Simran Qədim - Labirint
15.12.17

Hekayə

İndi yazacaqlarım mənim başıma lap çoxdan gəlib. O qədər uzun zaman keçib ki, yadımdan da çıxıb demək olar. Yarıyuxu, yarıgerçəklik kimi xatırlayıram. Adam yaddaşının dərinliklərinə enib, ən dibdəki xatirələrini çəkib çıxartmağa necə çətinlik çəkirsə, mən də elə. Söhbət lap əvvəldən, lap-lap əvvəldən, başlanğıc anından gedir...
Mən özümə gələndə alaqaranlıq bir hücrədə idim. Gözlərimi açan kimi yan-yörəmə boylandım, bəlkə nə olduğunu deyən kimsə tapılardı. Amma heç kəs yox idi, ətrafı zülmət səssizlik bürümüşdü. Suallarla baş-başa qalıb öz-özümdən soruşdum: Burda nə gəzirəm? Kim atıb gedib məni bura? Ümumiyyətlə, kiməm ki mən?! Qəfildən qorxu sardı canımı, təlaş içində qalxıb cəld hücrənin dəmir qapısına atıldım. Hələ tam özümə gəlməmişdim; yuxulu kimi idim, başımda duman vardı.
Gözlərimi qıyıb var gücümlə qapını açmağa çalışdım. Axır qapı tükürpərdən cırıltıyla aralandı, hücrədən çıxdım. Bura hücrəyə nisbətən işıqlı idi, üç-beş saniyə gözlərimin işığa alışmasına lazım oldu. Hara getdiyimi bilmədən dəhlizlə addımlamağa başladım. Ağlımda çoxlu suallar vardı, ən əsası isə sonumun necə olacağı idi. Təki burdan çıxım, təki qurtulum burdan. Bəs sonra? Lap burdan qurtulsam belə, hara düşəcəkdim ki mən? Söz yox, bu cür suallar üçün hələ tez idi. Çox tez!..
Dəhlizin sonunda qabağıma bomboz, soyuq bir divar çıxdı. İki yol vardı: mən ya sağa dönməliydim, ya da sola. Başımı çevirib arxaya baxdım, dalımca gələn yox idi. Heç kəs məni tələsdirmirdi, ancaq mən tələsirdim niyəsə. Təsadüfi seçim edib səndələyə-səndələyə sağa döndüm. Yenə uzun dəhliz, yenə dalan, yenə iki yol... Bu dəfə sola döndüm. Sonra növbəti bir dalan, sonra isə daha biri...
Mən gah sağa, gah da sola dönə-dönə xeyli yol qət etdim. Hərlənib-fırlanmaqdan birtəhər olmuşdum; başım gicəllənir, ürəyim bulanırdı. Və... və gəlib bayaqkı hücrəyə çıxdım. Sən demə, eyni yerə qayıtmışdım.
Şüurum yavaş-yavaş aydınlanmaqda idi, gözlərimdəki duman da çəkilmişdi artıq. Səbrimi basıb bir anlıq dayandım, sonra yenə dəhlizlə gedib həmin iki yola çıxdım. Bu dəfə isə tələsik qərar vermədim; fikirləşə-fikirləşə, həm də getdiyim yolu yadda saxlamağa çalışaraq sağa-sola, sola-sağa... döndüm. Bayaqkına nisbətən yolum uzun oldu.  Amma... mən yenə hücrəmə qayıtmışdım.
Labirintdə idim!..
Gözlərimi yumub təkrar-təkrar dərindən nəfəs aldım, özümü toplamağa çalışdım. “Sakitləş, sakitləş, sakitləş...” Mən labirintdə idim, özü də çıxılmaz bir labirintdə!..
Axır özümü ələ alıb, yenidən labirintin soyuq dəhlizlərində dolanmağa başladım. Ayrı çarə də yox idi. Bir tərəfdən dolanbacları yadda saxlamağa çalışırdım, bir tərəfdən də sağamı, solamı dönəcəyimə qərar verməyə. Beynimdə isə elə mənim kimi dolanıb-dolanıb eyni yerə gəlib çıxan suallar vardı. Axı kim atıb məni bura? Mən burda neyləməliyəm ki? Başqa kimsə də varmı? Ən əsası isə aqibətim necə olacaq?
Uzun zaman labirintdə dolandım. Amma bu dəfə geriyə – hücrəmə dönmədim. Başqa bir hücrəyə gəlib çıxmışdım. Onun da ağır, dəmir qapısı vardı. Birtəhər açıb içəri girdim. Bu hücrə mənimkinə nisbətən geniş idi. Ortaya üst-üstə yığılmış qutular qoyulmuşdu, qutularda isə cürbəcür konservlər, su butulkaları. Sanki kimsə məni bura atıb, ölməməyim üçün şərait yaratmışdı. Bunlarla qidalanıb uzun zaman sağ qala bilərdim. Birdən labirintdə daha başqa hücrələrin ola biləcəyi fikri ağlıma gəldi. Sadəcə onları tapmaq lazım idi.
Mən bu hücrədən də çıxıb yenə labirintdə dolaşmağa başladım. Fikrimdə yanılmamışdım, çox keçmədi, doğrudan da başqa-başqa hücrələr aşkara çıxardım. Bəzilərində bütün gözləri ərzaqla dolu rəflər vardı: cürbəcür içkilər, quru meyvələr, çərəzlər; çay, düyü, un, pendir...  Hətta iri soyuducusu olan bir hücrəyə də rast gəldim. İçində də hər şey: meyvə-tərəvəzdən tutmuş, südə, yumurtaya, ətə, balığa kimi.
Sonralar yaşamaq üçün gərəkli şeylərlə təchiz edilmiş neçə-neçə hücrələr tapdım. Sanki bunlar böyük bir evin ayrı-ayrı otaqları idi: vanna otağı, mətbəx, kinozal, camaşırxana... Hətta içi saysız kitablarla dolu bir neçə yanaşı hücrə də vardı. Hər hücrəyə ayrı janrdan kitablar qoyulmuşdu. Mən vaxtımın çoxunu elə kitab oxumaqla keçirirəm. Hələ arada həvəs edib nəsə yazıram da...
...Artıq bu hadisədən uzun illər ötüb. Labirintin demək olar, bütün dolanbaclarını əzbərləmişəm. Amma yenə də tez-tez onun daha gizlin, daha mürəkkəb keçidlərini tapıram, daim yeni-yeni hücrələr qabağıma çıxır. Buranın xəritəsini də hazırlamışam hətta.
Son vaxtlar yeni bir şey öyrəndim. Deyəsən, mənim bu labirintimdən əlavə, daha başqa labirintlər də var. Onların sayı birdirmi, beşdirmi, bilmirəm. Amma nədənsə saylarının onlarla, yüzlərlə yox, minlərlə olduğu fikri başımda fırlanır. Bəs görəsən, oralarda da kimsə yaşayırmı? Bəlkə də hansındasa mənim kimi bir adam yaşayır, o da mənim kimi, başqa kiminsə olub-olmadığını tapmağa çalışır. Hər halda araşdırmamış bunu bilmək olmaz.
Yaxın zamanlarda mən o biri labirintlərə səyahət etməyi planlaşdırıram. Kim bilir, bəlkə də, onların sayı düşündüyümdən daha çoxdur. Minlərlə, milyonlarla yox, hətta milyardlarla, trilyonlarla...

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.