Mayıl B. Əsgərov - Dilçilərə hücum edən dillilərə məsləhət

22.01.18

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil Siyasəti şöbəsinin müdiri, professor Mayıl B. Əsgərovun “Dilçilərə hücum edən dillilərə məsləhət” məqaləsini təqdim edirik.

Əziz həmvətənlərim, dostlarım, qardaşlarım, bacılarım!

Dörd gün əvvəl yazdığım yazıda Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı aktivlik nümayiş etdirən, fikir bildirən hər kəsə AMEA Dilçilik İnstitutu adından, Azərbaycan dilçiləri adından və şəxsən öz adımızdan təşəkkür etmişdik və bu gün də hər kəsə bir daha təşəkkür edirik.

Amma hər şeyin bir ədəbi, ərkanı var.

Biz internet məkanında yayımlanan cəfəng yazılar səviyyəsinə enib onlara birə-bir cavab vermədikcə, abrımızı gözləyib susduqca əndazəni aşanların sayı yağışdan sonra çıxan göbələk kimi sürətlə artır.  “Dilçilər filan olsun”, “Dilçilər filan etsin” deyə hər ağıla gələni yazmaq nə mədəniyyət, nə də insanlıq anlayışına sığmır.

Sayı 300-500-ü aşan belə yazı müəlliflərinin adlarını sıralamaqla heç kimin vaxtını almaq istəmirik, bu səbəbdən də onlara peşələri üzrə müraciət edirik:

Ey seçilmiş əsərlərini 100 qramlıq kitablardan ibarət 10 cild şəklində nəşr etdirən və tam külliyyatını şalvarının yan cibində gəzdirən Şair qardaşlarım!

Ey yazdığı ən böyük əsəri 11 səhifəlik povest olan və əsərlərini kitab şəklində deyil, internet ortamında smayliklərlə nəşr etdirən Nasir qardaşlarım!

Ey kompüter deyilən şeyin masanın üstündəki ekran deyil, masanın altındakı “qara qutu” olduğunu artıq tamamilə anlayan Kibernetik qardaşlarım!

Ey vurma cədvəlini əzbərdən bilən, toplama əməliyyatını yaxşı bacaran, amma bölmə əməliyyatını heç sevməyən Riyaziyyatçı, İqtisadçı qardaşlarım!

Ey Samur-Dəvəçi kanalının əski betonu üzərində Orxon-Yenisey abidələrindən daha qədim tarixə malik simvollar tapdığını iddia edən Etnoqraf qardaşlarım!

Ey XXI əsr Azərbaycan tarixinin 21 cildlik fundamental tədqiqatını bitirmək üzrə olan Tarixçi qardaşlarım!

Ey sapı bizdən olub, ustadına kəm baxan, hansı səbəbdənsə öz-özünə həcv etməkdən həzz alan, mazoxist təbiətli dilli Dilçi qardaşlarım!

Ey “məndən ötdü, qardaşıma dəydi” düşüncəsi ilə bütün baş verənlərə göz yuman, susmağa davam edən dilsiz Dilçi qardaşlarım, bacılarım!

Çox şükür ki, 2013-cü ildə nəşr olunmuş “Orfoqrafiya lüğəti”ndə bəzi sözlərin lazımsız, bəzilərinin isə səhv və yanlış olması məsələsi sizə də əyan oldu. Düz 5 il sonra, yəni 2018-ci ildə AMEA-nın Dilçilik İnstitutu “Orfoqrafiya qaydaları” ilə bağlı rəsmi müzakirəni başlatdıqdan sonra belə bir problemin varlığından xəbər tutdunuz. Düşündünüz ki, siz də Azərbaycan dilini elə dilçilər qədər bilirsiniz. Əlbəttə ki, dilçilər də eynilə sizin kimi danışır. Daha doğrusu, siz də eynilə onlar kimi, hətta onlardan da yaxşı danışırsınız. Evdə, küçədə, işdə hamını və hər şeyi başa düşürsünüz və sizi də hamı başa düşür. Ümumiyyətlə, “Dilçilər kimdir? Onlar nə iş görür? Nəyə lazımdırlar?” kimi suallara cavab axtarıb aşağıdakına bənzər nəticələrə gəlibsiniz: “Yalandan hərəsi bir məqalə yazır, bir kitab buraxır”, “filan şeyi belə yazmayın”, “filan şeyi belə deməyin” kimi boş, mənasız qaydalar qoyurlar. Yox “bu sözdən sonra vergül qoy”, yox “bu sözdən sonra nöqtə qoy”. “Nəyə lazımdır bu qədər qayda, qadağa”. “Dil mənimdi, şeir mənimdi istəyərəm nöqtə qoyaram, istəyərəm vergül, lap istəsəm sual, yaxud, nida işarəsi qoyaram, kimə nə?” “Vergül nədir ki, onu qoysan nə olar, qoymasan nə olar”. “Onsuz da oxuyanlar mənim nə dediyimi çox gözəl başa düşür”. “Yox, bu dilçidir, yox bu alimdir. Boş-boş şeydir bunlar hamısı”. “Dili xalq yaradır, xalq da qoruyur”. “Dilçilər boş-boş şeylər danışır, boşuna da maaş alır”.

İnternetdə yayımlanan əksər yazıların məzmunu budur. Onların ssenariləri də təxminən eynidir. Hər kəs 2013-cü il nəşri olan sarı üzlü, qara bəxtli “Orfoqrafiya lüğəti”nin bir şəklini qoyur yazısının ortasına və oradakı bir neçə yanlış sözə istinad edərək dəvəsi ölmüş ərəb kimi başlayır saçını yolub “şaxsey” deməyə və dilçilərin ünvanına nə gəldi söyləməyə.

Əzizlərim, topa tutduğunuz bu lüğət və orada verilən qaydalar bizi də qane etmir ki, həm qaydaları, həm də ümumilikdə lüğətin özünü müzakirəyə çıxartmağı lazım bilmişik. Bu lüğət və qaydalar haqqında deyilən bəzi irad və qeydlər tam haqlıdır, amma bəziləri də var ki, onlar haqqında susmaq mümkün deyil.

Bəlkə də haqlısan, Şair qardaşım. Amma unutma ki, qolu kəsik, qıçı qırıq sətirlər qurmağı, onların hər birində olan hecaları saymağı, sətirlərin ora-burasına qafiyə “dürtüşdürməyi” sənə öyrədən dilçidir, orta məktəbdə çalışan dil-ədəbiyyat müəllimidir. Sərbəst vəzn adı ilə baltalayıb səhifə üzərinə tökdüyün və şeir adı ilə millətə uddurduğun cümlələri qurmağı sənə öyrədən də dilçidir, müəllimindir.

Bəlkə də haqlısan, Nasir qardaşım. Amma unutma ki, əldə qələm tutmağı sənə öyrədən dilçidir, müəllimindir, atandır, anandır, qardaşındır, bacındır.

Bəlkə də haqlısınız, Etnoqraf, Tarixçi qardaşlarım. Amma unutmayın ki, lazımsız hesab etdiyiniz bir vergül, bəzən ölüm-dirim məsələsinə səbəb olur. Bu cümləyə nəzər salın:

“Öldürmək olmaz bağışlamaq!”

Burada, sizin o əhəmiyyətsiz dediyiniz vergül qoyulmayıb. Əgər vergülü birinci sözdən sonra qoysanız, kiminsə ölümünə fərman verəcəksiniz. İkinci sözdən sonra qoysanız, kimə isə həyat bəxş edəcəksiniz. Dilçi sizə bunu öyrədir.

Bəlkə də haqlısınız, Kibernetik, Riyaziyyatçı, İqtisadçı qardaşlarım. Amma unutmayın ki, əgər dilçilər olmasaydı, bakılı şəkilini başa düşmək üçün tərcüməçi axtarardı, kibernetik traktorçu ilə ünsiyyət qurmaq üçün əl-qol hərəkətlərindən, yəni, ekstralinqvistik vasitələrdən istifadə etməli olardı. Əslində ekstralinqvistik ünsiyyətin yeni formasını tələbə gənclərimiz artıq yaradıb və internetdə uğurla tətbiq edirlər. Biri o birinə yazır: “hr? ml sn sr”, o da cavabında yazır: “yvg  ”. “Tələbə dili”ndən normal dilə tərcüməsi budur: Birinci tələbə yazır: “Haradasan? Müəllim səni soruşur”, o da cavabında yazır: “Yola ver getsin, de ki, xəstədir, vəziyyəti ağırdır”.

Ey mənim Şair, Nasir, Jurnalist qardaşlarım!

Doğru deyirsiniz ki, dili xalq yaradır, folklor qaynağı olan ağbirçək nənələr, pirani babalar, sinəsi sözlə dolu şairlər, hər deyimi bir aforizmə çevrilən yazıçılar yaradır. Tamamilə düzdür. Dilimizin söz xəzinəsi məhz onlardır. Bəs, sizcə, nə üçün lazımsız və vecsiz hesab etdiyiniz bu dilçilər heç bir müasir şairin və yazıçının dilini tədqiq eləmir. Yoxsa bunu da bacarmırlar? Axı, Füzuli, Vaqif, Sabir, Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi məşhur şairlərin, bütün yazıçıların dilini onlar tədqiq edib onların dilində olan yenilikləri ədəbi dilə gətiriblər.

Bəs indi nə olur, nələr baş verir? İnciməsəniz onu da biz deyək. Müasir dövrümüzdə dilini tədqiq etməyə layiq olan bir yazıçımız var, o da rus dilində yazır və rus dilçiləri onun dilini artıq tədqiq etməyə artıq başlayıblar. Üç-dörd də şairimiz var ki, onların hansı dildə, hansı dialektdə yazdıqlarını nə özləri bilir, nə də başqaları. Onların dili məlum olanda, yəqin ki, onların dilini tədqiq edənlər tapılar. Biz Azərbaycan dilçilərinə də qalır şair və yazıçı olduqlarını özlərindən başqa heç kimin bilmədiyi qələm və ya təb əhli olan sizlər. Sizləri də necə kəşf edək, necə tanıyaq, bu da başqa bir müəmmadır. Dəqiq bildiyimiz tək bir şey var ki, əgər şeir və nəsrimiz bu minvalla davam etsə, 2050-2100-cü illərdə hazırlanan orfoqrafiya lüğətimiz sadəcə yanmaq, ölmək, çatlamaq, qorumaq, yardım etmək kimi feillərdən, ax, of, əhsən, eşq olsun, ura kimi nidalardan, durğu işarələrimiz yalnız sual, nida və üç nöqtədən, əlifbamız isə 32 hərfdən deyil, 12 smaylikdən ibarət olacaq.

İnternet saytlarında və fərdi elektron səhifələrində dağ çayı kimi gurlayan və dili dilçilər qədər, hətta onlardan da yaxşı bilən Şair, Nasir, Kibernetik, Riyaziyyatçı, İqtisadçı, Etnoqraf, Tarixçi, dilli Dilçi qardaşlarım! Biz tamamilə əminik ki, müzakirəyə təqdim edilmiş “Orfoqrafiya qaydaları” ilə bağlı təkliflər vermək, layihəyə münasibət bildirmək sizlər üçün su içmək qədər asandır. Ona görə də xahiş edirik ki, diqqətinizi məsələnin bu tərəfinə yönəldəsiniz. İnanırıq ki, layihə ilə bağlı ən dəyərli təklifləri məhz siz verəcək, ən düzgün dəyərləndirmələri məhz siz aparacaqsınız. Həm təklif verərkən, həm də rəy bildirərkən fikrinizi orfoqrafik və orfoepik normalar arasındakı nisbət prinsipi çərçivəsində əsaslandıracaq, morfoloji qaydalardan çıxış edəcək, dil vahidlərinin yaranmasını şərtləndirən dildaxili və dilxarici faktorları mütləq şəkildə nəzərə alacaq, alınmaların yerli dilə uyğunlaşdırılması çərçivəsində tətbiq edilən orfofonoloji qaydaları əldə rəhbər tutacaq, dil vahidlərinin yaranması və mənimsənilməsi ilə bağlı linqvo-psixoloji modelləri, meyarları, bu vahidlərin müvəqqəti, daimi və dəyişkən xüsusiyyətlərini nəzərə alacaq, söz yaradıcılığının fonetik, morfoloji və sintaktik prinsiplərinə istinad edəcəksiniz. Çünki siz bu məsələlərdə “lazımsız araşdırmalar aparmaqdansa, nərd və domino oynamaları məsləhət olan beyni qurumuş dilçilər”dən daha qabiliyyətli və mükəmməlsiniz.    

Hər kəsə bəlli olan, sadəcə sizlərin qəbul etmək istəmədiyiniz bir həqiqəti bir daha dilə gətirərək qeyd etmək istəyirik ki, ölü doğulmuş, sarı üzlü, qara bəxtli bu “Orfoqrafiya lüğəti”nin Nəsimi adına Dilçilik İnstitutuna aid olan hissəsi təkcə onun üz qabığındakı yazıdır. Lüğətin baş redaktoru olaraq adı həmin kitabın üstünə yazılan professor İsmayıl Məmmədlinin dəfələrlə qeyd etdiyi kimi, “həmin əcaib-qəraib sözlər bu lüğətə onu nəşr edən qurum tərəfindən daxil edilmiş və redaktə üçün həmin lüğətin elektron variantı Dilçilik İnstitutuna, ümumiyyətlə, təqdim olunmamışdır”. Həmin lüğətin elektron variantı 2017-ci ilin ortalarında, yəni, lüğətin nəşrindən 4 il sonra böyük çətinliklə əldə edilmiş və dərhal orada olan nöqsanların aradan qaldırılması işinə başlanmışdır.

Ey mənim dilli Dilçi qardaşlarım!

Başa düşün ki, ya zəlzələdən, ya da vəlvələdən bir dəli quyuya bir daş atıb və Dilçilik İnstitutu bu daşı çıxartmaq üçün əlini daşın altına salıb. Bu məqamda onun əlindən vurmaq ərdəm deyil. Əsl ərdəm odur ki, sizlər də əlinizi bu daşın altına salasınız.

İstənilən halda hər kəs əmin ola bilər ki, tənqid və təhqir dolu yazılar olsa da, olmasa da “Orfoqrafiya qaydaları”nın rəsmi müzakirəsini başladan qurum, yəni, AMEA Rəyasət Heyəti nəzdində fəaliyyət göstərən Dövlət Dil Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən işçi qrup dövlət əhəmiyyəti daşıyan bu vacib işi uğurla başa çatdıracaqdır.

Amma əvvəldə də qeyd etdiyimiz kimi, hər işin öz qaydası, öz axarı var.

“Orfoqrafiya lüğəti” hazırlanarkən ilk öncə “Orfoqrafiya qaydaları” müəyyən olunur və lüğət bu qaydalara ciddi şəkildə əməl etməklə tərtib və təftiş olunur. İndiki mərhələ “Orfoqrafiya lüğəti”nin deyil, məhz “Orfoqrafiya qaydaları”nın müzakirəsi və qəbulu mərhələsidir. Bu mərhələdə başıbəlalı lüğətdəki sözlərlə bağlı fikir söyləmək yox, müzakirəyə təqdim edilmiş “Orfoqrafiya qaydaları” ilə bağlı təklif vermək, həmin qaydalara münasibət bildirmək tələb olunur ki, daha sonra “filan məsələ unudulub”, “filan qayda yanlışdır” kimi fikirlər səslənməsin. Lüğətin gələcək taleyini həll edən ən vacib mərhələ məhz budur. Hansısa bir sözün lüğətin bu nəşrinə düşüb-düşməməsi məsələsi isə, növbəti mərhələdə, yəni lüğətin yeni qaydalar əsasında hazırlanan variantının müzakirəsi zamanı deyilə bilər.

Yenə də ad çəkmədən, qeyd etməyi lazım bilirik ki, bəzi mütəxəssis və alimlər qaydalarla bağlı öz fikirlərini gah yumşaq, gah sərt, gah da anlaşılmaz şəkildə ifadə edirlər. Nəzərə almaq lazımdır ki, sadəcə “belə olsun” deyə fikir söyləmək kifayət deyil. Redaktə xarakterli təkliflərdən başqa, söylənən bütün fikirləri elmi cəhətdən əsaslandırmaq zəruridir. Kiminsə xatiri xoş olsun deyə dildə dəyişkənlik etmək olmaz. Belə bir davranış ad-sandan və vəzifədən sui-istifadədir və cinayətdir.

Bəzi dilli Dilçilər belə deyirlər ki, 18.01.2018 tarixli yazımızda, əsgər, əsginas, İsgəndər, işgəncə sözlərinin dəyişməsinə qarşı çıxmağımız sadəcə soyadımızla bağlıdır. Fakt olaraq bu da doğrudur, amma yeganə səbəb tək bu deyil. Gözü olanlar görə bilər ki, həmin yazıda müvafiq  izahatlar verilmişdir. Onlara əlavə olaraq, bunu da qeyd etmək istəyirik ki, dildə artıq formalaşmış olan istənilən sözü dəyişmək çox böyük səhvdir, yanlışdır. Çünki həmin sözlər artıq əsrlərdir ki, bütün elmi, bədii, publisistik yazılarda məhz bu şəkildə işlənir. Həmin sözlərin yazılışını indi dəyişmək ən azı belə bir fikrin yaranmasına səbəb olur: “ya bu dəyişkənliyi təklif edənlər, ya da əvvəllər həmin sözləri başqa şəkildə işlədənlər dili bilmir, savadsızdır”. Hətta belə bir sual da yaranır: “Həmin təklifi məhz indi verənlər əvvəllər harada yatmışdılar?” Bunu da nəzərə almaq lazımdır ki, internet ortamında dilimizin elektron bazasını və milli korpusunu yaratmaqla bağlı xeyli işlər görülüb. Mövcud ənənələrdən kənara çıxaraq dildə mövcud olan vahidləri hər hansı şəkildə dəyişmək həmin işləri alt-üst edir və yenidən işlənməsini zərurətə çevirir. Bir nəfərin xatirini xoş etmək üçün milyonlara əziyyət vermək heç doğru deyil. Gəlin unutmayaq ki, Vətəndən pay olmadığı kimi, kiminsə xatirini xoş etmək üçün dili dəyişmək də olmaz. Çünki tarixə daş atanı gələcək topa tutur.

Biz bu yazıda heç bir ad çəkmədik. Amma əminik ki, Şair, Nasir, Kibernetik, Riyaziyyatçı, İqtisadçı, Etnoqraf, Tarixçi, dilli və dilsiz Dilçi qardaşlarımız bu yazını oxuyanda, onların hər biri özlərinə aid olan fikirləri tanıyacaq və onlara ünvanlanan sözləri anlayacaqlar. Həm onların yazısını, həm də bu yazını oxuyan diqqətli oxucular üçün də bunu anlamaq çətin olmayacaq.

Bu yazının arı yuvasına salınmış çöp effekti yaradacağını əvvəlcədən bilirik. Onu da bilirik ki, söylədiyimiz bu sözlərin tənqidi ruhu, eynilə, arılara tərəf tuşlanan tüstü kimi, bal arılarının bu məsələdən uzaqlaşıb gündəlik işlərinə dönməsinə səbəb olacaqdır. Özünü “mozalan” hesab edən, əslində isə, xalq arasında “eşşək arısı” və “it arısı” adlanan cinsə mənsub cır arılar isə, istər Dilçilik İnstitutuna, istərsə də şəxsən bizə daha sərt şəkildə hücuma keçəcəklər. Başqa sözlə desək, üzündə abırı, həyası qalanlar bundan sonra, yəqin ki, yersiz təhqir və böhtanlardan əl çəkəcəklər. Heç bir işi gücü olmayan, ona-buna şər atmaq və sataşmaqla gündəmdə qalmağı özləri üçün bir həyat tərzinə çevirənlər isə, daha da coşacaqlar. Amma qoy olsun. Çirkab və hikkə ilə dolu olanlar bütün qəzəblərini qussunlar və bununla da bitsin. Çünki yaranı sağaltmaq üçün əvvəlcə onu deşib içindəki çirkabı axıtmaq zəruridir. Yaranacaq pis qoxuya isə, sadəcə, dözmək lazımdır. /kulis.az/

Yenililklər
18.12.18
Cəmşid Cəmşidovun tərcüməsində Erazmusun "Axmaqlığın tərifi" əsəri çap olundu
17.12.18
Qalib Şəfahət - Qızıl inək
17.12.18
Jil Delözdə Fəlsəfə və Kino Münasibəti
17.12.18
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
17.12.18
İsi Məlikzadənin “Quyu” povesti Türkiyədə nəşr edildi
14.12.18
Corc Martin "Taxt-tac oyunları"na davam edəcəyinə söz verib
14.12.18
Ölməz korifeyimiz Rəşid Behbudovun doğum günüdür
14.12.18
İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda müzakirə aparılıb
14.12.18
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib
13.12.18
Burda Yeni ildə bir-birinə kitab bağışlayırlar
13.12.18
Şair Vüqar Əhməd Ədəbiyyat İnstitutuna şöbə müdiri təyin edildi
13.12.18
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çap olunub
13.12.18
“Saza baxsın tariximi yazanlar” adlı yeni kitab işıq üzü görüb
12.12.18
Ərdəbildə Milli Hökumətinin süqutundan sonra törədilən qətliamın ekspozisiyası hazırlanıb
12.12.18
Bu il kitab satışından ən çox gəlir əldə edən yazıçıların adları açıqlanıb
12.12.18
Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibləri mükafatlandırıldı
12.12.18
Azərbaycanın gənc alimi Tatarıstan türkoloqları qarşısında məruzə ilə çıxış edib
11.12.18
AMEA-da professor plagiata görə işdən qovuldu
11.12.18
Türkiyədə Hüseyn Cavidin “İblis” əsərinin səhnələşdirilməsi ilə bağlı işlər davam edir
11.12.18
Elmi adların və elmi dərəcələrin verilməsində inqilabi dəyişikliklər gözlənilir - Prezidentin sərəncamı
11.12.18
Tahir Salahovla söhbət - Xalq yazıçısı Anar yazır
10.12.18
Azərbaycanın kitabxana tarixində ilk dəfə interaktiv plakat hazırlanıb
10.12.18
Varşavada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
10.12.18
2019-cu il MDB-də Kitab İli elan olunub
07.12.18
Kutay Aslantürklə Nafiə xanım haqqında söhbət - Birinci yazı
07.12.18
Sərdar Amindən yeni roman
07.12.18
Hacettepe Universitetinin professoru Mikayıl Müşfiq haqqında məruzə edib
07.12.18
Dillər Universiteti Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransında iştirak edib
06.12.18
"Qanun"dan yeni kitab: Tanrı İllüziyası
06.12.18
Cavid Ağa - Azәrbaycanda Türkologiyanın Çin mәnbәlәri ilә problemi
06.12.18
Dilçilik İnstitutunda “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib
06.12.18
“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb
06.12.18
Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib
05.12.18
Vüsal Bağırlı - Anamın səsi 
05.12.18
Moldovada ilk proza festivalı
05.12.18
Minskdə “Mənim Azərbaycanım” adlı sərgi açılıb
04.12.18
Xanəmir Telmanoğlu - Bir az günəşindən kəs şəms şəms...
04.12.18
Heydər Əliyev Sarayında Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd ediləcək
04.12.18
Nizami Gəncəvinin əsərlərinin bir neçə əlyazmasının surəti Azərbaycana gətirilib
04.12.18
Cəlil Cavanşirdən yeni şeirlər kitabı: "Miladdan sonra”
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.