Antonio Tabukki - Yuxular. Leopardi - Kollodi
23.10.17

YUXULAR  HAQQINDA  YUXULAR















Şair və uyurgəzər Cakomo Leopardinin yuxusu

                 
   1827-ci ilin ilk dekabr gecələrindən birində, gözəl Piza şəhərindəki Faccola küçəsində, şəhəri sarsıdan dəhşətli soyuqdan qorunmaqdan ötrü bir cüt döşəyin arasına girib yatmış şair və uyurgəzər Cakomo Leopardi yuxu gördü. Gördü ki, bir səhradaydı, özü də çoban idi. Ancaq arxasınca gedəcək sürüyə sahiblik etmək əvəzinə, dörd ağ qoyun qoşulmuş arabada rahatca əyləşmişdi, elə bu dörd ağ qoyun da onun sürüsü idi.
        Səhra da, onu dövrələyən təpələr də atəşböcəyi kimi parıldayan son dərəcə zərif, gümüşü qumlardan idi. Gecə girmişdi, ancaq soyuq deyildi, əksinə, elə bil gözəl son bahar gecəsi idi, belə ki, Leopardi büründüyü kürkünü çıxarıb arabanın qoltuq yerinə sərdi.
         Əziz qoyunlarım, məni hara aparırsız? – deyə o, soruşdu.
         Səni gəzməyə aparırıq, - qoyunlar cavab verdilər, - biz sərgərdan qoyunlarıq.
         Bəs bura haradır? – deyə Leopardi soruşdu, - biz haradayıq?
         Sonra bilərsən, - qoyunlar cavab verdilər, - səni gözləyən şəxslə görüşəndən sonra.
         Kimdir axı, o şəxs, -  Leopardi soruşdu, - mən bilmək istəyirəm.
        Eh, eh – deyə qoyunlar bir-birinə baxıb gülüşdülər, - bunu sənə deyə bilmərik, bu bir sürpriz olmalıdır.
         Leopardi acmışdı, şirin bir şey olsaydı yeyərdi; sidr cevizli bir tort indi lap yerinə düşərdi.
         Şirin bir şey istəyirəm, - deyə o söylədi, - yəni bu səhrada elə bir yer yoxdur ki, bir şirni alasan?
        Var, düz bu təpənin arxasında , - qoyunlar cavab verdilər, - bir az hövsələn olsun.
       Səhranın ortasına yetişib, təpəni buruldular; təpənin ətəklərində bir mağaza vardı. Bu, başdan-başa billurdan, gümüşü parıltıyla bərq vuran gözəl şirniyyat mağazası idi. Leopardi nəyi seçəcəyini bilmədən, vitrini nəzərdən keçirməyə başladı. Birinci sırada müxtəlif rənglərdə və ölcülərdə tortlar düzülmüşdü: yaşıl rəngdə püstə, al qırmıı rəngdə moruq, sarı rəngdə limon və qırmızı çiyələk tortları. Sonra almadan, narıncıdan və albalıdan, ya da heyvanlar formasında hazırlanmış məzəli və iştahaçan martsipanlar vardı.Və nəhayət, üstü badamlı, kremli və qatı zabayonelər gəlirdi. Leopardi şirniyyatçını çağırıb ondan üç şirni aldı: bir çiyələkli piroq, bir martsipan, bir də zabayone. Şirniyyatçı başdan - ayağa gümüşdən, bəyaz saçlı, göygöz bir çırtdan idi, o, şirniləri, üstəlik, hörmət əlaməti olaraq, bir şokolad qutusunu da Leopardiyə uzatdı. Leopardi yenidən arabaya oturdu və qoyunlar yola düzələnə qədər aldığı şirnilərin dadına baxmağa girişdi.Yol dikə qalxmağa başlamışdı, indi təpəyə dırmaşırdı. Qəribə o idi ki, bu yer də işıldayırdı, şəffaf idi və gümüşü parıltı saçırdı. Qoyunlar gecənin qaranlığında parıldayan balaca evin qarşısında dayandılar. Leopardi arabadan düşdü, anlamışdı ki, gəlib çatıblar, şokolad qutusunu götürüb evə girdi.İçəridə, stulda əyləşmiş, tikiş çərçivəsində naxış salan bir qız vardı.
        İrəli gəl, səni gözləyirdim, - qız dedi. Sonra çevrilib gülümsədi və Leopardi onu tanıdı. Bu Silviya idi. Ancaq, indi o, başdan - ayağa gümüşdən idi,  bir vaxtlar olduğu kimi, ancaq gümüşdən.
         Silviya, əzizim Silviya, - deyə Leopardi onun əllərindən tutub, söylədi, - səni görmək necə də xoşdur. Bəs niyə başdan-ayağa gümüşdənsən?
        Çünki mən bir Aydanam, - Silviya cavab verdi, -  öləndə hamı aya uçur və belə görkəm alır.
        Bəs mən niyə buradayam? - deyə Leopardi soruşdu, - bəlkə mən də ölmüşəm?
        Bu sən deyilsən, - Silviya dedi, - bu yalnız sənin xəyallarındır, sən hələ də yer üzündəsən.
        Bəs buradan yeri görmək olarmı? – Leopardi soruşdu.
        Silviya onu teleskoplu bir pəncərənin yanına apardı. Leopardi gözünü obyektivə yaxınlaşdırdı və dərhal böyük bir saray gördü. O, bu sarayı tanıdı: bu onun öz sarayı idi. Pəncərələrdən biri hələ də açıq idi. Leopardi içəri boylandı və gecə köynəyində, əlində gecə bardağı, yatağına doğru gedən atasını gördü. Urəyində sıxıntı hiss etdi, teleskopu başqa səmtə yönəltdi. Böyük bir çəmənlikdə, yıxılan qüllə, yaxınlıqda isə zəif işıq gələn ev və  əyri-üyrü yol görünürdü. Pəncərədən içəri baxmağa çalışdı: komodu və masası olan sadə bir otaq idi, masanın üstündə bir kitab, onun da yanında sönməkdə olan şam qırığı vardı. Yataq otağında isə o, iki döşəyin arasına qısılıb yatmaqda olan özünü gördü.
        Mən ölmüşəm? – deyə o, Silviyadan soruşdu.
        Yox, - Silviya dedi, - sən sadəcə yatmısan, yuxuna da ay girib.   

___________________________________
CAKOMO LEOPARDİ. Rekanati, 1798 – Napoli, 1837. Kübar bir ailədə doğulmuş, atasının kitabxanasında elmləri, fəlsəfəni, klassik dilləri hərisliklə öyrənmiş, fiziki və ruhi cəhətdən bədbəxt bir insan olmüşdür. Böyüdüyü əyalət “həbsxanasına” heyran idi, mənəvi boşluğa və miskinliyə nifrət edir, sənəti, elmi, aydın düşüncəni, vətəndaşlıq ehtirasını sevirdi. Görkəmli filoloq, acınacaqlı filosof, böyük şair idi. Sevgini, ötüb keçən zamanların və insan dərdlərinin təəssüfünü, nəhayətsizliyi  və ayı vəsf etmişdir.


    
 Yazıçı və teatr senzoru Karlo Kollodinin yuxusu


                                                             
       1882-ci ilin 25 dekabr gecəsi, yazıçı və teatr senzoru Karlo Kollodi Firentsedəki evində yuxu gördü. Gördü ki, dənizin ortasında, bir kağız qayıqdaydı, özü də tufan idi. Ancaq kağız qayıq müqavimət göstərirdi, bu, inadkar, insan gözü kimi bir cüt gözü olan, Kollodinin sevdiyi İtaliya rənglərində gəmi idi. Sahilin uçurumları tərəfdən, uzaq bir səs fəryad edirdi: Karlino, Karlino, sahilə qayıt! Bu onun heç vaxt mövcud olmayan arvadının səsi idi, onu sirena ağısı ilə çağıran şirin bir qadın səsi.
       Ah, əgər geri dönə bilsəydi! Ancaq o, bunu bacarmırdı, dalğalar çox hündür idi və qayıq dənizin mərhəməti ilə üzürdü.
       Sonra, o, birdən-birə, bədheybət bir varlıq gördü. Bu, cəhəngini ayırıb ona şübhə ilə baxan, onu öyrənən, onu gözləyən nəhəng köpək balığı idi.
       Kollodi sükanı hərəkətə gətirmək istədi, ancaq sükan da kağızdan idi, tamam yaş olub yararsız hala düşmüşdü. Beləcə, o, birbaşa bu bədheybətin cəhənginə keçəcəyi  ilə barışdı, qorxudan əlləri ilə üzünü örtərək, ayaq üstə dikəlib, bağırdı: Yaşasın İtaliya! Bədheybətin qarnı necə də qaranlıq idi! Kollodi kor-koranə yeriməyə başladı, nə olduğunu anlamadığı bir şeyə ilişdi, əli ilə toxunanda hiss etdi ki,kəllə sümüyüdür. Sonra hansısa taxta lövhələrə çırpıldı və başa düşdü ki, ondan əvvəl başqa bir qayıq bu bədheybət varlığın cəhəngində qəzaya uğrayıb. İndi o, daha böyük sərbəstliklə hərəkət edirdi, çünki köpək balığının açıq ağzından zəif işıq gəlirdi. Ətrafa toxuna-toxuna irəliləyirkən dizi taxta bir qutuya dəydi. Əyilib əli ilə yoxladı, hiss etdi ki, içi şamla doludur. Bəxtindən, çaxmağı hələ də üstündə idi. Onu dərhal çəkdı, iki şam yandırıb, əlində tutaraq ətrafa göz gəzdirdi. O, bədheybətin qarnında, qəzaya uğramış bir gəminin göyərtəsində dayanmışdı, ayaq göyərtə skeletlərlə dolu idi, ana dirəkdə isə kəllə və çarpaz sümüklər təsvir olunmuş qara bayraq dalğalanırdı. Kollodi irəli keçib ayaqyeri ilə aşağı endi. Elə həmin an, romla dolu bir kambuz gördü. Şüşələrdən birini böyük məmnuniyyətlə açıb, başına çəkdi. İndi özünü yaxşı hiss edirdi. Kifayət qədər gümrahlaşdıqdan sonra, qalxdı və şam işığında kəmidən çıxdı. Bədheybətin qarnı ölü qolyan balıqları ilə, yengəclərlə dolu olduğundan, sürüşkən idi. Kollodi dayazda su sıçrada-sıçrada irəlilədi. Uzaqdan sanki onu dəvət edən zəif bir işıq, balaca bir parıltı gördü. Ora üz tutdu. Yanından skeletlər, qəzaya uğramış gəmilər, parçalanmış qayıqlar, nəhəng ölü balıqlar ötüb keçirdi. Parıltı yaxınlaşanda Collodinin gözünə bir masa dəydi. Masanın arxasında iki nəfər əyləşmişdi: bir qadın və bir uşaq. Collodi utana-utana yaxın gəldi və gördü ki, qadının saçları firuzəyi rəngdədir, uşağın başında  isə çörək qırıntılarından papaq var. Yüyürüb, onları qucaqladı. Onlar da ona sarıldılar, gülüşdülər, növbə ilə bir-birinin yanağını şappıldatdılar, min bir nəvaziş göstərdilər. Ancaq danışmadılar.
        Birdən, səhnə dəyişdi. İndi onlar bədheybət balığın qarnında yox, bir talvarın altında idilər. Yay idi. Masanın arxasında əyləşmişdilər, Peşa təpəliklərindəki bir ev idi, cırcıramalar ötürdü, günorta qızmarında hər şey hərəkətsiz dayanmışdı, onlar bəyaz şərab içir, yemiş yeyirdilər. Talvarın altında, küncdə domuşub oturmuş bir pişik və bir tülkü həlim baxışlarla onlara baxırdı. Və Kollodi nəzakətlə onlara deyir: meyliniz çəkmir?

_______________________________________

       KARLO KOLLODİ. Əsil adı Karlo Lorentsini idi, 1826 –cı ildə Toskanadakı Kollodidə doğulmuş,1890-cı ildə Firentsedə vəfat etmişdir. Madzini ideyalarının çılğın tərəfdarı idi, Risorcimentonun hərbi kampaniyalarında iştirak etmişdi, azadlıq mübarizəsini və müstəqilliyi sevirdi, ancaq əvəzində, 1859 –cu ildən başlayaraq, Toskana hökuməti yanında teatr senzoru kimi fəaliyyət göstərmişdir. Qaraqabaq, tənha insan olmuşdur, yeməkdə və şərabda ifratçılığa meylli idi, yel xəstəliyindən, qarabasmadan və yuxusuzluqdan əziyyət çəkirdi. Taxta bir uşaq kuklasına əbədi həyat bəxş etmişdir.

Ardı var...


İtalyan dilindən tərcümə:
Cəmşid CƏMŞİDOV


 

Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.