Anadilli ədəbiyyat epoxası: Həsənoğludan Füzuliyədək
14.12.17

DÖVRLƏŞMƏ KONSEPSİYASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik


Azərbaycan ədəbiyyatı tarixinin bu vaxta qədərki dövrləşdirməsində orta əsrlər Azərbaycan ədəbiyyatı dedikdə əsasən XIII-XVIII əsrlərdə yaranan ədəbiyyat nəzərdə tutulmuşdur.

Ehtimal ki, Azərbaycan ədəbiyyatında orta əsrlər dövrünün sərhədinin XVIII əsrə qədər uzadılması tarixşünaslıqdakı həmin mərhələyə dair dövrləşdirmə prinsiplərinin nəzərə alınması əsasında formalaşmışdır. Halbuki Azərbaycan ədəbiyyatının qədim dövrünün tarixi çərçivəsinin müəyyənləşdirilməsində olduğu kimi, orta əsrlər ədəbiyyatı mərhələsinin sərhədlərinin cızılmasında da ictimai-siyasi hadisələrlə ədəbiyatda gedən proseslərdən birgə çıxış etmək daha məqbul yoldur. Əgər ictimai-siyasi hadisələrin və ədəbiyyatın istiqaməti, xarakteri dəyişibsə, onda bu proses dövrləşdirmədə də öz əksini tapmalıdır.

Azərbaycanda reallıqda da XVII əsrdən etibarən ictimai-siyasi vəziyyət kəskin şəkildə dəyişmiş, Cəlalilər hərəkatı, Koroğlu üsyanı baş vermiş, İran-Osmanlı münasibətlərinin gərginləşməsi ölkə həyatına da öz təsirini göstərmişdir. Bu isə öz növbəsində Azərbaycan ədəbiyyatının da inkişafında yeni meyllər meydana çıxarmışdır.

Müşahidələr göstərir ki, Azərbaycan ədəbiyyatının orta əsrlər dövrü XIII-XVI əsrləri əhatə edir. Çünki indiyədək orta əsrlər dövrü kimi təqdim olunan XIII-XVIII əsrləri əhatə edən altı yüz ilin ərzində Azərbaycanda cəmiyyət həyatını və ədəbi prosesi əsaslı şəkildə dəyişdirən bir neçə mühüm hadisə baş vermişdir. XIII əsrdə anadilli Azərbaycan ədəbiyyatının yaranması və böyük sürətlə inkişaf etməsi çox mühüm ədəbi hadisə idi. Bu təkcə dildə deyil, bütövlükdə ədəbi-ictimai  təfəkkürdə baş verən ciddi dəyişiklik idi. Bundan başqa, XVI əsrdə Səfəvilərin mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratması, milli ədəbiyyatı və sənəti inkişaf etdirmələri ilə cəmiyyət həyatı və ədəbi-mədəni mühit tamamilə yeni məcraya daxil olmuşdur. Lakin təəssüf ki, Çaldıran döyüşündəki  (1514) məğlubiyyətin doğurduğu məyusluq hakimiyyətə də, ədəbi-ictimai fikrin inkişafına da öz təsirini göstərmişdir. Bundan başqa, Şah İsmayıl Xətainin (1487-1524) hakimiyyətindən sonra ədəbiyyata və sənətkara bəslənilən həmin dalğa bir qədər yaşasa da, əvvəlki müvazinətini qoruyub saxlaya bilməmişdir.

XVII əsrdən etibarən Saib Təbrizinin timsalında “hind üslubu”nun meydana gəlməsi və xalq-aşıq şeiri ənənəsinin qüvvətlənməsi ədəbiyyatın inkişaf istiqamətini dəyişmişdir. XVIII əsrdə realizmin yaranması ilə bu dəyişiklik daha da dərinləşmişdir. Səfəvi dövlətinin tənəzzülə uğraması, xalq hərəkatının genişlənməsi və Azərbaycan ərazilərinin xanlıqlara parçalanması kimi mühüm ictimai-siyasi hadisələrin təsiri nəticəsində ədəbiyyatda klassik romantik lirikanın mövqeyi zəifləmiş, tədricən xalq həyatını əks etdirən realist ədəbiyyat ön mövqeyə çıxmışdır. Ona görə də XVII-XVIII əsrlər ölkədə cəmiyyətin tarixi inkişafı və ədəbi prosesin xarakteri baxımından tamamilə fərqli mərhələ yaşanmışdır. XIII-XVI əsrlərdə isə Azərbaycanda cəmiyyətin əsasən sabit həyat tərzi ilə üzvi surətdə həmahəng olan ədəbiyyat yaranıb inkişaf etmişdir. İctimai-siyasi hadisələrin xarakterinə uyğun olaraq, ədəbiyyatda romantika və lirika inkişaf etmiş, əruz vəzni hakim mövqedə dayanmışdır.

Orta əsrlər Azərbaycan ədəbiyyatı böyük söz ustadı Məhəmməd Füzulinin (1494-1556) timsalında özünün opogeyini fəth etmişdir. Poeziyada Füzulidən sonra yeni yüksəliş dalğası baş verə bilməmişdir. Orta əsrlərin əsas ədəbi-ideoloji axınları olan sufizm və hürufizm cərəyanları da XVI əsrdən sonra eniş dövrünə qədəm qoymuşdur. Bu dövrdən etibarən poeziyada nəzirəçiliklə yeniləşmə arasında yeni bir meyl başlamışdır. Xüsusən XVII əsrdə klassik romantik lirika ənənələri içərisində artıq aşiqanəliklə yanaşı, həyati-didaktik baxışlar da müşahidə olunmuşdur. Bu ədəbiyyat ideya-bədii xüsusiyyətləri etibarilə, yaxud da janr baxımından klassik poeziyadan kəskin surətdə fərqlənməsə də, eyni zamanda, həmin poeziyanın eyni də deyildi. Və XVII əsrdə ədəbiyyatda geriyə dönüş yox, irəliyə doğru inkişaf qüvvətlənməkdə davam etmişdir. Klassik nəzirə ədəbiyyatı Məhəmməd Füzuli orbiti ətrafında fırlanmaqdan uzağa gedə bilməmişdir. Əvəzində yeni meyl kimi meydana çıxan romantik-didaktik ədəbiyyat görkəmli yaradıcılarını və özünəməxsus əsərlərini meydana çıxarmışdır. Azərbaycan ədəbiyyatı XVII-XVIII əsrlərdə forma və məzmunca ciddi yeniləşmə meyllərini nəzərə çarpdıran yeni bir dövrə qədəm qoymuşdur. Bu, Azərbaycan ədəbiyyatının erkən realizm mərhələsidir.

Bütün bunlara görə Azərbaycan ədəbiyyatının orta əsrlər dövrünü XIII-XVIII əsrlərə aid etmək heç cür doğru olmazdı. Həm ictimai-siyasi mənada, həm də ədəbiyyat tarixi baxımından Azərbaycan ədəbiyyatında orta əsrlər dövrü XIII-XVI əsrləri əhatə edir. Bu dövrdə Azərbaycan cəmiyyəti ictimai-siyasi və ədəbi-mədəni proseslər baxımından əsasən eyni məcrada inkişaf etmişdir. Ölkənin ərazilərində güclü Azərbaycan dövlətlərinin - Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması və inkişafı, böyük və qüdrətli Səfəvilər dövlətinin qurulması və genişlənməsi həyatın bütün sahələrində, o cümlədən, ədəbiyyatda millilik amilinin diqqət mərkəzinə çəkilməsinə güclü təkan vermişdir. Hökmdar şairlərin: Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah Həqiqinin (1405-1467) və Səfəvi İmperiyasının başçısı Şah İsmayıl Xətainin (1487-1524) milli dövlətçiliyi inkişaf etdirməklə bərabər, sənətə və ədəbiyyata xüsusi fikir vermələri ədəbiyyatda Azərbaycan faktorunun əsaslı surətdə ön mövqeyə çəkilməsinə səbəb olmuşdur.

Azərbaycan dilində poeziyanın yaranması Azərbaycan ədəbiyyatının orta əsr mərhələsinin əsas yeniliyi və mühüm nailiyyətidir. XIII yüzillikdə bir əsr ərzində İzzəddin Həsənoğlunun, Nəsir Bakuinin, Hümam Təbrizinin şeirləri, Qul Əlinin “Qisseyi-Yusif” poeması, müəllifi bəlli olmayan “Dastani-Əhməd Hərami” məsnəvisi kimi Azərbaycan dilində müxtəlif janrlarda yaranmış bədii əsərlər farsdilli poeziyanı arxa plana keçirmişdir. Anadilli şeir orta əsr Azərbaycan poeziyasının əsas inkişaf istiqaməti, aparıcı bədii ifadə vasitəsi mövqeyinə qalxmışdır. Bu mərhələdə poeziyada bədii əsərlərin hansı dillə yazılması baxımından ikihakimiyyətlilik özünü göstərsə də, anadilli poeziya əsas hakim mövqe tutmuşdur. Dövrün şairlərinin yaradıcılığında ərəb-fars dillərində yazılmış əsərlər kəmiyyətcə bir neçə dəfə azalaraq minimum səviyyəyə enmişdir. Həm də ədəbi mühitdə anadilli poeziya uğrunda mübarizə yaradıcılıq rəqabəti meydanına çevrilmişdir. Azərbaycan ədəbiyyatının bütün tarixi ərzində orta əsrlərdə anadilli Azərbaycan şeiri özünün ən yüksək zirvəsini fəth etmişdir.  Bu dövrdə farsdilli şeirin mövqeyi zəifləmiş, ərəbdilli poeziya isə yaşasa da, təxminən ənənədən çıxmış, dəbdən düşmüşdür.

XIII əsrdə İzzəddin Həsənoğlunun  yazdığı anadilli şeirlərdən cəmi 3 qəzəl dövrümüzə qədər gəlib çatsa da, bu poetik nümunələr orijinal bədii-sənətkarlıq xüsusiyyətləri etibarilə orta əsr Azərbaycan şeirinin klassik örnəkləri kimi qəbul edilməyə layiqdir. Ədəbiyyat tarixçiliyi baxımından “Azərbaycan dilində lirik şeirləri dövrümüzə çatan ilk şair” kimi mühüm əhəmiyyət kəsb edən İzzəddin Həsənoğlunun əruz vəznində yazılan qəzəlləri xalq danışıq dilinə yaxınlığı ilə seçilir. Bu şeirlər anadilli klassik şeirin bütün obrazlı-poetik cazibədarlığını da özündə əks etdirir. Həsənoğlunun Azərbaycan dilində yazılmış qəzəlləri anadilli klassik şeir üslubunun ədəbi mühitdə hələ qüvvədə olmaqda davam edən  “farsdilli” şeirdən nəinki geri qalmadığını, ən azı bərabər qüvvədə olduğunu, xalqa yaxın və anlaşıqlı olmaq baxımından isə daha irəli getdiyini göstərirdi. Bu, “şeir bazarında” Azərbaycan dilində qələmə alınmış qəzəlin rəqabətədavamlı bir şeir nümunəsi idi:

Apardı könlümü bir xoş qəmər
üz canfəza dilbər,
Nə dilbər? Dilbəri-Şahid. Nə şahid?
Şahidi-sərvər.

...Başımdan getmədi hərgiz
                    səninlə içdiyim badə,
Nə badə? Badeyi-məsti.
Nə məsti? Məstiyi-sağər.

Əzəldə canım içində yazıldı
surəti-məni,
Nə məni? Məniyi-surət.
Nə surət? Surəti-dəftər.

... Mən ölsəm sən buti-şəngül,
sürahi, eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə.
Nə badə? Badeyi-əhmər.

Həsənoğlu sana gərçi duaçıdır,
vəli-sadiq,
Nə sadiq? Sadiqi-bəndə.
Nə bəndə? Bəndeyi-çakər.

Bu mərhələdə yaranmış digər bədii nümunələrdə, o cümlədən, Qul Əlinin “Qisseyi-Yusif” poemasında da folklor motivləri ilə səsləşən məqamlar vardır. Şərqdə “Yusif və Züleyxa” dastanı kimi geniş yayılmış süjet ilk dəfə Qul Əlinin “xalq şeiri üslubunda yazılmış” adıçəkilən poeması ilə ümumiyyətlə, türk ədəbiyyatına, o cümlədən, Azərbaycan poeziyasına gətirilmişdir. Adından göründüyü kimi, “Dastani-Əhməd Hərami” əsəri də həm anadilli poeziyanın, həm də yazılı ədəbiyyatda dastan ənənəsinin kamil bir nümunəsidir. Deməli, XIII əsrdə Azərbaycan ədəbiyyatında anadilli şeir canlı xalq danışıq dili əsasında formalaşmış, orta əsr poeziyasının və əruz vəzninin tələblərinə uyğun olaraq orijinal bədii təsvir vasitələri və bir qədər də izafət tərkibləri ilə bəzədilmişdir.

XIII-XIV əsrlərdə Azərbaycan dilində şeir yazmağın dövrün əsas ədəbi ənənəsinə çevrilməsi orta əsr ədəbiyyatının poeziyaya gətirdiyi əsas yeniliklərdən biridir. İzzəddin Həsənoğlu ilə başlanan anadilli şeir XIII-XIV əsrlərdə Qazi Bürhanəddin, Yusif Məddah, Mustafa Zərir, Əbdülqadir Marağayi və başqaları tərəfindən inkişaf etdirilərək ədəbi mühitdə möhkəm mövqe qazanmışdır. İmadəddin Nəsiminin (1369-1417) - lirikası anadilli orta əsr Azərbaycan şeirinin bu mərhələsinin yekunu və yüksək inkişaf nöqtəsidir. XV-XVI əsrlərdə Azərbaycan poeziyası Şah Qasım Ənvar, Bədr Şirvani, Cahanşah Həqiqi, Kişvəri, Həbibi tərəfindən ana dilində yazılmış şeirlərlə sürətlə inkişaf etdirilmiş, ədəbiyyatda aparıcı istiqaməti müəyyən etmişdir. Şah İsmayıl Xətai əruz vəznində yazılan Azərbaycan şeirinə heca vəzni əlamətləri gətirməklə onu daha da xəlqiləşdirmişdir. “Onun əsərlərində qəzəl poetikası ilə qoşma poetikası çarpazlaşır” (Yaqub Babayev). Məhəmməd Füzulinin ana dilində yazılmış Azərbaycan lirikası özünün bütün tarixi ərzində ən yüksək zirvədə qərar tutmuşdur.

Qədim dövr Azərbaycan epik ədəbiyyatı ilə müqayisədə orta əsrlər ədəbiyyatında lirika üstünlük qazanmışdır. Daha doğrusu, orta əsrlər Azərbaycan poeziyası dərin və incə lirika üstündə köklənmişdir. Lirika bu dövrün ədəbiyyatının aparıcı istiqamətini təşkil edir. Azərbaycan ədəbiyyatının qədim dövr mərhələsində epik poemalar birinci, divan şeiri ikinci yerdə dayanırdı. Orta əsrlər Azərbaycan ədəbiyyatında isə divan şeiri sənətkarın yaradıcılığının ana xəttini müəyyən edirdi. Bu dövrün poeziyasının divan ədəbiyyatı adlandırılması lirikanın aparıcı mövqeyinin ifadəsi idi. Füzulinin “qəlb şairi” hesab edilməsi də ədəbiyyatda lirikaya üstünlük verilməsinin əks-sədasıdır. Bu mərhələdə bədii sözü daha obrazlı deyə bilmək istiqamətində sağlam rəqabət mühiti yaranmış, məzmunu da diqqətdən kənarda qoymamaq şərtilə qeyri-adi təsvir vasitələri yaratmaq uğrunda ciddi mübarizə getmişdir. Dövrün lirikası obrazlı, təsirli, emosional və mənalı şeirlərdən yoğrulmuşdur. Orta əsrlər Azərbaycan şeiri “şəffaf lirizmi” (Elizbar Cavalidze) ilə səciyyələnmişdir. Bu mərhələnin epik ədəbiyyatında da lirika geniş yer tutmuşdur. Azərbaycan poeziyasının çoxəsrlik tarixində orta əsrlər qədər lirikanın inkişaf etdiyi və geniş yayıldığı bir dövr olmamışdır.

XIII-XVI əsrlər Azərbaycan lirikasında ənənəvi qəzəl-qəsidə və rübai ədəbiyyatı özünün tarixi yolunu davam etdirmişdir. Klassik lirika janrlarından qəzəl orta əsrlər Azərbaycan poeziyasının fövqünə yüksəlmişdir. Məhəmməd Füzulinin sözləri ilə desək, qəzəl janrı “xirədməndlər (ağıllı insanlar, alimlər - İ.H.) işi” kimi qəbul olunmuşdur. Ənənəvi qəzəl janrında mükəmməl və yeni bədii söz deməyi bacaranlar “məşhuri-dövran” ola bilirdilər:

Qəzəldir səfabəxşi-əhli-nəzər,
Qəzəldir güli-bustani hünər.
... Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin.
... Ki, hər məhfilin ziynətidir qəzəl,
Xirəndməndlər sənətidir qəzəl.
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.

Məhəmməd Füzuli qəzəl janrında yaranan böyük ədəbiyyatın qüdrətli yaradıcısıdır. Onun böyük dühası ilə bir janr kimi qəzəl klassik lirikada işlədilən poetik formaların ən məşhuru səviyyəsinə çatdırılmışdır.

Bununla belə, yeni janrların meydana çıxması da orta əsr mərhələsinin özünəməxsus mühüm nailiyyətlərindəndir. Bu cəhətdən Qazi Bürhanəddinin (1344-1398) tuyuq janrında yazdığı şeirlər klassik Azərbaycan lirikasında yeni poetik forma idi. “Divan”ındakı bu janrda qələmə alınmış 119 tuyuq Azərbaycan şeirinin forma və məzmun etibarilə yeniləşmək imkanlarının real göstəricisidir. Qazi Bürhanəddinin tuyuqları mahiyyət etibarilə Şah İsmayıl Xətai lirikasındakı heca vəznli şeirə keçidin bədii müqəddiməsidir.

Azərbaycan dilində poemaların yaranması XIII-XVI əsr Azərbaycan şeirinin mühüm yaradıcılıq nailiyyətidir. XIII əsrdə meydana çıxmış Qul Əlinin “Qisseyi Yusif” məsnəvisi sonralar meydanı genişlənmiş “Yusif və Züleyxa” poemalarının mükəmməl bir proloqudur. Şəms Təbrizi, Mustafa Zərir və Suli Fəqihin qələmindən çıxmış “Yusif və Züleyxa” poemaları həmin mövzunun davamı olub, orta əsr Azərbaycan ədəbiyyatında bu motivi daha da genişləndirmişdir. Müəllifi məlum olmayan “Dastani-Əhməd Hərami” anadilli poemaların ilk nümunələrindən biri kimi mühüm əhəmiyyətə malikdir. Yusif Məddahın “Vərqa və Gülşa” poemasında məhəbbətlə qəhrəmanlığın vəhdəti öz əksini tapmışdır. Ümmi İsa adlı bir şair tərəfindən qələmə alınmış “Mehri və Vəfa” poemasında məhəbbət dastanları ənənələri əsasında eşq və sədaqət motivləri canlandırılmışdır. Şah İsmayıl Xətai orta əsrlərdə Azərbaycan dilində yazılmış poemaları “Dəhnamə” və “Nəsihətnamə” kimi müstəqil janr səviyyəsinə qalxan orijinal əsərlərlə zənginləşdirmişdir. Azərbaycan poeziyasında anadilli poema Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun”u ilə kamala çatmışdır. Füzulinin “Leyli və Məcnun”u ümumən türk poeziyasında liro-epik poemanın ən yüksək etalonu səviyyəsini nümayiş etdirir. Göründüyü kimi, orta əsrlər Azərbaycan ədəbiyyatında poema yazmaq ənənəsi davam və inkişaf etdirilmişdir. Lakin ana dilində yazılması və xalq həyatı, folklor motivləri ilə sıx bağlı olması bu poemaları intibah dövrü pomalarından fərqləndirir. Bundan başqa, orta əsr epik ədəbiyyatında lirik bədii vasitələrdən geniş istifadə olunması da bu dövr poemalarının səciyyəvi xüsusiyyətidir. Orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış tədqiqatçısı filologiya elmləri doktoru Ataəmi Mirzəyevin yazdığı kimi “anadilli məsnəvilərdə (poemalarda - İ.H.) epik təsvirlə lirik təqdimat vəhdətdə verilmişdir. Obrazların daxili aləmini, könül dünyasını, keçirdiyi hiss-həyəcanlarını, istək və arzularını... açmaq üçün bu məsnəvilərdə lirik şeir janrlarına da müraciət olunmuşdur. Bu da heç şübhəsiz, xalq yaradıcılığından, dastançılıq ənənəsindən gəlirdi. Azərbaycan dastanlarında müşahidə edilən nəsrlə nəzmin növbələşməsi anadilli epik şeirdə təhkiyə ilə lirik əhvali-ruhiyyənin vəhdətdə verilməsi şəklində özünü göstərmiş oldu”.

Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması Azərbaycan dilində yaranmış epik ədəbiyyatda lirizmin nə qədər geniş yer tutduğunu və böyük imkanlara malik olduğunu göstərir. Mütəxəssislərin hesablamasına görə, şair “Leyli və Məcnun” poemasında 24 qəzəl, 2 qəsidə, 3 rübai və 2 mürəbbedən istifadə edir. Digər müəlliflərin poemalarında da lirik janrlara geniş yer verilməsi, bədii haşiyə və ricətlərdən geniş istifadə olunması orta əsr anadilli Azərbaycan poemalarının poetik səviyyəsini qüvvətləndirmiş, təsir gücünü daha da artırmışdır.

Orta əsrlərdə Azərbaycan ədəbi-ictimai fikrində sufizm və hürufizm cərəyanları qüvvətlənmiş, yalnız bədii düşüncənin deyil, dini-ideoloji mühitin də aparıcı axınları funksiyasında çıxış etmişdir. Bu dövrdə Fəzlullah Nəimi Astrabadi (1339-1401) hürufizmin siyasi-ideoloji nəzəriyyəsini yaratmışdır. Böyük mütəfəkkirin “Cavidannamə” traktatı zamanında hürufilərin müqəddəs kitabı hesab edilmişdir (Rəhim Əliyev). Mahmud Şəbüstərinin (1287-1320) “Gülşəni-raz” traktatında sufizmin nəzəri əsasları işlənib hazırlanmışdır. İmadəddin Nəsimi (1359-1417) hürufi ədəbiyyatı yüksək səviyyəyə qaldıraraq poeziyada yeni bir istiqamət açmışdır. Məhəmməd Füzulinin yaradıcılığında sufi düşüncəsi kamil insan ideyasının yüksək bədii ifadəsinə xidmət edir. Bununla belə, orta əsrlər Azərbaycan ədəbiyyatı hürufizm və sufizm cərəyanlarının sərhədlərini aşaraq, bütövlükdə Zamanın ümummilli və bəşəri ideyalarını tərənnüm etmişdir. Ona görə də orta əsrlər Azərbaycan ədəbiyyatına yalnız sufizm, yaxud hürufizm ədəbiyyatı demək doğru olmazdı. Bu tarixi mərhələnin ədəbiyyatında müşahidə edilən ana dili, xalq ruhu, mübarizə əzmi, milli mənəviyyatın bədii ifadəsi, dünyəvilik meylləri və bəşəri ideyaların təcəssümü dini-ideoloji cərəyanlardan daha çox Zamandan, ənənədən və həyatdan gəlirdi. Doğrudur, orta əsrlər Azərbaycan ədəbiyyatını hürufizm və sufizm cərəyanları nəzərə alınmadan da bütün reallıqları ilə təsəvvür etmək olmaz. Lakin Azərbaycan ədəbiyyatının bu mərhələsi dərin kökləri ilə xalqa bağlı olan, dövrün axınlarını da əks etdirən, lakin dini-ideoloji cərəyanların çərçivəsində qalmayıb, geniş mənada Zamanı, insanı, ümummilli ideyaları və ilahi eşqi tərənnüm edərək böyük ədəbiyyatı meydana çıxarmışdır. Ədəbiyyat tarixinin orta əsrlər dövrünün birinci  mərhələsi olan  XIII-XIV əsrlər Azərbaycan poeziyasında ictimai-fəlsəfi lirika yüksək səviyyəyə qalxmışdır. İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Əvhədi Marağalı, Zülfüqar Şirvani, Nəsrəddin Tusi, Arif Ərdəbili, Əssar Təbrizi, Şəms Təbrizi, Qazi Bürhanəddin və başqaları lirikada eşq-məhəbbət duyğuları ilə yanaşı, ictimai ideyaları da əks etdirməkdə böyük istedad və məharət göstərmişlər. Qazı Bürhanəddinin tuyuq janrında yazdığı şeirlərindəki bədii forma yenilikləri ilə yanaşı, dövlətçilik təfəkküründən doğan ictimai motivlər orta əsr Azərbaycan poeziyasının ictimai məzmununu daha da dolğunlaşdırmışdır. Böyük mütəfəkkir Mövlana Cəlaləddin Ruminin ən yaxın məsləkdaşı, “Azərbaycan ürfani-fəlsəfi şeirinin günəşi” olan Şəms Təbrizi nəinki hürufi şeirin bütün rəmzlərindən yaradıcı şəkildə istifadə etmiş, hətta klassik lirikaya ilk dəfə olaraq bir çox əlavə rəmzləri gətirməyə nail olmuşdur. Bütün bunların əsasında Azərbaycan ədəbiyyatının yeni tipli orta əsrləri formalaşmış və inkişaf etmişdir.

XV-XVI əsrlərdə Azərbaycan ədəbiyyatında anadilli poeziyanın orta əsrlər dövrünün daha güclü bir dalğası əmələ gəlmişdir. Dövlət idarəçiliyini təmsil edən Cahanşah Həqiqinin, Şah Qasım Ənvarın yaradıcılığında özündən əvvəlki Qazi Bürhanəddinin düşüncəsindən sızıb gələn ictimai mətləblər daha da genişlənmişdir. Bunlar həm də saray ədəbiyyatı ənənəsində yeni hadisə idi. Ənənəvi saray ədəbiyyatından fərqli olaraq, orta əsrlərin hakimiyyət qolunda təmsil olunan şairlər  mədhiyyə deyil, klassik lirika libasında olsa da düşündürməyə, cəmiyyəti dərk etdirməyə çağıran ictimai məzmunlu poetik nümunələr yaratmağa üstünlük vermişlər. Nəhayət, Azərbaycan ədəbiyyatında Şah İsmayıl Xətainin timsalında görkəmli şair-hökmdar tipi meydana çıxmışdır. Şah İsmayıl Xətai Azərbaycan klassik poeziyasını xalq şeiri ilə yaxınlaşdırmaq kimi ədəbiyyatda islahat səviyyəsində dəyərləndirməyə layiq olan mühüm bir vəzifəni uğurla həyata keçirmişdir. Orta əsr Azərbaycan ədəbiyyatında şifahi xalq yaradıcılığının xüsusi bir qolu kimi aşiq şeirinin meydana çıxması, yazılı poeziya ilə yanaşı addımlaması bu mərhələni qədim dövr ədəbiyyatından fərqləndirən cəhətlərdən biridir. XVI əsrdə Qurbaninin xalq-aşıq şeiri üslubunda yazdığı yaratdığı şeirlər Azərbaycan poeziyasının qiymətli nümunələridir. Qurbani orta əsrlər Azərbaycan ədəbiyyatında xalq şeiri  ənənələrinin yekunu, Molla Pənah Vaqif mərhələsinin başlanğıcıdır.

Azərbaycan ədəbiyyatında bu dövrdə alleqorik əsərlərin yaranması ənənəsi geniş olmayan bu istiqamətin yeni inkişafına güclü təkan vermişdir. Məhəmməd Füzulinin “Söhbətül əsmar” (“Meyvələrin söhbəti”)  alleqorik poeması ilə bu janrın Azərbaycan ədəbiyyatındakı yeri genişləndirilmişdir. Şairin “Bəngü-Badə” poeması Azərbaycan ədəbiyyatında alleqorik poema janrının mövqeyini daha da möhkəmləndirmişdir. Alleqoriyaya müraciət sənətkarların ictimai-siyasi mühit və mövcud hakimiyyət haqqında tənqidi söz demək, ümumi şikayətlərdən üstüörtülü olsa da, mətləbi açıq ifadə etməyə, ədəbiyyatda hədəfləri daha da konkretləşdirməyə keçidi dövriyyəyə gətirmişdir. Alleqorik poeziya daha dərin ictimai məzmuna malik olan, ciddi siyasi fikirləri meydana qoyan ədəbiyyat nümunəsi idi. Qədim dövr Azərbaycan ədəbiyyatında təmsilvari şəkildə müşahidə edilən bu istiqamət orta əsrlərdə geniş həcmli poema səviyyəsinə qədər yüksəlmiş və ideya-sənətkarlıq cəhətdən daha da təkmilləşdirilmişdir.

Qədim dövr Azərbaycan ədəbiyyatında bədii nəsr yalnız Əfzələddin Xaqaninin “Töhfətül İraqeyn” əsərində parçalar şəklində nəzərə çarpsa da, bu üslubda müstəqil epik əsər yazılmamışdır. Orta əsr Azərbaycan ədəbiyyatında da nəsr əsərləri yazmaq ənənəyə çevrilməsə də, bir qədər inkişaf etmişdir. XIV əsrdə həm də nəsr əsərləri yazmış Mustafa Zərir “Fütuhati-Şam” adlı mənsur əsəri ilə tanınmışdır. Məhəmməd Füzulinin Kərbəla hadisələrindən bəhs edən “Hədiqətüs-süəda” adlı povest həcmində olan əsəri Azərbaycan ədəbiyyatında ilk iri həcmə malik olan bədii nəsr nümunələrindən biridir. Ustad şairin özünəməxsus bədii xüsusiyyətə malik olan məktubları da nəsrlə qələmə alınmışdır. Nəhayət, Məhəmməd Füzulinin “Şikayətnamə” əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk orijinal bədii nəsr nümunəsi kimi mühüm əhəmiyyətə malikdir. Məhəmməd Füzulinin məşhur “Şikayətnamə” əsərində romantik üslubla  realist əlamətlərin bir yerdə ifadə olunması həm də orta əsr Azərbaycan ədəbiyyatında üslub dəyişmələrinin zərurətinə işarədir. Füzulinin “Şikayətnamə”si Azərbaycan ədəbiyyatında dövrana, ictimai mühitə müdaxilə etməkdə romantik üslubun şikayəti, realist meylin ədaləti idi. Özündən sonrakı romantik bədii nəsrdə və realist hekayəçilikdə Füzulinin bədii nəsr təhkiyəsindən istifadə olunmuşdur. Cəlil Məmmədquluzadənin sözləri ilə desək, şeirdə olduğu kimi, nəsrdə də yazıçılarımızın “Füzuli gəlib durur gözünün qabağında”. Bu mənada “Şikayətnamə” Azərbaycan ədəbiyyatında bədii nəsrin mükəmməl bir başlanğıcıdır.

Məktub forması Azərbaycan ədəbiyyatına orta əsrlərdə janr səviyyəsində daxil olmuşdur. Belə ki, XIV əsrdə Marağalı Əvhədi ilk dəfə fars dilində “Dəhnamə” adlı poema yazmışdır. Məhəmməd Füzulinin Azərbaycan dilində Mustafa Nişançı Paşaya məktubları bədii-sənədli nəsr nümunəsidir. Şah İsmayıl Xətainin “Dəhnamə” poeması ilə Azərbaycan ədəbiyyatında xüsusi olaraq məktub-poema janrı əmələ gəlmişdir. Məktub janrı bədii əsərdə insan mənəviyyatının dərinliklərini açmaq üçün daha münasib imkan yaradır. Akademik Həmid Araslının Şah İsmayıl Xətainin “Dəhnamə” poeması haqqındakı aşağıdakı sözləri ədəbiyyatda məktub janrının özünəməxsusluğuna verilmiş obyektiv elmi qiymətin ifadəsidir: “Dəhnamə”də biz həqiqi eşq hissləri ilə çırpınan bir qəlbin döyüntüsünü, arzusuna qovuşmaq üçün hər şeyi qurban verməyə, hər bir çətinliyə sinə gərməyə hazır olan insanın təlaşını,.. öz eşqinə, öz məsləkinə sadiq olan sarsılmaz bir aşiqin həm hicrandan qopan hıçqırıqlarını, həm də vüsaldan doğan sevincini dinləyir və duyuruq”.

Azərbaycan ədəbiyyatında və ümumtürk ədəbi məkanında Məhəmməd Füzuli böyük ədəbi məktəb yaratmış qüdrətli sənətkar kimi qəbul olunur. Ustad Füzuli Azərbaycan məhəbbət lirikasını ən yüksək zirvəyə qaldırmışdır. Məhəmməd Füzulinin orijinal bədii vasitələrlə zəngin lirikası türkdilli şeirdə mühüm hadisədir. Böyük sənətkarın “Leyli və Məcnun” poeması Şərqin “Romeo və Cülyetta”sı kimi dəyərləndirilir.

Bu, böyük eşq dastanı əsl məhəbbətin mahiyyətini açan və şeiriyyətini yüksək səviyyədə ifadə edən nadir sənət əsəridir. Füzulinin poemalarında mühüm ictimai mətləblər, böyük ideallar ifadə olunmuşdur. Lirikasında “aşiqanə” olan Məhəmməd Füzuli poemalarında mütəfəkkir kimi çıxış edir. “Bəngü-Badə” alleqorik poemasında dövlətçilik motivləri ifadə olunmuşdur. Məhəmməd Füzulinin “aşiqanə” şeirlərində dərin qatlarda ifadə olunan dərin ictimai məna şairin poema yaradıcılığında daha açıq və qabarıq şəkildə nəzərə çarpdırılır.  Akademik Məmməd Cəfər Cəfərovun sözləri ilə desək, “aşiq Füzuli ilə mütəffəkir Füzuli” vahid bir məcrada birləşərkən daha qüvvətli görünür: “Füzuli sevir Füzuli düşünür deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzuli ancaq vəhdət halında alındığı zaman onu duymaq olar... Füzuli öz fikirlərini daha çox sevgi lirikası ilə şərh etmişdir. ...Füzulinin aşiqanə sözləri onun həkimanə sözləridir”.

  Bütün bunlara görə orta əsrlər Azərbaycan ədəbiyyatını Məhəmməd Füzuli dövrü, yaxud romantik lirika mərhələsi adlandırmaq olar. Nizami Gəncəvi dövrü epik poemalarla, Məhəmməd Füzuli epoxası lirika ilə səciyyələnir.

Məhəmməd Füzulinin “Şikayətnamə”si onun müəllifinin həm də zamana açıq gözlə baxan sənətkar səviyyəsində həssas bir “qəlb şairi” olduğunu göstərir. “Şikayətnamə” əsəri ilə təkcə Məhəmməd Füzulinin tərcümeyi-halı yox, bütövlükdə Azərbaycan ədəbiyyatının orta əsrlər dövrü tamamlanır. Əslində, “Şikayətnamə” orta əsrlərin ədəbiyyatda erkən yeni dövrə doğru meyllənmə zərurətini ifadə edən əlamətləri aydın surətdə nəzərə çarpdırır. Məhəmməd Füzulinin “Şikayətnamə”si ədəbiyyatda Leylinin və Məcnun dili ilə ifadə olunan şikayətlər dövrünün başa çatmasının bildirişi idi. “Şikayətnamə” dərin kədər hissi ilə “qəm mərhələsində qalmışam fərd” - deyən Məhəmməd Füzulinin təkcə sultandan, dövrandan şikayəti yox, həm də ədəbiyyatda “oxumaq da, yazmaq da asan olan” janrlara keçmək təşəbbüslərinin baş tutmuş faydalı eksperimenti idi.

Öz sağlığından etibarən Məhəmməd Füzulinin şeirlərinə yazılan nəzirə və bənzətmələr nəticə etibarilə ədəbiyyatın inkişafında ciddi bir buxova çevrilmişdir. Müasirlərinin və davamçılarının Füzuli olmaq səyləri baş tutmur, poeziyanın irəli getməsinə mane olurdu. Cəfər Cabbarlının (1899-1934) vaxtilə dediyi kimi, “Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə olsun bayıra çıxmayıb, uzun illər yeni bir şəklə keçmirdi”. Azərbaycan ədəbiyyatının mövzu və ideya, janr və üslub baxımından daha irəliyə baxmağa ciddi ehtiyacı var idi. Ədəbiyyat Məhəmməd Füzuli olmağın imkansızlığından Molla Pənah ola bilməyin mümkünlüyünə doğru addımlar atmağa məhkum idi. Çünki hətta klassik romantik şeirin ustadı olan Füzuli də Mirzə Fətəli Axunzadənin sözləri ilə desək, qarşıdan gələn yeni realist şeir üçün “nazim” idi. Yeni ədəbiyyat isə özünün fərqli bir Füzulisini hazırlayıb meydana çıxarmaq vəzifəsini həyata keçirməli idi.

Orta əsrlər Azərbaycan ədəbiyyatı qədim dövrlə erkən yeni dövr arasında möhkəm və etibarlı bir körpüdür. Ədəbi-poetik kökləri etibarilə qədim dövrə və intibah ədəbiyyatına bağlı olan orta əsrlər Azərbaycan ədəbiyyatı inkişaf meyllərinə, qol-budağına, qanadlarına, hədəflərinə görə erkən yeni dövrə yaxındır. Bu mənada orta əsr Azərbaycan ədəbiyyatı mahiyyətcə, bədii metodu və üslubuna əsasən ona daha yaxın olan qədim dövr və intibah dövrü ədəbiyyatının möhtəşəm yekunudur. Eyni zamanda, erkən yeni dövrün kökləri də orta əsrlər Azərbaycan ədəbiyyatında yetişib formalaşmışdır.

Beləliklə, türk-müsəlman ədəbi mühitində, Şərqdə və Qafqazda XIII əsrdə İzəddin Həsənoğlu ilə başlanıb, XVI əsrdə Məhəmməd Füzuli şeiri zirvəsinə qədər yüksələn anadilli Azərbaycan ədəbiyyatı tanınmış, özünü isbat etmiş və şöhrət qazanmışdır. Orta əsrlər Azərbaycan ədəbiyyatı çoxəsrlik ədəbi fikrimizin tarixinə anadilli ədəbiyyat epoxası kimi  daxil olmuşdur. XIII-XVI əsrlərdə bütövlükdə Azərbaycanda anadilli ədəbiyyatın bütün oturuşmuş sistemi formalaşmışdır. /525.az/

Yenililklər
23.01.18
Moskvada Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq
23.01.18
Qırğızıstanda “Dünya Aytmatovu oxuyur” fləşmobu işə salınıb
23.01.18
“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çap edilib
22.01.18
Şükran Yarğı - Kainata ağaç dikip çiçek ekip seherlerde
22.01.18
Mayıl B. Əsgərov - Dilçilərə hücum edən dillilərə məsləhət
22.01.18
“Bu kitab qeyri-maddi mədəni irs siyahısına daxil edilsin” - TƏKLİF
22.01.18
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
22.01.18
Mirzəcəlilşünaslığa dəyərli töhfə
22.01.18
Gülnar Səma - Şəfa Vəlinin “Poçtalyona məktub”u
19.01.18
İsa Həbibəyli: Orfoqrafiya qaydalarının birmənalı qarşılanmaması bizim komissiyanı qətiyyən narahat etmir
19.01.18
“Orfoqrafiya qaydalarının müzakirəsi adı altında Dilçilik İnstitutuna hücum etməyə lüzum yoxdur”
19.01.18
Rəşad Məcid: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”
19.01.18
Heydər Əliyev Mərkəzində Aleksey Beqovun fərdi sərgisinin açılışında iştirak edib
19.01.18
"Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib
19.01.18
“Yapı Kredi Yayınları” 5000-ci kitabını Nazim Hikmətə həsr edib
18.01.18
Çarlz Bukovskinin “Hollivud” romanı çap olunub
18.01.18
“İçərişəhər” qoruğu ədəbiyyat müsabiqəsi elan etdi
18.01.18
Yazıçı Nahid Hacızadə vəfat edib
18.01.18
Xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib
17.01.18
Nizami Cəfərov - Böyük ədəbiyyat müəllimi
17.01.18
Anarın Türkiyədə yeni kitabı nəşr edilib.
16.01.18
Xuraman Hüseynzadə - Qatır Qulam
16.01.18
Şəhriyar - milli birlik və həmrəylik şairi kimi
16.01.18
Kaşqari mükafatı Serhat Kabaklıya verildi
16.01.18
“Qobustan” sənət toplusunun 2017-ci il üçün son nömrəsi çapdan çıxıb
15.01.18
Tramp öz haqqında yazılan "Od və qəzəb" kitabının müəllifini "psixi xəstə" adlandırıb
15.01.18
“Çölçü” filmi daha bir beynəlxalq mükafata layiq görülüb
08.01.18
Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək
01.01.18
Şərif Ağayarın hekayəsi - Qoluyox
29.12.17
Kitabevim.az-da 2017-ci ildə ən çox satılan kitablar
29.12.17
Gənc Tamaşaçılar Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir
29.12.17
Flora Qasımova və Rauf Babayev “Şöhrət” ordeni ilə təltif edilib
28.12.17
Rsm Qrc - Prosto. Rok-poeziya
28.12.17
Yaradıcı peşələrin sahibləri ən çox hansı çətinliklərlə qarşılaşırlar?
28.12.17
Qanun Nəşrlər Evində 2017-ci ildə nəşr olunan 100 kitab
27.12.17
“Ozan” elm və sənət toplusu nəşrə başladı
27.12.17
Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının II hissəsi Özbəkistanda çap edilib
27.12.17
Üçcildlik “Azərbaycan teatr ensiklopediyası”nın təqdimatı olub
26.12.17
Nəriman Əbdülrəhmanlıya “Şərəf” medalı verildi
26.12.17
Səxavət Sahil - Postmodern sənətin estetikası
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.