa başlayanda bu bilgiləri də özümlə götürdüm. Və bu kitabların temaları xeyli mahnımın mövzusu oldu, həm bilərək, həm də öz-özünə. Mahnılarımın əvvəllər heç kimin qəti eşitmədiyi şeylər kimi olmasını istəmədim və bu dediyim temalar fundamental idi.    

Qrammatika məktəbində təhsil alandan bəri məni heç tərk etməyən üç kitabdan danışmaq istəyirəm: “Mobi Dik”, “Qərb cəbhəsində təbəddülat yoxdur” və “Odisseya” “Mobi Dik” füsunkar kitabdı, çox dramatik səhnələrlə və dialoqlarla doludur. Bu kitab sizə təzyiq edir. Sujeti açıqdır. Sirli kapitan Ahab (Pequod adlı gəminin kapitanı) əzəli düşməninin dalınca düşən, taxta ayaqlı bir eqo-manyakdır, ayağını şikəst qoyan isə böyük bir ağ balinadır – Mobi Dik. Atlantik okeanından Afrikanın ucuna, Hind okeanına qədər onun dalınca düşür. Balinanın dalınca dünyanın iki yarısına da gedir. Bu mücərrəd bir hədəfdir, real və konkret deyil. Kapitan Mobi Dikə imperator deyir, onu şeytanın cisimləşmiş halı kimi görür, Ahabın daim xatırladığı, Nuntuketdə qoyub gəldiyi arvadı və uşağı var. Nə baş verəcəyini əvvəlcədən sezmək olur. Gəminin heyəti fərqli irqlərdən olan kişilərlə doludur, aralarından kimsə balinanı görsə, qızılla mükafatlandırılacaq. Bol-bol astroloji simvollar, dini alleqoriyalar, klişelər. Kapitan Ahab balina ovlayan başqa gəmilərlə rastlaşır,  kapitanlara təzyiq edir ki, Mobi Dikin detallarını desinlər. Onu görmüş ola bilərlərmi? Bir də dəli kahin Qabriel var, gəmilərdən birindədi və Ahabın alın yazısını təxmin edir. Kahin Ahaba deyir ki, Mobi Dik Şaker tanrısının cisimləşmiş şəklidir və onun hər hansı bir şəkildə məşğul olmaq fəlakət gətirəcək. Başqa bir gəminin kapitanı (Kapitan Bumer) Mobi Dikə bir qolunu qurban verib. Amma buna dözür və xilas olduğu üçün xoşbəxtdir, o, Ahabın qisas arzusu ilə razı deyil.

Kitab fərqli insanların eyni hadisəyə necə fərqli-fərqli reaksiyalar verməyindən bəhs edir. Bol-bol Əhdi-Ətiqlə, İncillə bağlı alleqoriyalar var: Qabriel, Reyçel, Ceroboam, Bildah, Eliya. Eyni zamanda paqan adları: Taşteqo, Flask, Daqqu, Flisi, Starbak, Stab, Martanın Bağçası. Paqanlar bütpərəstdirlər. Bəziləri mumdan düzəlmə şeylərə inanır, bəziləri taxtadan. Bəziləri atəşə inanır. Gəminin adı “The Pequod” isə bir hind qəbiləsinin adıdır.

“Mobi Dik” gəmi səyahətinin nağılıdır. Kişilərdən biri, təhkiyəçi deyir:  “İsmael deyin mənə.” Bəziləri haralı olduğunu soruşur və o cavab verir: “Heç bir xəritədə yoxdur. Doğru yerlər heç vaxt xəritədə olmazlar.” Stab isə heç nəyə fikir vermir, hər şeyin alnımıza yazılı olduğunu deyir. İsmaelin bütün həyatı dənizdə, gəmidə keçib. Deyir ki, gəmilərin də Harvardı, Yeili var. İnsanlarla məsafə saxlayır.

Gəmi fırtınaya düşür. Kapitan Ahab düşünür ki, bu yaxşı əlamətdir. Starbak isə bunu pis əlamət hesab edir və Ahabı öldürmək haqqında düşünür. Fırtına yatan kimi, gəmidən bir nəfər dor ağacından yıxılır və boğulur, elə bil, nələr olacağını hiss edir. Əslində qana susamış bir işbaz olan Dostlar məzhəbindən sülhsevər bir keşiş Flaska deyir: “Yara alan bəzi adamlar Tanrıya səbəb olurlar, bəzilər ağrıya.” Hər şey sintez edilib. Bütün miflər: Yəhudi-xristian İncili, hind əfsanələri, ingilis əfsanələri, Müqəddəs Corc, Persey, Herakl – hamısı balina ovçusu olublar. Yunan mifologiyası və qanlı bir iş olan balina kəsmək. Bu kitabda xeyli həqiqət var, coğrafiya bilgisi, balina yağı (tacqoyma mərasimində və krallıqlarda istifadə olunur), balina ovu sektorundakı köklü ailələr. Balina yağının krallara xeyir-dua verilərkən istifadə olunması. Balinanın tarixi, fenologiya, klassik fəlsəfə, elmi olmayan nəzəriyyələr, ayrı-seçkiliyin leqallaşdırılması – bunlarla bağlı hər şey, hamısı da çox məntiqlidir. Ziyalı zümrəsi, ziyalı olmayanlar, bu qaçdı-qovdu illüziyası, ölümün dalınca düşmək, böyük ağ balina, ağ bir qütb ayısı qədər bəyaz, bəyaz bir adam qədər bəyaz, imperator, düşmən, şeytanın cisimləşmiş halı. İpləmə kapitan əslində ayağını Mobiyə bıçaqla hücum çəkərkən itirib.

Hər şeyin ancaq səthini görürük. Altında nə gizləndiyini uyğun gələn şeylərlə mənalandıra bilərik.   Göyərtədə gəzib dəniz qızlarına qulaq asan ekipaj və gəmini təqib edən akulalarla, kərkəslər. Kitab kimi onların qafa taslarını və üzlərini də oxuyursunuz. Buyurun, qabağınıza bir üz qoyuram. Bacarırsınızsa, oxuyun.

Taşteqo deyir ki, ölüb və təzədən dünyaya gəlib. Bu ekstra günlər ona lütfdür. Deyir ki, İsa məni xilas etmədi, amma bir dost xilas etdi və bunu deyərkən artıq xristian deyil. İsanın yenidən doğulmağını parodiya edir.

Starbak Ahaba deyəndə ki, köhnə məsələləri qurdalamasın, əsəbləşən kapitan qəfildən çoşur: “Mənə tanrını pisləmə dostum, əgər məni aşağılasaydı, günəşə də hücum çəkərdim.” Ahab həm də xitabət şairidir. Belə deyir: “Qərarlaşdırılmış məqsədimə tərəf gedən yol ruhumun üstündə qaçmağa çalışdığı dəmir relslərlə hörülüb.” Ya da belə deyir: “Bütün görünən nəsnələr kartondan düzəldilmiş maskalardır.” Bundan yaxşısı deyilməyib, sitat gətirməyə dəyər poetik ifadələrdi.

Axırda Ahab Mobi Diki tutur və harpunları çıxardır. Qayıqlar dənizə endirilir. Ahabın harpunu qanla vəftiz edilib. Mobi Dik Ahabın qayığına hücum çəkir və parça-parça edir. Səhəri gün təzədən Mobini görür. Yenidən qayıqlar endirilir. Mobi təzədən Ahabın qayığına hücum çəkir. Üçüncü gün bir qayıq da batır. Daha çox dini alleqoriya. Mobi şahə qalxır. Yenidən hücum çəkir. Gəmini laxladır və batırır. Ahab harpunların kəndirləri arasında ilişib qalır və suya atılıb ölümə tərk edilir.

İsmael sağ qalır. Üzən bir tabutun üstündə, dənizdə. Hər şey bundan ibarətdir. Bütün hekayə budur. Bu tema və işarə vurduğu hər şey xeyli mahnımda özünə yer tapıb.

“Qərb cəbhəsində təbəddülat yoxdur” da eyni şeyi edən başqa əsərdir. Bu roman qorxudan bəhs edir. Bu, uşaqlığınızı, mənalı bir dünyaya olan inancınızı və insanlara olan marağınızı itirdiyiniz kitabdır. Bir kabusun içində mühahisərədə qalırsınız. Xəritədən silinirsiniz. Bir vaxtlar pianist olmaq xəyalı quran məsum bir gənc idiniz. Bir vaxtlar həyatı və dünyanı sevərdiniz, indi isə parça-parça etmək üçün atəş açırsınız.

Günbəgün eşşək arıları sizi sancır və soxulcanlar qanınızı sorur. Küncə qısılmış bir heyvansınız. Heç bir yerə uyğunlaşa bilmirsiniz. Yağışın yağması monotondur. Əbədi hücum, zəhərli qaz, əsəb qazı, morfin, yanıq bez qoxusu, aclıq, enflüanza, tif, dizanteriya. Həyat ətrafınızda tikə-parça olur və güllələr fit çalır. Bura cəhənnəmdən bir mərtəbə aşağıdır. Palçıq, tikanlı məftillər, siçan dolu xəndəklər, ölülərin bağırsaqlarını yeyən siçanlar, pox-püsür dolu çuxurlar. Biri qışqırır: “Ey sən, ordakı. Qalx və döyüş.”

Kim bilir, bu zir-zilib hələ nə qədər çəkəcək? Müharibənin sonu yoxdur.  Məhv edildiniz və ayağınız hələ də qanayır. Dünən bir adamı öldürdünüz və onun cəsədi ilə danışdınız. Ona dediniz ki, bütün bunlar bitəndə, həyatınızın geri qalan hissəsində onun ailəsinə baxacaqsınız. Bunun kimə faydası var? Liderlərə, məşhurlaşan generallara, çoxunun bundan maddi qazancı var. Amma pis işlə siz məşğulsunuz. Bir dostunuz deyir: “Bir dəqiqə gözlə, neynirsən?” Cavab verirsiniz: “Əl çək məndən, bir azdan qayıdacam.” Sonra da bir dilim sosiska üçün meşənin içinə meyid ovuna çıxırsınız. Başa düşə bilmirsiniz ki, necə ola bilər axı insanların sivil həyatda nəsə məqsədləri olsun. Sivil həyatdakı əndişələri, ehtirasları başa düşə bilmirsiniz.

Daha çox avtomatik tüfənglər şaqqıldayır, daha çox tikanlı tellərdən bədən parçaları sallanır, daha çox qol parçaları, ayaqlar və dişlərin üstünə kəpənək qonmuş kəllələr, daha çox hər məsaməsindən iltihab fışqıran iyrənc yaralar, ağciyər yaraları, bədənə artıq gələn yaralar, qaz çıxardan meyidlər və öyümə səsi çıxaran ölü cəsədlər. Ölüm hər yerinizdədir. Başqa heç nə mümkün deyil. Sizi də kimsə öldürəcək və bədəninizdən sipər kimi istifadə edəcək. Botinkalarınızdan da. Onlar ən dəyərli əşyanızdır. Amma çox keçməmiş başqalarının ayağında olacaqlar.    

Ağacların arasından gələn düşmənlər var. Qəddar cındırlar. Mərminiz bitmək üzrədir. Deyirsiniz: “Bu qədər tez hücuma keçməkləri ədalətli deyil.” Dostlarınızdan biri zir-zibilin içində uzanıb, onu səyyar xəstəxanaya aparmaq istəyirsiniz.  Bir başqası deyir: “Bir reys də özün üçün saxlaya bilərsən.” Soruşursan ki, nə demək istəyirsən? Deyir, tərsinə çevir onu, görəkcəsən nə demək istəyirəm.

Yenilikləri eşitmək üçün gözləyirsiniz. Müharibənin niyə hələ də bitmədiyini başa düşə bilmirsiniz. Ordu o qədər kasıblayıb ki, əsgərlərin yerini doldurmaq üçün balaca uşaqlar haqqında müzakirələr gedir, hərbiyə faydası olmayanlar haqqında, amma yenə də müzakirə gedir, çünki adam bitmək üzrədir. Xəstəlik və təhqir qəlbinizi qırıb. Valideynləriniz, müəllimləriniz, nazirləriniz və hətta öz dövlətiniz tərəfindən belə xəyanətə uğramısınız.

Asta-asta siqar çəkən general da sizə xəyanət edib – sizi bir sərsəriyə və qatilə döndərib. Bacarsanız, sifətinə bir güllə sıxacaqsınız. Birini də komandirə. Xəyal qurursunuz ki, varlısınız, hər cürə yola baş vuraraq o adamı öldürəcək şəxsə mükafat verərdiniz. Və bunu etdiyi üçün ölməlidirsə, mükafatın mirasçılarına qalmasını belə təşkil edərdiniz. Polkovnik, o da kürüsü və qəhvəsiylə eyni zibildir. Bütün gününü zabit pritonlarında keçirir. Ölməyini görmək istərdiniz. Əllərində viski şüşələri ilə daha çox Tommilər, Connilər. İyirmisini öldürsəniz, iyirmisi də peyda olacaq. Qoxuları burnunuzdadır.

Sizi  bu dəliliyə, bu işgəncə dairəsinə göndərən o köhnə nəsili həqir görmək məqamına gəldiniz. Ətrafınızda dostlarınız ölür. Qarın ağrısından ölür, orqanları kəsilir, omba sümükləri qırılır və düşünürsünüz: “Hələ iyirmi yaşındayam, amma hamını öldürmək potensialına sahibəm. Mənə qarşı gəlsə, atamı belə.”

Dünən yaralı bir xəbər itini xilas etməyə çalışdınız və kimsə qışqırdı: “Axmaqlıq eləmə.” Bir düşmən şappıltıyla ayağınızın altına yıxılır. Qarnına bir xəncər saplayırsınız, amma adam hələ yaşayır. Bilirsiniz ki, işini bitirməlisiniz, amma bacarmırsınız. Həqiqi bir dəmir xaçın üstündəsiniz və romalı bir əsgər dodaqlarınıza bir qaşıq sirkə tökür.

Aylar keçir. İcazəyə çıxırsız. Atanızla ünsiyyətiniz alınmır. Sizə deyir ki, əgər əsgərə yazılmasan, deməli qorxaqsan. Ananız da həmçinin, siz qapıdan çıxanda deyir ki, artıq o fransız qızlarına qarşı diqqətli olarsan. Get-gedə dəliləşir. Bir həftə, ya da bir ay boyunca savaşırsınız, on kvadrat metr qazanırsınız. Və bir ay sonra onu da geri alırlar.

Yüz il əvvələ aid olan bütün o mədəniyyət, fəlsəfə, müdriklik (Platon, Aristotel, Sokrat) hara getdi? Axı baş verənlərin qarşısını almalı idilər? Düşüncələriniz evə tərəf çevrilir. Və yenidən o uzun qovaq ağaclarının altında yeriyən balaca uşağa çevrilirsiniz. Ləzzətli bir xatirə. Göydən başınıza daha çox bomba yağır. Artıq özünüzü ələ almalınız. Yalnış bir şey olar qorxusu ilə artıq heç kimə baxa da bilmirsiniz. Ortaq məzarlıq. Başqa imkan yoxdur.

Sonra çiyələk kollarını görürsünüz və təbiətin heç nədən təsirlənmədiniyi başa düşürsüz. Qovaq ağacları, qırmızı kəpənəklər, çiçəklərin zərif gözəlliyi, günəş – təbiətin bütün baş verənlərə necə laqeyd olduğunu görürsünüz. Bu şiddət və mübarizə ancaq insanın işidir. Təbiətin vecinə də deyil. Elə təksiniz ki. Sonra bir giliz parçası başınızın böyrünə dəyir və budur öldünüz. Çıxdaş olundunuz, üstünüzdən xətt çəkdilər. Məhv oldunuz. Bu kitabı bağlayıb kənara qoydum. Bir də qətiyyən müharibə haqqında kitab oxumaq istəmədim və oxumadım da. Şimali Karolinadan Çarli Pulinin bütün bunlarla bağlı bir mahnısı var. Adı belədir: “Sən mənimlə danışmırsan.” Sözləri belədir:

“Bir gün yuxarı qəsəbəyə gedərkən, gözümə bir yazı sataşdı,
Orduya yazıl, gör dünya necə yerdi – yazılmışdı.
Gülərüz ekipaj və həyəcanlı yerlər görəcəksən,
Maraqlı insanları tanıyıb onları öldürməyi öyrənəcəksən.
Ah, mənə belə şeylər danışma, qəti danışma.
Dəli ola bilərəm, amma huşum başımdadır.
Qəti danışma, heç danışma.
Silahla adam öldürmək əyləncəli səslənmir.
Qəti belə şeylər danışma.”

“Odisseya” da bir çox mahnı sözü yazan müəllifin nəğmələrinə mövzu vermiş möhtəşəm kitablardandır. “Homeward Bound”, “Green, Green Grass of Home”, “Home on the Range və eyni zamanda mənim mahnılarım. “Odisseya” müharibədən çıxandan sonra evə qayıtmağa çalışan yetkin bir adamın çox fərqli, çoxyönlü nağılıdır. O evə dönüş yolu uzundur və təhlükələrlə doludur. O, yolunu azmaqla lənətlənib. Daim kimsə onu yolundan sapdırır, son anda xilas olur. Gəmisinə iri qaya parçaları çırpılır. Əsəbləşdirməməli olduğu adamları əsəbləşdirir. Ekipajında problem yaradanlar var. Xəyanətkarlar da. Heyəti donuza çevrilir, sonra təzədən cavan, yaraşıqlı adam olurlar. O daim kimlərisə xilas etməyə çalışır. O səyahət edən adamdır, amma yolboyu hədsiz fasilələr verir.

Gəmisi tənha bir adaya yan alır. Orada tərk edilmiş mağaralar tapır və gizlənir. “Səni yeyəcəm” deyən divlərlə rastlaşır. Və divlərdən qaçır. Evə qayıtmağa çalışır, amma küləklər ucbatından bir o yana bir bu yana sovrulur. Rahatlıq verməyən küləklər, dost olmayan küləklər. Çox uzaqlara gedir, sonra külək onu təzədən üfürür.

Daim başına gələcəklər barədə xəbərdar edilir. Toxunmamalı olduğu şeylərə toxunur. Gedə biləcəyi iki yer var, ikisi də pisdir. İkisi də risklidir. Birində boğula, o birində isə aclıqdan ölə bilər. Köpüklənən girdabların olduğu dar boğazlardan keçir. Sivri dişli, altı-başlı əjdahalarla qarşılaşır. İldırım vurur. Qəzəbli çaylardan xilas olmaq üçün budaqlardan sürüşür. İlahələr və Tanrılar onu xəbərdar edirlər, amma bəziləri də öldürmək istəyir. Cildən cildə girir. Yorulur. Yuxuya gedir, qəhqəhə səsinə oyanır. Başına gələn əhvalatı özgələrə danışır. İyirmi ildir ondan xəbər yoxdur. Onu aparıb harasa atıblar. Şərabına dərman töküblər. Çətin bir səyahətdən keçirib.

Xeyli baxımdan bunların bəziləri sizin də başınıza gəlib. Sizin də şərabınıza dərman atılıb. Siz də yalnış qadınla yatağa girmisiniz. Siz də sehrli sözlərlə ovsunlanmısınız, qəribə melodiyalı şirin səslərlə. Siz də çox yol qət etmisiniz və sizi də geri üfürüblər. Və sizin də bəladan son anda xilas olduğunuz anlar olub. Əsəbləşdirməməli olduğunuz adamları əsəbləşdirmisiniz. Və siz də ölkəni başdan-ayağa gəzib dolaşmısınız. Eyni zamanda, o qara küləyi siz də hiss etmisiniz, sizi xoşluq üfürməyən o küləyi. Bütün hekayə bundan ibarət deyil.

Evə qayıdanda görürük vəziyyət yaxşı deyil.  Evinə alçaq adamlar köçüb və arvadının qonaqpərvərliyindən faydalanmaq istəyirlər. Çoxdular. Düşünür ki, hamısından yaxşıdır, hər sahədə onlardan üstündür – ən yaxşı xarrat, ən yaxşı ovçu, heyvanların dilini ən yaxşı bilən, ən yaxşı dənizçidir – cəsarəti onu xilas etməyəcək, bəs hiyləgərliyə nə gəlib.

Bütün avaralar evinə təcavüz etməyin bədəlini ödəməlidirlər. İyrənc dilənçi libasına bürünür və bir xidmətçi onu qudurğancasına pilləkənlərdən aşağı itələyir. Xidmətçinin qudurğanlığı onu qəzəbləndirir, amma qəzəbinə nəzarət edir. Bəlkə də yüz nəfərə qarşı durur, amma hamısı məhv olacaq, ən güclüləri belə. Hər şey baş verəndən sonra nəhayət evinə girəndə arvadı ilə birlikdə oturur və ona öz hekayələrini danışır.

Bəs yaxşı bütün bunların mənası nədir? Mən və bir çox musiqi sözü yazanlar bunlara bənzər temalardan təsirlənmişik. Bunlar mənası müxtəlif ola bilər. Əgər bir mahnı sizi hərəkətə gətirirsə, əsas məsələ budur. Mənim bir mahnının nə mənada gəldiyini bilməyim vacib deyil. Mahnılarımda hər şeyi yazdım. Narahat deyiləm ki, bunların mənası nədir. Düşünmürəm ki, Melvili İncildən referansları, elmi nəzəriyyələri, protestan təlimlərini və dənizçilik, gəmiçilik və balina haqqında bilgisini bir əsərə yerləşdirəndə narahat idi, heç vecinə də deyildi ki, bunların mənası nədir.

Con Donn da eyni şəkildə, Şekspir dövründə yaşamış şair-keşik belə yazıb: “Məmələrinin Sestosu ilə Abidosu arasında. İki aşiqin yox, iki eşqin yuvasıdırlar.” Bilmirəm bu nə deməkdir. Amma qulağa xoş gəlir. İstəyirik ki, mahnılarımız qulağa xoş gəlsin.

“Odisseya”da Odissey məhşur döyüşçü Axillesi ölülər səltənətində ziyarət edəndə (Şan-şöhrətlə dolu qısa bir həyatı, sülh və rahatlıqla dolu olan bir həyata dəyişən Axillesi), Axilles ona deyir ki, bütün bunlar səhv idi. “Sadəcə öldüm, vəssalam.” Şərəf yoxdur. Ölümsüzlük də. Və əgər bacara bilsəydi, indiki adam yox, (ölülər səltənətinin kralı) geri qayıdıb dünyadakı bir arendatorun aşağı səviyyəli köləsi olmağı seçərdi. Və o həyatında görəcəyi hər iş bu yerdəkindən daha yaxşı olacaqdı.

Nəğmələr də belədir. Mahnılarımız yaşayanların dünyasında həyatdadırlar. Amma mahnılar ədəbiyyata oxşamırlar. Səslənmək üçün mövcuddurlar, oxunmaq üçün yox. Şekspirin pyeslərindəki sözlər də səhnədə oynanmaq üçün var idi. Eynilə mahnılardakı sözlərin bir səhifə oxunmaq üçüny ox, söylənmək üçün mövcud olması kimi. Ümid edirəm ki, bəziləri mahnı sözlərini, onların məqsədinə uyğun şəkildə  eşitmək imkanı taparlar: konsertdə, ya da studiyada, ya da bu günlərdə insanlar mahnıya harada qulaq asırlarla, orada. Yenidən Homerə qayıdıram: “Ey Muza, mənim vasitəmlə öz hekayəni danış.” /sim-sim.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.