Nizami Cəfərov - Böyük ədəbiyyat müəllimi
17.01.18

Universitetin filologiya fakültəsinə daxil olanda, təbii ki, ədəbiyyatşünaslıq elminin üç hissədən ibarət olduğunu az-çox bilirdim (və bunu bilməsəydim, mən heç Universitetin həndəvərinə də yaxın gəlməzdim): ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid.

Ancaq birinci kursun elə ilk günlərindən  bizə "Ədəbiyyatşünaslığa giriş"dən mühazirə oxuyan (və görkəmli yazıçı olmaqdan başqa, həm də bu aparıcı ixtisas fənninin yaradıcısı) Mir Cəlal müəllim  dedi ki, ədəbiyyatşünaslıq elmi ən azı üç hissədən ibarətdir: birincisi, ədəbiyyat tarixi; ikincisi, ədəbiyyat nəzəriyyəsi; üçüncüsü, ədəbi tənqid... Sonra, adəti üzrə, bir az fasilə verib əlavə etdi: bir də ədəbiyyatın tədrisi... Mir Cəlal müəllim yeri gəldikcə ədəbiyyatın tarixi, nəzəriyyəsi, ədəbi tənqid barədə kifayət qədər danışdı, ancaq  ədəbiyyatın tədrisi barədə heç nə demədi. Və elə ki professor Camal Əhmədov sonrakı kurslarda auditoriyaya daxil olub "Ədəbiyyatın tədrisi metodikası"ndan mühazirəyə başladı, bildik ki, ustad nəyi nəzərdə  tuturmuş...

Pedaqoji İnstitut tələbələrindən fərqli olaraq Universitet tələbələrinə bu fənni sevdirmək ən azı ona görə çətin idi ki, bizim, demək olar ki, heç birimiz nə vaxtsa orta məktəb müəllimi ola biləcəyimizi təsəvvür eləmirdik. Və nə yaxşı ki, Camal müəllim bunu  bizdən də yaxşı bilirdi... Odur ki, ilk mühazirələrdən söhbətə bir metodistdən çox, ümumən ədəbiyyatşünas kimi başladı, ümumiyyətlə ədəbiyyatdan danışdı, ədəbiyyat müəllimliyinin Firidun bəy Köçərlidən  bəri gələn ənənələrini elə şirin dillə  anlatdı, hamımız hiss etməli olduq ki,  Mir Cəlal müəllim ədəbiyyatşünaslıq elminin üç hissədən deyil, ən azı üç hissədən ibarət olduğunu deməkdə haqlı imiş...

Camal Əhmədov bizdə, ilk növbədə, ədəbiyyat müəllimi haqqında təsəvvür  aşılamağa çalışdı. Və onu da dedi ki, siz, ola bilsin,  heç vaxt istər orta, istərsə də ali məktəbdə dərs deməyəcəksiz, ancaq bütün hallarda cəmiyyət sizə ədəbiyyat müəllimi kimi baxacaq, ona görə də ədəbiyyatı bilmək, hiss etmək, ədəbiyyatla  yaşamaq azdır, onu ətrafdakılara sınanılmış qaydalar, üsullarla öyrətməyi, təbliğ eləməyi, sevdirməyi bacarmaq da lazımdır.

Camal Məhərrəm oğlu Əhmədov 1928-ci ilin ilk günündə - yanvar ayının 1-də  Qazax rayonunun Aşağı Əskipara kəndində  doğulmuş, orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Universiteti bitirib əvvəl  bir neçə il müəllimlik etmiş, sonra isə Elmi-Tədqiqat Pedaqogika (indiki Təhsil Problemləri) İnstitutunda çalışmağa başlamış gənc ədəbiyyatşünas-pedaqoq 1954-cü ildə "Orta məktəbdə Cəfər Cabbarlının həyat və yaradıcılığının  öyrənilməsi üsulları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir ki, bu, Azərbaycanda ədəbiyyatının tədrisi metodikası sahəsində müdafiə olunmuş  ilk elmi əsərdir.

Camal Əhmədovun həyatının (və yaradıcılığının) gənclik illəri Elmi-Tədqiqat Pedaqogika İnstitutunda keçmiş, həmin İnstitutda çalışdığı 50-ci, 60-cı illərdə, həqiqətən, öz elmi-nəzəri mükəmməlliyi, praktik-metodiki miqyası ilə seçilən milli  bir "ədəbiyyat tədrisi məktəbi" yaratmağa  nail olmuşdur.

Professor Əjdər Ağayev bu barədə yazır:

"Mən onun ədəbiyyata, ədəbiyyatın tədrisinə aid məqalələrini hələ tələbə ikən, sonra  isə 1960-cı illərin əvvəllərində ədəbiyyat müəllimi işləyərkən oxuyardım. İş elə gətirdi ki, 1965-ci ildən aspirantı olduğum Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda  Camal müəllimlə birlikdə çalışası oldum. O, mənim üçün şəxsən tanıdığım örnək insana, əsərlərindən və məsləhətlərindən öyrəndiyim bir  müəllimə çevrildi".

Əjdər müəllim onu da əlavə edir ki, "doğrudur, o zaman professor Əliyar Qarabağlı kimi mahir, nüfuzlu ədəbiyyat metodisti vardı. Amma o, özü-özünü yetişdirmiş metodist  idi... Camal müəllim ixtisaslı elmi kadrlar hazırlığı sahəsində ilk addımı atmış oldu... Camal Əhmədov elmi məktəbi hələ 1950-ci illərin sonlarından yaranmağa başlamışdı".

Həmin məktəbin ilk yetirmələrindən olan professor Şəmistan Mikayılov isə müəllimi, "elmdə öz sözü, öz izi olan alim" haqqında deyir: "Camal Əhmədov namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda  ədəbiyyatın tədrisi metodikası üzrə baş elmi işçi işlədi. Bundan sonra bu sahəni özü üçün ixtisas seçənlər, o cümlədən, bu sətirlərin müəllifi onun ətrafına toplaşaraq ədəbiyyat tədrisinin müxtəlif problemləri üzrə araşdırmalar aparır və maraqlı metodik yazılarla pedaqoji mətbuatda çıxış edirdilər. Etiraf etmək lazımdır ki, Camal müəllim araşdırıcılıq səriştəsi və mətbuatda ardıcıl çıxış etmək baxımından həmkarlarından fərqlənirdi".

Professor Camal Əhmədovun 2015-ci ildə Azərbaycan Milli Kitabxanası tərəfindən professor Kərim Tahirovun redaktorluğu ilə nəşr olunmuş "Biblioqrafiya"sı (tərtibçilər: Mədinə Vəliyeva və Sevgiyə Əsədova) göstərir ki, 50-ci, 60-cı illərdə ilk yüksəkixtisaslı ədəbiyyat metodistinin ona qədər kitabı, yüz əlliyə qədər elmi, elmi-publisistik məqaləsi çap olunmuşdur.

"Dördüncü sinfin Ana dili dərsliyinə metodik göstərişlər" (1965), "Ədəbiyyat dərslərində bədii təhlil"dən (1967) başqa digər kitabların həmmüəliflidir ki, buraya "V-VIII siniflərdə ədəbiyyat tədrisi" (1961), "Yazı təliminin bəzi məsələləri" (1961), "Ana dili" (1963-cü ildən 1970-ci ilə qədər), xüsusilə, "Orta məktəbdə ədəbiyyat tədrisi" (1966) kimi dəyərli əsərlər daxildir.  Həmin illərdə bu cür həmmüəlliflik, bir tərəfdən, tədris işinin kollegial xarakterindən irəli gəlirdisə, digər tərəfdən, Camal Əhmədovun təbiətindəki kollegiallığın nəticəsi, azsaylı mütəxəssisləri başına toplamaq, onlarla birgə çalışmaq məharətinin göstəricisi idi. Və təsadüfi deyil ki, Camal müəllimin bu cəhətini onun həmkarları, tələbələri dəfələrlə qeyd etmişlər.

Ardıcıl, səmərəli, peşəkar axtarışlar, araşdırmalar ona gətirib çıxardı ki, Camal Əhmədov hələ kifayət qədər cavan yaşlarında "Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu XX əsrin əvvəlləri)" mövzusundakı doktorluq  işini tamamlayıb 1970-ci ildə müvəffəqiyyətlə müdafiə etdi. Azərbaycan (indiki Bakı) Dövlət Universiteti filologiya fakültəsinin  Elmi Şurasında olmuş müdafiə barəsində  o illərdə "Azərbaycan müəllimi" qəzeti yazmışdı:

"Dissertasiyanını rəsmi opponentləri: pedaqoji elmlər doktoru, professor A.Abdullayev, pedaqoji elmlər doktoru, professor N.Kazımov, filoloji elmlər doktoru, professor A.Zamanov, habelə əsər haqqında müsbət rəy söyləmiş Azərbaycan SSR EA-nın həqiqi üzvü F.Qasımzadə, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Ə.Seyidov, Azərbaycan SSR EA-nın müxbir üzvü F.Köçərli, psixologiya elmləri doktoru, professor Ə.Bayramov və başqaları bu dissertasiyanın təkcə metodik fikir tariximizdə deyil, həm də ictimai fikrimiz və Azərbaycan ədəbiyyatı  tarixi sahəsində irəliyə doğru atılmış  faydalı və cəsarətli bir addım hesab etmişlər".

"Azərbaycan ədəbiyyatının tədrisi tarixi" dissertasiyası, eləcə də onun əsasında 1971-ci ildə nəşr olunmuş  "Azərbaycan ədəbiyyatının tədrisi tarixindən" monoqrafiyası bu günə qədər həmin mövzuda ən mötəbər tədqiqat işi sayılır ki, burada Azərbaycan ədəbiyyatı tədrisi tarixinin qədim dövrlərdən başlayaraq, demək olar ki, bütün tarixi  araşdırılmış, XIX əsrin sonu XX əsrin əvvəllərinə  isə, tamamilə təbii olaraq, daha çox diqqət verilmişdir.

70-ci illərin əvvəllərindən etibarən Camal Əhmədovun elmi-pedaqoji fəaliyyətinin (və yaradıcılığının) birinci mərhələsi bitib ikinci mərhələsi başlayır... İnstitutdan Universitetə keçən müəllim-tədqiqatçının 70-ci, 80-ci illərdə bir sıra kitabları, iki yüzə qədər elmi, elmi-publisistik  məqaləsi çap olunmuşdur. Və həmin illərin elmi-metodiki axtarışlarının  ən mühüm yekunu 1992-ci ildə nəşr edilmiş  fundamental "Ədəbiyyat tədrisi metodikası" dərslik-monoqrafiyası oldu ki, bu əsər "Azərbaycan ədəbiyyatının tədrisi tarixi"ndən sonra ədəbiyyat tədrisşünaslığı sahəsində görülən ikinci miqyaslı iş idi.

Akademik İsa Həbibəyli doğru olaraq göstərir ki, "o zamankı ideoloji-pedaqoji mühitin özünəməxsus çətinliklərinə baxmayaraq, Camal Əhmədov məsələnin siyasi tərəfinə  toxunmadan ustad bir pedaqoq alim kimi Azərbaycan ədəbiyyatının xalqın tarixi, həyat yolu və mübarizəsi ilə əlaqəli şəkildə tədrisinə  əhəmiyyət verilməsini zəruri şərtlərin sırasına  çıxarmışdır... Sözün böyük mənasında o, yüksək maarifçi ziyalılıqla pedaqoji elmin, maarifpərvər ideyaların vəhdətini özündə  əks etdirən gerçək bir insan və alim ömrü  yaşamışdır".

Heç şübhəsiz, professor Camal Əhmədov, ilk növbədə, görkəmli ədəbiyyat tədrisi metodisti idi  və onun bu sahədəki əsərləri Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tarixində əbədi, heç vaxt pozulmayacaq izlər qoymuşdur. Camal müəllim ümumən ədəbiyyatşünas, xüsusilə tənqidçi kimi də geniş fəaliyyət göstərmiş, müasir ədəbi prosesi dəyərləndirən çoxlu sayda məqalələr  yazmış, uşaq ədəbiyyatının problemlərinə  ayrıca diqqət yetirmiş, "Uşaq və zaman" kitabı (1986) nəşr olunmuşdur. Bununla belə, o, tənqidçi-ədəbiyyatşünas fəaliyyətində də, ilk növbədə, böyük pedaqoq-müəllim idi, müasir Azərbaycan ədəbiyyatının müxtəlif nəsillərinin görkəmli nümayəndələrinə həsr etdiyi məqalələrində onların  yaradıcılığını daha çox mənəvi-əxlaqi meyarlarla təhlil edib dəyərləndirməyə çalışırdı. Məsələn, Süleyman Rəhimov haqqında yazırdı:

"Otuz ildir ki, o, qələmə aldığı hadisələr içərisində dolaşır, qəhrəmanları ilə yaşayıb mübarizə edir, yüz yol, bəlkə daha artıq, təsvir etdiyi hadisələrin planını cızır, onları xəyalında canlandırır, xarakterlər yaradır, yazır, hey yazırdı. Süleyman Rəhimovun  "Şamo" əsəri belə yaranmış, belə böyümüş və haqlı olaraq ədəbiyyatımızın ən gözəl  nümunələri sırasında öz yerini tutmuşdur. Xalqımızın adət-ənənələrinin dolğun və realist təsviri, Azərbaycan təbiətinin  füsunkar gözəllikləri, ailə və məişətdəki ən tipik cəhətlər, xalqlar dostluğu "Şamo" romanı üçün ən səciyyəvi xüsusiyyətlərdir".

Elçin haqqında isə deyirdi:

"Elçinin qəhrəmanları müasir və intellektual adamlardır. Onlar incəsənəti sevir, ondan baş çıxarırlar. Bu qəhrəmanlar həyatın estetik gözəlliklərini dərk etməyə və qiymətləndirməyə  layiq adamlardır. Elçinin hekayələrinin əsas  qəhrəmanları gənclərdir. O, gənclərdən necə  yazmağı yaxşı bilir, yaxşı bacarır. Yazdığı  hekayələr müasir oxucunu arxasınca aparır, ona istiqamət verir. Həyat və sənət haqqında  bilikləri zənginləşdirməyə və dərinləşdirməyə kömək edir".

Professor Camal Əhmədov anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin  50 illiyi qeyd ediləndən bir il sonra - 1999-cu ilin noyabr ayının 5-də dünyasını  dəyişdi. Və özündən sonra bu dünyada böyük bir ədəbiyyat müəllimi obrazı qoyub getdi. Elə bir obraz ki, nəsildən nəslə ötürülərək milli-mənəvi sərvət kimi həmişə elmimizə, təhsilimizə, mədəniyyətimizə mütəvaze olduğu qədər də mütərəqqi təsirini göstərəcək, neçə-neçə ədəbiyyat müəllimi nəsillərinin yetişməsinə  xidmət edəcəkdir. /525.az/

Yenililklər
05.05.18
Şəmil Sadiq - Qəzetbaz
04.05.18
Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
04.05.18
Qanundan yeni kitab - Artur Şopenhauer
03.05.18
Bakı Mühəndislik Universitetində Kamal Abdulla ilə görüş keçirildi
30.04.18
Serbiyada Kamal Abdullanın “Deyəsən, Platon xəstələnib” kitabının təqdimatı keçirilib
30.04.18
Qazax şairi Mağcan Cumabayın şeirlər kitabının təqdimatı olub
27.04.18
Kiyumərs İslami - Şəhər yeri; maddi-mədəni varlığımız
27.04.18
“İmperiyanın son yazarı” kitabı Çingiz Aytmatovun 90 illiyinə həsr olunub
27.04.18
Yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi Daşkənddə çap olunub
26.04.18
Elçin Hüseynbəyli - Qayçı
26.04.18
Yavuz Akpınara Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim edildi
26.04.18
Fərid Hüseyn Kazanda Ana Dili Bayramında iştirak edir
24.04.18
Vasif Əlihüseyn - Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
24.04.18
Azərbaycan IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalında təmsil olunacaq
24.04.18
Tələbələr Qan Turalının əsərini müzakirə etdilər - Fotolar
23.04.18
Beynəlxalq Kitab Günüdə “Don Kixot” əsərindən bir hissə Azərbaycan dilində səsləndirilib
23.04.18
“Cümhuriyyət-100” hekayə müsabiqəsi - Qısa siyahı
23.04.18
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində
20.04.18
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18
Elif Şafakdan yeni kitab
20.04.18
İMAGİNE tolerantlıq festivalı keçiriləcək
19.04.18
Səlim Babullaoğlu oxucularla görüşəcək
18.04.18
Səxavət Sahil - Servantes yoxsa Tolstoy?
18.04.18
"Azərbaycan aşıq sənəti" kitabının təqdimatı olub
18.04.18
Elçin İmanov - Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevski
17.04.18
Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Simran Qədimin "Hesab vaxtı" romanı çap olunub
17.04.18
“İkimizin hekayəsi” kitabının imza günü keçirildi
16.04.18
"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub
16.04.18
Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18
Anar - Türkmən xalqının milli şairi
16.04.18
“Nar bağı” filmi beynəlxalq festivalda
16.04.18
Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
12.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18
Günel İmranın "Ömər” adlı yeni romanı çap olunub
12.04.18
Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
10.04.18
“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü
10.04.18
Bütün zamanların ən yaxşı kitabları seçildi - SİYAHI
10.04.18
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.