Con Piter: "80 ildir ki, yazmaqla məşğulam"
18.12.17

“Man Booker” mükafatı laureatı Con Berqer: “Özümü yazardan çox, ruhi boşluqları dolduran adam kimi təqdim edirəm”

Con Piter Berqer cari ilin ilk günlərində vəfatı ilə dünya ədəbiyyatında səs-küyə səbəb olmuş və İngiltərə oxucularını kədərə qərq etmişdi. Onun ölümü uzun müddətdir davam edən xəstəlik səbəbindən gözlənilən olsa da, asan qəbul edilməmişdi. 91 yaşında dünyasını dəyişən Berqer İngiltərə və dünya ədəbiyyatında tənqidi məqalələri ilə nüfuz qazanmış rəssam, yazar, ədəbi tənqidçidir. Yarım əsrdən çox Fransada yaşayıb, buranı ilham mənbəyi hesab edib, ona dünya şöhrəti gətirən romanını burada yazmış olsa da, 1972-ci ildə "Man Booker” mükafatını ingilis yazar kimi alıb. Ona bu nüfuzlu mükafatı "G.” romanı qazandırıb. BBC silsilələrinin uğurlu ssenaristi Con Piterin radioda işlədiyi illərdə şahidlik etdiyi həyat hekayələri onun roman və esselərinin əsas mövzusu olub. Müharibə, mühacirət, əsarət, miqrasiya kimi mövzuları dəfələrlə həm də olduqca uğurla işləmiş yazar başqalarını tənqid etməklə yanaşı, həm də tənqidə açıq və dözümlü olub.
Rus dili və ədəbiyyatına dərin marağı ilə tanınan Berqerdə bu sevgini ikinci xanımı, övladları Katya və Ceykobun anası Anya Bostok oyadıb.
Berqer dünya ədəbiyyatında "Zəmanəmizin rəssamı” ("A painter of our time”), "Kral: küçə əhvalatı” ("King: A street story”), "A-dan X-a” ("From A to X”), "Zanbaq və bayraq” ("Lilac and flag”), "Qoyanın sonuncu tablosu” ("Goya’s last portrait”), "Yaranın səhifələri” ("Pages of wound”) və s. hekayə və şeir toplularının müəllifi kimi tanınır. Yazarın "Guardian” dərgisində yayımlanmış məqaləsini təqdim edirik.

Hardasa 80 ildir ki, yazmaqla məşğulam. İşim-gücüm yazmaqdır. Əvvəllər məktublar, sonra şeirlər, müsahibələr, söhbətlər, ondan sonra isə hekayələr və esselər, kitablarla əlləşirdim və indi də yaradıcı qeydlərimi yazıram. Yazmaq bir məşğuliyyətdən daha çox məna ehtiva edir, mənimçün həyati əhəmiyyət daşıyır. Ətrafımda yaşanan münasibətlərə, baş verən hadisələrə, insanlara daha çox məna qazandırır, tutduğu yola davam etməyə cəsarətləndirir. Yaza bilmək həyatıma məna qatır. Yazmaq kökləri düşündüyünüzdən daha dərinlərə uzanan bir şeyin tumurcuğudur. Yazıyla qarşılıqlı, ikili münasibətimizin bir ünsiyyət yolu var – dil. Elə buradakı bir neçə qeydin reallaşmasına da dil kömək edib.
Bu yazıda bir dildən başqa bir dilə tərcümə prosesini analiz etmək istəyirəm. Müasir dönəmdə tərcümə prosesi əksər hallarda texniki iş kimi qəbul edilir. Təbii ki, mən ədəbi tərcümələrdən danışıram – yəni, şəxsi təcrübələr, düşüncələr, duyğular hesabına qələmə alınan mətnlərin tərcüməsindən yola çıxıram. Niyə bu prosesi texniki iş adlandırıram?! Çünki müasir dövrdə ədəbi mətnlərin tərcüməsi ilə məşğul olanlardan nə tələb edildiyini bilirəm. Tərcüməçi bir dildə yazılmış mətnin söz və ifadələrini götürüb, başqa bir səhifədə başqa bir dildəki qarşılığını yazır. Buna hərfi, texniki tərcümə kimi bir çox təriflər verilir. Sonra başqa biri – bu, adətən, redaktor olur, ya da bədii tərcüməçi – ikinci dilə çevrilmiş söz və ifadələri həmin dilin qrammatik, semantik qaydalarına uyğunlaşdıraraq, mənayla uzlaşan mətnə çevirir. İş bununla bitirmi?! Əlbəttə ki, yox. Bir də üçüncü adamın əli dəyir xammala. Yekun mətni ana mətnin səsinə, ahənginə uyğunlaşdırmaq məsuliyyətini üzərinə götürmüş adam mətnə tamamilə yeni forma verir. Bəs, bu ahəngi hər zaman təmin etmək olurmu? Yox. Əksər tərcümə prosesi bu üsulla irəliləyir və nəticələr təbii ki, ədəbiyyat üçün olduqca dəyərlidir. Amma ikinci sinif keyfiyyətindədir.
Niyə? Çünki tərcümə iki dil arasındakı ikitərəfli, qarşılıqlı münasibətin nəticəsi deyil, üçlü münasibətin tərəfidir. Bu üçbucağın üçüncü tərəfi əsas mətnin yazıya köçürülməsi üçün sərf edilmiş söz və ifadələrinin arxasında yatan mənadır. Əsl tərcümə tərcüməçiyə əsas mətnin yazılmasında istifadə olunan elementlərin ana dildə ifadə etdiyi mənalara tam bələd olmaq şərti qoyur. Tərcüməçi əsas mətnin sözlərini, ifadələrini, ehtiva etdiyi mənanı anlamaq üçün bunları yazdıran səbəblərə, baxış bucağına və təcrübəyə vaqif olmalı, ifadələrin görünən tərəflərini deşib-keçərək, mətni dəfələrlə dönə-dönə oxumalıdır. Bu mərhələdə hələ ki, sadəcə oxucu olan tərcüməçi təkrar mütaliə nəticəsində topladıqlarını, tapdıqlarını ikinci dilə tərcümə edərkən meydana gələcək mətnin əsas fonuna yerləşdirməlidir. Bundan sonra onun tərcüməçi kimi işi başlayır. Belə ki, artıq əsas hədəf əsas dilin ifadə edilməyi gözləyən duyğu və düşüncələrinin öz qarşılığını tapmasının təminidir. Qarşılığın həqiqətən də, nəzərdə tutulan fikri ifadə etdiyinə hər iki dilin oxucusunu inandıra bilmək peşəkarlıq göstəricisidir.
Bu prosesi başdan-sona izləyərkən, dərk edirik ki,  dilin "söz yığını” kimi qəbul edilməsi yolverilməzdir. Böyük və əziyyətli iş prosesindən keçib, bir neçə mərhələdə cilalanan dil bu qədər bəsitləşdirilə bilməz. Hətta bu dildə yazılmış əsərlərin hamısının cəmi də dilin əsl mahiyyətini dəyərləndirmək üçün kafi sayılmaz. Danışılan, ümumişlək dilin fizionomiyası, hərfi və vizual funksiyaları linqvistik bir bədən kimi təsəvvür edilir, dilin canlı olduğunu sübut edir. Amma bu varlığın ifadə edilə bilən tərəfləri, üzləri ilə yanaşı, ifadə edilə bilinməyən tərəfləri də var.
"Ana dili” ifadəsinin hərfi baxımdan ən yaxşı qarşılığı rus dilindədir. Məsələn, bir çox dillərdə işlənən "ana dili” ifadəsi hərfi mənada insanın eşitdiyi və danışdığı ilk dillə uyğunlaşmır. Uşağın anası başqa dildə də danışa bilər, və ya fərd uşaqlıqdan anasının yox, yaxın çevrəsinin ən çox istifadə etdiyi dili mənimsəyə bilər. Amma rus dilində işlənən "radnoy yazık” ifadəsi hərfi və semantik baxımdan dilin  öhdəlikləri və funksiyaları ilə birə-bir uyğunlaşır. "Ən yaxın”, "ən doğma”, "ən sevilən” dil mənası verən bu birləşmə, həqiqətən də, insanın ilk dilinin, ilk eşitdiyi dilin mahiyyətini ortaya qoyur.
Bir ana dilinin içində dünyanın digər insanlarının danışdığı bütün "ana dillər” mövcuddur. Başqa bir dillə açıqlamalı olsaq, bütün ana dillər bəşəridir. Noam Çomski çox mükəmməl izahlarla sübut edib ki, dünyadakı bütün işlək və qeyri-işlək dillər bəlli ortaq köklərə və oxşar inkişaf proseduralarına malikdir. Yəni, ünsiyyət vasitəsi kimi istifadə etdiyiniz dil digər bütün dillərlə – işarət dili, jest və mimikaların dili, davranış dili və s. – birbaşa bağlıdır. Mən yazanda görüntüsü olanların mətnini yaratmağa, görünəni sözlərlə çəkməyə çalışıram. Çünki özümü bu cür ifadə etmək mənim ana dilimin təməlindədir.
Sözlər, terminlər, ifadə və birləşmələr aid olduqları dildən ayrılıb, onun tələblərinə əməl etmədən sadə etiketlər kimi də istifadə oluna bilərlər. Bu zaman onlar təsirsiz olurlar. Akronimlərin təkrarlanaraq istifadə olunması bunun ən sadə nümunəsidir. Məsələn, çağdaş dövrün siyasi dilində ana dilin hansısa ciddi bir hissəsindən ayrılaraq, istifadə olunan sözlər saysız-hesabsızdır. Bu təsirsiz hissəciklərin vasitəsilə "söz kəndirbazlığı” etməyə çalışanlar onların təsirsiz olduğu, hafizədən qısa zamanda insanlarda dözülməz bir laqeydlik hissi yaratdığı ilə barışmalıdırlar.
Mən özümü tanıyandan, illərdir ki, yazıram. Məni yazmağa sövq edən qəlbimdə danışılmağa, deyilməyə, eşidilməyə ehtiyacı olan şeylərin baş qaldırmasıdır. Bilirəm ki, onlardan danışmasam, ölmək, yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar. Ona görə də özümü yazardan çox, boşluqları dolduran adam kimi təqdim edirəm.
Bir neçə sətir yazandan sonra sözlərin aid olduqları dildəki yerlərinə, formalarına qayıtmasına "icazə verirəm”. Və budur onlar elə həmin dəqiqə əsas köməyi ilə birləşərək məna qazandıqları, məna ziddiyyəti yaşadıqları, bir məcaz, ritm yaxınlığı, səs təkrarı yaratdıqları sözlərlə  birləşir və ya qruplaşırlar. Sanki aralarındakı söhbəti eşidirəm. Onlar üçün təsis etdiyim rolları ölçüb-biçir, öz aralarında bu rola kimin daha yaxşı uyğunlaşacağını müzakirəyə çıxarırlar. Onları dinləyə-dinləyə sətirləri səliqəyə salır, bəzi sözləri dəyişdirir və yenidən təqdimata verirəm. Yeni bir söhbət başlayır. Bu proses təsdiq, razılıq mırıltıları gələnə kimi davam edir. Sonra yeni paraqrafa başlayıram.
Yeni bir söhbət açılar…
...Başqaları məni istədikləri kimi təqdim, görmək istədikləri yazar kimi təsvir edə bilərlər. Özümdən soruşsanız, əclafın yekəsiyəm. Yəqin ki, siz də həyatınızda ən böyük əclafın kim olduğunu, kimin layiq olduğu yerdə durmadığını təxmin edə bilirsiniz elə deyil? Sözlər də bunun öhdəsindən gələ bilir…
 
/Kaspi.az/

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.