Antonio Tabukki - Yuxular. Tuluz-Lotrek - Pessoa
17.11.17

YUXULAR  HAQQINDA  YUXULAR













Rəssam və bədbəxt insan Anri de Tuluz-Lotrekin yuxusu
  

        1890-cı ilin mart gecəsi, Paris fahişəxanalarından birində, qarşılıqsız məhəbbətlə sevdiyi rəqqasə üçün afişa çəkdikdən sonra, rəssam və bədbəxt insan Anri de Tuluz-Lotrek yuxu gördü. Gördü ki, doğma Albisinin çöllərinə gəlib çıxmışdı, özü də yay fəsli idi. Meyvələrlə dolu bir albalı ağacının altında dayanmışdı və bir qədər albalı dərmək istəsə də, qısa və biçimsiz ayaqları ona hətta ən aşağı dudağı belə əyməyə imkan vermirdi. Onda, o, ayaq barmaqlarının  üzərində dikəldi və sanki dünyada ən təbii hadisə baş verirmiş kimi, ayaqları normal ölçüyə çatana qədər uzandı. Albalı dərdikdən sonra, onun ayaqları yenidən qısalmağa başladı və Anri de Tuluz-Lotrek öz şikəst-çırtdan hündürlüyünə qayıtdı.
        İşə bir bax! – deyə o, ucadan söylədi, - deməli mən nə vaxt istəsəm, o vaxt da böyüyə bilərəm.Və o, özünü xoşbəxt hiss etdi. Bir taxıl zəmisindən keçməyə başladı. Sümbüllər ondan hündürdə qalır, başı zəminin arasıyla şırım açırdı. Ona elə gəlirdi ki, kor-koranə irəlilədiyi qəribə bir meşədəydi. Zəminin qurtaracağında kiçik bir çay axırdı. Anri de Tuluz-Lotrek çayın sularına nəzər saldı və orada dama-dama şalvar geymiş, başında şlyapa, biçimsiz ayaqları olan eybəcər bir cırtdan gördü. Onda o, yenə ayaq barmaqlarının üzərində dikəldi, ayaqları lütfkarlıqla uzanmağa başladı və o normal bir insana çevrildi, axar sular yaraşıqlı, gözəl bir gəncin surətini əvvəlki vəziyyətinə qaytardı. Anri de Tuluz-Lotrek yenidən qısaldı, soyundu və sərinləmək üçün çayın sularına daldı. Çimdikdən sonra günün altında qurulandı, geyindi və yola düzəldi. Axşam düşürdü və o, düzənliyin qurtaracağında bir işıq tacı gördü.  Qısa ayaqları üstə, sanki at oynada-oynada həmin tərəfə üz tutdu və gəlib yetişəndə gördü ki, Parisdədir. Bu, damında fırlanan parlaq dəyirman pərləri ilə birlikdə,  Mulen Rujun binası idi. Böyük bir izdiham giriş qapısına dirənmişdi, bilet kassalarının yanındakı parlaq rənglərlə çəkilmiş iri afişa axşam tamaşasından, kan-kandan xəbər verirdi. Afişa, tumanının ətəklərini qaldırıb, qaz lampaları ilə üzbəüz səhnədə rəqs eləyən rəqqas qadını təsvir edirdi. Anri de Tuluz-Lotrek məmnunluq duydu, çünki bu afişanı o çəkmişdi. Sonra o, izdihama qarışmaqdan canını qurtardı, arxa qapıdan keçib, zəif içıqlandırılmış, balaca dəhlizdən adlayaraq, səhnə arxasına çıxdı. Tamaşa təzəcə başlamışdı. Musiqi gurlayır, Ceyn Avril səhnədə dəli kimi rəqs edirdi. Anri de Tuluz- Lotrekin qəlbini səhnəyə çıxmaq, Ceyn Avrilin əlindən yapışıb, onunla rəqs etmək kimi şiddətli bir ehtiras bürüdü. O, bir daha ayaq barmaqlarının üzərində dikəldi və ayaqları dərhal uzandı. Onda o, hərarətlə rəqsə atıldı, silindrik şlyapası bir tərəfə diyirləndi və o, özünü bu kan-kan rəqsinin burulğanına buraxdı. Ceyn Avril, görünür onun boy-buxununun normal hala düşməsinə qətiyyən təəccüb etmirdi, o, rəqs edir, oxuyur, onu qucaqlayır, özünü xoşbəxt hiss edirdi. Birdən pərdə endi, səhnə yoxa çıxdı və Anri de Tuluz-Lotrek öz Ceyn Avrili ilə birlikdə Albi çöllərində göründü. Yenə günorta idi, yenə cırcıramalar dəlicəsinə ötürdü.  İstidən və rəqs etməkdən əldən düşmüş Ceyn Avril bir palıd ağacının kölgəsinə sərələnib, tumanlarını dizinə qədər çəkdi. Sonra əllərini uzatdı və Anri de Tuluz-Lotrek ehtirasla özünü onun yanına yıxdı. Ceyn Avril onu sinəsinə sıxdı, körpə uşağa layla deyən kimi oxşadı. Sən qısa ayaqlarınla da ürəyimcə idin, - deyə onun qulağına pıçıldadı, - ancaq indi ayaqların uzandığından, daha çox xoşuma gəlirsən. Anri de Tuluz-Lotrek gülümsədi, onu öz növbəsində bağrına basdı, sonra yastığı qucaqlayıb, o biri böyrü üstə çevrilərək, yuxu görməyinə davam elədi.
_____________________________________________
       ANRİ DE TULUZ-LOTREK. Albi, 1864 – Malrome, 1901. Qədim, soylu fransız ailəsindən çıxmış rəssam, dizayner, litoqraf  idi. Deformasiyalı bədəni ilə tabarinləri, music-halls-ları, fahişəxanaları dolaşmaqla, Parisə özünün narahat, bədbəxt və nizamsız varlığını gətirmişdi. Məktəb və akademiyalara nifrət edirdi. Təlxəkləri, aktyorları, balerinaları, əyyaşları, fahişələri, əxlaqsızlığı, səfaləti və tənhalığı çəkirdi...



Şair və iddiaçı insan Fernando Pessoanın yuxusu

        1914-cü ilin yeddisi mart gecəsi, şair və iddiaçı insan Fernando Pessoa yuxusunda gördü ki, oyanırdı. Öz balaca, kirayəlik otağında qəhvəsini içdikdən sonra, üzünü qırxıb, şıq geyindi. Yağış yağdığından su keçirməyən yağmurluğunu əyninə taxtı. Evdən çıxanda səkkizə iyirmi dəqəqə qalırdı, düz saat səkkizdə isə, artıq mərkəzi stansiyada, Santaremə gedən qatarın platformasında idi. Qatar son dərəcə dəqiqliklə, 8.05-də  yola düşdü. Fernando Pessoa qiraətlə məşğul olan, görünüşündən  təxminən əlli yaşlarındakı bir xanımın əyləşdiyi kupedə özünə yer elədi.. Bu onun anası idi, ancaq anası deyildi, qiraətə dalmışdı. Fernando Pessoa da oxumağa başladı. Həmin gün o, Cənubi Afrikadan gəlmiş, uzaq uşaqlıq illərindən ona  söz açacaq iki məktubu oxumalı idi.
        Mən bir yarpaq kimi idim, ancaq məni dərmədilər... - deyə  təxminən əlli yaşlarında olan xanım birdən söylədi. İfadə Fernando Pessoanın xoşuna gəldi, onu dəftərçəsində qeyd etdi. İndi onların qarşısından Ribatexonun çəltik zəmiləri və geniş otlaqları ilə birlikdə  yastı mənzərəsi ötüb keçirdi. Santaremə gəlib çatanda Fernando Pessoa  fayton  tutdu. Bilmirsiz burada ağardılmış tənha ev haradadır? – deyə o, faytonçudan soruşdu. Faytonçu, burnu alkoqoldan qızarmış, balacaboy, kök bir adamdı. Bilirəm, - deyə o, cavab verdi, - bu cənab Kaeyronun evidir, mən onu yaxşı tanıyıram. Faytonçu atı qamçıladı. At, kənarı palmalarla əhatə olunmuş baş yolla yorğa yeriməyə başladı. Çöllərdə, qapısında bir neçə zənci vurnuxan həsir daxmalar görünürdü.
       Bəs indi biz haradayıq? – deyə Pessoa faytonçudan soruşdu, - siz məni hara aparırsız?
       Cənubi Afrikadayıq, - faytonçu cavab verdi, - sizi də sinyor Kaeyronun evinə aparıram.
        Pessoa bir qədər arxayınlaşdı, oturacağın arxalığına söykəndi. Ah, indi o, Cənubi Afrikadaydı, bu elə əsil onun istədiyi idi! O, məmnunluqla ayağını ayağının üstünə aşırdı və dənizçi şalvarının altından çıxan yalın dizlərini gördü. Başa düşdü ki, o, yenidən uşaq olmuşdu və bu onu çox sevindirdi. Cənubi Afrikaya səyahət edən bir uşaq olmaq əla idi. O bir qutu siqaret çıxarıb, siqaretlərdən birini ehtirasla alışdırdı. Birini isə faytonçuya təklif etdi, o da siqareti göydə qapdı.
        Sərv ağaclarına bürünmüş təpədə yerləşən bəyaz ev gözə dəyəndə qaranlıq düşürdü. Bu uzun və alçaq tavanlı, maili qırmızı kirəmitli, tipik Ribatexa evi idi. Fayton sərv ağacları xiyabanına girdi, təkərlərin altındakı çınqıl xırçıldadı, kənddəki bir it hürdü. Evin qapısı ağzında ağ çit papaqda, eynəkli bir qarı vardı. Pessoa dərhal başa düşdü ki, bu Alberto Kaeyronun böyük xalasıdır, ona görə də ayaq barmaqları üstə dikələrək onun yanaqlarından öpdü.
        Mənim əzizim Albertonu çox yormayın, - deyə qarı söylədi, - onun səhhəti elə zəifdir ki...
        Qarı kənara çəkildi və Pessoa evə girdi. Bu geniş, sadə avadanlıqlı bir otaq idi. Xudmani buxarısı, balaca kitabxanası, qab-qacaqlı dolabı, bir divanı və iki kürsüsü vardı. Alberto Kaeyro kürsülərdən birində əyləşmiş, başını arxaya atmışdı. Bu, məktəb direktoru Nikolas idi, onun orta məktəbdəki müəllimi...
        Mən bilmirdim ki, Kaeyro sizsiniz, - deyə Fernando Pessoa yüngülcə baş əydi. Alberto Kaeyro yorğun əl hərəkəti ilə ona irəli gəlməyə işarə elədi. Əzizim Pessoa, yaxın gəlin - deyə o söylədi, sizi bura cağırtdırmışam ki, həqiqəti biləsiniz.
        Bu arada böyük xala içərisində çay və xəmir şirniyyat olan sini ilə içəri girdi. Kaeyro və Pessoa özlərinə qulluq edərək fincanları ğötürdülər. Pessoanın yadına düşdü ki, çeçələ barmağını qaldırmamalıdır, çünki bu zərif hərəkət deyildi. O, dənizçi köynəyinin yaxalığını düzəldib, bir siqaret yandırdı. Siz mənim ustadımsınız, - dedi.
         Kaeyro nəfəsini dərdi, sonra güldü. Bu uzun əhvalatdır, - dedi, - ancaq bunu sizə sözbəsöz anlatmaq mənasızdır, siz ağıllısınız və bəzi mətləblərin üstündən adlasam da hər şeyi başa düşəcəksiniz. Təkcə onu bilin ki, mən - sizəm.
         Daha aydın anladın, - Pessoa dedi.
         Mən sizin daha dərin qisminizəm, - Kaeyro dedi, - daha qaranlıq qisminiz. Buna görə də sizin ustadınızam.
         Yaxın kənddəki zənq qülləsi saatı çaldı. İndi mən nə etməliyəm? - deyə Pessoa soruşdu.
         Siz mənim səsimin ardınca getməlisiniz, - Kaeyro dedi, - ayıq olanda da, röyada da məni eşidəcəksiniz, bəzən sizi narahat edəcəm, bəzənsə məni dinləmək belə istəməyəcəksiniz. Ancaq məni dinləməli olacaqsınız, böyük şair olmaq istəyirsinizsə, bu səsi eşitməkçün cəsarətli olmalı olacaqsınız. 
            Olacam, - Pessoa dedi, - söz verirəm.
            O, ayağa qalxdı və vidalaşdı. Fayton onu qapının ağzında gözləyirdi. İndi o, yenidən böyümüş, bığları çıxmışdı. Sizi hara aparmalıyam? - faytonçu soruşdu. Məni yuxumun sonuna doğru aparın, - deyə Pessoa söylədi, - bu gün həyatımın zəfər günüdür.
            Martın səkkizi idi, Pessoanın pəncərəsindən hürkək bir günəş süzülürdü.
_________________________________
      FERNANDO  PESSOA. Lissabon, 1888 – 1935. Uşaq yaşlarından atadan yetim qalmış, Portuqaliyanın Cənubi Afrikada konsulu olan atalığının yanında tərbiyə almışdı. Hər zaman bir dahi olacağının, ata nənəsinin dəli olması səbəbindən isə dəli ola biləcəyinin fərqində idi. Bilirdi ki, plyuraldır və səsini bir çox müxtəlif şairlərə, ustadları böyük xalası ilə birlikdə Rabatexodakı bir kənddə yaşayan, sağlamlığı zəif Alberto Kaeyro olan heteronimlərinə verərək, bu faktı yazısında da, həyatında da qəbul etmişdi. Ömrünü ticarət məktublarını tərcümə etməklə, idxal-ixrac şirkətlərinin əməkdaşı kimi keçirmişdir. Əsasən sadə qonaq evlərində yaşamışdır. İşlədiyi şirkətlərdən birində makinaçı kimi çalışan Ofeliya Kueyrozla yeganə, qısa və çılğın bir sevgi yaşamışdır. Həyatının “zəfər günü”, - şairlərin onun əli ilə yazmağa başladığı gün, 1914 – cü il martın onudur.

Ardı var...

 

İtalyan dilindən tərcümə:
Cəmşid CƏMŞİDOV


 

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.