Əvəzsiz mənəvi sərvət, möhtəşəm abidə
24.02.18

Fevralın 23-də Xalq Bankın əsas binasında yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunmuş üçcildlik “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun təqdimatı keçirildi.

Azərbaycan xalqının mədəni irsinin ayrılmaz tərkib hissəsi olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Ölkənin görkəmli elm və sənət xadimlərinin iştirakı ilə keçirilən təqdimatı giriş sözü ilə Milli Məclisin deputatı, akademik Nizami Cəfərov açdı. Tədbirdə iştirak edən qonaqlar “Xalq Əmanəti” layihəsi haqda xoş sözlər söyləyərək, təqdim edilən antologiyanı Azərbaycan mədəniyyətində olduqca əhəmiyyətli hadisə adlandırdılar. Oxucularımız tərəfindən”Aşıq Ədəbiyyatı Antologiyası”na marağı nəzərə alaraq nəşrin tərtibçilərindən biri olanfilologiya elmləri doktoru, professor Mahmud Allahmanlının “Əvəzsiz mənəvi sərvət, möhtəşəm abidə. (Xalqın yaddaş kitabı) məqaləsini diqqətinizə çatdırırıq:

Mahmud ALLAHMANLI

Xalqın zəngin mədəni irsi, mənəvi dəyərlərinin toplanması və gələcək nəsillərə ötürülməsi ən ümdə məsələlərdən biri kimi elmi-mədəni mühiti həmişə düşündürmüşdür. “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bankın son səkkiz ildə həyata keçirdiyi möhtəşəm işlər tarixi ənənənin yaşarılığının bariz nümunəsidir. Bu illər ərzində maliyyə qurumunun nəşr edib oxuculara hədiyyə etdiyi dəyərli kitab və bədii albomlar sırasına üç cildlik “Aşıq Ədəbiyyatı” antologiyası (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) da əlavə olundu və şübhəsiz, bu toplunun yaranması xalqımızın milli-mənəvi mədəniyyətinə dərin hörmət və sevginin ifadəsidir. Olduqca nəfis tərtibatda təqdim edilən antologiya bir sıra özəlliklərə malikdir - ilk növbədə onu qeyd etmək lazımdır ki, ilk dəfə olaraq xalqımızın əsrlər boyu nəsillərdən-nəsillərə ötürərək qoruduğu aşıq ədəbiyyatı nümunələri, eləcə də böyük ustad-sənətkarlarımız Dədə Qorquddan üzü bəri bir toplu halında cəmlənir. Bankın layihə çərçivəsində gördüyü işlər, layihənin davamlı olaraq həyata keçirilməsi, eyni zamanda, xalqımızın mədəni irsinin zənginliyi bu sahədə görüləsi işlərin çox, “Xalq Əmanəti” layihəsinin isə ömrünün uzun olacağını düşünməyə əsas verir.

Bu yerdə onu da qeyd edək ki, XVIII əsrdən başlayaraq xalq ədəbiyyatının toplanması, nəşri və öyrənilməsi üzrə görülən işlər artan xətt üzrə inkişaf etmişdir. Azərbaycanın çar Rusiyasının tərkibində olduğu dövrlərdə də bu proses davam etmiş və gərəkli addımlar atılmışdır. Əfsanə, rəvayət, nağıl, dastan, bayatı, nəğmə, atalar sözü və məsəllərin, aşıq yaradıcılığı nümunələrinin ilk örnəkləri özünə ayrı-ayrı toplularda və mətbuat səhifələrində yer etmişdir. “Koroğlu”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz” və s. kimi möhtəşəm sənət abidələrindən müəyyən parçalar mətbuat səhifələrində dərc edilmişdir. M.Mahmudbəyovun, T.Bayraməlibəyovun, R.Əfəndiyevin, S.Vəlibəyovun, H.Ə.Qayıbovun, E.Sultanovun, Y.V.Çəmənzəminlinin, S.M.Qənizadənin, V.Xuluflunun, F.Köçərlinin, H.Zeynallının, M.Vəlizadənin, S.Mümtazın, H.Əlizadənin və başqalarının xüsusi xidmətləri olmuşdur. Onlar xalq ədəbiyyatının toplanaraq nəşr edilməsiningərəkliyini zamanında dərk etmiş və bu yöndə fəaliyyətləri ilə gələcək nəsillər üçün örnək olmuş, folklor nümunələrinin toplanması, nəşri, öyrənilməsi qaydalarının üsul və yollarını mənimsətmişlər. Zəngin təcrübə, görülən gərəkli işlər son olaraq orijinal, həm də daha mükəmməl bir nümunənin ortaya çıxması ilə nəticələnmişdir. Qarşımızda olan “Aşıq Ədəbiyyatı” antologiyası üçcildliyi yuxarıda adıçəkilən amillərin bir müstəvidə birləşməsinin nəticəsidir.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqın mədəni irsinin toplanması və öyrənilməsi, mənəvi dəyərlərimizin təbliği və dünyaya tanıdılması işi strateji əhəmiyyəti ilə dövlət siyasətinin bir qoluna çevrilmişdir. Muğam sənətinin, Novruz bayramının, xalça sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu sahəyə böyük diqqətin bariz göstəricisidir. Aşıq yaradıcılığı da bu sıradadır və 2009-cu il sentyabrın 28-də Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aşıq sənətinin öyrənilməsi və təbliği istiqamətində gördüyü ciddi işlər sayəsində YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Məhz bu səbəbdən aşıq sənəti bəşəriyyətin mədəni irsinin ən qədim sahələrindən biri kimi daha geniş və təfərrüatlı təhlilləri, araşdırmaları zəruri edir.

“Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan üçcildlik “Aşıq ədəbiyyatı” antologiyası məqsədyönlü, düşünülmüş fəaliyyətin nəticəsi olaraq yaranmış və bütünlükdə xalq sevgisi ilə yoğrulmuşdur. Onu da demək lazımdır ki, aşıq ədəbiyyatının klassik nümayəndələrinin ayrı-ayrı vaxtlarda mətbuat səhifələrində, müxtəlif toplularda şeirləri çap olunmuş, onların həyat və yaradıcılığı haqqında məlumatlar toplanıb geniş ictimaiyyətə çatdırılmışdır.  “Tiflisskie vedomosti”, “Kavkaz”, “Kavkazskiy vestnik”, “Novoe obozrenie”, SMOMPK (Qafqaz xalqları və ərazilərinin təsvirinə dair materiallar toplusu) və digər rusdilli mətbuat səhifələrində çap olunan məqalələr bütünlükdə Qafqaza, onun maddi-mənəvi mədəniyyətinə marağın nəticəsi idi. Əlbəttə, burada çar Rusiyasının siyasi maraqları, Qafqazı öyrənmək istəyi də vardır və indi həmn qəzet və jurnal səhifələrində olan materiallar Azərbaycan folklorşünaslığının tarixini, keçdiyi inkişaf mərhələlərini araşdırmaq üçün əsaslı mənbədir. Daha sonra milli mətbuatda - “Əkinçi”, “Şərqi-Rus”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Məktəb”, “Dəbistan”, “Təkamül”, “Rəhbər”, “Zənbur”, “Tazə həyat”, “Açıq söz”, “Maarif və mədəniyyət”, “Dan ulduzu”, “Maarif işçisi”, “Azərbaycanı öyrənmə yolu”  və s. dərgi və qəzetlərdə xalq yaradıcılığı nümunələrindən müxtəlif örnəklər işıq üzü görmüşdür. Son dövrlərdə Azərbaycan folklorşünaslığı milli ədəbiyyatımızın ən qədim nümunələrinin tədqiqi, toplanıb ortaya çıxarılması və nəşri istiqamətində mühüm nailiyyətlərə imza atmaqdadır.

Antologiyaya daxil edilən nümunələr müxtəlif mənbələrdən zərrə-zərrə toplanaraq, dərindən tədqiq edilərək xalqımızın əmanəti şəklində yenidən xalqa qaytarılır. “Xalq Əmanəti” layihəsi bununla bir neçə nəcib məqsədə qulluq edir. Həm oxucuları milli mədəniyyətimizin sütunlarından biri olan aşıq ədəbiyyatı ilə yaxından tanış edir,  həm ölkədə kitabçılıq mədəniyyətini inkişaf etdirir, həm də milli mədəniyyətimizin ən dəyərli qatlarından birini yenilənmiş şəkildə xalqa təqdim edir, yaddaşları təzələyir. Təsəvvür edin, nə qədər möhtəşəm sənət abidələrimiz vaxtında yazıya alınmadığı səbəbindən yaddaşlardan silinmiş, günümüzə çatmamışdır.

Aşıq yaradıcılığı zəngin tarixi, böyük tarixi-mədəni əhəmiyyəti və keçdiyi yolun keşməkeşləri ilə ciddi və həm də əsaslı bir mənzərəni sərgiləyir. Burada xalqın zəngin mədəniyyət təsəvvürləri, əxlaq qaydaları, arzu və istəkləri, qayğıları, qurub yaratmaq amalı, yaşam idealları və s. yaşam kateqoriyaları cəmlənir. Təqdim olunan antologiyada ustadların yaradıcılığından verilmiş seçmələr bunun nümunəsi olaraq xalqla aşığın vəhdətini ehtiva edir, xalqın əvəzsiz, şəriksiz yaradıcılıq sahəsinin - aşıq sənətinin fövqəladə əhəmiyyətini nümayiş etdirir. Azərbaycan xalqının bəşər mədəniyyətində yerini, təmsil etdiyi dəyərləri, aşıladığı idealları göstərir.

“Xalq Əmanəti” layihəsinin bizə bəxş etdiyi üçcildlik həm həcm, həm də keyfiyyət baxımından aşıq ədəbiyyatı mövzusunda olan nəşrlərdən fərqlənir. Belə ki, topluya daxil edilən poetik nümunələr, məhəbbət və qəhrəmanlıq dastanlarının hər biri öz məzmun bitkinliyi, tərkibgenişliyindən əlavə, həm də əsərlərin mövcud olan müxtəlif versiyalarının tədqiqi, ilkin variantların bərpası, daha mükəmməl mətnlərin seçilməsi ilə əhəmiyyətlidir. Birinci cilddə ustad sənətkarların yaradıcılığından verilən nümunələr bütünlükdə aşıq yaradıcılığının tarixini özündə ehtiva edir.

Məlum olduğu kimi, aşıq yaradıcılığı günümüzə qədər zəngin inkişaf yolu keçmiş, aşıqlar xalqın ruhunun, varlığının ifadəçisi funksiyasını yerinə yetirmişdir.  Ulularımız qədim dövrlərin, orta əsrlərin keşməkeşlərini sazla-sözlə, ustadların çalıb-çağırmaları ilə birgə adlamışdır - Qurbaninin, Abbas Tufarqanlının, Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Səmədin, Aşıq Valehin, Xəstə Hasanın, Urfaninin, Ağ Aşığın, Aşıq Alının, Varxiyanlı Məhəmmədin, Aşıq Ələsgərin, Aşıq Hüseyn Şəmkirlinin, Yəhya bəy Dilqəmin, Aşıq Hüseyn Bozalqanlının, Molla Cumanın, Aşıq Şenliyin və onlarla başqa ustadların zəngin bədii irsi təkcə öz dövrünün poetik mənzərəsini əks etdirmir. Bu ustadların hər birinin bizə ötürdüyü biliklər ümumilikdə xalqın tarixi yaddaşına, mədəni-məişət ənənələrinə, mifoloji təsəvvürlərinə, bədii düşüncəsinin inkişafına, sənətin tarixinə işıq tutur.

Təkcə onu demək kifayətdir ki, kitabda yüz altmış səkkiz aşığın yaradıcılığından nümunələr verilmişdir və bu da indiyədək nəşr olunan toplular arasında həcm və sənətkar sayı baxımından ən dolğun və əhatəli məcmudur.

Toplunun birinci  cildi (“Aşıq poeziyası”) Dədə Qorquddan bu yana yaşayıb-yaradan ustadları əhatə etməklə zaman baxımından da xalqımızın sənət haqda təsəvvürlərini əks etdirən əsaslı mənbə kimi mühüm əhəmiyyət kəsb edir. Belə ki, ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud” dastanlarından bir sıra poetik parçalar seçilərək aşıq poeziyası nümunələri kimi topluya daxil edilmişdir. “Eldən-elə, bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilə” deyən Dədə Qorqudun bu sətirləri birbaşa ozanla aşığın sənət şəcərəsinin bir müstəvidə, bir xətt üzərində var olduğunu və eyni sənətin müxtəlif mərhələlərini təcəssüm etdirir. Ona görə də “Aşıq poeziyası” cildinin məhz Dədə Qorqudla başlaması təbii, eyni zamanda, olduqca vacib və prinsipial bir məsələ idi.

Nəşrin özünəməxsusluğunun əhəmiyyətini artıran amillərdən biri xalqın mənəvi yaddaşına dastan qəhrəmanları kimi daxil olmuş sənətkarların, ustadların yaradıcılığından nümunələrin daxil edilməsidir. Məsələn, “Koroğlu” dastanından Koroğlunun, Cünunun, “Əsli və Kərəm” dastanından Kərəmin, “Aşıq Qərib” dastanından Qəribin, “Tahir və Zöhrə” dastanından Tahir Mirzənin, “Valeh və Zərnigar” dastanından Məsum Əfəndinin, Zərnigarın, “Yetim Aydın” dastanından Aydının, “Əmrah” dastanından Əmrahın və digərlərinin real sənətkar kimi bədii məkana gətirilməsi məsuliyyətli və həm də gərəkli addımdır. Düzdür, müxtəlif dövrlərdə folklorşünaslar arasında belə mülahizələr, oxşar fikirlər səslənmişdir. Adıçəkilən qəhrəmanlar ilk dəfə olaraq aşıq, tarixi şəxsiyyət kimi təqdim edilmişlər. Xalqın hafizəsində dastan qəhrəmanı kimi daşlaşmış bu ustadlar məhz bədii qəhrəman kimi xalqın mənəvi dəyərinə çevrilmişlər. Türk xalqlarının, eləcə də dünya xalqlarının bədii düşüncəsində bu cür hallar kifayət qədərdir. “Koroğlu” dastanının yeddi məclisini tərcümə edən məşhur fransız yazıçısı J.Sand Koroğlu haqda yazarkən “...onun şairliyi haqqında hekayələr Homerin vaxtında Troya müharibəsinin hekayələri qədər məşhurdur” söyləyirdi. Böyük S.Vurğunun sözlərinə görə, “Koroğlunun hansısa qəhrəmanlığı tarixin müəyyən dönəmində unudula bilər, ancaq şair Koroğlu xalqla birlikdə yaşayacaqdır. Şəxsiyyət, aşıq kimi unudulan Dədə Qorqud, Dədə Kərəm, Aşıq Qərib, Tahir Mirzə və b. dastan qəhrəmanı kimi xalqın yaddaşında əbədiləşmişdir”.

Bu baxımdan da tarixi-mədəni anlamda antologiyanın birinci cildinin əhəmiyyəti olduqca böyükdür.

Antologiyanın dəyərini artıran maraqlı məqamlardan biri müəllifi bilinməyən aşıq şeirlərinin burada özünə yer almasıdır. Məlumdur ki, müəllifsizlik amili şifahi xalq yaradıcılığının xüsusiyyətlərindən biridir. Aşıq yaradıcılığında isə müəllifsizlik olduqca maraqlı və nadir haldır. Ancaq ayrı-ayrı tədqiqatlar belə halların mövcudluğunu təsdiqləyir. Bu baxımdan müəllifi məlum olmayan şeirlərin bir başlıq altında toplanaraq nəşrə salınması, həm də adları bizə məlum olmayan sənətkarların ruhuna dərin sayğının ifadəsidir.

Antologiyanı forma nöqteyi-nəzərindən gözəlləşdirən, onun bədii dəyərinə rəng qatan, zəngin məzmununu rəssamın nəfis zövqü və incə fırçası ilə canlandıran illüstrasiyalar isə ayrıca bir tədqiqatın mövzusu ola bilər. Bircə onu qeyd etməliyik ki, aşıq yaradıcılığının ümumi məzmununa uyğun illüstrasiyaların çəkilməsi olduqca təqdirəlayiq bir haldır. Şübhəsiz, bu cür peşəkar yanaşma kitabçılıq ənənəsinə böyük töhfədir və mədəniyyətimizin dünyaya tanıdılması işində effektiv vəsaitə çeviriləcəkdir. Antologiyanın oxucu üçün bədii dəyərini artıran məqamlardan biri də bir sıra sənətkarların əsərlərinin ilk dəfə bu topluda nəşr olunmasıdır.

Nəşrlə bağlı daha bir maraqlı məqamı vurğulamaq istərdik, 2015-ci ilin əvvəllərində layihə üzərində işlərkən, biz, o zaman Azərbaycan Aşıqlar Birliyinin sədri olan, aşıq sənətinin görkəmli bilicisi Xalq şairi Zəlimxan Yaquba müraciət etdik və ondan antologiya üçün məqalə yazmasını xahiş etdik. Daim “Xalq Əmanəti” layihəsinin poetik toplularının təqdimatlarında iştirak edən şairimiz gördüyümüz işə çox sevindi, xeyir-duasını verdi və nəşr üçün mütləq məqalə yazacağına söz verdi. Yazdı da... Amansız xəstəlik onu taqətdən salsa da, o, öz sözünə sadiq qaldı. Əfsuslar olsun ki, antologiyanı görmək Zəlimxan Yaquba qismət olmadı, “Aşıq poeziyası” cildinə daxil olan “Dahilik, müdriklik və sadəlik” məqaləsi isə böyük şairimizin ömrünü həsr etdiyi poeziya sənətinə son töhfələrindən biri oldu.

Bütün sadalananları nəzərə alaraq tam məsuliyyətlə qeyd edə bilərik ki, “Xalq Əmanəti” layihəsinin xalqımıza bəxş etdiyi “Aşıq Ədəbiyyatı” antologiyası nəsillərin, əsrlərin nəhəng təcrübəsinin, qədim ənənələrinin və saf arzularının sənət qatında bir-birinə qovuşaraq yaranan bir abidədir. Və böyük oxucu kütləsi üçün nəzərdə tutulmuş bu abidə xalqımıza bir ərməğandır, əsl Xalq Əmanətidir!

Antologiyanın ikinci cildində qəhrəmanlıq, üçüncü cildində isə məhəbbət dastanları toplanmışdır. Bu dastanlarda Azərbaycan xalqının mədəniyyəti, tarixi, bədii-fəlsəfi düşüncəsinin bütün çalarları öz ifadəsini tapmışdır. Burada vurğulanmalı, özünəməxsusluğu ehtiva edən kifayət qədər ciddi məqamlar vardır. Ən birincisi, hər bir dastanın mövcud olan variantları tədqiq edilmiş, mətnlərin müqayisəli təhlili aparılmışdır. Onların arasından seçilərək daha dolğun, daha uğurlu versiya kitaba daxil edilmişdir. Məlumdur ki, “Koroğlu”, “Qaçaq Kərəm”, “Qandal Nağı”, “Qaçaq Tanrıverdi”, “Qaçaq Süleyman”, “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Əmrah” və s. dastan nümunələrinin bir sıra variantları müxtəlif zaman kəsiklərində ustad sənətkarların dilindən yazıya alınaraq çap olunmuşdur. Bəzi dastanların mətnləri arxivlərdə qorunub saxlanılır.

Antologiyanın həm tarixi, həm də bədii əhəmiyyətini artıran əsas amillərdən biri də sovet senzurasının “redaktəsinə” məruz qalmış müxtəlif epizod və hadisələrin, əhvalatların bərpa olunmasıdır. Eyni zamanda, xalqımızın dini təsəvvürlərini əks edən mətn və şeirlər sovet redaktəsindən azad edilərək ilkin, əsas versiyalarında kitaba daxil edilib. O da məlumdur ki, dastan - xalqın tarixini, ilkin təsəvvürlərini, keçdiyi inkişaf yolunu, bədii düşüncəsini, poeziya və təhkiyə üsullarını araşdırmaq və öyrənmək üçün müstəsna imkanlara malikdir. Daha doğrusu, dastan xalqın şifahi dərsliyidir ki, ustadların yaddaşında el-el, oba-oba yüzillər boyu məclisləri dolaşmış, atadan-oğula, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır. Ən dəqiq, ən dürüst tarix kimi əvəzsiz olan bu nümunələr bir epizodda, cümlədə və ifadədə bəzən elə sirləri qoruyur ki, onları açmaqla ciddi müşküllərin üstünə işıq salmaq mümkün olur. Məhz buna görə də “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunmuş “Aşıq Ədəbiyyatı” antologiyası xalqın yaddaş kitabı kimi əvəzsizdir.

Yenililklər
13.08.20
MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
13.08.20
Mədəniyyət nazirinə müşavir təyin edilib
13.08.20
Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
13.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.