Şəmil Sadiq - Qəzetbaz
05.05.18

Hekayə

Uzun illərdi gömrükdə işləyirəm. Hər gün başıma yüz cür maraqlı hadisə gəlir. Bu gün eşitdiyim hadisəysə məni xeyli düşündürdü. Üstəlik gülməkdən uğunub getmişəm. Deməli...
İllərdi vətəndən uzaqda olan dostum Bakıya gəlmiş, mənə də adını ilk dəfə duyduğum təmtəraqlı bir içki gətirmişidi. İçki aludəçiliyim olmasa da, allah şahiddir ki, içki məclislərində kimsə mənimlə sona qədər otura bilməz. Bir də fürsət düşdükcə fərqli içkilərin dadına baxmağı sevirəm. Hər gün gömrükdən oyan-buyana şütüyən dostlarım xasiyyətimə bələddi: onlara elədiyim yaxşılıqların əvəzini bircə yolla verə bilərlər – mənə heç tanımadığım yeni bir içki hədiyyə etməklə.
İnanın, axırıncı dəfə dilimə nə vaxt araq dəyib, xatırlamıram. Avropaya, Türkiyəyə gedib-gələn dostlarım çox olduğuyçün viski, likör, şərab, martini, cintonik kimi nemətlərlə keçiririm mey güzəranımı. Bu məqamda haşiyəyə gərək duyuram – məqsədim sizə içkini təbliğ eləmək deyil. Əsla və əsla. Şükr yaradana ki, məhərrəmlik və səfər aylarında bir müsəlman kimi bu şeytan əməlindən uzaq oluram. Yasımı tutub bitirəndən sonra ürəyiməyatan məclislər olanda özümçün bala-bala gillədirəm. Bir də hərdən kefim yaxşı olanda bir-iki qədəh vurub istirahət edirəm. Bu gün də elə həmin sevda ilə evə gedirəm. Çünki uzun illər Dubayda yaşayan bir dostum nəhayət ki, vətənə dönüb və mənə tekila adlı qəribə bir araq gətirib. Dediyinə görə məni iki qədəhdə aşırdacaq. Hətta möhkəm-möhkəm tapşırdı: “Az iç haa! Bu özəl nemətdi!” Ağzı sulana-sulana izah elədi ki, zavod malı deyil, onunçün xüsusi göndərilib. Başa düşdüyüm qədəriylə “damaşnıy” tekilaymış. Rənginə görə arağa bənzəyən bu içkini o qədər təriflədi ki, sanasan hər damlası quş südüdü. Əlqərəz, bu içki məsələsini qoyaq bir kənara, sizə dostumun bu gün nağıl elədiyi əhvalatı danışım. Etiraz eləmirsizsə, fürsət düşdükcə arada da yüz-yüz vurum.
Evə girən kimi arvadımın parıldayan gözlərindən öpüb dedim:
– Qəşəng bir yemək hazırla möcüzəli bir içki gətirmişəm. Onun dadına baxacam.
Kompüteri də açıb dostumun danışdığı əhvalatı sizə nəql eləməkçün hazır vəziyyətə gətirirəm. Bir yazıçı dostum kimi əvvəlcə düşündüm əhvalata ad qoyum. İlk ağlıma gələn “Vətənpərvər” oldu, vaz keçdim. Posmodernistlər bəyənməyəcək, pafoslu addı deyəcəklər. Haqq qazandırıram. Bəlkə “Pomidor” olsun? Yox, məncə, bu da qətiyyən diqqətçəkici ad deyil. Yaxşısı budur hekayəni yazım, adını sonra qoyarıq...
Mən ad get-gəllərindəykən arvad süfrəni urvatlı şəkildə bəzəmişdi. Oturub masadakı naz-nemətə tamaşa eləməkçün iki göz lazımıydı. Mənim gözlərimsə tekilaya baxırdı – məhəbbətlə, şövqlə, xoşbəxtcəsinə. Əlim əsə-əsə bir əllilik süzüb zəhər içirmiş kimi qorxa-qorxa içəri yolladım. Söhbətin şirin yerində dostumun səsi hardansa peyda oldu:
– Yüz bəsindi!
Qanım bir az qaraldı. Bir-iki tikə də yarpaq dolmasından yeyib yazmağa başladım.
Hə... Dostum (tekilanı hədiyyə edən) bir vaxtlar Azərbaycanda yaxşı bir vəzifədəymiş. Bir xeyli var-dövlət sahibi olandan sonra bunun qara-qura işlərinin üstü açılır və atırlar içəri. Yuxarılarda adamı olduğuyçün çox keçməmiş təzədən buraxırlar. Tapşırırlar ki, yığdıqlarını götür bir müddətlik ölkədən yoxa çıx. Çaşarsan, kiminsə gözünə dəyərsən, bil ki, sonrası bizlik deyil. Yedikləri burnundan gəlməmiş, tələm-tələsik çantasını yığıb, ailəsi ilə sağollaşıb Dubaya gedir. O vəzifədə olanda hələ biz tanış deyildik. Onunla tanışlığımız bir vəzifəli şəxsin mənə zəng edib bu adamı yola salmağımı xahiş eləməsindən sonra başlamışdı. Dilli-dilavər olduğuyçün qısa müddətdə söhbətimiz alınmışdı. Hava limanında olduğumuz bir-iki saat müddətində aramızda daha da səmimi münasibət yarandı. Onun dilindən eşitdiyimçün taleyinə acımışdım da. Adam deyirdi ki, bir vicdansıza görə elimdən, obamdan, ailəmdən didərgin düşürəm. “Vicdansız” deyəndə onun zibil işlərinin üstünü açan adamı nəzərdə tuturdu. Həmin adamın qarasıyca hədə də biçirdi ki, bəs, başına oyun gətirəcəm. Özünü belə mələk kimi qələmə verməyə çalışanda lap əsəbiləşirdim. Beləcə onun halından xəbərdar olmuş, ailə-uşağından ayrılma məcburiyətinə görə ürəyim də ağrımışdı. Yola salmışdım. Sonradan təşəkkürçün Dubaydan mənə qəşəng bir telefon alıb göndərmişdi. Bu da sonrakı dostluğumuzu davam etdirimiş, ara-sıra votsapla yazışır, feysbukda “layklaşırdıq”.
Bayaqdan yazıram, amma bu tekilanın təsirini hiss eləməmişəm. Yoldaşım da məhəbbətlə mənə baxır, hərdən uşaqlara “susun” deyirdi. Klaviaturadan əlimi çəkib bir əlli də vurdum. Sonra dedim: – Arvad, qoyma ha çox içim! Deyirlər, bu yaman tez kefləndirir.
Mənə elə gəldi ki, içəndə kompotaoxşar bir tam hiss elədim. Bəlkə də yanılıram. Guya pəncərədən baxmaqçün ayağa qalxdım. Məqsədim durumumun necə olduğunu müəyyənləşdirməkdi. Heç nə hiss eləmədim. Dedim, yəqin gec elər, güc elər. Ona görə də yaxşısı, yazını davam edim.
Harda qalmışdıq? Hə, onunla virtual dostluqdan. Tanışlığımızdan bir neçə il keçmişdi. Günlərin bir günü dostumdan mənə mesaj gəldi:
– Qardaş, səndən bir xahiş edim. Mənə Azərbaycan dilində bir az qəzet göndərə bilərəsən? Nə qədər çox göndərsən, başının ucalığıdır. Bir dənə də olsun Azərbaycan dilində nəsə oxuya bilmirəm. İlan qurbağa yazıları görməkdən bezmişəm artıq.

Deyim sizə, bu mesajı oxuyanda ağlamışdım. Qabağıma keçən hər kəsə danışırdım. Vətən həsrətinin necə ağrılı olduğunu dostumun o iki cümləsində hiss eləmişdim. Təsəvvür eləyin, qulağın ana dilini eşitməsin, gözün canı-qanı bir olan türk qardaşını görməsin, əlin torpağına, daşına toxunmasın... Bundan ağır nə ola bilər ki? Burda yadıma başqa bir dostumun da danışdığı hadisə düşür, siz allah, səbriniz olsun. Bəlkə də, haşiyələrim sizi bezdirəcək, amma inanın axırda bunun sonun eşitməyə dəyəcək. Bu arada deyim ki, hələ də keflənməmişəm, canımda heç bir istilik-filan da yoxdu. Tələsik birində içim, deyirəm... müəmmalı bir tamdır, heç məsləhət görmürəm.
Dostum deyirdi ki, ay Esyar, bu ana dili bir başqa şeydi. Bir dəfə Rusiyada taksi şöferinin pulun kəsmək istədim. Sən demə o da azərbaycanlıymış. Azərbaycan dilində anamı elə qəşəng söydü ki, ürəyimə yağ kimi yayıldı. Neçə il idi orda oxuyurdum, bir dənə də olsun azərbaycanlı ilə tanış deyildim. Deyirlər ha, burnumun ucu göynəyir, mənim də qulağımın içi göynəyirdi ana dilim üçün. Qardaşın söyüşü həmin an mənə lay-lay kimi gəlmişdi. Doğma dil belə gözəldir. Bunun qədrini bilin, çünki ürəyinizdən gəldiyi kimi danışırsız, deyirsiz, gülürsüz...
O mesajı oxuyanda Rusiyadan yeni gələn dostum Ozanın bu fikirləri yadıma düşmüşdü. Ona görə də dostumun bu həsrətini söndürmək üçün həmin gün 30-a yaxın qəzet alıb ona göndərdim. Üstündə də yazdım ki, “Millətini unutmayan qardaşlara sayğılarla...”
Qoyun birində içim ee, deyəsən bu zəhrimardan bir səs soraq yoxdu.
Həəə, onu deyirdim axı, qəzetləri göndərim, dostum da hər iki-üç aydan bir qəzet istəyir mənsə çamadan-çamadan yollayırdım.  Beləcə üstündən 4-5 il keçdi. Bizim bu qəzet məhəbbətimiz davam edirdi. Hətta bir dəfə kitab da göndərdim. Amma dostum dedi ki, qardaş kitab yaxşı deyil, mən istəyirmə elimin, dilimin gündəlik həyatını oxuyum. Palaz-palaz qəzet də olsa, lazımsız məlumat da olsa, hərəsini bəlkə də 3-4 dəfə oxuyuram. Bu neçə ildə bəlkə yüz adama dostumun vətənpərvərliyindən danışıb, kövrəltmişəm.
Artıq dostum Bakıya qayıdıb, neçə gündür zəng edir ki, gəl görüşək, sənin əmanətin var. Bu gün də görüşdük, dərdləşdik, keçən günlərdən danışdıq. Elə tekilanı da onda verdi. Tekila demişkən bu “damaşnıy” tekila heç nə eləmir axı.
– Ay canım gözüm, ordan böyük stəkan ver, deyəsən bu su imiş.
Arvadda cavabında bir az deyinib, stəkanı gətirdi. Töküb çəkdim başıma və düşündüm ki, bu dəqiqə mədəm partlayacaq və mən heç olmasa meyxoş olacam. Vallah heç nə hiss eləmirəm. “Cəhənnəmi ki” – deyib butulkanı başıma çəkdim və yaza-yaza yıxılıb yatacağımı düşündüm.
Keflənməyimi gözləmək öz yerində, sizə söhbətimizin davamını danışım. Deməli, kefimizin yaxşı yerində özümdən asılı olmayraq, qəfildən dedim, yekə kişisən, o qəzetləri neynirdin elə. Əslində cavabını bilirdim, amma nədənsə söz olsun deyə soruşdum və soruşduğuma da bir az utandım. Yersiz sual olduğunu düşünüb, söhbəti dəyişmək istəyirdim ki, dostum gülüb, o tərəf, bu tərəfə bic-bic baxandan sonra dedi ki, qardaş soruşdunsa düzünü deyəcəm. Deməli, bir neçə ay Dubaydan yığdıqlarımı yeyib dağıdandan sonra düşündüm ki, burda nə qədər qalacağımı bilmirəm. Bir işdən zaddan tapmaq lazımdır. Nə dil bilirəm, nə də bir iş əlimdən gəlir deyə düşünürdüm ki, bir məclisdə azərbaycanlılardan biri dedi ki, bu gün Vətəndən pomidor gəlib. Əl çantasından qəzetə bükülmüş 3 dənə pomidor çıxartdı. Diqqətimi qəzetin Azərbaycan dilində olması çəkdi. Və beləcə ağlıma gələn ideya ilə işə başladım. Sənin göndərdiyin qəzetlərə ordan pomidor alıb bükür, orda vətəndən iş-güc dalınca gələn azərbaycanlılara “vətən pomidoru” satmağa başladım. Bunu deyib elə xısın-xısın iyrənc şəkildə gülürdü ki... O anda özümü sevgilisinin xəyanətinə uğramış sadəlövh kənd uşağı kimi hiss elədim. Qanım beynimə vurdu. Əsəbiləşməyimi hiss etməyən bu bədheybət duyğu ticarətçisiysə susmurdu:
– Qarabağ qaçqınlarına pomidorları “Qarabağ pomidoru” adıyla sırıyırdım. Guya bir gürcü dostum erməni dostuna xahiş edib, Şuşadan gətizdirirmiş.
Onun bu söhbətindən sonra dayanmayıb uzaqlaşdım. “Uşaqda fərasətə bax” düşüncəsiylə evə gəldim. Əhvalat beləydi.
Sizi bilmirəm bu söhbətdən sonra dəm olmusuz ya yox, bu tekila bitdi, ancaq mən hələ də heç nə hiss eləmirəm. Siz sağ və salamat, mənsə gözləyim görüm bu mey mələkləri nə vaxt zühur edəcək...

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.