Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (1)
21.02.18

       Müasir  İtaliya  ədəbiyyatının Dino  Butzati  (1906-1972), Alberto Moravia (1907-1990), Çezare Paveze ( 1908 – 1950), İtalo Kalvino (1923-1985) və Umberto Eko (1932-2016) kimi tanınmış klassikləri ilə bir sırada, orijinal yaradıcılığı ilə seçilən Antonio Tabukki (1943-2012) görkəmli nasir, istedadlı esse yazarı, gözəl tərcüməçi idi. A.Tabukkinin əsərləri oxucunun qarşısında müasir həyat həqiqətləri axarında cətinliklə şərh olunan düşündürücü suallar qoyur, ona qeyri-adi şəkildə qurulmuş narrativ vəziyyətlər, problematik süjetlər təklif edirdi. Yazıçının kosmopolit estetikasına xas olan reallığın illüziyası və müasir insanın ekzistensiya problemləri çağdaş italyan ədəbiyyatına özünəməxsus postmodernizm   fəlsəfəsi gətirmişdir.
      A.Tabukki yaradıcılığının tənqidi analizi onu XX əsr Avropa ədəbiyyatının ən intellektual ədiblərindən biri kimi səciyyələndirir...




FERNANDU  PESOANIN SON ÜÇ GÜNÜ


Gli  ultimi tre giorni di Fernando Pessoa
Sellerio editore Palermo
1994


Minha  patria  e  a  lingua  portuguesa
(Mənim  vətənim  portəgiz  dilidir)


        1935-ci ilin noyabr ayı. Öz qeyri-adi yaradıcılığı ilə XX əsr  Portəgiz ədəbiyyatına böyük təsir göstərmiş Fernandu Pesoa (adın və soyadın yazılışı portəgiz dilinin son transliterasiya qaydalarına əsasən) Lissabondakı San Luiş dos Frantsezi xəstəxanasında ölüm yatağındadır. Şair, orijinal yaradıcılığının məhsulu olan heteronimləri ilə görüşür, onlarla bağlı xatirələri ilə bölüşərək, axırıncı iradəsini bildirir.“Fernandu Pesoanın son üç günü” povesti, sinə daşı üzərində “Minha patria e`a lingua portuguesa” (Mənim vətənim portəgiz dilidir) sözləri yazılmış dahiyanə sənətkarın zərifliklə və ehtirasla qələmə alınmış bioqrafik və xəyali hekayətidir.         
                                    
Cəmşid  Cəmşid


     1-ci yazı

         28 noyabr 1935

   I
        Öncə üzümü qırxmalıyam, - o, dedi, - xəstəxanaya belə üzü tüklü getmək istəmirəm, lütfən, dəllək dalınca gedəydiz, o, tindəki evdə yaşayır, adı senyor Manaseşdir.
        Senyor Pesoa, axı vaxtımız yoxdur, - qapıçı qadın dedi, - taksi qapının ağzında, dostlarınız  da gəlib,  girişdə gözləyirlər.
        Vacib deyil, - o cavab verdi, - vaxt həmişə var.
        O, adətən senyor Manaseşə üzünü qırxdırarkən oturduğu balaca kresloda özünə yer eləyib, Sa - Karneyrunun şeirlərini oxumağa başladı.
        Senyor Manaseş içəri girib hamıya xeyirli axşamlar arzuladı. Senyor Pesoa, - o, dedi, - eşitdim ki, özünüzü yaxşı hiss etmirsiniz, ümid edirəm ki, elə də ciddi bir şey yoxdur.
        O, Pesoanın  boynuna dəsmal dolayıb, üzünü sabunlamağa başladı.
        Senyor Manaseş, mənə bir şey danışın, - Pesoa dedi, -  siz o qədər maraqlı əhvalat bilirsiz, dükanınızda o qədər adamlarla  görüşürsünüz ki, - mənə bir şey danışın.        
       Pesoa bu yaxınlarda tikdirdiyi qara kostyumunu geydi, papillonunu bağlayıb, eynəyini taxdı. Bayırda soyuq deyildi, ancaq yağış yağırdı. Ona görə də öz sarı yağmurluğunu da əyninə taxdı, qələmini, qeyd dəftərçəsini götürüb, pilləkənlə enməyə başaldı.
       Pilləkənin ortasında o, öz dostları Fransişku Qouvey və Armandu Teyşeyra Rebeluyla qarşılaşdı. Onlar həyəcanlı görünürdülər, əllərində suyu süzülən çətirlərini tutmuşdular. Səninlə gedirik,- dostları bir ağızdan dedi. Pesoa dalğın bir gülüşlə gülümsədi. Sağ böyründən tutan kəskin ağrı onu səmimi olmağa qoymurdu. Hər iki dostu, enməyinə yardım etmək üçün əllərini uzatdı, ancaq o, imtina edib məhəccərdən yapışdı. Vestibüldə, taksi sürücüsü ilə söhbət edən rəisini, senyor Moitinyu de Almeydanı gördü. Senyor Pesoa, mən də gedirəm, - o, mehribanlıqla söylədi, - sizinlə getmək fikrindəyəm, elə-belə çıxıb getməyinizə izin verə bilmərəm.
        Senyor Moitinyu de Almeyda, narahat olmayın - Pesoa pıçıltı ilə cavab verdi, - dostlarımdan ikisi mənimlədir, yola salacaqlar, narahat olmayın.
        Ancaq senyor Moitinyu de Almeyda qərarlı görünürdü, o, maşının qabaq qapısını açdı, Pesoa sürücünün yanında əyləşdi, onu müşaiyyət edən üç nəgər isə arxa oturacaqlarda yerləşdilər.
        Maşında gedərkən, Pesoa pəncərədən da İştrela bazilikasının qübbəsini uzun-uzadı seyr edirdi. Barokko üslubunda nəhəng qübbəsi və zəngin bəzədilmiş fasadı olan bu bazilika gözəl idi. Burada, üzbəüz bağın içində, o çox illər öncə, yeganə böyük sevgisi olan Ofeliya Keyroşa görüşlər təyin edərdi. Onlar həmin bağdakı skamyada əyləşərək utana-utana öpüşər, bir-birini əbədi məhəbbətlə sevəcəklərinə söz verərdilər. 
         Ancaq mənim həyatım məndən də, sevgimdən də güclü çıxdı, -  Pesoa pıçıldadı, - Ofeliya, bağışla məni, çünki mən yazmalıydım, yalnız yazmalı, əlimdən başqa heç nə gəlmirdi, indi isə artıq, hər şey bitmişdir.
         Taksi Parlamentin yanından ötüb, Kalsada du Kombruya çıxdı.  Xeyli illər öncə, o, bu məhəllədə kirayəlik evdə yaşayırdı. Evin sahibəsi Donya Mariya daş Vertudeş idi, onu yaxşı xatırlayırdı, altmış yaşlarında, iri sinəli, saçlarını sarı boyayan bir xanımdı, axşamlar onu albalı likörü içməyə, spiritik seanslarda iştirak etməyə dəvət edərdi. O, mərhum əri marşal Pereyra ilə əlaqə yaradar, onunla Afrikadakı müharibən və istiotun məzənnəsi barədə uzun-uzadı söhbətlər edərdi. Sonra onlar adama bir qədəh ginjinha*  içər, spirtə qoyulmuş albalı yeyər və Pesoa vidalaşaraq, deyərdi: Donya Mariya daş Vertudeş, gecəniz xeyrə, şirin yuxular. Daha sonra o, öz otağına qayıdardı. Həmin axşamlar o, Bernardu Soareşlə təmasda olar, onun adından “Narahatlıq kitabı”nı yazardı. O, Lissabon üzərində yayılan rənglər çalarına baxmaqdan ötrü dan yeri söküləndə oyanar, onları anasının Cənubi Afrikadan göndərdiyi dəri cildli dəftəçəsində qeyd edərdi.
       Rua Luj Sorianoya çatanda, onları bir polis saxladı. Keçmək olmaz, - o dedi, - yolu milliyətçilərin nümayişi üçün bağlayıblar:  orkestr gətiriblər, başqa şeylər də, nə isə, bu gün şəhər bayram edir.
       Senyor Moitinyu de Almeyda maşının pəncərəsindən boylandı. Mən doktor Moitinyu de Almeydayam, - deyə, ərklə söylədi, - biz Sao Luiş duş Fransezeş klinikasında olmalıyıq, xəstəmiz var.
         Polis kepkasını çıxarıb başını qaşıdı. Senyor, baxın - dedi, - sizə kiçik bir sapdırma etməyə icazə verirəm, bu istiqamətdə getmək qadağandır, ancaq vəziyyəti nəzərə alaraq, bunu edə bilərsiniz, buradan sağa dönün, sonra solu götürün və düz gedib çıxacaqsınız Bairo Altuya. Pesoa gülümsədi, çünki onu tanımışdı. Bu onun nadir heteronimi, neoqotik üslubda qaranlıq və əcaib bir poeziya yaradaraq, yalnız bircə dəfə  şeir yazmış Koelyu Paşeku idi. Bəs, polis paltarı geymiş Koelyu Paşekunun burada nə işi vardı? Olsun ki, onu bizə keçməli olacağımız  yolu hazırlamaqdan ötrü Ustad özü göndərmişdi. Pesoa əlini qaldırıb ona ezoterik bir işarə elədi. Koelyu Paşeku da ona ezoterik işarə ilə cavab verdi və taksi sağdakı ilk küçəyə buruldu.
          Xəstəxananın qəbul otağındakı tibb bacısı mürgü vururdu. Senyor Moitinyu de Almeyda yaxınlaşıb növbətçi həkimi soruşdu, dedi ki, vəziyyət çox ciddidir. Pesoa kürsüyə sərələnib yuxuya getdi. O, uşaqlıq illərindən parça-parça xatirələr görür, dəlixanada keçinmiş nənəsi Dionisiyanın səsini eşidirdi. Fernandu, - nənəsi ona deyirdi, - sən də mənim kimi olacaqsan, - ana necə, balası da elə,  mən səni bütün həyatın boyu müşaiyyət edəcəm, çünki həyat divanəlikdir və sən bu divanəliyi necə yaşamağı biləcəksən. 
          Mənimlə gedək, - həkim onun qoluna girdi. Onu balaca  çarpayısı olan, bərk dezinfektant qoxuyan kabinetə gətirdi. Soyunun, - həkim buyurdu. Pesoa soyundu.  Uzanın, - həkim yenə göstəriş verdi. Pesoa uzandı. Həkim onun bədənini əli ilə yoxlayaraq, müayinəyə başladı. Qara ciyərinə toxunanda, Pesoa inildədi. Halınız nə vaxt pisləşib? – həkim soruşdu. Nahardan sonra, - Pesoa cavab verdi. Bəs əlamətləri nə idi? – həkim soruşdu . Bərk ağrılar və yaşıl sıfraq, - Pesoa cavab verdi.
      Həkim tibb bacısını çağırıb xəstəni dördüncü palatada yerləşdirməyə göstəriş verdi. Sonra o, qeyd dəftərini götürüb xəstəlik tarixi qrafasında yazdı: “Hepatit böhranı”.
       Pesoa dostları ilə vidalaşdı. Senyor Moitinyu de Almeyda qalmaq istədi, ancaq Pesoa onu nəzakətlə yola saldı. O biri iki dostu ilə tələsik qucaqlaşdı. Əziz bostlarım, məni tənha buraxın, - dedi, - olsun ki, bu axşam və sabah yanıma gələnlər olacaq,  biri gün görüşərik.
       Palata, dəmir çarpayısı,ağ dolabı, balaca masası olan sadə bir otaqdı. Pesoa çarpayıya uzandı, gecə masasının üstündəki lampanı yandırdı, başını yastığa qoyub, əlini sağ böyürünün üstü ilə apardı. Xoşbəxtlikdən, ağrıları bir qədər çəkilmişdi. Tibb bacısı bir stəkan su və həb gətirib dedi: Bağışlayın, sizə iynə vurmalıyam, həkim tapşırıb.
       Pesoa bir içimlik tiryək cövhəri istədi, yuxu dərmanı idi, Bernardu Soareş olarkən, yuxuya gedə bilməyəndə, qəbul edərdi. Tibb bacısı dərmanı gətirdi, Pesoa onu içdi. Adım Katarinadır, - tibb bacısı dedi, -  bir şey lazım olsa zəngi çalın, dərhal gələrəm.

       
          Saat neçədir? – Pesoa soruşdu.
           Haradasa, gecə yarıdır, - Alvaru de Kampuş cavab verdi, - səninlə görüşmək üçün ən əlverişli vaxt, xəyallar saatı.
           Niyə gəlmisən? Pesoa soruşdu.
           Ona görə gəlmişəm ki, əgər getməyə hazırlaşırsansa, onda bir-birimizə deyəcəyimiz bəzi şeylər var, - Alvaru de Kampuş cavab verdi, - sənin ölümünə dözə bilmərəm, mən də  səninlə gedəcəm, qaranlıqlara qərq olmazdan öncə bəzi şeylər var ki, barəsində danışmalıyıq.
            Pesoa başını yastıqlardan qaldırıb dikəldi, bir qurtum su içib soruşdu: “ Yenə nələrin qəsdindəsən ?”
       Mənim əzizim, - Alvaru de Kampuş  cavab verdi, - məmnuniyyətlə qeyd edirəm ki, sən məni mühəndis deyə çağırmır və mənə siz deyə yox, təklifsiz müraciət edirsən.
       Elədir, - Pesoa cavab verdi, - sən mənim həyatıma girmisən, məni əvəz etmisən, Ofeliya ilə münasibətimin sona yetməsinə də sən səbəb olmusan. 
       Bunu sənin yaxşılığın xatirinə etmişəm, - Alvaru de Kampuş etiraz etdi, - bu azadfikirli qız sən yaşda adamın tayı deyildi, bu səhv bir evlilik olardı.
       Bir də ki, bax, sənin ona yazdığın bütün sevgi məktubları gülüncdür, məncə bütün sevgi məktubları gülüncdür, qısası, səni gülünc olmaqdan qurtardım, ümid edirəm ki, mənə minnətdarsan .
       Mən onu sevirdim, - Pesoa pıçıldadı.
       Gülünc bir sevgi ilə, -Alvaru de Kampuş yenə etiraz etdi.
       Neynək, olsun, - Pesoa cavab verdi, - yaxşı, bəs sən?
       Mənmi? - Kampuş dedi. Mən, doğrusu, məndə istehza var,  sənə heç vaxt göstərmədiyim bir sonet yazmışam, o səni narahat edə biləcək bir sevgidən bəhs edir, çünki o cavan bir oğlana həsr olunub, mənim sevdiyim və İngiltərədə məni sevən cavan bir oğlana. Nəisə,  bu sonetdən sonra sənin bastırılmış  sevgilərin barədə əfsanələr gəzəcək və bəzi tənqidçilər bundan zövq alaraq əllərini bir-birinə sürtəcəklər.
        Sən həqiqətən də kimi isə sevmisən?  - Pesoa pıçıldadı.
        Mən həqiqətən də kimi isə sevmişəm, - Kampuş alçaq səslə cavab verdi.
        Onda mən səni əfv edirəm, - Pesoa dedi, - səni əfv edirəm, mən elə düşünürdüm ki, sən həyatında yalnız nəzəriyyəni sevmisən.
        Yox, - Kampuş çarpayıya yaxınlaşaraq cavab verdi, - mən də həyatı sevmişəm və əgər öz futurist və çılğın şeirlərimdə ciddi heç nəyə nail olmamışamsa, əgər nihilist şeirlərimdə hər şeyi, hətta özümü belə məhv etmişəmsə də, sən bilməlisən ki, mən də həyatımda sevmişəm,  özü də şüurlu bir ağrı ilə.  
       Pesoa əlini qaldırıb ezoterik işarə elədi. Sonra dedi: Alvaru, səni əfv edirəm, get əbədi tanrılara, əgər sənin həyatında sevgi olubsa, heç olmasa yeganə bircə sevgi, onda əfv olunursan, çünki sən insansan və insan olmağın səni əfv edir.
       Siqaret çəkmək olarmı? – Kampuş soruşdu.
      Pesoa başı ilə təsdiqlədi. Kampuş cibindən balaca gümüş qutu çıxardı, oradan bir siqaret götürdü, onu fil sümüyündən olan uzun müştüyə taxıb yandırdı. Fernandu,- dedi, - bil ki, dekadent şair olduğum, şərq dənizlərinə səyahət etdiyim o zamanlar üçün darıxıram, eh, onda mən aya da şeir qoşa bilərdim, səni inandırıram, gecələr göyərtədə rəqslər başlayanda ay o qədər aydın, o qədər mənimki olurdu ki... Ancaq o vaxtlar mən səfeh idim, həyata rişxənd edir, mənə bəxş olunmuş yaşamdan zövq ala bilmirdim və imkanı əldən verincə həyat da duman tək seyrəlib getdi.
      Bəs,sonra ? – Pesoa soruşdu.
      Sonra mən, sanki həqiqət dərk olunanmış kimi, onu anlamaq istədim və ümidsizliyə qapıldım. Ümidsizliklə də birlikdə nihilizm gəldi, sonra artıq heç nəyə, hətta özümə də inanmırdım. İndi lazımsız əski parçası tək burada, sənin çarpayının başındayam, heç bir yerə yollanmaq üçün çamadanlarımı yığmışam və indi ürəyim boş bir güvəcdir. Kampuş masaya yaxınlaşıb siqaretini balaca çini nəlbəkidə söndürdü. Yaxşı, əzizim Fernandu, - dedi, - bunları sənə ondan ötrü demək istəyirdim ki, görünür ayrılmalı olacayıq, getməliyəm, o birilər də səni görməyə gələcəklər, bilirəm, sənin də vaxtın çox deyil, əlvida.
       Kampuş yağmurluğunu çiyninə atdı, monoklunu sağ gözünə taxdı, əli ilə tələsik bir əlvida jesti edib qapını açdı, bir anlıq ayaq saxlayıb təkrar etdi: Əlvida, Fernandu, - sonra da pıçıldadı: bəlkə də sevgi məktublarının hamısı gülünc deyil. Və qapını arxasınca bağladı.

3

      Saat neçəidi? Pesoa bilmirdi.Gecəmi idi?Yoxsa səhərmi açılmışdı? Tibb bacısı gəlib ona bir iynə də vurdu. Pesoa sağ boyründəki ağrını artıq, duymurdu. Sanki üzərinə duman çökmüş kimi, qəribə bir sükutda idi.
       O birilər, - o, düşündü, - indi o birilər də gəlməlidirlər. Əlbəttə, getməzdən əvvəl o, hamı ilə vidalaşmaq istəyirdi. Ancaq bir görüş, Ustad Kaeyru ilə görüş onu narahat edirdi. Çünki Kaeyru Ribatejudan gəlirdi, səhhəti də çox zəif idi. Lissabona nədə gələcəkdi, ikiyerlik faytondamı? Kaeyrunun dünyasını dəyişməyi doğru idi, ancaq, bununla belə o, yaşayırdı, bir-birini əvəz edən ilin fəsillərini, qışın yağışını, yayın istisini yorulmaz baxışları ilə seyr etdiyi Ribatejudakı  ağardılmış evində əbədi olaraq sağ qalacaqdı.
       O, qapının döyüldüyünü eşidib, dedi: Gəlin.
       Albertu Kaeyru xəz yaxalıqlı məxmər gödəkcə geymişdi. Bir kənd adamıydı,  bu da geyimindən məlum olurdu.
       Ave, Ustad, - Pesoa dedi, - morituri te salutant**. Kaeyru yatağa yaxınlaşıb, əllərini qoynuna qoydu. Əzizim Pesoa, - dedi, bir şey söyləməkdən ötrü gəlmişəm,  etiraf etməyimə izin verirsinizmi ?                                      
       Lütfən, buyurun, - Pesoa cavab verdi.
       Elə isə, - Kaeyru dedi, - bilin ki, gecələr sizi yuxudan oyadıb, sizə öz şeirlərini oxuyan, sizinlə qəlb haqqında söhbətlər edən o naməlum Ustad mən idim,- mən idim sizinlə O Biri Dünyadan təmasa girən.
      Əziz Ustadım, mən belə də güman edirdim, - Pesoa dedi, güman edirdim ki, bu siz idinisiz.
       Bununla belə, - Kaeyru dedi, - bu qədər yuxusuz gecələrinizə səbəb olduğuma, - sanki transa düşmüş kimi yatmayaraq, ayıq qala-qala yazdığınız gecələrə görə sizdən üzür istəməliyəm, sizə bu qədər rahatsızlıq gətirdiyimə, qəlbinizə girdiyimə görə vicdan əzabı çəkirəm.
       Siz çalışmalarımda iştirak etdiniz, - Pesoa cavab verdi, - əlimi yönəltdiniz, düzdür, yuxuma  haram da qatdınız, ancaq bunlar  mənimçün məhsuldar gecələr idi, çünki mənim ədəbi əsərlərim gecələr doğurdu, mənim əsərlərim gecələrin əsərləridir.
        Kaeyru gödəkçəsini çıxarıb çarpayının başından asdı. Ancaq bu sizə söyləyəcəyim yeganə şey deyil, - o, pıçıldadı, - bir sirr var ki, ulduzlararası fəzalar bizi ayrı salmazdan öncə onu sizə açmaq fikrindəyəm, ancaq bunu necə söyləyəcəyimi bilmirəm.
       Mənə nəsə başqa bir şey söyləyirmiş kimi, sadəcə söyləyin, - Pesoa dedi.
      Yaxşı, - Kaeyru dedi, - mən sizin atanızam. O, fasilə saxladı, seyrək sarışın saçlarına əl gəzdirib sözünə davam elədi: siz hələ uşaq ikən, mən sizə vərəmdən dünyasını dəyişmiş atanızı, əsil atanız olan Joakim de Seabra Pesoanı əvəz etmişəm. Mən onun yerini tutmuşam. 
      Pesoa gülümsədi. Mən bunu bilirdim,-dedi,-mən sizi həmişə özümə ata bilmişəm,hətta yuxularımda belə,siz həmişə mənim atam olmuşunuz, özünüzü qınamağa yer yoxdur. Ustad, siz mənimçün mənə iç dünyamı bəxş etmiş ata olmusunuz.
       Hər halda varlığım çox sadə idi, - Kaeyru cavab verdi,- mən kənddə, böyük xalamın evində qısa bir həyat yaşadım, mən yalnız ötüb keçən zamandan , ilin fəsillərindən və sürülərdən söz açırdım.
       Bəli,- Pesoa razılaşdı, - ancaq siz mənimçün gözlər və səs idiniz, - təsvir edən gözlər və Milarepa, ya da Sokrates kimi tələbələrini  öyrədən bir səs. 
       Mən, demək olar ki, təhsil görməmiş bir adamam, - Kaeyru dedi, - və mənim həyatım, təkrar edirəm, çox sadə keçib, siz isə, əksinə,  intensiv bir həyat yaşamısınız, siz Avropa avanqardçılarını şərh etmisiniz, sensualizmi və intersensualizmi icad etmişiniz, mən axşamlarımı təklikdə, kerosin çırağının işığında pasyans düzməklə keçirəndə, siz paytaxtın ədəbi kafelərinə baş çəkirdiniz, bu necə ola bilər ki, mən dönüb sizin atanız və Ustadınız olum ?
        Həyat dərk olunmazdır, - Pesoa cavab verdi,- heç nə istəmə, heç nəyə də inanma, hər şey gizlidir.
        Bəli, - Kaeyru dedi, - ancaq mən bir də soruşuram, bu necə ola bilər ki, mən dönüb sizin atanız və Ustadınız olum? 
        Pesoa yastıqların üzərində dikəldi. Çətinliklə nəfəs alır, otaq gözləri önündə yırğalanırdı.
        Yaxşı, əzizim Kaeyru, deyərəm - o, cavab verdi, - iş ondadır ki, mənim bir yol göstərənə və koaqulyanta ehtiyacım vardı, bilmirəm məni anlayırsız ya yox, əks halda həyatım dağılıb parça-parça olmuşdu, ancaq sizə minnətdarən, mən həmin o birləşdirici elementi tapdım və  əslində sizi özümə ata və Ustad seçdim.
        Beləliklə, sizə gətirdiyim hədiyyəni təqdim etmək istəyirəm, - Kaeyru dedi, - nəsrlə yazılmış bir neçə misra şeirdir, onları artıq heç vaxt çap etdirməyəcəm, çünki məni tərk edirsiz, ucadan oxuyacam, onlar sizə olan sevgimin ifadəsidir. Kaeyru cibindən bir vərəqə çıxartdı, uzağı görmədiyindən, gözərinə yaxınlaşdırıb oxudu: Bütün bu üzün illər boyi həmişə aya baxmışam, ancaq mənim baxışım onun baxışı, mənim üfüqümü müəyyən edən təpə onun sadə və füsunkar üfüqü olsun deyə, aydın bir baxışla öz oğluma və şagirdimə göz qoymuşam.
        Gözəl şeirdir, - Pesoa dedi,- Ustad Kaeyru, sizə təşəkkür edirəm, mən onu özümlə Ora aparacam.
        Siz mənim adımdan o qədər şeirlər yazmısınız ki, - Kaeyru davam elədi, - mən də, ayrıca olaraq, şəxsiyyətinizə həmişə heyran qalan birisinin minnətdarlıq duyğuları ilə sizə öz təşəkkürümü  bildirmək istəyirəm.
        Pesoa gözlərini bir anlıq yumdu. Gözlərini açanda otaq boş idi. Tibb bacısını çağırmaqdan ötrü zəngi caldı. Bu gün hansı gündür? – deyə soruşdu.
       1935 –ci ilin 28 noyabrı, gecədir, - tibb bacısı cavab verdi, -  bir şey lazım deyil?
        Xeyr, sağ olun, - Pesoa cavab verdi, - yalnız dinclik.

Ardı var
 _____________________________________     
* ginjinha – jinjinya, albalı likörü  (port.)
** Ave Ustad... – Ave, Caesar, morituri te salutant (Salam, Sezar, ölümə gedənlər səni salamlayırlar, lat.) - Qədim Romada döyüşə çıxan qladiatorların İmperatora ünvanladığı ənənəvi ifadədən.

 

İtalyan dilindən tərcümə edən:
Cəmşid Cəmşidov

 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.