Modern türk şairi Tuğrul Tanyol ilə müsahibə
31.10.17

Avanqard.net türk şairi Tuğrul Tanyolun müsahibəsini təqdim edir.
 
Tuğrul Tanyol ilə Serbiyada "Dünya Yazarlarının 54-cü Belqrad Görüşü”ndə tanış oldum. O, olduqca bilgin, daxili dünyası zəngin, qənaətləri möhkəmlənmiş dəyərli bir şairdir. Bütün kitabları "Yapıkredi yayınları” və "Kırmızı kedi” kimi nüfuzlu nəşriyyatlarda çap olunub. O, Türkiyənin və dünyanın ən nüfuzlu poeziya mükafatlarına layiq görülüb. Tuğrul bəylə İstanbulda görüşdük, maraqlı bir gün keçirdik, gəzdik, kitab mağazasına baş çəkdik və ən əsası, ədəbi söhbət etdik.
 
 
  – Bir neçə şeir kitabınız "Toplu şeirlər” adlı nəşrdə cəm olub. Bu kitab vasitəsi ilə sizin keçdiyiniz yaradıcılıq yolunu əhatəli izləmək olur. Beləcə, hər kitabınızda yaş, düşüncə dəyişimi diqqətdən yayınmır. Sualım budur ki, şair tükənməmək, özünü təkrarlamaq üçün nə etməlidir?


  – Adətən, bir çox şairlər cavan olanda yaxşı şeirlər yazırlar, ancaq zaman keçdikcə özlərini təkrarlayırlar. Bu tendensiyanı bütün şairlərə şamil eləmək olmaz, ancaq əksərən belədir. Gənclik illərimdə oxuduğum bir yazı məni bu məsələdə – özünü təkrarlamamaqda yolgöstərən oldu. Nobel mükafatçısı Tomas Eliot şair Vilyam Batler Yeyts haqqında yazdığı məqalədə onun yaradıcılığını Vilyam Vordsvord ilə müqayisə edir. Yazır ki, Vilyam Vordsvor ahıl yaşında gənclik illərindəki kimi şeirlər yazmaq istəyib, ancaq alınmayıb. Yeyts isə hər yaşı təmkinlə qarşılayıb, o, vaxta uyğun şeirlər qələmə aldığına görə, daha uğurlu şair olub. Bu fikir mənim üçün meyar oldu. Əvvəllər şeirlərimdə öz həyatımdan az şeylər vardı, böyük ömür yaşamadığıma görə bilgilərim daha çox kitablardan qidalanmışdı. Yaşadıqca həyati təcrübələrin artır. Əgər həyatla barışan insansansa, hər yaşın ayrı bir sehri olduğunu başa düşürsən. 20 yaşında da bir dəfə olursan, 25-də, 60-da da. Ona görə də ömrün hər çağını ehtiramla qəbul eləmək lazımdı. Düşünürəm ki, həyatının hər dövrünü yaşına uyğun yaşadıqca, yaxşı şeirlər yazmaq mümkündür. Depressiyaya düşmək lazım deyil ki, ay 50 yaşım oldu, ay 60 yaşım oldu. Gənclik həsrəti ilə cavanlığımdakı kimi şeir yazmaqdansa, o vaxtlara xiffətlə boylanan indiki vaxtımı yazmağa çalışıram. İstedad tükənən bir nəsnə deyil, bir insan istedadlıdırsa, axıracan da elə qalır. Əgər bir şair şeir yaza bilmirsə, bu o demək deyil ki, onun istedadı tükənib, o, sadəcə, yaşını qəbul edə bilmir. Həyatı olduğu kimi qəbul etməsən, yaxşı şeir yaza bilməzsən. Bütün bunlar yaradıcılığa da təsirsiz ötüşmür. Behcat Necatigil yazırdı ki, bəzi yaşları daha çox şeirlər gözləyir. Yazacağın şeirin gözü sənin üçün yollara dikilib, sən həmin şeiri yaza biləcək yaşa çatıb onu qələmə almalısan, eyni zamanda yazılmış şeiri anlamaq üçün ömrün o çağına yetişməlisən. Xüsusən, 2000-2005-ci illərdən sonra şeirlərimdə yaranan fərqlilik oxucuların ürəyincə oldu.
 
  – Vurğuladığınız dövrdən sonra daha sadə, bəzək-düzəksiz şeirlər yazmağa başlayıbsınız, mürəkkəblik yorub sizi sanki...

  – Dəqiq müşahidədir. Haqqımda son dövrlərdə yazılan məqalələrdə də bu məqamı qeyd edirlər. Poeziyada bəzək-düzək heç vaxt mənim üçün cəlbedici olmayıb. Həmişə sadə şeirlər yazmağa can atmışam, ancaq əvvəllər bunu reallaşdırmağı bacarmırdım. Bu mənada, həmişə həsəd apardığım şair Orxan Vəlidir. Onun sadəlikdən qidalanan dərinlik anlayışını nəzərdə tuturam. Ancaq mən sadə yazmağa özümü məcbur eləməmişəm, şeirlərim təbii axarla o nöqtəyə gəlib. Heç vaxt "hökmən belə yazacağam” kimi məqsədim olmayıb. Öz-özünə belə alınıb. Fikrimcə, bu da yaşla bağlı məsələdir.
 
  – "Cem kimi”, "Saatlar” tipli şeirlərinizdə tarixdən bir fon kimi istifadə edirsiniz, əslində, o poetik nümunələr gündəlik həyatımız və yaşantılarımızla bağlıdır, bu yaradıcı metod barədə danışmağınızı istərdim...

  – Tarixi şeirlərimdə həmin dövrləri canlandırmaq, o çağdan danışmaq kimi dərdim yoxdur, kim istəyirsə gedib o faktları kitablardan, internetdən öyrənə bilər. Tarixi şeirlərimdə tarixdən həmişə dekor kimi istifadə edirəm. Bunun belə olmasında bu günə qədər oxuduqlarımın da təsiri var.
 
   – "Toplu şeirlər”də minimalist poeziya nümunələri də yer alıb. O şeirlərə keçid necə oldu və həmin poetik nümunələr sizin yaradıcılığınızda nə dərəcədə vacibdir?


   – Qısa şeirlər mənim yaradıcılığım üçün çox önəmlidir. Onları daha çox 1970-ci illərdə yazmışam. Bəzən böyük bir şeirdə deyə bilmədiyin fikirləri, dörd-beş misralıq bir poetik nümunədə insanlara çatdırırsan. Klassik ədəbiyyatda da bu məqam var, məsələn, rübailərə baxın. Uzun şeir, silsilələr daha çox Qərb ədəbiyyatına məxsusdur, xüsusən, ingilis, fransız şairlərinə. Bizdə də dastanlar var, amma onlar, fərqli bir şeydir. Əslində, türk poeziya ənənəsi qısa şeirlərə daha çox uyğundur. Bu, həm xalq ədəbiyyatına, həm divan ədəbiyyatına aid məsələdir. Əgər məsnəvi yazmırsansa, deməli, qısa şeirlər – deyək ki, qəzəl qələmə almalısan. Şeir ürəyə necə gəlirsə, o cür də tamamlanmalıdır. Şeir əgər özü "bitdim” deyirsə, onu uzatmağın mənası yoxdur. Qısa şeirlər özünü az sözlə ifadə edə bilirlər.

  – Nümayəndəsi olduğunuz 80-cilər ədəbi nəslini sizcə, hansı estetik meyar birləşdirir?

  – 80-cı illərin əvvəllərində bir yazı yazmışdım, qeyd etmişdim ki, şeir axınları və modalarının axırı çatıb, bundan sonra hər kəs istədiyi kimi yazacaq. "Üç çiçek” dərgisi yaradan üç şair – Haydar Ergülen, Adnan Özer və mən üç fərqli şair idik, bizi bir yerə cəm edən poeziya ilə bağlı qayğılar idi. O vaxtlar sosialist, cəmiyyətə ünvanlı şeir dəbdə idi. Nəticədə çoxlu mənasız şeirlər yazılırdı. Hətta bir dərgi "etiraf edirdi” ki, bəli, pis şeirlər dərc edirik, çünki yaxşı nümunələr yazılmır. Biz birdən-birə gözəl şeirin yolunu açdıq. İstənilən şair istənilən mövzuda yaza bilər, təki yaxşı yazsın. Yeganə meyarımız bu idi. Bizi ənənələrdən qopmuş şair kimi qələmə verirdilər. Ancaq bizim ənənəyə söykənən çoxlu şeirlərimiz də vardı. Dəyişikliyə səbəb olan, ədəbi mühitə təsir göstərən şeirlər bizim yazdıqlarımız idi, bu fikri artıq qəbul olunmuş həqiqət olduğuna görə dilə gətirirəm. Bizim şeirlərimiz müasirliyi, ənənəni və musiqini özündə qovuşdururdu. O dönəmdə ingilis, fransız şeirinin təsiri ilə yazanlar çox idi. Biz bütün dünya şeirini oxuyurduq, hətta Latın Amerikası, Afrika şeirləri. Dərc etdiyimiz jurnalda üçüncü növ ölkələrin poeziya nümunələrini də olurdu, məsələn, Nigeriyalı şair, sonralar Nobel mükafatçısı olan Vole Şoyinkanın şeirləri Türkiyədə birinci dəfə bizim nəşr etdiyimiz dərgidə yayımlanıb. Əlbəttə, biz şeirlərini dərc elədiyimiz şairlərdən də təsirlənmişik, öyrənmişik.

  – Cemal Süreya ilə müsahibəniz var. Söhbət əsnasında "tikanlı” suallarınızdan biri də budur ki, siz müsahibələrinizdə ya özünüz kimi yazan şairlərin adını çəkirsiniz, ya da şəxsən yaxın olduqlarınızın. Sualım günümüzlə bağlıdır: Türkiyə ədəbiyyatında indi də eyni tendensiya davam edirmi?


  – Bəli, artıq başa düşürəm ki, bu mühit üçün belə hal normaldır, şairlər özlərinə yaxın olanları çox istəyirlər.
 
  – Ancaq bir vaxtlar bu halı doğru hesab etmirdiniz.

  – Şəxsən mən bu məsələyə fərqli münasibət göstərmişəm. İnsan kimi xoşuma gəlməyən şairlərin şeirlərini də oxumuşam, ayrı-seçkilik etməmişəm. Yaxud insan kimi xətrini istədiyim, amma zəif şeirlər yazan şairləri də qaldırıb dağın başına qoymamışam, öyməmişəm. Onsuz da, haqqında xoş söz deməmək bəyənməməyin əlamətidir. Cemal Süreya hər yetənə "mavi muncuq taxırdı”  – yəni yerli-yersiz haqqında xoş sözlər deyib ucaldırdı. Hamını bəyəndiyini deyirdi. İndi də eyni şeyi Haydar Ergülən edir. Müsahibələrində çox şairin adını çəkir, bəyəndiyini deyir. Həqiqətən bəyənib-bəyənmədiyini heç kəs bilmir. Mən bir dəfə onun haqqında sərt yazı yazmışdım, küsmüşdü məndən, sonra üzr istədim barışdıq.
Biz cavan olanda şairlər arasında ideoloji, estetik yaxınlıq vardı, deyək ki, solçu solçunu, sağçı sağçını bəyənirdi. Ancaq dərgi nəşr edəndə belə ayrı-seçkilikdən uzaq durmağa çalışırdım, solçu olsam da, islamçı kəsimin yaxşı şairlərinin şeirlərini dərgidə yayımlayırdıq. Türkiyədə insanlar dəyişmir, eyni xətaları təkrar-təkrar edirlər. Bu gün də kiçik qruplaşmalar, bir dərgi ətrafına toplananlar var. Hətta yazdıqlarını oxumadan sənə nifrət eləyənlər var, çünki hansısa dostunun səndən zəhləsi gedir. Dünyanın müxtəlif ölkələrinə gedəndə oradakı ədəbi mühitlərdə də eyni mənzərənin şahidi olmuşam: özündən xoşu gəlməyənin şeirindən də zəhləsi qaçır adamların.
 
   – Cemal Süreyadan aldığınız müsahibədən danışdıq bir az əvvəl. Həmin müsahibədə ona sual veribsiniz ki, cəmi bir şeir kitabınız var, sizcə, bu az deyilmi? Sizin də bütün şeirləriniz toplansa, elə bir kitabdır.

  – Hər şeir bir əsərdir. Bir kitablıq şeir çoxlu sayda əsər deməkdir. Ona görə də bir kitab şair üçün kifayətdir. Yehya Kamal Beyatlının sağlığında kitabı nəşr edilməyib. Yaxud Orta çağın şairləri kitabları olmadan da ciddi müəlliflər kimi oxunurdular. Bizi sadəcə, kapitalizm kitab çıxarmağa sövq edib. Artıq "kitabsız şair” anlayışı demək olar yoxdur. Əslində, şeir alınıb-satılan bir şey olmadığı halda, onu biznes məhsuluna çeviriblər. Bir şairin kitabının yüz min nüsxə satılması anormal bir şeydir. Nə yaxşı ki şeir kitabları bu qədər satılmır.
 
  – Cemal Süreyanı xatırladıq, məqamıdır deyə yadınıza salıram: elə bilirəm onunla ünsiyyətinizdən, xatirəsi əziz günlərinizdən də  danışsanız yerinə düşər...

  – Cemal Süreya ilə həftədə ən azı bir dəfə görüşürdük. Kadıköydə yaxın qalırdıq. Badə yoldaşı idik. Gözəl məclislər olardı. Münasibətlərimiz isti idi deyə, hansı yazım çıxırdısa oxuyurdu. Bir dəfə "Sən əlimdən tutanda” adlı şeirim dərc olunmuşdu. Dedi ki, çox möhtəşəm şeir yazmısan, əlinə sağlıq, ancaq niyə qadın sənin əlindən tutur ki, kişi qadının əlindən tutmalıdır. Cemal Süreyanın "kişi tərəfi” çox idi, hər şeyə kişi nəzəri ilə baxmağı bacarırdı. Bütün həlim, kübar tərəfləri ilə bərabər, Ərzincanlı bir kürd idi və zaman-zaman bunu hiss etdirirdi. Çox kübar, mehriban insan idi, ancaq doğuluşdan qazandığı xarakterik xüsusiyyətləri də yeri düşəndə gizlətmirdi.

  – Bildiyim qədəri ilə Can Yücellə də aranız saz olub...


  – Bəli. Mən onsuz da bu xatirələrimi yazıram. Bu günlərdə "Mühür” jurnalında Can Yücəllə bağlı bir xatirəm dərc olunub. Onun ancaq məndə olan şeirlərini də jurnalın həmin nömrəsində verdim. Çünki o şeirləri mənə yazdırmışdı, "dəftərini aç, şeir deyəcəm, onları yaz” demişdi. Hətta bir dəfə ikimiz birgə şeir yazmışdıq – bir misra o, bir misra mən.

  – Yaşınızın və təcrübənizin ucalığından baxanda müasir Türkiyə şeirində hansı çatışmazlıqlar sizə aydın görünür?

 – Bu gün Türkiyədə şeir yazmadan şair olmaq istəyənlər var. İki dənə şeir yazanlar hər yanda "mən şairəm” deyir. Amma özündən başqa ona "şair” deyən yoxdur. Bu "xəstəlik” gənclər arasında daha çox yayılıb. Heç kimi bəyənməmək, oxumadan bir-birinin yazdıqlarına ağız büzmək halları çoxdur. Tam səmimi deyirəm, şeirə dəxli olmayan heç bir yerdə şair olduğumu bilmirlər. 35 ildir təhsil mühitindəyəm, ancaq universitetdə şair olduğumu yaxın vaxtlarda öyrəniblər. Tələbələrim şair olmağımdan xəbərsiz idilər. Fikir verin, Türkiyədə hər şair bir şeir kitabı alsa, şeir kitabları ən azı min nüsxə satılmalıdır. Ancaq şeir kitabları beş yüz nüsxə satılmır. Bu o deməkdir ki, öz yazdıqlarından başqa heç nə oxumurlar. Belələrinin çoxu bir müddət sonra ədəbiyyatın daşını atırlar, duruş gətirənlərin də çoxunun oxumaqla arası yoxdur.

  – Şeirlərinizdə ümumiləşdirmələr, mənaya çatmaq səriştəsi, məntiqlə qəlbin tandemi uğurlu alınır. İstərdim peşəkarlığın bu mərhələsindən söhbət açasınız.

  – Pol Valeri deyir ki, ilk misra Allah vergisidir. Şeirin sonuna doğru getmək, ilk misranın yolunu kəsmədən fikri davam etdirmək çox çətindir. Diqqət yetirəndə bir çox şairlərin şeirlərinin sonluğunun uğursuz olduğunu görürük. Mən şeirin sonunu görmürəmsə, o şeir mənim üçün yarımçıq qalır, şeiri təsəvvürümdə bütöv canlandıra bilməsəm, onun içi məna tam aydın olmasa, yazdığımı çapa hazır bilmirəm. Şeirlərimin siz dediyiniz kimi alınmasının səbəbini deyə bilmərəm. Bu, tamamilə şəxsiyyətimlə, şeir duyumumla əlaqədar məsələdir, belə şeyləri təhlil etmək mənim üçün çox çətindir. Yazan adam bunları bütün dəqiqliyi ilə bilirsə, hesab edirəm ki, o, əsl şair deyil. Başqa şairlərin şeirlərini oxuyanda düşünə bilərik ki, şeirin orasını belə yazsaydı daha gözəl olardı, ancaq öz yazdığına ədəbi tənqidçi gözü ilə baxmaq çətindir. Eyni problem musiqidə də var. Poeziya artıq sözlərdən xilas olma, arınma sənətidir. Şeirdə artıq söz olmamalıdır. Necə ki, Baxın, Bethovenin musiqiləri haqqında da bənzər fikri deyə bilərik. Dünyada qüsursuz nə varsa, artıqlıqdan arınmış nə varsa şeirdir. Bəzən bir artıq sözü yazmaq şeiri söz yığınına çevirə bilir. Şeirdən az-çox başı çıxan bir adam o saat həmin artıqlığı duyur, o yerdə ilişir. Ancaq poeziyada qüsursuzluğa çatmaq üçün çox səy göstərmək köməyə gəlmir, bunun üçün gecə-gündüz çalışmağa dəyməz. İçinin ahənginə qulaq kəsilmək kifayət edir. Bəzi şeirlərim var ki, necə yazılıbsa elədir, bəzilərinəsə cüzi əl gəzdirmişəm. Bəzi bəstəkarlar, şairlər şeirlərini yenidən işləyib tanınmaz hala salırlar, mən heç vaxt belə şey eləmirəm. Şeirə hər dəfə əl gəzdirəndə onu ilkinliyindən uzaqlaşdırırsan.

  – Sizin təmsil olduğunuz ədəbi nəslin əsas nümayəndələri şeir haqqında yazan, araşdırıcılıq fəaliyyətləri olan şairlərdir. Ancaq eyni ədəbi nəsildən bu cür fəaliyyəti gərəksiz hesab edənlər də var. Sizin poeziya haqqında yazmağınız hansı ehtiyacdan yaranıb?

  – Əgər jurnal nəşr edirsənsə, mütləq hansısa məqsədin olmalıdır. Təəssüf ki, Türkiyədə çox redaktor bunu bilmir. Əgər şeir yazırsansa və yazdığın yeni şeirdirsə, o cür poeziya nümunələri çoxlarına aydın deyilsə, yaradıcı estetikandan çoxları xəbərsizdirsə, elə yazılar yazmalısan ki, şeirində etdiklərin yazılarında da görünsün, aydınlaşsın. Əks təqdirdə, səni öz əsrində başa düşən olmaz. Cemal Süreya deyirdi ki, şair şeir haqqında yazı yazırsa, əslində, öz şeirləri haqqında yazır. Mən də bu fikri bölüşürəm. Poeziya haqqında yazmayan şairlər də var. Görünür, onlar şeirlərinin fərqliliyini açıqlamağa ehtiyac duymurlar. Eləsi də var ki, sadəcə, məqalə yaza bilmir. Məsələn, Fazil Hüsnü Dağlarca kimi. Edib Cansevər, Turqut Uyar da şeir haqqında yazı yazmırdılar. Məsələn, Haydar Ergülən və mən şeir haqqında çoxlu məqalələr qələmə almışıq, amma ədəbi nəsildaşımız Adnan Özərin belə yazıları azdır.
 
  – Ədəbi tənqidçi, araşdırmaçı Emel Koşar sizin yaradıcılığınız haqqında "Sudakı rənginə külünü sovuran zümrüd” adlı kitab yazıb. Eyni zamanda, sizin yaradıcılığınızdan bəhs edən məqalələr "Şeirin soyuq sarayında” adlı kitabda toplanıb. Yaradıcılığınızdan yazanların böyük əksəriyyəti sizdən sonrakı ədəbi nəslin təmsilçiləridir. Sizcə, belə olmasının, sizdən əvvəlki nəslin nümayəndələrinin yaradıcılığınızdan yazmamalarının səbəbi nədir?


  – Yaşlı yazarlar gənc şair haqqında yazmazlar axı.

  –  Niyə?


  – Sadəcə, yaşlı yazalar müsahibələrində cavan şairlərin adını çəkirlər, yəni ki, baxın, bu müəlliflərə qarşı diqqətli olun.

  – İndi də sizi qismən yaşlı yazar hesab etmək olar. Siz necə, şeirlərini bəyəndiyiniz gənc ədiblərin yaradıcılığından yazırsınızmı?

  – Baki Ayhan bizdən əvvəlki ədəbi nəsillərin şeirlərinə biət edənlərə üzünü tutaraq yazır ki, siz hələ də Turqut Uyar, Cemal Süreya, Edip Cansevəri oxuyursunuz, əzbərləyirsiniz, ancaq 80-ci illər ədəbi nəslinin şairləri o dövrün bir çox şairlərindən daha üstündürlər. Bunu mən də bilirəm, ancaq dilə gətirmirəm. Çünki hamımızın – 80-cilərın arxasında onlar – bizdən əvvəlki ədəbi nəsillər var, az-çox onların yazdıqlarından təsirlənmişik. Fikrimcə, kimisə "gənc şair” kimi təqdim etmək onu alçaltmaqdı. Şairin yaşı olmur, şair hər yaşda şairdir. Artur Rembo "Sərxoş pişik” şeirini 17 yaşında yazdı, Viktor Hüqo onun haqqında dedi ki, bu bizim yeni Şekspirimizdir. Aralarında 49 yaş fərq var idi. Çünki Viktor Hüqo əxlaqlı və namuslu bir adam idi, heç bir kompleksi, özündən narahatlığı yox idi, ona görə belə şeylər deyə bilirdi. Həmin zamanda artıq oturuşmuş şair olan Pol Verlen Artur Rembonu Parisə dəvət edir. Bizdə isə bu cür münasibətlərdə bürokratik ədəbiyyat anlayışı hökm sürür. Bir şair öləndə Mehmet Müfit deyirdi ki, heyətdə bir nəfərlik yer boşaldı. Bizdə şairin əsl qiymətinin verilməsi üçün o, mütləq o dünyalıq olmalıdır. Hər ədəbi nəsildən bir şairin çıxması böyük göstəricidir və bu, hər vaxt olmur. Bəzən böyük bir ədəbi nəsildən bircə yaxşı şair tapmaq olmur.

  – Sualdan yayınmayaq: Siz gənc şairlərin yaradıcılığından yazırsınızmı?

  – Yox, çünki kiminsə şeiri haqqında yazmaq mənə çətindir. Mən şeirin ümumi problemlərindən yazmaqda daha maraqlıyam, nəinki bir şairin yaradıcılığını təhlil etməkdə. Mən ədəbi tənqidçi deyiləm, sadəcə, kimlərinsə şeirlərini xoşladığımı dilə gətirə bilərəm, adlar çəkərəm. Bu mənada, özümdən əvvəlki nəslin nümayəndələrindən o qədər də fərqli mövqe nümayiş etdirmirəm. Yaxın günlərdə bir jurnal üçün çox sevdiyim şair Haydar Ergülen haqqında bir yazı yazdım, ancaq məqalənin səviyyəsini qənaətbəxş hesab eləmədim, – bu da mənim çatışmayan tərəfimdir.

  – Vaxtı ilə Atilla İlhan da sizə qarşı eyni münasibəti göstərib.

  – Hə, mənim "Sudakı Anka” ("Sudakı Zümrüd”) adlı kitabım çıxmışdı. Tez-tez ona baş çəkərdim, söhbət edərdik. Həmin vaxtlar o, "Sanat olayı” jurnalını nəşr etdirirdi. Ənənəvi görüşlərin birində yeni işıq üzü görən kitabımı ona verdim. Sonrakı dəfə kitab barədə fikirlərini bölüşdü. Dedi Tuğrul, əvvəlcə təbrik edirəm səni, bu kitab son 20 ildə Türkiyədə çıxan ən yaxşı şeir kitabıdır. Gəmiyə minəndə oxumağa başladım, evə gedənə qədər əlimdən yerə qoya bilmədim. Çox gözəl şeirlər yazırsan. Sən qərbyönlü şairsən, ancaq bu ölkəyə də bağlısan. Dedim ki, Atilla abi, çox sağ ol, elə bildim mənə Nobel mükafatı verdin. Bu dediklərini yazsan yaxşı olar. "Yazmaram” dedi. Bu tipli şairlər heç vaxt cavanların yaradıcılığından yazmazlar, ancaq müsahibələrində ad çəkərlər. Mən də ona dedim ki, Atilla abi, baxın, biz indi burda səkkiz nəfərik, şahidlərim var, mənə dediyiniz bu sözləri hər yerdə danışacam. "Necə istəyirsən” dedi.

  – Atanız Cahit Tanyol professordur, tanınmış şair və yazardır. Ən əsası, məşhur ədəbi tənqidçidir. Allah ömür versin, 103 yaşı var. Onun ədəbi fəaliyyəti barədə nə deyərdiniz?

  – Atam 40-50-60-cı illər ədəbiyyatının ciddi ədəbi tənqidçilərindən, araşdırmaçılarındandır. "İkinci yeni”nin şairləri ilə tanış olanda mənə deyirdilər ki, həmişə gözləyirdik ki, atan bizim haqqımızda nə vaxt nəsə yazacaq, ancaq heç vaxt düşüncələrini bölüşmədi. Atam daha çox öz ədəbi nəsli ilə – Orxan Vəli, Cahit Sıtkı Tarancı, Oktay Rıfatla maraqlanıb, onlardan yazıb, sonradan belə işlərin də daşını atıb.  
 
  – Atanızın nəsildaşları, eləcə də Türkiyənin böyük şair və yazıçılarının sizin evə get-gəlləri olub, onları görməyiniz, ünsiyyətləriniz şair kimi formalaşmağınıza təsir edibmi?


  – Deməzdim. Sadəcə, evimizdə çox şeir oxunması, düşünürəm ki, mənə təsirsiz ötüşməyib. O vaxtlar televizor-zad yox idi, atam şeir oxuyardı, mən bildiklərimi əzbər deyərdim. Fikrimcə, istedad yoxdursa, hansı evdə doğulmağın, kimləri görməyin şair olmaq üçün ciddi əhəmiyyəti yoxdur.

  – Öz estetikanıza uyğun hansı şairləri ustad hesab edirsiniz?

  – Pol Verlen, Şarl Bodler, Pol Eluar, Yeyts.

  –Sizcə, onların yaradıcılığından nələri əxz edibsiniz?

  – Həmişə cavan şairlərə deyirəm ki, gözəl şeirlər oxuyun. Çünki şeir zövqü gözəl şeirlər oxumaqla formalaşır. Gözəl şeir gözəl zövqdən doğulur. Bu mərhələyə çatmağın yolu klassikləri oxumaqdır. Zaman artıq onlar haqqında hökmünü verib. Yuxarıda adlarını çəkdiyim şairlər estetik cəhətdən bir-birlərindən fərqlidirlər, ancaq onları birləşdirən cəhət hamısının yazdıqlarının gözəl olmasıdır. Şeir zövqü olmayanın yaxşı şair olması mümkündürmü? Xeyr. Ancaq kitab oxumadan ağzına gələni yazanlar çoxdur. Yaxşı şeir yazmaq üçün səndən əvvəl yazılan gözəl şeirləri oxumuş olmalısan. Ancaq bu halda öz yazdıqlarının qiymətini bilə bilərsən, müqayisə etmək imkanın yaranar. Nəyə görə bütün yazdığım şeirləri çapa verməmişəm? Çünki zaman-zaman müqayisə edə bilmək imkanım olduğu üçün. Cavan vaxtı, xüsusən də ikinci kitabımda toplanan şeirləri oxuyanda heyrət edərdim, deyirdim, İlahi, görəsən, bunları mən yazmışam? İnana bilmirdim. Zamanla bu təəccüb əriyib yox olur. Çünki yaxşı şeir yazmağa öyrəşirsən. Yaxşı şeir yazanda öz yaradıcılığına boylanıb görürsən ki, ona oxşar şeirlər yazıbsan və əlin soyuyur. Bax, onda fərqlilik axtarmağa başlayırsan: Daha neyləyə bilərəm, başqa hansı sularda üzməyi bacararam – deyə düşünürsən. Bütün bunlara oxumaqla və həyat təcrübəsi ilə çatırsan.
 
  – Bəs Türkiyə poeziyasından hansı şairlərin yaradıcılığı sizə doğmadır?


  –Mənə şairlərdən çox şeirlər təsir edib. Özümü ən yaxın bildiyim şair Oktay Rıfatdır. Cemal Süreyaya ilk şeirlərimi oxuyanda deyirdi ki, sən bizi saymırsan, fikir vermişəm heç "Qərib şeiri”ni də vecinə almırsan, sən yazdıqlarını daha uzaq bir yerə bağlayırsan. Hətta mənə kitabını imzalayanda yazmışdı: "Heç kəsə bənzəməyən şairə”. Doğrudan da, yazdıqlarım heç bir şairin şeirinə bənzəmirdi. Bu həm də mənim cahilliyimlə əlaqəli idi, çünki mən o vaxtacan Türkiyə poeziyasından az nümunə oxumuşdum. Daha çox fransız ədəbiyyatını mütaliə etmişdim. Cahit Sıtkı Tanrancının, Orxan Vəlinin şeirlərini sevirdim. Oktay Rıfatı gec kəşf elədim, amma heyran qaldım. Universitet vaxtı Atilla İlhanın şeirlərini çox sevirdim, hətta bəzi şeirlərim qismən onun yazdıqlarına bənzəyirdi. O şeirlərin heç biri dərc olunmayıb, çünki özüm bu təsiri bilirdim.

  – Sizin şeir diliniz moderndir. Yaradıcılığınızdakı yeniliklər, fərqli dil zamanında ayrı-ayrı yaradıcı qütblər tərəfindən tənqidlərlə qarşılanmadı ki?

  – Mən bir yaradıcı fərd kimi çoxaldılan pis şeirə mübarizə meydana kimi çıxdım. 70-ci illərdə bəzi jurnallara şeirlərimi atam təqdim eləmişdi. "Varlık” jurnalınasa özüm aparmışdım. O vaxtacan "Yeni insan” yayınlamışdı bəzi şeirlərimi. 1972-ci ildə şeirlərimi "Yeni” dərgisinə – Mehmet Fuadın yanına apardım, çox bəyəndi. Hər həftə məndən şeir istədi. Bəzilərini bəyəndi, bəzilərinə "alınmayıb” dedi. Ancaq aylar keçdi, dərc eləmədi, bir müddət sonra bezib daha onun yanına getmədim. Çox güman, 1973-də dərc edəcəkdi şeirlərmi. O vaxtlar "Yeni ufuklar”, "Yansıma”, "Militan” jurnalları nəşr edilirdi. Hamısına şeir apardım. Hamısı dedi ki, Tuğrul, bunlar yaxşı şeirlərdi, ancaq dövrə uyğun deyil. Ən pisini də Atoul Bəhrəmoğlu elədi, o vaxtlar "Militan” dərgisinin baş redaktoru idi. Dedi, Tuğrul, belə şeirlər çox qələmə alınıb, Cahit Sıtkı belə şeyləri yazıb qurtarıb. Sən bu adamın cahilliyinə bax: guya şair lirik şeirlər yazanda Cahit Sıtkıya bənzəyir. Sonralar öz səhvini boynuna aldı. Ora Asım Bezirci ilə getmişdim, o Atoula dedi ki, bu cavanın şeirləri yaxşıdır, haqsızlıq eləmə. Mən də şeirlərimi geri götürdüm və başa düşdüm ki, bu dövrdə yazdıqlarımı çap etdirməyim mümkünsüzdür. Onsuz da, universitetdə oxuyurdum, başım qarışıq idi, ancaq bala-bala yazmağı davam etdirdim. Universitetdən sonra yazdıqlarımı yayımladım. O gündən bəri hara şeirimi vermişəmsə, nəşr edilib. Sonralar şeirlərimi "Gösteri” jurnalına aparanda Doğan Hızlan "nəşr edəcəyik” demişdi, heç kəs inanmamışdı, amma orda çap olundum. O vaxt Cemal Süreya müsahibə vermişdi, iki cavan şairin adını çəkmişdi; mənim, bir də Elis Baturun. Müsahibəni oxuyandan bir neçə gün sonra onunla görüşdük, təşəkkür elədim, dedim bizim haqqımızda dediyiniz fikirlərlə yüzdə əlli razıyam.
 
  – Sizə yaxşı şair dediyinə görə razı idiniz yəqin?


  – Əlbəttə (gülürük).

  – Dünya ədəbiyyatını izləyən, şeir festivallarında ardıcıl iştirak edən bir şair kimi poeziyanın hazırkı durumunu necə qiymətləndirirsiniz?

  – Əvvəla onu deyim ki, indi bütün dünyadakı şairlərin yüzdə doxsanı elə-belə şairlərdi. Hər halda, tanıdıqlarımın arasında mənzərə belədir. Başa düşə bilmirəm ki, niyə poeziya festivallarında ancaq ciddi şairlər iştirak etmir? Hər halda hər festivalda bir neçə vacib şairi tanımaq fürsətim yaranır və onun təmsil olunduğu poeziyaya o şairin timsalında bələd oluram. Əgər Türkiyədə indi beş min şair varsa, dünyada beş milyon şair var. Eyni dövrdə bu qədər şair ola bilərmi? Mümkün deyil. Fəqət bu qədər insanın şeir yazması yaxşı haldır, çünki nə yazmalarından asılı olmayaraq, daşıdıqları dili formalaşdırırlar. Məsələn, bizim indi heca vəznində yazan çoxlu sayda şairlərimiz var. Demək olar ki, aralarında yaxşı şair yoxdur. Ancaq onların sələfləri vaxtında çox böyük bir işə çiyin veriblər, əgər onlar vaxtında təmiz türkcədə yazmasaydılar, ərəb-fars sözləri dildə yaşayacaqdı. Bu yol, Atatürk kimi dil inqilabı etmək deyil. Şair dili quran adamdır. Baxın, Ahmet Haşim ərəb-fars sözləri ilə dolu şeirlər yazanda heca şairləri öz dilimizdə anlaşıqlı poetik nümunələr yazıblar. Sonralar Ahmet Haşim öz səhvini başa düşüb, yazı dili qismən təmizləyib. Bəzən elə şairlər olur ki, deyirlər məndən sonra şeir öləcək. Belələrinə demək lazımdır ki, əgər səndən sonra şeir yazan olmasa, o dil ölər və yazdıqlarını oxuyan tapılmaz. Ona görə də yaşlı şairlər həmişə gənc şairlərə qol-qanad verməlidirlər.
Bu gün dünya poeziyasında dəblər, cərəyanlar demək olar yoxdur, qruplaşmalar var və 80-ci illərdən mən bugünkü mənzərəni görürdüm. Amerika şairləri Lyüz Blük, Robert Pinskinin şeirlərini çox bəyənirəm. Birincidə musiqi, o birində düşüncə üstünlük təşkil edir. Hazırda dünya ədəbiyyatında lirik şeirlər daha çox yazılır. Xüsusən Türkiyə, Yunanıstan, İspaniya, Latın Amerikası ölkələrində. Ancaq ingilis şairləri demək olar lirik şeirlər yazmırlar. İndi ingilis poeziyası əvvəlki əsrlərə, onilliklərə nisbətdə çox zəifdir.

  – Siz klassik musiqinin vurğunusunuz, müasir dövrün musiqilərinə demək olar ki, qulaq asmırsınız, ancaq poeziyada modernliyin tərəfdarısınız. Qəribədir...

  – XVIII əsr Avropa musiqisini çox sevirəm. Şeir zövqüm kimi musiqi zövqü də fərqlidir. Bodlerden sonra dünya şeiri lirik səmtə üz tutub, əslində, ondan sonra dünya poeziyasında dəyişim az olub. Eksperimentlər maraqlıdır, ancaq bütün zamanlarda yaşayacaq şeir lirik şeirdir. Mənim musiqi və ədəbiyyatda rəhbər tutduğum fikir Pol Verlenə aiddir. O deyir ki, ən əsas şey musiqidir, yerdə nə qalırsa ədəbiyyatdır. Şeirlə musiqi tarixən iç-içə yaşayıb. Məsələn, saz şairləri. Sonra onlar bir-birindən yaxa qurtarıb hərəsi özünü müstəqil ifadə ediblər. Şeirin melodiyası ritmdir, bunu gözardı etmək olmaz. /Fərid Hüseyn, "Kaspi" qəzeti/

Yenililklər
17.11.17
Antonio Tabukki - Yuxular. Tuluz-Lotrek - Pessoa
17.11.17
İkicildlik “Dünya dramaturgiyası antologiyası” nəşr olundu
17.11.17
““525-ci qəzet” dünənin və bu günün olduğu kimi, gələcəyin də qəzetidir” - Yubiley MÜSAHİBƏSİ
17.11.17
Səməd Ağaoğlunun “Sovet Rusiya İmperiyası” kitabı çap olunub
16.11.17
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
16.11.17
İradə Tuncay: “Atamın ölümünü təsdiq etmək üçün 24 “şirvan” istədilər”
16.11.17
Təranə Məhərrəmova - Dilimizi necə sevək?
15.11.17
"Ədəbi proses"in dördüncü toplusu çap olunub
14.11.17
İsa Həbibbəyli - Ortaq yazılı ədəbiyyat mərhələsia
14.11.17
Xətainin ana dilində şeirləri tapılıb
13.11.17
"Ana layla"sı ilə dünyanı ağladan, qarmonuyla İrana qarşı savaşan Rəhman Əsədullahi kimdir? - FOTOLAR
13.11.17
Elmira Axundova: "Gənc yazarlara maliyyə ayırmaq lazımdır"
13.11.17
Taleh Eminoğlu - O qədər yorğunam ki unutmuşam hamını
13.11.17
Bakıda “Almaniya bir rəssamın gözü ilə” sərgisi açılacaq
13.11.17
“Türkologiya” impakt faktor statusu qazanıb
10.11.17
Aqata Kristinin “Lord Ecverin Ölümü” çap olunub
10.11.17
Nəsimi ardıcılı Heyrətinin divanının yeni tapılmış əlyazma nüsxəsi barədə qeydlər
10.11.17
Azərbaycan-Moldova ədəbi əlaqələrində mühüm yenilik
10.11.17
Mübariz Örən: “O kitabı oxuyanda dəli oldum” - MÜSAHİBƏ
10.11.17
Antonio Tabukki - Yuxular. Çexov - Debüssi
08.11.17
Fərid Hüseynin Amerikada kitabı çıxıb
08.11.17
Dünyanı velosipedlə dolaşan "mama uşağı" Bakıda – REPORTAJ
07.11.17
"İkinci pərdə" filminin təqdimatı keçirilib
07.11.17
Qanun Nəşrlər Evinin oktyabrda ən çox satılan kitabları
06.11.17
Elçin - Söz azadlığı tənqidimizə nə verib?
06.11.17
Ərəb yazıçı Yusif Əzizi AYB sədri Anarla görüşdü
06.11.17
Azərbaycana aid nəşrlər 36-cı Beynəlxalq kitab sərgisində nümayiş etdirilir
03.11.17
Ülvi Babasoy - Yaşamaq sənəti
03.11.17
İlqar Əlfi - Rüşvət alınır, yoxsa verilir?
03.11.17
“Yarımçıq əlyazma” Yaponiyada çap edildi
03.11.17
AYB-də "Adın azadlıqdır" kitabının təqdimatı keçirildi
02.11.17
Vasif Əlihüseyn - Əllərin də üşüyər, soyuq suda hardasa
02.11.17
Qismət - Danışan əşyalar
01.11.17
Seymur Baycan - Sakit və mədəni it
01.11.17
Avropa Film Festivalı başlayır
31.10.17
Muxtar Kazımoğlu - Elmi əsər yazıçı tərcüməsində
31.10.17
Modern türk şairi Tuğrul Tanyol ilə müsahibə
30.10.17
Antonio Tabukki - Yuxular. Stevenson - Rembo
30.10.17
Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub
30.10.17
Xalq artisti Rafiq Hüseynov vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.