Sevinc Zeynalova - M.F.Axundzadə və Avropa mədəniyyəti
09.10.17

Böyük  mütəfəkkir  və  yorulmaz  maarifçi  -  demokrat  M.F.Axundzadənin  yaradıcılığına  çeşidli  monoqrafiyalar  və  elmi  -  nəzəri  məqalələr  həsr  edilsə  də,  onun  Qərblə  ədəbi-mədəni    ilişgiləri    bizim  ədəbiyyatşünaslıqda  hələ  kifayət  qədər    araşdırılmayıb.
1859-cu  ildə  Tiflisdə  "Qafqaz"  qəzetinin  mətbəəsində    M.F.Axundzadənin    "Təmsilat"ı  çapdan  çıxdı.
Bu  kitaba  dramaturqun  1850  -  1855  -  ci  illərdə    yazdığı  altı  məşhur  komediyası    və  "Aldanmış  kəvakib"  povesti  daxil  idi.  Onun  dramaturgiya  janrına  müraciəti  də  təsadüfi  deyildi.  Çünki  ədibə  görə    "millət  üçün  faydalı  və  oxucuların  zövqü  üçün  rəğbətli  olan  əsər  drama  və  romandır".
XIX  əsrin  40-50-ci  illərində  Tiflis  ədəbi  mühiti,  bütövlükdə  Qərb  mədəniyyətinə  marağın  artması  M.F.Axundzadənin  dramaturgiyaya  müraciətində  müəyyən  rol  oynamışdı.  Dramaturqun  rus  dilində  çapdan  çıxan  komediyalar  kitabı  Qafqazda   və  Rusiyada    yayılaraq  müəllifinə  böyük  hörmət  qazandırdı.
Rusiyada    yayılaraq  müəllifinə  böyük  hörmət  qazandırdı.
Məlum  olduğu  kimi    M.F.Axundzadə  öz  yaradıcılığında  həmişə  Avropa  maarifçiliyinə  böyük  önəm  vermişdir.  Oğlu  Rəşid  bəy  də  Tiflis  klassik  gimnaziyasını  bitirdikdən  sonra  təhsilini  Belçıkada  Brüssel  Universitetində  davam  etdirmişdir.  M.F.Axundzadənin  ən  böyük  arzularından  biri  də  oğlu  Rəşidin  Avropada  təhsil  almasına,  Qərb  mədəniyyətinə  yiyələnməsinə  nail  olması  idi.  M.F.Axundzadənin  Brüsseldə  təhsil  alan  oğlu  Rəşidə  ünvanladığı    məktublardan  söz  açan  professor  Vilayət  Quliyev  yazmışdır:  "Məktublar  Axundovlar  ailəsindəki  öz  dövrünə  görə  yüksək  intellektual  mühit,  ata  ilə  oğul  arasındakı  səmimi  fikir  birliyi  və  əməkdaşlıq,  bu  ailənin  dostları,  yaxınları,  problemləri,  qayğıları  barəsində  geniş    və  hərtərəfli  təsəvvür  yaradır.  Rəşidin  atasının  suallarına  verdiyi  geniş,  əhatəli  cavablar,  onun  əsərlərinin  Avropa  dillərinə  tərcüməsi  və  Avropa  teatrlarında  tamaşaya  qoyulması  ilə  bağlı  göstərdiyi  səylər  "Kəmalüddövlə  məktubları  "  nın  taleyi  ilə  dönə  -  dönə  maraqlanması,  habelə  Mirzə  Fətəlinin  tapşırığı  ilə  fransız  dilində  bir  sıra  əsərləri,  o  cümlədən  Şarl  Mismerin  əlifba  islahatı  ilə  bağlı  məqaləsini  tərcümə  etməsi  və  s.  həmin  fikir  birliyi  və  intellektual  əməkdaşlığın  bariz  nümunələridir."  Rəşid  bəyin  ingilis  tədqiqatçısı  Samuel  Beykerin      Asiyaya  və    Afrikaya  elmi  ekspedisiyaları  haqqında  atasına  yazdığı  tarixi  göstərilməyən  məktubu  orijinal  elmi  tutumu  ilə  seçilir.
M.F.Axundzadənin    zəngin    arxiv    materiallarından  məlum  olur  ki,  Mirzə  Kazımbəyə  akademik  B.A.Dorna,  görkəmli  fransız  şərqşünası  Qarsen  de  Fassiyə  məktublar  yazmışdır.  Sankt  -  Peterburq  universitetinin  professoru,  görkəmli  şərqşünas    O.I.Senkovski  yazmış  və  "Biblioteka  dlə  çteniya"  jurnalında  M.F.Axundzadənin  yaradıcılığından  bəhs  edən  məqalə  çap  etdirmişdir.  Sonralar  o,  dramaturqun  "Müsyö  Jordan  və  Dərviş  Məstəli  şah"  pyesinin  tamaşaya  qoyulmasının  təşəbbüskarı  olmuşdur.
Öz  şüurlu  həyatını  xalqın  maarifinə,  mədəniyyətinə  və  tərəqqisinə  həsr    edən  M.F.Axundzadə  dünya  ədəbi-  bədii  fikrinə  dərindən  bələd  idi.  Məhz    bu  səbəbdən  də  o,  rus  və  Avropa  şərqşünaslıq  elminin  nailiyyətləri    və  görkəmli  şəxsiyyətləri  ilə  mütəmadi  maraqlanır,  bəziləri    ilə  (N.F.Dubrovin,  A.P.Berje  və  s.)  ünsiyyət  yaradaraq  əməkdaşlıq  edirdi.  Xalq  yazıçısı  Elçin  yazırdı:  "Axundovun  "avropaçılığı",    hərgah  belə  demək  mümkünsə,    milli  "avropaçılıq  "  idi.      Mirzə  Fətəli  milli  zəmindən  ayrılmamaq,    milli  mədəniyyətə,  milli  təfəkkür  tərzinə,  milli  psixologiyaya  və  milli  problematikaya    yaxından  bələd  olmaq  şərtilə  böyük  rus  mədəniyyətinə,  böyük  Avropa  mədəniyyətinə  yiyələnməyə  çağırırdı.  Mirzə  Fətəli  yaxından  bələd  olduğu    Şekspir,  Molyer,  Qoqol  ənənələrindən  ruhlanmış,  bu  ənənələri  ümumazərbaycan  ədəbiyyatı,  mədəniyyəti  kontekstində,  Azərbaycan  problematikası,  Azərbaycan  güzəranı  daxilində  inkişaf  etdirmiş  və  həmin  komediyaların  dərin  mündərəcəsi  və  kamil  poetikası  bütün  "Qərb  aləmini  heyrətə  gətirmişdir  ".
M.F.Axundov  1850-1855-ci  illər  arasında  yazdığı  klassik  komediyaları  ilə  Azərbaycanda  və  Yaxın  Şərqdə  rus  və  Qərbi  Avropa  dramaturgiyası  səpkisində  yeni,  realist  dramaturgiyanın  əsasını  qoydu,  teatrın  gələcək  inkişafı  üçün  real  zəmin  yaratdı.  O,  1857-ci  ildə  qələmə  aldığı  "Aldanmış  kəvakib"  əsəri  ilə  Azərbaycan  ədəbiyyatı  tarixində  daha  yeni  bir  səhifə  açaraq  realist  nəsrimizin  banisi  oldu  və  ədəbiyyatımıza  povest  janrını  gətirdi.
Səməd  Vurğun  "M.F.Axundov  bizimlədir"  məqaləsində    yazırdı:  "M.F.Axundovun  materialist  dünyagörüşünün  təşəkkülündə,  onun  bədii  yaradıcılığının  və  estetik  görüşlərinin  inkişafında  misilsiz  və  tarixi  bir  rol  oynamış  böyük  bir  amili,  XIX  əsr  böyük  rus  mədəniyyətinin,  o  vaxtkı  qabaqcıl,  inqilabi  və  demokratik  ideyaların  müsbət  təsirini  xüsusi  olaraq,  həm  də  dərin  bir  minnətdarlıq  hissilə  qeyd  etmək  lazımdır.  Biz  bu  gün  Axundovun  ölümünün  75  illiyini  qeyd  etdiyimiz  vaxtda  Azərbaycan  xalqının  ictimai  və  bədii  şüur  tarixində  misilsiz  rol  oynamış  rus  mədəniyyətinin  ölməz  simaları  olan  Belinskini,  Puşkini,  Çernışevskini,  Dobrolyubovu  və  başqalarını  böyük  bir  minnətdarlıq  hissilə  yad  edirik".  Rus  və  Avropa  ədəbiyyatını  öyrənib  onlardan  nümunə  götürmək  yolu  ilə  gedən  M.F.Axundov  və  onun  ardıcıllarının  (N.Vəzirov,  Ə.Haqverdiyev,  C.Məmmədquluzadə,  N.Nərimanov  və  b.)  simasında  meydana  çıxmış  maarifçi-realist  ədəbiyyat  tənqidi  mahiyyət  daşıyırdı.  Bu  ədəbiyyat  öz  tənqid  silahını  feodal-patriarxal  münasibətlərin  hökm  sürdüyü  ictimai  quruluşa  və  onun  köhnəlmiş  qayda-qanunlarına  qarşı  çevirmişdi;  onun  məqsədi  ictimai  inkişafa  mane  olan  əngəlləri  aradan  qaldırmaq,  xalq  kütlələrinin  feodalizm  buxovlarından  azad  olmasına  kömək  etmək  idi.  Bu  dövrdə  feodalizmin  çürümə  prosesinin  şiddətlənməsilə  əlaqədar  olaraq  Azərbaycanda  maarifçilik  dünyagörüşü  və  ədəbiyyatı  təşəkkülə  başlamışdı.  Maarifçilik  geniş  mənada  xalqı  maarifləndirmək,  xalq  kütlələri  içərisində  mədəniyyəti,  elmi,  sənəti  yaymaq,  xalqı  cəhalətdən  azad  etmək  deməkdir.  Lakin  "maarifçilik"  istilahının  bundan  başqa  da  bir  mənası  var.  Maarifçilik,  eyni  zamanda  təhkimçiliyi,  feodalizm  quruluşunu  və  onun  ictimai-iqtisadi  normalarıını,  siyasi  təsirlərini,  məfkurəvi-mədəni  ağalığını  ləğv  etmək  uğrunda  aparılan  mübariz  bir  hərəkatdır.  Azərbaycan  maarifçiliyinin  təşəkkül  və  inkişafında  rus  və  Qərbi  Avropa  maarifçiliyinin  böyük  rolu  olmuşdur.
XX  əsrin  görkəmli  Azərbaycan  filosoflarından  Heydər  Hüseynov  "M.F.Axundovun  fəlsəfi  görüşləri"  məqaləsində  yazırdı:  "Bu  böyük  humanist  şəxsiyyətin  bəhs  etmədiyi  heç  bir  böyük  və  ya  kiçik  məsələ  olmamışdır.  O,  drama,  hekayə  və  şeirdən  başlamış  fəlsəfə,  din,  etika,  moral,  kritika,  dil,  dövlət,  məktəb,  tədris  və  s.  bu  kimi  müxtəlif  məsələlərdən  bəhs  etmiş  və  hər  məsələyə  öz  dövrünə  görə  konkret  və  aydın  cavab  verə  bilmişdir".  O,  daha  sonra  göstərir  ki,  "M.F.Axundov  ictimai-siyasi  məsələlərlə  maraqlanır,  ictimai  həyatın  dəyişməsi  üçün  çarələr  axtarırdı.  O,  Rusiya  və  Qərbi  Yevropa  kulturası  ilə  tanış  olur...  Böyük  rus  xalqının  dilini,  kulturasını  dərindən  öyrənmişdi.  Azərbaycan  ictimai  fikri  inkişafında  qüvvətli  dönüş  yaratmışdır.  M.F.Axundov  Spinozanı,  XVIII  əsr  fransız  materialistlərini,  Volteri,  Boklı,  Çernışevskini  və  s.  böyük  mütəfəkkirlərin  əsərlərini  dərindən  tədqiq  edib  öyrənmişdi".
M.F.Axundovun  sosioloji,  tarixi,  etik,  iqtisadi,  ictimai-siyasi,  fəlsəfi  məzmunlu  əsərləri  aşağıdakılardır:  "Kəmalüddövlə  məktubları",  "Həkimi-ingilis  Yuma  cavab",  "Molla  Ələkbərlə  mübahisə",  "Yek  kəlmə  haqqında",  "Con  Stüart  Milli-azadlıq  haqqında",  "Məhərrəmlik  təziyədarlığı  haqqında",  "Babilik  əqidələri",  "Hikayət",  "Məsəli-həkimi  Sismond"  və  s.
Bunlardan  əlavə  M.F.Axundov  öz  məktublarında  da  fəlsəfi  məsələlərdən  bəhs  etmiş,  Şərqin  və  Qərbin  böyük  mütəfəkkir  və  alimlərinin  fikirlərinə  toxunmuş,  dünya  mədəniyyətinin  ən  yaxşı  nailiyyətlərinə  əsaslanmışdır.  O,  ruhani  və  cismani  azadlığın  olmadığı,  feodal  mütləqiyyətinin,  dini  fanatizmin  və  mövhumatın  ağalıq  etdiyi  müsəlman-Şərq  ölkələrində  xalqların  əsarət  və  istibdadda,  cəhalət  və  nadanlıqda  yaşamaqlarını  Qərbin,  Avropanın  tərəqqisi  və  mədəniyyətilə  müqayisə  edirdi.
M.F.Axundova  qədər,  ümumiyyətlə  ,  "Avropa"    sözü  Azərbaycan  ədəbiyyatında    nadir  hallarda  işlənilirdi  və  özü  də  yalnız  qitə  mənasında.  İlk  dəfə  Axundov  "Avropa  "  sözünü  ədəbiyyata,  incəsənətə,  elmə,  fəlsəfəyə,  dilçiliyə  və  s.  daxil  edərək  onu  geniş,  yəni  sivilizasiya,  elm,  fəlsəfə,  ədəbiyyat  ,  mədəniyyət  mənalarında  işlətmişdir  .
M.F.Axundovun  ilk  qərbli  obrazını  fikrimizcə,  Puşkinin  qətli  münasibətilə  dahi  rus  şairinin  tarixi  -  bədii  portreti  yaradılmış    "Şərq  poeması"nda  görürük.  Tarixdən  bildiyimiz  kimi,  1837  -  ci  ilin  31  yanvarında  A.S.Puşkinin  dueldə  öldürülməsi  xəbəri  bütün  Rusiyanı,  o  cümlədən  Qafqazı  sarsıtdı.  Məmləkətin  hər  yerində  bu  ağır  itki  milli  matəm  kimi  qarşılandı.  M.Y.Lermontov,  A.V.Kolsov,  F.l.Tütçev,  V.K.Küxelbeker,  A.I.Polejayev,  N.P.Oqaryov  və  başqaları  matəm  şeiri  yazdılar.  Şairin  qətlini  hazırlayan  çar  sarayına  dərin  nifrət  və  qəzəb  bu  şeirlərin  əsas  ruhunu  təşkil  edirdi.  Dekabristlər  və  onlara  rəğbət  bəsləyən  namuslu  ziyalılar  öz  məğrur  səslərilə  "qatili  tutun!"  -  deyə  Nikolaya  işarə  edirdilər  .
Səməd  Vurğun  "Müəllimimiz  və  dostumuz"  adlı  məqaləsində  yazırdı:  "Puşkinin  müasiri,  Azərbaycanda  realist  ədəbiyyatının  banisi,  görkəmli  filosof-demokrat  Mirzə  Fətəli  Axundov  şairin  facianə  surətdə  məhv  olması  haqqındakı  kədərli  xəbərə  Şərqdə  birinci  səs  vermişdir.  Onun  "Puşkinin  ölümünə"  poeması  dərin  dərd  və  kədər  hissilə,  böyük  şairə  əl  qaldırmış  kübar  cəmiyyətinə  qarşı  qəzəb  və  nifrət  hissilə  doludur...  M.F.Axundov  "Puşkinin  ölümünə"  poemasında  Puşkin  yaradıcılığının  dünya  əhəmiyyəti  haqqında  böyük  bir  heyranlıq  hissilə  danışır...  Xalqımızın  ən  böyük  mənəvi  nailiyyətini  -  böyük  rus  mədəniyyəti  ilə  ideya  və  yaradıcılıq  əməkdaşlığını  bizə  irs  qoyub  getmiş  Axundov  və  onun  davamçılarına  eşq  olsun!"
Əsəri  fars  dilində  yazmış  Axundov  onu  rus  dilinə  sətri  tərcümə  etmiş  və  bu  tərcüməni  həmin  illərdə  onunla  eyni  idarədə  xidmət  edən  dostu  rus  şairi  I.S.Klementyevə  təqdim  etmişdi.  Klementyev  poemanı  oxuyub  vəcdə  gəlmiş  və  onun  sətri  tərcüməsi  üzərində,  çox  güman  ki,  müəyyən  təshih  işləri  aparıb,  çap  olunmaq  üçün  kiçik  məktubla  "Московский  наблюдатель"  jurnalına  göndərmişdi.  "Puşkinin  ölümünə  Şərq  poeması"  tezliklə  jurnalın  1837-ci  il  XI  nömrəsində  (mart)  çap  olunmuşdur.  Redaksiya  poemaya  əlavə  etdiyi  kiçik  giriş  məqaləsində  Axundovun  poemasına  yüksək  qiymət  vermişdir:  "Cənab  Klementyevin  hisslərinə  şərik  çıxaraq  və  Iran  şairinin  (I.S.  Klementyevin  ardınca  jurnal  M.F.Axundovu  səhvən  İran  şairi  adlandırmışdı  -  tərtibçi)  əli  ilə  Puşkinin  qəbri  üstünə  bəxş  edilmiş  gözəl  gülü  bizə  göndərməsinə  görə  ürəkdən  təbrik  edərək,  səmimi  qəlbdən  gözəl  istedad  sahibinə  müvəffəqiyyətlər  arzulayırıq.  Əsərdən  biz  aydın  görürük  ki,  o,  rus  təhsilinə  qızğın  rəğbət    hissi  bəsləyir"  .  (N.Məmmədov)
Həmin  ilin  may  ayında  Mirzə  Fətəlinin  yaxın  dostu,  Qafqazda  sürgündə  olan  dekabrist  yazıçı  A.A.Bestujev  -  Marlinski  "Puşkinin  ölümünə  Şərq  poeması"nın  sətri  tərcüməsi  ilə  tanış  olmuş  və  onun  üzərində  bir  sıra  təshih  işləri  aparmışdır.  Poemanın  sətri  tərcüməsinin  eyni  variantını  uzun  illər  M.F.Axundovla  yaxından  əməkdaşlıq  və  dostluq  etmiş  görkəmli    şərqşünas    alim    Adolf  Berje    1874-cü    ildə    dərc    olunmaq    üçün    "Pycckaə  starina"  jurnalına  göndərmişdi.  Tərcümə  həmin  ildə  jurnalın  9-cu  nömrəsində  (sentyabr)  dərc  edilmişdir.
Tədqiqatçı-axundovşünas  Nadir  Məmmədovun  qeyd  etdiyi  kimi,  poema  klassik  Şərq  şeiri  üslubunda  yazılmışdır.  "Ideya-bədii  strukturu  baxımından  o,  ənənəvi  "Müsibətnamələr"ə  yaxın  olan  bir  əsərdir.  Lakin  bədii  materialına,  mövzusuna  görə  poema  Azərbaycan  ədəbiyyatında  tam  yeni  və  orijinal  bir  hadisə  idi.  Məhz  bu  poema  ilə  milli  ədəbiyyatımıza  yeni  bir  ədəbiyyatın,  yeni  bir  mədəniyyətin  nəfəsi,  ruhu,  ənənəsi  daxil  olmağa  başlayır  və  milli-bədii  və  ictimai  fıkrimizin  inkişafında  mühüm  rol  oynayan  Azərbaycan-rus  ədəbi  əlaqələrinin  ilk  əsasları  qoyulur".  Poemada  Puşkinin  tarixi-tragik  obrazı  yaradılmışdır.
M.F.Axundovun  bu  əsərindəki  Puşkin  əslində  yeni  dövr  ədəbiyyatımızda  Nizaminin  XII  əsrdə  təsvir  etdiyi  Slavyan  gözəlindən,  "Yeddi  gözəl",  Iskəndərdən,  yeddi  müdrikdən  "lskəndərnamə",  sonra  ilk  kamil  qərbli  obrazı  idi.
M.F.Axundovun  ikinci  komediyası  olan  "Müsyö    Jordan  və  dərviş  Məstəli  şah"  əsərində    Qərbi  Avropa  mövzusu  daha  geniş  yer  tutur.  Burada  biz  Parisdən  gəlmiş  botanik,  fransız  əsilli  Müsyö  Jordan  obrazı  ilə  üzləşirik.  Professor  Əli  Sultanlı  təsdiq  edir  ki,  süjetin  əhatə  dairəsi  müəllif  fikrinin  dərinliyi,  dramaturji  bütövlüyü  və  həyat  həqiqətlərinin  realist  təsviri  cəhətindən  bu  komediya  dramaturqun  ilk  pyesi  -"Molla  IbrahimXəlil  kimyagər"dən  daha  mürəkkəb  və  daha  yetkindir.  "Müsyö  Jordan  və  dərviş  Məstəli  şah"  komediyası  M.F.Axundovun  səhnədə  oynanılmış  ilk  dram  əsəridir.  Komediya  1852-ci  ilin  əvvəllərində  Peterburqda  ev  teatrlarından  birində  həvəskar  artistlər  tərəfindən  tamaşaya  qoyulmuşdur.  Tamaşa  çox  uğurlu  keçmişdir.  Komediyanın  tamaşaya  hazırlanması  və  müvəffəqiyyətlə  keçməsi  barədə  "Biblioteka  dlə  çteniə"  jurnalında,  M.F.Axundovun  pyeslərinə  həsr  edilmiş  məqalələrdə  dürüst  məlumat  mövcuddur  .
Komediyada  M.F.Axundov  öz  fəlsəfi  dünyagörüşündən  və  qərbçilik  konsepsiyasından  çıxış  edərək  hiyləgər,  fırıldaqçı,  avam  və  sadəlövh  adamları  aldadıb  soyan,  tüfeyli  həyat  sürən  dərviş  Məstəli  şaha  qarşı  fransız  nəbatat  alimi  Müsyö  Jordan  obrazını  yaratmışdır.  Müsyö  Jordan  tərəqqi,  elm,  maarif  və  mədəniyyət  dünyasının  nümayəndəsi  olaraq  təqdir  və  təbliğ  edilir.  Dramaturq  o  dövrün,  zamanın  reallığına  uyğun  olaraq  Məstəli  şahın  geridə  qalmış  feodal  ölkəsi  Irandan,  Müsyö  Jordanın  isə  inkişaf  etmiş  burjua  ölkəsi  Fransadan  gəldiyini  göstərir.  Əsərdə  gənc  Şahbaz  bəy  surəti  ilə  Axundov  Azərbaycandakı  Avropa  tipli  gənclərin  arasında  ziyalıların  yetişdirilməsi  zərurətini  təsvir  edirdi.  Müsyö  Jordanla  şəxsi  münasibətlərin  təsiri  altında  və  fransız  aliminin  təşviqi  ilə  Şahbaz  bəydə  Qərb  dünyasına  qovuşmaq,  elmə,  təhsilə,  Avropa  mədəniyyətinin  nailiyyətlərinə  yiyələnmək  arzuları  baş  qaldırır.  Professor  Yaşar  Qarayevin  elmi  qənaətinə  görə  :  "Mirzə  Fətəlinin  Müsyö  Jordana  münasibətini  onun  Qərbi  Avropaya    bəslədiyi  konseptual  münasibətin  işığında  qiymətləndirmək  lazımdır".
Tədqiqatçılar  təsdiq  edirlər  ki,  Müsyö  Jordan  real  tarixi  şəxsiyyətdir.  Botanikanın  tarixindən  məlumdur  ki,  Aleksis  Jordan  (1814-1879)  həqiqətən  görkəmli  fransız  nəbatat  alimi  olmuşdur.  M.F.Axundov  əsərdə  Aleksis  Jordanın  nəbatat  elmi  sahəsində  fəaliyyətinin  dürüst,  obyektiv  qiymətini  vermişdir.  Əsərdə  göstərildiyi  kimi,  A.Jordan  həqiqətən  XIX  əsrin  ortalarında  Karl  Linney,  Jozef  Pitton  de  Turnefor,  Bertram  Con,  Georq  Qlliford  kimi  təbiətşünas  alimlərlə  elmi  mübahisələr  aparmış  və  bitkilərin  növü  haqqında  yeni  nəzəriyyə  irəli  sürmüşdür.  Onun  bu  nəzəriyyəsi  təkcə  Fransada  deyil,  bütün  Avropa  ölkələrində  bir  müddət  geniş  yayılmışdı.  "Jordanizm"  adı  altında  məşhur  olan  bu  nəzəriyyə  sonralar  materialist-təbiətşünaslar  tərəfindən  idealist  bir  baxış  kimi  ciddi    tənqid  olunubdur.  M.F.Axundov  tarixi-elmi  həqiqətləri  yüksək  səviyyədə  təqdim  edərək  maarifçilik  ideyalarının  təbliği  məqsədini  izləmişdir.
"Müsyö  Jordan  və  dərviş  Məstəli  şah"  komediyasında  XIX  əsrin  ortalarında  Azərbaycan  cəmiyyəti  üçün  tipik  olan  iki  meyli  ictimai  konflikt  kimi  əsərin  mərkəzinə  qoymuşdur:  1)  böyük  ədibin  obrazlı  şəkildə  "qamışlıq"  deyə  adlandırdığı  feodal-patriarxal  münasibətlərində  qanun-qaydaları  ilə  yaşamaq,  mövcud  vəziyyətə  qane  olmaq,  təcrid  edilmiş  mübarizəsiz,  durğun,  süst  həyat  sürmək;  2)  başqa  millətlərin  həyat  və  məişətini  öyrənərək,  onların  tərəqqisi  və  mədəniyyəti  ilə  tanış  olaraq  görüb-götürmək,  bəşəriyyətin  mədəni  irsini  mənimsəməklə  feodal  və  milli-regional  qapalılığından  xilas  olmaq.  Fikrimizcə,  Müsyö  Jordan  obrazı  ayrıca,  xüsusi  olaraq  təhlil  edilməklə,    onun  ədəbiyyatımızdakı  Qərb  mövzusuna  güclü  təsiri  tədqiq  olunmalıdır.
Böyük  mütəfəkkirin  "...Bəşər  övladına  səadət  və  qurtuluş  o  zaman  nəsib  olacaqdır  ki,  istər  Asiyada  və  istərsə  də  Avropada  insanın  şüuru  tamamilə  əbədi  həbsdən  xilas  olsun  və  bütün  işlərdə  də  ,  təfəkkürdə  də  hadisələr  deyil,  insanın  ağlı  yeganə  dəlil,  sənəd  və  hakimi  -  mütləq  olsun  "  -  sözləri  mənəvi  suverenliyin,  fikir  və  azadlığın,  bütövlükdə  onun  maarifçi  estetikasının  və  fəlsəfi  -  sosial  məntiqinin  bədii  təsdiqi  kimi  mənalanır. /azyb.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.