Antonio Tabukki - Yuxular. Stivenson - Rembo

30.10.17

YUXULAR  HAQQINDA  YUXULAR














Yazıçı və səyyah Robert Lyuis Stivensonun yuxusu      
 
   1865-ci ilin iyun gecəsi, on beş yaşında ikən, Edinburq hospitalının palatalarından birində, gələcək yazıçı və səyyah Robert Lyuis Stivenson yuxu gördü. Gördü ki, artıq yetkin bir insan olmuşdu və bir yelkənli gəminin göyərtəsində idi. Yelkənlər küləklə dolmuşdu, gəmi havada səyahət edirdi. O özü sükanın arxasında, gəmini hava şarı kimi istiqamətləndirirdi.Yelkənli gəmi Edinburqun üstündən keçdi, sonra Fransa dağlarından adladı, Avropadan uzaqlaşıb, mavi bir okeanın üzəri ilə uçmağa başladı. O, bilirdi ki, bu gəmini ciyərləri ilə ağır nəfəs aldığına, havaya ehtiyac duyduğuna görə götürüb. İndi isə, həqiqətən də rahat nəfəs alırdı, küləklər ciyərlərini təmiz hava ilə doldurmuş, öskürəyi sakitləşmişdi. 
      Gəmi suya oturdu və sürətlə irəliləməyə başladı. Robert Lyuis Stivenson bütün yelkənləri açmış, gəmini küləyin ixtiyarına buraxmışdı. Hansısa bir məqamda o, üfüqdə bir ada gördü, tutğun dərili insanların idarə etdiyi çox sayda uzun kanoelər ona tərəf üzürdü. Robert Lyuis Stivenson gördü ki, kanoedəkilər gəmiyə yan alaraq, əl işarələri ilə onların ardınca hansı istiqamətdə hərəkət etməyi göstərirdilər; və belə edərkən, onlar şən mahnılar oxuyur, gəminin göyərtəsinə bəyaz çiçək çələngləri atırdılar.
         Adanın yüz metrliyinə çatanda, Robert Lyuis Stivenson lövbər atdı və göyərtənin altında onu gözləyən baş kanoeyə qədər ip nərdivanla endi. Bu, burun hissəsindəki nəhəng totemi ilə birlikdə, möhtəşəm bir kanoe idi. Yerlilər qonağı qucaqlayır, ona şirin – şirin meyvələr təklif edərək, enli palma yarpaqları ilə yelləyirdilər.
        Adada onu gözləyənlərin arasında qadınlar və uşaqlar da vardı, onlar gülə-gülə rəqs edir, onun boynuna gül çələngləri taxırdılar. Kəndin başçısı ona yaxınlaşıb, işarə ilə dağın zirvəsini göstərdi. Robert Lyuis Stivenson başa düşdü ki, zirvəyə qalxmalıdır, ancaq bilmədi niyə. Düşündü ki, öz ağır təngnəfəsliyi ilə heç vaxt bu zirvəyə qalxa bilməyəcək və təxmini işarələrlə bunu yerlilərə başa salmağa çalışdı. Ancaq onlar artıq hər şeyi anlamış, qamışdan və palma yarpaqlarından hörülmüş bir xərək hazırlamışdılar. Robert Lyuis Stivenson xərəyə əyləşdi, yerlilərdən dörd nəfər qıvrağı xərəyi kürəklərinə aldı və dağa qalxmağa başladılar. Qalxdıqca, Robert Lyuis Stivensonun qarşısında inanılmaz bir mənzərə açılırdı: o,  Şotlandiyanı və Fransanı, Amerikanı və Nyu-Yorku, hələ davam etməli olacaq bütün keçmiş həyatını görürdü. Dağın ətəkləri boyunca, faydalı ağaclar və lət cicəklər havanı onun ciyərlərini cana gətirən füsunkar ətirlə doldururdu.
      Yerlilər bir mağaranın qarşısında ayaq saxladılar, bardaş qurub oturdular. Robert Lyuis Stivenson başa düşdü ki, mağaraya girməlidir, ona məşəl verdilər və o, içəri keçdi. Sərin idi, hava mamır qoxuyurdu. Robert Lyuis Stivenson uzaq zəlzələlərin qayada ovduğu, nəhəng stalaktidləri olan təbii bir otağa çatana qədər, dağın içərisi ilə irəlilədi. Otağın ortasında gümüş sandıq vardı. Robert Lyuis Stivenson onun  qapağını qaldırıb açdı və gördü ki, içində bir kitab var. Bu bir adadan,   səyahətlərdən, sərgüzəştlərdən, bir oğlan uşağından və dəniz quldurlarından bəhs edən kitab idi; və bu kitabın üz qapağında onun adı yazılmışdı. Onda o, mağaradan çıxdı, yerlilərə kəndə qayıtmaq əmrini verib, qoltuğunda kitab, düz dağın zirvəsinə qədər dırmandı. Sonra otun üzərində uzanıb, kitabın birinci səhifəsini açdı. O, bilirdi ki, bu kitabı oxumaqdan ötrü burada, bu zirvədə qalacaq. Çünki hava təmiz idi, hekayət də hava kimi idi, ürək açırdı; və orada, oxuya-oxuya sonu gözləmək də gözəl idi.

___________________________
      ROBERT LYUİS STİVENSON. 1850 – ci ildə Edinburqda doğulmuşdur. Sağlamlığı zəif olduğundan, gənclik illəri uzun sürən xəstəliklər və yenidən qayıdan sağalmalarla müşahidə olunur. Ağ ciyərindən əziyyət çəkirdi, vərəmdən də vəfat etmişdir. Avropaya, Birləşmiş Ştatlara, Sakit okeana səfərlər etmişdi. Dəfinələr adası ən məşhur kitabıdır. Ölmək üçün uzaq bir adanı, Samoa adalarındakı Upolunu seçmişdi. Dağın zirvəsində dəfn olunub. Qırx dörd yaşı vardı.



Şair və səfil insan Artur Rembonun yuxusu
                   
     1891-ci il, iyunun iyirmi üçü gecəsi, Marsel şəhərinin hospitalında, şair və səfil insan Artur Rembo yuxu gördü. Gördü ki, Ardenlərdən adlayırdı. Amputatsiya olunmuş ayağı qoltuğunda, özü də qoltuqağacına söykənmişdi. Kəsili ayağı, səhifəsində böyük hərflərlə şeirləri çap olunmuş bir qəzet kağızına bükülmüşdü.
   Gecə yarısına yaxın idi, ay bədirlənmişdi. Çəmənliklər gümüşü rəngə çalır, Artur da oxuyurdu. O,  bir kənarda yerləşən, pəncərəsi açıq, tənha evin yanına gəlib çıxdı. Çəmənlikdəki nəhəng badam ağacının altında uzanıb oxumağına davam etdi. Bir qadından və bir tüfəngən bəhs edən inqilabi, səfil bir mahnı idi. Bir qədər keçmiş, qapı açıldı, bir qadın çıxıb irəli gəldi. Gənc qadındı, hamar, süst saçları vardı. Nəğməndə tələb olunan kimi bir tüfəng istəyirsənsə, onu sənə verə bilərəm, - deyə o, söylədi, - onu ambarda saxlayıram. Rembo kəsili ayağına qısılıb güldü. Paris Komunasına gedirəm, - dedi, -  tüfəng lazımdır.
         Qadın onu ambara qədər müşaiyyət etdi. İki mərtəbəli bir  tikili idi. Aşağı mərtəbəsində qoyun saxlayırdılar, söykəmə nərdivanla qalxdıqları ikinci mərtəbə isə anbar idi. Mən ora qalxa bilmərəm, -  Rembo dedi, - səni burada gözləyəcəm, qoyunların arasında. O, samanın üstünə sərələnib şalvarını çıxartdı. Qadın aşağı düşəndə onu sevişməkçün hazır gördü. Nəğməndə tələb olunan kimi  bir qadın istəyirsənsə, onu sənə verə bilərəm, - qadın dedi. Remdo onu qucaqlayıb soruşdu: bəs o qadının adı nədir? Adı Aureliyadır, - qadın cavab verdi, - çünki o, bir röya qadınıdır. O, bunu söyləyib paltarını soyundu.
        Onlar qoyunların arasında sevişdilər, Rembo kəsili ayağını əlindən buraxmırdı. Sevişərkən qadın dedi: qal. Qala bilmərəm, - Rembo cavab verdi, - getməliyəm, mənimlə cıxaq, doğan günəşə baxmaqdan ötrü. Onlar bir talaya çıxdılar, hava açılmışdı. Sən bu hayqırtıları duymursan, - Rembo dedi, - mənsə duyuram, - onlar Parisdən gəlir və məni səsləyirlər, bu azadlıqdır,  bu - uzaqların çağırışıdır.
      Qadın badam ağacının altında hələ də  çılpaq dayanmışdı. Ayağımı sənin yanında qoyuram, - Rembo dedi, - onun qayğısına qalarsan. O, bunu söyləyib, baş yola üz tutdu. Nə gözəl, indi heç axsamırdı da. Elə yeriyirdi, deyərdin hər iki ayağı yerindədir.Taxta başmaqlarının altından yol əks-səda verirdi. Üfüqdəki dan yeri al qırmızı rəngə boyanmışdı. O, oxuyurdu, özü də xoşbəxt idi.  
_________________________________

      ARTUR REMBO. Şarlevil, 1845 – Marsel, 1891. Zalım, fanatik və konservativ bir ailədə doğulmuş, on yeddi yaşında Kommunada iştirak etmək üçün Parisə qaçmış, səfalət və macəralarla dolu rahatsız, nizamsız həyata baş vurmuşdur. Qabaqgörən və əsrarəngiz lirikalı şeirlər qoyub gedərək, fransız poeziyasından bir meteor kimi keçmişdir. Dalaşma zamanı onu revolver atəşi ilə yaralayan şair Pol Verleni sevirdi. Rüsvayçılığın və xəstəxanaların nə olduğunu bilmiş, hansısa bir sirklə t Avropanı gəzmiş, şeir yazmağı ataraq, Həbəşistanda qaçaqmalçılıq etmişdir. Dizindəki şişə görə Fransaya qayıtmış, ayağı amputasiya olunduqdan sonra, Marsel hospitalında dünyasını dəyişmişdir.

Ardı var...

 
İtalyan dilindən tərcümə:
Cəmşid CƏMŞİDOV

 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.