Vurğun Əyyub - Elnaz Eyvazın Qadını minlərcə Azərbaycan qadınının birisi olsa da...

17.07.17

Xəzər Universitetinin dosenti Vurğun Əyyub şair-yazar Elnaz Eyvazın "Qadın" hekayəsini təhlil edir.
 
Azərbaycan ədəbiyyatı var olduğu uzun əsrlərdən bəri hər zaman qadına diqqət yetirmiş, şairlərimiz onu əsərlərin baş qəhrəmanlarından biri kimi seçmiş, gözəlliyini öymüş, sevgisini tərənnnüm etmiş, məşuqənin üzünü Məkkə bilmiş, qaşlarına qiblə deyib baş əymiş, səadətini, faciəsini qələmə almışlar.  XX əsrin əvvəllərindən başlayaraq romantik və realist ədəbiyyatımızda qadın mövzusu yeni bir məzmun qazanmış, müxtəlif yönlərdən bədii təsvir və təhlilin obyekti olmuşdur.  Yazıçılarımız  qadınların ictimai həyatda passivliyini, hüquqsuzluğunu, qarşılaşdığı faciələri əsərlərin baş mövzusuna çevirmişlər.  Bir çox əsərlərdə qadının xoşbəxtlik, ya faciəsi daha çox evlilik həyatı müstəvisində araşdırılmışdır.  Evlilik həyatının olduqca məhrəm, fərdi, intim cizgiləri ilə bənzərsiz olduğu hər kəsə bəllidir. Hər bir yazıçı bu aləmin dərinliklərinə öz baxış bucağından göz yetirmişdir. Elnaz Eyvaz da “Qadın” hekayəsində bu aləmə baş vurmuşdur. Bir qadının timsalında, bir ailənin gizli dünyasının sirlərində bir çox Azərbaycan ailəsinin, qadınlarının faciəsinə, problemlərinə işıq tutmaq istəmişdir. Yazıçı buna nə dərəcədə nail olmuşdur?
 
 Hekayədə əri tərəfindən söyülən, döyülən, təhqirlərə məruz qalan bir qadının ailə həyatı, yaşantıları, düşüncələri təsvir edilmişdir. Gəncliyində sevib ailə qurduğu ərini “həyatının ən böyük səhvi” hesab edən Qadının evlilik həyatında çəkdiyi əzablar, əri tərəfindən döyülməsi, təhqir edilməsi və onun bu vəziyyətdən çıxış yolları axtarması yazıçı tərəfindən nəql olunur. Ərini öldürmək dərəcəsinə belə çatdırılan Qadın sonunda baxdığı filmin təsiri altında ər qatili olmaq fikrindən daşınaraq, uşağını da götürüb evi tərk edir. Gördüyümüz kimi hekayənin məzmunu qısadır, hadisə baxımından “yoxsul”dur. Kompozisiya dağınıqdır, hekayənin süjeti fraqmental təsir bağışlayan xatirələrdən ibarətdir. Amma  bütün bunlar  yazıçının əvvəlcədən düşünülümüş bədii fəndi kimi görünməkdədir. Biz  “Qadın”ı hadisə hekayəsi yox, situasiya hekayəsi adlandıra bilərik. Müəllif qəhrəmanlarının tərcümeyi-hal faktlarına, demək olar ki, toxunmamışdır: nə peşənin sahibidirlər, şəhərlidirlər, ya kəndli, təhsillidirlər, ya yox,  ailə maddi baxımdan necə dolanır, nə işlə məşğuldurlar, gəlirləri, maddi ehtiyacları nədir? Bunlar  barədə hekayədə heç bir məlumat yoxdur. Bu üsulla yazıçı yəqin ki, qadın qəhrəmanının narazılığının heç də maddiyyatla bağlı olmadığını göstərmək istəmişdir.  Adətən, ailə mövzusunda yazılan hekayələrdə qısqanclıq hissləri, ərin, ya qadının  ailədənkənar sevgi macəraları konfiliktin əsasını təşkil edir. “Qadın”da bu da yoxdur. Aydınca görünür ki,   qəhrəmanlarının zahiri görkəmləri, onların ailə həyatından kənar  münasibətləri, cəmiyyət içərisində davranışları yazıçının məqsədlərinə daxil deyil. O, qəhrəmanlarının xarakterini, onların daxili dünyasını, qadınların qarşılaşdığı faciələri, yaşadıqları iztirabları yalnızca ailə münasibətləri  müstəvisində açmağa çalışmışdır...və buna, əsasən, nail ola bilmişdir.
 
Hekayədə qadını bütün istək və hərəkətlərində özünə tabe etmək istəyən, onu hər əmrinə tabe olan qul kimi görmək arzusuyla yaşayan bir ər təsvir olunmuşdur. Onun Qadına münasibəti olduqca qarmaqarışıqdır. Arvadını sevirmi? Deyəsən, yox... O sevgi bəxş edən yox, sevgi uman tiplərdəndir. Qadını qucaqlaması, ona qarşı duyduğu fiziki ehtiras, qadından ayrılmaq istəməməsi səmimi məhəbbət hissinin deyil, sadəcə, mənəmlik, sahibkarlıq hissinin, qadına bir əşya kimi yanaşmasının təzahürü kimi ortaya çıxır. Evə səhərə yaxın gəldikdə Qadının nigarançılıqla dolu “Hardasan” sualına cavabı onun xarakteri, arvadlna olan münasibətinin bariz nümunəsidir. “Hə, indi yadıma düşdü. Nə vaxt istərəm, onda da soruşaram, başa düşdün! Sən məndən soruşa bilməzsən hardan gəlirəm. Özüm bilərəm, hara istərəm gedərəm,  nə vaxt istərəm gələrəm! Qızam mən?  Gec gəlsəm nə olacaq, məni tutub zorlayacaqlar? Sən mənə göstəriş verəcəksən?”
    
O,  xəstə olduğu üçün yatağa uzanmaq istəyən arvadının hərəkətini belə özünə qarşı hörmətsizlik, qiyam kimi qiymətləndirərək gücünü, hökmünü şillələri ilə sübuta yetirir. Lakin bu ər heç də qanmaz deyil. Arvadının ona olan münasibətini, narazılığını qadının baxışından, səsinin tonundan belə hiss edir. Di gəl ki, qadına bir əşya kimi yanaşması onun arvadını daha dərindən duymasına, bir insan olaraq dəyərləndirməsinə mane olur. “Əri Qadının onu tərk edəcəyini düşünəndə özünü alçalmış hiss edir, hədə-qorxuları ilə özünü sığortalayıb, Qadını qabaqlamaq istəyirdi.” 
     
Elnaz Eyvazın Qadını minlərcə Azərbaycan qadınının birisi olsa da, yazıçı onu bir tip halına gətirmir, bunu qarşısına məqsəd qoymur. Nə ərin, nə də Qadının sosial həyatları, başqaları ilə münasibətləri haqqında da oxucuya hər hansı bilgi vermir. Təsadüfi deyil ki, müəllif nə Qadını, nə də ərini sosial bir mühit içərisində təsvir etmir, cəmiyyətlə münasibətlərinə toxunmur .  Müəllifi narahat edən, qayğılandıran cəmiyyət yox, fərd və onun taleyi, iztirablarıdır. O, öz Qadınını bir fərd olaraq bədii təsvir və təhlilin mərkəzinə çəkir. Lakin oxucu bu fərdin taleyində digər qadınların da taleyini görə bilir.
   
Müəllif qəhrəmanlarının xarakteri haqqında həm onların arasındakı dialoqlar, həm də özünün təhkiyəsi vasitəsi ilə təsəvvür yaradır.  Ər ilə qadın arasında gedən dialoqlar qısadır, əksəriyyəti bir cümlədən, hər cümləsi isə iki-üç sözdən ibarətdir. Bu dialoqlarda deyilənlər hər personajın xarakterinə uyğun sözlərdir, fərqli ritm, intonasiyadadır: kişinin sözləri sərt, amiranə, hökmlü, qadınınkı isə yumşaqdır, giley doludur, aydınlaşdırmaq, uyuşma tapmaq istəyini ifadə edir. Qadın evə qapanıb, qeyd etdiyimiz kimi, sosial bir həyatı yoxdur, əslində qonum-qonşudan da gizlənir, dörd divar arasında keçirir həyatını. Hətta  ərinin evə gec gəlib qapı döyməsini , qopartdığı mərəkəni, dava-dalaşı qonşuların bilməməsi, eşitməməsi üçün əlindən gələni edir. Ona görə də daha çox öz-özü ilə danışır. Duyğu, düşüncə və arzularını ürəyində gəzdirir, dilində gizlədir, xəyalları ilə baş-başa qalır. O, həyatını, çəkdiyi iztirabları kimsəyə anlatmır, kimsəylə fikir bölüşməsi yoxdur. Bir tək əridir ki, ondan da çəkinir, anlaşılmayacağından, əri tərəfindən təhqir ediləcəyindən qorxur. Qadının daxili dünyasını, yaşam tərzi və düşüncələrini təsvir, nəqletmə zəhmətini müəllif öz üzərinə götürür, bu  barədə daha çox yazıçının təhkiyəsindən məlumat alırıq.
    
Mürəkkəb bir mövzuda yazılsa da, hekayənin dili sadədir. Yazıçı  uzun-uzadı cümələlərə, təşbeh və mübaliğələrə yer verməmişdir.  “Saat beşə işləyirdi. Səhərin açılmasına az qalırdı. Ərindən hələ də səs-soraq yox idi. İşıqları söndürüb yatağına girdi. Yata bilməyəcəyini bilsə də, özünü məcbur etmək istədi. Bir xeyli o tərəf-bu tərəfə vurnuxdu. Yata bilmədi ki, bilmədi. Ayağa qalxıb xalatını əyninə keçirdi. Pəncərəyə yaxınlaşdı.”
      
Yazıçının təsvirlərində heç bir məcaz, heç bir ünsür zahiri bəzək-düzək üçün, süni ah-uf ab-havası yaratmaq, qadınının taleyi üçün göz yaşları tökdürmək, saxta emosionallıq naminə işlədilməmişdir.
    
Hekayə özündə bir povestin süjet, məzmun yükünü daşıya biləcək imkana malikdir: qadının gəncliyi, indiki əri ilə tanışlığı, sevgi macərası, münasibətlərinin mürəkkəbliyi, onu bu hala gətirib çıxaran hadisələr...amma müəllif  bunlardan imtina etmişdir. Lakin bu imtinadan hekayə müəyyən qədər uduzmuşdur. Bir zamanlar sevgi duyğuları içərisində ailə quran bu cütlüyün aralarındakı münasibətlərin gərginliyi oxucu üçün sirr olaraq qalır. Yazıçı ər ilə qadın arasındakı münasibətlərin mövcud anını, nəticələrini təsvir edir, münasibətlərin bu səviyyəyə çatmasının səbəblərini isə unudur. “O, hələ də bu adamla niyə evləndiyinin səbəbini aydınlaşdıra bilmirdi. Əvvəllər Qadına elə gəlirdi ki, onsuz yaşaya bilməz. Ancaq toylarından cəmi bircə həftə sonra həyatında ilk şilləni dadanda ağlamaq, qışqırmaq əvəzinə, sakit-sakit maraqla tavana baxıb gözünə görünən ulduzları izləyəndə səhvini anladı. Bəlkə də, Qadın onu sevmişdi, baş verənlərsə onun fikrilərini alt-üst edir, yanıldığını düşünməyə məcbur olurdu.” Qadının bu səbəbləri aydınlaşdıra bilməməsi yazıçıya haqq qazandırmır. Oxucu təbii olaraq bilmək istəyir ki, Qadının ərinə sevgisi nədən, niyə nifrətə çevrilmişdir? Ərin sevib evləndiyi, indi də biganə olmadığı qadınına bu ziddiyyətli, sərt münasibətinin psixoloji, real səbəbləri açılmadığından oxucu suallarına cavab tapa bilmir, bu isə hekayənin bədii təsir gücünü xeyli azaltmış olur. Düzdür, hekayədə buna işarəedəcək detallar var (ərin oğul arzusunda olması, əvəzində qız doğulması, qadının ondan boşanacağı əndişəsi və s.) , amma bunlar kifayət etmir. Ər ilə qadın arasındakı münasibətlərin soyuqluğu, bəzi hallarda isə sərt və amansızlığı daha inandırıcı bədii-psixoloji əsaslandırmalar,  həyati təsvirlər tələb edir. Yazıçı təfərrüat tələb olunan yerdə ştrixlərlə kifayətlənir, detallar lazım olan yerdə isə təfərrüata varır. Müəllif gələcək yaradıcılığında yaxşı tanış olduğu ailə həyatının gizlinlərinə, psixoloji-sosial tərəflərinə, ər-arvad münasibətlərinin daha dərinliyinə baş vursa, onların xarakterlərinin gözəgörünməz cəhətlərinə diqqət yetirsə, hərəkət və davranışlarını bədii- cəhətdən əsaslandırsa, daha maraqlı obrazlar yarada bilər. /xeber365.com/

Yenililklər
19.01.18
“Orfoqrafiya qaydalarının müzakirəsi adı altında Dilçilik İnstitutuna hücum etməyə lüzum yoxdur”
19.01.18
Rəşad Məcid: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”
19.01.18
Heydər Əliyev Mərkəzində Aleksey Beqovun fərdi sərgisinin açılışında iştirak edib
19.01.18
"Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib
19.01.18
“Yapı Kredi Yayınları” 5000-ci kitabını Nazim Hikmətə həsr edib
18.01.18
Çarlz Bukovskinin “Hollivud” romanı çap olunub
18.01.18
“İçərişəhər” qoruğu ədəbiyyat müsabiqəsi elan etdi
18.01.18
Yazıçı Nahid Hacızadə vəfat edib
18.01.18
Xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib
17.01.18
İsa Həbibəyli: Orfoqrafiya qaydalarının birmənalı qarşılanmaması bizim komissiyanı qətiyyən narahat etmir
17.01.18
Nizami Cəfərov - Böyük ədəbiyyat müəllimi
17.01.18
Anarın Türkiyədə yeni kitabı nəşr edilib.
16.01.18
Xuraman Hüseynzadə - Qatır Qulam
16.01.18
Şəhriyar - milli birlik və həmrəylik şairi kimi
16.01.18
Kaşqari mükafatı Serhat Kabaklıya verildi
16.01.18
“Qobustan” sənət toplusunun 2017-ci il üçün son nömrəsi çapdan çıxıb
15.01.18
Tramp öz haqqında yazılan "Od və qəzəb" kitabının müəllifini "psixi xəstə" adlandırıb
15.01.18
“Çölçü” filmi daha bir beynəlxalq mükafata layiq görülüb
08.01.18
Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək
01.01.18
Şərif Ağayarın hekayəsi - Qoluyox
29.12.17
Kitabevim.az-da 2017-ci ildə ən çox satılan kitablar
29.12.17
Gənc Tamaşaçılar Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir
29.12.17
Flora Qasımova və Rauf Babayev “Şöhrət” ordeni ilə təltif edilib
28.12.17
Rsm Qrc - Prosto. Rok-poeziya
28.12.17
Yaradıcı peşələrin sahibləri ən çox hansı çətinliklərlə qarşılaşırlar?
28.12.17
Qanun Nəşrlər Evində 2017-ci ildə nəşr olunan 100 kitab
27.12.17
“Ozan” elm və sənət toplusu nəşrə başladı
27.12.17
Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının II hissəsi Özbəkistanda çap edilib
27.12.17
Üçcildlik “Azərbaycan teatr ensiklopediyası”nın təqdimatı olub
26.12.17
Nəriman Əbdülrəhmanlıya “Şərəf” medalı verildi
26.12.17
Səxavət Sahil - Postmodern sənətin estetikası
25.12.17
Səlim Babullaoğlunun "Gedənin qalana dedikləri” kitabı İranda nəşr edildi
25.12.17
“Dünya ədəbiyyatı” dərgisi Moldova ədəbiyyatını təqdim edir
25.12.17
Ramil Əhməd - Tanpınar Mərkəzinin açılışı və Orxan Pamukla söhbət
22.12.17
“Mədəniyyət.AZ” jurnalının yeni sayı çap olunub
21.12.17
“Türkologiya” jurnalının 4-cü sayı nəşr olunub
21.12.17
Cəlil Cavanşir ədəbiyyatdan və yaradıcılıqda imtina etdiyini elan edib
21.12.17
“Dünyanın gizli ocağı: Vatikan” kitabı təqdim ediləcək
20.12.17
Vüsal Bağırlı - Tolstoy “Anna Karenina”nı necə yazdı?
20.12.17
Britaniyalı alimin məşhur əsəri ilk dəfə Azərbaycan dilində
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.