Musa Yaqub - “Qadınsız yaşamaq əzabdır...”
18.07.17

İsmayıllının Buynuz kəndinin ən hündür hasarlı, qırmızı kərpicli evinə gedirik. Şairin şeirlərini oxuya-oxuya getdiyimiz yol çardağında kitab abidəsi olan mənzildə bitəcək. O qapını indiyə kimi açıb  qonaq olan minlərcə insanın içində bəlkə də biz min birinciyik.

Taleyin işinə bax ki, onunla görüş günümüz fəslin ən uzun gününə təsadüf etmişdi.  Həm də xalqın şairinin hüzuruna yayın istisində aram-aram yağan yağışla, dağların arasına çəkilən dumanı seyr edə-edə gəlmişdik.

Buynuzun səsi göylərə çatan təbiətini həyatının ilham mənbəyi hesab edən, dağdağan ağacının göz qaytarmağı ilə uşaq kimi sevinən, səmimiyyətindən, qonaqpərvərliyindən, vicdanının təmizliyindən şübhələnmədiyimiz şair Musa Yaqubla söhbətləşəcəyik.

Həyat yoldaşının vəfatı ilə daha da qocalan, ömrün səksənində dilindən bir kəlmə də olsa giley-güzar çıxmayan bu şəxsiyyət Tanrının Azərbaycan torpağına bəxş etdiyi ən böyük nemətlərdən biridir. 

Musa Yaqub - Şahdağla Babadağ arasında qalıb birindən fərman, birindən nəsihət alıb iki dağ arasında qalandır.

İndiki uşaqların ağacları meyvəsinə görə tanıdığını deyəndir
Alaq, yalaq, salaq  adamların yandırdığı adamdır
Əhval-ruhiyyəsi də elə hava kimi olandır
Dünya evini darısqal bilib günahını, savabını qoltuğuna vurub  getmək istəyəndir

“Qafqazinfo” adını eşidən kimi dünyada ən gözəl guşənin onun üçün Qafqaz olduğunu deməklə başladı söhbətimiz

“Allah-təala torpaq cəhətdən bizi bəxtəvər yaradıb. Bu yurdun qədrini bilmək lazımdır.

Qafqaz özü bir allahdır enib bu yer üzünə

Biz bəndələr bacarmırıq hələ onu sevməyi

Əbülfəz müəllim bir zal vermədi

Təbiət nə boyda zal verib mənə

Mən istəyirəm ki, nə tədbirim varsa, elə burda, bu kənddə olsun. Çünki bu yurd mənim ədəbi qəhrəmanımdır. Bu meşələr, ağaclar, həyət-baca, palıdlar, Göyçay çayı, vələslər, cökələr ədəbi qəhrəmanlarım olduğum üçün onları ikinci həyat kimi qəbul edirəm. Bəzən deyirlər ki, Musa Yaqub təbiət şairidir. Mən bu adla fəxr edirəm. Mən ömründə otaqda şeir yazmamışam. Fikirləşə-fikirləşə, duyğulana-duyğulana şeirlərimi təbiətin ağuşunda yazmışam”

- Azərbaycan torpağının, təbiətinin gözəlliklərindən bəhs etdiniz. Çox şeyin olduğunu vurğuladınız. Bəs nələr çatmır, nələrin yoxluğu sizi narahat edir?

-  Qədirbilməyimiz qalsın bir yana, qədirbilənlərin qədrini bilsək, Vallah, ömrümüzə gün çatmaz bizim. Yəni torpağın qədrini bilmək lazımdır. Mən nə üçün torpağın ömrü üçün yanğılanıram? Burada vaxtilə Basqalın ayağında gözəl bir bağ salmışdılar. Sonra qərar verdilər ki, yerində üzüm bağı salınsın. İndi salıblar traktoru sahəyə, torpağı şumlayırlar. Armud ağacı da növbədə durub. Armud ağacı da hiss edir ki, onu qoparacaqlar. O elə əsirdi ki, mən onun bütün duyğularını hiss etdim. Axı məni əkmisiz, meyvə verirəm, indi niyə məni qoparırsız? Yaxşı, qopartdılar. Saldılar üzüm bağı. 5 ildən sonra dedilər ki, üzüm yox, bağ salmaq lazımdır. Ona görə narahatam ki, bu gözəlliklərdən biz ağıllı sürətdə istifadə edə bilmirik.

Qızıləhmədi almamız var. Çox dadlı, tərkibi dəmirlə zəngin olan almalardır. Bunu ləğv etdik, başqa yerdən almalar gətirib əkdik. O qızıləhmədilərin  hamısı xəstələndi. Çünki torpaq öz dilini bilir də. Biz torpağın səsinə qulaq asmırıq. Allahın verdiyini gərək saxlayaq.

İndi başqa söz deyəndə deyirlər ki, müxalifdir. Mən vəzifə, iş istəmirəm ki. Torpağın dilini bildiyim üçün deyirəm ki, yaxşı olsun. Mən çox narahatam ki, meşələrimizdə olan bəzi ağacların nəsli kəsilir. İsmayıllı yolu bir turizm yoludur. Bu çoxdan olmalı idi. Mən bunu qazanc kimi  də görmürəm. İndi sələm vermək müsəlmançılıqda haramdır. Amma İslam bankı da pulu sələminə verir. Yaxşı, bu olmadı ki?

-   Ömrün bu çağında da yenə hər gün təbiətlə, torpaqla vəhdətdəsiniz. Torpaqdan son sözünüzü almısınız?

-    Torpağın son sözü yoxdur. Torpağa biz sözümüzü deməliyik. Torpağı qazırsan, ama o sənə yenə gül verir.

    Əkən torpağına ruzi verəndir
    Doğma məzarlarla Vətəndir torpaq

Torpağın min dənə səsi var. O səslər hələ qurtarmayacaq, bitməyəcək.

-   Bu gün burda, ya da bizim gəldiyimiz Bakıdakı havanın ədəbiyyatdakı havadan fərqi varmı? Varsa, ədəbiyyatın bizi çəkdiyi yerdən çoxmu uzaqdayıq?

-    Vallah, mən o havanı ömründə bir-birindən ayırmamışam. Süleyman Rəhimov deyirdi ki, kənddə də yaşayıb yaratmaq olar. Ancaq gərək yaradıcı ab-havası ilə nəfəs alasan. Mən bir çox məşhur şeirlərimi elə Buynuzda yazmışam. İndi abu- havanın fərqi odur ki, burda elə meydanındasan, daha rahatdır, daha gözünün qabağındadır. Ancaq şəhərdə gərək o mühiti özün yaradasan. Sabir Rüstəmxanlı mənim haqqımda deyib ki, şəhərdə yaşayan şairlərin də şeirlərində güllər,  çiçəklər hər şey təsvir olunub. Ancaq onlar dibçək çiçəkləridir. Amma mən dibçək çiçəyi təsəvvür etmirəm.

-    Bizim də elə gəlişimiz yayın istisində qış kimidir. Yağışlı, dumanlı bir gündəyik.  Özünüzü necə hiss edirsiniz?

-    Hava neyləsin ki, ömürdür, qocalıqdır, bədən ağrıyır. Gərək dözəsən. Müəyyən əziyyətlər  bəlkə də insanın biologiyası ilə bağlıdır. Amma heç vaxt havanı günahlandırmaq olmaz. O vaxt deyirdilər ki, Büronun qərarıdır, belə olmalıdır. Deyərdik ki, yaxşı ki yağış büronun qərarı ilə deyil. Hava qərar qəbul etmir.

-    Bayaq qeyd etdiniz ki, insanda ağıl var, ancaq etməli olmayan şeylərə əl atır, təbiəti məhv edir, ağacları kəsir. Ağlımız olduğu halda, bir çox hallarda bizi yolumuzdan sapdıran, dönük edən, xəyanətə düçar edən, vicdansızlıq etdirən  ancaq nəfisdirmi?

-    Buna bir az cavab  vermək çətindir. Burada hər şəy ola bilər. Mənim bir “Daş” şeirim var:

Gördüm yol ayrıcında bu nə süfahi daşdı.
Yəqin yol gedən deyib daş yoldaşla adaşdı.
Dünyanın bir ucu toy,bir ucu da savaşdı,
İlahi, mən bu daşı götürüm,götürməyim?

Bir dərya sularında yüküm olacaq isə,
Bir səhra küləyində çəkim olacaq isə,
Şeytan üçün tüfəngim,cəngim olacaq isə,
İlahi, mən bu daşı götürüm,götürməyim?

Özümlə nə döyüşüm,özümlə nə vuruşum?
Burda köhnə izlərin cığırı ot,yeri şum,
Daha bu yoldan geri dönən yox ki soruşum,
İlahi, mən bu daşı götürüm,götürməyim?

Ömrümün sarayından gündə bir kərpic düşər,
Min belə kərpic düşə,torpağa nə güc düşər?
Ömrün karxanasında bəlkə bir az gec bişər,
İlahi, mən bu daşı götürüm,götürməyim?

Bax, münasibət belədir. Çətindir bu suala cavab vermək.  Poeziya dili ilə bacardığım cavabı verdim.

-    Dünyada savaşlar gedir. Biz o savaşlardan kənardayıq. Ancaq bizim də öz savaşımız var, hələ başlamasaq da. Sizin ruhunuzu o savaşlar nə dərəcədə narahat edir?

-    İndiki halda məni elə ən çox həyəcanlandıran bu işlərdir. Xaqani 900 yüz il əvvəl bu dağlarda yaşayıb. Axırda İraqa gedib çıxıb.

Biz ədl sarayıykən zülm ilə xarab olduq,
Zalımlar olan qəsrə gör neyləyəcək dövran?

İndi də elə bilirəm ki, o gündür. Xaqani durub Suriyanın, Misirin halına yanır. O boyda Misir ehramlarının hələ sirrini aça bilməmişik, amma bir-birimizi qırırıq. Müsəlman müsəlmanın başını kəsir. Bunlar mənə çox dəhşətli şəkildə təsir edir. Çünki Peyğəmbərin özü deyir ki, cənnət ananın ayaqları altındadır. Biz də anaları azad edə bilmədik ki, cənnəti ala bilək. Amma cəhənnəmi özümüz yaradırıq. Günahlarla, tamahlarla, silahlarla. Bu qədər kitabdan, əzabdan, sözdən, Qurandan, nəsihətdən yenə o kinlər, qəzəblər böyüyür. Yol axtarırlar adam öldürməyə. Pilotsuz təyyarə getsin, filan yurdu məhv etsin.

İndi insan ancaq silahla, mənəm-mənəmliklə fəxr edir. Ancaq dünyada mənəm-mənəmlikdən dəhşətli şey yoxdur. İnsan dünyada hər şeydən müqəddəsdir.  Məsələn, keçirik qəbirstanlıqdan, baxırıq əzizlərimizin məzarına kədərlənirik. Ayrılandan sonra hər şey yadımızdan çıxır. Təki çıxsın, çıxmasa o hisslə yaşamaq olmaz. Amma heç olmasa biləsin ki, bu dünyanın qədri-qiyməti var.

Vallah, çörək xətrinə yaşamaq olmur. Gərək haqq sözünü deyəsən. Deyəndə də adamı aparıb salırlar zindana. Mən indi də Xaqani haqqında əsər yazmaq istəyirəm. “Xaqaninin ikinci gəlişi” 
Deyirlər ki, Xaqani fars şairidir. Fars şairidirsə, Təbrizə niyə ana deyir?
Deyir Şirvan mənim yurdumdur, amma Təbriz anamdır

Üstündən 900 il keçib. Ümid edirdim ki, Təbrizdə ana dilimiz qanadlanacaq. Amma yenə həmin şeydir. 

Bu döyüşlərin hamısı insanın hiyləsindən doğur. Bizim dağlarda beş-altı kənd var. Hərəsi də ayrı dillərdə danışır. Amma ömründə mən bunların arasında iğtişaş görməmişəm. Multikulturalizm balaca sözdür. Mən  onlara dedim ki, bu kultu siz yaratmamısınız. Siz deyin ki, bunu biz yaratmamışıq, onu qoruyaq. Yoxsa ki, sən nə vaxt gedib dağlarda təbliğat aparmısan ? Təbiət o dərsi deyib. Kulturalizmi insanın özü, təbiət yaradır. Multikulturalizmi bu dağlar yaradıb. İndi gözləyirlər ki, kəndirin başı düşüb  Səddamın boğazından, indi nə vaxt Buşa gedib çatacaq, ədalət harada bərpa olunacaq Allah bilir. Ədalət, azadlıq xoşbəxtlik bütün insanlar üçün eynidir. Hərə öz azadlığını qorumaq istəyir.

-    Sizinlə yarım saatdan çoxdur ki, söhbətləşirik. Mən öz-özümə sual edirəm ki, bu həyatda kimdən qorxmaq olar? Öz şeirinə, sənətinə  bu qədər sevgi qatan insanlardan qorxmaq lazımdır.  Çünki siz şeirə aşiqsiz. Şeir də sizin daimi evliliyinizdir...

-    Poeziya bir möcüzədir. İnsan nəfsi, sözü əsas sayır. Allah da sözə böyük məna verir. Söz birincidir. Poeziya başqa şeydir. Hər adama o verilmir. Sözü hər adam danışır, ancaq poeziya dili ilə az adamlar danışır. Çünki poeziyanın özünün qanunları var. Sözə gərək təbii rəng vurasan.

Əzizim, baxtı yarım, baxtımın taxtı yarım
Üzündə göz izi var, Sənə kim baxdı yarım?

Belə dil olar? Poetik söz bax budur. Mən oturub öz hissimlə, duyğumla şeirimi yazıram. Vallah kövrəlirəm, ağlayan vaxtım da olur. Görmüşəm ki, tənhayam, bəzi şeylər ürəyimdən deyil. Amma poeziya olmasa yaşamaq çətindir.

-    Evlilikdən söz düşmüşkən, bir məqamı xatırladım. Eduardo Galeano “Qucaqlaşma Kitabı” adlı əsərində deyir ki, bir qadının yanında uyumaq bir uçurumun kənarında uyumağa bənzəyir. Sizin də bu cür hisslər keçirdiyiniz anlar olub?

-    Vallah, o, uçurumu görür, mən isə elə görmürəm. Mən bir qadının yanında uyuyarkən onun hissini, duyğusunu, qucağını görürəm. Mənim uçurumda nə işim var?

-    Həyat yoldaşınız vəfat edib, onu necə xatırlayırsınız?

-    Mən əvvəllər məhəbbət şeirləri çox yazırdım. İndi də yazıram. Mən məhəbbət şeiri yazanda o heç vaxt gileylənməzdi. Çoxları deyirdi ki, bax, filankəsə şeir yazıb. Düzdür, məhəbbət şeirlərinin obyektləri var, amma bütöv deyil. Bunları deyəndən sonra dedi ki, deyəsən, heç mənə şeir yazmamısan. Dedim, yox,  Vallah, yazmamışam. Amma sonradan mən ona bir şeir yazdım. O gedəndən sonra mən hiss etdim ki, ona çox şeirlər yazmışam.

Məni yazan kimdir, məni pozan kim
İndi sən ağ donlu bir ağ mələksən
Dünyanın bəxtəvər adamısan ki
Mənim ölməyimi görməyəcəksən

-    Həmişə deyirlər ki, insana həyat yoldaşı qocalanda daha çox lazımdır...

-    Bunu çox yaxşı deyirlər. Düzdür, ömrün hər çağında lazımdır. Qocalanda o mənada ki, onun əlindən tutsun, kömək etsin, nazına dözsün. Çox şeylər var ki, adam gəlinə, qıza deyə bilmir. Həyat yoldaşı qədər insana doğma olan kimsə yoxdur. Bunu da Allah-təala yaradır. Yad bir adam sənə bu qədər doğma olur.Heç  bacına o qədər etibar etməzsən ki, qadına edirsən. O da həyatın böyük bir nemətidir. Yad bir adamın birdən-birə doğmalaşması dəhşətdir.

-    İndi deyəcəm ki, “şair nə tez qocaldın sən?” Deyəcəksiniz ki, ömrün səksənindəyəm. Amma insan bir valideynlərinin, bir də sevdiklərin və dəyər verdiklərinin qocalmasını heç istəmir. Siz də Azərbaycan üçün müstəsna şəxsiyyətlərdənsiniz ki, sizi qocalan görmək heç istəməzdik. Həm də həyat yoldaşınızın vəfatından sonra sanki daha da qocaldınız...

-    Təəssüflər olsun ki, bəzən bir yerdə ölmək mümkün deyil. Ancaq qadın  üçün yaşamaq nisbətən asandır. Kişi üçün isə ömrünün axırında qadınsız yaşamaq bir az əzabdır. Həyat yoldaşına elədiyin nazı heç kəs götürməz.  O nazı ancaq həyat yoldaşına edə bilərsən. O mənada insan tənhalaşır. Deyirsən ki, bu qədər əziyyət çəkmişəm, gəlin də, qız da, oğul da belə. O şirinliyi vermir. Bəlkə də Allah onu yaddan doğma yaratdığı üçün belədir. Çünki ona əziyyət çox çəkməmisən. Düzdür, indi mən şikayətçi deyiləm. Nə gəlindən, nə də qızdan gileylənirəm. Amma neynəyim, gileylənib nağaracam? (gülür) Çox çətindir, danışılası deyil. O da mənim kimi təbiətdən anlayırdı. Mən indi uşaqları meşələrə aparıram. Uşaqlar bir dənə ağacın adını bilmir. İndi hamısı meyvəsinə görə baxır, meyvə yoxdursa baxmırlar. Deməli, o da bir iqtisadiyyatdır. Ona görə də şeir, söz maddiləşib.  Necə ki insan bədəni yeməyə möhtacdır, ruh da axı möhtacdır.

-    Ondan ötrü çox darıxıb hönkürərək ağladınız  məqamlar olubmu?

-    Hönkürtülü ağlamamışam. Amma mənim çox sevdiyim dostlarım olub. Məsələn, dostum Xalid öləndə hönkür-hönkür ağlamışam. Xalid, Rəhim, Oğuz biz dost idik. Biz evlənən vaxtı şərt qoymuşduq ki, gərək bizim yoldaşlarımız gələn-gedənə qulluq etsin. Bu adamı niyə evə gətirdin deməsin. İndi də evim gəlimli-gedimlidir. Məni tək qoymurlar. Gələnə də gərək qulluq edəsən. Bu da işdir. İndi mənim evdə atam olmadığı üçün bizim evə daha çox yığılardıq. Anam da həmişə şikayət edirdi ki, “a bala, evlən, dostlarını yola sal, vallah mən  bacarmıram”. İndi ona görə də biz qərar verdik ki, eləsi ilə evlənək ki, bizə deməsin ki, filankəsi niyə evə gətirmisən? Doğrudan da bizə beləsi qismət oldu. Ömründə bizə kim gəlib gedibsə onun alnının qırışını görməmişəm.
Bundan əlavə, mən indi yoldaşım üçün ağlaya bilmərəm axı, ayıbdır. Ümumiyyətlə isə ağlamaq olmaz. Ağlayanda da öz ürəyində ağlasan yaxşıdır. 

-    İndi şair dostlardan kim gəlib gedir? Kimlərlə sonuncu dəfə danışmısız?

-    Mən hamısı ilə yaxınam. Son vaxtlar Sabir Rüstəmxanlı, Əjdər Ol, Ramiz Rövşən, Rafiq Əliyevlə danışmışam. Bütün Azərbaycanda hər gün heç olmasa 3-4  kampaniya mənə zəng edir. Özü də məclis qururlar, şeir deyirlər. Şeir deyəndə yada düşürəm. Bir az da vurub keflənirlər. Qubadan, xüsusilə də Lənkəran, Neftçala, Qəbələ tərəfdən mənə çox zəng vururlar.

-    Bölgələrdən gələn zəngləri cavanlar edir? Çünki son   vaxtlar şeirə maraq azalıb, hamı əsər oxuyur...

-    Mənim 80 illiyimi keçirtdilər. Ondan qabaq mənə 3-4 dəstə tanımadığım adamlar zəng etmişdilər.  28 aprel küçəsində bir yer var. Ora məni gənclər dəvət ediblər. Bu saat gənclər daha çox maraqlanır. Mən buna sevinirəm. Gənclər yaşlılardam daha duyğuludur. Deyirlər ki, ədəbiyyatımız davam etmir, şeir zəifləyib. Elə şey yoxdur. Bir az təbliğatmız yoxdur. Yol qırağında bakkuş satmağa icazə verirlər, amma kitab satmağa qoymurlar. Bütün mağazalar bağlanıb.

-    Azərbaycanda adətən tendensiya belədir ki, insanlar cavan vaxtı gəzir, yeyir, içir, qocalanda isə ibadət etmək yadına düşür. İçinə  qorxu hissi düşür. Bununla bağlı fikirləriniz nədir?

-    Bu adət halını alıb. Amma Vallah bu düz deyil. Əgər sən Allahı sevirsənsə, cavanlıqda sev. Niyə, Allah cavanın səsini eşitmək istəmir? Mənim nəvəm namaz qılır, oruc tutur. Mən də vaxtilə oruc tutmuşam. Amma indi dərman atıram.

-    Nə dərmanları atırsız?

-    Mən indi əsəbə qarşı beyin dərmanları atıram. Beyin hüceyrələri ilə məşğul olan məşhur türk alimi var. Amerikada da məşhurdur. Tale elə gətirdi ki, mən Türkiyədə əməliyyat oldum. Məndə əsəbilik yarandığı üçün bir dərman verdilər. Pankinsona qarşı. O dərmandan istifadə etdim. Sonra eşitdim ki, bizim özəl klinikaların birinə həmin Əli həkim gəlib. Onun qəbuluna girdim. Mənə dərman yazdım. Bir aydan sonra yenə qəbuluna getdim. Mən də istədim ki, onun haqqını verim. Neynədimsə, məndən pul almadı. Dedi ki, biz sənətkardan pul almırıq, təki onlar yaşasın. 5 ildir o məni müalicə edir. Ona bir dəfə  kitabımı hədiyyə vermişəm. Düzdür, bəzi yerlərdə də hörmət edirlər.

-    Azərbaycanda bir neçə il sənətdə, ədəbiyyatda  olanlar dövlətin verdiyi imtiyazlardan yararlanmağa çalışırlar. Məsələn, jurnalistlərə ev tikib verirlər, bu dəqiqə evin üstündə qırğındır. Fəxri adların üstündə kollektivlərdən uzaqlaşırlar. Amma siz bu məsələlərdən həmişə uzaqda dayanmısınız. Heç xalq şairi titulunuz da yoxdur...

-    Mənim o adım yoxdur, amma həmişə mətbuatda  xalq şairi yazırlar. “Xalqın şairi” deyirlər. Ad  niyə lazımdır e? Qardaş, ad sənin şeirindir. Ad vermək ədəbiyyata mane olur. Çünki ədəbiyyatı, ədəbiyyatçılar, xalq özü yaxşı duyur. Dövlətin vaxtı yoxdur. O da başqasının sözüylə deyir. Müstəqillik dövrümüzün ilkində ad söhbəti yox idi. Vallah, mənə  ad lazım deyil. Ad almaq paydır pay, Dövlət pay verir. Pay üçün yalvarar heç adam? Amma indiki zamanda yazıçı əməyi qədər ucuz nəsə yoxdur. İndi mən bu kitabı yığıram, özüm kompyuterdə yaza bilmirəm, mənim üçün yazırlar. Aparıb nəşriyyata verirəm. Yaxşı nəşriyyatçı dostlarım var. Son kitabımı “Avciya” prezidenti Elxan Süleymanov çap etdirib, bütün xərcini də o çəkib. Çap edib gətirib verirlər, mən heç kəsə kitab satan deyiləm. İndi kitabın satışında struktur da yoxdur.

-    Mənə maraqlıdır ki, niyə bütün şairlər kamana ayrılıq nəğməsi çaldırır? Tar o nəğməni çalsa necə olardı?

-    Ayrılıq nəğməsini hamısı çalır, o heç. Qaboy da, saz da çalır. Ancaq hər musiqi alətinin qəribə səsi, taleyi var. O xətt onu yaşadır. Qoy bütün simlər ağ olsun  da, niyə ona sarı sim qoyurlar? Onun sarı simi taledir. Ona görə də kamanda daha yaxşı çıxır.

-    Sizinlə söhbətimizə bir final nöqtəsi qoyaq. “Nəsimi” kinosunda  sevgilisi ölümə gedərkən şairdən onu vəsf etməsini istəyir.  İndi siz də hesab edin ki, mən Azərbayacanam və 80 yaşlı şairdən Azərbaycanı vəsf etməsini istəyirəm. Nə deyərdiz?

-    Mən ömrü boyu bu torpağa vəsf eləmişəm. Amma torpaq mənə deməz ki, vəsf elə. Vəsf etməkdə bir tərifnamə var. Torpaq mənə deyər ki, daha çox onu duyum.

Bəlkə də borcundan çıxmadım, Vətən
Ömür bahar deyil, bir də qayıtsın
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpaq da artsın!

Mən heç vaxt onun borcundan çıxa bilməyəcəm.
Torpağı əvvəldən axıra kimi vəsf etmək lazımdır. Bizim yerlər çox gözəl yerlərdir.

Burda hər meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.

Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçağı vardır.

Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı,
Caynaqlı hər daşın bir buz bulağı,
Burda hər bulağın qonağı vardır,
Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır!!!

 Mən Azərbaycan torpağını belə vəsf etmişəm. Nə qədər imkanın varsa vəsf də edəcəm.

 P.S  Əksər görüşlərin sonu hüznlə bitir. Şair Musa Yaqubla görüşdən sonra onunla sağollaşarkən çöhrəsində gördüyüm hüznü bir də heç vaxt heç kimdə görməyəcəm.

/qafqazinfo.az/

Yenililklər
23.11.17
“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb
22.11.17
Daşkənd Dövlət Universitetində Nizami Dostluq Mərkəzi yaradılacaq
22.11.17
Rüstəm Behrudinin imza günü keçiriləcək
21.11.17
Mehriban Vəzirin romanı çap olunub
21.11.17
Azərbaycanlı alimlər Çində keçirilən beynəlxalq simpoziumda
21.11.17
Şərif Ağayardan yeni roman gəlir
21.11.17
Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilən kitabı Los-Ancelesdə təqdim olunub
21.11.17
Emin Sabitoğlunun 80 illik yubileyi qeyd ediləcək
20.11.17
Haydar Ergülen - Səsin yayda qalsın sinifdə qalmış bir uşaq kimi
20.11.17
“Azərbaycan” jurnalının noyabr sayı
17.11.17
Antonio Tabukki - Yuxular. Tuluz-Lotrek - Pessoa
17.11.17
İkicildlik “Dünya dramaturgiyası antologiyası” nəşr olundu
17.11.17
““525-ci qəzet” dünənin və bu günün olduğu kimi, gələcəyin də qəzetidir” - Yubiley MÜSAHİBƏSİ
17.11.17
Səməd Ağaoğlunun “Sovet Rusiya İmperiyası” kitabı çap olunub
16.11.17
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
16.11.17
İradə Tuncay: “Atamın ölümünü təsdiq etmək üçün 24 “şirvan” istədilər”
16.11.17
Təranə Məhərrəmova - Dilimizi necə sevək?
15.11.17
"Ədəbi proses"in dördüncü toplusu çap olunub
14.11.17
İsa Həbibbəyli - Ortaq yazılı ədəbiyyat mərhələsia
14.11.17
Xətainin ana dilində şeirləri tapılıb
13.11.17
"Ana layla"sı ilə dünyanı ağladan, qarmonuyla İrana qarşı savaşan Rəhman Əsədullahi kimdir? - FOTOLAR
13.11.17
Elmira Axundova: "Gənc yazarlara maliyyə ayırmaq lazımdır"
13.11.17
Taleh Eminoğlu - O qədər yorğunam ki unutmuşam hamını
13.11.17
Bakıda “Almaniya bir rəssamın gözü ilə” sərgisi açılacaq
13.11.17
“Türkologiya” impakt faktor statusu qazanıb
10.11.17
Aqata Kristinin “Lord Ecverin Ölümü” çap olunub
10.11.17
Nəsimi ardıcılı Heyrətinin divanının yeni tapılmış əlyazma nüsxəsi barədə qeydlər
10.11.17
Azərbaycan-Moldova ədəbi əlaqələrində mühüm yenilik
10.11.17
Mübariz Örən: “O kitabı oxuyanda dəli oldum” - MÜSAHİBƏ
10.11.17
Antonio Tabukki - Yuxular. Çexov - Debüssi
08.11.17
Fərid Hüseynin Amerikada kitabı çıxıb
08.11.17
Dünyanı velosipedlə dolaşan "mama uşağı" Bakıda – REPORTAJ
07.11.17
"İkinci pərdə" filminin təqdimatı keçirilib
07.11.17
Qanun Nəşrlər Evinin oktyabrda ən çox satılan kitabları
06.11.17
Elçin - Söz azadlığı tənqidimizə nə verib?
06.11.17
Ərəb yazıçı Yusif Əzizi AYB sədri Anarla görüşdü
06.11.17
Azərbaycana aid nəşrlər 36-cı Beynəlxalq kitab sərgisində nümayiş etdirilir
03.11.17
Ülvi Babasoy - Yaşamaq sənəti
03.11.17
İlqar Əlfi - Rüşvət alınır, yoxsa verilir?
03.11.17
“Yarımçıq əlyazma” Yaponiyada çap edildi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.