Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18

Mərkəzi Asiya xalqları tarixində teymurilər dövrü (XIV - XV əsrlər) mədəniyyəti xüsusilə fərqlənir. Bu dövrdə elm və mədəniyyət müxtəlif sahələrdə inkişaf etdi, dünyada tanınan məşhur alimlər yetişdi.

O dövrə mənsub həmin şəxsiyyətlərdən biri də zəngin yaradıcılıq irsi olan - şair, yazıçı, tarixçi, coğrafiyaçı, etnoqraf, ensiklopedik zəka sahibi, həm də uzaq Hindistanda Böyük Türk imperiyası qurmuş dövlət xadimi Zahirəddin Məhəmməd Baburdur.

Z.M.Babur (Babur Mirzə) özünün məzmunlu və səmərəli yaradıcılığı ilə dünya mədəniyyəti xəzinəsinə möhtəşəm töhfələr verən böyük simalardan biridir. O, 1483-cü ilin 14 fevralında Fərqanə vadisinin Əndican şəhərində doğulmuşdu. Atası Ömər Şeyx Mirzə Əmir Teymurun nəvəsi Sultan Əbu Səid Mirzənin böyük oğlu olub, Fərqanə vilayətinin hakimi idi.

Z.M.Baburun anası Qutluğ Nigar xanım Sultan Mahmudun böyük bacısı, Daşkənd hakimi Yunus xanın qızı idi. Yunus xan özü Çingizlilər nəslindəndir. Ömər Şeyxin üç oğlu, beş qızı olub. Zahirəddin Məhəmməd Babur onun oğlanları arasında ən böyüyüdür. Onun uşaqlığı əsasən Əxsikənt və Əndicanda keçib.

Z.M.Babur gəncliyində Xoca Mövlana Qazidən təlim alıb, tarix, hərb işi, musiqi və ədəbiyyatına daha çox maraq göstərib. 1495-ci ildə Baburun atası Əxsi Qalasında uçurumun üstündə göyərçinləri seyr edərkən müvazinətini itirir, uçuruma yuvarlanaraq yıxılıb həlak olur. 12 yaşlı Z.M.Babur Fərqanə taxtına çıxaraq hakim olur.

Z.M.Baburun taxta çıxdığı vaxt Mərkəzi  Asiyada və ətrafında siyasi görünüş belə idi: Səmərqənddə Baburun əmisi Sultan Əhməd Mirzə, Hisarda və Bədəxşanda dayısı Sultan Mahmud Mirzə, Monqolustanda babası Yunus xan, Kabildə II Uluğ bəy Mirzə, Heratda Hüseyn Bayqara hakimiyyət başında idilər, onların hökmdarlığı sürürdü. Qızılbaşların başında Şah İsmayıl Xətai, özbəklərin başında Şeybani xan hökmdar idilər - teymurilər səltənətinin əksəriyyət qismi Şeybani xanın hakimiyyətinə  tabe idi.

Z.M.Baburun mühüm siyasi məqsədlərindən biri Mavəraünnəhrdəki ("Mavəraünnəhr" - "iki çay arası" mənasında olan sözdür) mübarizələr nəticəsində dağıdılmış ölkəsini bərpa etmək idi. Bu məqsədlə 1495-1496-cı illərdə o, Səmərqəndi işğal etdi. Həmin vaxt Z.M.Baburun kiçik qardaşı Cahangir Mirzə və onun dayısı Əndicanı öz hakimiyyətləri altına almaq istədilər. Z.M.Babur Səmərqənddən tələsik çıxıb Əndicana qayıtmağa məcbur oldu. Uzun mübarizələrdən - tam iki ildən sonra o, məqsədinə çatdı.

1499-cu ildən 1500-cü ilədək Babur Səmərqənd şəhərinə gedib, Şeybanilərlə döyüşdü və məğlub oldu, nəticə etibarı ilə Daşkənddən geri çəkilmək məcburiyyətində qaldı. 1502-1503-cü illərdə Z.M.Babur Yunus xanın köməyi ilə Əndican üzərinə yeni bir yürüş etdi. Amma bu yürüşlər də bir nəticə vermədi və bu dəfə o, Xorasana getdi.

Z.M.Babur 1503-1504-cü illərdə Kabil və Qəznə vilayətlərinə gedib, oralarda öz hakimiyyətini qurdu. Səfəvilər hökmdarı Şah İsmayıl Xətainin yardımı ilə Səmərqəndə növbəti yürüşü yenə uğursuzluqla nəticələndi. 1519-cu ildən başlayaraq Babur Hindistanı fəth etməyə başladı. Nəhayət, 1526-cı ilin baharında Hindistan şahı İbrahim Ludi üzərində qələbə qazandı və Hindistanda Baburilər sülaləsinin əsasını qoydu.

Z.M.Babur 26 dekabr 1530-cu ildə vəfat edib. Onun nəşi əvvəlcə Jamna dəryasının sol tərəfində yerləşən "Nurovşan" bağının mərkəzi hissəsində dəfn edilir. 1533-cü ildə Baburun öz vəsiyyətinə görə məzarı Kabilda vaxtilə özünün saldığı "Babur bağı"na köçürülür. Kabil şəhərinin mərkəzindəki Babur məqbərəsi o dövrün ən gözəl yadigarlardan biri hesab olunur.

Zahirəddin Məhəmməd Baburun vəfatından sonra Hindistanda onun böyük oğlu Humayun Mirzə (1531-1556), sonra onun oğlu Əkbər Şah (1556-1606) taxta çıxır.  Bu dövr Hind tarixinin ən çiçəklənən və xalqlar arasında dostluğun inkişafı ilə xarakterizə olunur.

Onlardan sonra məmləkəti - Babur səltənətini Cahangir Mirzə (1605-1687) və onun oğlu Şah Cahan (1628-1658) idarə edərək, ata-babalarının işlərini davam etdirirlər. Bu dövr Hindistanda elm, mədəniyyət, xüsusən, əzəmətli memarlıq abidələrinin əsasının qoyulması ilə xarakterikdir. Sultan Ovrəngzəb taxta çıxınca (1659-1707),  baxmayaraq ki, ölkə xeyli inkişaf etmişdi, imperatorluğa hücumlar və təqiblər çoxalmışdı. XIX əsrin ortalarına gəlib yetən Baburilər səltənəti yavaş-yavaş dağılmağa başladı. Və nəhayət, bu sülalənin son nümayəndəsi II Bahadur Şahın (1837-1858) hakimiyyəti dövründə Baburilər səltənəti formal xarakter daşıyırdı. 1858-ci ildə Baburilər səltənətinə son qoyuldu və Hindistan rəsmən İngiltərənin müstəmləkəsi elan olundu.

Z.M.Baburun əsasını qoyduğu Böyük Türk İmperatorluğu üç əsrdən artıq davam etdi və Hindistan tarixində mühüm rol oynayan mərkəzləşdirilmiş ərazidə müstəqil bir hakimiyyət - imperatorluq oldu.

Böyük siyasi xadim və alim Cəvahirləl Nehru Z.M.Babur haqqında isti duyğularını belə ifadə etmişdir: "Z.M.Babur valehedici şəxsiyyət idi, İntibah dövrünün tipik hökmdarı, cəsur, bacarıqlı insan idi, o, incəsənəti, ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı. Z.M.Baburun Hindistana gəlməsi ilə böyük tərəqqi yarandı, yeni stimullarla həyata, incəsənətə və memarlığa nəfəs verdi, mədəniyyətin digər sahələri isə qarşılıqlı təmasa keçdi".

Z.M.Babur yaşadığı qısa, lakin mənalı ömründə dünyaca məşhur "Baburnamə" memuarını, şeirlərindən ibarət olan "Divan"ını, əruz, nücum və musiqiyə aid risalələrini yaratdı.

Z.M.Baburun özbək ədəbiyyatında - türk şeirində lirik janrın inkişaf etməsində böyük rolu olub. Onun lirik irsi, həcmcə o qədər böyük olmasa da, mövzu dairəsi, forma, üslub, bədii gözəlliyi və mükəmməlliyi ilə xüsusilə fərqlidir. Z.M.Baburun lirikasında qəzəl, rübai, qitə, tuyuq, məsnəvi, mətlələr və müəmmalar əsas yer tutur. Poeziya yaradıcılığının mühüm bir hissəsi, şeirlərinin tarixi hadisələrlə qırılmaz bağlılığı və yaşadığı dövrün hadisələrinin sadə və  oxunaqlı dillə yazılmasıdır.

Türkcə yazılmış ilk memuar - "Baburnamə" Z.M.Babura dünya şöhrəti gətirmiş ensiklopedik əsərdir. Bu əsər təkcə özbək ədəbiyyatında deyil, dünya ədəbiyyatı tarixində xüsusi yer tutur. Türk xalqları nəsrinin parlaq nümunəsi olan "Baburnamə" eyni zamanda, elmin müxtəlif sahələri üçün bənzərsiz tarixi mənbədir və məhz bu səbəbdən, bir sıra ölkələrin alimlərinin diqqətini cəlb edir. Əsərdə geniş bir coğrafi regionun - Türküstan, Əfqanıstan və Hindistan xalqlarının siyasi, ictimai, iqtisadi və mədəni həyatının səciyyəvi cəhətləri öz əksini tapıb.

Z.M.Babur bu əsərində o dövrün bütün maraqlı hadisələrini parlaq və sadə bədii dildə şərh edir. Kitabın əsasını müəllif  yaşadığı, döyüşdüyü və öz əsərlərini yaratdığı ölkələr haqqında dəqiq faktlar və xatirələr təşkil edir. O, əvvəlcə öz əsərini "Vaqiyə" adlandırmışdı. Bu sözün dəqiq mənası "Əhvalatlar", yəni həqiqətən baş vermiş hadisələr deməkdir. Kitabın bəzi hissələri əsas iştirakçısı və qəhrəmanı olan Z.M.Babur özünün qarşılaşdığı hadisələr gündəlik şəklində yazılıb. Sonralar xəttatlar bu əsərə "Baburnamə" adı vermişdilər.

"Baburnamə" üç əsas hissədən ibarətdir. Birinci hissədə müəllif Mavəraünnəhr haqqında, 12 yaşında ikən Fərqanə vilayətinin hökmdarı olması barədə söhbət açır. Z.M.Babur doğma təbiəti incə şəkildə təsvir edir, öz atası Ömər Şeyxın canlı bədii portretini yaradır, onun əcdadları, ailə həyatı, xarakteri haqqında danışır. Bu hissədə sarayın tanınmış adamları, onların fəaliyyəti ətraflı təsvir edilir.

Kitab görkəmli elm, ədəbiyyat və incəsənət nümayəndələri barədə məlumatlarla zəngindir. Əsərdə Əndican, Səmərqənd, Daşkənd və digər şəhərlərin tarixi, bu yerlərin gözəl təbiəti, çaylar və bulaqlar ətraflı təsvir edilib.

Kitabın ikinci hissəsi Əfqanıstanda baş vermiş hadisələrə həsr edilib. Z.M.Babur ona irsən keçmiş (əvvəllər atasına mənsub olmuş) Kabilə gəlməsi və bu şəhəri döyüşsüz ələ keçirməsi, daha sonra tədricən öz mülklərini genişləndirməsi, itaət etmək istəməyən əfqan qəbilələri ilə mübarizəsindən, onları ram etməsi və Əfqanıstanda öz dövlətini yaratması haqqında söhbət açır. Kitabın bu hissəsindəki fəsillər böyük ustalıqla yazılıb. Müəllif əsərə maraqlı xalq rəvayətləri daxil edib və bütün bu rəvayətləri parlaq şeir nümunələri ilə şərh edərək dolğunlaşdırır.

"Baburnamə"nin üçüncü hissəsində Z.M.Baburun Hindistandakı həyatı daha geniş, ətraflı və tam şəkildə təsvir edilib. Bu hissədə XVI əsrdə  Hindistanın siyasi-ictimai vəziyyəti etnoqrafik, tarixi və təbiətşünaslıq xarakterli geniş məlumatlar təqdim edilir.

Bu dahi şəxsiyyətin - şair və alimin ədəbi-elmi irsi müasir nəsillər üçün çox böyük tarixi-idraki və tərbiyəvi əhəmiyyət kəsb edir.  Z.M.Babur əruz elminin dərin bilicisi olub. Onun qələminə mənsub olan "Əruz haqqında traktat"ı (1523-1525) bu sahədə mühüm elmi mənbədir. Əruz janrında o zamana qədər məlum olmayan şeir olçülərini taparaq, sayını 44-ə qədər müəyyənləşdirmişdir. Əruzun 21 bəhri və xeyli sayda vəznləri haqqında geniş məlumatlar verməklə bərabər, həm də türkcə və farsca nümunələr əsasında şərh etmişdir. Halbuki Z.M.Babura qədər əruzun şəkil ölçüləri  belə  ardıcıl və dərin təhlil olunmamışdır.

Digər yandan Z.M.Babur şah istedadlı ilahiyyat alimidir. Onun müsəlman qanunçuluğu məsələlərinə həsr edilmiş məşhur "Mubayyani" ("Mübəyyani zəkat") əsəri fikrimizin sübutudur. Əsərdə islam dininin beş əsas şərtləri - iman, namaz, oruc, zəkat və həcc məsələlərini özbək şeiriyyətində ilk dəfə geniş şəkildə  nəzm formasında şərh edilir.

Zahirəddin Məhəmməd Baburun yaradıcılıq imkanları onun böyük potensiala malik olduğunu göstərir: hazırlanmış olduğu "Baburun xətti" əlifbası onun zəkasının kəşfidir. 1503-1504-cü illərdə yaradılmış 29 hərfdən ibarət olan bu əlifba ərəb əlifbasının islah edilmiş şəklidir. "Baburun xətti" müxtəlif türk dillərinə aid xüsusi əlifba idi. Z.M.Babur öz əlifbasını həyata keçirmək üçün çox səy göstərdi. Məsələn, "Baburnamə"dəki bəzi parçaları, oğlanları Hindol və Kamrana həsr etdiyi qitələri, müxtəlif şeir parçalarını bu xətlə yazdığını deyə bilərik. Daha sonra  Bədayinin "Müntəxəbat təvarix" əsərində "Qurani-Kərim" kitabının "Baburun xətti" əlifbası ilə köçürülüb Məkkəyə göndərildiyindən bəhs edilir. Bunlardan başqa, bu hərflər haqqında, Məhəmməd Tahir ibn Qasım "Ajoyib at-tabakot" və Nizaməddin Əhməd Heratinin "Tabakoti Akbariy"  kitablarında məlumatlar vardır.

Bu dövr özbək ədəbiyyatına Baburilər sülaləsinin təsirini xüsusi qeyd etməliyik. Çünki Z.M.Babur şahın oğlu Kamran Mirzə (1509-1557) türk dilində yazdığı gözəl şeirlərdən ibarət "Divan"ını tərtib etmişdir ki, günümüzə qədər gəlib çatmışdır. Onun əsərlərində,  Z.M.Babur yaradıcılığında olduğu kimi, əsas yeri qəzəllər, rubailər, mətlə və klassik poeziyanın digər janrları tuturdu. Z.M.Baburun qızı Gülbadam Bəyimin (1522-1603) "Humayunnamə" əsəri isə "Baburnamə"nin məntiqi davamıdır. Bu əsərdə  Humayun Mirzənin və onun dövründəki tarixi hadisələr gözəl tərzdə hekayələşdirilib. "Humayunnamə" əsəri fars dilində yazılsa da, bədii üslubu və əsas məzmunu ilə "Baburnamə" ənənəsinin davamı idi.    

Baburilər sülaləsinin daha bir istedadlı nümayəndəsi Zəbun Nisə Bəyimdir (1639-1702). Onun atəşin şeirləri hal-hazırda da məhəbbətlə oxunur, mahnılarda ifa olunur. Onun "Divan"ı və təsəvvüf fəlsəfəsinə aid əsərləri mövcuddur. Bundan əlavə, bu maarifpərvər şairənin atası Ovrəngzəb sarayında özünəxas ədəbiyyat və sənət məktəbi yaradaraq bir çox alimlərə, elmə maraq göstərən şəxslərə himayədarlıq etmişdi.

XVI əsr özbək ədəbiyyatının görkəmli nümayəndələri sırasında Məhəmməd Salih, Məclisi və Paşa Xoca kimi şairləri də xatırlaya bilərik.

 Məhəmməd Salih (1455-1535) özbək ədəbiyyatının istedadlı şairlərindən biridir. Onun ata-babaları Xarəzmdən olub, teymurilər sarayının nüfuzlu şəxslərindən idi. Məhəmməd Salih ilk illərdə Hüseyn Bayqara sarayında qulluq etmiş, onlar tənəzzül etdikdən sonra Şeybanixan sarayında xidmət göstərmişdir. Bir müddət Nisə şəhər hakimi olmuş, ömrünün son illərini Buxara şəhərində  keçirmişdi. Bu haqda Əlişir Nəvai "Məcalis ün-nəfais", Z.M.Babur "Baburnamə" və Zeyniddin Vasifi "Bədayi ül-vakoye" əsərlərində də bəhs etmişdilər. Məhəmməd Salihinin bir neçə qəzəlləri və "Şeybaninamə" dastanı da məlumdur.   O, lirik və epik janrda yazan şair olub, türk və fars dillərində gözəl bilirdi. Təəssüf ki, "Divan"ından yalnız bəzi hissələr günümüzə gəlib çatmışdır. Tarixi mövzudakı "Şeybaninamə" dastanı tam halda bizə gəlib yetmişdir. Bu dastan 8902 misradan, 76 fəsildən ibarətdir. Dastanda, 1500-1506-cı illərdə Mavəraünnəhrdə baş verən tarixi hadisələr xronoloji qaydada qələmə alınmışdır. Şair özü şahid olduğu hadisələri sənətkarcasına, yüksək bədii və poetik lövhələrlə əsərdə təsvir etmişdir. "Şeybaninamə" maarifpərvərlik cəhətdən də qiymətli əsər kimi özbək ədəbiyyatının tarixi janr və ədəbi dilinin inkişafında xüsusi yer tutur.

Yenə də həmin dövrün istedadlı şairlərindən biri Şeybani xandır. Özbək dilində hazırladığı "Divan"ı onun şah və şair kimi nə qədər qüdrətli və yaradıcı şəxs olmasından xəbər verir. Bu "Divan"ın elmə məlum olan yeganə nüsxəsi Türkiyədə Topqapı sarayının kitabxanasında saxlanılır.

XVI əsrin əvvəllərindəki özbək ədəbiyyatının qiymətli nümunələrindən  biri də "Qisseyi Seyfulmülük" dastanıdır. Bu dastanın müəllifi şair Məclisinin həyatı haqqında ancaq Həsənxoca Nisarinin "Muzakkir ul-axbab" təzkirəsində məlumat verilir.  Təzkirəyə görə, istedadlı şair Məclisinin əsli Xarəzmdən olub, sonralar Buxaraya köçmüşdür. Məclisinin bir neçə məsnəvi və qəzəlləri öz dövründə məşhur idi və bunu Babur Mirzə hörmətlə xatırladır. "Qisseyi Seyfulmülük" dastanı folklor ənənələri əsasında yaradılan nadir yaradıcılıq nümunəsidir. Eşq sərgüzəştləri mövzusunda olan bu dastan məhəbbət haqqında müxtəlif rəvayət və əfsanələrdən fərqli olaraq, ictimai məzmun kəsb edən əsərdir. Dastanda  yazılı və şifahi xalq yaradıcılığına xas üslubun bir-biri ilə üzvü bağlantısını görmək mümkündür. Əsərin baş qəhrəmanı Seyfulmülükün başına gələn hadisələr maraqlı tərzdə, bədii gözəlliklə təsvir edilib.

Bu dövr ədəbiyyatının başqa bir nümayəndəsi Paşa Xocadır. Onun "Muftax ul-adl" və "Gülzar" əsərləri XVI əsr özbək nəsrinin gözəl nümunəsidir. Bu əsərlərdə o dövrdə məşhur olan bir neçə hekayəsi cəmlənib. Paşa Xoca istedadla yazdığı əsərləri ilə özbək nəsrinin imkanlarını zənginləşdirmişdi. "Muftax ul-adl" və "Gülzar" əsərlərində ictimai-siyasi mövzudakı və əxlaqi-tərbiyəvi xarakterli hekayələr var. Məsələn, "Sultan Mahmud haqqında hekayə", "Şeyx və mürid", "Qarğa hekayəsi", "Süleyman və dirilik suyu", "İskəndər və müdrik qoca"  hekayələrini göstərə bilərik. Paşa Xoca dövrünün klassik özbək ədəbiyyatının görkəmli nümayəndələrindən biri olaraq ədəbi irsi, xüsusən hekayələri ilə qiymətli bədii abidələr yaratmışdır.

Nəticə olaraq demək mümkündür ki,  Zahirəddin Məhəmməd Babur və onun yaradıcı övladları - Kamran Mirzə və Gülbadam Bəyim, həm də Məhəmməd Salih, Məclisi və Paşa Xoca kimi qələm sahiblərinin yaradıcılığı XVI əsr özbək ədəbiyyatı ənənələrini inkişafına təkan oldu. Bu görkəmli simaların qələminə mənsub əsərlər Əlişir Nəvaidən sonra özbək ədəbiyyatı xəzinəsinə qiymətli töhfələrdir.

Son illər Azərbaycan elmi-ədəbi mühitində Z.M.Babur yaradıcılığına maraq  artmışdı, daha konkret desək, yaradıcılığının əsas xəttini təşkil edən əsərləri - "Divan"ından nümunələr (professor Ramiz Əskər tərəfindən) və "Baburnamə" memuarı iki ayrı-ayrı tərcümədə Azərbaycan dilinə çevrildi (professorlar Ramiz Əskər və Füzuli Gözəlov tərəfindən), ədəbi şəxsiyyəti və irsi ədəbiyyatşünaslığın qarşısına elmi-nəzəri problem kimi qoyuldu. /525.az/

Yenililklər
05.05.18
Şəmil Sadiq - Qəzetbaz
04.05.18
Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
04.05.18
Qanundan yeni kitab - Artur Şopenhauer
03.05.18
Bakı Mühəndislik Universitetində Kamal Abdulla ilə görüş keçirildi
30.04.18
Serbiyada Kamal Abdullanın “Deyəsən, Platon xəstələnib” kitabının təqdimatı keçirilib
30.04.18
Qazax şairi Mağcan Cumabayın şeirlər kitabının təqdimatı olub
27.04.18
Kiyumərs İslami - Şəhər yeri; maddi-mədəni varlığımız
27.04.18
“İmperiyanın son yazarı” kitabı Çingiz Aytmatovun 90 illiyinə həsr olunub
27.04.18
Yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi Daşkənddə çap olunub
26.04.18
Elçin Hüseynbəyli - Qayçı
26.04.18
Yavuz Akpınara Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim edildi
26.04.18
Fərid Hüseyn Kazanda Ana Dili Bayramında iştirak edir
24.04.18
Vasif Əlihüseyn - Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
24.04.18
Azərbaycan IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalında təmsil olunacaq
24.04.18
Tələbələr Qan Turalının əsərini müzakirə etdilər - Fotolar
23.04.18
Beynəlxalq Kitab Günüdə “Don Kixot” əsərindən bir hissə Azərbaycan dilində səsləndirilib
23.04.18
“Cümhuriyyət-100” hekayə müsabiqəsi - Qısa siyahı
23.04.18
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində
20.04.18
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18
Elif Şafakdan yeni kitab
20.04.18
İMAGİNE tolerantlıq festivalı keçiriləcək
19.04.18
Səlim Babullaoğlu oxucularla görüşəcək
18.04.18
Səxavət Sahil - Servantes yoxsa Tolstoy?
18.04.18
"Azərbaycan aşıq sənəti" kitabının təqdimatı olub
18.04.18
Elçin İmanov - Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevski
17.04.18
Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Simran Qədimin "Hesab vaxtı" romanı çap olunub
17.04.18
“İkimizin hekayəsi” kitabının imza günü keçirildi
16.04.18
"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub
16.04.18
Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18
Anar - Türkmən xalqının milli şairi
16.04.18
“Nar bağı” filmi beynəlxalq festivalda
16.04.18
Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
12.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18
Günel İmranın "Ömər” adlı yeni romanı çap olunub
12.04.18
Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
10.04.18
“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü
10.04.18
Bütün zamanların ən yaxşı kitabları seçildi - SİYAHI
10.04.18
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.