Dostumuz, ədəbiyyatımızın dostu - Yavuz Akpınar
18.12.17

İnsan tanışlıqlarının qəribə xüsusiyyəti var. Elə adamlar var ki, hətta qəlbinə yatmasa da, sonralar münasibətin alınmasa da, onlarla harada, necə, hansı şəraitdə tanış olduğun, hətta ilk təmas zamanı nələrdən, kimlərdən danışdığın yaddaşında həmişəlik iz salır.

Elə adamlar da var ki, bütün bu təfərrüatları xatırlaya bilməsən də, günlərin birində ayılıb onları öz həyatında görürsən. Və düşünürsən ki, bu insanı çoxdan, lap çoxdan tanıyırsan, onu sənə yaxınlaşdıran cəhətlər, sizi birləşdirən, bağlayan qırılmaz  tellər var. Bəlkə də ilk ünsiyyətə qədər ömrü boyu bir-birinizə tərəf addımlamısınız. Sonradan dostluğa çevriləcək tanışlığınız da xoş bir təsadüfdən daha çox alın yazısıdır, tale qismətdir...

Professor Yavuz Akpınar mənim təsəvvürümdə ikincilərdəndir.

İndi bu sətirləri yazdığım zaman Yavuz bəylə tanışlıq tarixçəmizi bir daha yada salmağa çalışsam da, dəqiq bir şey xatırlaya bilmədim. Hər halda ilk görüşümüzün 1980-ci illərin sonlarında, ya o zaman işlədiyim EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda, ya da yeni təsis olunan “Vətən” cəmiyyətində baş tutduğunu təxmin edirəm.

Amma şəxsi münasibətlər yaranana qədər də təbii ki, görkəmli filoloq-alim, Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi Yavuz Akpınarın adını dönə-dönə eşitmişdim, ayrı-ayrı araşdırmaları ilə  yaxından tanış olmuşdum. Qiyabi tanışlığımızın unudulmaz Abbas müəllim - professor Abbas Zamanov vasitəsi ilə baş tutduğu  isə dəqiq yadımdadır.

Və otuz ilə yaxındır ki, fasilələrlə də olsa ünsiyyət saxlayırıq. Əgər ümumdünya hörümçək toruna - internetə inansaq, Yavuz bəy indiyə qədər Azərbaycandakı həmkarlarına, dostlarına, birgə yaradıcılıq layihələri həyata keçirdiyi insanlara 2000-dən çox məktub göndərib. Onların arasında mənim payım olsa-olsa, çox güman 20-25 virtual namə (e-mail) qədərindədir. Əməkdaşlığımız, iş birliyimiz isə düşünürəm ki, daha dərindir.

Tale elə gətirib ki, ömrümün təxminən il yarımını Yavuz bəyin alma-materində - Ərzurum Atataürk universitetində keçirmişəm. Sovet rejiminin süquta uğradığı, dost Türkiyəyə yolların açıldığı 1992-1993-cü illərdə türk həmkarlarımın dediyi kimi, “müsafir öyrətim üyəsi”, yaxud da “konuk professor” olaraq bir müddət bu universitetdə çalışdım. Dil-ədəbiyyat bölümündə təhsil alan tələbələrə o zaman hər kəsə çox cəlbedici görünən və türk xalqları arasında qarşılıqlı ünsiyyət körpüsünə çevriləcəyinə böyük ümidlər bəslənən  “dış türklər ədəbiyyatı”  fənnini tədris etdim.

Mən Ərzuruma gələndə Yavuz bəy artıq 8-9 ilə yaxın idi ki, ali təhsil aldığı, magistr və doktorluq dissertasiyalarını hazırladığı, bir müddət müəllim kimi çalışdığı Ərzurum Atatürk universitetini tərk etmişdi. Azərbaycanla daim güclü mədəni-mənəvi bağlılığı olan bu şəhərdə görkəmli azərbaycanşünas alim kimi yetişmişdi. Elmi-pedaqoji fəaliyyətini artıq Türkiyənin başqa bir mühüm ali məktəbində - İzmir Egey universitetində davam etdirirdi. Ancaq “dadaşlar şəhərində” - Ərzurumda onu xatırlayanlar çox idi. Kiçik qardaşı da burada yaşayırdı. Hətta yəqin ki, Yavuz bəyin tapşırığı və təlqinləri ilə günlərin birində məni univerisitetin dil-ədəbiyyat bölümündə axtarıb tapmışdı. Çox güman ki,  fərqli dünyanın adamları olduğumuzdan, fərqli düşüncələr paylaşdığımızdan (deyəsən, kiçik qardaş vəkil idi, həm də özünün kiçik biznesi vardı) aramızda elə sıx anlaşma, ünsiyyət yaranmamışdı. İlk tanışlıqdan sonra nə mən onu, nə də o məni axtarmaq, soraqlamaq fikrinə düşmüşdü...

Yavuz bəy isə ayrı aləmdi. Yəni eyni dünyamın adamları idik.

Universitetdə biliyindən, tədqiqatçılıq məharətindən, yorulmaz elmi fəaliyyətindən, ən başlıca isə insanlıq, sadəlik və səmimiyyətindən həvəslə söz açırdılar. Hiss olunurdu ki, münasibətlərin mürəkkəbliyi ilə seçilən bu əyalət ali  məktəbində çalışdığı illərdə yalnız tələbələrinin deyil, çoxlarının ürəyinə yol tapa bilib, bir az obrazlı dillə desəm,  özünə saf, xeyirxah çalarlarla zəngin abidə ucaltmağı bacarıb.

Amma Ərzurum Atatürk universitetində onun Azərbaycanla bağlı illər boyu məhəbbətlə qurduğu əsl maddi-mədəni abidə də vardı. Bu, universitet kitabxanasındakı “Abbas Zamanov bağış kitablığı” idi. 1980-ci illərdə iki görkəmli alimin birgə səyi ilə Azərbaycanda çap edilən yüzlərlə elmi, ədəbi-bədii kitabın, məcmuə və jurnalın toplandığı həmin kitablıq milli ədəbiyyatımızla tanış olmaq, onu tədqiq edib öyrənmək istəyənlər üçün həqiqi xəzinə idi. İstəsən, ayağını Ərzurumdan kənara qoymadan klassik, yaxud müasir ədəbiyyatımız barədə məqalə, dissertasiya yaza bilərdin. Abbas müəllim onilliklər boyu dünyanın bir çox ölkələrindəki dostlarına, həmkarlarına,  universitetlərin şərqşünaslıq və türkiyyat mərkəzlərinə çoxlu sayda kitablar göndərmişdi. Lakin yalnız Yavuz bəyin qədirbilənliyi və qayğısı sayəsində Azərbaycan-türk ruhunun güclü olduğu Ərzurumda belə əvəzsiz sərvət xəzinəsi yaradılmışdı. Yəqin  mübaliğəyə yol vermədən  bağış kitablığını dünya miqyasında vətənimizdən kənarda sistemli şəkildə qurulmuş ilk azərbaycanşünaslıq mərkəzlərindən biri adlandırmaq olardı...

Abbas müəllimi həmin kitabları seçib göndərdiyinə, Yavuz bəyin  isə onları toplayıb kiçik bir Azərbaycan ədəbiyyatı kitabxanası qurduğuna görə həmişə böyük minnətdarlıqla xatırlayıram. Məsələ buradadır ki, Türkiyəyə uzunmüddətli elmi ezamiyyətə yollandığım ərəfədə - 1992-ci ildə Ankaranın məşhur “Ötükən” yayın evinin sahibi, naşir və ədəbiyyatçı, əski millət vəkili Nevzat Kösəoğlunun təklifi ilə  4 cildlik “Azərbaycan ədəbiyyatı antologiya-ensiklopediyası” üzərində işləyirdim. Nevzat bəy artıq qədim zamanlardan günümüzə qədər 10 cildlik “Türkiyə türkləri ədəbiyyatı antologiya-ensiklopediyasının” nəşrini başa çatdırmışdı. Türkiyə hüdudlarından kənardakı  türk  ədəbiyyatı seriyasını isə  Azərbaycanla açmaq istəyirdi.

Layihə çox mühüm və şərəfli idi. Onun gerçəkləşdirilməsində mütləq iştirak etmək istəyirdim. Ancaq toplunun tərtibi prosesində evdə yetərincə zəngin saydığım şəxsi kitabxanamın olmasına baxmayaraq, tez-tez Elmlər Akademiyası, yaxud Axundov kitabxanasına getmək məcburiyyətində  qaldığım halda bu işin öhdəsindən Ərzurumda nə cür gələcəkdim? Lazımi ədəbiyyatı necə, haradan tapacaqdım? İndiki  elektron kitabxanalar da yox idi ki, internetin sehrkar gücünə ümid bağlayaydım...

Ona görə bəzən hətta Azərbaycan ədəbiyyatının Türkiyədə ilk fundamental tanıtım layihəsi olan antologiya-ensiklopediya üzərindəki işi yarımçıq qoymamaq üçün xəyalımda mömin müsəlmanın Məkkə ziyarətinə bərabər tutduğum Türkiyə sevdasından əl götürmək istəyirdim. Lakin dövr, zəmanə elə idi ki, daha romantika ilə yaşamaq da mümkün deyildi, çünki gözəl şairimiz Abbas Səhhət demişkən “vardı ev dərdi, çörək dərdi, uşaqlar dərdi...” Ona görə ürəyimi bərkidib getməli oldum. Amma tale üzümə güldü: çünki Ərzurum universitetində Abbas Zamanov-Yavuz Akpınar ədəbi tandeminin xeyirxah, uzaqgörən əməkdaşlığının nəticəsi kimi meydana çıxan “bağış kitablığında” XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı antologiya-ensiklopediyasını hazırlamaq üçün Bakıdakından da münasib, hətta deyərdim ki, ideal şəraitə düşdüm. Nəticədə işlər daha sürətlə getməyə başladı və hazırladığım nəşrin ilk cildi 1992-ci ildə Ankarada işıq üzü gördü. Mübaliğəsiz deyə bilərəm ki, bu, son iki yüz ilin Azərbaycan ədəbiyyatının şəxsiyyətlər və əsərlər müstəvisində qardaş Türkiyədə ilk genişmiqyaslı, əhatəli təqdimi idi.  Təbii ki, bunun üçün həm də Abbas müəllimə və Yavuz bəyə, onların gələcəyə yönəlik  elmi-maarifçilik missiyasına borclu idim...

Hələ mühazirələrin hazırlanmasında, tələbələrə oxu materialları seçilməsində  bu “bağış kitablığı” mənə nə qədər yardımçı olurdu!

Yavuz bəy Türkiyədə yalnız Azərbaycan ədəbiyyatı kitabxanası qurmamışdı, həm də çoxəsrlik mənəvi sərvət xəzinəmizin ilk və deyərdim ki, mükəmməl tədqiqatçılarından biri kimi ad qazanmışdı.

XIX əsr ümumtürk ədəbi-mədəni və ictimai fikrinin ən diqqətəlayiq nümayəndələrindən birinin - Mirzə Fətəli Axundzadənin ərəb əlifbasının islahı  kimi gərəkli missiya ilə getdiyi, elmi cameə və dövlət rəsmiləri ilə görüşdüyü, hətta sultanın fərmanı ilə “Məcidiyyə” ordeninə layiq görüldüyü Osmanlı imperiyasındakı ilk tanıtımı və təqdimatı gülünc, hətta  utancverici olmuşdu. Onun İstanbulda işıq üzü görən ilk əsərini - “Vəziri-xani-Lənkəran” komediyasını Rəşid Qurşunluzadə adlı müəllif Anadolu türkcəsinə almancaya... tərcümədən çevirmişdi. Yaradıcı həyatının neçə ilini Mirzə Fətəli fenomeninə həsr edən və bu mövzuda ortaya sanballı əsər qoyan Yavuz bəy sanki Osmanlı-türk ədəbiyyatşünaslığının məlumatsızlıq və tələskənliyini də islah etmişdi. Onun “Mirzə Feth Ali Ahundzade. Bütün yönləri ile” (1980) araşdırması meydana çıxdığı tarixdən qırx ilə yaxın vaxt keçməsinə baxmayaraq bu gün də Türkiyədə türk milli dram sənətinin banisi haqda ən yaxşı tədqiqat kimi qalmaqdadır. Əsərdə Mirzə Fətəli həqiqətən də bütün yönləri ilə - yazıçı, şair, dramaturq, tənqidçi, filosof, əlifba islahatçısı, maarifçi, ictimai xadim, vətənpərvər və beynəlmiləlçi kimi ən müxtəlif rakurslardan nəzərdən keçirilib qiymətləndirilir.

Professor Yavuz Akpınar yalnız bununla kifayətlənməmişdi. Mirzə Fətəlinin məşhur “Təmsilat”ını ilk dəfə orijinal 1859-cu il nəşri əsasında hazırlayıb türk oxucusuna təqdim etmişdi

Türk dünyasının başqa bir fikir və düşüncə öndərinin - İsmayıl bəy Qaspralının üç cildlik külliyatının nəşri də, heç şübhəsiz, Yavuz bəyin həqiqi elmi rəşadəti, türklük duyğusu və sevgisinin bariz ifadəsi sayılmalıdır. Mübaliğəsiz demək olar ki, o, özü kimi fədakar, qədirşünas elm fədailərinin kiçik bir qrupu (həmvətənimiz Nazim Muradov və mərhum Bayram Orak) ilə az qala bütöv elmi-tədqiqat institutunun qarşısında dayanacaq vəzifənin öhdəsindən layiqincə gəlib. Bu mühüm nəşrin  başı daim müsibətlər çəkən, daim ana dili və doğma yurd savaşı verən Krım türkləri, türklüyün mücadiləçi qolunun ədəbi və mədəni-tarixi  irsinə bağlılığı isə onun dəyərini, sanbalını qat-qat artırır. Eyni zamanda, İsmayıl Qaspralı həm “Tərcüman” qəzeti, həm də aktuallıq və yaşarılığını heç zaman itirməyən zəngin irsi ilə bütün türk dünyasının problemləri üzərinə işıq saldığından  nəşrin əhəmiyyəti sadəcə Krım türkləri və  Krım yarımadası ilə  məhdudlaşmır.

Qaspralı irsinə böyük sayğı və məhəbbəti ilə Yavuz bəy necə deyərlər, məni də ruhlandırdı. Həmkarımın ilkin mənbələrdən dərləyib - topladığı   materiallardan yararlanıb  “Tərcüman”ın Azərbaycan səhifələri” adlı silsilə məqalələr yazdım. Eyni zamanda, İsmayıl bəyin türk dünyasının ilk elmi-fantastik və eyni dərəcədə maarifçi romanı sayıla bilən “Firəngistan məktubları”nı Krım türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırıb geniş müqəddimə və zəruri şərhlərlə Bakıda, “Qanun” nəşriyyatında kitab şəklində nəşr etdirdim. Bunları tam əsasla bizim müştərək işlərimiz saymaq olar. Çünki Yavuz bəy böyük axtarış və zəhmət tələb edən ilkin mənbələri, qaynaqları gün üzünə çıxarmasaydı, onlarda toxunulan bu və ya digər məsələni araşdırmaq, yaxud mətni dilimizə çevirmək də imkansız olardı.

Maraqlıdır ki, “Firəngistan məktubları”nda neçə ildən bəri yaşayıb-işlədiyim Macarıstan - türk sivilizasiyası ilə tarixi bağlılığa malik bu qədim məmləkət də öz əksini tapıb. İsmayıl bəy Budapeştin mərkəzində yerləşən və orta əsrlər Osmanlı memarlığının Avropadakı diqqətəlayiq nümunələrindən sayılan Gül Baba türbə-ziyarətgahından, məşhur macar türkoloqu, Budapeşt universitetində Avropada ilk türkologiya kürsüsünün qurucusu, professor Armin Vamberi (1832-1913) ilə görüş və söhbətlərindən də söz açır. Yavuz bəyi dəfələrlə elmi axtarışlarının əhatə dairəsinə daxil olan bu yerləri gəzməyə, Qaspralının haqqında bir əsr əvvəl söz açdıqlarını öz gözləri ilə görməyə dəvət etsəm də, hələlik iş-gücdən başı açılmır. İnşallah, gözləyək!

Söhbət Macarıstandan düşmüşkən kiçik, amma yəqin ki, maraqlı görünəcək bir xatirəmi də bölüşmək istərdim.

Müasir türkologiya elminin Avropadakı sonuncu mogikanlarından biri, indi haqq dünyasına qovuşmuş macar alimi, akademik Dyörd Xazai 2014-cü ilin yanvar ayında öz istəyi, mənim təşəbbüsümlə ölkələrimiz arasında elmi əməkdaşlıq yollarının və dünya şərqşünaslarının növbəti elmi forumunun Bakıda keçirilməsi məsələsinin müzakirəsi üçün Azərbaycana  getmişdi. Bakıda olduğu günlər Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubiley mərasimi ilə eyni vaxta düşmüşdü. MEA-da keçirilən təntənəli iclasda akademik  Xazai Türkiyədən məxsusi həmin tədbirə qatılmaq üçün gələn Yavuz Akpınarla tanış olmuşdu. Görüş və söhbətləri onda böyük təəssürat yaratmışdı. Bakıdan qayıdandan sonra bu barədə mənə bir neçə dəfə danışmışdı. Bilmirəm, ya Yavuz bəyin özündən, ya da Türkiyədəki dostları vasitəsi ilə bəzi kitablarını əldə etmişdi. Bu kitablardan İsmayıl Qaspralının üç cildlik külliyyatına xüsusi ilə dəyər verirdi. Hətta Vamberi haqqındakı monoqrafiyasının yeni nəşrində mütləq macar türkoloqu ilə krımlı həmkarı arasındakı əlaqələrə ayrıca bir fəsil həsr edəcəyini deyirdi.

Bir neçə il əvvəl telefon söhbətlərimizin birində Yavuz bəy Qaspralı irsi ilə bağlı axtarışlarının miqyas və əhatə dairəsini xeyli genişləndirərək onun 10 cildlik külliyyatı üzərində işə başladığını deyəndə həqiqətən çox sevindim. Çünki həmin dövrdə o əsərləri  Qaspralıdan başqa kimsə yaza bilməyəcəyi kimi, bizim günlərdə də onları yalnız Yavuz bəy kimi zəhmətdən yorulmayan, mətn üzərində zərgər dəqiqliyi ilə işləməyi bacaran alim dərləyib ərsəyə gətirməyə qadirdir! Çünki ərəb qrafikası ilə yazıya alınmış mətnlərin müasir türk əlibasına doğru-düzgün transliterasiyası, nüsxə fərqlərinin aşkara çıxarılması, izahedici qeyd və şərhlərin hazırlanması geniş bilik və qaynaqlara bələdliklə yanaşı, həm də son dərəcə böyük səbr və zəhmət tələb edir. Ümumtürk mədəniyyəti tarixində hadisəyə çevriləcək  mühüm nəşri başa çatdırıb ədəbi cameyə təqdim edə bilməsi üçün möhtərəm Yavuz bəyə cənabi-haqdan möhkəm can sağlığı, tükənməz enerji və yorulmaz fəaliyyət arzulayıram. Və uğur qazanacağına inanıram.

Bu günlərdə Qaspralı külliyyatının 4-cü cildinin çapı ilə bağlı Yavuz bəydən aldığım sevindirici xəbər bu inamın əbəs olmadığını göstərir.

Əlamətdar haldır ki, yuxarıda da qeyd etdiyim kimi, Yavuz bəyin səyi və məqsədyönlü fəaliyyəti nəticəsində çalışdığı Ərzurum, daha sonra isə Egey universitetləri müasir Türkiyənin başlıca azərbaycanşünaslıq mərkəzlərinə çevrilib. Həm də bu proses ölkəmiz hələ keçmiş Sovetlər İttifaqının  tərkibinə olduğu dövrdə başlamışdı. Azərbaycan türkləri milli müstəqillik uğrunda qeyri-bərabər mübarizəyə atılanda o zaman haqqında çox az məlumata malik olduğumuz, hələ bizə əlçatmaz görünən Cümhuriyyət ədəbi-siyasi irsinin ilk tədqiqatçılarından, tanıdıcılarından biri, bəlkə də birincisi Yavuz Akpınar idi. Milli dövlətçilik ideologiyasının banisi M.Ə.Rəsulzadənin Yavuz bəy tərəfindən hazırlanıb nəşr edilən “Azərbaycan Cümhuriyyəti. Keyfiyyəti-təşəkkülü ve şimdiki vaziyeti” (1990), “İran türkləri”(1993), “Kafkasya türkləri” (1993; hər üçü İ.M.Yıldırım və S.Çağın ilə birlikdə) kitabları onilliklər boyu dövlətinin tarixindən, üçrəngli bayrağından, himnindən, gerbindən, əməl və ideallarından xəbərsiz qalmış insanlarımız arasında əl-əl gəzirdi. Dövrün gəncliyi digər mənbələrlə bir sırada həm də bu kitablar əsasında doğma xalqın gerçək tarixini və həqiqi qəhrəmanlarını öyrənir, tanıyırdı. Aydın məsələdir ki, kitablar Türkiyədə nəşr olunsalar da, onların oxucuları, hətta deyərdim ki, təşnələri içərisində Azərbaycan türkləri mütləq üstünlük təşkil edirdi. Çünki Yavuz bəy həmin vaxta qədər bizim üçün əlçatmaz olan, yeddi qıfıl arxasında saxlanan mənbələri, qaynaqları gün işığına çıxarırdı, üstəlik, çox az adamın bələd olduğu ərəb qrafikasından latın əlifbasına çevirirdi. Və bu yolla da özünü qəlbən bağlı saydığı Azərbaycanda milli azadlıq hərəkatının pərvəriş tapmasına, milli istiqlal duyğularının yayılmasına qardaş töhfəsini verirdi.

Yavuz bəy islam aləmində ilk respublika tipli dövlətin - Azərbaycan Cümhuriyyətinin 100 illiyinə də əliboş gəlmir. Tezliklə “TEAS-Press” yayın evində M.Ə.Rəsulzadənin redaktorluğu ilə 1923-1927-ci illərdə İstanbulda çıxmış “Yeni Kafkasya” jurnalının tam transliterasiyalı mətni çap olunacaq. Azərbaycan siyasi mühacirətinin ilk xarici nəşrini günümüzə çatdıran professor Yavuz Akpınar təkcə mətni ərəb qrafikasından latın əlifbasına keçirməyib, həm də  müvafiq elmi aparat hazırlayıb.

Çox vaxt dilimizin aşağı-yuxarı eyni olduğunu, İstanbulda çıxan bir kitabın Bakıda, burada çıxan kitabın isə İstanbulda asanlıqla oxuna biləcəyini deyirik. Amma istənilən halda seçimə, təqdimə, izahata - bir sözlə, qardaş ədəbiyyatlar arasında da maarifçilik fəaliyyətinə ehtiyac var. Müasir Azərbaycan şeirinin və ədəbiyyatşünaslığının Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Yaşar Qarayev, Həmid Nitqi  kimi tanınmış nümayəndələrinin Türkiyədə yayımlanan əsərləri, habelə özünün tərtibçisi, yaxud müəllifi olduğu “XIX-XX yüzyılda Azeri edebiyatı” (dərslik, 1984, 1989), “Cağdaş türk şiveleri -Azeri Türkcesi ve Edebiyatı”, “Azeri Edebiyatı Araştırmaları” kitabları məhz Yavuz Akpınarın on illər boyu davam edən həmin nəcib və məqsədyönlü  maarifçilik fəaliyyətinin bəhrəsi kimi ortaya çıxıb.

Professor Yavuz Akpinar Azərbaycan ədəbiyyatını təkcə Türkiyədə, türk dünyasında deyil, uzaq ABŞ-da da uğurla təbliğ edib. 1992-1993-cü illərdə Miçiqan Universitetində türkologiya sahəsində müsafir öyrətim üyəsi kimi çalışdığı dövrdə “Amerikanın səsi” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq quraraq mütəmadi şəkildə ədəbiyyat və mədəniyyətimizlə bağlı aparıcısının da özü olduğu müəllif proqramı hazırlayıb.

O da yadımdadır ki, Yavuz bəy ABŞ səfərindən dönəndə təsadüfən  İzmirdə idim. Evlərində görüşdük. Amma xoşəgəlməz bir hadisə baş vermişdi. Hava yollarında baqajı itmişdi. Onu ən çox qayğılandıran digər əşyaların deyil, Amerikada aldığı kompyüter dəstinin və təbii ki, yaddaşdakı yazıların itirilmə ehtimalı idi. Heç bilmirəm Yavuz bəy o zaman hələ tək-tük xoşbəxt  adamların nəsibi olan kompyüterini tapa bildimi?  Yaddaşdakı yazılara gəldikdə isə düşünürəm ki, onlar heç vəchlə itə bilməzdilər. Sadəcə başqa, fərqli redaksiyada, başqa variantda meydana çıxacaqdılar. Çünki  ilk növbədə kompyüter sahibinin ürəyinə, beyninə həkk olunmuşdular. Hələm-hələm və izsiz-soraqsız silinib itmələri qeyri-mümkün idi.

Otuz ilə yaxın  dosent yardımçısı, dosent, professor, bölüm başkanı kimi çalışdığı Egey universitetinin Türk dili və ədəbiyyatı fakültəsində Yavuz bəyin gördüyü müstəsna elmi və tarixi-mənəvi əhəmiyyətə malik işlərdən biri də Əli bəy Hüseynzadə arxivinin əldə qalan nümunələrinin qızı Feyzavər Alpsarın razılığı ilə İzmirə gətirilib xüsusi fondda toplanmasıdır. Bilərəkdən “əldə qalan” yazıram; çünki  Əli bəyin, Əhməd Ağaoğlunun, Əhməd Cəfəroğlunun, Məhəmməd Əmin Rəsulzadənin, eləcə də həyat, mücadilə və yaradıcılıqlarının böyük bir dövrü Türkiyə ilə bağlı olan digər azərbaycanlı fikir adamlarının irsini bir mərkəzdə toplamaq, araşdırmaq, nəşr etmək, ən başlıcası isə qorumaq son dərəcə vacibdir. Vaxtı ilə adıçəkilən şəxslərin Türkiyədə yaşayan varis və davamçıları Azərbaycandan gələn hər kəsə ürək genişliyi ilə qucaq açıblar, istədiklərini veriblər. Nəticədə Əli bəy Hüseynzadənin, yaxud Əhməd Ağaoğlunun şəxsi arxivləri dəqiq koordinatları bilinməyən müxtəlif ünvanlara səpələnib. Ən başlıcası isə tədqiqatdan, elmi dövriyyədən kənarda qalıblar. Şübhəsiz, Yavuz bəyin başlatdığı işi daha geniş ölçüdə davam etdirmək lazımdır. İmkanımız daxilində biz də ona bütün mümkün vasitələrlə dəstək verməliyik.

Bu yaxınlarda Yavuz bəy mənə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin müavini, general-mayor, şərqşünas-professor Məhəmməd Sadıq bəy Ağabəyzadənin 1921-1936-cı illərdə Fransa və Polşadan qohumu Əli bəy Hüseynzadəyə yazdığı 50-dən  çox məktubun foto-surətini göndərib. Əsli rusca olan həmin məktubları tərcümə edib çapa hazırlamaq istəyirəm. Eyni zamanda, düşünürəm ki, əgər Yavuz Akpınar Türkiyənin gözəl guşələrindən biri olan İzmirdə sadəcə öz həyatını yaşamaq istəsəydi, mühazirələrini oxuyub vəzifə borcunu bitirmiş halda arın-arxayın evinə dönsəydi, imzasının görünməsi naminə ayda-ildə mətbuata növbətçi bir yazı atsaydı, ədəbiyyat və mədəniyyət tariximiz nələrdən məhrum olardı!

Yaxşı ki, bizim Yavuz bəy belə adam deyil! Rahatlığını elmin, mədəniyyətin sabahı üçün daimi narahatlıqda tapan insandır!

Türkoloq-tədqiqatçı kimi Yavuz Akpınar yaradıcılığının araşdırma arealı türk topluluqlarının yaşadıqları əksər əraziləri əhatə etməkdədir. O, Anadolu, Krım Azərbaycan türkləri ilə bir sırada Mərkəzi Asiya, İran və digər coğrafiyalarda yaşayan soydaşlarımızın ədəbiyyat və mədəniyyət tarixi, tanınmış simaları ilə bağlı çoxsaylı maraqlı araşdırmaların müəllifidir, elmi cameəyə ilk dəfə təqdim olunan bir sıra klassik mətnlərin tərtibçisi, redaktoru və naşiridir. Bu əsərlərdə dil və ədəbiyyat məsələləri ilə yanaşı, türk dünyasının modernləşməsi, türklər arasında yenilikçi fikir cərəyanlarının, ideoloji və ictimai-siyasi təmayüllərin meydana çıxması, türk toplumlarının çağdaş dünya mədəniyyətinə inteqrasiyası və s. öz əksini tapıb. Onun redaktor və əsas müəllif kimi Ibrahim Bozyellə əməkdaşlıq şəraitində müəyyən fasilələrlə 17 il ərzində (1982-1999) nəşr etdiyi “Qardaş ədəbiyyatlar” dərgisi müasir mərhələdə mədəni-mənəvi sahədə türk birliyi ideyasına təmənnasız xidmətin bariz nümunələrindən biri sayıla bilər.

XX yüzilliyin əvvəllərində Azərbaycanda yaradıcı ziyalılar, sənət adamları ilə bağlı  müəllifliyi səhv etmirəmsə, Həsən bəy Zərdabiyə məxsus olan “mükafatını vicdanından almaq” ifadəsi geniş yayılmışdı. Həmin dövrdə qəzet-jurnal redaksiyaları, nəşriyyatlar, teatrlar əsas etibarı ilə beyni və qəlbi zəngin, fəqət cibi boş ziyalılar tərəfindən idarə olunurdu. Təbii ki, onlar əksər hallarda milli mədəniyyət müəssisələrinin işinə cəlb etdikləri həmkarlarına təlif  haqqı - yəni qonorar ödəmək qüdrətində deyildilər. Amma mükafatlarını xalq qarşısındakı xidmətlərinə görə vicdanlarından aldıqlarını düşünən və bunu ən yüksək, şərəfli “qələm haqqı” sayanlar heç bir təmənna güdmədən milli işlərdə yorulmaq bilmədən, təmənna güdmədən əzmlə çalışırdılar. Aradan yüz il ötəndən sonra tarix özünü təkrar edir. Bu gün Azərbaycanda ədəbiyyata və mədəniyyətə xidmətin meyarı yenə də ötən əsrin əvvəllərində olduğu kimi, əsasən “vicdandan alınan mükafatla” hesablanır. Çağdaş Türkiyədəki vəziyyətlə tam dəqiqliyi ilə tanış deyiləm. Dəqiq bildiyim yeganə şey Yavuz Akpınarın da idealist məslək sahiblərinin çoxu kimi on illər boyu  ədəbiyyatdan maddi sərvət qazanmadığı, sadəcə qüvvəsini, bacarığını, bir sıra hallarda isə hətta cibinin parasını əsirgəmədən nəcib mədəni missiyaya  sərf etməsi həqiqətidir.

Amma deməzdim ki, bu iş tam qazancsız olub. Təbii ki, qazanc da var. Yəni mənəvi qazanc! Bu, minnətdar oxucuların təşəkkürü, tələbələrin sevgisi, xalqa öz dil,  tarix və mədəniyyətindən qürur yaşada bilmək xoşbəxtliyi, nəhayət  “Mən bacardığı etdim!” - deyə bilmək əminliyidir.

İnternetdə Yavuz bəylə bağlı axtarış apararkən bu il onun üçün ikiqat yubiley sayıla biləcəyi faktı da ortaya çıxdı. 19 yaşlı tələbənin ilk məqaləsi 1968-ci ildə Karsda nəşr olunan “Haqqın səsi” qəzetində çıxmışdı. Deməli, 70 yaşını başa vuran Yavuz bəy aşağı-yuxarı 50 ildir ki, ümumtürk mədəniyyətinə yorulmaz, təmənnasız xidmətini davam etdirir. Haqq yolu ilə gedir. Haqqın səsini insanlara çatdırmağa çalışır. Yolunuz açıq olsun, səsiniz həmişəki kimi gur eşidilsin, əziz dostumuz!  Həmişə iş başında! /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.