Nəriman Əbdülrəhmanlı - Vurğun Əyyub: Ləyaqət və sözə sevgi
23.10.17
Nədənsə, indiyəcən mənə elə gəlirdi, Vurğun Əyyubun 60 yaşı, ən azı, bir neçə il əvvəl tamam olub, sadəcə mən diqqətsizlik eləmişəm… Yəqin, içimdə bu duyğunun yaranmasına onun zəngin, həm də çalxantılı ömür yolu, içtimai mühitdəki nüfuzu, xüsusilə, son illərdə qələmə aldığı sanballı yazıları səbəb olmuşdu… Aramızda cəmi-cümlətanı aylarla ölçülən yaş fərqi olduğundan xəbər tutanda da xeyli təəccüblənmişdim… Hər halda, gözəl yanıldığıma görə, "günahımı” bir yazıda Vurğun Əyyubun insani və yaradıcılıq portretini çızmaq cəhdilə yumaq istədim… Onu cəmi bir neçə ildi ki, az-çox yaxından tanıdığıma görə, bu yazımda fəhmimə əsaslanmaqdan başqa yolum yoxdu… *** Vurğun Əyyub imzasına ilk dəfə ötən əsrin (zaman uzaqlığından adamın gözü qaralır!) səksəninci illərinin əvvəllərində rast gəlmişəm… Bir neçə il sonra "Sovet Gürcüstanı” qəzetində çalışanda rəhmət Arif Mustafazadə onda gənc tədqiqatçı olan Vurğun Əyyubovun Səməd Vurğun yaradıcılığıyla bağlı bir məqaləsini redaktə eləmək üçün vermişdi. Əslində, redaktə eləməli bir şey də yox idi, yazını rahatca oxuyub çapa verdim. Onda yalnız bitirdiyi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki N.Tusi adına Pedaqoji Universitetində) çalışdığını, elmi işini müdafiə eləməyə hazırlaşdığını bilirdim… Növbəti il Bakıya gələndə artıq Vurğunun adını get-gedə vüsət alan milli-azadlıq hərəkatı öndərlərinin sırasında eşitdim… Sonra ona meydanlarda və kürsülərdə rast gəldim… Vurğun Əyyub mübarizə müstəqilliyimizin bərpasıyla başa çatandan sonra da yolundan dönmədi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri kimi, öz çiyinlərinə təhsilimizi yeni müstəviyə çıxarmaqla bağlı ağır yük götürdü… Sonra yenidən mübarizə meydanına qayıtdı… Həmin məqamlarda onun ədəbiyyatşünas kimi yaradıcılıq potensialını siyasi mübarizəyə sərf etməsindən təəssüf hissi keçirirdim. Hətta sonralar 1988-ci ildə "Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” mövzusunda dissertasiya müdafiə eləyib filologiya elmləri namizədi alimlik dərəcəsi aldığı eşidəndə xeyli təəccübləndim: hər halda, o qədər qızğın və fasiləsiz ictimai-siyasi fəaliyyətdən vaxt oğurlayıb elmi missiyasına qayıtmaq, zənnimcə, asan məsələ deyildi. İctimai-siyasi mübarizə isə Vurğun Əyyubun ömrünün, az qala, iyirmi beş ilini apardı… Məncə, o, özü də həmin illəri əbəs zaman itkisi hesab eləmir, çünki aydın dərk elədiyi Zyalı Missiyasının nə demək olduğunu gözəl başa düşür… Sonralar Vurğun Əyyubun sorağını Qarsdakı Qafqaz universitetindən alın pedaqoji və elmi fəaliyyətə qayıtmasına uzaqdan-uzağa da olsa, sevindim. Hərdən sosial şəbəkədə yazışırdıq, həmin yazışmalarda da onun Azərbaycandan ötrü nə qədər darıxdığını duyurdum. Bu, təkcə Vətəninə hədsiz bağlı olan insanın darıxması deyildi, həm də Vətəninin taleyi üçün bir ziyalı kimi məsuliyyət hissi duyan adamın duyğularıydı… Nəhayət, Vurğun Əyuubun Xəzər Universitetində pedaqoji fəaliyyətə qayıtdığından xəbər tutanda, mətbuatda bir-birindən sanballı məqalələrini oxuyanda ədəbiyyatımızın daha bir bənzərsiz araşdırıcı qazanmasından rahatlıq hissi keçirdim.. *** Vurğun Əyyub ədəbiyyatşünaslığımızın problemləri ilə bağlı olan irili-xırdalı 150-dən artıq məqalənin müəllifi olsa da, tədqiqat yolunun başlanğıcından Azərbaycan tomantizmini ardıcıl araşdırmağı qarşısına məqsəd qoyub, namizədlik dissertasiyası kimi işlədiyi "Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” monoqrafiyası da üzərinə götürdüyü bu missiyanın məntiqi yekunudu. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli onun elmə gəldiyi vaxtların romantizm haqqında müəyyən mübahisələrin qızğın getdiyi dövrə təsadüf elədiyini yazır. Doğrudan da K.Talıbzadə, Ə.Mirəhmədov, M.C.Cəfərovun A.Zamanov, M.Əlioğlu, Y.Qarayev, İ. Həbibbəyli kimi nüfuzlu ədəbiyyatşünasların Azərbaycan romantiklərinin yaradıcılığı haqqında sanballı monoqrafiya və məqalələrindən sonra tədqiqat obyekti olaraq bu mövzunu seçməsi onun faktiki nüfuzlu alimlərlə üz-üzə gəlməsini labüd edirdi. Vurğun Əyyubun haqlı olaraq qeyd elədiyi kimi, "XX əsrin inqilablar dövrünün (195-1920) ədəbiyyat tarixinə bəxş etdiyi ədəbi-bədii sərvətlər içərisində tənqidi realixmlə yanaşı, Azərbaycan romantizminin də özünəməxsus şəkisi var. Bu sərvətin qiymətləndirilməsində Azərbaycan sovet ədəbiyyatşünaslığı ideoloji diqtələrdən irəli gələn sapmalara yol vrsə, estetik meyarlara ikinci dərəcəli məsələ kimi baxsa da, ümumən, romantic lirikanın vətəndaşlıq mövqeyini düzgün müəyyənləşdirə bilib”. İndi əlimizdə olan "Azərbaycan romantizmini araşdırarkən…” (Bakı, "Elm və təhsil”, 2017) kitabındakı həmin monoqrafiya problemə sistemli baxışı əks etdirir. TədqiqatçıA.Şaiq, A.Səhhət, H.Cavid, C.Cabbarlı, M.Hadiyaradıcılığını araşdıanda nüfuzlu araşdırıcıların təsiri altına düşmür, problemlə bağlı öz görümünü ortaya qoymağı bacarır, üstəlik, Azərbaycan ədəbiyyatşünaslığında romantizmin tədqiqi ənənəsinin əsasını qoymuş görkəmli alim və yazıçımız, mərhum Mir Cəlalın xidmətlərini qeyd eləyir, onun "Ədəbiyyatda romantizm” məqaləsini və "XX əsr Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasını ilkin mənbələr kimi araşdırır. Monoqrafiyanın başlıca cəhətlərindən biri budur ki, Vurğun Əyyub təkcə klassik Azərbaycan şairlərinin yaradıcılığına müraciət eləməklə qalmır, eyni zamanda 1905-1920-ci illərdə dövrün romantiklərinin təsiri altında yaşayıb-yaratmış, imzaları geniş oxucu kütləsinə tanış olmayan Ə.Q. Bakuvi, A.Qaibzadə, Ə.Səbur, A.Mərəndi, Ə.M.Sərabi kimi qələm adamlarının poetik irsini o zamanın mətbuat orqanlarından və kitablarından tapıb üzə çıxarıb. Ola bilsin, yaxın gələcəkdə həmin qələm adamlarından hər birinin yaradıcılığı ayrıca tədqiqat obyektinə çevrilsin. Tədqiqatçı eyni zamanda yeri gəldikcə Azərbaycan romantizmi nümayəndələrinin yaradıcılığı ilə rus romantizmi nümayəndələrinin yaradıcılığını müqayisəli şəkildə araşdırır. Bu da həmin dövrdə bu ədəbi cərəyanın inkişaf tendensiyasını daha əhatəli dərk eləməyə yardım göstərir. Azərbaycan romantizminin tədqiqinə sistemli baxışı Vurğun Əyyubun bir sıra məqalələri də təsdiqləyir. Onun "Vurğunun romantikası” (Səməd Vurğun poeziyası), "Satirikin romantikası” (M.Ə.Sabirin poeziyası), "Hüseyn Cavid dramaturgiyasında Gercüstan və gürcülər”, "Azərbaycan romantiklərinin yaradıcılığında I Cahan savaşı” elmi məqalələri romantizmin tədqiqinin hüdudlarını genişləndirmək baxımından çox faydalıdır. O, həm də Azərbaycan romantizminə həsr olunmuş tədqiqatları da nəzərdən qaçırmayıb. İsa Həbibovun (akademik İsa Həbibbəyli) "Romantik lirikanın imkanları”, Vəli Osmanlının "Azərbaycan romantikləri”, Əziz Mirəhmədovun "Məhəmməd Hadi”, Kamal Talıbzadənin "Abbas Səhhət” monoqrafiyaları haqqında ayrı-ayrı məqalələr qələmə alıb və dövri nəşrlərdə çap etdirib. Bütün bunları nəzərə almaqla, Vurğun Əyyubun adını inamla Azərbaycan romantizminin tədqiqinə sanballı töhfə vermiş ciddi araşdırıcılar sırasında çəkə bilərik… Vurğun Əyyub ədəbi yazılarında sevgisinin dərinliyi də ("Poeziyamızın Məmməd Araz yükü”), ağrısının səmimiliyi də ("O, istedadını repressiyaya məruz qoydu” - Səməd Vurğunun yaradıcılığı haqqında) dərhal üzə vurur. Bu da fikrimizcə, əsl araşdırıcıya xas olan, həm də ümumiyyətlə SÖZə qəlbində sonsuz sevgi bəsləyən insane bəxş olunan nadir keyfiyyətdir. Vurğun Əyyubun axır vaxtlar başladığı "Hekayə təhlilləri” silsilə yazıları da orijinal forması və müəllifin peşəkar yanaşmasıyla diqqəti çəkir. Bu silsilənin davam eləməsi, şübhəsiz, ədəbiyyatşünaslığımıza töhfə olardı. Hər halda, Şərif Ağayarın "Şəkil”, bu sətirlərin müəllifinin "Qapı” hekayələri ilə bağlı qələmə aldığı yazılar bunu deməyə əsas verir… *** Vurğun Əyyub ömür möhlətini tale missiyası kimi yaşayan insanlardandı. Həyatda addımlarını şüurlu surətdə atıb, yolu daşlı-kəsəkli olsa da, həqiqət bildiyinin axasınca sonacan getməyə özündə güc tapıb. Buna görə də deyir: "Heç vaxt, heç nəyə görə peşman olmamışam. Nəyinsə peşmanlığını çəkdiyim yadıma gəlmir. Bəlkə də şəxsi məsələlərdə ola bilər, amma ictimai-siyasi məsələlərdə yox. Demirəm ki, səhv eləməmişəm. İnsanın heç vaxt səhv eləməməyi mümkün deyil. Amma vacib bir xətt, bir yol var ki, orada səhv eləmək olmaz. "Magistral yol”a aparan cığırlarda səhv eləmək mümkündü və səhvlər olur da. Amma o əsas yolda səhv eləmək olmaz”. O əsas yola Vurğun Əyyub ömrünün az qala yarısını - ən azı 25 ilini sərf eləyib. Bu da onun İradə Tuncayın "Yol” kitabında yer almış monoloqundan bir parçadı: "Bu yaşıma qədər maraqlı, qaynar həyat yaşamışam. On altı yaşım tamam olmamış ali məktəb tələbəsi idim. Sabirabad və Tovuzda orta məktəb müəllimi işlədiyim illər həyatımda ciddi izlər buraxıb. 1984-cü ildə aspiranturaya daxil olandan sonra elmi müzakirələrin, siyasi-ictimai məzmunlu toplantıların fəallarından, həmin dövrdə yaradılan təşkilatların ya iştirakçısı, ya da təşəbbüskarı olmuşam. Sovet dövründə bir çox tanınmış ziyalılar, dissident hesab olunan insanlarla ünsiyyət qurmuşam. Ola bilsin, yazacaqlarımın bəziləri kiməsə subyektiv görünsün. Bir onu deyə bilərəm ki, bu yazılarda yalan, qeyri-səmimi heç bir şey olmayacaq. Biz total yalan və riyanın, zəhlətökən ideoloji təbliğatın hökm sürdüyü, rüşvətxorluğun meydan suladığı, bir xalq olaraq varlığımıza göz yuman rejimə qarşı mübarizəyə qalxmışdıq…” Şübhəsiz, belə bir ömürlə fəxr eləməyə dəyər… Bu ömrün qazancısa axıracan qoruyub saxlaya bildiyi LƏYAQƏTİ və SÖZƏ CEVGİsidi… /adalet.az/
|