Bədirxan Əhmədov - Ədəbi tənqidin “Zəngili sindromu”
19.06.17

Ötən yüzilliyin 20-30-cu illərində Azərbaycan ədəbi tənqidinin çoxsaylı imzaları arasında bir imza da var; bu imza Ə.Abid, B.Çobanzadə, H.Zeynallı, Ə.Nazim, M.Hüseyn, M.K.Ələkbərli, M.Rəfili kimi o qədər məşhur olmasa da, repressiya olunanların yaradıcılığı ilə bağlı yazılarda, tədqiqatlarda daim adı çəkilir, məqalələrinə istinadlar edilir.

Doğrudur, bu istinadlar çox zaman mənfi fonda çəkilir, onun məqalələrindən gətirilən sitatlar ancaq dövrün, sistemin cəza aparatının ruporu kimi qələmə verilir. Hərçənd 30-cu illərin əvvəllərində dərc edilən məqalə ilə 37-ci il repressiyası arasında bir əlaqə axtarmaq nə dərəcədə düzgündür?! Tənqidçi məqaləsində kimsəni repressiya məqsədilə tənqid etməyi ağlının ucundan belə keçirmişdirmi?! Elə buradaca, ədəbiyyatşünaslığımız üçün bir problemi mütləq şəkildə qeyd etməyi lazım bilirəm. Dövrün ədəbi mühitinə müraciət edənlər həmişə bu dövrdə çap olunan hər hansı bir məqalə və çıxışlarda (xüsusilə repressiya olunanlar haqqında!) hər hansı bir tənqidi not görərkən onu dərhal bayraq edib, müəllifinin üzərinə hücuma keçirlər və özləri də bilmədən həmin dövrün ədəbi mühitinin buraxdığı metodoloji yanaşmanı təkrar etmiş olurlar. Halbuki, 20-30-cu illər ədəbi mühiti son dərəcə zəngin, eyni zamanda, canlı, dinamik, bir qədər də müxtəlif fikirlilik şəraitində formalaşan (əlbəttə hakim ideoloji basqılar da istisna deyildi!) bir ədəbi mühit olmuş, ədəbiyyatşünaslığımızda, ədəbi tənqidimizdə ayrıca bir mərhələ kimi yadda qalmışdır. Doğrudur, bu mərhələ sonda repressiya ilə tamamlandı, lakin nəzərə alsaq ki, repressiyanın müəllifi yazarlar deyil, siyasi sistem olmuşdur, onda, dövrün ədəbi tənqidini sırf ədəbiyyatşünaslıq nöqteyi-nəzərdən qiymətləndirməyin hər zaman aktual olduğunu görmək olar. Hər halda, nə qədər sosioloji, marksist tənqidin nümayəndələri olmalarına rəğmən, bu gün də B.Çobanzadə, Ə.Abid, H.Zeynallı, M.K.Ələkbərli, Ə.Nazim, M.Hüseyn, M.Rzaquluzadə, M.Rəfili ədəbi tənqidi janrın ən yaxşı nümunələri kimi öyrənilir və təhlil edilir.

30-cu illərin əvvəllərində Azərbaycan ədəbi tənqidində bir imza daha göründü: Zəngili. Cəmi ilyarım ərzində onun dörd tənqidi məqaləsi nəşr edildi (olsun ki, bizim bilmədiyimiz məqalələri də vardır, lakin uzun araşdırmalardan sonra əldə etdiyimiz yalnız bunlardır). Vəssalam! Bundan sonra Azərbaycan ədəbi tənqidində nə onun imzasına rast gəlindi, nə də ədəbi mühitdə onu görənlər oldu. Bir də 80-ci illərdən bəri S.Vurğun, A.İldırım, M.Müşfiq, A.Faruq və dövrün ədəbi mühiti haqqında yazanlar onun məqalələrinə müraciət edərək sitatlar verməklə orada repressiv yanaşmalar axtarıldı. Əslində, necədir və Zəngili kimdir? Doğrudanmı, Zəngili bir tənqidçi kimi siyasi rejimin tənqid ruporu olmuşdur? Doğrudanmı, onun əsərə yanaşmalarında tənqid etdiyi müəllifi cəza aparatına nişan vermişdir?! Ümumiyyətlə, dövrün ədəbi tənqidinə yanaşmada hansı metodologiya üstün olmalıdır? Bütün bunlar çağdaş ədəbiyyatşünaslığımızın problemlərindən biri kimi qarşıda duran məsələlərdəndir. Repressiyadan 80 il keçməsinə rəğmən, hələ də ədəbiyyat və repressiya mövzusunda metodoloji yanaşmanı müəyyənləşdirə bilməmişik. Yeri gəlmişkən, düşünürəm ki, bu mövzuda bir elmi konfransın keçirilməsinin, bu konfransda elmi metodolji yanaşmanın müəyyənləşdirilməsinin zamanı gəlmişdir. 37-ci il repressiyası ilə bağlı tədqiqatlarımda və ayrı-ayrı məqalələrimdə məsələyə müəyyən dərəcədə aydınlıq gətirmişəm. Dövrün ədəbi, bədii, tənqidi materiallarına yanaşmanın metodologiyası ilə bağlı yazdığım “Ədəbiyyat və repressiya; genezisi, xarakteri və yanaşma meyilləri” məqaləmdə isə problemə nəzəri və metodoloji cəhətdən təhlil etməyə çalışmışam. Burada isə 30-cu illər ədəbi mühitində bir gənc tənqidçinin simasında yazdıqlarına və tənqidçi portretinə münasibət bildirməyi lazım bilirəm. Bu, həm də dövrün ədəbi tənqidinə müasir yanaşmanı bütün reallığı ilə ortaya çıxaran amillərdən ola bilər.

Əvvəlcə, Zəngilinin kimliyi haqqında. “Z”, “Zəngili”, “B.Zəngili” kimi imzalarla çıxış edən Hüseyn Bünyatov 1911-ci ildə Zəngəzurda, Qafanın Yuxarı Girətağ kəndində anadan olub. Kiçik yaşlarından yetim qalmış, qardaşı ilə birlikdə Bakıya gələrək burada fabrik-zavod məktəbində oxumuş, Bakı Darülmüəllimində təhsilini davam etdirmişdi. Yaxşı oxuduğundan onu Darülmüəllimində saxlamışdılar. Bu illərdə ədəbi dərnəklərə getmiş, mətbuat səhifələrində publisistik yazılar və şeirlərlə çıxış etmişdir. Dövrün tanınmış yazarları Hüseyn Cavid, Abdulla Şaiq, Mikayıl Müşfiq, Qantəmir və b. ilə yaxın olmuşdur. Onun şeirləri (“Qafqaz” (“Yeni yol”, 1928, 10 avqust), “Gülümsər” (Yeni yol”, 1929, 29 noyabr), “Aprel üçün” (“Gənc işçi”, 1932, 24 aprel) dövrün digər şairlərinin şeirləri kimi ya təbiət təsvirlərinə, ya da siyasi hadisələrə həsr olunmuşdu. Bugünkü ədəbi tənqidin dönə-dönə “çeynədiyi”, sitatlar gətirdiyi məqalələri isə bunlar idi; Almas İldırımın ilk şeirlər kitabı haqqında “Dağlar səslənirkən” (“Kommunist” qəzeti, 1931, 2 mart), Səməd Vurğunun ilk şeirlər toplusu ilə bağlı “Şairin andı” (“İnqilab və mədəniyyət”, 1931, N3-4), Mikayıl Müşfiqin “Küləklər” kitabı haqqında “Küləklər” (“Hücum”, 1931, N7-8, s. 18-19), Abdulla Faruqun yaradıcılığı haqqında gənclər ədəbiyyatına baxış kontekstindən “Məcmuəmizdə bir sıra gənc yazıçılar” (“Gənc bolşevik”, 1932, N7-8, s. 28-29). Hələ ki, əlimizdə olan tənqidi məqalələri bunlardır. Bununla da, onun tənqidçilik fəaliyyəti başa çatıb. 1933-cü ildə Bakıda NKVD tərəfindən çox ciddi şəkildə təqib edildiyindən, həyatına real təhlükə olduğundan burada qalması mümkün olmamış, qohumlarının təkidi ilə onu doğulduğu kəndə qaçırmışlar. O zaman bu təqibin A.İldırımla əlaqəli olduğu dostları və qohumlarına aşıq-aşkar məlum olmuşdur. Çünki A.İldırımın ilk kitabı haqqında yeganə məqalə yazan Zəngili olmuşdur. Aydındır ki, A.İldırımın Dağıstana sürgünü onunla bağlı məqalə yazan tənqidçinin də həbs və ya sürgününü aktuallaşdıra bilərdi...

Lakin indi məsələnin başqa tərəfi vardır; A.İldırım haqqında məqalə yazdığına görə Zəngili vaxtilə rəsmi orqanlar tərəfindən izlənilir, təqib edilirdi, bu gün isə ədəbi tənqid və ədəbiyyatşünaslıq onu şairə qarşı kəskin mövqe tutmaqda qınayır, bir qədər də dəqiqləşdirsək, ona qarşı ağır ittihamlar irəli sürürlər (burada ona görə ad çəkmirik ki, həm bunlar çoxdur, həm də bizim məqsədimiz onları təkzib etmək yox, məsələnin mahiyyətini araşdırmaq və onun tənqidçi portreti ilə ədəbi cameəni tanış etməkdir). Onun dörd məqaləsinə gəldikdə, deməliyik ki, bunlardan üçü resenziya (A.İldırım, S.Vurğun, M.Müşfiq), biri isə gənc şair A.Faruqun şeirlərinin təhlilidir (əslində bu da resenziya xarakterlidir, lakin şairin 1929-cu ildə çıxmış “Üfüqlər qızaranda” kitabı üzərinədir). Şairlərdən A.İldırım və M.Müşfiq repressiya olunmuş, A.Faruq müharibədə həlak olmuş, S.Vurğun isə ömrünün sonunacan repressiya məngənəsində qalmışdır. Bütün hallarda Zəngilinin bu məqalələri onun gənc istedadlı, cəsarətli bir tənqidçi kimi artıq formalaşdığını göstərməkdədir.

A.İldırım haqqında məqaləsini Zəngili belə başlayır: “Gənc cığırdaşlarımızdan bəziləri öz əsərləri ilə bugünkü ictimai həyatımızın ədəbi ehtiyaclarını ödəməyə çalışır və özünü əski burjuaziya ədəbiyyatı təsirindən qurtarmağa can atırlar. Bu gənc cığırdaşlardan Almas İldırım bir müddət proletar məfkurəsini tərənnüm edən əsərlər yaratmaqda susqunluq göstərdisə də, bu susqunluq çox çəkmədi! Almas yoldaş öz qələmini proletar ədəbiyyatına doğru çevirdi. Yeri gəlmişkən, deməliyik ki, Almas yoldaş sənətcə bir çox gənclərimizdən qüvvətli olsa da belə, məfkurə cəbhəsində çoxlarından geridədir”. Daha sonra A.İldırımın ədəbi yaradıcılığında bir sıra yeniliklər əldə etdiyini, “millətçi bədbinlik kimi əskidən bizə miras qalmış tör-töküntülərə zərbə vurmağa səy” göstərdiyini qeyd edir. Tənqidçi şairin “Parisə xitab”, “Hindistanda fırtına”, “9 yanvar” kimi şeirlərini təhlil edərək həm “Dağlar səslənirkən” şeirlər kitabında, həm də Dağıstanda çıxan “Dağıstan füqərası” qəzetində (nəzərə alaq ki, bu zaman A.İldırım artıq Dağıstanda sürgündə idi-B.Ə.) yazdığı şeirlərdə bugünkü ictimai həyatımızın tələbatını tərənnüm edən əsərlər verə bilmişdir”,-qənaətinə gəlirdi. Deməliyik ki, dövr üçün son dərəcə cəsarətli qiymətdir. Bununla tənqidçi şairin yeni cəmiyyətə rəğbətini göstərmək istəmişdir. Tənqidçi şairin ayrı-ayrı şeirləri üzərində də təhlillər aparır, “Dağıstan xatirələri” şeirini “Nazlı günəş çəkildikcə uzaqlara-ənginə, Boyanırdı qızıl dağlar sarımtraq rənginə” kimi sönük misralarla bitirdiyinə etirazını bildirir. “Dağıstan qızı” poemasında isə keçmiş həyatdan bizə miras qalan bəzi məsələlərə zərbə vurmasını təqdir edir. “Şəhvət qurbanları” misrası ilə həyatda davam edən bəzi çirkin “yaramazlıqları açsa da”, bu poemadakı “fahişə qadınların, nədənsə, Şura hökuməti qurulandan sonra fahişəliyə başlamasını” məqbul hesab etmir və onun yeni həyatın bütün məşəqqətlərini qadın və qızlarda axtarmasını tənqid edir. Krım haqqında yazdığı şeiri ona görə tənqid edir ki, “Şura Krım Cümhuriyyətinin əldə etdiyi şanlı qalibiyyətini görmür”, bütün varlığını “Krım qızlarının hüsnünə həsr edir”. Onun belə mövzular yazmaqdansa, bugünün tələbatından, quruluşumuzun gedişindən yazsa, yaxşı olacağını əminliklə ifadə edir. Tənqidçi resenziyanı belə tamamlayır: “Buna baxmayaraq, deyə bilərik ki, A.İldırım artıq öz qələmi ilə bizə yaxınlaşır, öz əsərlərini proletar kütləsinə təqdim etmək istəyir. Onu proletar yazıçıları cəmiyyəti tərbiyə etməli və internasional tərbiyəyə onun yaradıcılığı yenilikləri təkmilləşdirməli və nöqsanlarını aydınlaşdırmalıdır. Biz əmin oluruq ki, Almas İldırım bizimlə proletar ədəbiyyatı cəbhələrində çalışacaqdır. Biz Almas İldırımdan çox ümidlər gözləyiriz. Onun gələcəkdə şüurlu bir proletar yazıçısı olacağı şübhəli deyildir”.

Əlbəttə, resenziyanı olduğu kimi, burada verə bilməsək də, əsasən, məzmununu əhatə edə bildik. Əvvəldən axıra tənqidçi gənc şairin üstün cəhətləri ilə yanaşı, qüsurlarını da deyir. Bu qüsurların bəziləri şeirlərin bədii dəyərinə, bəziləri isə ictimai məzmununa aiddir. Lakin bütün hallarda, gənc şairin (özü də sürgündə olan!) ilk kitabına resenziya yazmaq son dərəcə müsbət bir amil idi. Tənqidçinin bütün məsuliyyəti üzərinə götürüb onun proletar cəbhəsinə yaxınlaşması və keçməsini təqdir etməsi ona müsbət münasibəti kimi mənalanır. O ki qaldı Zəngilinin tənqidi mətnindəki bəzi ifadələrə (“cığırdaşlarımızdan”, “proletar ədəbiyyatı”, “məfkurə cəbhəsi”, “əskidən bizə miras qalmış”, “bədbinlik”, “millətçilik”, “internasional” və s.), bunlar dövrün tənqidi leksikonundan və bir az da dövrün ictimai-siyasi ruhuna köklənməkdən irəli gəlirdi. Əgər dövrün digər tənqidçilərinin, yaxud yazıçılarının da məqalə və çıxışlarına diqqətlə baxsaq, bunun ümumi ruha uyğun gəldiyini görmək olar. Bütövlükdə isə tənqidçinin resenziyası şairin yaradıcılığını, ümumən, doğru qiymətləndirir və onun siyasi platformaya uyğunlaşdırmaqla sistemdən qorumaq məqsədi daşıyırdı. Əlbəttə, tənqidçinin opponentləri də müəyyən məqamlarda haqlıdırlar, lakin haqsızlıq odur ki, məsələyə yalnız bir prizmadan baxılır, ədəbiyyatşünaslığımızda bu məqalələrə, əsasən, birtərəfli qiymət verilir, yaxud düzgün olmayaraq repressiya ilə əlaqələndirilir.

Zəngilinin M.Müşfiqin “Küləklər” şeirlər kitabına yazdığı resenziya da bu baxımdan əhəmiyyətlidir. Şairi ümid verən gənclərimizdən adlandıran tənqidçi, bu kitabı bir çox şairlərin kitablarından qüvvətli hesab edir. Tənqidçi M.Müşfiqin yaradıcılığına da proletar ədəbiyyatı mövqeyindən yanaşır, “sinfi mübarizənin bu gərgin dövründə proletar yazıçılarının ədəbi simalarını ortaya çıxarmaq və onu əməkçi kütləyə tanıtmağı” əsas vəzifələri sırasında görür. Ancaq “Küləklər” haqqında S.Rəhmanın yazdığı məqaləyə toxunaraq onu “tərifnamə” adlandırır və onunla razılaşmadığını nümayiş etdirir. O, Müşfiqin “Məni də alınız, Uçayım dağlara, Qəlbimdə nə varsa, Açayım dağlara” parçasını misal gətirərək onun dağlara doğru uçmaq istəməsini belə mənalandırır: “Onun dağları və küləkləri dumanlıdır. Müşfiq dağlara tərəf qaçdığını və nə səbəbə belə bir vəziyyət aldığını oxucu kütlələrinə anlatmadan keçir”.

Tənqidçi Müşfiqin “Qonaq” şeirini təhlil edərkən məsələyə yenə də ictimai kontekstdən yanaşır və şairin burada “bolşevik ordusunun bugünkü “qalibiyyətini” göstərə bilmədiyini və bu qalibiyyəti “xala xətrin qalmasın”,-deyə təsvir etdiyini bildirir. Onun fikrincə, şeirin altında yazılmış “komsomolun 10 illiyinə” sözlərini pozmuş olursaq, şeir hər bir burjuaziya mətbuatında yer tuta bilər. Halbuki, tənqidçi özü də yaxşı bilirdi ki, bu zaman ölkədə bir dənə də olsun burjua mətbuatı yox idi. Şairin “26-lar” şeirini də “Bakı komissarlarının sinfi mübarizəni və yürütdükləri bolşevik qayəsini tərənnümdən aciz qaldığına” görə tənqid edirdi. “Tozanaq” şeirini ictimai və əhəmiyyətli bir qayədən məhrum hesab edir, “təbiətə göz yaşı tökür, təbiətlə mübarizədə ona zərbə çalanları cəllad adlandıraraq içindən tunel keçən dağlara acıyır”. Şairin “Onda ki, sinənizdən raylar çəkildi, dağlar...” misralarını yüksək qiymətləndirən Sabit Rəhmanın “Müşfiqin bu xitabı söylədiyimiz bəzi səhvlərinə baxmayaraq, gözəl və alqışlanacaq əsərdir...” fikrini ibtidai savadsızlıq adlandırır və “tənqidçi” sözünü dırnağa alır.

Zəngili S.Rəhmanın məqaləsinə o qədər aludə olur ki, sanki Müşfiq yaddan çıxır, S.Rəhmanı tənqid etməyə başlayır. O, S.Rəhmanın Müşfiqin “Göy göl” şeiri haqda “Göy göl” Müşfiqin ən sağlam yazılarındandır. Müşfiqin yazmış olduğu “Göy göl” alqışlara nail olmalıdır, o, Göy gölü bir proletar gözilə görür”,- fikrini qəbul etmir və “tənqidçi”nin bu tərifnamə ilə “gözümüzə torpaq atmaq” istədiyini bildirir. Zəngili Müşfiqin “Heykəl qarşısında” şeirini də zəif hesab edir, onun əsas xəstəliklərindən biri kimi romantik duyğunun təsvirinə diqqət çəkir. Müşfiqin şeirlərinə siyasi mövqedən yanaşan tənqidçi məqalənin sonunda yazır: “Müşfiq bu parçalarında (bitərəf şeir nümunələri nəzərdə tutulur-B.Ə.) həyata tamaşaçı kimi qalır, nəticə etibarilə deyə bilərik ki, Müşfiq küləklər əsərində öz vaxtının surətindən geri qalmışdır. Müşfiqin yaradıcılığı Türkiyə inqilabçı xırda burjua şairlərinin və bəzən də Cavid və Cavadın təsirindən qurtarmayır. Bir çox yerlərdə dili Osmanlı türkcəsilə qarışıqdır. Müşfiq yaradıcılığında xəstə lirikalı çoban ədəbiyyatı da müəyyən yer tutur”.

Zəngilinin bu iki resenziyası arasında xeyli fərqlər vardır; tənqidçi A.İldırımın kitabı haqqında bəzi tənqidlər səsləndirməsinə rəğmən, ümumən onun yaradıcılığını yüksək qiymətləndirmişdi. M.Müşfiqin “Küləklər” kitabındakı şeirlər haqqında isə çox az təsdiqedici fikirlər söyləyir, təhlil etdiyi əksər şeirləri ya zəifliyinə, ya da ictimai, siyasi mövqeyinə görə tənqid edir.

Səməd Vurğunun “Şairin andı” kitabı haqqında yazdığı resenziyasında ilk şeirini (“Şairin andı”) əhəmiyyətli hesab edir və müəllifinin istər “ictimai bilikcə və istərsə təhsil cəhətindən” uğur əldə etdiyini bildirir. “Hərəkət”, “Uzaqlara doğru”, “Hazır olunuz”, “Səriyyənin ölümü”, “Şərqin qapısı” şeirlərində də şairin bir sıra mühüm məsələlərə təmas etdiyini təqdir edir. “Göydən yerə” şeirini isə artıq qiymətini itirmiş bir məsələdən bəhs etdiyinə görə tənqidi yanaşır. “Çörək dostu” şeirini də əhəmiyyətsiz hesab edir. “İki körpə” şeirindən:

Mən bu səhnəcikdən inandım gerçək,
Varmış bu həyatın xoş zamanları.
Bizdən daha parlaq günlər görəcək,
Bu yeni dünyanın qəhrəmanları,

-misralarını misal gətirərək yazır: “Səməd Vurğun proletar ölkəsində olan azadlıq və xoş günləri bu günə qədər görməmişdir. Səməd bu azadlıq və xoş günlərə bu günə qədər inanmayırmış. O, bu varlığı iki körpə uşağın nəşəli oyunları ilə oynatmaq istəyir. Özünü bədbinliyə vuraraq gələcək günlərin bu cocuqlara mənsub olacağını söyləyir. Halbuki, özü onlardan çox böyük olmayan bir gəncdir”.

Tənqidçi S.Vurğunun anasına həsr etdiyi “İnqilab yurdu” şeirindən də “hicran və bədbinlik” qoxusu gəldiyini, şairin öz anasından ayrılıb “inqilab beşiyi” Moskvaya təhsil adlınca gedərkən “Göz yaşları tökmüş, kiçik çocuq kimi anasının dizlərinə düşmüş” və “özünü gülünc vəziyyətə salmışdır” qənaəti ilə onun “burjua psixologizmindən hələ uzaqlaşmadığını” göstərirdi. O, şairin aprel inqilabının 10 illiyinə yazdığı şeiri məzmunca təqdir etsə də, inqilabın mahiyyətini başa düşmədiyini dilə gətirir. Sanılıya ithaf edilmiş “Kür çayı” şeirini əhəmiyyətsiz hesab edən tənqidçi, bununla şairin “köhnə mahnılarını çaldığını”, Sanılı kimi kəndi idealizə etdiyinə də mənfi münasibətini ifadə edirdi. Nəticə üçün tənqidçi S.Vurğunun “əski məfkurəvi istiqamətindən (hansı?-B.Ə.) tamamilə uzaqlaşmaq istəməsini yüksək qiymətləndirir və bu işdə ona lazımi yardım edilməsini məqsədəuyğun bilir və onun şeirlərinin bədii dəyər etibarilə qüvvətli olduğunu “görməmək yaramaz”,- deyə fikrini tamamlayır. Son sözündə isə S.Vurğunu “yenidən tərbiyə olunmağa” dəvət edir.

Zəngilinin A.Faruqun yaradıcılığı ilə bağlı yazdığı məqaləyədək şairin bir kitabı (“Üfüqlər qızaranda”, Bakı, 1929) nəşr edilmişdi. Məqalənin məzmunundan (gətirdiyi sitatlar kitabın səhifələrindəndir) görünür ki, üç il əvvəl çap olunmuş kitaba yenidən qayıtmışdır.  Zəngili burada da əvvəlki üç məqaləsində olan tənqidi notların dozasını qoruyub saxlayır. Tənqidçi şairin bir çox uğurlu şeirlər yazdığı kimi, məfkurə və bədii zövq etibarilə proletariatın zövqünü oxşamayacaq şeirlər də yazdığına işarə edir. Onun “Tarlada” şeirini təhlil edərkən yazır: “Faruqun bu şeirindəki Almas tipi xırda burjua sinfi nümayəndəsidir... Almasın dodaqlarından sızan mahnılar tam bir qolçomaq məfkurəsini tərənnüm edir. Müəllif əsərinin baş tipləri olan Almas və ixtiyar babanın sinfi mənsubiyyətlərini aydınlada bilməmişdir. Hər iki tip mütərəddid və passiv tiplərdir”.

A.Faruqun Bakı tramvayının 5 illiyinə həsr olunmuş “Tramvay”, “Ay Göyçay”, “Üfüqlər qızaranda” şeirlərini də tənqid edir, ikinci şeirdə Ə.Cavadın təsirini görür. Onun fikrincə A.Faruqun:

“Dolansın başına ulduzlar, aylar,
Qoy atsın boynuna beton saraylar”-misralarını Ə.Cavadın:

“Dolansın başına ulduzlar, aylar
O köhnə dünyanın leylası da var..” fikri ilə üst-üstə düşür.

Tənqidçi əvvəlki üç şairdən daha çox proletar ədəbiyyatına yuvarlanan A.Faruqun da xırda burjua məfkurəsindən qopmadığını, bir çox parçalarının “cansız qafiyə və söz yığınından” ibarət olduğunu dilə gətirir. Bununla yanaşı, Faruqun günü-gündən irəliləməkdə olduğunu da yaddan çıxarmır.

Zəngilinin bu resenziyalarını təhlil edərkən belə qənaətə gəlmək olar ki, 30-cu illərin əvvəllərində ədəbi mühitə gənc və istedadlı bir tənqidçi gəlmişdir. O da başqa tənqidçilər kimi, şübhəsiz, proletar tənqidinin nümayəndəsidir. Mətnə bədii meyarlardan və dəyərlərdən daha çox (buna ədəbi tənqid çox sonralar gələcək), məfkurə prizmasından yanaşırdı. Bununla belə,  fikirlərində cəsarətlidir, risklidir. Onun bu məqalələrində bugünkü ədəbi tənqidi və ədəbiyyatşünaslığı rəncidə edən bəzi dəyərləndirmələr də vardır. Lakin ümumilikdə bu cür dəyərləndirmələr dövrün ədəbi mühiti üçün xarakterikdir. Dövrün istənilən tənqidçisinin məqalələrində bu cür söz və ifadələrə, fikirlərə və dəyərləndirmələrə rast gəlmək olar. Bəzi məqamları çıxmaq şərtilə, bu məqalələrin ədəbi mühitdə geniş rezonans doğurduğunu söyləmək olar. Hətta bu məqalələrdə bütün şairlərin yaradıcılığına müsbət yöndən yanaşıldığı, ümumən şairin ən əsası məfkurə cəhətdən ya proletar ədəbiyyatına yaxınlaşdığı, ya da buna cəhd göstərdikləri təqdir edilirdi. Lakin bu məqalələri bu gün tamamilə siyasi-ideoloji “gözlüklə” oxuduğumuzdan yaxud qiymət verdiyimizdən ədəbiyyatşünaslığımızda bir “Zəngili sindromu” formalaşıb. Həm də Zəngilinin məqalə yazdığı kitabların müəllifləri bu gün müəyyən mənada klassikə çevrilmişlər. Ona görə də tənqidçinin onların yaradıcılığı haqqında dediyi tənqidlər bizə adekvat görünmür. Halbuki, tənqidçinin gətirdiyi şeirlərin müəllifindən, asılı olmayaraq, zəif olanları da az deyil. Nəzərə alaq ki, bu tənqidlər şairlərin ilk  kitabları haqqında idi və onları tənqid etmək adi bir iş idi. Zəngilinin resenziyaları isə əslində, bu şairlərin yaradıcılığını təqdir etmək və özünü ifadə etməkdən başqa bir şey deyildi. Lakin bu özünüifadə onun repressiyası ilə də nəticələnə bilərdi... Zəngili bu repressiyadan yaxa qurtarsa da, rejimin başqa bir cəza maşınından (müharibə) qurtula bilməmişdir...

Zəngili də bir çoxları kimi İkinci Dünya müharibəsinə getmiş və qayıtmamışdır. Maraqlıdır ki, haqqında məqalə yazdığı şair A.Faruqun da taleyi müharibədə qırılmışdır. Zəngilinin son məktubunda da həyatının son günləri, bəlkə də son saatları təsvir edilirdi: “Əziz Nəni, Savış, Hüsnü və Süleyman! (ailə üzvləridir-B.Ə.) I.XII-də (1941-ci il-B.Ə.) yazdığın məktubu aldım, oxudum, həm sevindim, həm də... Ömrümün axır çağlarında sizə axır məktub yazıram və sizi öpürəm. Əcəl bizi yaxalayıb. Bu gün, ya da sabah yox olacağıq. Sizi ananıza, ananızı sizə, hamınızı isə babanıza və qəricənizə tapşırıram. Göndərdiyiniz pul çatmadı, bizə qismət olmadı, geri tələb edin...

Savışın yazdığı xüsusi məktubu qoynumda saxlayıram, qoy o da mənim qanıma bulansın. Əlbət, belə imiş... Hər üçünüzü son dəfə öpürəm. Sizə cansağlığı arzu edirəm... Hüseyn, 10.01. 42”. Ölümü bu qədər yaxından görən, öləcəyinə qətiyyən şübhə etməyən və ölümlə üz-üzə olduğunu məktubunda ifadə edən ikinci bir fakta rast gəlmək çətindir. Beləcə, Zəngilinin (Hüseyn Bünyatov) tənqidçi portretini burada tamamlayarkən onun müharibəyə getdiyi zaman doğmaları ilə vida mərasimində dediyi şeirdən bir parçanı verməklə, onun nə qədər yurduna, vətəninə bağlı olduğunu bir daha yəqin etmək olar:

Mən necə ayrılım başı dumanlı,
Sıldırım dağlardan, göy çəmənlərdən?
Mənimçün nə qədər əzizdir, bilsən,
Bu doğma yurdumuz, bu əziz vətən!

Mən necə ayrılım aylar uzunu
Həsrətin çəkdiyim uca dağlardan?
Sən özün bilirsən, nə deyim bunu;
Çətindir ayrılmaq qoca dağlardan...

1933-cü ildən sonra repressiya təqibindən yaxa qurtarmaq üçün ədəbi prosesdən çəkilən Zəngili imzası mətbuatda bir daha görünmədi. Kim bilir, bəlkə də ədəbi mühitdən çəkilməsə, o da repressiya qurbanlarından biri olacaq, ya da məşhur bir tənqidçi kimi müharibəyə getməyib sağ qalacaqdı?! /525.az/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.