Gülnar Səma - Şəfa Vəlinin “Poçtalyona məktub”u
22.01.18

“Hamının atdığı yerdə Təkcə söz tutdu bu qızı!”- deyən Şəfa Vəlini SÖZ Prezident təqaüdünə, nazirlik mükafatına layiq olmağa qədər müşayiət etdi. 2017-ci ilin sonlarında isə “Poçtalyona məktub” da ünvanlandı. Həmin məktuba “Sənin kədərində miladdan öncə, Sənin sevincində işıq iliyəm...” – etirafları da əlavə olundu. Tamamilə orijinal və özünəməxsus misralardan ibarət şeirlər toplusu olan bu kitabda Şəfanın şeir dilində söyləmək istədiyi nağılları yer almışdır. “Güldüm... Gülüşüm də ağladı səni, Saxta təbəssümüm könül həyası...” – sətirləri kimi təkrarsız ifadələr kitabda yetərincədir. Əksər şeirlərində əvvəllər qarşılaşmadığımız yeni ifadələrlə rastlaşırıq. “Həsrətsiz sevmək də haram Ödəmişəm bu vergini” – tipli mükəmməl misraları olan şeirlərin yeganə qüsuru qafiyələnmə texnikasında olan “özbaşnalıq”dır. Bu o demək deyil ki, Şəfa əsl mükəmməl qafiyənin  nə olduğunu bilmir. Çox yaxşı bilir. İnanmırsınızsa, bu bəndə diqqət edin:

İndi qaç görüm, ay ürək,
Bu taleyin biryarından.
Bəlkə, daha geri dönək,
Nağılların diyarından?

Bəli, Şəfa istəyəndə təkrarsız və bənzərsiz qafiyələr işlədə bilir. Daha bir nümunəyə baxaq:

Söz vermişəm gözlərinə
Yaraşacam damla-damla...
Qatıb ağu sözlərimə,
 Göndərəcəm “xoş məramla...”

Bənddə həm yeni fikir, həm də yeni qafiyənin işlənməsi şeirin təntənəsi kimi qəbul edilməlidir. Çünki mükəmməl məzmun mükəmməl forma ilə daha cazibədar görünür. Onun yalnız məzmun mükəmməlliyinə hesablanmış misraları kifayət qədərdir. “Mən səndən gizlətdim məhəbbətimi, Axırda daş olub başıma dəydi” – kimi ifadələr təzəliyi ilə maraq doğurur. İnsanın diqqətini daha çox “başına dəysin” frazemi çəkir. Müəllif bu frazemi nə qədər həqiqi mənada verməyə cəhd eləsə də, sözün məcazi mənası dərhal nəzərə çarpır və fikri daha da gözəlləşdirən elə budur. “Mənim ayrılığım günah olmadı, Yad sığal görməmiş telə bənzədi” – sətirlərində “bənzəmək” feili işlənsə də, bu fikirlərin bənzərsiz olduğu göz qabağındadır. “Bağışla, bilmədim elə gün gələr, sevgi zirvəsinə çıxan yıxılar” misraları da zirvədən yıxılmaq mövzusunda yazılmış başqa şeirlərdən ilk baxışdanca fərqlənir. “Yazıq oldu arzular da, Mənim səni sevməyimdə” – etirafı isə səmimi olduğu qədər də fərqlidir. Arzuların yazıq olmasının səbəbkarı, daha doğrusu, günahkarı sevgi imiş. Hansı ki, o arzuları arzusuna çatdırmaq sevgidən umulurmuş. Bəlkə də, “Yaman çoxdu səndən küsən Ummadım ki küsə bilim...” etirafı da arzuların taleyindən nigarançılığı əks etdirir. Çünki dönüb keçmişə baxanda bunları görürük:

Xana qurdum ürəyimin odundan
Yanlış vurdu naxışları o gözəl.
Sevən qəlbə bir təsəlli ağıldan,
Nə mən dönüm xatirəyə, nə sən gəl.

Bəndin ilk misrasındakı xana sözü etnoqrafik cizgiləriylə yanaşı, od mənşəli olması ilə diqqəti çəkir. Odla oynamağa başı qarışan gözəl vurduğu naxışların yanlışlarını çox gec anlayır. Bir də onda ayılır ki...

Sən uzaq... Çox uzaq coğrafi bir kəşf,
Adasan, körfəzsən, dənizsən, nəsən?
Bəlkə, savannalar, tropik meşə?
Bəlkə də, zərif, incə bənövşə...
Ya bəlkə, quruca bir səhrasan sən?!
   
Diqqət yetirsək, bənddə coğrafi terminlərin necə ustalıqla poetikləşdirildiyini görmək olar. Ümumiyyətlə, Şəfanın şeirlərində ümumişləkliyi az olan sözlərin yerində işlədilməsi maraqlı alınır: “Gəl çatdır əcəlini həsrətin, Son qoy sənsizliyin melodramına...” və ya “Bizim xoş günümüz ölüb büsbütün, Saniyəölçənin rəqəmlərində...” Gətirdiyimiz misallarda melodrama və saniyəölçən sözlərinin şeirdə sınağının uğurlu alındığını söyləmək olar. Bu cür sözlərin işlədilməsi ilə yanaşı Şəfanın şeirlərində “sözyaratma” cəhdlərinin də şahidi oluruq:
Ürəyim yenə də susar, danışmaz,
Küskün kədərlərə məkanlıq eylər.
Sənin yoxluğuna yenə alışmaz,
Amma sənsizlikdə sultanlıq eylər.
   
Bənddə işlədilmiş “məkanlıq” sözü dilimiz üçün qeyri-ənənəvidir. Yəni leksik şəkilçi artırılsa da, söz yenə öz əvvəlki “məkan”ını saxlayır. Sadə sözlə düzəltmə sözün arasında heç bir yeni məna fərqi nəzərə çarpmır. Bununla belə, onun şeirlərində ən ağlagəlməz sözlərin poetik tərəfini üzə çıxarmağa ciddi cəhd edildiyini görmək olur: “Kim dedi bu qisməti poz, Bəxt yazan da bitərəfdi”. Əsasən siyasi motiv ehtiva edən bitərəf sözü bu misralarda ədalətpərəstlik anlamında işlənmişdir.

Şəfa müraciət etdiyi mövzudan asılı olmayaraq öz hisslərini, özünəməxsusluğunu poetikləşdirməyə meyilli yazardır. O, sanki hər şeirinə bir parçasını hopdurur. “Öpüm yatım şəklini Yolun düşsün yuxuma” və ya “Ayrılığın əvvəli Mənim sonuma qaçır” kimi nümunələr məxsusi yaşamın obrazlaşdırılmasıdır. Bəzən isə özünü bütövün tərkib hissəsi kimi anladır. “Bizim dövrün ayrılığı Bircə günə olur boyat...”- sətirlərində olduğutək. “Mən səni tərk etmədim, Səndən qabağa düşdüm” və ya “Yiyəsiz sevdanın saçı pırtlaşıq, Daha indən belə hörüyə gəlməz...” misralarında isə dilimizin poetik imkanlarının genişliyi nümayiş olunub. Təbii ki, ilk baxışdan “pırtlaşıq” sözünü poetik anlamda heç cür təsəvvür etmək olmur, lakin gətirdiyimiz nümunədə xüsusi ustalığın bəhrəsi göz qabağındadır. Başqa bir şeirində isə sırf Şəfaya məxsus bir ölçü vahidi ilə tanış oluruq:

Gözlərimin sevinci
Boyun-buxunun qədər...
Gözündəki sevinci
Yozdu yuxun nə qədər?

İndiyə kimi sevincin ölçü vahidi olaraq ən müxtəlif meyarlardan istifadə olunub. Bu cür yüz ölçüb bir biçmək də Şəfanın qismətinə düşüb. “Bu səhnə mənə tanışdı Yaraşar alqışlarıma”- sözlərində isə səhnə və alqış sözlərininin bir-biri üçün tamamlayıcı vuruq olduğunu peşəkarcasına göstərib. Səhnə əslində tamaşanın oynanıldığı yerdir, alqışlar isə səhnəyə yox, oradakı tamaşaya ünvanlanır. Həmin misrada isə metaforik köçürmənin gözəlliyi alqışa layiqdir. Təbii ki, misrada səhnə sözü həm də əvvəllər nə vaxtsa baş vermiş bir hadisənin təkrarı anlamına da gəlir. Yaxud da “Adımı əyninə geyən Bəzənən qara mərmərə” – misralarında başdaşı haqqında indiyə kimi deyilməmiş tamamilə orijinal bir qənaətə gəlinir. Hardan biləsən ki, “adın daşlara yazılsın” qarğışı başdasını bəzənməyə həvəsləndirirmiş. Şəfa o qədər özünəməxsus müşahidələr aparır ki, sonunda bu qənaətə gəlir: “Həyatla qumar istəsən Oyunda basabas olur”.

Şəfa Vəli “Poçtalyona məktub” kitabında əsasən sevgili şeirlərini bir araya gətirsə də, ictimai mövzulu olanlarla yanaşı vətənpərvərlik mövzulu olanlara da rast gəlmək olur. Bunlardan biri də Milli Qəhrəman Mübariz İbrahimova ünvanlı şeirdir ki, müəllif qəhrəmanını tapındığım ərənim kimi təqdim edərək “Sevgisini torpağıma sərənim...” sözləri ilə öyür. Şəfa bir yazar olaraq hər müraciət obeyktində bir yaşam izi buraxır. “Bəxtsiz Bakı nağılım, Bağışla ki, xoşbəxtəm” misralarından da göründüyü kimi sonda xoşbəxtliyə sahiblənməyin sevincini yaşamaq olur. Şəfa xoşbəxtlik duyğularını qələmilə çox həzin bölüşərək səmimi etiraf edir ki, “Uçuram... Hey uçuram... Buludlanıbdı sözlər”.

Yenililklər
05.05.18
Şəmil Sadiq - Qəzetbaz
04.05.18
Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
04.05.18
Qanundan yeni kitab - Artur Şopenhauer
03.05.18
Bakı Mühəndislik Universitetində Kamal Abdulla ilə görüş keçirildi
30.04.18
Serbiyada Kamal Abdullanın “Deyəsən, Platon xəstələnib” kitabının təqdimatı keçirilib
30.04.18
Qazax şairi Mağcan Cumabayın şeirlər kitabının təqdimatı olub
27.04.18
Kiyumərs İslami - Şəhər yeri; maddi-mədəni varlığımız
27.04.18
“İmperiyanın son yazarı” kitabı Çingiz Aytmatovun 90 illiyinə həsr olunub
27.04.18
Yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi Daşkənddə çap olunub
26.04.18
Elçin Hüseynbəyli - Qayçı
26.04.18
Yavuz Akpınara Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim edildi
26.04.18
Fərid Hüseyn Kazanda Ana Dili Bayramında iştirak edir
24.04.18
Vasif Əlihüseyn - Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
24.04.18
Azərbaycan IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalında təmsil olunacaq
24.04.18
Tələbələr Qan Turalının əsərini müzakirə etdilər - Fotolar
23.04.18
Beynəlxalq Kitab Günüdə “Don Kixot” əsərindən bir hissə Azərbaycan dilində səsləndirilib
23.04.18
“Cümhuriyyət-100” hekayə müsabiqəsi - Qısa siyahı
23.04.18
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində
20.04.18
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18
Elif Şafakdan yeni kitab
20.04.18
İMAGİNE tolerantlıq festivalı keçiriləcək
19.04.18
Səlim Babullaoğlu oxucularla görüşəcək
18.04.18
Səxavət Sahil - Servantes yoxsa Tolstoy?
18.04.18
"Azərbaycan aşıq sənəti" kitabının təqdimatı olub
18.04.18
Elçin İmanov - Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevski
17.04.18
Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Simran Qədimin "Hesab vaxtı" romanı çap olunub
17.04.18
“İkimizin hekayəsi” kitabının imza günü keçirildi
16.04.18
"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub
16.04.18
Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18
Anar - Türkmən xalqının milli şairi
16.04.18
“Nar bağı” filmi beynəlxalq festivalda
16.04.18
Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
12.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18
Günel İmranın "Ömər” adlı yeni romanı çap olunub
12.04.18
Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
10.04.18
“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü
10.04.18
Bütün zamanların ən yaxşı kitabları seçildi - SİYAHI
10.04.18
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.