İsa Həbibbəyli yazır - Erkən realizm dövrü
24.10.17

Azərbaycanın ictimai-siyasi həyatında XVII-XVIII əsrlərdə ciddi dəyişikliklər baş vermişdir.

Ölkə ərazilərinin Osmanlı dövlətindən Səfəvi hakimiyyətinə qaytarılması uğrunda aparılan mübarizənin Cəlalilər hərəkatı adlanan ümumxalq hərəkatına çevrilməsi ictimai mühitdə ölkənin müqəddəratı ilə bağlı məsələləri ön mövqeyə çəkmiş, vətənpərvərlik və azadlıq ideyalarını qüvvətləndirmişdir. “İstanbuldan İrəvana, Bağdaddan Dəmirqapı Dərbəndədək” (“Azərbaycan tarixi”, 7 cilddə, III cild, Bakı, “Elm”, 1999, səh.248) olan torpaqları əhatə edən və xalq içərisindən çıxmış vətənpərvər qəhrəmanın adı ilə Koroğlu hərəkatına çevrilən bu mübarizə hadisələrin və proseslərin gerçək bir mövqedən qiymətləndirilməsini tələb edirdi. İctimai-siyasi həyatda baş verən bu dəyişiklik ədəbiyyatın da hədəflərinin, təsvir və tərənnüm üsullarının yeniləşməsinə öz təsirini göstərmişdir. Azərbaycan ədəbiyyatında XVII əsrdən etibarən tədricən romantik tərənnümdən həyatiliyə, gerçəkliyə doğru yeni bir proses başlanmışdır. Eyni zamanda, XVIII əsrdə Səfəvi dövlətinin tənəzzülü, Xəzərboyu ərazilərin çar Rusiyası tərəfindən  işğal edilməsi və nəhayət, Nadir şahın qətli ilə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi şərait də ictimai fikrə, ədəbi-mədəni proseslərə öz təsirini göstərmişdir. Azərbaycanda xanlıqlar formatında “kiçik padşahlıqların” yaranması ölkənin parçalanmasına gətirib çıxarsa da, həm də müstəqil dövlətçilik şüurunun formalaşmasında mühüm amilə çevrilmişdir. Bu dövrdən başlayaraq Azərbaycanda elm, maarif, ədəbiyyat və incəsənətdə xəlqiləşmə meylləri qüvvətlənmişdir. Beləliklə, Azərbaycan ədəbiyyatı XVII əsrdə yeni mərhələyə daxil olmuşdur.

Azərbaycan ədəbiyyatında yeni mərhələnin formalaşmasının ictimai-siyasi reallıqlarla yanaşı, ədəbi-mədəni proseslərdən doğan səbəbləri də var idi. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu vaxta qədərki klassik poeziyada mövcud olan nəsihətçilik meylləri XVII əsrdə inkişaf edərək müsbət mənada didaktik ədəbiyyatın yaranmasına səbəb olmuşdur. Bu isə öz növbəsində ədəbiyyatın, xüsusən də poeziyanın romantik ucalıqdan həyata, cəmiyyətə və insana doğru inkişafında yeni istiqamətin başlanması demək idi. XVII əsrdə klassik lirika ənənəsi içərisində həyati-didaktik meylin daha da qüvvətlənməsi aşkar müşahidə olunur ki, bu da bir az sonra meydana çıxmış Azərbaycan realizminin ilkin addımlarının atılması üçün münbit zəmin hazırlayır. Məhəmməd Əmaninin yaradıcılığındakı didaktikaçılıq, Sadiq bəy Əfşarın şeirlərindəki xalq ruhu bu vaxta qədər məhəbbət notları üstündə köklənmiş ədəbiyyatda artıq ab-havanın dəyişilməkdə olduğunu əks etdirir. Fədai Təbrizinin “Bəxtiyarnamə” poemasının başdan-başa əxlaqi-didaktik məsələlərə həsr olunması ədəbiyyatda yeni hadisə idi. Qövsi Təbrizi də klassik lirika janrlarında həyati-didaktik şeirlər yaratmağın nümunəsini göstərmişdir. Onun lirikasında zamanın ictimai-siyasi və nəsihətamiz-didaktik baxışları öz əksini tapmışdır. Fədainin aşağıdakı zərbi-məsəl kimi səslənən misraları dövrün nəsihətamiz poeziyasının əsas ruhunu ifadə edir:

Gər istərsən sənə etməyə nöqsan,
Cahanda heç kəsə söyləmə böhtan.
Demə böhtan və töhmət bigünahə,
Düşər hər kimsə öz qazdığı çahə.

XVII əsr Azərbaycan poeziyasındakı açıq tənqid ruhu ədəbiyyatda “Şikayətnamə” ənənəsinin davam etməkdə, dərinləşməkdə olduğunu göstərirdi. Bu mərhələdə hətta konkret tənqid hədəflərinə malik olan əsərlərin yazılması ədəbiyyatda romantik üslubun tədricən zəifləməsini, realist meylin güclənməkdə olduğunu nümayiş etdirir. Məsələn, ədəbiyyat tarixindən məlumdur ki, Tərzi Əfşar II Şah Abbasın vəziri Nəvvab Sultana göndərdiyi bir məsnəvidə vəqf idarəsi məmurlarını rüşvətxorluqda təqsirləndirir, təqaüdçülərin isə əzab-əziyyət çəkdiyini göstərir. Yaxud, Ağa Məsih Şirvaninin “Vərqa və Gülşa” poemasındakı mürəkkəb və gərgin həyati hadisələri romantik üslubda tərənnüm etmək çətin idi. Arif Şirvaninin dövrün hakim sinfini təmsil edənləri həcvlə tənqid etməsi artıq realizmin ədəbiyyatın qapısını döyməkdə olmasından xəbər verirdi. Qövsi Təbrizinin şeirlərində də həyat hadisələrinə münasibətdə gerçəkliyə meyl və tənqid notları müşahidə olunmaqdadır. Şair hətta yaşadığı dövrdə ana dilinin sıxışdırılmasına qarşı etiraz ifadə edən ciddi şeirlər yazmışdır. Şakir Şirvaninin “Əhvali-Şirvan” tarixi mənzuməsində şairin ürəkdən bağlı olduğu Şirvan elinin timsalında ölkədəki çətin və mürəkkəb vəziyyət realist boyalarla əks etdirilmişdir. Məchur Şirvaninin “Qisseyi-Şirzad” poemasında da tarixi mövzu əsasında şairin yaşadığı dövrün reallıqlarına obyektiv münasibət ifadə olunmuşdur. Ədəbiyyatda Azərbaycan realizminin rüşeymləri olan bu əsərlər nəinki gerçək həyat lövhələrini, hətta real tarixi hadisələri və siyasi prosesləri əks etdirirdi. Ona görə də XVII əsr şairlərinin “həqiqətpərəst bir vətəndaş kimi çıxış edərək yaşadıqları dövrün ictimai səciyyəsini vermələri, ...haqsızlıq və ədalətsizlikləri cəsarətlə tənqid etmələri”  haqlı olaraq XVII əsr Azərbaycan ədəbiyyatının xarakterik xüsusiyyətlərindən biri hesab olunur.

Azərbaycan ədəbiyyatında XVII əsrdən epik növdə yazılan əsərlərə marağın qüvvətlənməsi romantik lirikanın tədricən öz yerini poemalara verməsinin əlaməti idi. Bu dövrdə demək olar ki, ədəbiyyatda poema, yaxud mənzum hekayət yazmayan sənətkar göstərmək çətindir. Fədai Təbrizinin “Bəxtiyarnamə”, Ağa Məsih Şirvaninin “Vərqa və Gülşa”, Sadiq bəy Əfşarın “Şöhrətli Abbasın qələbə kitabı”, Kövsəri Həmədaninin “Fərhad və Şirin” və sair poemalarda ibrətamiz əhvalatların, bəzən isə tarixi hadisələrin qələmə alınması poeziyada romantika ilə realist meyillərin mübarizəsində həyati reallıqların təqdim olunmasına üstünlük verildiyini nəzərə çarpdırır. Orta əsrlər Azərbaycan epik ədəbiyyatından fərqli olaraq, erkən yeni dövrdə yaranmış poemalarda lirika deyil, hadisə, süjet xəttinin inkişafı, obrazların təkamülü əsas yer tutur. Mövzu baxımından da dəyişən poemalar əsasən epik-didaktik janrda yaranmışdır. Bu isə XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatında gedən xəlqiləşmə proseslərinin təzahürləri idi.

Bundan başqa, həmin dövrdə poeziyada xalq ədəbiyyatına və canlı danışıq dilinə doğru ciddi dönüş müşahidə olunur. Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım kimi ustad aşıqların yaşayıb-yaratması ədəbiyyatda milli bədii təfəkkürü daha da qüvvətləndirmişdir. “Koroğlu” qəhrəmanlıq dastanının yaranması və geniş yayılması xalq ədəbiyyatı ənənələrinə marağı artırmışdır. XVII əsrdə “Şah İsmayıl”, xüsusən, “Aşıq Qərib” dastanlarının yaranması, XVIII əsrdə “Əsli və Kərəm” dastanının formalaşması ilə yazılı ədəbiyyatda xalq həyatına və milli oyanışa doğru ciddi dönüşə təkan vermişdir. Xalq-aşıq ədəbiyyatı ənənəsinin genişlənməsi yazılı ədəbiyyatda da bu üslubun təzahürünü qaçılmaz etmişdir.

Saib Təbrizinin (1601-1677) Azərbaycan ədəbiyyatına gətirdiyi “Hind səpkisi” xarakterinə görə xalq həyatına meylli poeziyanın inkişafına təkan vermişdir. Şairin qəzəl janrında yazdığı şeirlərindəki aforizmlər kimi səslənən hikmətamiz fikirlər romantik poeziyanın ahəngini dəyişmişdir. Onun formaca klassik üslubda yazılmış lirikasında həyatiliklə romantika və didaktika bir-birini tamamlayır. “Hind səpkisi”nin gündəmə gətirdiyi həyatilik və diaktika saray ədəbiyyatının mövqeyini zəiflətmiş, romantik-didaktik ədəbiyyata marağı qüvvətləndirmişdir. Saib Təbrizinin poeziyası məhəbbət lirikası ilə realist şeir arasında aşiqanə-didaktik şeirin klassik nümunəsidir:

Olmadı xurşiddən dağlarda rəngin daşlar,
Gördülər ləli-ləbin, qan tərlədilər daşlar.

Çün dökəndə el dedim tərk etməsin yoldaşlığı,
Çox qara oldu günüm, yad oldular qardaşlar.

Yol əgər həqdir, çəkər yolsuzdan axır intiqam,
Yola tapşır, çıxdılar yoldan əgər yoldaşlar.

Mehriban olmaz nəsimi-sübhdən hərgiz sana,
Şəmtək ta tökmədən Saib, gözündən yaşlar.

XVII-XVIII əsrlərdə Azərbaycan bədii nəsri ədəbiyyatın ayrıca bir istiqamətinə çevrilmişdir. Bu mərhələdə AMEA-nın müxbir üzvü Əlyar Səfərlinin yazdığı kimi, “bədii nəsr klassik poemaların “dibaçə” hissəsindən ayrılaraq müstəqil inkişaf yoluna qədəm qoyur, yeni vüsət qazanaraq ədəbi-bədii cəhətdən də, dil-üslubca da, məfkurəcə də kamilləşir”. Mənzum hekayənin müstəqil janra çevrildiyi həmin dövrdə, eyni zamanda, nəsrlə yazılmış hekayə janrı da formalaşmışdır. Vəli Ərəşinin “Düzd və qazi” hekayəsi Azərbaycan ədəbiyyatında bu janrın ilk nümunəsi kimi meydana çıxmışdır. Poeziyadakı “Hind səpkisi”nin dalğasında hind folkloru əsasında yaranmış “Tutinamə”nin azərbaycanlı müəllif Möhsün Nəsiri tərəfindən Azərbaycan variantının yaradılması bədii nəsrin inkişafında mühüm addım idi. Nəzm hissələri olsa da, nəsrin üstünlük təşkil etdiyi “Şəhriyar” dastanı nəsr sahəsində proseslərin genişlənməsinin məntiqi yekunu olan əhəmiyyətli ədəbi hadisə idi.

Göründüyü kimi, XVII əsr Azərbaycan ədəbiyyatı klassik romantik poeziyadan erkən realizmə keçid dövrüdür. Bu dövrün poeziyası romantik lirikadan gerçəkliyin bədii ifadəsinə doğru baş vermiş ilkin böyük dönüşdür, yeni ədəbi istiqamətin başlanğıcıdır. Geniş mənada həmin mərhələdə yaranan ədəbiyyat XVIII əsr  Azərbaycan realist şeirinin proloqudur. XVII əsr Azərbaycan ədəbiyyatı XVIII əsrin erkən realizminə hazırlıq dövrüdür. Azərbaycan realizmi XVII əsrin “keçid dövrü” ədəbiyyatı vasitəsilə realist mərhələyə qədəm qoymuşdur. Beləliklə, “XVII əsr Azərbaycan ədəbiyyatı Məhəmməd Füzuli ilə Molla Pənah Vaqif arasında mühüm bir körpü funksiyasını yerinə yetirmişdir”. (İ.Həbibbəyli).

XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı bir yerdə erkən yeni dövr ədəbiyyatı mərhələsini formalaşdırmışdır. Ədəbiyyatşünaslıqda bu tarixi mərhələdə ədəbiyyatın xarakterinə uyğun olaraq real həyat hadisələrinin, insanın zahiri və mənəvi gözəlliyinin tərənnüm edilməsinə üstünlük verildiyi üçün bir müddət həmin dövrün ədəbiyyatı təsviri realizm kimi səciyyələndirilmişdir. Lakin görkəmli ədəbiyyatşünas Yaşar Qarayev haqlı olaraq təsviri realizm anlayışının XVIII əsrin Azərbaycan ədəbiyyatının reallıqlarını tam ifadə etmədiyini qeyd edərək yazmışdır: “Vaqifin adı və üslubu ilə bağlı məktəbə aid edilən “təsviri realizm” istilahı, şübhəsiz, şərti ifadədir.

Əslində, “realizm”, hər şeydən əvvəl, təsvirçilikdən uzaqlıq deməkdir. İlkin realizmə “təsiri olmayan” sonrakı dövrün realizmi ilə müqayisədə verilmiş bu ad həmin realizm tipinin mahiyyətini ifadə edə bilmir”.

Bu - Azərbaycan ədəbiyyatında realizmin başlanğıc mərhələsi idi. Doğrudur, əsasən romantik istiqamətdə inkişaf etsə də, klassik Azərbaycan poeziyasında da bütün dövrlərdə realist meyllər olmuşdur. Nizami Gəncəvi əməkçi kərpickəsən kişinin obrazını yaradarkən, Əfzələddin Xaqaninin “Mədain xərabələri” əsərində dövrün ictimai ziddiyyətləri diqqət mərkəzinə çəkilərkən romantik idealla yanaşı, realist cizgilər də nəzərə çarpdırılmışdır. Yaxud da Məhəmməd Füzulinin “Şikayətnamə” hekayəsi adından da göründüyü kimi, hadisə və şəxsiyyətlərə real, gerçək münasibəti ifadə edirdi. Tərəddüd etmədən “Şikayətnamə”ni Azərbaycan ədəbiyyatında romantik-realist nəsrin ilk mükəmməl nümunəsi hesab etmək olar. Bundan başqa, artıq XVII əsrdən etibarən Azərbaycan ədəbiyyatında daha çox nəzərə çarpan didaktika da romantika içərisində realist baxışların ifadəsinə doğru meyli qüvvətləndirmişdir. Qeyd olunduğu kimi, Saib Təbrizinin Azərbaycan poeziyasında yaratdığı “Hind səpkisi” klassik romantik lirikadan fərqli olaraq, həm də həyat nəfəsi olan meylləri də ifadə edirdi. Bu mənada XVII əsr Azərbaycan poeziyası milli ədəbiyyatın erkən realizm dövrünün hazırlıq mərhələsidir. Xüsusən, folklor üslubunda ədəbiyyatın yeni inkişaf dövrünə qədəm qoyması, aşıq ədəbiyyatının qüvvətlənməsi özü ilə birlikdə ədəbiyyatda milli ruhu, ana dilinin geniş imkanlarını, xalq həyatının təsviri və tərənnümünü də nəzərəçarpacaq səviyyədə poeziyaya gətirmişdi. Bunlar bir az sonra meydana çıxacaq Molla Pənah Vaqifin poeziyasında öz əksini tapmış təbii insan həyatının və real təbiət təsvirlərinin ilkin məşqləri idi. Ona görə də XVIII əsr Azərbaycan realizmi həqiqətən də təsviri realizm olmayıb, həyat həqiqətlərini görünən tərəfləri, zahiri əlamətləri ilə yanaşı, daxili mahiyyəti, bəzən isə hətta ziddiyyətləri ilə birlikdə əks etdirməyə səy göstərən erkən realist ədəbiyyat nümunəsi idi. Molla Pənah Vaqifin “Kür qırağı” şeiri uzun əsrlər ərzində romantik səviyyədə vəsf edilmiş Azərbaycan təbiətinin yazılı ədəbiyyatdakı ilk realist təqdimatıdır. Şeirdə “əcəb seyrəngahı” olan Kür qırağının bütün real təbii gözəllikləri ilə bərabər, həm də “yaşılbaş sonası” olmamasına təəssüf hissləri də səsləndirilir.

“Bayram oldu” şeirindəki “Bizim evdə dolu çuval da yoxdur” misrasında səslənən giley xarakterli tənqid əslində ədəbiyyatın gerçək həyata, realizmə dönüşünün əhvali-ruhiyyəsinin ifadəsi idi. Ona görə də XVIII əsrin realizmi təsviri realizm yox, realizmin ərəfəsinin, başlanğıc dövrünün ovqatını yaşayan və əks etdirən erkən realizm idi. Molla Pənah Vaqifin realizmi Azərbaycan ədəbiyyatında realizm ədəbi cərəyanının müqəddiməsidir. Şairin  məşhur “Görmədim” müxəmməsi ideya-bədii xüsusiyyətlərinə görə Azərbaycan realizminin möhkəm təməllərindən və mükəmməl örnəklərindən biridir. “Görmədim” şeiri Azərbaycan ədəbiyyatında erkən realizmin kulminasiya nöqtəsidir. Həyatın ağırlıqlarını, dövrün böyük çətinliklərini və ziddiyyətlərini bütün reallıqları ilə ümumiləşmiş şəkildə sərrast ifadə edən “Görmədim” şeirində milli realist ədəbi düşüncənin əsas xüsusiyyətləri və bütün enerjisi bədii şəkildə özünün real əksini tapmışdır. Molla Pənah Vaqifin yaradıcılığı və xüsusən də “Görmədim” şeiri Azərbaycan ədəbiyyatında realizm epoxasının artıq dönməz xarakter aldığını təsdiq edən ədəbi bəyanatdır.
 
Dərin ictimai məzmunu və təsvir vasitələri ilə “Görmədim” şeirini Azərbaycan realizminin erkən dövrünün proqramı adlandırmaq olar:

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim.
 
...Kizbü böhtandan səvayı bir hekayət görmədim.
...Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.
...Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.
...Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim.
...İşlənən işlərdə ehkamü ləyaqət görmədim.
 
...Dövlətü iqbalü malın axırın gördüm tamam,
Həşmətü cahü cəlalın axırın gördüm tamam,
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başədək bir hüsnü-surət, qəddü qamət görmədim.

Molla Pənah Vaqif Azərbaycan ədəbi-ictimai fikrində Məhəmməd Füzulidən sonrakı, Mirzə Fətli Axundovdan əvvəlki böyük ədəbiyyatın fərqli zirvəsidir. Vaqifin “Görmədim” müxəmməsi “Koroğlu” dastanı ilə “Molla Nəsrəddin” ədəbiyyatı arasında möhtəşəm körpüdür.

Molla Vəli Vidadinin yaradıcılığındakı “Müsibətnamə” ruhu Azərbaycan ədəbiyyatının daha ağrılı çalarlarını özündə ifadə edir. Vidadi lirikası “Söz ki çoxdur, yeri yoxdur deməyə” bəyanatı ilə bir qədər ehtiyatlı mövqedən çıxış etsə də, yaşadığı dövrün “sultan-xanına” etibar etməyən, “külli-Qarabağın abı-həyatı”nı bayatı kimi xalq ruhunda əks etdirən, “haqqın kəraməti” olan realist şeirin əsas yaradıcılarından biridir. XVIII əsr Azərbaycan realist şeirinin qoşa qanadları olan Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin “Durnalar” şeirlərində həm təbiət hadisəsinin reallıqları, həm də cəmiyyətdə müşahidə olunan gərginlik notları öz əksini tapmışdır. “Durnalar” şeiri mahiyyət etibarilə realizmi Azərbaycan ədəbiyyatına gətirən durna qatarı idi:

... Asta qanad çalın, qafil telləri,
Heyifdir, salarsız düzə, durnalar.

Beləliklə, XVIII əsrdə artıq Azərbaycan poeziyasında real olaraq insan və cəmiyyət məsələləri ədəbiyyatın “gündəliyində” əsas yeri tutmuşdur. Bu dövrdə xalq-aşıq şeiri formaları klassik lirika janrlarını üstələmişdir. Daha doğrusu, Molla Pənah Vaqifin yaradıcılığı ilə xalq şeiri ilə yazılı poeziya arasındakı fərq aradan qalxmışdır. XVIII əsr Azərbaycan şeirində heca vəznində yazılmış ədəbiyyat əruz vəznli poeziyanı arxada qoymuşdur. Bu, Azərbaycan poeziyasında əruz epoxasının süqutu dövrü idi. Məhz bu mərhələdən sonra Azərbaycan poeziyasında heca vəznli şeir dönməz xarakter almış, yüksələn xətlə inkişaf etmişdir. Vaqif Azərbaycan şeirini modern ədəbiyyat müstəvisinə çıxarmışdır.

XVIII əsrdə artıq Azərbaycan ədəbiyyatının janr mənzərəsi də dəyişmişdir. Klassik Azərbaycan ədəbiyyatındakı qəzəl və qəsidəni yeni epoxada qoşma və gəraylı əvəz etmişdir. Bu mərhələdə canlı xalq dilində və folklor üslubunda yaranan ədəbiyyat əsasında Azərbaycan ədəbi dili formalaşmışdır. Haqlı olaraq Molla Pənah Vaqif Azərbaycan ədəbi dilinin banisi hesab olunur: “Molla Pənah Vaqif ədəbi-bədii təfəkkürün (və ədəbi-bədii dilin) milli əsasda inkişafını mütləqləşdirirdi, - onun xidməti nəticəsində folklor üslubu klassik üslubun nüfuzunu sındırıb aparıcı mövqeyə çıxdı; bundan sonra ədəbi-bədii təfəkkürün (və ədəbi-bədii dilin) perspektivlərini bir qayda olaraq folklor üslubu müəyyən etdi... Nəticədə folklor üslubu ədəbi-bədii dili bütövlükdə təmsil etmək iddiasına malik olur”. (Nizami Cəfərov). XVIII əsr Azərbaycan şeirinin, xüsusən də Molla Pənah Vaqifin tərənnüm etdiyi el gözəlləri klassik poeziyadakı Leylilərin və Şirinlərin deyil, “Kitabi-Dədə Qorqud” dastanlarındakı Burla Xatunların, Banu Çiçəklərin yeni tarixi şəraitdəki davamçıları idilər.  Bütövlükdə XVIII əsrdə ədəbiyyat formaca da, məzmun etibarilə də dəyişmişdir. Bu yeniləşmə Azərbaycan ədəbiyyatında erkən realizmin meydana çıxması ilə nəticələnmişdir. Haqlı olaraq “realistik təfəkkürün oyanması, həyat hadisələrinə, insana münasibətdə realist dünyabaxışın üstün gəlməsi faktı” (Araz Dadaşzadə) XVIII əsr Azərbaycan lirikasının əlamətdar cəhəti hesab olunur. Şeirdə dünyəvilik və həyatilik, dildə sadəlik və təbiilik, mövzudakı dövrandan narazılıq və taledən şikayət, didaktik-hikmətamiz baxışların ifadəsi, nikbinlik və kədər erkən Azərbaycan realizminin əsas səciyyəvi xüsusiyyətləridir.

Ümumiyyətlə, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı çoxəsrlik milli ədəbi gedişatın tarixində xüsusi mərhələdir. Vaxtilə akademik Həmid Araslının XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatına həsr olunmuş ayrıca dərslik yazıb nəşr etdirməsi bu tarixi mərhələnin milli ədəbiyyatın inkişafındakı xüsusi rolunun və mühüm yerinin elmi fikirdə etiraf olunmasının bir göstəricisidir. Erkən Azərbaycan realizmi ədəbiyyatımızda realist ədəbi cərəyanın başlanğıc dövrü, yaxud start mərhələsidir. Bu, Azərbaycan realizminin təməlini, bünövrəsini təşkil edən yeni tipli ədəbiyyatdır. Erkən realizm mərhələsi realist ədəbiyyatın davamlı olması üçün mühüm zəruri şərtləri hazırlamışdır. Molla Pənah Vaqifin “Bayram oldu” şeirində həyati çətinliklərlə birlikdə “kamal da yoxdur” kimi dərin təəssüf hissləri ifadə edən misraları həm də yeni Zamanın ağıla, elmə, tərəqqiyə, maarifçiliyə olan dərin ehtiyacının ifadəsi idi. Bu, cəmiyyətdə və ədəbiyyatda meydana çıxacaq yeni tarixi mərhələnin XIX əsr Azərbaycan maarifçi realizminin təməllərini hazırlayan erkən realizm ədəbiyyatıdır. Erkən realizm - Azərbaycan ədəbiyyatında sonrakı yeni dövrün, maarifçi realizm mərhələsinin baş məşqidir.  /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.