Yarımçıq qalmış portretin taleyi
31.01.18

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor 

İnsan öz taleyi ilə birlikdə doğulur. İstedad da tale kimi Tanrı vergisidir. Hər ömür yaşayanın taleyi olmur. 

Tale yaşamaq çox çətindir, bunun üçün həqiqi sənətkar və alim, bütöv şəxsiyyət, tarixin və zamanın fövqündə duran nəcib və xeyirxah İNSAN olmalısan.  Cəmisi 30 il (1892-1922), lakin əsrlərə bərabər ömür yaşamış dahi rəssam Bəhruz bəy Şirəlibəy oğlu Kəngərli böyük bir tale sahibi olmuşdur. Onun taleyi yarımçıq qalmış portretə bənzəyir.

Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin qərarı ilə, anadan olmasının 125 illiyi ilə əlaqədar əbədi gənc rəssamın həyat və yaradıcılığına həsr olunmuş "Bəhruz bəy Kəngərli taleyi" (Naxçıvan, "Əcəmi" nəşriyyatı, 2017, 512 s.)  ensiklopedik xarakterli fundamental bir kitab çap olunmuşdur. Kitabın müəllifləri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və Naxçıvanda fəaliyyət göstərən bədii qrafika ustası Nizami Alıyev, redaktorları tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqovdur.

Yüksək poliqrafik şəkildə, milli kitab mədəniyyətimizin nümunəsi kimi nəşr olunmuş bu kitab tarixi - estetik məzmunu və zəngin forması ilə də diqqəti cəlb edir. Müəlliflər tərəfindən böyük zəhmət və fədakarlıqla aparılan tədqiqatlar, kitabın annotasiyasında deyildiyi kimi, "həmin nəşrlərin qüsurlu olduğunu üzə çıxarmışdır. Elə rəssam haqqında yeni kitabın yazılmasını da bu səbəb şərtləndirmişdir". Müəlliflər müstəqilliyimizin verdiyi imkanlardan səmərəli istifadə edib, Naxçıvanda, Bakıda, Gürcüstan arxivlərində Bəhruz Kəngərli ilə bağlı bu vaxtadək naməlum qalmış Sovet rejimi tərəfindən yasaq edilmiş sənədləri tapıb üzə çıxarmış, rəssamın mükəmməl həyat və yaradıcılıq bioqrafiyasını yazmış, onu təşəkkül sorağı Şumerdən, Hun imperiyasından, "Avesta"dan, "Kitabi-Dədə Qorqud"dan gələn qədim və böyük Kəngərli nəslinin 600 illik tarixi fütuhatları- qəhrəmanlıq və yaradıcılıq ənənələri kontekstində təqdim edə bilmişlər.

Kitabda Bəhruz Kəngərli taleyi Kəngərli nəslinin tarixi-mənəvi tale məcrasında təqdim olunur. Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türk tayfası olan Kəngərlilər barəsində tarixçilərimiz qiymətli tədqiqatlar aparmışlar. Bu nəsildən olan tarixçi və şair Adil Kəngərli yazır: "Kəngərli nəsli 6000 il tarixə malik olub, ilk dəfə adları Şumerlə əlaqəli çəkilib. Şumerlərin öz adı Kəngər olub, Şumer adını isə onlara akkadlar verib. Kəngərlilər mixi yazını yaratmış, ilk arabanı düzəltmiş, Orta Asiyada Kanq dövlət (e.ə. IV əsr), Azərbaycanda Salarilər dövləti (X əsr) və Naxçıvan xanlığının (XVIII əsr) əsasını qoymuşlar. Bu gün Fars körfəzi adlanan ərazi, əsrlər boyu Kəngər körfəzi adlanıb. Naxçıvanskilər məşhur Kəngərli türk tayfasının bir hissəsinə çar imperiyası dövründə verilən soyaddır".

"Bəhruz bəy Kəngərli taleyi" kitabı bir sıra orijinal məziyyətləri ilə qiymətlidir: burada rəssamın dövrü və mühiti, uşaqlıq və təhsil illəri, sənət dünyası "Qaçqınlar" silsiləsi rəsmləri, mənzərə, natürmort, teatr, səhnə qrafikası ilə bağlı əsərləri, portret rəssamlığı və qrafika sahəsində nailiyyətləri analitik təhlil olunmaqla bərabər böyük rəssam haqqında fikirlər də verilir. Kitabın "İthaflar" bölməsində Bəhruz Kəngərliyə həsr olunmuş bədii publisistik və portret əsərləri də verilir. Bu sıradan İ. Səfərlinin "Naxçıvan yadigarı" şeiri, Tofiq Mahmudun "Uzaqda dağlar görünür" povesti, Elçin İsgəndərzadənin "Rəssam və mələk" bayatı-poeması, Adil Babayev "Bəhruz" ("Yarımçıq şəkil") pyesi, Zair Vedilinin "Həmişəyaşar Bəhruz" şeiri kitaba dolğun məzmun gətirir. Faktiki olaraq Bəhruz Kəngərlinin yarımçıq portretini xəyalən tamamlamağa imkan yaradır. Kitabda verilən zəngin rəsmlər və fotoşəkillər nəzəri məlumatlarla əyaniləşdirilir, ona estetik gözəllik bəxş edir.

Bəhruz Kəngərli taleyi və sənəti haqqında bir çox şəxsiyyətlər bu qiymətli fikirləri söyləyib: Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, yazıçı-ədəbiyyatşünas Mir Cəlal, akademiklər Məmməd Cəfər, İsa Həbibbəyli, Rafael Hüseynov, sənətşünaslar Kərim Kərimov, Nurəddin Həbibov, Mürsəl Nəcəfov və başqaları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ona tarixi qiymət verib: "Bəhruz Kəngərli nadir istedada malik olan bir insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları var. Hesab edirəm ki, Azərbaycanda, o cümlədən, Naxçıvanda sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar". "Bəhruz bəy Kəngərli taleyi" kitabı bu yolda atılan qiymətli addım hesab oluna bilər.

Bəhruz Kəngərlinin əsərləri göstərir ki, sənət həyatı bir imkan kimi yenidən yaratmaqdır. Sənət ilahi ilhamın və istedadın həyatla əlaqəsidir.  Sənət təkcə həyatın yox həyatda olmayan, fəqət olmalı olanı əks etdirir. Rəssamlıq  həyatda çatışmayan boyalarla həyatı bəzəmək  deməkdir. Sənətin gücü, möcüzəsi və əbədi davam edən gözəlliyi bundadır. Həyatda gözəllik solur, sənət əbədi olaraq davam edir.

Rənglər əbədiləşmiş gözəllikdir. Gözəlliyin ölüm anı rənglər... Rəssam bu son ilahi anı boyalarla kətana köçürür. Uşaqlıqda ağır xəstəlik keçirərək eşitmək qabiliyyətini itirən Bəhruz lazımi təhsil ala bilməmiş, meylini rənglərin sehrli dünyasına salmışdır. Azərbaycanda realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin janr kimi formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlı olmuşdur. B.Kəngərli Tiflis rəssamlıq məktəbinin yetirməsidir. O, 1910-1915-ci illərdə Tiflisdə peşəkar rəssamlıq təhsili almışdır.

Bəhruz Kəngərlinin peşəkar bir rəssam kimi yüksəlməsində dünya şöhrətli "Molla Nəsrəddin" jurnalının misilsiz rolu olmuşdur. "Molla Nəsrəddin" gənc rəssam üçün bir akademiya idi. Burada onun üslubunun tamamilə yeni bir istiqaməti formalaşmışdır. Bu karikatura və satirik rəssamlıq idi. Həmin istiqamətdə istedadlı rəssam "Qoca kişi", "Toy", "Elçilik" kimi məhşur əsərlərini yaradır. 1914-cü ilin yayında Naxçıvanda 22 yaşlı rəssamın sərgisi keçirilir. Yerli ziyalılar gənc həmyerlilərinin əsərlərini yüksək qiymətləndirirlər. "İqbal" qəzeti yazır: "Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır". Tez bir zamanda tarix bu arzunu həqiqət kimi təsdiq edir.

Bəhruz Kəngərli portretçi rəssam kimi də rəssamlıqda öz imzasını atmışdır. Azərbaycan incəsənətində Kəngərliyə qədər şərtilik və dekorativlikdən tamamilə azad, müasir formalı, əsl mənada, realist xarakter daşıyan portret əsərləri olmayıb. Mənzərə əsərlərində olduğu kimi, portret əsərlərində də realizm ənənələrinə sadiq qalan rəssam, bu janrı istər məzmun, istərsə də bədii forma cəhətdən yeni keyfıyyətli realist sənət səviyyəsinə qaldırıb. O, öz portretlərini də realizm üslubunda işləyirdi. Rəssamın "Qaçqınlar" adlı silsilə portretləri Naxçıvana pənah gətirmiş qaçqınların təsvirləridir. Onların arasında ən çox uşaqların portretləri üstünlük təşkil edir. Onların məsumluğu ilə törədilən vəhşiliklər arasındakı təzadı rəssam əsl sənətkar məharəti ilə tamaşaçıya çatdırmağa çalışmışdır.

Bəhruz bəy Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib.  Bəhruz Kəngərli bütün yaradıcılığı boyu təbiətə, naturaya sadiq qalan, ona realist rəssam gözü ilə baxan bir sənətkar idi. Onun şairanə ilhamla çəkilmiş əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz Kəngərli müntəzəm işləyərək boyakarlıq və qrafık əsərləri yaradıb. Rəssam 1921-ci ildə "Qızıl əsgər" əsərini çəksə də, bu işi onun ömrünə zəmanət vermədi. Öncə qeyd etdiyimiz kimi 1922-ci ildə dünyasını vaxtsız dəyişərək xatirələrə köçdü. Tədqiqatçıların fıkrincə, Bəhruz Kəngərlinin iki minə yaxın portret, mənzərə və rəsm əsərləri əldən-ələ düşərək itmişdir. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində Bəhruz Kəngərlinin 500-ə yaxın əsəri qorunur. Naxçıvandakı muzeydə isə 50-dən çox orijinal əsəri nümayiş etdirilir. Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda da əsərləri saxlanılır. Bəhruz Kəngərlinin yaradıcılığı barədə bu günə qədər az yazılıb. Onun mənsub olduğu Kəngərli nəsli haqqında tədqiqatçılar müəyyən kitablar da çap etdiriblər. Təbii ki, indən belə də bu orijinal fırça sahibinin rənglər dünyası zaman-zaman araşdırılacaq və tədqiq ediləcəkdir. Bəhruz Kəngərlinin yaradıcılığı haqqında ən dəyərli fikirləri planetar miqyaslı siyasətçi, Ümummilli lider Heydər Əliyev demişdir: "Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun yaratdığı obrazlara görə - mən insan obrazlarını deyirəm. Xüsusən, o ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa öz əsərlərində əks etdiribdir". Bu elə qiymətdir ki, bizim hər birimizə bələdçilik edir. Yəni Bəhruz Kəngərlinin kim olduğu, Azərbaycan mədəniyyəti tarixində hansı mövqedə dayandığı tamamilə aydınlaşır. Bir daha qürur duymağa dəyər ki, Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz bəy Kəngərli kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar.

Tanrı onu dünyanın gözəl səslərini eşitməkdən məhrum etmişdi. Bəlkə də o, daha artıq dərəcədə rənglərin simfoniyasını duyar, çoxlu portret, mənzərə, natürmort əsərləri yaradardı. Ümumiyyətlə əbədi gənc rəssamın yaradıcılıq politrası zəngin və rəngaərəng idi. Bu rəngarənglik sırasında rəssamın bu gün üçün olduqca aktual "Qaçqınlar" silsiləsi bədii-fəlsəfi əhəmiyyətə malikdir. Xüsusu ilə kişi qadın, oğlan qız portretləri öz realist məzmunu ilə tarixliyə cavab verməsi ilə diqqəti cəlb edir.

Vaxtı ilə Naxçıvanda açılan ilk böyük sərgidə Bəhruz Kəngərlinin 500 əsəri nümayiş etdirilir. Bu əsərlər sırasında "Şəlalə", "Dağlıq mənzərə", "İlandağ ay işığında", "Günəş batarkən", "Ağrıdağ", "Köhnə qala", "Əshabi-kəhf dağı" kimi mənzərə rəsmləri. "Əshabi-kəhf dağı" mənzərə rəsmində Bəhruz Kəngərli müqəddəsliyin ülviyyətini əbədiləşdirməyə nail olmuşdu. Əgər "Ağrıdağ" əsərində azərbaycançılıq idealı əksini tapırsa, "Mömünə xatun türbəsi" rəsmində tarixi yaddaşımızın əbədiyyətinə inam ifadə olunur.

Bəhruz Kəngərli yaradıcılığının mühüm bir qolunu da teatr rəssamlığı təşkil edir. Dahi rəssam Rafael deyib: "Anamın bircə öpüşü məni rəssam elədi". Fəqət Bəhruz Kəngərliyə belə bir ilahi mərhəm qismət olmadı. Əfsus ki o anasını tez itirdi. İnamla demek olar ki, Bəhruz Kəngərlinin yaradıcılığı uşaq səmimiyyətidən yoğurulub. Kəngərli sənətinin mayası səmimiyyətdən tutulub. O, bu rəsmləri ilə təbiətdən əbədiyyətə yol gedir. Onun rəsmləri də, əbədi gəncdir,özü kimi əbədi gənc. Onun kətana yaxdığı rənglərinin fəlsəfəsi coşqunluq, ehtirasdır. Bu şəkillər qocalıqdan xəbərsizdir, müəllifı kimi onlar da heç vaxt qocalmayacaq.

Bəhruz Kəngərinin rəngləri günəşdən qopmuş zərrələrdi. Onun istər mənzərələrində, istər portretlərində bolluca günəş var. O, rənglər vasitəsilə kətana günəşi hopdurmağa nail olub. Onun rəsmlərinə baxanda günəşin haləsini görür, hərarətini duyursan.

Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2012-ci il tarixli sərəncamına əsasən milli təsviri sənətimizin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 120 illik yubileyi geniş qeyd olundu. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 12-22 iyun 2012-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Bəhruz Kəngərlinin yubileyinə həsr olunmuş sərgi keçirilmişdir. Sərgidə Bəhruz Kəngərlinin 80-nə yaxın əsəri nümayiş etdirilib. Dekabırm 7- də isə Naxçıvan şəhərində, Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Rəsm Qalereyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında görkəmli sənətkarın əsərlərindən ibarət sərgi təşkil olunub. Ölkə Prezidentinin müvafıq sərəncamına əsasən görkəmli rəssamın yubileyi respublikada silsilə tədbirlərlə qeyd olundu. Yubileylə əlaqədar poçt markası buraxılmış və elmi konfranslar keçirilmişdir. Rəssamın əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunmuş, "Sənətin Bəhruz zirvəsi" adlı sənədli film hazırlanmışdır. Haqqında söz açdığımız "Bəhruz bəy Kəngərli taleyi" kitabı bu işlərin fundamental yekunu oldu. Bəhruz Kəngərli yaradıcılığının çiçəkləndiyi bir dövrdə 1922-ci il fevralın 7-də vəfat etmişdir. 30 il ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruzun əsərləri Azərbaycan boyakarlıq sənətinin nadir inciləridir.

Bəhruz Kəngərli rəsmlərində qəhrəman Kəngərlilərin yenilməz ruhu əbədiləşir. Bu ruh mənə doğmadır, o mənim damarlarımdan qanımla birgə axır. /525.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.