Çingiz Hüseynov: “Yazıçı ədalətli olmalı, həqiqəti yazmalıdır” - MÜSAHİBƏ
06.07.17

Ustad Çingiz Hüseynovla Qüdsdə görüşüb müsahibə almaq ən böyük arzularımdan idi. Uca Yaradanın sözü əmanət etdiyi şəxsiyyəti və yaradıcılığıyla nadir bir insanı görmək, onu dinləmək kimin könlündən keçməz ki? Amma hər dəfə bu haqda düşünəndə yaxşı bilmədiyi fəndən dövlət imtahanına gedən tələbə kimi dizlərim əsirdi. “Merac”ı yazan usta qələm sahibindən nə soruşa bilərdim? Görünür, Çingiz müəllimlə söhbət etmək arzum cahil görünmək qorxumdan üstün oldu ki, Yaradan bu görüşü mənə qismət etdi. Amma Qüdsdə yox, Moskvada... Dostlar sağ olsun, Moskvada yaşayan dəyərli aydın Eldar Abbasov görüşün xəbərini verəndə çoxdan hiss etmədiyim dərin bir sevinc yaşadım. O anı yaşayarkən gerçəkləri boyasız, pərdəsiz eşitdiyim dərin söhbət ortamları üçün dəhşətli dərəcədə qəribsədiyimi də anladım. Bakı çoxdandır belə söhbətlərə məkan deyil... Kim qalıb ki?. Qalanlar da susqun...

Bu səbəbdən ötən əsrin 30-cu illərində İosif Vissarionoviçin sovet yazıçıları üçün bağ massivi kimi ayırdığı yamyaşıl Peredelkinodakı bağ evində 4 saata yaxın davam edən söhbət quraqlıqdan cadar-cadar olan torpağa selin gəlişi kimi gəldi beynimizə. Çingiz müəllim bənzərsiz nitqini suallarla bölməyə də qıymadıq. Söhbətin axarında mövzudan-mövzuya keçdikcə bizi bugündən uzaq keçmişə qədər apardı, Yerdən Göyə qaldırdı, yaradılışın fəlsəfəsi, canlıların əşrəfi insanın daxili dünyası ilə bağlı düşüncələrini inci kimi ipə düzüb bizə bağışladı. Bu inciləri “dağıtmadan” sizə də təqdim etməyə çalışacağıq...


Çingiz müəllim Azərbaycandakı bütün prosesləri izləyir. Həm mediadan, həm də sosial şəbəkədən. Söhbətə də lap dərindən başlayır:

- İzləyirəm Azərbaycanı... Ən böyük problemimiz yerliçilikdir. Yerilçilik bizim ən böyük bədbəxtliyimızdir. Bu bizi 100 il geri atıb. Rusiyada da var yerliçilik problemi – prezident Putin yüksək dövlət və hökumət vəzifələrinə öz yerlilərini – Sankt-Peterburqdan olanları təyin edir.

- Bəzən deyirlər, yerliçilik, rüşvət bizə Sovetlər Birliyinin mirasıdır. Siz də belə düşünürsünüz?

- Belə deyil. Bizim də dünya “rüşvət mədəniyyəti”nə töhfələrmiz var. Bütün dünyada rüşvət var və inkişaf edir. İnsan təbiətinə xas bir məsələdir... Ancaq onun da dərəcəsi var. “Dərəcə” deyəndə məhkəməni nəzərdə tuturam. Onsuz da rüşvətin qarşısını tamamilə almaq mümkün deyil. Ancaq harada azad məhkəmə var, orada ədalət qorunur, bu mənfiliyin qarşısı nisbətən alınır. İsraildə ən yüksək dövlət adamları, prezident, baş nazir, nazirlər məhkəməyə verilir. Orada əsas şərtlərdən biri də mətbuatla hesablaşmaqdır. Azad mətbuat çox vacib faktordur. Media azad olmadan korrupsiya ilə ciddi mübarizə aparmaq olmaz. Baxın, Tramp medianı küncə sıxışdırdı, buna görə nə qədər ziyan çəkdi. Təzyiq başlayan gündən jurnalistlər onun haqqında nə faktlar tapıb yazdılar. Yenə də yazacaqlar... Azad məhkəmə olan ölkədə medianın qarşısını almaq mümkün deyil. Sərt tənqid, mühakimə ehtimalı məmurları çəkindirir. Heyif, Azərbaycanda tənqidçi media yox dərəcəsindədir... Məhkəmələr azad olmadığı üçün məmurlar medianın tənqidinə “it hürər, karvan keçər” prinsipi ilə baxırlar. İndi lap çətinləşib... Azərbaycanda hər kəsdə qəribə şəkildə tənqidə dözümsüzlük yaranıb. Heç kim tənqid eşitmək istəmir. Hərdən deyirəm, heç olmasa təlxəklər olaydı, onlar nəyisə deyəydilər... Tənqid eləmək də istəmirəm, çünki millətimiz gözəl millətdir. Torpağımız, təbiətimiz gözəldir. Hakimiyyətdəkilər bizdəndir, biz də onlardan, onlar Aydan gəlməyiblər. Bəlkə də yaşadıqlarımız millətimizin taleyində bir sınaq dönəmidir. Hər zaman birini tənqid edəndə özümə deyirəm ki, bəs sən onun yerində olsan, necə davranardın?

- Ciddi sualdır...


- Çox ciddi sualdır. Biz hakimiyyətdə Əbülfəz Elçibəy kimi təmiz bir insanı gördük. Amma hakimiyyəti uzunömürlü olmadı. Çünki hakimiyyətdə zor da olmalıdır... Dərəcəsində... O zorun dərəcəsini bilmək üçün siyasi məktəb keçməlidir. Biz bu məktəbi keçməmişik. Hələ Azərbaycan xalqını “dövlət xalqı” saymaq olmaz. Bizim dövlətimiz var. Yəni, forması var. Bəs, məzmunu, içərisi? Hələ yetişməmişik, dövləti idarəetmə yollarını bilmirik. Çünki müstəqilliyimiz nisbi olub. Xanlıqlar dönəmində də, sonra da. Yarısı İrandan asılı, yarısı Rusiyadan asılı, Osmanlıdan... Biz hakim millət olmamışıq. Sovetlər dönəmində bir az təcrübə topladıq. Respublika dövlətçiliyin bir formasıdır. Amma biz müstəqil deyildik, axı. O respublikanın təcrübəsi müstəqillik təcrübəsi sayılmır. Buna baxmayaraq, heç olmasa, respublikanın bir formasını yaşadıq, taleyimizlə bağlı qərarverən olmasaq da, yavaş-yavaş o institutları yaratdıq. Nazirliklərdən Elmlər Akademiyasına qədər bir çox struktur formalaşdırdıq. İndi İsraildə çox ciddi müşahidələr aparıram. Allah məni elə bil İsrailə ona görə göndərib ki, fərqi öz gözlərimlə görə bilim. Uzun illər Moskvada yaşamışam. Sovetlər dönəmində də, müstəqillik illərində də. Burda bir çox millətlərlə özümüzü müqayisə edə-edə inkişaf etmişəm. İsrailə gedəndən sonra gördüm ki, Rusiya lap köhnə feodal qanunlarıyla yaşayır. İsrail idarəetmə strukturlarını ən mükəmməl formada yaratmağa çalışır. Hakimiyyət qollarının bir-birinə nəzarət mexanizmi güclüdür. Ola bilər, hökumət hansısa gizli işə qol qoysun, o dəqiqə digər hakimiyyət qolları bunu üzə çıxarır. Bir də media... Media qarğa kimi gəzir və harda pislik var, ora “qonur”, onun təmizlənməsinə kömək edir. Nəticəsi də olur.

- Nədən güc alırlar?

- Çox həyatsevərdirlər. Bütün həyatları yaşam fəlsəfəsi üzərində qurulub. Fələstinlilərdə isə əksinədir. Onların həyatları ölüm fəlsəfəsinə tabedir. Ona görə də bütün şüarları ölümlə bağlıdır. İsraillilərdə yaşam fəlsəfəsi nə qədər güclüdür... Yəhudilər öz ənənələrinə nə qədər sadiqdirlər... Bu gün də qeyd etdikləri bayramlarının min illərlə tarixi var. Bu bayramlar nəyə bağlıdır - ədalətə, ləyaqətin qorunmasına, təbiətin oyanışına... Yəhudilər 40 il səhrada gəziblər. Çünki 40 ildə qul təbiəti insanların vücudundan çıxır. Onlar heç kimin hakimiyyəti altında yaşamamağı, azadlığı, sərbəstliyi səhralarda yaşayaraq əldə ediblər və bu gün də onu bayram kimi qeyd edirlər. İstidə, susuzluqda... ancaq azad... İsrail bu gün su problemini həll edib. Səhrada... Dünyaya ən gəlirli məhsullardan olan kürü satırlar. Özü də balıqları məhv etmədən – cərrahiyyə əməliyyatı ilə. Balığı ehmalca tuturlar kürünü çıxarıb, qarnını tikib yenidən buraxırlar dənizə. Bu da bir yəhudi fəndidir... Onlara deyirəm, siz həqiqətən Allah tərəfindən seçilmiş millətsiniz. Amma bunu siz deyəndə mən narahat oluram. Bunu gərək başqa millətlər deyə. Mən deməliyəm, siz deyə bilməzsiniz. Hamı razılaşmalıdır ki, yəhudilər çox ağıllı millətdir – görün dünyaya nə qədər ixtiralar veriblər. Onun da səbəbini sizə deyim... Təhsil və bayramlar. O bayramların milli ruha təsiri həddən artıq güclüdür. Yəhudilərin təhsilə, hərtərəfli insan yetişdirməyə verdikləri önəmə ancaq həsəd aparmaq olar. Uşaqları kiçik yaşdan musiqi və rəssamlığa cəlb edirlər. Musiqiçi olmayacaq, amma mütləq mükəmməl musiqi təhsili verirlər övladlarına. Çünki səsin insan təbiətinə necə güclü təsir etdiyini bilirlər. Rəsm dərslərinə aparırlar... Rəssam olmayacaq, amma rəngləri duyacaq, dünyanı hiss edəcək, fantaziyası genişlənəcək. Bir var söz, bir də var səs. Səs Allaha daha yaxındır.

- Amma xristianlar deyir, başlanğıcda söz vardı.

- O xristian baxışıdır. Ilk xristianlar yəhudilər olub, bilirsiz. İsa peyğəmbər də. Xristianlıq yəhudilərin dinindən – İudaizmdən doğub. İslam da. Bu gün nə Xristianlıq, nə də İslam ana bətnini bəyənmir... İudaizm özündən sonra gələn bu iki dinin ana bətnidir. Tövrat çox zəngin kitabdır. Qəribədir ki, dini kitablar ilk əvvəl müqəddəs kitablar kimi yaranmayıblar. Mədəniyyət, ədəbiyyat kitabı kimi yaranıblar. Tövrat yəhudilərin həm tarixidir, həm inancıdır, həm mədəniyyətidir, həm təqvimidir, dünya görüşü, fəlsəfəsidir. Geniş mənada bir mədəniyyət abidəsidir. Sonradan yəhudilər onu dini kitab kimi istifadə eləməyə başlayıblar. İncili də yəhudilər yaradıb. İncilin iki tərəfi var. Müsbət tərəfi bir də mənfi tərəfi. Özü də qorxunc mənfi... İncil yarananda böyük mətn inqilabı baş verdi. Əvvəlcə xristianlar göstərirdilər ki, yəhudilikdən doğublar, ancaq sonradan ixtisarlar oldu. Tövrat da redaktə olunub. Bəzi yerləri ixtisar edilib.

- Bu gün bildiyimiz səmavi kitablardakı ilkin mətnlər deyil, deyirsiz...

- Deyil. İxtisarlar olub. Öncə xristianlar Xristianlığın nədən yarandığını İncildə göstərmişdilər. İudaizmlə xristianlıq arasında gərgin mübarizələrdən, Səlib yürüşlərindən, böyük qırğınlardan sonra o mətnlər çıxarılıb. Sonradan İslam yarandı və müsəlmanlar hər iki dinə sitayiş edənləri bütpərəstlikdə ittiham etdilər. Quran mətnlərində də dəyişikliklər var. Bu gün İslam dininin adı terror məsələlərində tez-tez hallandırılır. Əslində terroru Quranın mətni ilə vurmaq lazımdır. Ancaq Quran təfsirləri başdan-ayağa yanlışdır. Ola bilər, o dövrdə izahlar o cür olmalıydı. Çünki İslamın inkişafını istəməyən qüvvələr vardı və onlar din adı altında müsəlmanları mübarizəyə cəlb edirdilər. Ona görə mən düşünürəm ki, Qurana da insan əli dəyib. Hədislərdə var ki, Məhəmməd peyğəmbər deyib, mənim dediklərimi yazmayın, çünki sonradan mənim sözlərimlə Allah kəlamını bərabərləşdirə bilərsiniz. Məhəmməd peyğəmbər o biri peyğəmbərlərdən fərqli olaraq dövlət xadimi idi. İsa, Musa dövlət xadimləri olmayıblar. Məhəmməd peyğəmbər isə dövlət xadimi kimi danışıb, buna uyğun hərəkət edib. Allah Quranı göndərəndə ona yalnız “təkrar et” əmri verirdi. Onun vəzifəsi, missiyası yalnız təkrar eləmək idi. Allah buyururdu ki, dediklərimin izahatlarını belə vermə, yalnız təkrar elə, sənə inanacaqlar, inanmayacaqlar, mənim işimdi. Allah Quranın mübarizə alətinə çevrilməsini istəmirdi. Amma müsəlmanlar fərqli davrandılar... Məhəmməd Peyğəmbərin atasının adı nəydi?

- Abdullah.

- Nədir bu adın mənası?

- Allahın qulu.

- Bəs, bu necə olur? Axı, söhbət Məhəmməd Peyğəmbərin atasından gedir. Hələ Məhəmməd Peyğəmbər dünyaya gəlməmişdi, İslam dini yaranmamışdı... Məgər onda Allah sözü işlənirdi? Səbəbini tapmışam - ərəblərdə Allah adında büt vardı. Qəribədir, Quranın ilk surələrində “Allah” sözü işlənmir, “Rəbb” işlənir. Sonrakı ayələrdə gəlir “Allah” sözü. Niyə? Çünki Məhəmməd Peyğəmbər uşaqlıq illərində Allah adlı bütdən qorxmurmuş. Yenə deyirəm, bəzi məqamlara görə mən düşünürəm ki, müqəddəs kitablara, o sıradan Qurana insan əli dəyib. Bir neçə il öncə Misir prezidenti bununla bağlı təşəbbüs irəli sürdü. Din xadimlərini yığıb İslamın bugünkü problemlərindən söz açdı və həmin toplantıda qətnamə qəbul olundu. O sənəddə deyilirdi ki, bütün hədislərin Quranla nə qədər uyumlu olduğu yenidən müzakirə edilməli və yalnız Quranla uyğunlaşan hədislər qalmalı, müqəddəs kitabın ideyalarına zidd olanlar gündəmdən çıxarılmalıdır. Xristianlarda da eyni problem var. Üçlük – ata, oğul, müqəddəs ruhla bağlı saysız çəkişmə mövzuları var. Müzakirələr getməlidir, ancaq konflikt olmamalıdır. Bu məsələlər qan tökməklə çözülə bilməz. Vaxtilə xristianlar, yəhudilər də din mübarizələrində qat töküb. Ancaq onlar o dönəmi keçib. Müsəlmanlar da qan tökməyi dayandırmalıdır. Məsih məsələsi də çox ağır məsələdir. Yəhudilərdə də var, xristianlarda da. Xristianlar deyir ki, məsih İsadır. İslamda da var – şiələr 12-ci imam Mehdini Məsih sayır. Hətta elə cərəyanlar var, Mehdini gizli Əli sayır. Əlinin İsa ilə bərabər Yer üzünə enəcəyini deyirlər.

- Siz hansına daha çox inanırsınız?

- Ən doğrusu yəhudilərdir. Çünki onlarda Məsih onların taleyinə bağlıdır. Çox maraqlıdır, onların inancına görə, Məsih gələcək, yəhudiləri istismardan xilas edəcək, dövlət yaradacaqlar, 2 dəfə sökülən ehramlarını bərpa edəcəklər. Orda gizli bir bənd də var. O bəndə görə, yəhudilər dünya xalqlarına göstərəcəklər ki, nə cür hərəkət etmək lazımdır. Yəhidilər bu haqda danışmağı sevmirlər, amma o bənd var. Söhbət yalnız bir millətin xilasından getmir, həm də dünya üçün bir örnək olmaqdan gedir. İsraildə böyük bir toplum var ki, onlar deyir, biz İsrail dövlətini bəyənmirik, qəbul eləmirik, bu dövlətin qurulması böyük səhvdir, biz neçə min il dinimizi, dilimizi, adətlərimizi qorumuşuq, belə də davam edərək Məsihi gözləməliyik. 2 min ildir faktiki olaraq bu xalq diaspor kimi yaşayır. Özləri də deyirlər ki, biz İsraildə də diaspor kimi yaşayırıq. Mən düşünürəm ki, Məsih insan deyil. Məsih cərəyandır. Bu cərəyan, proses artıq özünü göstərməkdədir. Deyim nədə... İsrail dövlətinin yaranması möcüzə oldu. Dövlət yaranmamalı idi. Möcüzə baş verdi və dövlət yarandı. Yaranan günün səhəri də müharibələr başladı. Bu müharibələrdə İsrail qalib gəldi. Əslində heç cür qalib gələ bilməzdi. Əlbəttə, boş-boşuna qələbə çala bilməzdilər, ancaq bütün hallarda bu möcüzə qələbələr idi... Hərdən zarafatla deyirəm ki, mən yəhudi olmaya-olmaya bunları deyirəmsə, elə özüm də Məsihin – bu prosesin bir parçasıyam. Nə cür olur, bir azərbaycanlı, gəlir İsrailə çıxır və bunları deyir? (gülür) Amma burda bir məsələ də var. Açıq deyirəm, Məsihin ən böyük vəzifəsi – Ağlama divarı olan məbədin bərpasıdır. O təpənin üzərində iki məscid var. Biri Məhəmməd peyğəmbərin şərəfinə tikilib – məşhur Əl-Əqsa. Müsəlmanlar peyğəmbərin oradan merac etdiyinə inanır. O biri də xəlifə Ömərin şərəfinə ucaldılıb. Hər ikisi 7-ci əsrə aiddir. Yəhudi məbədini bərpa edərkən bu məscidlərə toxunulmamalıdır – yenə qan tökülə bilər. Nə Məhəmməd peyğəmbər, nə də Ömər dönəmində orada tikinti aparılarkən heç bir məbəd ziyan çəkməyib. Oralar boş torpaqlar idi və tullantı yeri kimi istifadə edilirdi. Yəhudilər Məhəmməd peyğəmbərə deyiblər ki, o yerlər bizə lazım deyil, ucaldın məscidinizi. Müsəlmanlar da heç bir xristian və yəhudi məbədlərinə toxunmadan həmin 2 məscidi ucaldıblar. Belə... Amma Məsihdən başqa, dövləti qorumaq üçün silah da olmalıdır. Yəhudilər elə silahlar icad edir, adam məəttəl qalır... Onlara həmişə deyirəm, bir əlinizdə silah olmalıdır, birində qələm. Qələm, yəni təbliğat. Təbliğat da Quranı müdafiə etmək şərti ilə aparılmalıdır. Yəhudilər bəzən Quranı, Məhəmməd peyğəmbəri, müasir İslamı qarışdırırlar. Bu doğru deyil. Quranın əsas tərkib hissəsi gözəl kəlamlardan ibarətdir. Quranda açıq yazılıb, yəhudilər, Tövrat sizin kitabınızdır, xristianlar, İncil sizin kitabınızdır, müsəlmanlar, Quran da sizin kitabınızdır. Niyə Allah dünyanı bir dində, bir millətdə yaratmayıb? Bunun cavabı da Qurandadır. Allah deyir, xoş əməllərinizlə yarışmalısınız. Çünki insanın inkişafı yalnız və yalnız rəqabətdədir. Qəribədir, Quranda bir neçə ayə var, hər dəfə fikirləşirəm ki, nə yaxşı, onları saxlayıblar. Yerlərini dəyişiblər, qarmaqarışıqlıq yaradıblar, amma o ayələr qalıb...

- Yandırılmış bir ilahi kitabın 23 il sonra insan yaddaşına əsaslanan bərpası çətin işdir...

- O ayədə deyir ki, ey Məhəmməd, mən bu kitabı sənə göndərirəm, əvvəlki kitabların həqiqiliyini təsdiq etmək üçün... və müdafiə üçün... və qorumaq üçün... Bu “qorumaq üçün”ün ətrafında cildlərlə əsər yazılıb. Nə deməkdir qorumaq? Nəyi qorumaq? Burada kontekstdən çıxır ki, o kitabları qorumaq lazımdır, Allah Quranı o kitabları qorumaq üçün göndərib. Baxıram, tərcümə və izahatlarda deyilir ki, söhbət Quranın qorunmasından gedir. Quranın tərcüməsi çox böyük məsuliyyət istəyir. Dil məsələsi də önəmlidir. Allah öz peyğəmbəri ilə konkret dildə yox, işarələrlə danışıb. Peyğəmbərlər o işarələri öz dillərində ifadə ediblər. Məhəmməd peyğəmbər ərəbcə danışırdı, ona görə Quran ərəbcədir, onun ana dili başqa dil olsaydı, Quran o dildə olacaqdı. Bir ayədə bu haqda deyilir – mənası budur ki, işarələr dilə onları anlamağı asanlaşdırmaq üçün çevrilir.

- Çingiz müəllim, bəzi surələrin başlanğıcında sadəcə bir neçə hərf var. Nədir onların mənası?

- Bilmirəm... Belə bir fikri var ki, guya bu hərflər hafizlərin adlarını bildirir. Yəni Quran yenidən yazılanda hansı hafiz hansı surəni deyibsə, o hərflər onun adını açır... Çox versiya var. Quranı təhlil edəndə surələrin adları diqqətimi çəkdi. Allah surələri Məhəmməd peyğəmbərə adsız göndərib. Sonradan yadda saxlamaq üçün peyğəmbər qoyub o adları. Quranda 7 əsas süjet var. Biri peyğəmbərlər süjetidir. Orda Musaya aid süjet də var, İsaya aid süjet də. Amma surələrin onların adı ilə adlandırılmayıb. Nuh surəsi var, Adəm surəsi var, Məhəmməd surəsi var, İbrahim surəsi var, Yunus surəsi var, amma nə Musa, nə İsa var. Niyə? Çünki Quran tərtib olunanda xristianlarla da, yəhudilərlə də gərgin mübarizə gedirdi. Ona görə də bu adlar çıxarılıb. Mən tapdım o yerləri. Orta əsr araşdırmaçısı əl-Suitinin 3 cildlik bir əsəri rus dilinə çevrilib, o da göstərir ki, vaxtilə Quranda Musa, İsa, Süleyman, Əhli-kitab surələri olub. Sonradan bu adları dəyişiblər. Yenə deyirəm, başlıqlar Allah kəlamı deyil, surələrə adları Məhəmməd peyğəmbər vermişdi, sonradan onun qoyduğu başlıqlar dəyişdirilib. Qəribədir, başlığı dəyişən əsasən o bir neçə hərflə başlayan surələrdir... Bu da var... Qurandakı Bədr əhvalatı da çox diqqət çəkicidir. İlk dəfə Məhəmməd peyğəmbər tərəfdarları ilə bərabər Məkkədə bütpərəst qohumlarına Bədr döyüşündə qalib gəlib. Bu haqda çox yazılıb Quranda. Amma Bədr sözü başlıqlar arasında yoxdur. Niyə?

- Məkkəlilər dəyişib?..

- Çünki məkkəlilər İslamı qəbul etdilər və düşmənçilik tamamilə aradan qalxsın, xatırlanmasın deyə, o ad başlıq kimi saxlanmadı. Quranda daha bir qəribə məqama rast gəlmişəm. Bir tərəfdən üçlük – ata, oğul, müqəddəs ruh- rədd edilir, o biri tərəfdən də deyilir ki, 3 demə...Yəni onları üçlük adlandırma. İndi xristianlıq demək olar, bütpərəstliklə məşğuldur. Üçlüyün vahidliyi ideyasından heç nə qalmayıb – bölüblər. Sanki 3 allahları var – ata, oğul, müqəddəs ruh. İsanı Allah kimi qəbul edirlər. Üçlükdən yaranan vahid Allah haqqında az danışırlar. Maraqlı mövzulardır... Amma bu mövzuları araşdırmaq Sizif əməyidir. Daşı zorla qaldırırsan, yenidən fırlanır geri gəlir. Minillərlə davam edən mübahisələr, müzakirələrdir bunlar. Hər halda, bir şey mənə bəlli olubsa, onu deməliyəm. Mən də deyirəm...

- Çingiz müəllim, bu yaxınlarda Həmas İsrail dövlətini sanki qəbul elədi, bildirdi ki, 1967-ci il sərhədlərinə qayıdılarsa, biz bu dövləti tanıyacağıq. İsraildə bu məsələyə münasibət necədir?

- İsrail bu torpaqları mübarizə ilə əldə edib və o əraziləri geri qaytaracağına inanmaq olmaz. Ümumiyyətlə, Fələstin ərəbləri dövlət xalqı deyillər. Süni şəkildə yaratsalar belə dövləti qorumaları zor olacaq.

- “Sovet adamları” İsrailə nə aparıb? Sovetlər Birliyinin çöküşündən sonra İsrailə çox böyük axın oldu...

- Azərbaycanda və Orta Asiyada yaşayan yəhudilərin güzəranı həmişə yaxşı olub. Buna baxmayaraq, İsrailə köçdülər. Oxucularım arasında çox sayda yəhudilər olub. İndi onların böyük hissəsi İsraildə yaşayır. Ona görə də İsrail mənə yad mühit deyil. Artıq daimi olaraq Rusiyada yaşaya bilməzdim. Bura mənə yadlaşıb. Bütün ölkələrdə demək olar, eyni proses gedir. Biz məsələnin bu tərəfini hələlik aydın görmürük, ancaq o proses gedir – təzə nəsil gəlir, onların öz qayğıları, öz sevincləri, öz arzuları var. Şəhərlər yenilənir, zaman gedir, dünya inkişaf edir. Mənimçün ən dumanlı olan Azərbaycanın gələcəyidir. Xalqı yox, dövləti nəzərdə tuturam. İndi Azərbaycan daha çox diasporlarda qorunur. Ölkədə iş yox, beyin axını baş verib. Əslində Azərbaycanın bütün problemlərini həll eləmək olar, hətta Qarabağı da işğaldan azad etmək olar. Azərbaycan nümunəvi ölkə olsaydı, ermənilər özləri barışığa maraq göstərəcəkdilər. Ümumiyyətlə, azərbaycanlı olmaq çox çətindir. Azərbaycanlı ərəb dilini bilməlidir – Quran ərəbcədir, farscanı bilməlidir – klassik ədəbiyyat farscadır. Məsələn, Nizami dühadır, ancaq o dühanı anlamaq üçün farsca bilmək lazımdır. Söhbət Nizamini təkcə dil baxımından anlamaqdan getmir, onun fəlsəfəsini, fikrini dərk etməkdən danışıram. Azərbaycanlı rus dilini hökmən bilməlidir. Çünki bu dildə xeyli ədəbiyyat yaranıb. Ana dilini isə mükəmməl bilməlidir – sovet səviyyəsində yox, mükəmməl. Sovet dönəmində 2-3 Azərbaycan dili vardı. Xalq dili vardı, oxunulmaz, insanın beynini dəhşətli şəkildə yoran, hətta incidən anlaşılmaz mətbuat dili vardı, bir də ədəbiyyat dili. Ədəbiyyat dili 20-ci illərin ədəbiyyat dilindən fərqli olaraq yaxınlaşmışdı Azərbaycan dilinə. 20-ci illərdə tamam türk dilində idi ədəbiyyat. Məsələn, Hüseyn Cavidi oxumaq çox çətindir. İngilis dili də ki bu günün tələbidir. Onu da bilməlidir. Deməli, belə çıxır, özünü azərbaycanlı sayan 4-5 dil öyrənməlidir. Çətindir, əlbəttə. Nabokovun gözəl bir misrası var, deyir ki, ingilis dili qocaman dahidir, rus dili cavan dahidir. Hər iki dili öyrənmək lazımdır. İlk əsərlərimi ana dilində yazmışam. Sonra məni ana dilində çap eləmədilər deyə, rusca yazmağa başladım. Bakıda “Məhəmməd, Mamed, Məmiş” əsərimin ana dilində çapından imtina etdilər, Moskvada bir jurnal boynuna götürdü bu işi. “Fətəli Fəthi”ni də yazmağım maraqlı oldu. Başlayanda bilirdim ki, ciddi əsər olacaq. Fikirləşdim, onsuz da Bakıda çap eləməyəcəklər, rusca yazım. Yazdım. Moskvada çap olunandan sonra Azərbaycan bəyəndi, dedilər, bunun ana dilində variantını ver, çap edək. Oturdum onun orijinal ana dilli variantını yazdım. Ruscadan tamamilə fərqlənən bir əsər yarandı. Tərcümədə əsər “itir”. Rusca yazanda bütün rus mühiti, rus mədəniyyəti əsərin yazılma prosesində iştirak edir. Azərbaycan üçün yazanda tamam başqa oxucu çıxır meydana. Mən o oxucunu nəzərdə tutaraq yazıram. Çünki bir dilin hökmü var, oxucunun hökmü var. “Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev müqavilə bağlayanda dedi ki, rusca 28 çap vərəqidir, plana da bu qədər salınacaq. Azərbaycan dilli makinam vardı, orda yazırdım, sonra üzərində işləyirdim, ikinci dəfə yazmağa nə həvəs, nə vaxt var idi. Onda Azərbaycanda makina kağızı qıt idi. SSRİ Yazıçılar İttifaqının üzvü olanlara 500 ədəd verirdilər. Moskvada işləyirdim, təyyarə ilə qorxurdum göndərməyə ki, qəza-filan olar, bərpa edə bilmərəm, hər 10 gündən qatarla gedən bir adam tapıb ona verirdim, aparırdı Bakıya, makinada təzədən yığırdılar. Nə isə, əsəri bitirdim, Bakıya gəldim ki, stolun üstündə nə hündürlüyündə kağız. Onda da əsərlər 4 nüsxədə yazılmalıydı. Məlum oldu ki, 1000 səhifədən çoxdur. Hesabladım, gördüm 50 çap vərəqi eləyir. Axı planda 28-dir... 22 çap vərəqi artıq yazmışam... Onda qohumlarıma, dostlarıma heç nə demədən getdim Daniel Quliyevin yanına. Daniellə universitetdə bir yerdə oxumuşduq, o zaman o, Ali Partiya Məktəbində işləyirdi. Oranın yataqxanasında mənə ayrıca bir otaq verdi və mən o otaqdan 10 gün çıxmadım. Oxumaq, 4 nüsxədə düzəlişlər etmək lazım idi. Bitirdim, gəldim nəşriyyata Əjdər Xanbabayevə dedim ki, az qalıb, bugünlərdə gətirəcəm. Soruşdum ki, Əjdər müəllim, 28-ə neçə əlavə edə bilərsiz, əsər bir az artıq çıxıb. Dedi, mənim haqqım var, 1 çap vərəqi artıram. Dedi, niyə soruşursan, nə qədər çıxıb ki? Bildim, 50 desəm, deyər, məni ələ salmısan – müqavilədə 28, səndə 50? Dedim, 39... Dedi, bunu mən həll edə bilmərəm, gərək Mətbuat Komitəsi deyə. Orda dedilər, Mərkəzi Komitəsiz heç nə edə bilmərik.

- Neçənci il idi?

- 1984-cü il. Getdim Mərkəzi Komitəyə, təbliğat-təşfiqat şöbəsinin müdiri Əfrand Daşdəmirovun yanına. Ona qədər də “Literaturnaya qazeta”da Əfrand Daşdəmirovla Mirzə İbrahimovun polemikası olmuşdu, orda Əfrand müəllim əsərin rusca versiyasını “Fatalnıy Fathi”ni tərifləmişdi. Vəziyyəti danışdım, dedi, narahat olma, Mətbuat Komitəsinə göstəriş verdi, 39 çap vərəqi təsdiq olundu. Bu işi həll elədim. Amma əsər 50-di axı... 11 çap vərəqi yenə ixtisar eləməliyəm. İndiki zaman deyildi ki, kompüterdə düzəliş edəsən, özü hesablasın... Hər səhifədə 3 cümlə, 5 cümlə, hər şey gözəyarı... Apardım nəşriyyata. 1 ay sonra Əjdər müəllim zəng elədi Moskvaya ki, 44 çap vərəqi çıxıb, neynəyək? Dedim, daha mən heç nə ixtisar edə bilmərəm. Dedi onda, çap edək, amma sənə 39 çap vərəqinin qonorarını verək. Əlbəttə, razılaşdım. Onda da qayda beləydi - əsərin siqnal nüsxəsi senzuraya göndərilirdi, orda müsbət rəy olandan sonra satış başlayırdı. Bir gün Bakıdan yenə Əjdər müəllim zəng elədi - 1 aydır senzor saxlayıb, nə hə deyir, nə yox. Özün gəlməsən, həll olan deyil. Uçdum Bakıya.

- Baş senzor da yəqin Cahangir İldırımzadə idi.

- Bəli. Bolşevik Çingiz İldırımın qardaşı oğlu... Biz çoxdanın tanışları idik - Moskvada bir yerdə oxumuşduq. Təyyarədən birbaşa onun yanına gəldim. “Azərnəşr”in binasında otururdu. Görüşdük, öpüşdük, dedim, Cahangir, niyə mənim əsərimi saxlamısan, niyə qaytarmırsan nəşriyyata? Dedi, ola bilməz... Dedim, necə ola bilməz, nəşriyyat deyir, vermişik “qlavlit”ə, 1 aydır əsərdən səs yoxdur. Zəngi basdı, işçisini çağırdı, adam içəri girən kimi, əsəbi-əsəbi başladı ki, Çingiz bizim dostumuzdu, tanınmış yazıçıdı, niyə onun əsərini saxlamısız? Demək, danışır, adama da imkan vermir, ağzını aça. O da susub mat-məəttəl... (gülür) Axırda göstəriş verdi ki, təcili göndərin nəşriyyata. Adam getdi, sonra oturduq, söhbət etdik, nahara dəvət elədi. Nəhayət, nahar zamanı başladı səbəbdən danışmağa... Dedi, bilirsən, gözəl əsərdi, amma sən göstərirsən ki, Azərbaycan işğal olunub. Dedim, bəli, Azərbaycan işğal olunub. Dedi, bunu yazmaq olmaz, axı... Dedim, bilirsən nə var, Cahangir, mən orda “işğal” sözünü işlətməmişəm, əsərdən bəlli olur. Rusiya bu şəkildə çap edib, ruslar mane olmayandan sonra Azərbaycan niyə mane olmalıdır, işğalçı senzuradan buraxır, siz yox? Dedi, sənin xəbərin yoxdur, bir var, mərkəzi senzura, bir də var, respublika senzurası. Ruslar özləri buraxıblar, ancaq Azərbaycan senzurasına göstəriş veriblər ki, “çar müstəmləkəsi”, “milli respublika” ifadələri yığışdırılmalıdır. Xahiş elədi ki, onda kimsə sənə bu haqda söz desə, rus versiyasını göstər.

- Demək, bütün hallarda tanışlıq işə yarayır...

- Əlbəttə. Yalnız bu yolla mən əsəri çap etdirə bildim.

- Çingiz müəllim, sizin qəhrəmanlarınız arasında Məhəmməd Əmin Rəsulzadə də, Nəriman Nərimanov da var. Necə yarandı o əsəriniz?

- Onlar haqqında 2 cildlik “Doktor N” romanımda yazmışam. Həyatda hər iki qəhrəmanın yolu uğursuz oldu. Əsərdə də... Rəsulzadə ilə Nərimanov gəncliklərində dost olublar, sonradan siyasi baxışları onları düşmənə çevirib. Onların uğursuzluğunun əsas səbəbi neft faktoru idi. Rusiya qətiyyən neftlə zəngin torpağı əldən buraxmazdı. Ümumiyyətlə, Azərbaycanın ən görkəmli şəxsiyyətlərinin hamısı faciəvi şəxsiyyətlərdir. Çünki iki od arasında qalıblar. Bəzilərində heç iki od da olmayıb – elə rusların dediklərini eləyiblər. Azərbaycanın bütün kommunist liderləri Azərbaycanın müstəqilliyi haqqında yuxu görməkdən belə qorxublar. Mən o kitabda Məhəmməd Əminin bütün taleyini təsvir etmişəm. O vaxt bəzi sənədlər hələ açılmamışdı. Rəsulzadənin Stalinə məktubu haqqında çox düşünmüşdüm. Stalin o məktubu alıb, oxuyub. Faktı bilirdik, ancaq o sənəd əlimizdə yox idi. Sonrada öyrəndik ki, diplomatik poçtla çatdırılıb məktub Stalinə... Rəsulzadə yazır ki, məni qoruduğun üçün minnətdaram sənə, amma sənin ideyanla heç cür razılaşa bilmərəm, sən imperiyaya qulluq edirsən, milli görüşlərdən uzaqsan və s... Mənim yazdığım mətn çox fərqlənir, amma ruhu eynidir. Həmişə fikirləşirdim ki, Stalin bu məktubu alanda necə dərkənar qoya bilərdi? Belə bir dərkənar yazdım - “satqındır, pantürkistdir, ifşa olunsun”. Sənəd üzə çıxanda bəlli oldu ki, əsərdəki və həyatdakı Stalinlərin dərkənarı təxminən eynidir... Rəsulzadə ilə Nərimanov eyni zamanda 1 il yarım Moskvada olublar. Romanı yazanda həmişə fikirləşdirdim ki, görəsən, onlar görüşüb, görüşməyib? Görüşlə bağlı heç bir sənəd yoxdur. Amma mən o xəyali görüşləri təsvir elədim. Tarixi əsərdən fərqli, bədii əsərdə belə imkan var. Çox maraqlı dialoqlar ortaya çıxdı. Faktiki hər ikisi Azərbaycandan qovulub, onları ölkəyə yaxın qoymurdular. Rəsulzadəni Moskvada Stalin himayə edirdi, Nərimanovu Lenin... Məhəmməd Əmin Rəsulzadənin kiçik oğlu Azər 1920-ci ilin martında doğulub, bu hadisə Rəsulzadənin ölkədən zamanında çıxmağa qoymayıb və onu həbs ediblər. Faciəvi taledir.

- Çingiz müəllim, sizcə bu gün bu iki şəxsiyyətdən daha çox hansının ideyası yaşayır?

- Azərbaycan indi nə Məhəmməd Əminin yolu ilə gedir, nə də Nərimanovun... Mən ilk dəfə 1968-ci ildə Türkiyəyə gedəndə milli düşüncənin nə olduğunu dərk elədim. O səfər mənim həyatımın ən möhtəşəm əhvalatıdır. 1968-ci il... KQB-nin güclü nəzarəti.. Mən tək... Türkiyə... Bilirsizmi bu nə demək idi?

- Bəs, səfər necə baş tutmuşdu? İcazəni necə ala bilmişdiz?

- Bu haqda “Xatirələr” kitabımda yazmışam. Sizə maraqlıdırsa, danışım.

- Xahiş edirik, Çingiz müəllim... Çox maraqlıdır.


- SSRİ Yazıçılar İttifaqında işləyirdim. O il məni ittifaqın partiya təşkilatına katib seçmişdilər. Rəhbər vəzifəli yazıçıların yanında demişdim ki, Türkiyəyə getmək istəyirəm. O zamanlar biz hələ Məhəmməd Əmin haqqında heç nə bilmirdik. Hardan biləydik? Bu mövzu tamamilə yasaq idi. Bircə Səməd Vurğunun bir “ifşa” şeirində “ey siz rəsulzadələr” kəlməsi vardı... Türkiyəyə getmək üçün başqa bir səbəbim də vardı. Bizim qonşuluğumuzda naxçıvanlı bir oğlan yaşayırdı – Əşrəf. Məndən 8 yaş böyük idi. Müharibə gedirdi. 1942-ci ildə ona da çağırış gəldi - əsgər aparacaqdılar. Bir gün məhəllədən 2-3 uşaq yığdı ki, sizi Əli Bayramov klubuna kinoya aparıram. Getdik. Dəstəmizdə bizdən böyük bir qız da vardı. Kinodan çıxanda baxdım, gördüm ki, qızın da, onun da dodaqları qan içindədi. Niyə? Məlumdu... Bu səhnə mənim beynimə həkk olundu. Əşrəf əsgər getdi... Günlərin birində xəbər gəldi ki, almanlar onu əsir alıb. Müharibə bitəndən sonra bir dəstə azərbaycanlı əsir tədbirli tərpənib demişdi ki, biz türkük və onları əsir düşərgəsindən SSRİ-yə yox, Türkiyəyə göndərmişdilər. Əşrəf də o dəstədə gedib Türkiyəyə çıxmışdı. Xruşşovun vaxtında – 60-cı illərdə Bakıya gəlib çıxmışdı, böyük qardaşımla görüşmüşdü, məni soruşmuşdu. Artıq Moskvadaydım. Şəklini, adresini vermişdi ki, birdən Çingiz Türkiyəyə gəlsə, məni tapsın. Bu, mənim Türkiyəyə getməyimçün səbəb idi. Ona demək istəyirdim ki, baxma uçaq idim, başa düşmüşdüm, dodaqlarınız niyə qanlıydı... (gülür) Təbii, mən Türkiyəni görmək istəyirdim. Yazıçılar İttifaqında niyyətimi deyəndə cavab verdilər ki, çox çətin məsələdir.

- KQB icazə verməzdi, ondan ehtiyat edirdilər?

- Yox, KQB verəcəkdi, ehtiyat edirdilər ki, Türkiyə icazə verməz.

- Niyə?

- Çünki, azərbaycanlıydım, türkcə bilirdim, dövlət işində çalışırdımsa, onların düşüncəsinə görə, KQB-yə xidmət edirdim. Buna görə viza verməyə bilərdilər. Amma çox getmək istəyirdim, ona görə də yollar düşünürdüm. O zaman İraq türkmanları məni Bağdada dəvət etmişdilər. Füzulinin yubileyi keçiriləndə İraqdan SSRİ-yə bir türkman yazar gəlmişdi. Bizim dillərimiz də, bilirsiz, təxminən eynidir. O, Azərbaycana getdi, qayıdanda Moskvada azərbaycanlıları mənə möhkəm pislədi... Soruşdum, nə baş verib? Dedi, getdim Bakıya, Füzulinin heykəlinə baş əydim, əyildim torpağı öpdüm, televiziya çəkirdi. Mənim bu ehtiramımı ələ saldılar, dedilər, aparat çəkmədi, kadr xarab oldu, bir də əyil, torpağı öp. Bu hərəkət mənə möhkəm toxundu, ancaq əyildim, torpağı öpdüm... Dedim, olur belə adamlar, səmimiyyətə inanmırlar, düşünməyin bu haqda. Nə isə, biz dostlaşdıq. Dedi, səni Bağdada dəvət edəcəm. Elədi də. Qayıdandan bir müddət sonra dəvətnamə göndərdi. Mən İraq səfəri haqqında Yazıçılar İttifaqında danışanda yenə Türkiyə məsələsini xatırlatdım. Dedilər, bilet alarıq sənə - Moskva-Bağdad, Bağdad-İstanbul, İstanbul-Ankara, Ankara-Moskva – amma vizanı biz həll edə bilməyəcəyik, bacarsan, İraqda özün al. Hətta bununla bağlı SSRİ-nin İraqdakı səfirinə məktub da yazdılar.

- Nə yazılmışdı, məktubda?

- Yazmışdılar ki, yazıçıdır, SSRİ Yazıçılar İttifaqının üzvüdür, Kommunist Partiyasının təşkilatdakı qurumunun katibidir... Bu da çox böyük vəzifə sayılırdı. Onda Yazıçılar İttifaqı ilə hesablaşırdılar. Elə 1970-ci ildə Heydər Əliyevlə 45 dəqiqəlik söhbətimiz də bu vəzifəmə görə baş tutdu. Təşəbbüsü İmran Qasımov irəli sürmüşdü. Heydər Əliyev məni qəbul elədi, 45 dəqiqə çox gözəl söhbətimiz oldu. Təkbətək. Nə isə... Bu başqa mövzudur... Mən gəldim İraqa. İyul ayı idi. Cəhənnəm... O türkman yazıçı məni Kərkükə, Kərbəlaya apardı, Nəcəfə getdik, evində qonaq saxladı. Anası elə bil mənim nənəm... Eyni cür danışırdılar. Bir gün dedi ki, istəyirsən, səni Türk Kültür Mərkəzinə aparım. Çox sevindim. Gəldik mərkəzə. O zaman da Türkiyə Kültür Mərkəzi İraqda ərəbləşmənin əleyhinə böyük işlər aparırdı. Türk dilini, türk kimliyini qorumaq üçün çox iş görülürdü. Yaxşı qarşıladılar bizi. Məni orada Azərbaycan yazıçısı kimi qəbul edirdilər. Mərkəzin rəhbəri soruşdu, necədir Azərbaycanda vəziyyət, dedim, çox gözəl. Dedi, İstanbul da çox gözəldir, olmamısız? Dedim, yox. Soruşdu, olmaq istərdinizmi, dedim, əlbəttə. Cavab verdi ki, heyif, sizə yasaq, sizinkilər izn verməz. Dedim, onu kim deyir? Başladım sovet ideologiyasının tərənnümünə... (gülür) - biz azad ölkədə yaşayırıq, pulum var, hara istəsəm gedə bilərəm... Dedi, mümkün deyil, sizi Türkiyəyə buraxmazlar, heç cür icazə verməzlər. Dedim, bəy əfəndi, sizin xəbəriniz yoxdur, hər yerə gedə bilərik. Nə isə, onu bir az şübhəyə sala bildim. Dedi, sabah yenə görüşək. Səhərisi gəldim, soruşdu ki, fikrinizi dəyişməmisiz, getmək istəyirsiz, İstanbula? Dedim, istəyirəm. Yenə məəttəl qaldı, qayıtdı ki, yəqin sizin xəbəriniz yoxdur, SSRİ vətəndaşlarını Türkiyəyə buraxmır. Dedim, sizə söylənənlər yalandır, mən sovet vətəndaşıyam, tək gəlmişəm İraqa, burda sizinlə sərbəst danışıram, əgər param varsa, istənilən yerə gedə bilərəm, viza olsun, bu dəqiqə biletimi alım İstanbula... Daha demirəm ki, biletlər cibimdədi... Aldı pasportumu, yarım saatdan sonra gəldi ki, buyurun, bu da viza. Təsəvvür edirsiniz? Bunlar elə-belə deyil. Bunu göydən kimsə idarə edir... Soruşdu ki, bileti necə alacaqsız, dedim, narahat olmayın özüm həll edəcəm.

- Demək, SSRİ Yazıçılar İttifaqından verilən məktub da gərək olmadı?

- Yox. Böyükelçiliyə getdim, amma daha o məktuba ehtiyac qalmamışdı. 1-2 gün sonra kültür mərkəzinin rəhbərinə xəbər göndərdim ki, filan tarixə bilet almışam, gedirəm. Gəldi, məni təyyarəyə qədər ötürdü. Beləliklə, gəldim İstanbula. Əsl hekayə bundan sonrasıdır. 1968-ci il... Avropa “qaynayır”, Türkiyə “qaynayır”, sol hərəkatı genişlənir, hər tərəfdə maoçular, Leninin kitabları əl-əl gəzir... SSRİ-nin Bağdaddakı elçiliyindən çıxanda xahiş eləmişdim ki, İstanbul konsulluğuna xəbər versinlər, məni orda qarşılasınlar. SSRİ Yazıçılar İttifaqının partiya təşkilatının katibi olmağımdan elə bir dəfə onda istifadə elədim. İstanbul konsulluğunun nümayəndələri məni hava limanında qarşıladılar, konsulluğun qonaq evində yerləşdirdilər. İlk gün konsul dedi ki, pasportunuza baxa bilərəm? Dedim, buyurun. Baxdı ki, Türkiyəyə giriş möhürü vurulmayıb. Aeroportda pasportumu yoxlamışdılar, amma möhür vurmamışdılar.

Yenidən qayıtdıq, aeroporta... Orda dedilər ki, biz bilmirik, siz ölkəyə necə girmisiz. Dedim, necə yəni, necə girmişəm, sərhədin üstündən quş olub, uçmamışam ki? Bu biletim, bu pasportum, bu mən... Məni orda dilim xilas elədi. Sərhəd xidmətində türkcə danışmağım, fikrimi sərbəst izah eləməyim problemi həll elədi - möhür vuruldu. Artıq leqal şəkildə Türkiyədəydim. Şəhərdə tək gəzirdim. Istəyəndə çıxırdım qonaq evindən, istəyəndə qayıdırdım. Konsulluq işçiləri də təəccüblə baxırdılar ki, yəqin bu adam hansısa tapşırıq alıb – ilk dəfə gəldiyi ölkədə, tək, sərbəst gəzir, heç bir yardım istəmir. Mənə münasibət çox yaxşı idi. Hətta bir gün onlara sovet ədəbiyyatından mühazirə də oxudum. İstanbula gələndən bir gün sonra Əşrəfin adresini götürüb, qonaq evindən çıxdım. Onu tapmalıydım. Evi Ataköy tərəfdəydi. Mindim avtobusa, yer var idi, oturdum, biz az keçmiş baxdım ki, yanımdakı oğlanın əlində Nazim Hikmətin kitabı... Nazim Hikmət artıq 6 il idi, vəfat etmişdi. Soruşdum, nə kitabdı, dedi Nazimindi, məşhur əsərdir. Dedim, Nazimi yaxşı tanıyıram... Oğlan təəccüblə üzümə baxdı – necə yəni Nazimi tanıyıram? Ölkəsində nə qədər təqib görən, SSRİ-yə sığınan solçu şairi avtobusdakı bu adam hardan tanıya bilər? Çaşmışdı.. Dedim, bəs mən Sovetlər Birliyindən gəlmişəm, Nazim bəyi yaxşı tanıyıram, necə dəfə görüşmüşəm, onunla...

Gördüm, qorxur, nə lehinə, nə əleyhinə bir kəlmə demir. Bu, Nazim Hikmətlə Türkiyədə birinci görüşümüz idi. İkinci görüşümüz taksidə oldu. Əşrəf Ataköydə yaşayırdı. Gəldim Ataköyə, ünvandakı evi tapdım, zəngi basdım, qapını açan yox... Özü də həmin gün Türkiyədə hansısa bayram idi, küçələrdə ordu, parad, saat yarıma zorla gəlib, çıxmışdım. Qapı açılmayanda qanım qaraldı ki, yenə bu basırıq yollarla geri qayıtmalıyam. Baxdım, binanın qarşısında bir cavan oğlan, dayanıb maşınının yanında, ailəsi də maşına minir. Anası, uşaqlar… 5-6 nəfərdilər. Yaxınlaşdım, soruşdum ki, Əli Turan bəyi tanıyırsız? Əşrəf Bakıda qardaşıma adını dəyişdiyini demişdi. Dedim, onun vətənindən gəlmişəm, biz 27 ildir görüşmürük, evini tapdım, amma qapını açan yoxdur. Dedi, əlbəttə tanıyıram, onun indi təzə eczanesi - apteki var, ordadır, amma siz oranı tapa bilməzsiniz. Ailəsini maşından düşürdü, göndərdi evə, dedi, buyurun, əyləşin, aparım sizi... Oturan kimi başladı ki, eveeet, demək, Sovetlər Birliyindən gəlmisiz... Bizim xain şairimiz də ordaydı. Soruşdum, kimi deyirsən? Cavab verdi ki, Nazim Hikməti... Dedim, saxla, getmirəm... Dedim, mən Nazim Hikməti çox yaxşı tanıyırdım, sizin fəxrinizdir, böyük şairdir, siz də deyirsiz, xain... Düşürdüm maşından, qoymadı. 27 il sonra baş tutacaq görüşü görmək istəyirdi, axı... Nə isə, könlümü aldı, gətirdi, məni aptekə... İçəri girən kimi Əşrəfi tanıdım – şəklini görmüşdüm... Baxdım ki, al-ver gedir, çəkilib bir qıraqda dayandım.

- Siz isə tamam dəyişmisiz...

- Əlbəttə. O, məni görəndə 11 yaşım vardı, artıq 39 yaşındaydım. Nəhayət, alıcı seyrəldi, yaxınlaşdım, dedim, Əli Turan, Vətəndən salamlar! “Xoş gəlmisiz” dedi, amma başa düşmədi, kiməm... Davam etdim - Bakıdan, dostlardan, qonşulardan salam gətirmişəm, qardaşım Əlikram da salam dedi... Heyrətləndi – Çingiz!!! Qucaqlaşdıq... Məni bura gətirən qonşu oğlan da kənarda dayanıb, baxır. Tez apteki boşaltdı, içəridəkilərə dedi – qapandıq bu günlük... Necə həyəcanlı idi... 27 il... Uzaqda qalan vətəndən gələn adam... İndi bilmir, məni harda oturtsun, necə qulluq eləsin... Aptek də balaca bir yerdi... Sizcə harda oturtdu?

- Öz yerində?

- Kassada... Aptekdəki ən hörmətli yerdə... (gülür) Ordan-burdan danışdıq. Dedim, Əli Turan, sənə bir söz demək istəyirəm, dedi, onsuz da gedirik evə, evdə rahat-rahat danışaq. Dedim, yox, indi deməliyəm. Onu maraq bürüdü - görəsən, nə məsələdir ki, mən bunu ona belə təcili demək istəyirəm? Dedi, buyur. Dedim, yadına gəlir, sən əsgər getməmişdən qabaq bizi Əli Bayramov klubuna kinoya apardın? Fikrə getdi... Dedi ki, vallah, əsgər getdim, o qədər ölüm-itim gördüm, yadıma sala bilmirəm... Dedim, bir qız da aparmışdın, yadına düşdü? Kinodan çıxanda sənin də dodaqların, onun da dodaqları qan içindəydi, gəlmişəm sənə deyəm ki, mən onda başa düşmüşdüm, niyə belədi.

Elə bilirdim güləcək, amma halı dəyişdi... Dedi, Çingiz, çox xahiş edirəm, biz indi evə gedəcəyik, bu haqda evdə bir kəlmə də danışma... Dedim, a kişi, o boyda “dəmir pərdə” var arada, 27 il keçib, üstündən... Dedi, sən bilmirsən, mənim elə bir qısqanc xanımım var, bunu eşitsə, günüm qara olacaq... Dedim, mən bu hadisəni danışmaq üçün o boyda yolu durub İstanbula gəlmişəm, elə bildim, güləcəksən, xatirələri yada salacaqsan, sən də deyirsən, danışma... Zarafat etdik, güldük bir az, gəldik, evə... Yolda öyrəndim ki, xanımı Osmanlı sultanının nəslindəndir, həm də əsilzadə olduğu üçün azərbaycanlılara, yəni sovet adamlarına bir az yuxarıdan aşağı baxmağı var. Əşrəf dedi ki, mən səni necə təqdim eləsəm, etiraz eləmə. Razılaşdıq. Xanımı bizi xoş üzlə qarşıladı, Əşrəf dedi ki, qonağımız mənim həmyerlimdir, görkəmli yazardır, akademikdir. Məni xeyli tərif elədi... Xanımı da açıq fikirli insan idi, çox gözəl söhbətimiz oldu. Kitabımı da aparmışdım.

Həmin gün Əşrəf mənə Məhəmməd Əmin Rəsulzadədən danışdı, sonrakı gün isə İstanbulda yaşayan 4 azərbaycanlı ilə görüşdürdü. Məlum oldu ki, onlar “legioner”dirlər və Əşrəf də, həmin 4 nəfər də Türkiyəyə Məhəmməd Əminlə bir yerdə qayıdıblar. Biz onda Rəsulzadə ilə bağlı heç nə bilmirdik. Onun haqqında mənə çox şeylər danışdılar. Əşrəf dedi ki, günlərin birində Məhəmməd Əmin bəyə sevinə-sevinə dedim ki, Trümen açıqlama verib, SSRİ qoşunları İrandan çıxır. Rəsulzadə kədərlə gülümsünüb dedi ki, sevinmək yox, ağlamaq lazımdır, rus qoşunları İranda qalsaydı, Şimali Azərbaycanla Cənubi Azərbaycan birləşə bilərdi.

O vaxt Səməd Vurğunun “Vaqif” dramı Azərbaycanda çox dəbdəydi. Azərbaycanda demək olar, bir neçə nəsil onu əzbər bilirdi. Legionerlər dedilər ki, onlar cəbhədə “Vaqif”i səhnələşdiribmişlər. O zaman kimsə deyibmiş ki, bu, Stalini tərənnüm edən şairin əsəridir, qadağan eləmək lazımdır, Məhəmməd Əmin imkan verməyib. Deyib, əksinə, əsər Stalini ifşa edir, Qacar işğalçının obrazıdır. Mən orda eşitdiyim söhbətləri sonradan “Doktor N” romanıma saldım. Belə... Zəngin təəssüratla gəldim, Türkiyədən... Sonra “Nazim Hikmətlə görüşlərim” adlı yol qeydləri yazdım. Sizə danışdığım əhvalatları orda ətraflı təsvir eləmişəm.

- Müstəqillik illərində bir türk şairi gəlmişdi Azərbaycana. Hansı görüşə gedirmiş, söhbət bir şəkildə Nazim Hikmətin üzərinə gəlirmiş. Axırda adam dözməyib deyib ki, Türkiyənin nə qədər böyük şairləri var, ancaq siz elə Nazimi tərifləyirsiz, nə böyük sevgi varmış sizdə bu Nazimə? Həmin məclisdə iştirak edən radionun Ədəbi Dram Verilişləri baş redaksiyasının baş redaktoru Mailə Muradxanlı ona cavab vermişdi ki, biz Nazimi kommunist olduğu üçün sevirik ki... Özümüzdə nə qədər desəz kommunist var, biz onu türk olduğu üçün sevirik...

- Əla... Nazim Azərbaycana da gəlirdi. Onda da tədbirlərin çoxu rus dilində olurdu. Nazim çıxırdı tribunaya, bir “əziz kardeşlerim” deyirdi, zal 1 saat alqış edirdi... 2 sözdən nə boyda həyəcan yaranırdı. Dil böyük faktordur. Azərbaycan ədəbi mühitinin həmin dönəmini İsa Hüseynov mənə göndərdiyi 10-dan çox məktubda çox gözəl təsvir edib. Biz dost idik, onunla... O vaxt bəlkə də o qədər fərqinə varmırdıq, ancaq bu gün oxuyanda görürsən ki, nələri yazıb, İsa... O, məndən başqa heç kimlə dərdləşmirdi.

- Görünür, sizdən başqa heç kimin obyektivliyinə inanmırmış...


- Ola bilər. O məktublar yalnız ədəbi mühitin yox, ümumiyyətlə, ölkədə gedən proseslərin dərin təhlilidir. Hüseyn Mehdinin ölümü ilə bağlı da mən çox maraqlı sənəd əldə etmişdim. O sənəd ayrıca bir əsər ola bilərdi. Axı, Mərkəzi Komitədə gedən müzakirələrdə Süleyman Rəhimovu, Məmməd Rahimi, Süleyman Rüstəmi, Nəbi Xəzrini onun ölümündə günahlandırırdılar... İntriqa o səviyyədə idi ki, hökmən onlardan biri ölməliydi. O zaman SSRİ Yazıçılar İttifaqının Milli Ədəbiyyatlar Komissiyasında çalışırdım. Məni bu məsələ ilə bağlı Bakıya ezam elədilər. Mir Cəlalla da söhbətimiz oldu, Mirzə İbrahimovla, Nəbi Xəzri ilə, İmran Qasımovla da görüşdüm. Çoxları bir şəkildə intriqa ilə məşğul idi. Bizim bir məsəlimiz var – igidin adını eşit, üzünü görmə...

Mən Azərbaycanda çoxlarının adını da eşitmişəm, üzünü də görmüşəm. Hamısı ürək sözlərini mənə deyirdi. Baxırdım ki, hamısı bir-birinə qarşı kompromat toplamaqla, intriqa yaratmaqla məşğuldur. Hamısı Sovet İttifaqına yaxalarına nişan taxılmaq üçün xidmət edirdi. “Xatirələr” əsərimdə Səməd Vurğuna bütöv bir bölmə həsr etmişəm. Adı “Şair, nə tez qocaldın sən”dir. Səməd 50 yaşında 80 yaşlı kimi görünürdü. Çünki 37-38-ci illərdə sözlə olsa da, hamını satmışdı. Orda yazmışam ki, Kommunist Partiyasının XX qurultayından sonra Səməd Vurğun xəstə olmasaydı, özünü öldürəcəkdi. Çünki istedadlı adamın elə bir “yük”lə yaşaması mümkün deyil. Səməd böyük istedad sahibi, böyük şair idi. Azərbaycan dilində onun qədər kim gözəl yaza bilirdi? Puşkin rus dilində necə gözəl yazırdısa, Səməd Vurğun da Azərbaycan dilində o cür gözəl yazırdı. O dönəmin üzdə olan şəxslərini yaxşı tanıdığım üçün mənə xatirə yazmaq çox çətindir. Yazsam, gərək, açıq yazam. Onda da çox adam inciyəcək, məndən... Yazıçı gərək, hər zaman ədalətli olsun, həqiqəti yazsın.

/Musavat.com, Aygün Muradxanlı/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.