Telman Cəfərov - Azərbaycanda rusdilli təhsil: problemlər, axtarışlar, çağırışlar...
17.10.17

Filologiya üzrə elmlər doktoru,
professor, Əməkdar müəllim,
Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru


Mövzu ilə bağlı bəzi fikirlərimizi “Azərbaycan müəllimi” qəzetinin  4 iyun 2016-cı il tarixli sayında ifadə etmişdik.

Fikrimizcə, bir ildən artıq  dövrdə rusdilli təhsil məkanında gedən proseslər, görülən işlər, həyata keçirilən tədbirlər hadisələrin axarının hansı səviyyədə nəzarətdə saxlanıldığı, respublikamızda böyük şagird kontingentini, müəllim heyətini əhatə edən rus dilində təlimin təşkilati, elmi-metodiki, kadr, ideoloji problemlərinin necə həll olunduğu və daha hansı addımların atılmasının vacibliyi barədə danışmağa ehtiyac yaradır. Xüsusilə də sentyabrın sonuna təsadüf edən iki tədbir - VIII Rusiya-Azərbaycan regionlararası forum (Stavropol) və Avrasiya məkanında dillərin və mədəniyyətlərin dialoqu mövzusunda konqres (Bakı) fonunda rusdilli təhsilin problemlərinin müzakirəsi, bu məsələlərin təhsil ictimaiyyəti, rusdilli təhsilə cəlb olunmuş şagird, müəllim və valideynlər, müvafiq qurumlar, tədris-metodiki mərkəzlər tərəfindən diqqətə alınmasını aktuallaşdırır.

Məktəblərimizdə rus dilində təlim aparılan siniflərimizin artım tendensiyası davam edir. Rusiyanın iki məşhur universitetinin - Moskva Dövlət Universiteti, Seçenov adına Tibb Universitetininin fəaliyyəti ilə yanaşı, bir sıra universitetlərimizdə rus bölmələrinə tələbə qəbulu aparılır. Bakı Slavyan Universitetində bakalavriat, magistratura, doktorantura səviyyələrində təkcə çoxsaylı təhsil ixtisasları üzrə deyil, həm də slavyan ölkələrini əhatə edən regionşünaslıq, o cümlədən, rusiyaşünaslıq, tərcümə, beynəlxalq münasibətlər, jurnalistika ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bu, motivasiya olunan prosesdirmi? Bu təhsil situasiyası Azərbaycanın gələcək inkişaf perspektivlərinə cavab verirmi, təhsilin inkişafı üzrə inkişaf Strategiyasında, milli iqtisadiyyatımızın perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən olunmuş hədəflər kontekstində bu, necə görünür?

Birincisi, Rusiya Azərbaycanın yaxın və böyük qonşusu kimi strateji tərəfdaşımızdır. Keçirilən regionlararası forumlar ölkələrimiz arasında iqtisadi,  mədəni, təhsil əlaqələrini daha da genişləndirir və dərinləşdirir. Bu əlaqələrin hüdudsuz perspektivləri haqqında aydın təsəvvür yaranır. İkincisi,  ana dili ilə yanaşı, rus dilini sərbəst bilən gənclərin respublikamızın əmək bazarında üstünlük qazanması valideynin  təlim dili seçimində az rol oynamır. Və bizcə, ən əhəmiyyətli amillərdən biri də Rusiyadakı güclü Azərbaycan diasporu faktorudur. Rusiya azərbaycanlılarının bu ölkənin iqtisadiyyatına, elm və təhsilinə verdiyi töhfələr artır və inkaredilməz fakt kimi dəyərləndirilir. Burada yaşayan həmvətənlərimizin, iş adamlarının əsl vətənpərvər kimi ölkəmizin təəssübkeşi olmaları, Azərbaycan Prezidentinin apardığı siyasəti dəstəkləmələri və ölkəmizin uğurları ilə fəxr etmələri, ikitərəfli faydalı münasibətlərdə yaxından iştirak etmək arzuları da sevindirir. Belə bir sosial-ictimai-siyasi şəraitin mövcudluğu ən azı əlaqələrimizin yaxın perspektivlərinə nibinliklə baxmağa zəmin yaradır. Bu, ənənəvi və mövcud insani əlaqələrin qorunması, rusdilli əhalimizin Rusiyanın və MDB-nin geniş əmək bazarında özünəlayiq yer tuta bilməsi, o ölkələrdəki Azərbaycan insanının normal yaşaması və fəaliyyət göstərməsi, diaspor təşkilatlarının dövlətimizin daimi dəstəyini hiss etmələri üçün vacib şərtlərdəndir. Sadalanan amillərin sayını artıqmaq da olar, ancaq son olaraq təkcə bir məqamı vurğulamaq istəyirik: görünən və görünməyən bütün paradokslara, çətinliklərə və ziddiyyətlərə rəğmən, Rusiya onun üzərinə düşən tarixi missiyanı - Avrasiya iqtisadi, tarixi-mədəni məkanının inkişafına görə cavabdehliyini yaxşı anlayır və bacardığı qədər bu istiqamətdə fəaliyyətini gücləndirir. Bu proseslərin siyasi-strateji görüntüləri bir yana, vahid Avrasiya humanitar məkanının hər bir ölkənin və xalqın maraqları çərçivəsində formalaşdırılması da çox önəmlidir. Təhsil və elm sahələrinə gəlincə, danılmaz faktdır ki, bu sahədə Rusiyanın öz təcrübəsi və uğurları  var. Böyük qonşumuz innovativ təlim və texnologiyaların tətbiqinə və genişləndirilməsinə, öz təcrübə və imkanlarından MDB üzrə partnyorlarının da bəhrələnməsinə səy göstərir...

Söylənən fikirlərdən doğan bəzi məqamları vurğulamaq istərdik:

1. Azərbaycan dünya və Avropa təcrübəsinə istinadən milli-ideoloji maraqlarına cavab verən təhsil sistemini yaratmaqdadır. Ali təhsildə kredit sisteminin tətbiqi, bu sistemin təşkili barədə “Qaydalar”a əlavə olunan son dəyişikliklər, tələbələrin köçürülməsi, yerdəyişməsi və bərpası ilə bağlı yeniliklər, adambaşına maliyyələşmə prinsipinin tətbiqi və təhsil bazarına publik hüquqi şəxslərin qədəm qoyması  universitetlərimizdə yeni tədris mühitini, tələbə-müəllim münasibətlərini,  ali məktəb iqtisadiyyatını formalaşdırmaqdadır.  Qabaqcıl universitetlərimiz öz strukturlarını  modernləşdirmək, tələbə start-up layihələrini dəstəkləmək, ən müasir laboratoriyalar və təcrübə sahələri,  texnoparklar yaratmaq, xarici mütəxəssisləri tədrisə cəlb etmək, tələbə-müəllim mübadiləsini genişləndirmək, dünyanın ən qabaqcıl universitetləri ilə birgə mütəxəssis hazırlığı həyata keçirmək planlarının icrasına başlayıblar və onun bəhrəsini görürlər. Təhsilin strateji istiqamətlərinə investisiya qoyuluşu öz nəticəsini göstərməkdədir. Məsələn, Bakı Ali Neft Məktəbinin timsalında. 2008-ci ildən orta məktəblərdə tətbiq olunan fənn kurikulumları məntiqi yekununa yaxınlaşır. On iki illik təhsil sisteminə keçidin astanasındayıq...

2. Azərbaycanın mövcud təhsil siyasəti fonunda Rusiya universitetləri ilə sıx əlaqələrin davam etdirilməsi, bəzi istiqamətlər, eləcə də pedaqoji ixtisalar üzrə  Rusiya hökuməti tərəfindən gənclərimizə kvotaların ayrılması məsələyə ayıq yanaşma tələb edir. Bəli, ən böyük Avrasiya dövləti və MDB-nin aparıcı qüvvəsi olmaqla yanaşı, Rusiya özünü Avropanın bir hissəsi hesab edir, bu ölkə də dünyanın ən yeni təhsil modellərinin öz universitetlərinə gətirilməsinə, güclü kadr potensialına  və maddi bazaya malik olan universitetlərinin dünya təhsil bazarına inteqrasiyasına çalışır. Rusiya həm də Avropa və dünya təhsil məkanına can atan və onun bir addımlığında olan MDB üzrə partnyorları ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Azərbaycanda geniş rusdilli məktəblər və siniflər şəbəkəsi mövcud olduğundan əhalimizin bir hissəsi bu təhsil məkanına daxil olur və Rusiya əmək bazarına çıxır, karyera inkişafı planları qurur ki, bunun özü də təkcə Azərbaycanda deyil, həm də Vətənin hüdudlarından kənarda - həm rusdilli əmək bazarında, həm də Avropa və dünya əmək bazarında rəqabətədavamlılıq tələb edir.

Göstərilənlərə uyğun olaraq respublikamızın təlim rus dilində aparılan orta və ali təhsil müəssisələrində tədris situasiyası, kadr təminatı, elmi-metodiki-tədris bazası, əlavə təhsil tədbirləri ətrafında fikirlərlə bölüşək. İlk növbədə, məktəbəqədər müəssisələr və ibtidai siniflər barədə. Problemə birinci məqalədə toxunmuşduq. Bəzi məqamları bir daha vurğulamaq istərdik.

Yaranmış təhsil-tədris-təlim situasiyasının psixoloji-pedaqoji və sosioloji amilləri maraqlı müşahidələr orta qoyur. Əhalimizin 90 faizindən çoxunun ana dili Azərbaycan dilidir.  Bununla bərabər, Bakı şəhərində çoxlu rusdilli ailələr var, ölkənin bir neçə regionunun konkret yaşayış məskənlərində rusdilli əhali  kompakt şəkildə yaşayır, rus dilində danışır və bu dildə kütləvi informasiya vasitələrini izləyir. Bu səbəbdən də tədris rus dilində aparılan məktəblərimizin mövcudluğu heç kəsdə sual doğurmur. Bu, ölkə Konstitusiyasının, Təhsil qanununun yaratdığı imkandır ki, ondan da əhalinin müvafiq qrupları istifadə edir. Lakin Azərbaycan dilində danışan, rus dili mühitində böyüməyən, rusdilli məktəbəqədər təhsil müəssisələrində tərbiyə almayan, valideynləri və qohumları rus dilini bilməyən və təbii ki, təlim zamanı valideyn köməyindən yararlanmaq imkanı olmayan uşaqların rus bölməsinə verilməsi adi hal almağa başlayır. Siniflərdə ustünlük təşkil etməyə başlayan bu tip uşaqların özləri bir yana, onlar rusdilli ailələrdən gələn və rus dilində təhsil almağa hazır olan uşaqlar üçün problem yaradırlar. Məktəblərin əksəriyyətində 1-ci siniflərə bir-iki sinif komplekti qəbul edildiyindən dil-danışıq bazası olmayan uşaqlarla hazırlıqlı uşaqlar bir sinifdə təhsil almalı olurlar. İbtidai siniflər üçün fənn kurikulumunun və fəal təlimin tələblərinə görə motivasiyalı təlim sinif şagirdlərinin konkret bilik, bacarıq və vərdişlərə malik olmasına əsaslanır. Tam fərqli hazırlıq və təlim dilini anlama-qavrama səviyyəsinə malik uşaqların toplandığı siniflərdə  buna nail olmaq olduqca çətindir. Adətən, rus bölməsində siniflərdə uşaqların sayı 30-dan çox olur. Pedaqoji və psixoloji eksperimentlər uşağın məhz ana dilində (burada valideynlərinin danışdığı və tədris materiallarını qavramağa hazır olduğu dil nəzərdə tutulur) orta təhsil alması zamanı daha çox müvəffəqiyyət qazandığını sübut edir.

Son iki ildə Təhsil Nazirliyi tərəfindən beşyaşlılar üçün məktəblərimizdə ödənişsiz əsaslarla hazırlıq siniflərinin təşkili, onlar üçün pedaqoji-psixoloji-fizioloji tələblərə cavab verən konkret tədris proqramlarının tövsiyə edilməsi vəziyyəti xeyli yüngülləşdirsə də, orta məktəblərimiz pedaqoji kollektivlərin üzərlərinə düşən məsuliyyəti dərindən dərk etməli, müxtəlif  layihə və tədbirlərə əl atmalıdırlar. Biz, ilk növbədə, valideynlər və himayədarlar şuralarının fəaliyyətini, pedaqoji təcrübəyə gələn sonuncu kurs tələbələri, onlara rəhbərlik edən metodist, pedaqoq və psixoloqların potensialının məktəblərin ehtiyaclarına məharətlə yönəldilməsini nəzərdə tuturuq. Yaxşı mütəxəssis hazırlığına nail olmaq üçün pedaqoji təcrübə ilə bağlı universitetlərlə məktəblər arasında bağlanan müqavilələrdə sonuncu kurs tələbələrinin müəllim assistenti, həmmüəllim kimi fəaliyyəti nəzərdə tutulmalıdır.         

Təlim rus dilində aparılan ibtidai siniflərdəki tədris situasiyası ilə bağlı hansı fikirlər meydana çıxır? Birincisi, fənn kurikulumlarının tələblərinin yerinə yetirilməsi çətinləşir, şagirdlərin konkret yaş dövrü üçün vacib olan bilik, bacarıq və vərdişləri əldə etməsinə əngəl yaranır. İkincisi, müəllim və məktəbin üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmədikləri barədə ictimai fikir formalaşır, üçüncüsü və ən pisi, bütün günahlar fənn kurikulumlarının məzmun və standartlarına uyğun tərtib edilən dərslik komplektlərinin üzərinə atılır, cəmiyyətdə orta təhsil pilləsində aparılan islahatlara, genişlənən yeniliklərə, əhəmiyyətli layihələrə  kölgə salınır. Biz əvvəlki yazılarımızda da təhsilimizin gələcəyinin kurikulum islahatlarından keçdiyini əsaslandırmış və artıq digər təhsil pillələri üçün də geriyə yol qalmadığını söyləmişdik. Fənn kurikulumlarının tələblərinə uyğun olaraq yuxarı siniflər üçün də dərslik komplektləri hazırlanmışdır. Milli Kvalifikasiya çərçivəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə tədris olunan fənlər üçün kurikulumların işlənməsi və hər bir istqamət  və ixtisas üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində məzunların malik olacaqları bilik, bacarıq və kompetensiyaların  müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi meyarları  üzərində iş aparılır. Uzağa gedərək onu vurğulamağa çalışırıq ki, təhsil mərhələli və zəncirvari bir prosesdir. Bu günün zəif şagirdi sabahın zəif tələbəsi, zəif məzunu və mütəxəssisidir. Müəyyən zaman kəsiyində biz itirilmiş və potensialı düzgün yönəldilməmiş insan resursları əldə edə bilərik. Bəlkə də bəzi statistik nəticələri izləməyin vaxtı çatıb. Yəni rus bölməsini qurtaran orta məktəb məzunlarının son üç ildə ali məktəblərə daxilolma və hansı nəticələrlə qəbulolunma səviyyələri (təlim rus bölməsində aparılan sinif və məktəbləri bitirən məzunların əhəmiyyətli faizi hətta 200 ballıq minimum keçid balını toplaya bilmədiyindən onların sayına uyğun universitetlər tərəfindən sifariş edilən yerlərin 50%-dən çoxu vakant qalır. Bu yerlərə Azərbaycan dilində təhsil almış və hətta 350-400 bal arası nəticə göstərərək kənarda qalmış orta məktəb məzunları iddialı ola bilərdilər), ötən tədris ilində rus bölməsini bitirən məzunların hansı faizinin minimum keçid balını topladığı, Təhsil Nazirliyi tərəfindən orta məktəb və liseylərin müxtəlif siniflərində keçirilən monitorinqlərdə rus bölməsində təhsil alan şagirdlərin göstərdikləri nəticələr diqqətdə saxlanılmalıdır. Bu statistikanın tədris Azərbaycan dilində olan məktəb və siniflərin xeyrinə əhəmiyyətli dərəcədə  dəyişməsi maraqlı göründüyü qədər də düşündürücüdür... Nizamlanmadığı halda bu situasiyanı motivasiya olunmayan və yalançı ictimai rəyə söykənən və perspektivi görünməyən bir hal kimi dəyərləndirmək məcburiyyətindəyik.

Əvvəlki yazılarımızda səsləndirilən bir fikrə yenə də qayıtmaq istərdik. Valideynlərin öz övladlarını tədris rus və ingilis dillərində təşkil olunan məktəb və siniflərə verməsinin böyük bir səbəbi də xarici dillərin öyrədilməsi ilə bağlıdır.  Boşluqları aradan qaldırmaq üçün ilk növbədə aşağıdakılar həyata keçirilməlidir: birincisi, əcnəbi dillərin intensiv tədrisi uşaqların yaş dövrü ilə uzlaşdırılmalı,  hətta adi məktəblərin tədris planlarında xarici dillərin tədrisi ilə bağlı standartlar dəyişdirilməli; ikincisi, şagirdlərin nitq bazasının mövcudluğuna və səviyyəsinə görə differensillaşdırılmış dərsliklərin istifadəsinə qərar verilməli, onların ən müasir metodika və yanaşmalar nəzərə alınmaqla tərtibinə çalışılmalıdır.  Əgər Azərbaycan bölməsinin 1-ci sinfindən ingilis, rus və ya alman dili keçən şagird də, 5-ci sinifdən bu əcnəbi dilləri öyrənməyə başlayan da eyni dərsliklərdən istifadə edirlərsə, hansı müvəffəqiyyətdən söz gedə bilər. Zənnimizcə, məktəblərimizdə xarici dillər normal tədris olunarsa, tədrisin elmi-metodiki problemləri yoluna qoyularsa, bu, valideynlərin böyük bir qismini övladlarını məhz ana dilində oxutmağa sövq edərdi. Bu il Təhsil nazirinin əmri ilə təlim ana dilində olan 50 məktəbdə rus dili dərinləşdirilmiş proqramla tədris ediləcək. Növbəti illərdə bu məktəblərin sayını artırmaqla və orada xarici dil kimi rus dilinin tədrisinin keyfiyyətini qaldırmaqla  daha böyük səmərə əldə edə bilərik.

Rusdilli təhsildə keyfiyyətə təminat verən ən vacib həlqə müəllim təminatıdır.  Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər sayəsində təlim rus dilində aparılan ibtidai siniflərin kadr təminatında nəzərəçarpacaq irəliləyiş var. Lakin məzunların vakant yerlər üçün keçid balını toplaya bilməməsi halları hələ də qalmaqdadır ki, bu da mütəxəssis hazırlayan universitetlərimizi ciddi düşündürür. Xarici dil kimi rus dilini tədris edən peşəkar müəllimlərə də məktəbdə ehtiyac duyulur.

Respublika, eləcə də paytaxt məktəblərində,  rusdilli siniflərin artmasına rəğmən fənn müəllimlərinin sayı azalmaqdadır. Məktəblər tərəfindən sifariş olunan vakant yerlər tutulmur ki, bu, həm müvafiq fənlər üzrə mütəxəssis hazırlığının aşağı səviyyədə olduğundan, həm də məzunların sayının kifayət etmədiyindən xəbər verir. Son üç ilin statistikasına əsasən universitetlərin rus bölmələrində yerlərin tutulmamasını nəzərə alsaq, problemin nə qədər ciddiləşdiyini anlayarıq. Hətta 65 yaşı aşan fənn müəllimləri ilə uzadılan əmək müqavilələri belə məktəb rəhbərlərini  narahatçılıqdan azad edə bilmir. Bu bölmədə fənn müəllimlərinin dərs yükünün çoxluğu da tədrisin keyfiyyətinə xələl gətirir. Yaxın iki-üç il ərzində  fənlər üzrə universitet məzunlarının sayının artması da  gözlənilmir. Bu problemin təcili həlli təhsil işçilərinin peşəkər hazırlığı ilə məşğul olan və əlavə təhsil proqramları həyata keçirən qurumların fəaliyyətində prioritet istiqamətə çevrilməlidir. Paralel olaraq mövcud pedaqoji heyətin mütəmadi stajirovkası, ixtisaslarını təkmilləşdirməsi və dəyişməsi gündəmə gətirilməlidir. Fikrimizcə, bəzi fənlər üzrə ixtisasdəyişmə standartlarına yenidən baxıla bilər. Ənənəvi olaraq rusdilli orta məktəblərimiz üçün pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirən ali və orta ixtisas təhsili müəssisələrimizin tələbə qəbulu planlarının təhlilinə və yaxın illər üçün məhz dövlət sifarişi ilə tələbə qəbulunun aparılmasına böyük ehtiyac yaranıb.

Respublikamızda və regionda rusistika və slavistikanın mərkəzi kimi Bakı Slavyan Universiteti rusdilli orta məktəblərimizin rus bölmələrinin rus dili və ədəbiyyatı, eləcə də ibtidai sinif müəllimlərinin, psixoloqların, məktəbəqədər təlim-tərbiyə müəssisələri tərbiyəçilərinin ixtisasartırma və stajkeçmə tədbirlərinin təşkilində  müəyyən təcrübəyə malikdir. Universitet bazasında rusdilli orta məktəblərimizin digər fənn müəllimləri üçün bu cür tədbirlərin icrasını mümkün və məqsədəuyğun hesab edirik. Son iki ildə rus dili, təlim rus dilində olan ibtidai sinif müəllimləri, digər fənn müəllimləri üçün qrant layihələri və təhsil proqramları çərçivəsində Moskva və Sankt-Peterburqdan gəlmiş metodistlərlə BSU bazasında yeddi ixtisasartırma, stajkeçmə tədbirləri və elmi-metodiki seminarlar təşkil etmişik.

18-20 may 2017-ci il tarixdə “Russki mir” Fondunun dəstəyi ilə BSU-nun Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiyasiyası (MAPRYAL) ilə birgə keçirdiyi Beynəlxalq Konfransı və bu konfransda MAPRYAL və Rusiya Təhsil Akademiyasının prezidenti akad. Lyudmila Verbitskayanın elmi-metodiki məruzə ilə çıxışını, BSU rektoru prof. Nurlana Əliyeva və Təhsil Nazirinin müavini cənab Ceyhun Bayramovun iştirakı ilə rus dilinin və respublikamızın rusdilli təhsil müəssisələrində tədrisin problemlərinin müzakirəsini önəmli hadisə kimi dəyərləndirir, bunun yeni müştərək layihələrə təkan verəcəyinə inanırıq. Cari tədris ilində BSU mütəxəssislərinin (prof.İ.H.Həmidov, prof.R.M.Novruzov, prof. R.Q.Quliyeva, prof. F.S.Naciyeva, prof. B.S.Musayeva, prof.T.H.Cəfərov, dos. S.Ə.Abışova və b.) Rusiyanın müxtəlif elm və tədris mərkəzlərində keçirilən elmi-metodiki seminar, konfrans və forumlara dəvət olunmasını da Bakı Slavyan Universitetində tətbiq olunan innovasiyalara və baş verən müsbət dəyişikliklərə artan marağın nəticəsi hesab edirik. Sankt-Peterburq Hökuməti və Moskva Açıq Təhsi İnstitutu ilə razılaşmalara uyğun olaraq, Bakı şəhər rus məktəblərinin, o cümlədən, BSU əməkdaşlarının Sankt-Peterburq və Moskvada qısamüddətli stajkeçmə və ixtisasartırma kurslarına cəlbinə nail olmuşuq. Bu istiqamətdə Rusiya  İnformasiya-Mədəniyyət Mərkəzi, Rus icması ilə birgə səmərəli müştərək fəaliyyətin Təhsil Nazirliyi tərəfindən dəstəklənməsi göstərilən tədbirlərin davam etdirilməsinin vacibliyini şərtləndirir.  Burada bir cəhət nəzərdən qaçmamalıdır. Rusiya Federal proqramlar, eləcə də Moskva, Sankt-Peterburq hökumətlərinin proyektlərinə uyğun xarici ölkələrin rusdilli təhsil məkanlarında ixtisasartırma, stajirovka tədbirləri həyata keçirir, elmi-metodiki seminarları maliyyələşdirir. Zənnimizcə, bu cür tədbirlərin proqramlarını qəbul edən tərəf - Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə tərtib olunması və razılaşdırılması məqsədəmüvafiqdır. Fikrimizcə, Azərbaycandakı Rusiya  İnformasiya-Mədəniyyət Mərkəzinin Təhsil Nazirliyi ilə ilə birgə həyata keçirdiyi bəzi tədbirlər artıq bəhrəsinin verməkdədir. Bu mənada ölkənin bütün regionlarını əhatə edən rus dili olimpiadasını xüsusilə qeyd etmək olar. Bakı Slavyan Universiteti rus dili  olimpiadasının təşkilati və metodiki məsələlərinə dəstək verir .   

Sonda Azərbaycanda rusdilli təhsilin tədris resursları probleminə, eyni zamanda, tədris-təlim prosesi üçün vacib hesab olunan ardıcıllıq və varislik prinsiplərinin gözlənilməsi məsələsinə toxunmaq istərdik.

Biz bunu istəsək də, istəməsək də, bu gün təlim rus dilində aparılan məktəblərdə Rusiyada hazırlanan tədris vəsaitlərindən istifadə edilir. Birincisi, orada geniş alıcı və oxucu bazarı və böyük tələbat mövcuddur, ikincisi, dərslik və tədris komplektlərinin elmi-metodiki, tərtibat və dizayn səviyyəsi, kitab bazarına çıxarılan çap məhsullarının çeşidi, alternativ dərsliklərin mövcudluğu  valideynlərə seçim hüququndan faydalanmağa imkan yaradır. Əvvəlki illərdə rusdilli  orta məktəblər və siniflər, eləcə də ali məktəblərin rus bölmələri milli dərsliklər, fənn kurikulumları əsasında yaradılmış dərslik komplektləri və vəsaitləri ilə yanaşı,  Rusiya  İnformasiya-Mədəniyyət Mərkəzinin xətti ilə əlavə tədris, elmi-metodiki   ədəbiyyat və əyani vəsaitlərlə təmin edilirdilər. Bizcə, məktəb kitabxanalarına rusdilli tədris materiallarının hədiyyə edilməsi ənənəsi davam etdirilməli və daxil olan alternativ ədəbiyyat Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə uzlaşdırılmalıdır ki, təlim prosesində uyğunsuzluqlara yol verilməsin. Elə valideynlərə də müxtəlif siniflər üzrə konkret əlavə ədəbiyyatları tövsiyə etmək olar.

Rus bölmələri üçün dərslik müəllifi və müəyyən təcrübəyə malik naşir kimi bir məsələni də xüsusi vurğulamaq istərdim: sifarişçi kimi Təhsil Nazirliyinin bütün səylərinə baxmayaraq, bu bölmə üçün yazılan orta məktəb dərslik komplektlərinin müəllif və ekspert  cəhətdən bəxti gətirmir. Uzun illər boyu bu işin müəyyən nəşriyyat və müəllif qruplarının monopoliyasında olması digərlərini rus dilində təlim aparılan məktəblər üçün dərslik komplektləri hazırlamaqdan çəkindirir. Ona görə də qoyulan meyarlara uyğun gəlməyən zövqsüz və məzmunsuz dərsliklər ildən-ilə rəqabətsizlik və alternativsizlik şəraitində çap olunur.  Bizcə, respublikamızda kifayət qədər səriştəli rusist mütəxəssislər olduğundan  obyektiv və məsuliyyətli ekspertlər korpusunu formalaşdırmaq və hər il onun tərkibini yeniləmək mümkündür.     

Azərbaycan məktəbində çalışan hər bir pedaqoq və məktəb rəhbəri bir şeyi yaxşı anlamalıdır ki, təlim dili təlim-tərbiyə prosesinin məzmununun özəyidir.  Təlim rus dilində aparılan orta məktəblərimizdə şagirdlərin təxminən 95%-i  azərbaycanlılar olduğundan biz burada ana dili, Azərbaycan tarixi və coğrafiyasının, Azərbaycan konstitusiyasının, ədəbiyyatının öyrədilməsi məsələsinə ciddi önəm verməliyik. Ona nail olmalıyıq ki, rus bölməsində oxuyan şagirdlərimiz arasında “azərbaycanca başa düşmürəm və danışa bilmirəm” fikri səslənməsin. Biz “ana dili” və “tədris dili” anlayışlarını qarışıq salmamalı, orta təhsil pilləsində ana - Azərbaycan dilinin tədrisi məsələsini diqqət mərkəzində saxlamalıyıq. Rus və digər əcnəbi dillərdə təhsil görən, ölkəmizin əmək bazarına vəsiqə alan və ya onu xaricdə təmsil edən gənclərimizin ana dilində lazımi dil-danışıq və yazı vərdişlərinə malik olmasına diqqəti  artırmalıyıq.      

Fikirlərimizi konkret bir təkliflə yekunlaşdırmaq istərdik. Respublikamızda rus dilinin işlənmə dairəsi ilə bağlı məsələləri, orta və ali məktəblərimizdə rusdilli təlimi, məzunların attestasiyası və peşə hazırlığı problemləri, Rusiya və MDB təhsil məkanına, əmək bazarına çıxış imkanları, dövlətlərarası hərtərəfli münasibətləri, xalqlarımızın tarixi və bugünkü əlaqələri, şimal qonşumuzun ərazisində və digər keçmiş sovet respublikalarında fəaliyyət göstərən çoxsaylı və nüfuzlu Azərbaycan diasporunun  fəaliyyəti, sosial və təhsil ehtiyacları ilə bağlı məsələləri koordinasiyası etmək məqsədilə Təhsil Nazirliyinin nəzdində müvafiq Koordinasiya Şurasının yaradılmasına və Milli koordinatorun fəaliyyətinə ehtiyac var. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.