Kənan Hacı: “Bədii mətnə hələ də sovet tənqidi meyarlarıyla yanaşılır”
29.11.17

Yazıçı, şair, tərcüməçi Kənan Hacıyla müsahibəni təqdim edirik.

Bazar axşamlarının birində “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşüb, çayımızı qurtumlaya-qurtumlaya söhbətə başladıq...


- Kənan bəy, bizim cəmiyyət “qalstuklu” olmağı sevir. Hamı ciddiyyət maskası taxır yəni. Müsahibəyə bir az zarafatyana başlayaq. Nələr olub, nələr var, nələr olacaq?


- Yaradıcılıq baxımından?

- İstənilən məsələdən... Ciddi proqnozlar gözləyirəm sizdən.

- (Gülüşürük) Ədəbiyyat elə mürəkkəb sahədir ki, proqnoz vermək müşkül məsələdir. Hansısa əsəri planlaşdırıb yazmıram. Həmişə plansız yazmışam. İstər yaradıcılığım, istər şəxsi həyatım rejimsizliyin parlaq nümunəsidir (gülür). Misalçün, “səhər oyananda bu işləri görəcəm”, kimi qayğılarım olmur. “Səliqəsiz” həyat sürürəm. Yazılarımla da səliqəli-sahmanlı, planlı məşğul deyiləm. Günün istənilən saatında yaza bilərəm. Ovqatdan, əhval-ruhiyyədən asılıdır.  Düzdür, əsasən, gecələr yazıram. Bəzən də çox vacib işlərdən imtina edib, telefonumu söndürüb, özümü tamamən yazıya kökləyirəm. Gördüyüm işə həmişə məsuliyyətlə yanaşmışam. Rejimsizlik deyəndə, bu, əksər yaradıcı adamlara xas olan xüsusiyyətdir, yanlış başa düşülməsin. Bütün yaradıcı insanlar vaxt sıxıntısından əziyyət çəkirlər. Amma hansı işin quplundan yapışmışamsa, o işə məsuliyyətlə yanaşmışam. “İki sahil”, “Ədalət”, “Aydın yol” kimi nüfuzlu qəzetlərdə, APA, Publika.az kimi aparıcı media orqanlarında çalışmışam, mənə göstərilən etimadı da həmişə doğrultmuşam. Gələcəkdəsə nələr olacaq, necə olacaq, demək bir az çətin məsələdir. Roman ideyası var. Amma hələ yazılacaqmı, yazılmayacaqmı, sual altındadır. Düşünürəm, 2017-ci il kifayət qədər uğurlu olub. İki nəsr kitabım çıxıb. "Fironun dəftəri" romanı, ardınca "İki qadını ayıran pəncərə" adlı hekayələr və povestlərdən ibarət kitabım. Bir neçə mükafat aldım.

- Hansı mükafatları?

- "Sərhədçilər günü"ylə bağlı hekayə müsabiqəsində birinci yeri tutdum. Avqustda dövlət tərəfindən mənə ev verildi. Bu da həyatımı dəyişən hadisəyə çevrildi. Bir də esse yaradıcılığı ilə mütəmadi məşğul oluram. "Ədəbiyyat qəzeti”nə, "Kaspi"yə, yazılar verirəm, müxtəlif tərcümələr edirəm. Məsələn, "Simsim.az" saytı üçün bir xeyli tərcümələr etmişəm. İndi o esseləri, müsahibələri yığıb, kitab etməyi düşünürəm. Bu olmuşlar... Olacaqlar haqqında hələ nəsə demək olmaz (gülür)...

- Yeni roman yazdığınızı dediniz...

- Hələ başlamamışam, müəyyən qeydlər aparıram.

- Nə haqqındadır?

- Mümkünsə, bu sualın cavabını növbəti müsahibəyə saxlayaq.

- Yazıçı, şair, tərcüməçi, publisist, esseist... Hamısını sınamısınız. Özünüzü də yazıçı hesab edirsiniz. Amma əksəriyyət sizi şair kimi tanıyır…

- Dünya ədəbiyyatına nəzər salanda görürük ki, özünü təsdiq etmiş bütün imzalar şeir də yazıblar, esse də, roman da, pyes də, hətta tərcüməylə də məşğul olublar. Ədəbiyyat yaradıcılığın spesifik sahəsidir. Yaradıcı identifikasiya çox mürəkkəb prosesdir, fikir, ideya doğulanda özüylə formasını da gətirir. Özümü nəsrdə rahat ifadə edə bilirəm. Şeir yazmamışdan əvvəllər də nəsrlə məşğul olmuşam. Uşaq yaşlarımdan nağılvari hekayələr quraşdırırdım, sonra şeir qurmağa cəhd elədim. O yaşda şeiri ancaq qurmağa cəhd edə bilərsən ki, qafiyə, ölçülər yerində olsun. O vaxt heç bunları da bilmirdim. Amma həmişə nəsə yazmağa can atırdım. Yəni şeir və yaxud nəsr yazmaq ruh halımla bağlı olan prosesdir. Hansı havaya köklənmişəmsə, ona uyğun da yazıram. Prozaik havadayamsa, nəsr kimi yazıram, şeir kimi gəlirsə, şeir kimi. Son 2-3 ildə, demək olar, heç şeir yazmamışam.

- Bayaq da dediniz, dövri mətbuatda tez-tez müxtəlif yazılarla çıxış edirsiniz. Ardıcıllıq yazıçını tükətmir? Yazıçı hər gün yazmalıdır, öz yerində. Publikaya təqdim edilən yazılardan söhbət gedir.

- Tükətməkdən daha çox yorur. Amma neyləyəsən, reallığımız elədir ki, çörəyimiz yazıdan çıxır. Yazmağa məcburuq, başqa çarəmiz yoxdur. Haynrix Bölldən "Niyə yazırsız?" soruşanda "Yazmaqdan başqa çarəm yoxdur" cavabını verib.

- "Bizimkilər yaza bilmir" stereotipini necə qırmaq lazımdır?

- Düşünmürəm ki, bizimkilər yaza bilmir. Bu, kökündən yanlışdır. Ortada mətnlər var. Amma qəribədir ki, belə stereotip formalaşıb. Oxucu azlığından danışanda əksəriyyət “Azərbaycan yazıçısı da yaza bilmir” kimi əks arqumentlə çıxış edirlər. Əslində, bu, yanlış düşüncədir. Bəzən oxucularla söhbət əsnasında məlum olur ki, müasir Azərbaycan ədəbiyyatından heç kimi oxumayıblar və oxumaya-oxumaya belə yanlış hökm irəli sürürlər. Ən yaxşı halda Elxan Elatlının adını çəkirlər.

Bunun da müəyyən səbəbləri var. Nəşriyyat yazıçı ilə oxucu arasında körpüdür, kitabı oxucuya nəşriyyat təqdim edir. Amma əksər hallarda bu təqdimat uğurlu olmur. Təbii, nəşriyyatlardan asılı olmayan səbəblər də var. Ədəbiyyatın reklamı çox zəifdir, kitab industriyası formalaşmayıb, yerli kitab bazarı yoxdur. Amma 7-8 il bundan öncəki vaxtla müqayisədə xeyli irəliləyiş var. İndi nəşriyyatlar çoxalıb, bu proses davam etdikcə rəqabət də yaranacaq, keyfiyyət də artacaq. Bəlkə onda kitab bazarı inkişaf edə...

- Bir məsələ də var ki, Azərbaycanda ən populyar yazıçının maksimum 1000 nəfər oxucusu var...

- Azdır ki, çox deyil.

- 1000 nəfər də yazıçı, yaxud şair var.


- Elədir, təqdimatlarda da eyni adamlar…

- Belə çıxır ki, özümüz yazıb, özümüz oxuyuruq…

- Yenə də eyni məsələyə qayıdıram, Azərbaycan ədəbiyyatının reklamı yoxdur. Düzdür, sosial şəbəkələr var. Amma həyat qayğıları insanların kitaba vaxt ayırmasına mane olur. Digər tərəfdən, kitabların da qiyməti insanların büdcəsinə uyğun deyil. Sonuncu Bakı Beynəlxalq Kitab Yarmarkasında əvvəlki illərə nisbətən xeyli canlanma müşahidə etdim. Onları o yarmarkaya çəkib gətirən kitaba sevgidir. Amma görürdüm ki, əksər insanlar seçdikləri kitabları ala bilmirlər, dəfələrlə belə halları müşahidə etmişəm və bu, məni çox ağrıdır.

- “Sənət sənət üçündür" deyimi var. Razısınızmı?

- Bir az çətin sualdır. Bununla bağlı çox düşünmüşəm. Ədəbiyyatın öz inkişaf qanunları var. Oxucunun isə zövqü birmənalı deyil. Ciddi mətnlər onsuz da bir qism oxucu üçün yazılır. Amma digər tərəfdən, axı, sənət insanların zövqünə xidmət edir. Əgər sənət sənət üçündürsə, kitablar niyə satışa çıxarılır? Xalq üçün olmayan sənət kimə lazımdır ki? Təbii, xalqın da elitar təbəqəsi var. Bu deyim klassisizmə məxsus anlayışdır. Ötən əsrin əvvəllərində simvolizm nümayəndələri burjuaziyanı müdafiə edirdilər və bu baxımdan sənəti kütlədən ayırıb elitarlaşdırmağın tərəfdarı idilər. Amma indi zaman başqadır,  sənət insanımıza xidmət etməlidir. Kommunikasiya əsrində yaşayırıq və bu zamanda sənəti məhdudlaşdırmaq heç mümkün də deyil.

- 90-cı illərdən üzü bəri, obrazlı desək, poeziya kükrəməsi vardı. Hamı şeir yazırdı. İndi daha çox nəsrə üstünlük verilir...

- 90-cı illərdə, ümumiyyətlə, ədəbiyyat tamamilə unudulmuşdu. O da məlum məsələlərlə bağlı idi, bir ictimai formasiyadan başqa formasiyaya keçirdik. Sovet imperiyası dağılmış, bu keçid dövründə ədəbiyyat arxa plana keçmişdi. Jurnallar, almanaxlar çıxmırdı, hətta nəşriyyatlar da iflic vəziyyətinə düşmüşdü. İnsanlar kitabla ünsiyyətdən ayrı qalmışdılar. Amma tədricən toplum bədii sözə üz tutmağa başladı. Xüsusən də 2000-ci illərin əvvəllərindən ədəbiyyatda canlanma yarandı. Birinci dalğa İlqar Fəhmini, Aqşin Yeniseyi, Zahir Əzəməti, Şərif Ağayarı, Sevinc Elsevəri və digər istedadlı gəncləri gətirdi, bu imzalar da məhz şeirlə özlərini təsdiq etdilər.

Yadıma gəlir, 2000-ci ilin əvvəllərində mətbuatda polemika gedirdi ki, şeir yaşayacaqmı? Şeirin ölümüylə bağlı yazılar dərc olunurdu. Şeir hiss və duyğu kimi əbədidir, bir nəsil gedir, o hisslər yeni nəslə keçir. Periodik prosesdir. Ola bilsin, yenə 1-2 ildən sonra nəsr geri qalsın, poeziya önə keçsin. Zaman-zaman belə hallar olur. Bir ara roman bumu yaşandı. Bu prosesin xeyri o oldu ki, dostlarımızın qələmi bərkidi, təcrübə qazandılar. Bu gün artıq tanınan, qəbul olunan yazıçılardır. Yeni istedadlar da üzə çıxır, maraqlı imzalar var. Aqşin Evrən, misalçun. O ki nasir deyil, şairdir. Başqa müəlliflər də var, özlərini poeziyada təsdiq ediblər. Fərid Hüseyn, Şəhriyar del Gerani - bunlar yazıçı yox, şair kimi tanınıblar.

- 11 kitabınız çap olunub. Bu kitablarla demək istədiklərinizi deyə bilmisinizmi?


- Sizə deyim ki, ilk kitabım çox gec çap olunub.

-Neçə yaşınızda?


- 34 yaşımda. Təsəvvür edirsiz, elə müəlliflər var ki, o yaşda artıq sözlərini deyib bitiriblər. Kitabımın gec çapı müəyyən problemlərlə bağlı oldu.Maddi imkansızlıq, şəxsi qayğılar, həyatımda yaşadığım problemlər ədəbiyyatdan bir müddət kənarlaşmağıma səbəb oldu. Ona görə şeirlərdən ibarət birinci kitabım yubandı. Kitabın önsözünü tənqidçi Əsəd Cahangir hələ 2005-ci ildə yazmışdı, kitabı isə çıxarmağa imkanım yox idi. O yazı “Azərbaycan” jurnalında və bir neçə qəzetdə də çap olundu. 2009-cu ildə, nəhayət, kitab çap olundu. Sonrakı illərdə elə vaxt olub ki, bir ildə iki kitabım çıxıb. Bir az mövzudan yayındım, əvvəlki sualı unutdum (gülür).

- İndiyədək çap olunan kitablarla demək istədiklərinizi deyə bilmisinizmi?”, - deyə, soruşurdum.

- Düşünmürəm ki, özümü tam ifadə edə bilmişəm. Yaradıcı proses davam edir.

- Yaxşı, bəs ən uğurlu kitab – satış rekordları qırmaya bilər – hansı olub?


- Ən uğurlu kitabım, yəni daha çox uğurlu hesab etdiyim "Fironun dəftəri" romanıdır. Həcmi kiçik olsa da 3 ilə yazmışam. Necə deyərlər, ürəyimdən tikan çıxdı onu yazandan sonra.

- Bir az mövzusuna toxuna bilərsiniz?

- Əsərin baş qəhrəmanı Firondur. Misir dövrünün fironu ilə indiki dövrün fironu arasında obrazdır.Amma paralel mətn deyil, sadəcə, göndərmələr var.

- İndiki dövrün fironu deyəndə nəyi nəzərdə tutursunuz?

-Bizdə belə bir ifadə var: “filankəs fironluq edir”. Bu əsərin qəhrəmanına valideynləri Firon adını qoyublar və ad insanın taleyinə ciddi surətdə təsir göstərən amildir. Həyata atılmağa başlayandan adıyla savaşa çıxır, psixikası zədələnir, təkliyin travmasını yaşayır və içində dəhşətli intiqam hissi baş qaldırır.   

- Həmişə nədənsə narazı, kimdənsə küskünsünüz. Belə imiciniz formalaşıb sanki. Kimlərdən küsmüsünüz, kimlərdən küsürsünüz?

- Yazıçılıq elə narazılıqdan yaranır. Amma bu narazı ifadəsi də damğa kimi adamın üstündə qalır. Xəstəliyim ictimailəşəndən sonra heç mənə narazılıq etməyə imkan vermədilər. Çalışaram, bundan sonra heç nədən narazılıq eləməyim (gülürük). Heç nədən narazı deyiləm, heç kimdən də küsməmişəm. Yaradıcı adam küsəndə özündən küsür. Onu da mətnlə ifadə edir.

- Açığı, istəməzdim bu mövzuda danışaq, belə sual da hazırlamamışam, amma bir halda ki, xəstəliyinizdən söz düşdü…

- Xəstəliyimlə bağlı məsələ ictimailəşəndə dostlar, heç gözləmədiyim, tanımadığım insanlar reaksiya verdilər. ATV kanalı çəkiliş apardı. Dəyərli yazıçılarımız Elçin Əfəndiyev, Kamal Abdulla, millət vəkili Qənirə Paşayeva, gözəl və istedadlı yazarımız Aysel Əlizadə çox kömək etdilər. Türkiyədə yaşayan aktrisamız Məlahət Abbasova İstanbulda müayinə olunmağıma dəstək verdi. Hər birinə minnətdaram.

Siqaret çıxarıb yandırır.“Siqaret ziyan deyil?” – soruşuram.

- (Gülür) Əslində ziyandır. Amma çəkməsəm olmur bu zəhrimarı. Tərgidə bilmirəm.

Susuram. Siqareti uzun-uzun sümürür…


-Ədəbiyyatdan danışdıq, bir az da tənqidə keçək. Azərbaycan ədəbi tənqidi barədə nə düşünürsüz?

- Bəzi yazıçılar əsər yazanda çox narahat olurlar ki, haqqımda ədəbi tənqid susur, yazmır-filan. Məndə heç vaxt bu narahatlıq olmayıb. Heç kimdən də xahiş etməmişəm ki, yazı yazsın. Kiminsə diqqətini çəkibsə, oxuyub yazacaq. Ədəbi tənqidin vəziyyəti ilə bağlı tənqidi danışacam, inciyəcəklər…

-Bəlkə bu yolla başladılar özünütənqidə…

- Ədəbi tənqid dinamik deyil. Bu qədər əsərlər yazılır, gənc imzalar yetişir, nəsillər dəyişir, amma ədəbi tənqid lokal qalıb, elə bil öz içinə sıxılıb, preslənib. 4-5 imza var, ancaq onlardan yazılır. Çox istərdim, tənqidçilər ədəbi gəncliyə daha çox diqqət göstərsinlər, yeni yazılan əsərləri təhlil predmetinə çəksinlər. Bu hallar, təəssüf ki, çox azdır. Bir də sanki ədəbi tənqid bədii-estetik platformasını müəyyənləşdirməkdə çətinlik çəkir. Dünyada gedən ədəbi proseslərdən xəbərsizik. Əksər hallarda bədii mətnə hələ də sovet ədəbi tənqidinin meyarlarıyla yanaşılır.

- Ümumiyyətlə, əsərləriniz haqqında ən sərt tənqidi kim edib?

- Ən sərt tənqidi yazını "Yaddaş kartı" haqqında Mətanət Vahid yazıb. Müəyyən mənada razılaşdığım məqamlarda var idi. "Kulis"də getmişdi, səhv etmirəmsə. Çalışdım ki, dediyi nöqsanları digər mətnlərimdə aradan qaldırım. Müsbət fikir yazanlar da olub. Ülvi Babasoy, Əsəd Cahangir, Vaqif Yusifli, Şərif Ağayar, Qan Turalı yazıb. Hamısı sağ olsun.

-Son kitabınız necə qarşılandı? Niyə səs-küy doğurmadı?

- Son kitabı satışa indi-indi verirəm.

- Niyə?

- Yay vaxtına düşdü. Amma indi kitab mağazalarında var.

Diktofonu söndürürəm. Bayaqdan danışmaqla arası olmayan Kənan Hacının “qırışığı açılır”. Ədəbi məsələlərdən, ədəbiyyatımızın əyər-əskiyindən xeyli söhbət edirik. Axırda da dilimdən “iltizam alır” ki, bunları yazmayacaqsan…

/Cavid Qədir, parafr.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.