Ədəbiyyat və incəsənət mövzulu teleproqramlara bir baxış
11.09.18

Jurnalistikanın nəzəri arsenalında televiziya - insanı min illər boyu kamilləşdirən ədəbiyyatın indiki çağda çox mükəmməl təqdimat vasitələrindən biri kimi dəyərləndirilir.

"Səs və görüntünü eyni anda birləşdirən televiziyanın" təsir gücü hələlik ilk yerdə dayanır. Xalqın, millətin yaradıcılıq potensialını gerçəkləşdirən ədəbiyyat və incəsənət əsərləri bütün dünyada və eləcə də Azərbaycanda televiziya proqramlarının aparıcı tematikasına daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədəbiyyatın cəmiyyətin estetik tərbiyəsində rolunu yüksək qiymətləndirərək deyir: "Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün, əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur. Əgər bunlar olmasaydı, əgər Azərbaycan xalqı öz tarixi köklərinə bağlı olmasaydı, bizim bugünkü taleyimiz başqa cür olardı". Bədii ədəbiyyatın elə nümunələri var ki, yarandığı qədim dövrdən bu günədək nəsil-nəsil insan yetişdirmişdir. Ustad yazıçımız Mir Cəlal XX əsrin əvvəllərindəki ədəbi əsərləri belə qiymətləndirirdi: "Azərbaycan tarixində heç bir zaman bədii ədəbiyyat indiki qədər günün məsələləri ilə sıx əlaqədə olmamışdır... İndi ədəbiyyat çox kəskin siyasi silah olmuşdur". Azərbaycan teleməkanında bədii ədəbiyyata münasibət onun estetikasına söykənir. Çünki "ədəbiyyat insan ruhunun aynasıdır... ədəbiyyat sadəcə duyğulandırıcı parlaq lövhələr, hadisələrin bədii təsviri və gözəl cümlələr toplusu deyil, ilk növbədə zamanı sabaha daşımaq gücündə olan ilahi işıq və bədii qüdrətdir". Televiziya hər bir "problemin aktuallığını, günün tələbləri ilə səsləşməsini, ... faktın, təqdim olunan materialın ictimai həyat və cəmiyyət üçün önəmini" nəzərə alaraq bütövlükdə ədəbiyyata, incəsənət nümunələrinə həmişə böyük əhəmiyyət verir. Şifahi xalq ədəbiyyatı TV proqramlarında nağıllar dünyasını əks etdirən bir sıra uşaq verilişləri formatında, bu ədəbiyyatın növlərini ekran təhlillərinə gətirən proqramlarda özünü göstərməkdədir. Etiraf edək ki, AzTV və İctimai televiziya daha çox Azərbaycan nağıl və dastanlarına söykənən TV verilişlərinə üstünlük verməkdədir. "Kitabi-Dədə Qorqud" dastanlarından doğan ciddi motivlərdən tutmuş cizgi filmlərinədək bütün məqamlarda xalq yaradıcılığının nümunələrinə bağlı bir sıra proqram formatları mövcuddur. "Belə proqramlarla televiziya tamaşaçının estetik zövqünün formalaşmasına xidmət edir".

Bu problemlərə diqqət həm də ondan irəli gəlir ki, TV ekranı insanların mədəni səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir. Tamaşaçının, bütövlükdə cəmiyyətin estetik, mədəni, intellektual səviyyəsinin yüksəlməsində bədii ədəbiyyatın rolu çox böyükdür. İnsanın hisslərinə, duyğularına ünvanlanan bədii söz qüdrətli tərbiyə vasitəsidir. Bu mənada yazılı ədəbiyyatın Nizami, Füzuli, Vaqif, Səməd Vurğun, F.Dostoyevski, Q.Q.Markes kimi yüzlərlə klassik yaradıcıları ilə yanaşı, bu yaradıcılığın xalqa məxsus şifahi sahəsi də öz   möcüzələri ilə bizi heyran qoymaqdadır. Bütün böyük yazıçı və şairlər ilk dərslərini, bədii örnək kimi şifahi xalq ədəbiyyatından almışlar. Ən böyük ədəbi əsər xalq dilinə, xalq üslubuna doğma olanda qəbul edilir. Nobel mükafatı laureatı, kolumbiyalı ədib Q.Q.Markes özünün şifahi xalq ədəbiyyatına söykənən "Yüz ilin tənhalığı" romanı ilə dünyada məşhur oldu. Yazıçılarımızdan Anar, Elçin, Mövlud Süleymanlı kimi sənətkarlarımız şifahi sözün gücünə çox diqqətlə yanaşdılar. "Öncə söz gəldi" həqiqətini qəbul etsək, "günlərin bir günündə insanın dilinə söz gəldi... elə, ulusa söznən birlikdə bir ucalıq gəldi. Ağır-ağır sözlər ağır-ağır kişilər yetirdi". Deməli, söz, o cümlədən, bədii söz insan yetişdirməkdədir. Ona görə də müasir televiziya kanalları - bütün dünyada və o cümlədən, Azərbaycanda bədii ədəbiyyatı təbliğ edən xüsusi proqram formatlarından istifadə edirlər. Azərbaycan teleməkanında AzTV-dəki "Ovqat", İTV-dəki "Səhər sovqatı", Lider Tv-də "Xəzərin sahilində", ATV-dəki "Geriyə baxanda" və digər proqramlarda ədəbi-bədii yaradıcılıqla məşğul olan sənətkarlarımızla tamaşaçı görüşləri çox böyük səmərə verir. İctimai televiziya Azərbaycan şifahi xalq ədəbiyyatına "El sənəti" kimi ayrıca bir proqram həsr etmişdir. Bu proqram elimizin söz sənətinin maraqlı nümunələri ətrafında folklor sahəsində tanınmış elm adamı Füzuli Bayatın təqdimatı ilə tamaşaçıya təqdim olunur.

AzTV-nin mühüm xidmətləri sırasında uşaqların bədii-estetik zövqünün formalaşmasına diqqət də mühüm yer tutur. Bu sıradan "Sehrli güzgü", "Dərədən-təpədən", "Pəncərə", "Çıraq" tipli proqramlar ayrıca diqqətə layiqdir. Bu tip verilişlərdə uşaq təfəkkürü, uşaq qavraması nəzərə alınaraq incəsənətin maraqlı nümunələri peşəkarlıqla hazırlanıb efirə verilir.

Qeyd etmək yerinə düşər ki, "Xəzər" TV-də bir müddət bundan əvvəl yaranan "Könül dünyamız" proqramında Hüseyn Cavid, Məmməd Araz, Rəsul Rza, Əli Kərim, Sona Vəliyeva və başqa  şair və yazıçıların sənət dünyası ətrafında maraqlı söhbətlər, həm də poeziyanı, nəsri ustalıqla təhlil edən elm və sənət adamlarının iştirakı ilə tamaşaçıya təsir göstərən söhbətlər olur. İctimai televiziyanın müəllif proqramı formatında efirə çıxan "Yadigarlar" verilişində Azərbaycanın müxtəlif sahələrdə tanınmış, öz fəaliyyəti ilə ictimai rəydə yüksək yerdə qərarlaşmış elm, sənət adamları, ictimai xadimlər haqqında ətraflı söhbətlər aparılır.

Ədəbi-bədii əsərlərin, yazıçı və şairlərin yaradıcılığı ilə bağlı proqram formatlarının elektron mediada maraqlı təcrübəsi var. Hələ Azərbaycan radiosunun yarandığı ilk çağlardan bu informasiya vasitəsinin ən çox müraciət etdiyi ədəbi-bədii əsərlərin radiotamaşa formatında efirə çıxarılması olmuşdur.

Eyni sözləri bu gün televiziyaların bədii ədəbiyyata münasibəti haqqında da demək olar. Azərbaycan telekanalları milli və dünya ədəbiyyatının ən maraqlı nümunələrini teletamaşa formatında tamaşaçılara təqdim edir. Bu fəaliyyətin tarixi televiziyamızın başlanğıc çağından özünü göstərsə də, müstəqillik illərindəki məhsuldarlığını xüsusi qeyd etməliyik. Çünki müstəqillik illəri Azərbaycan televiziyasının həyata baxış prizmasını xeyli dəyişdirdi, yaradıcılıq çərçivəsini genişləndirdi. Televiziyamız son 20 ildə əvvəlki tarixi fəaliyyətinin daha böyük miqyasını yaşamağa nail olmuşdur. Tədqiqatçılar doğru qeyd edirlər ki, teatrların böhran keçirdikləri bir vaxtda yeni tamaşalarla cəmiyyətə xidmət etdi. Azərbaycan televiziyası ötən illərdə "Kamança", "Ac həriflər", "Anamın kitabı", "Yurd yeri", "6 №-li palata", "Məhbus", "Şəkilçi", "Bala, başa bəla", "Kral ölür", "Gecə", "Qayalarda qalan səs", "Yarımştat", "Kleopatra" kimi parlaq tamaşalar təqdim etmişdir".

Etiraf edək ki, ədəbi əsərlərimiz və onların müəlliflərinin teleekran taleyi bu sahəni daha da çox populyar edir. Rusiya telekanallarında böyük iş təcrübəsi olan O.Poptsov yaxşı qeyd edir ki, "vaxtı ilə dünyanın ən məşhur müğənnilərindən olan Şalyapinə bir milyon tamaşaçı auditoriyası qazanmaq üçün 40 il vaxt lazım olardı. İndi televiziya vasitəsilə ən adi müğənni bir saatda 150 milyonluq auditoriya qarşısında çıxış edir". Televiziyanın bu kütləvilik gücünü Xalq şairimiz Bəxtiyar Vahabzadə də öz həyatında hiss etdiyini "Televiziya ədəbi taleyimdə" adlı qeydlərində göstərmişdir: "Otuz yaşımdan üzü bəri milli televiziyamızla çox yaxın dost kimi yol gəlmişik. Ədəbi taleyimdə onun xidmətlərini heç nə ilə müqayisə edə bilmərəm. Qələmim qədər, bir çox hallarda isə qələmimdən artıq həyatım, dostum, sirdaşım olub. Hətta bir sıra əsərlərimin yaranmasına şərait yaradıb: onu nəzərdə tutub gərəkli mövzulara müraciət etmişəm. Mənə diktə etdiklərini ona qaytarmışam - o da aydın güzgümüz kimi ordan əks etdirib".

Bənzər fikirləri böyük yazıçımız Anarın da qeydlərində oxuyuruq: "Azərbaycan teleradiosu xalqımızın, cəmiyyətimizin həyatında da, şəxsən mənim həyatımda da çox böyük rol oynayıb. Televiziyanın... xalqın, millətin maariflənməsində... bədii-estetik zövqünün formalaşmasında misilsiz xidmətləri var... Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyəti ən əski ənənələrə malik bir qurum kimi yenə də cəmiyyətin həyatında mühüm rol oynayır. Mənim həyatımda da radio və televiziyanın çox böyük rolu olub və var".

Göründüyü kimi, Azərbaycanın böyük şair və yazıçılarının həyatında televiziyanın çox böyük yeri var. Və bu işdə televiziyanın maarifçilik funksiyası bütün parametrləri ilə qeyd olunmaqdadır. Alimlərin, jurnalistika nəzəriyyəçilərinin, demək olar ki, hamısı televiziyanın ədəbiyyat, incəsənət, mədəniyyət sahəsindəki fəaliyyətini xüsusi qiymətləndirir. Televiziya mədəniyyət, ədəbiyyat dəyərlərini qiymətləndirmək sahəsində cəmiyyətin həyatında çox mühüm iş görür. "Televiziya mənsub olduğu cəmiyyətin strukturunu formalaşdırır və əks etdirir, sosiumun mədəniyyətini tənzimləyir və müəyyən edir" - bu fikirləri telejurnalist və tədqiqatçı Q.Məhərrəmli "Jurnalistikanın əsasları" kitabında qeyd edir. Bu vəzifəni yerinə yetirmək işində televiziyanın arsenalı sırasında mədəniyyət, incəsənət, ədəbiyyat vacib atributlar kimi qiymətləndirilir.

Televiziyalar peşəkar jurnalistlərin həm müəllif proqramları, həm də televiziyanın proqram setkasında daimi yeri olan verilişlərlə bədii ədəbiyyatın təbliğinə xüsusi diqqət yetirməkdədir.

Azərbaycan xalqının milli-mənəvi sərvətləri sırasında ana dilimiz çox mühüm yer tutur. Azərbaycanın görkəmli ziyalıları - ictimai xadimləri, yazıçı və publisistləri milli-mənəvi dəyərlərimiz sistemində dilimizin dəqiq qiymətini vermiş və sübut etmişlər ki, ana dili millətin varlığıdır, onun həyat atributudur. Böyük ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli "Ana dili" məqaləsində yazırdı: "Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir". Daha sonra F.Köçərli məşhur rus pedaqoqu Uşinskidən misal gətirir: "Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb bitməz, amma dilini alsan fövt olar və ondan bir nişan qalmaz".

Klassik ziyalılarımız dilimizin qorunması və zənginləşdirilməsi məsələsini həmişə ön plana çəkmişlər. Böyük ziyalımız Ö.F.Nemanzadə özünün "Dilimiz və imlamız" məqaləsində Azərbaycan dilinin təmizliyi məsələsini qoymuş, lazımsız alınmalarla dilin korlanmasına qarşı çıxmışdır. Və göstərmişdir ki, "türkcəmizin varlığını, yaşamağını, hamımızın bilikli, hünərli olmamızı, avam üçün yazılan kitabların, qəzetlərin anlaşılmasını istəyirsək, bacardığımız qədər "gərəksiz" və "artıq" olan ərəbcə, farsca sözləri türkcələşdirib yazmağı sınamalıyız". Lazımsız alınmalarla dilimizi korlayanları C.Məmmədquluzadə "Bizim obrazovannılar" felyetonunda və "Anamın kitabı" kimi fundamental dram əsərində əsaslı şəkildə tənqid etmişdir.

Müasir günlərimizdə də bir tərəfdən dilimizin inkişafına dövlət qayğısının şahidiyik, digər tərəfdən lazımsız alınma sözlərlə, bir sıra hallarda imlaya etinasızlıqla onun korlanmasına da yol açıldığını görməkdəyik. Bunu uzaqgörənliklə sezən Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin ikişaf etdirilməsidir".

Maraqlı bir cəhəti qeyd etməliyik; uzun müddət sovet imperiyası daxilində olan Azərbaycan ən çətin dövrlərdə belə öz dilini nəinki qoruyub saxlamış, habelə onun inkişafına da nail olmuşdur. Milli Elmlər Akademiyası nəzdində yaradılan Dilçilik İnstitutu, müxtəlif universitetlərin filologiya fakültələri dilçilik elminin inkişafına nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilçiliyimiz inkişafı ilə bağlı 2013-cü il aprelin 9-da imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" tarixi sərəncamı çox mühüm rol oynamaqdadır.

Məhz sərəncamda təsdiq edilən dilimizin və dilçiliyimiz inkişafı ilə bağlı Dövlət Proqramının nəticəsidir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunda dilimizin müxtəlif sahələrdə işlənməsinə nəzarət mexanizmi kimi Monitorinq şöbəsi yaradıldı. İndi bu şöbə ayrı-ayrı media nümunələrindən tutmuş reklam lövhələrinədək hər yerdə Azərbaycan dilinin düzgün istifadəsini monitorinq etməkdədir. Şöbə xüsusilə televiziya və radioda dil faktından istifadə ilə bağlı indiyədək keçirdiyi monitorinqlərin nəticələrini açıqlamış, bir sıra qüsurları nəzərə çatdırmış, tövsiyələr təqdim etmişdir.

Telekanallarımız son vaxtlar incəsənət proqramlarını xüsusi diqqətdə saxlayırlar. Əlbəttə, burada söhbət incəsənətin xalq yaradıcılığı ilə bağlı faktlarından gedir və xüsusi qeyd etmək istərdik ki, incəsənətin bu istiqaməti ilə bağlı Azərbaycan faktları yetərincədir. Bütün dünyada və eləcə də Azərbaycan teleməkanında televiziyanın belə bir nəzəri cəhətinə xüsusi diqqət yetirilir ki, Milyonlarla teletamaşaçı incəsənəti televiziya vasitəsilə daha rahat və daha səmərəli anlayır. Belə bir cəhət teleefirin səsi və görüntünü eyni anda ötürməsi, səviyyəli rejissorun vacib detalları tamaşa salonundakından da artıq dərəcədə tamaşaçıya iri planda çatdırmağı ilə də izah edilə bilər. Xüsusilə xalq tamaşaları, nağılların, dastanların həm birbaşa özlərinin təbliği, həm də onların teatr variantına, opera, operetta, komediya, dram, pyes formatlarına çevrilmiş müasir sənət nümunələrinin təqdimi böyük səmərə verməkdədir. Xüsusilə, gənc nəslin milli ruhda tərbiyəsinə xidmət edən uşaq proqramları bu sahədə böyük rol oynayır. AzTV-nin efirində hər gün təqdim olunan uşaq proqramı, İTV-nin efirində gündəlik "Biri vardı, biri yoxdu", "Space"dəki "Yuxunuz şirin olsun" uşaq proqramları hesablama reytinqinə görə TV verilişləri sırasında ilk yerləri tutur.

Tədqiqata cəlb etdiyimiz telekanalların hər biri xalq nağıllarımızın, əfsanələrimizin tamaşa versiyasına xüsusi diqqət yetirməklə uşaq və yeniyetmələrdə milli-mənəvi dəyərlərimizin ən maraqlı faktlarına məhəbbət hissi oyatmaqdadır.

Azərbaycan televiziya məkanında teatr tamaşalarının birbaşa canlı yayımdan tutmuş, ayrı-ayrı bədii nəsr əsərlərinin, pyeslərin televiziya tamaşası şəklində ekrana gətirilməsi incəsənətin bu növünün geniş kütləyə çatdırılmasına xidmət edir. Bu məsələ Azərbaycanda televiziya yaranandan bu günə kimi nəinki davam etməkdədir, habelə inkişaf etməkdə və tamamilə yeni formatlarda özünü göstərməkdədir. Aydındır ki, bədii yaradıcılıq, xüsusilə teleteatr təsvirəgəlməz bir cazibədarlıqla doludur, o adamlara gözəlliyi dərk etməyin və ondan həzz almağın sevincini bəxş edir.

Azərbaycan teleməkanında televiziya filmləri də incəsənətin maraqlı sahəsi kimi milli-mənəvi dəyərlərimizin təqdimində və təbliğində çox böyük rol oynayır. Televiziya filmləri daha çox sənət adamlarının portretlərini, ənənəvi dəyərlərimizin unudulmaqda olan vacib faktlarını üzə çıxarır, mədəni-maarif işi görür. İndiyədək teletamaşaçıların yaddaşında qalan "Təsnif", "Şur", "Salam, Zeynəb", "Kaman ustası Habil", "Alim Qasımov" və başqa telefilmlər bir tərəfdən haqqında söhbət gedən sənətkarın yaradıcılığını təsvir edirsə, digər tərəfdən xalq sənətinə xalqın sönməyən məhəbbətini yada salır.  

/Fəxriyyə İsayeva, 525.az/

Yenililklər
05.11.18
İlahiyyat İnstitutunda “Hərəyə bir kitab” adlı sosial aksiyaya start verilib
05.11.18
Nəriman Nərimanovun “Bahadır və Sona” fransız dilində
05.11.18
Cəmşid Cəmşidovun tərcüməsində Antonio Tabukkinin əsəri çap olundu
05.11.18
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb
03.11.18
“YAZI” ədəbiyyat dərgisi çapdan çıxdı
02.11.18
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub
02.11.18
Vaqif Səmədoğlunun Polşada nəşr olunan kitabının təqdimatı keçirilib
02.11.18
Prezident Azərbaycan dili ilə bağlı Fərman verdi
01.11.18
Con Steynbekin gənc yazıçıya məktubu
01.11.18
“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı nəşr edilib
01.11.18
Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı çap olunub
31.10.18
Şostakoviçin xatirələri 1 - Milli incəsənət
31.10.18
Noyabrda Musiqili Teatrda maraqlı səhnə əsərləri təqdim olunacaq
31.10.18
“Ustad”ın 22-ci sayı işıq üzü gördü
31.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır IV
30.10.18
Nicat Azər - Lopa qar
30.10.18
Azərbaycanlı yazıçının kitabları Rusiyada nəşr olunub
30.10.18
“Metafizika” jurnalı beynəlxalq impakt faktorlu indeksdə qeydiyyata alınıb
30.10.18
Aygun Sadiq - Ətrafı dərk etmək: Zehnimiz informasiyanı hansı tərzdə depolayır?
30.10.18
Stiven Kinq yeni kitabının anonsunu verib
29.10.18
Əli Kərimin qonaqlığı və  Mərkəzi Komitənin məzəmməti
29.10.18
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb
29.10.18
Nicat Həşimzadə - İmperiyaların yaranışı, çöküşü və vətəndaş mövqeyi
29.10.18
Müasir gerçəkliklərimiz şair gözü ilə
29.10.18
“Şahanənin nağılı” təqdim edildi
26.10.18
Nicat Həşimzadə - Ölümsüzlük axtarışı – Gilqameş və biz
26.10.18
Əli Şamil - Bakıda repressiya qurbanı olan özbək türkoloqu
26.10.18
Azad Qaradərəlinin “Renesans həsrəti” 2 kitabı çap olunub
26.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
26.10.18
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
25.10.18
Sabir Rüstəmxanlının “Astar” adlı yeni kitabı çıxdı
25.10.18
Bulgaristan’da Müslüman-Türk Katliamları ve Asimilasyon Hareketleri
25.10.18
Anar Müşfiqin ehtimal olunan qalıqlarının tapılmasından danışdı
25.10.18
"Lütfi Zadə və Eynşteynin nəzəriyyələri yeni ədəbi cərəyan yaratmama yardımçı oldu” - MÜSAHİBƏ
25.10.18
Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi yad olunub
24.10.18
“Metafizika” jurnalının 3-cü sayı nəşr olunub
24.10.18
Ənvər Məmmədxanlının romanı Türkiyədə nəşr olunub
24.10.18
Hüseyn Cavid - Dodaq-dodaqda öpüşdükcə xеyli söz vеrdin
24.10.18
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib
23.10.18
Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.