Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (2)
06.04.18

       Müasir  İtaliya  ədəbiyyatının Dino  Butzati  (1906-1972), Alberto Moravia (1907-1990), Çezare Paveze ( 1908 – 1950), İtalo Kalvino (1923-1985) və Umberto Eko (1932-2016) kimi tanınmış klassikləri ilə bir sırada, orijinal yaradıcılığı ilə seçilən Antonio Tabukki (1943-2012) görkəmli nasir, istedadlı esse yazarı, gözəl tərcüməçi idi. A.Tabukkinin əsərləri oxucunun qarşısında müasir həyat həqiqətləri axarında cətinliklə şərh olunan düşündürücü suallar qoyur, ona qeyri-adi şəkildə qurulmuş narrativ vəziyyətlər, problematik süjetlər təklif edirdi. Yazıçının kosmopolit estetikasına xas olan reallığın illüziyası və müasir insanın ekzistensiya problemləri çağdaş italyan ədəbiyyatına özünəməxsus postmodernizm   fəlsəfəsi gətirmişdir.
      A.Tabukki yaradıcılığının tənqidi analizi onu XX əsr Avropa ədəbiyyatının ən intellektual ədiblərindən biri kimi səciyyələndirir...



FERNANDU  PESOANIN SON ÜÇ GÜNÜ

Gli  ultimi tre giorni di Fernando Pessoa
Sellerio editore Palermo
1994

Minha  patria  e  a  lingua  portuguesa
(Mənim  vətənim  portəgiz  dilidir)

        1935-ci ilin noyabr ayı. Öz qeyri-adi yaradıcılığı ilə XX əsr  Portəgiz ədəbiyyatına böyük təsir göstərmiş Fernandu Pesoa (adın və soyadın yazılışı portəgiz dilinin son transliterasiya qaydalarına əsasən) Lissabondakı San Luiş dos Frantsezi xəstəxanasında ölüm yatağındadır. Şair, orijinal yaradıcılığının məhsulu olan heteronimləri ilə görüşür, onlarla bağlı xatirələri ilə bölüşərək, axırıncı iradəsini bildirir.“Fernandu Pesoanın son üç günü” povesti, sinə daşı üzərində “Minha patria e`a lingua portuguesa” (Mənim vətənim portəgiz dilidir) sözləri yazılmış dahiyanə sənətkarın zərifliklə və ehtirasla qələmə alınmış bioqrafik və xəyali hekayətidir.         
                                    
Cəmşid  Cəmşidov


2-ci yazı

29 noyabr 1935
__________________________________________________________
                                         
  1


       Pesoa qapının döyüldüyünü eşidib, gəlin, - dedi. Qapı aralandı, ancaq içəri heç kim keçmədi. Gəlmək olar? - titrək bir səs soruşdu.
       Gəlin, - Pesoa dedi,- xahiş edirəm.
      Astanada bir nəfər göründü və qapını nəzakətlə arxasınca bağladı. Pesoa onu tanımadığından soruşdu: Siz kimsiz, lütfən buyuraydız...?
      Mən Rikardu Reyşəm, - gələn adam otağa daxil olaraq cavab verdi, -  öz xəyali Braziliyamdan qayıtmışam.
      Gör neçə illərdir görüşməmişik, - Pesoa dedi, - neçə-neçə illər, məni bağışlayın, çox dəyişmisiniz,  tanıya bilmədim.
      Rikardu Reyş stulu götürüb, çarpayının yanına çəkdi. Etiraz etmirsizsə oturardım, - dedi, - bərədə yol gəlmişəm, dəniz xəstəliyim var, ürəyim bulanırdı, ona görə də özümü yaxşı hiss etmirəm.
      Yaxşı, bəs haralarda gizlənmişdiniz? – Pesoa soruşdu, - Braziliyanın hansı tərəfində idiniz ki, sizinlə əlaqə yarada bilmirdim.
      Rikardu Reyş burnunu çəkdi. Əzizim Pesoa, bir şeyi sizə etiraf etməliyəm, deyə o, donquldandı, - Braziliyaya gedib eləməmişdim, bunu, siz də qarışıq, hamını inandırmaqdan ötrü etmişdim, əslində  burada, Portəgizdə idim, kiçik bir kənddə gizlənirdim.
      Pesoa yastıqların üzərində dikəlməyə cəhd edərək soruşdu: “Deyirsiz, haradaydız?”
      Rikardu Reyş səsini azaltdı, sanki Pesoadan başqa kimsə də onu eşidə bilərdi. Azeytaoda, - deyə o, donquldandı, - Azeytaodaydım.
      Azeytao...Azeytao..., - Pesoa cavab verdi, ad mənə nəsə tanış gəlir, pendiri yadıma salır. 
      Düzdür, - Rikardu Reyş qürurla söylədi, Azeytao pendiri, Vila Nogeyra de Azeytao, Lissabonun bir neçə kilometrliyində, Tejudan dərhal sonra, Alenteju başlayan yerdə kənddir.  Rikardu Reyş bir daha burnunu çəkib, öskürdü. Mən orada, dostlarımın balaca malikanəsində gizlənirdim,- o, davam elədi,- bütün bu illəri kənddə keçirdim, evimlə   üzbəüz yüz illik tut ağacı var, bütün pindarsayağı odalarımi da, Horatsius ruhunda şeirlərimi də onun altında yazmışam.
       Bəs necə dolanırdınız, - Pesoa soruşdu, - harada işləyirdiniz?
       Hə, - Rikardu Reyş cavab verdi, - bir həkim üçün həyatda keçinmək çətin deyil, yetər ki, elə həkimlik edəsən, kənd həkimi idim, bütün Serra da Arrabidada  xəstələrim vardı.
       Öz əsil adınız altında işləyirdiniz?
       Əlbəttə, - Rikardu Reyeş təsdiqlədi, - qapımda üzərində “Həkim Rikardu Reyş” yazılmış lövhə vardı və bütün camaat adımı bilirdi.
       Və siz, sözsüz ki, monarxist idiniz,- Pessoa dedi, - respublikaya qarşı idiniz , ona görə də  demişdiniz ki, Braziliyaya sürgünə gedirsiniz.
        Rikardu Reyş utancaq, sıxıntılı bir gülüşlə gülümsədi. Bilirsiz, bu bir zarafat idi, - o, cavab verdi,- sensualist  neoklassik bir şairin respublikanı və respublikaçıların vulqarlığını rədd etməsi mənə yarıyırdı, həmişə Sezarı, Markus Aurelius kimi şeirlərimə qiymət verə biləcək bir imperatoru arzulamışam, respublikaçıların arasında hazırlıqli  bir insan yox idi, hamısı iddialı  idi və yalnız Auquste Komteni oxumuşdular, onlar Horatsiusu və Pindarosu necə qiymətləndirə bilərdilər? 
        Sizi başa düşürəm, - Pesoa  içini çəkərək dedi. Ətrafa uzun sükut çökdü. Onlar dəhlizdən gələn ayaq səslərini eşitdilər, kimsə də palatanın yanından keçib getdi, ancaq heç kim içəri girib onları narahat etmədi.
        Bəs, sonra nə?- Pessoa soruşdu.
        Sonrası odur ki, - Rikardu  Reyş cavab verdi, - sizə bunu söyləmək, sirrimi açmaq istəyirdim, bilin ki, Azeytaoda olmağıma baxmayaraq, bir stoik həyatı yaşamışam. 
        Stoik həyatını harada istəsən yaşaya bilərsən, - Pesoa cavab verdi.
        Mən özümü çiçəklərdən çələng hörməyə həsr etmişəm, - Rikardu Reyş dedi.
        Nə demək istəyirsiz ? - Pesoa soruşdu.
        Onu demək istəyirəm ki, - Rikardu Reyş cavab verdi,- mən bütün şeirlərimdə Neera və Lidiya üçün çələng hörürəm, indi də çələng hörürəm, sizin səyahətiniz üçün, birdən əgər Stiksin buzlu suları arxada qalırkən görüşümüz baş tutarsa...
         Əzizim Rikardu Reyş, sizin ideal çələnginizi qəbul edirəm, - Pesoa dedi, - sizdən rica edirəm öz balaca kəndinizdə yaşamağa davam edin, mən olmasam da, pindarsayağı şeirlərinizi yazmaqdan qalmayın, mənə öz sirrinizi açdığınıza görə çox şadam, ancaq inanın, mən bunu öncədən  bilirdim.
        Doğrudan? - Rikardu Reyş heyrətlə soruşdu.
        Doğrudan, - Pesoa cavab verdi, - sizə Azeytaoda heç vaxt baş çəkməmişəm, çünki prinsipial olaraq Lissabonu heç vaxt tərk etməmişəm, çünki prinsipial olaraq  heç vaxt səyahət etmək istəməmişəm, ancaq həmişə bilmişəm ki, siz burada, iki addımlıqda yaşayırsınız, bunu mənim şeirlərim barədə səmimi şeylər yazan bir dostum da təsdiqləyib.
        Rikardu Reyş qalxdı. Deməli mən sizə əlvida deyə bilərəm, - dedi.
        Mən də vidalaşıram, - Pesoa cavab verdi, - sizinlə vidalaşır və sizi mən olmayanda da, şeir yazmağa dəvət edirəm.
        Ancaq bunlar apokrifik şeirlər olacaq,- Rikardu Reyş cavab verdi.
        Vacib deyil, - Pesoa dedi, - apokriflər poeziyaya ziyan gətirmirlər və mənim əsərim o qədər genişdir  ki, apokriflərə də davam gətirə bilər, əzizim Rikardu Reyş, salamat qalın, biz Avernonu dövrələyən qara çayın o biri sahilində görüşəcəyik.
        Pesoa başını yastığa atıb uyudu. Bu bir anmı, yoxsa saatlarmı  çəkmişdi, deyə bilmirdi.

                                                                  2

         Pesoa oyandı, abajurlu balaca çırağı yandırıb, gecə masasının üstündıki saatını axtarmağa başladı. Saat üçü göstərirdi, ancaq yatmışdı. Pesoa anladı ki, zaman duyumunu itirib. Zəngi çalmaq istədi, ancaq əl saxladı, çünki elə həmin an qapının döyüldüyünü eşitdi.
          Cənab Pesoa, gəlmək olar? - bir səs soruşdu.
          Pesoa buyurun dedi və içəri bir nəfər keçdi. Əlində məcməyi  tutmuşdu,qapının ağzında dayandı, ancaq Pesoa onu tanımadı, çünki özü eynəksiz , otaq isə yarıqaranlıq idi.
          Siz kimsiz?-Pesoa soruşdu.
          Sizin dostunuz Bernardu Soareşəm, - gələn adam cavab verdi, - eşitdim ki, xəstəxanadasız, sizə baş çəkmək istədim.
          Bernardu Soareş yatağa yaxınlaşıb, məcməyini dolabçanın üstünə qoydu. Sizə şam yeməyi gətirmişəm, - dedi, - onu sizinlə həmişə görüşdüyümüz yeməkxanadan almışam, düşündüm ki, bəlkə o keçmiş gözəl günlərimizdəki kimi bir şam etmək istərdiz, menyunu seçməyi özümə izin vermişəm.
           Əslinə qalsa, o qədər də aclığım yoxdur, - Pesoa cavab verdi, - ancaq sizə xoş gəlsin deyə, bir qədər yeyərəm, mənə nə gətirmisiniz?
           Bir qədər dikəlin, məcməyini qarşınıza qoyum, - Bernardu Soareş cavab verdi, - mətbəximizin ənənəvi, sadə və nəfis  xörəkləridir.
           Pesoa dikəldi, Bernardu Soareşin ona uzatdığı təmiz dəsmalı boynuna dolayıb, xörəklərin üstündəki metal qapaqları qaldırdı.
           Bu kaldu verdedir,* - Bernardu Soareş dedi, - sizin sevimli şorbanız, - əminəm ki, xoşunuza gələcək, bu da Portu sayağı qarın, - qarını ona görə gətirmişəm ki,onu bir dəfə sizə soyuq-soyuq vermişdilər, lap soyuq məhəbbət kimi; siz buna bir şeir də qoşmuşdunuz, ancaq istədim ki, ondan isti-isti dadasız, bir baxın, hələ də buğlanır, ocaqdan təzəcə çıxıb.
         Pesoa gülümsədi. Qara ciyər böhranı keçirirəm, bəlkə də qarın mənlik yemək deyil, ancaq nəzakət xatirinə bir qədər dadına baxaram, onu mənə soyuq hazırladıqları hələ də yadımdadır, ancaq əzizim Soareş, bilirsiz, həmin anda o,  mən deyildim, mənim yerimə Alvaru Kampuş idi.
        Pesoa şorbanı yeyib qurtardı, qarından da bir parçanın dadına baxdı. Nəfisdir, - dedi, - ancaq senyor Soareş, lütfən xahiş edirəm, onu siz yeyin, bilirəm ki, bu gün nahar etməmisiz.
       Mən həqiqətən də nahar etməmişəm,- Bernardu Soareş cavab verdi, - iki xörəyin pulunu ödəmək israfçılığını özümə rəva görə bilməzdim, yalnız sizinkini ödəyə bildim, ona görə də, məmnumiyyətlə yeyərəm.
       Bernardu Soareş məcməyini qabağına çəkib, qarnı iştaha ilə yeməyə başladı. Bu mənə sizinlə birlikdə ”Pessoa” restoranında şam etdiyimiz gecələrin nostaljisini yaşadır, - o, dedi,- əminəm ki, siz bu restoranı ona görə seçmişiniz ki, sizin adınızı daşıyır,* əslində o kifayət qədər sadə bir restorandır və sizin kimi şəxsiyyətlər heç vaxt ora getməzdilər.  
       Doğru deyil, - Pesoa cavab verdi, - sadə restoranlar mənim xoşuma gəlir, mən həmişə sadə həyat sürmüşəm, yaxşısı budur, deyin görüm hələ də Səmərqəndi düşünürsüz?
        Mən bir qədər özbəkcə öyrənmişdim,-Bernardu Soareş dedi, - elə-belə, məşğuliyyət üçün, bir vaxt Səmərqəndə gedə bilməsəm də, bu zonanın dilinə bələd olmağım mənə ömrüm boyu arzuladığım şəhərə yaxın olduğumu hiss etdirir.
         Bəs, patronunuz, senyor Vaşkeş ?-Pesoa soruşdu.
         Hə, - Bernardu Soareş cavab verdi,- o, gözəl insandır, siz demişkən metafizikasız, ancaq çox yaxşı insandır, hətta bir həftə tətil keçirməyim üçün öz villasını da mənim ixtiyarıma vermişdi.
          Harada? – Pessoa soruşdu.
          Kaşkayşda, - Bernardu Soareş cavab verdi, - Ginşuya aparan yolun üstündə.
          Kaşkayş,- Pesoa dedi, - Kaşkayş, necə də gözəl bir yer, mən də orada bir  neçə gün keçirmişəm, iki həftədən artıq olmazdı, bunu  birinci dəfədir ki, kimsəyə deyirəm və sizə, mənim dostum, əzizim Soareşə  məmnuniyyətlə etiraf edirəm ki, mən Kaşkayşın ruhi xəstəliklər klinikasına getmişdim, orada panteist filosof Antonio Mora ilə tanış oldum və deməliyəm ki, bu şəhərdə həyatımın ən sakit günlərini yaşamışam, çünki üzərimə qara bir dalğa hücum çəkmiş, həyatım çönmüşdü, istədiyim də yalnız ölüm idi, ancaq Antonio Mora ilə tanış oldum və o, məndə Təbiətə inam oyatdı.  
         Antonio Mora? – Bernardu Soareş soruşdu, - mənə heç vaxt deməmisiz, barəsində bəzi şeyləri bilmək istərdim.
        Yaxşı, - Pessoa dedi, - Antonio Mora dəlidir, uzaqbaşı, rəsmi olaraq. Ancaq o, bütpərəstlik və xristianlıq barədə xeyli düşünmüş aydın fikirli bir dəlidir. Onu da deyim ki, o, tunikada gəzir, qədim romalılar kimi, ayaqlarına qədər sallanan ağ tunikada, ayaqlarında qədim dəbqə səndəllər, özü də az danışır, ancaq mənimlə danışdı.
         Bəs sizə nə dedi?- Benardu Soareş soruşdu.
        Mənə çox şey dedi, - Pesoa cavab verdi. İlk növbədə onu dedi ki, Tanrılar qayıdacaqlar, çünki tək bir ruh və tək bir Tanrı haqqında hekayət, tarixin qısa bir dövründə tükənməkdə olan keçici bir şeydir.  Tanrılar qayıdandan sonra biz ruhumuzun bu təkliyini itirəcəyik və o,  Təbiətin istədiyi kimi, yenidən cəm ola biləcəkdir.
        Əzizim Pesoa, bilirsiz, - Bernardu Soareş söhbəti dəyişərək dedi, - bu son ildə yuxusuzluqdan xeyli əziyyət çəkirdim və bütün səhərləri , sabah açılan zaman, şəhərin üstünə çökən işıq çalarlarını seyr etməkdən ötrü pəncərənin önündə dayanırdım. Mən Lissabon üzərindəki çox-çox şəfəqləri təsvir etmişəm və bununla fəxr edirəm, işıq çalarlarını qələmlə təsvir etmək çətindir, ancaq inanıram ki, buna nail olmuşam, mən rəsmləri sözlərlə çəkmişəm.
         Hopkins kimi? – Pesoa soruşdu.
         Bəli, - Bernardu Soareş cavab verdi, - ancaq fikir Kitsin gündəliklərindən gəlmişdi və bundan əlavə, heç də təsadüfi olmayaraq, Törner tərəfdarı olan Raskinin bütünlüklə World - painting * nəzəriyyəsi var idi. Bir sözlə, mən sözlərdən kətanda rəng salan fırçalar kimi istifadə edirdim, palitram isə, Lissabonun şəfəqləri və qürubları idi.
        
          Kaşkayşın da qürubları gözəldir, - Pesoa dedi.
          Elə ondan söz açmaq istəyirdim, - Bernardu Soareş davam elədi. Kaşkayşda bir estetik təcrübə yaşadım, onu “Narahatlıqlar kitabı” mda təsvir etmişəm.
          Mənə nağıl edin, - Pessoa dedi.
          Yaxşı, - Bernardu Soareş dedi, - iş ondadır ki, mənim patronum, senyor Vaşkeşin, dəniz kənarında, ona mənsub olan Vasques & Modika  şirkəti tərəfindən onun üçün ayırılmış  villası vardı, o özü isə o dərəcədə alicənab idi ki, bu villada bir neçə gün keçirməyi  mənim ixtiyarıma buraxmışdı, hətta sürücüsünü də mənə təhkim etmişdi və mən, düz bir həftə bu otuz otaqlı villada təkbaşına yaşadım, eh, bu gözəl idi.
        Hamısını mənə dəqiqliklə və təfərrüatı ilə danışın, - Pesoa təkid etdi.
        Günəşli, aydın bir sübh çağı yola düşdük, - Bernardu Soareş dedi, - soyuq idi, ancaq gözəl gün idi. Mən bizim o tində yaşayan kömürçümüzün , - siz onu tanıyırsız, - tutuquşusu Sebastyanı da özümlə götürmüşdüm, o bir neçə söz, hətta bütöv cümlələr bilir, düşünürdüm ki, mənə yoldaşlıq edər. Villanın okeana baxan füsünkar bir terrassası var, Sebastyanın qəfəsinin altlığını orada yerləşdirdim, ancaq  zəncirini açıb, onu azad buraxdım.  O, bütün günü  uçub parkdakı ağaçlarda tara oturur, gün batanda qəfəsinə dönürdü, bu  məhz həmin saatlar idi ki, mən terrasada sözlü boyalarımı çəkirdim, beləcə, yaza-yaza Sebastyanla danışır, ona öz şeirlərimdən bəzisini, “Tütün dükanı”nın* ilk misralarını: “Mən heç kiməm, mən heç vaxt heç kim olmayacam, mən istəyə də bilmirəm kimsə olum”u öyrədirdim. O bunları dərhal qavradı, beləcə söhbətləşirdik, mən qayaların, okeanın  üstündəki qürubları təsvir edir və deyirdim: Hə, Sebastyan, haydı . O, “Tütün dükanı”ndan misraları təkrar edir, mən isə, istəyi riqqətə gətirən bu saatlarda, qırmızı rəngin ən xırda çalarlarını, üfüqdəki mavi buludları təsvir edirdim.
        Gülməlidir, - Pesoa dedi, - mən insanlar üçün yazırdım, ancaq şeirlərimi təkcə tutuquşu təkrarlaya bilir.
        Elə deməyin, -Bernardu Soareş cavab verdi, - gün gələcək, bütün insanlar böyük ruh yüksəkliyi ilə sizin şeirlərinizi əzbərdən söyləyəcəklər – bütün dillərdə, bir də ki, Sebastyanın ruhu insan ruhudur, o tutuquşu deyil, bir kahindir, mən əminəm ki, onda Pifiyanın* ruhu yaşayır, duyuram ki, o, gələcəkdən xəbər verir.
         Bəs sonra, danışın? – Pesoa soruşdu.
         Sonra sizə deməliyəm ki, gözəl günlər gəldi. Ancaq villada işlər elə də asan deyildi, çünki ora qızdırılmır, bundan əlavə, məndə olan təkcə kerosin çırağı idi və axşamlar, xüsusilə axşamlar, hədsiz melanxoliya hiss edirdim. Ancaq mən  gözəl bir insanla, Don Pedro di Kaşkayşla tanış oldum, o, banklardan birinin direktoru və subay bir senyordur, bu adam müxtəlif mövzularda söhbət etməyi bacaran bir şəxsiyyətdir, hər şeydən çox portuqaliya korridasını sevir, məni də bir dəfə özü ilə baxmağa aparmışdı, əvvəlcə mən qanlı bir tamaşa görəcəyimdən qorxaraq  etiraz etdim, ancaq sonra qərarımı dəyişməli oldum, çünki  tamaşa tamamilə qanlı-filan deyildi, əzizim Pessoa, bilirsiz, onlar öküzü öldürmürlər, toreador heyvanı öz rəqsi ilə  “kefləndirdikdən” sonra, əli ilə simvolik bir işarə edir və elə həmin an səhnəyə bir sürü inək doluşur və öküz onlara qoşulub gedir, ancaq gərək on səkkizinci əsrin kostyumlarını geymiş atlıların zərifliyini, atların özlərinin qiyafəsini, onların öküzün ətrafında necə fırlandığını görəydiz, qısası, unudulmaz bir tamaşa idi. Ancaq sizi təngə gətirmək istəmirəm.
        Davam edin, - Pesoa xahiş etdi.
        Yaxşı, - Bernardu Soareş dedi, - bir axşam senyor Don Pedro məni nahara dəvət etdi. Dalımca maşında gəlmişdi. Qara rəngdə, başdan
ayağa xromlu, Alvaru di Kampuşun Sintra yolu ilə sürdüyündən olan bir Şevrolesi var, küləkli bir gecə idi, parkdakı ağacların budaqları xışıldayirdı, mən bazar günləri kostyumu geymişdim, senyor Don Pedro ingilis stilində pencəkdə idi, - sizi Kaşkayşdakı ən gözəl restorana aparacam, - dedi, - onun terrassasından bütün şəhər görünür və siz buxtanı, bütün rəngləri ilə, balıqçıların qayıqları ilə birlikdə, təsvir edə biləcəksiniz. Əzizim, Pesoa, inanın mənə, möhtəşəm bir restoran idi,ona bənzərini ömrümdə görməmişdim, gəlib yetişəndə, metr  bizi qarşıladı və əsil fransız şampanı və dəniz ilbizi təklif etdi, bilirsiz, əzizim Pesoa, mən  ömrümdə dəniz ilbizi yeməmişdim, - yox, siz isə, ona bələdsiniz, bəli, yəqin ki, Tavaresdə ya da Brasileira do Chiaduda*  dadına baxmısınız, nəfis bir şeydir, elə bil dənizi dadırsan, mən,yalnız həyatdan yazan birisi, dad və qoxu barəsində kiçik bir yazı da yazmaq istədim,   bir də ki, senyor Don Pedro metrə dedi: bizə lagosta suada* gətirin, ancaq bunu fransızca dedi, - homard sue, Peniş stilində və eşidin, mən ömrümdə heç vaxt xərçəngkimilərdən yeməmişdim, ancaq senyor Don Pedro mənə bir retsept açıqladı, onu sizə oxuyacam, belə ki, özünüzü yaxşı hiss edəndə  onu bacınıza bişirtdirərsiniz. Bunun üçün lazımdır yağ, üç baş soğan, pomidor, bir qədər sarımsaq, bitki yağı, ağ turş şərab, bir qədər, sizin xüsusilə xoşunuza gələn,  köhnə aguardente*, iki stəkan turş portveyn, bir az paprika, istiot və muskat cevizi. Öncə lanqust hazırlanır, ancaq tez, özü də buxarda. Sonra, sizə sadaladığım tərkib hissələri əlavə olunur və qoyulur sobaya. Niyə “tərləmiş” deyillər, - bilmirəm, bəlkə ona görə ki, ləzzətli suyu olur. Onu bu qaydada bizim Peniş balıqçıları hazırlayırlar, onlar isə əsil qurmandılar və mən buna bənzər ləzətli bir şeyi heç vaxt  dadmamışam.  Sonra senyor Don Pedro mənə gözəl bir portveyn təklif etdi və biz onu içmək üçün terrassaya çıxdıq, bizdən aşağıda Kaşkayş buxtasının rəngləri bərq vururdu, eh, əzizim Pesoa, bu son dərəcə gözəl idi, senyor Don Pedro Sevilyaya səfərlərindən söhbət açır, mənsə ona daima arzusunda olduğum, Səmərqənd  səyahətim barədə danışırdım, mən ona hətta özbək dili dərsliyimi də təklif etdim. O, mehribancasına gülümsəyib dedi: Senyor Soareş, necə də gözəl fikirdir,- Səmərqənd, ancaq mən hec vaxt İberiya yarımadasından getməyəcəm, bir az  bildiyim ispan dili, Londondan gələn, Lissabondakı Kaza do Alentejuya* bilyard oynamağa apardığım  dostalrımla danışmaqdan ötrü isə bir qədər ingilis dili mənə bəs edir. Sonra  suyun üzərindəki rənglər sanki sehr nəticəsində  yoxa çıxdı və buxtada yalnız bir neçə yanılı işıq qaldı,balıqçı qayıqlarının işıqları idi və senyor Don Pedro mənə dedi: senyor Bernardu Soareş, sizi evə yola salım. Yol boyu mən şəfəqlərdən və günəşin qürubundan danışırdım, eyforiyada idim və düşündüm: öz disforik gündəliyimdə eyforik bir başlıq yazacam. Senyor Don Pedro çox təmkinli idi və boşboğazlığımı yarıda kəsmədi. Mən parkın qarşısında, küləkdən yırğalanan ağacların yanında düşüb ona dedim: Senyor Don Pedro, təşəkkür edirəm, mən həyatımın ən gözəl axşamlarından birini yaşadım. O da cavab verdi: Əzizim Bernardu Soareş, təşəkkürü mən  sizə etməliyəm, sizin gündəliklərinizi birincilər sırasında oxumaqdan böyük qürur duymuş olardım, onu da unutmayın ki, mən Fernandu Pesoanın böyük pərəstişkarıyam, bunu ona deyin, axı o, heç vaxt heç kimlə görüşmür,  və bunu onun özünə demək mənimçün qeyri-mümkündür. Ona görə də, əzizim Fernandu Pesoa, sizə senyor Don Pedronun salamlarını və heyranlıqlarını çatdırıram .
        Təşəkkür edirəm, - Fernandu Pesoa yorğun bir təbəssümlə dedi.
        Bernardu Soareş döşəkağını onun sinəsinə çəkib düzəltdi. Senyor Pesoa, - dedi, - qorxuram ki, sizi bütün bu boşboğazlığımla yormuşam, bağışlayın, bəlkə də yersiz idi.
         Qətiyyən, - Pesoa zəif bir səslə cavab verdi, - sizinlə  söhbət etmək  xoş idi, ancaq mənə elə gəlir ki, bir nəfəri də qəbul etməliyəm, son zamanlar bir qədər diqqətsizlik göstərdiyim şəxsdir, əzizim Soareş, təşəkkür edirəm, sizə Narahatlıqlar kitabınıza görə ən xoş arzularımı bildirirəm.

Ardı var
 _____________________________________     

* Kaldu verde – kələm şorbası (port.)
*Pessoa, (Pesoa) -  portəgizcə adam, persona deməkdir.
*World painting – Dünyəvi (səsli) boyakarlıq,( ing.).
* Tütün dükanı – Tabacaria (port.)  – Alvaru di Kampuşun poeması
* Pifiya – Qədim Yunanıstandakı Apollon məbədində gələcəkdən xəbər verən kahin qadın.
*Tavares, Brasileira do Chiadu – Lissabonda məşhur restoranlar
* lagosta suada – tərləmiş lanqust(port.)
* aguardente – araq (port.)
* Casa do Alentejo –Lissabonda məşhur restoran və istirahət yeri    





İtalyan dilindən tərcümə edən:
Cəmşid CƏMŞİDOV




Yenililklər
05.05.18
Şəmil Sadiq - Qəzetbaz
04.05.18
Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
04.05.18
Qanundan yeni kitab - Artur Şopenhauer
03.05.18
Bakı Mühəndislik Universitetində Kamal Abdulla ilə görüş keçirildi
30.04.18
Serbiyada Kamal Abdullanın “Deyəsən, Platon xəstələnib” kitabının təqdimatı keçirilib
30.04.18
Qazax şairi Mağcan Cumabayın şeirlər kitabının təqdimatı olub
27.04.18
Kiyumərs İslami - Şəhər yeri; maddi-mədəni varlığımız
27.04.18
“İmperiyanın son yazarı” kitabı Çingiz Aytmatovun 90 illiyinə həsr olunub
27.04.18
Yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi Daşkənddə çap olunub
26.04.18
Elçin Hüseynbəyli - Qayçı
26.04.18
Yavuz Akpınara Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim edildi
26.04.18
Fərid Hüseyn Kazanda Ana Dili Bayramında iştirak edir
24.04.18
Vasif Əlihüseyn - Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
24.04.18
Azərbaycan IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalında təmsil olunacaq
24.04.18
Tələbələr Qan Turalının əsərini müzakirə etdilər - Fotolar
23.04.18
Beynəlxalq Kitab Günüdə “Don Kixot” əsərindən bir hissə Azərbaycan dilində səsləndirilib
23.04.18
“Cümhuriyyət-100” hekayə müsabiqəsi - Qısa siyahı
23.04.18
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində
20.04.18
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18
Elif Şafakdan yeni kitab
20.04.18
İMAGİNE tolerantlıq festivalı keçiriləcək
19.04.18
Səlim Babullaoğlu oxucularla görüşəcək
18.04.18
Səxavət Sahil - Servantes yoxsa Tolstoy?
18.04.18
"Azərbaycan aşıq sənəti" kitabının təqdimatı olub
18.04.18
Elçin İmanov - Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevski
17.04.18
Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Simran Qədimin "Hesab vaxtı" romanı çap olunub
17.04.18
“İkimizin hekayəsi” kitabının imza günü keçirildi
16.04.18
"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub
16.04.18
Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18
Anar - Türkmən xalqının milli şairi
16.04.18
“Nar bağı” filmi beynəlxalq festivalda
16.04.18
Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
12.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18
Günel İmranın "Ömər” adlı yeni romanı çap olunub
12.04.18
Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
10.04.18
“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü
10.04.18
Bütün zamanların ən yaxşı kitabları seçildi - SİYAHI
10.04.18
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.