Anar - Türkmən xalqının milli şairi
16.04.18

Türkmənlər Anadolu və Azərbaycan türkləri kimi oğuz dil qrupuna daxildilər. Ümumi sərvətimiz olan "Kitabi-Dədə Qorqud"un mətnində oğuzlarla türkmənlərin fərqini bildirən iki atalar sözü var.

Ürgənçdə anadan olan XVII əsr tarixçisi və döyüşçüsü Əbül Qazi xan (1603-1664) türkmənlərin və türklərin şəcərəsinə aid kitabların müəllifidir. Türkmənlərin tarixinə aid kitabında Dədə Qorqud qəhrəmanlarının adlarını da çəkir. "Dədə Qorqud dünyası" adlı essemdə "Kitabi-Dədə Qorqud" qəhrəmanlarının Əbül Qazinin adlarını çəkdiyi qəhrəmanlarla həm ümumi, həm də fərqli cəhətlərinə diqqəti çəkmişdim. Əbül Qazi xanın bu  əsəri "Şəcəreyi-tərakimə" adlanır. Tərakimə ərəb dilində türkmən sözünün cəm halıdır. Bu gün Azərbaycan xalqının köçəri qisminə tərəkəmə deyirlər. Bundan belə nəticə çıxarmaq olar ki, azəri türkləri və Azərbaycan da yaşayan türkmənlər (tərəkəmələr) faktiki olaraq eyni bir xalqdırlar və fərq yalnız tərəkəmələrin son vaxtlaracan köçəri həyat sürməsindədir. Anadoluda yaşayan türkmənlər də köçəbə, yörük  adlanaraq türk xalqının ayrılmaz tərkib hissəsidir.

İraqda Kərkük, Erbil, Mosul dolaylarında məskunlaşan türkmənlərin ədəbi dili Türkiyə türkcəsi, canlı danışıq dilləri və ağız ədəbiyyatı isə Azərbaycan türkcəsindədir.

Xəzər dənizinin Şərq sahilində yaşayan türkmənlər dil cəhətdən azəri və Türkiyə türklərindən müəyyən qədər ayrılırlar.

Bu gün türkmən xalqının müstəqil dövləti - Türkmənistan Respublikası türk dünyasında da, beynəlxalq aləmdə də layiqli nüfuza malikdir. Türkmən xalqının mənşəyi barədə dəyərli mənbələrdən biri Əbül Qazi xanın "Şəcəreyi-tərakimə" əsəridirsə, bu xalqın ruhunun ən parlaq ifadəçisi böyük şair Məhdumqulu Fəraqidir (1733-1782).          

Əhməd Yasəvinin və Yunis İmrənin təsirini duymuş Məhdumqulu türkmənlərin yalnız ədəbiyyatında deyil, ictimai və milli şüurunda müstəsna yer tutan sənətkardır.

XVIII əsr oğuz qrupuna aid olan xalqların ədəbiyyatında dil baxımından çox vacib intibah dövrüdür. Bu yüz ildə uzun zaman daha çox şifahi ədəbiyyatda yaşayan və yaşadılan doğma dil yazılı ədəbiyyatda da aparıcı yer tutur.

Türkiyədə "lalə dövrünün" şairi kimi tanınan Nədim qəzəllərlə  bir sırada heca vəznində yazdığı şeirlərində xalq ifadələrindən, İstanbul şivəsindən geniş istifadə  etmişdir. Cümləni bir misrada bitirməyib ikinci misraya keçməsi də Nədimin türk şeirinə gətirdiyi yeniliklərdəndir. Amma Nədimin qoşmalarında belə hələ də yabançı şərq dillərinin təsiri görünməkdədir.

Sevdiyim camalın çünkü görəməm,
Çıxmasın xəyalın dili-seydadən.
Həqqi payə çünki üzlər sürəməm,
Alayım peymanın badi-səbadan.

Bu əsrin əfsus ki, nisbətən az tanınan  şairlərindən biri Telimxandır.

Telimxan (1741-1819) Tehran yaxınlığında azəri türklərinin məskunlaşdığı Səva vilayətində yaşayıb-yaratmışdır. Xalq şeiri üslubunda əsərlər yazan Telimxan nə yazıq ki, ədəbiyyat tariximizə daxil edilməmişdir. Güney Azərbaycanın araşdırıcılarından mərhum Əli Kəmali uzun illərin zəhməti bahasına Telimxanın şeirlərini toplaya bilmişdir.

Ay ağalar, sizə tərif eyləyim,
Rüsxət alıb Alışandan gəlirəm.
Ağız davat, göz mürəkkəb, dil qələm,
Altmış pillə nərdivandan gəlirəm.

Təlimxan Molla Pənah Vaqifin bəzi şeirlərinə bir sıra nəzirələr və cavablar yazmışdır.

XVIII əsr şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi Azərbaycan şeirinin zirvələrindəndirlər. Hər ikisi haqqında yazı yazdığım üçün burda onlardan bəhs  etmirəm. Yalnız Məhdumquluyla bağlı bir məqamın üzərində dayanmaq istəyirəm.

M.P.Vaqif haqqında namizədlik, XVIII əsr poeziyası haqqında doktorluq dissertasiyası müdafiə etmiş mərhum dostum Aras Dadaşzadə Məhdumqulu yaradıcılığını da tədqiq etmişdir. O deyirdi ki, Vaqifin və Vidadinin Azərbaycan poeziyasında gördüyü işi Məhdumqulu türkmən əbəbiyyatında etmişdir. Amma onu da əlavə edirdi ki, Vaqif və Vidadi yaradıcılığının yüksək bədii dəyərini kiçiltmədən razılaşmalıyq ki, Məhdumqulunu onlardan fərqləndirən  milli hisslərin tərənnümüdür.

Doğrudan da Məhdumqulu XVIII əsr üçün qeyri-adi hadisə olan milli ideyanı qələmə almışdır. Onun şeirində hətta çağdaş Tükmənistanın coğrafi mövqeyi belə bədii şəkildə əks  olunmuşdur:

Ceyhun ilə bəhri Xəzər arası
Çöl üstündən əsər yeli türkmənin
     
Gül qönçəsi, qara gözüm qarası
Qara dağdan enər seli türkmənin.

Haq silamış vardır onun sayəsi
Çırpınır çölündə nəri, mayası,
Rəngbərəng gül açar yaşıl yaylası
Qərq olmuş reyhana çölü türkmə nin.
     
Bu şeir sanki tükrmən vətəninin himni, onun təbiətinin insanlarının, tarixinin, flora və faunasının bədii mənzərəsidir.

Daha çox təəccüb doğuran feodal pərakəndəlik dövründə Məhdumqulunun öz xalqını, qəbilələri, tayfaları milli birliyə çağırması,  müasir anlamda dövlətçiliyi təbliğ etməsidir:

Türkmənlər, bağlasaq bir ipə beli,
Qurudar Qulzümi, dəryayı Nili,
Təkə, yomud, köklən, yazır, əlili,
Bir dövlətə qulluq etsək beşimiz.

Məhdumqulu Buxaranı, Xivəni, Əfqanıstanı, Hindistanı, Rümistanı (Anadolunu) "boydan boya, ulusdan ulusa" dolaşmışdır, Nuxanın, Şirvanın adını çəkməsi Azərbaycanda da olmasına dəlalət edir. Durdu şairlə deyişməsində Nəsimini də  xatırlayır:

O didardır, yemədilər, doydular,
Ol namazdır qiyamətə qoydular.
Nəsimini dabanından soydular,
Bizdən salam olsun, cavab boylədir.

Məhdumqulu şeirində şəxsi dərdlərlə ictimai qayğıların qovşağını görürük:

Altmış yaşda, novruz günü, bu ili
Durdu əcəl, yolun pusdu atamın
Bu dünyanın işi beləymiş, bəli
Ömrünün təpərin kəsdi atamın.
     
Məhdumqulunun atası Azadi (1700-1760) da məşhur şair olub. Atasını belə səciyyələndirir:

Ağır dövlətlərə könül qoymadı,
Bu cahanın işlərini sevmədi,
Əsgi şaldan artıq libas geymədi,
Axirət eviydi qəsdi atamın.

Derdi: dünya durmaz ömrə baqi yox,
Gündüz oruc, gecə olsa yuxu yox,
Münkir bilməz, müxlislərin şəkki yox,
Peybəmbər dostudur dostu atamın.

Fərdi itkinin acısı Məhdumqulu şeirində yaşadığı zamandan narazılıqla qoşadır:

"Dərdim çoxdur duyarımdan, yaşadığım dönəmdən" - deyə şikayətlənən şair ölümsüz beyt yaratmışdır:

Məhdumqulu bu dünyanın namusun
Yığıb, dürüb yelə verdi  hamısın
Fikir dəryasında ağlım gəmisin
Batırmışam, çıxa bilmən, neyləyim?
  
Məhdumqulu şeirinin fəlsəfi tutumu da lirik yönü kimi yüksək bədii səviyyədədir:

Bu dünyanı asmandakı rəng bildim,
İsti-isti asılışdım, son bildim,
İndi onun varın yoxun dən bildim,
Sud hansıdır, ziyan hansı bilmədim..
 
Məhdumqulu yolun önü, ardı var,
Çəkər yükün hər kişinin mərdi var
Ürəyimdə pünhan eşqin dərdi var,
Dərd hansıdır, dərman hansı bilmədim.

Şairin  şah misralarından doymaq olmur:

Gəl könül mən sənə məsləhət edim,
Vətəni tərk edib, gedici olma.
Özündən əysik bir qeyri-namərdin
Xilmətində qulluq edici olma.
       
Məhdumqulu şeirində Dədə Qorquddan, Yunis İmrədən gələn bir nəfəs duyulur:

Qismət olmaz gedim uzaq yollara,
Nəsib qoymaz, gedər yolum bağlar, hey! 
Heyran, Məcnun olub çıxam çöllərə
Varım məskən tutam sizi dağlar hey!

Oyun ilə oğlanlığın dəmindən
Ötüb gəldim kamilliyin çəmindən
Könlüm lərzan oldu dünya qəmindən
Tutdu sinəm çarpaz-çarpaz dağlar hey!
        
"Yada düşər önki keçən çağlar hey!" - deyə təəssüflənən şair  "aciz qalıb qocalığa yerişən" çağında "Ya Rəbb! Yıxılmazmı böyük dağlar hey" təsəllisini tapır.

Bu kədər ovqatı dünyaya müraciətlə yazdığı şeirdə də var:

Kimsə bilməz haçan tükənər dəmin
Qəbir olar bir gün basan qədəmin
Dövran gərdişində qafil adamın
Üstündən salarsan yolu dünya, hey!..
    
Vətən çöllərinin rənglərini, qoxularını mədh edən,  xalqını, millətini  birləşmiş görmək istəyən, itkilərə acıyan, "ağıl gəmisini fikir dəryasında batıran", dövrandan şikayətlənsə də, "vətəni tərk edib gedici olma" - deyən böyük şair dünyanı da ayıq başla dərk edir:

Bu dünya oyunbazdır
Çalğını çaldı getdi
Gümrah edib neçəsin
Yoldaş deb atdı getdi.

Aqil, fıkr et hər zaman
Yüz köçən var, yüz qonan
Təxti-aqmandan uçan
Süleyman öldü getdi.
 
Neçələr gülə dönmüş
Gül yanıb külə dönmüş
Neçələr quma dönmüş
Neçələr soldu getdi.
   
Bu "oyunbaz dünyada" baqi qalan, solmayan, külə dönməyən, itib ölməyən yüksək  sənət örnəkləridir, türk dünyasının nadir  söz sərrafı,  böyük  türkmən şairi  Məhdumqulunun misilsiz  misralarıdır.

Mart 2018
/525.az/

Yenililklər
18.01.19
"Vətən ayrısı Rəsulzadələr" təqdim olundu
18.01.19
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
18.01.19
Nemət Mətin - Suraxanı qəsəbəsinin tarixi haqqında 
18.01.19
2019-cu ilin ilk “Ustad”ı
17.01.19
"Qanun"dan yeni kitab - Çılpaq və Yalnız
17.01.19
İsa Həbibbəyli - Cahana sığmayan şair
17.01.19
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabının təqdimatı olub
17.01.19
Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir
17.01.19
Ankarada “Nazım Hıkmət Azərbaycan ədəbiyyatında” mövzulu tədbir keçirilib
17.01.19
Elza İbrahimovanın yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb
16.01.19
Xalq rəssamı Arif Əzizin və tələbələrinin sərgisi açılıb
16.01.19
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.19
Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” çap edilib
15.01.19
Yazıçı Cavi Danın "Məhsəti" romanı nəşr olundu
15.01.19
Bu gün Nazim Hikmətin anadan olmasından 117 il ötür
15.01.19
Əlövsət Bəşirli - Sözün sönməyən işığı
15.01.19
Nəsiminin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac var
14.01.19
İsa Həbibbəyli: "Sərəncam Nəsiminin dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə meydan açır"
14.01.19
Nemət Mətin – Nodar Dumbadzenin “Kukaraça” povesti haqqında
14.01.19
Yavuz Akpınar haqqında dəyərli kitab
14.01.19
XVI əsrdə Azərbaycanda olmuş məşhur ingilis səyyahı və diplomatı kimdir?
12.01.19
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
12.01.19
“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir” - Səlim Babullaoğlu
11.01.19
IV Gənc Ədiblər Məktəbi fəaliyyətə başladı
11.01.19
Alimlər Misir mumiyalarının sirrini aşkar ediblər
11.01.19
Hədəf Nəşrləri və “XAN” nəşriyyatının ötən ildə ən çox satılan kitabları
10.01.19
Anar Məcidzadə - Nələr çəkdiyimi hardan biləsən?
09.01.19
Azərbaycanlı alimin şeirlər kitabı Türkiyədə nəşr olunub
09.01.19
Azərbaycan bədii janr ənənələrinin Sabir Rüstəmxanlı yaradıcılığında bərpası
09.01.19
“Leyli və Məcnun” operası növbəti dəfə səhnədə
09.01.19
Rus Dram Teatrı: Fəxrəddin Manafovun zəngini gözləyirik
08.01.19
Əlyazmalar İnstitutunun yeni nəşri
08.01.19
Xətai Sənət Mərkəzində növbəti sərgi maraqla qarşılanıb
08.01.19
Nəcəf Əsgərzadə - Fironun dəftərini vərəqləyərkən
07.01.19
“Qobustan”ın qış buraxılışı çapdan çıxdı
07.01.19
“Yeddi gözəl”in səhnə həyatından bəhs edən kitab
07.01.19
Nemət Mətin – Azad cəmiyyətin üstünlükləri
07.01.19
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq
04.01.19
Gövhər Baxşəliyeva: "Nizami fars şairi deyil, fars dilində yazmış Azərbaycan şairidir"
04.01.19
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.