Antonio Ferrara - Çay – Futbol Meydançasıdır II
09.10.18

Antonio Ferrara 1957-ci ildə Napoli yaxınlığındakı Porticidə doğulub, Novarada yaşayır və işləyir.  Bədii  tədqiqatlar üzrə təhsil almış, yetkinlik yaşına çatmayanlar üçün yaşayış birliyində yeddi il çalışmış, orada balacaların xəyallarına qatılmağı, özünə heç vaxt həddən artıq ciddiliklə yanaşmamağı təlqin etmişdir. Məktəblərdə, kitabxanalarda, mədəni birliklərdə və ətraf evlərdə uşaqlar və böyüklər üçün illyustrasiya və yaradıcı yazı seminarları təşkil edir. Uşaqlar üçün çoxlu sayda kitabların, - Qəlyanaltıya ərəb çörəyi,  Putsillo - centlmenin pişiyi, Mən pis idim, Divarı döyün: kitab həyatınızı xilas edəndə, Bəzi güllər kölgədədir, 80 mil, Heç bircə gün də yox - və digər maraqlı əsərlərin, kitablarına çəkdiyi bir çox orijinal illyustrasiyaların müəllifidir...  





        Harada öyrənsən də, yalnız sevdiyin şəxsdən öyrən
                                                        Y.P.Ekkermann

      
       Sevinc və kədər dolu Tatyanaya




        ÇAY – FUTBOL MEYDANÇASIDIR

        Povest

       II Hissə


        Dörd
   
       Evin içərisində altımız da bir yerdə yıxılıb yatırdıq, mən içəri girəndə o biri beşi artıq yatmışdı, təkcə gəlib - gedən nəfəsləri eşidilirdi. Səs salmadan, başların, əl və ayaqların arasıyla keçib, yavaş-yavaş öz kartonumun üzərinə sərələndim, başımı yastıq əvəzi olan kitabıma söykəyib,onun,çay kənarında gördüyüm həmin o gözəlin barəsində düşünməyə başladım. Bayırda lamyerləri titrədən külək əsir, mən isə sakitcə onun haqqında  düşünürdüm, yalnız onun haqqında, özü də onu istədiyim kimi düşünürdüm, o, elə gözəldi ki, evdə yemək hazırlamaq üçün heç qazı da yandırmazdı, çünki, mətbəxə girəndə su artıq öz-özünə qaynamğa başlayırdı. Sonra görürdüm ki, evdən çıxıb pilləkənlərlə düşürdü, pilləkənlərdən də biri sökülmüşdü  və o, öz güllü paltarında kücə ilə keçib gedirdi və  o,  keçib gedəndə, hələ gündüz olsa da, küçədəki fənərlər öz-özünə yanmağa başlayırdı, adamlar da çevrilib onun arxasınca baxırdılar, çünki paltarının gülləri ətir saçırdı. Mən onu adı ilə xatırlamaq istədim, ancaq sonra yadıma düşdü ki, onun heç adını da bilmirəm, heç o da mənim adımı bilmirdi. Neynək, düşündüm, vacib deyil, vacib deyil ki, bir-birimizin adını bilmirik. Vacib odur ki, sevirik, budur vacib olan. 
       Qısası, onu özüm istədiyim kimi düşünürdüm, xoşuma gələn kimi, guya artıq nişanlı idik, və onu düşünərkən, bayırda lamierləri titrədən küləyin özü belə kora ilə gitaranın səsi  kimi gəlirdi, sonra gözlərim qapanmağa başladı, hətta bayırdakı külək belə səngimiş, ya da səmtini dəyişmişdi, bəlkə də elə olduğu kimi əsirdi və beləcə, gözlərimi yumub yuxuya  getməyə başlayanda, yavaş-yavaş yuxunun dərinliklərinə dalarkən,  yadıma düşdü ki, onun iri qara gözləri vardı, və onlara baxanda sanki sonsuz bir quyuya yuvarlanırdım. Yatmazdan əvvəl, ertəsi gün barda danışmalı olacağım hekayə barəsində də düşündüm, personajlar və süjet barəsində, personajların hamısına yaxşı bələd idim, mənə elə gəlirdi ki, onları həqiqətən də tanıyıram, məzmun barəsində isə hələ heç nə ağlıma gəlmirdi. Ancaq narahat deyildim, yox, çünki bilirdim ki, əvvəl-axır beynimə nəsə girəcək. 


          Beş
      
       Ertəsi gün altımız da bir-birimizin ardınca oyanıb, yeməyə bir şey tapmaqdan ötrü Dakarın ətraflarına yollandıq. Bir qədər yol getdikdən sonra dərhal ayrıldıq və həmişəki kimi hər kəs özü tək getdi,  təkbaşına oğurluq, sədəqə toplamaq, ayaqqabı  təmizləmək daha sərfəli idi. Mən isə şanslıydım, çünki yalandan kitab oxumaq bacarığını göstərdiyim barlar var idi, hər dəfə də yeməyə və içməyə nəsə verirdilər, çox razı idim ki, kitabla bu fırıldağı düşünmüşdüm, çünki xoşbəxtlikdən fırıldaq işləyirdi. Bara gələn kimi hamını salamlayıb, masaların arasında dayanırdım, kitabı açır və başlayırdım, maraqlananlar baxıb gözləyirdilər, hamı mənə baxmağa, məni duymağa çalışırdı, söhbət edirdilərsə həmin an  susur, kofe içirdilərsə, fincanlarını masanın üstünə qoyur, qəzet vərəqləyirdilərsə, dərhal qatlayıb kənar edirdilər. Özümü bicliyə qoyub yalandan oxumağa başlayanda, milcək də göydə qanad saxlayırdı və əgər kimsə hələ astadan danışırdısa, başqaları ona susmağı işarə edirdi. Hekayəti istədiyim tərəfə fırladırdım, güldürmək üçün zarafatlarım vardı və hər gülməli atmacadan sonra bir anlığa susurdum, beləcə, gülüşlər sözlərin üstünə minmirdi.
       Bəzən kimsə söhbət edir və ya bir qədər yayınırdısa, nəsə  qorxulu bir şey fikirləşirdim, necə ki, məsələn, birinin o birisini öldürməsi, tapançadan açılan atəş, keşişin ayağını dişləyən it, çalaya yıxılan bir xanım barədə, - və dərhal həmin o fikri yayılan diqqətini cəmləşdirir, sanki nəfəs də almırdı, hətta ofisiant belə masaların arasında ayaq saxlayıb, daha heç kimə heç nə aparmır, məcməyidəki kofe və südü soyudurdu.
      Barın xozeyni də razı idi, ora gedəndə güdüb saxlamırdı, çünki mən orada olanda bara daha çox adam gəlirdi.  
      Oxuduqlarım sona yetəndə ucadan alqışlar qopurdu və barda oturanların hər biri mənə nəsə vermək istəyirdi.  Kimisi dəmir pul, kimisi bir sendviç, kimisi də içməyə bir şey, sonra tam razı, cibim dolu, qarnım tox meydançaya yollanırdım.  


         Altı
      
       Meydançada məşqlər davam etməkdə idi. Məşqçi bizi hər gün düz bir saat qaçmağa məcbur edirdi. Elə bir saat ərzində də təkcə onu bilirdi ki, üstümüzə bağırırdı. Oyun günü yaxınlaşırdı, hamımız bir qədər əsəbi idik. Bir dəfə günortadan sonrakı məşq zamanı gördüm ki, Çako, - həmin o cembe çalan oğlan, əlində təbil, qoruduğum qapının arxasında, otların üstündə oturub, ancaq çalmırdı. Onu əlimlə salamladım, o da əlini qaldırdı.
       Məşqdən sonra Çako artıq orada yox idi, onda Tabonu axtarmaqdan ötrü çay kənarına yollandım.
       Tabo yaş tozdan, sanki danışmağı bacaran, acmışam, rəqs etmək istəyirəm söyləyə bilən heykəllər düzəldirdi və bir dəfə, balıq kimi  quyruğu və bir cüt yumru döşləri olan, çimərlikdə uzanmış bir sirena (6) düzəltmişdi, adam da  istəyirdi elə hey gedib əli ilə  ona toxunsun.
         İşləməyinə mane olmayıb getdim, cığır boyu təkbaşına addımlayırdım, sonra o, gəldi, həmin gün gördüyüm o zərif, o gözəl qız. Yaxınlaşdı, heç nə demədən çayın kənarında əlimdən tutdu,danışmadan mənə baxdı. Yol tərəfdən kimsə onu səsləyirdi, beləcə adını da bildim, Aina.
       Sonra mənə qısa bir söz dedi əzizim, mənə əzizim deyib getdi və bu söz çay dibindəki daşlar kimi düşüb ürəyimdə qaldı.
       Tabonun yanına qayıtdım, hələ də öz torpaq heykəlini oxşayıb hamarlayırdı, gedə-gedə, yerdə içərisində hələ çəkilməmiş bir qədər tütün qalan siqaret kötükləriım, sonra onları bir yerə toplayır, əsil siqaret düzəldirdik.
        Taboya yaxınlaşıb, yerdə yanında oturdum, o  nəzərlərini mənə dikib yalnız baxışları ilə məndən soruşdu - Kato, sən o qızın həqiqətən də nə ilə məşğul olduğunu bilirsənmi.  Mən başımı aşağı dikib əllərimin arasındakı siqaret kötüklərinə baxdım. Tabo da başını aşağı dikdi, dinməzcə öz palçıq sirenasına baxıb, onu nəvazişlə oxşadı.  
       Mən Ainanın nə ilə məşğul olduğunu bilirdim və o, istədiyini edə bilərdi, çünki onun demək olar ki, on beş, mənim isə yalnız on üç yaşım vardı. Bilirdim ki, bu tərlı köynəkli, kök, ağ əcnəbi axşam onu mağazaların arxasında axtarmağa gəlir, əlini onun harasına istəsə uzadırdı. Sonra əlini onun çiyninə qoyub onu aparırdı, onu Ainanın evinə, pilləkənlərin kəlləsindəki evinə aparırdı. Ainanın qapısı açarla bağlanan, palçıqdan və daşdan hörülmüş bir evi vardı, pilləkənlərdən də biri, sökülmüşdü, həmin o ortada olanı.
        Çaya tərəfə yollandım, sahilə yaxın gəlib, hələ də ilıq qalmış tozun üzərində tək-tənha oturdum, bir az keçmiş qara bir it mənə tərəf süləndi, qısılıb yanımda yatdı, səssizcə çaya baxırdıq, birlikdə, mən və o. Göyün üzündə nəhəng  səma və nəhəng sükut vardı, artıq sayrışmağa başlayan ulduzlar nəzərlərimi elə bərk qamaşdırırdı ki, gözlərimdən  yaş axmağa başladı.
______________________________
(6) Mifoloji dəniz qızları

       
        Yeddi


       O axşam yatmağa erkən yollandım, başqaları ilə bir yerdə olmağa həvəsim qalmamışdı. Ayağa qalxıb getdim, it isə sahildə qaldı, gözlərini bir az mənə zilləsə də, yerindən tərpənmədi. Evə qayıdıb kartonumun üzərinə sərələndim, yoldaşlarım hələ də şəhər ətrafında olduğundan təklikdə qalmaq ürəyimcə idi, çünki düşünmək üçün xeyli xəyallarım vardı. 
        Əllərim başımın altında, pas atmış lamier tavana baxır və bəlkə də məni istəyən Aina barəsində düşünürdüm, sonra fikirləşdim ki, yox, mən onun üçün çox balacayam, o, yəqin ki, daha yaşlısını, top qovan, oğurluq edən birisini yox, işi-gücü olan bir başqasını istəyir. Onda xəyalımda özümü kostyumda və qalstukda, dəqiqliklə işə yollanan birisi kimi görürdüm, - çox şıq geyinmişdim, avtobusa minirdim hətta biletim də vardı, ofisdə hamını salamlayıb razı görkəmlə iş masasının arxasına keçirdim, masanın üstündə isə gözdən keçirmək üçün kağızlar vardı, ancaq mən bu kağızları oxuya bilmirdim və oradakılar bunu görüb məni dərhal, özü də təpikləyə-təpikləyə qovurdular...
        Sonra düşünməyi bir qədər buraxır, böyrü üstə çevrilib yatmağa çalışırdım və bu sükutda yalnız, yaşadığım düşüncələrdən titrəyən küləyin və ağacların səsini eşidirdim.
        Gözlərimi yumur, rahat yöndəm tapmaq üçün dönür, çevrilirdim, ancaq əbəs idi, yuxum gəlmirdi. Onda gözlərimi açır, yenə Aina barəsində, onu mağazaların arxasına aparan oradakı o bir nəfər barəsində düşünürdüm, bu vaxt bədənimi tər basırdı, düşünürdüm ki, onu zorba bir daşla başından vurub öldürəcəm, əllərimdə daşın ağırlığını, qulaqlarımda kəlləsinə çırpılan daşın çaqqıltısını hiss edirdim, görürdüm ki, səsini  çıxarmadan yerə sərilir, başından qan axa-axa çaya tərəf sürünür və çayın yaşıl rəngi yavaş-yavaş dönüb qırmızı olur. 
        Sonra olsun ki, yuxuya getmişdim, çünki yoldaşlarımın necə qayıtdığını, yatağa necə sərələndiyini xatırlamıram, - heç nə yadımda deyil, təkcə onu bilirəm ki, o axşam qəmgin idim, hətta yatarkən belə, yuxuda olanda da qəmgin idim.    

      
       Səkkiz      

       Ertəsi gün yenə qəmli-qəmli oyandım, ancaq   həmişəki kimi yoldaşlarımla birlikdə şəhərə yollanmadım. Düzdür, onlarla bir qədər yol getdim, ancaq sonra ayrılanda, heç kimə heç nə demədən geri dönüb, çaya tərəf üz tutdum, orada Ainayla görüşəcəyimə  ümid edirdim.
       Bəzən səhərlər çay kənarına enirdim, orada sakitlikdə təkbaşına oturub düşünə bilirdim. Həmin saatlarda, axıb gələn su ilə, axıb gedən sudan ətrafa sükut çökür, çayın suları bütün fikirləri yuyub aparırdı.  Qəmgin olanda çayla üzü aşağı gedirdim, danışan adamların, bağıran satıcıların, ötüşən avtomobillərin səsini eşitmək istəmirdim və belə anlarda orada, çəmənlikdə olmaq ürəyimcə idi, çünki oradakı sükutu başdan - ayağa  yalnız çaydan gələn sədalar bürüyürdü.
      Ancaq bu səhər vəziyyət ayrı cür idi.
      Özü də bunu kim gözləsə yaxşıdır...
      Heç kim inanmaz.
      Bu gün həmişəki kimi deyildi, yox, çünki bu dəfə çaydan cənnət musiqisinin sədaları gəlirdi, özü də bu musiqiyə nə qədər yaxın gedirdinsə, bir o qədər də yaxşı eşidirdin və mən birinci yetişmək üçün sürətimi daha da artırdım, sonra başladım qaçmağa, musiqi sədaları get-gedə lap ucadan eşidilirdi və həqiqətən, çayın kənarında, ağacların altında Cako öz təbilində, digər iki nəfər isə kora və gitarada çalhaçalda ıdılər və  məni görcək hər üçü ifalarını dayandırmadan, başla məni salamladı, mən isə əlimdə kitab, dinməzcə çömbəlib yerdə oturdum.
        Çako və dostları elə hey çalır və çalırdı, onların başı üzərindəki ağaclar da sanki musiqinin ritmi ilə rəqs etmək istəyirmiş kimi silkələnirdi.
        Gözlərimi yumub çəmənliyə sərələndim, qapalı gözlərimlə küləyi, çayın axan suyunu və musiqini  hiss edirdim, necə də xoşuma gəlirdi.
        Bir qədər vaxt keçdi, sonra uzanmaqdan yoruldum, başımı qaldırıb, gözlərimi açdım və elə gözlərimi açmışdım ki, Aina sarı quşlar naxışlı qırmızı palratında keçib getdi və mən ona baxarkən libasındakı quşlar ötməyə başladı, indi kora da, gitara da, təbil də, o quşlar da, bu çay da birlikdə  səslənən vahid  bir musiqi idi...
        Aina isə heç mən tərəfə boylanmayıb, düz getti və mən hələ bir qədər də əfəl kimi dayanıb onun ardınca baxdım, sonra qalxıb meydançamıza yollandım, günortadan keçmiş oyunumuz vardı.   


              Doqquz

       Günortadan sonra  soyunma otağında hamımız əsəbi idik, çünki oyun çox vacib görüş idi və uduza bilməzdik. Hamıdan əsəbi isə Pedro idi, bu da hiss olunurdu. Onun gücənmələri  komandanın soyunma otağında  havanı korladığından, biz qoxudan və ümidsizlık hissindən meydançaya o biri komandadan xeyli əvvəl çıxdıq.                  
      Qapıda dayanarkən çevrilib arxaya baxdım, birdən Çako təsadüfən öz təbili ilə orada olardı, ancaq heç kim yox idi,  mən də heç razı deyildim, çünki düşünürdüm ki, o mənə uğur gətirir.
      Tamaşaçılar  çox idi, bağırır, həyəcanlanırdılar, bir dəqiqə sonra ikinci komanda da meydana çıxdı, sonra da hakim başlanğıc fitini çaldı.  Yarıyacan əyilib qapıda dayanmışdım, inamlı və ciddi idim, lap cərcivə içərisindəki rəsm əsəri kimi.
      Oyun başlamışdı, biz hücum edirdik, rəqibin topa toxunmağına belə imkan vermirdik. Ancaq sonra onlar topu ələ keçirdilər və hücuma başladılar, görünürdü ki, onlar da bunu etməyi bacarırdılar.
       Birinci zərbə gəldi, sağ küncümə, dəqiq, yerlə, otun üstü ilə. Mənlik idi, qaça bilməzdim, topu tutmalı idim, onda bacardığım qədər, birdən əlimi uzatdım və barmaqlarımın ucu ilə zərbəni dəf edib, qapıdan uzaqlaşdırdım.
      Ayağa qalxdım, yoldaşlarım mənə baxıb gülümsəyirdilər, məşqçi də baxıb gülümsədi. Qorxub eləməyin uşaqlar, - sanki sifətimin ifadəsi ilə onlara deyirdım, - arxayın olun, burada mən varam, buralardan quş da uçub keçməz, - deyə öz-özümə təsəvvür edirdim.
       Görüş davam edirdi,  daima hücumda idik , ancaq zərbələrimiz boşa çıxırdı. Bu arada, artıq gün batmışdı, buludlar sürətlə axışır, güclü külək qalxaraq elə hey bizim meydana tərəf əsirdi. Külək qapı toruna  söykədiyim kitabımı sürətlə vərəqləməyə başladı,  fotonun sifəti olmasa da, küləyin azad etdiyi şəkil  üzüqoylu otların üstünə düşdü, sonra birdən-birə havaya qalxaraq, uçub getdi. Elə ikinci zərbə də  bu vaxt gəldi, o qədər də güclü zərbə deyildi, ancaq mən gic kimi yerimdə quruyub qalaraq, uçub gedən anamın dalınca baxarkən, top sürətlə sürüşüb tora girdi.  Yoldaşlarım dinməzcə mənə baxır, heç kim də gülümsəmirdi, heç məşqçi də.
      

         On
       
        0:1 hesabı ilə  uduzduq. Palltarımızı dəyişməyə   başımızı aşağı salıb  gedirdik, soyunma otağında heç kim danışmırdı, mənə də heç kim baxmırdı, hətta Tabo da. Onda məşqçi gəlib dedi ki, bu narazı mısmırıqları görmək xoşuna gəlmir, dedi ki cəmi bir mübarizəni uduzmuşuq və hələ döyüş davam edir, zəfər döyüşü isə  çempionluq uğrundadır.
       Duşun altına girib, orada bir xeyli dayandım, çünki hətta yuyunandan sonra belə  özümü çirkin içində hiss edirdim, düşünürdüm ki, komandamız ancaq mənim günahım üzündən uduzmuşdu.
       Duşdan sonra Tabo məni çağırdı və dedi ki, bir qədər gəzişməyə gedək, hə, mən də belə dediyinə görə razı qaldım, çünki heç olmasa bir nəfər  mənimlə danışırdı. Tabo üzümə baxmırdı, ancaq  onu başa düşürdüm, mənə təsəlli vermək istəyirdi.
       Otaqdan çıxmaq üçün, dəsmalla saçlarını qurudan yoldaşlarımızın arasından keçib gedirdik  və görürdüm ki, mən keçəndə dəsmalla üzlərini örtürdülər, düşündüm ki, haqlıdırlar, düz edirlər:  günahkar idim.
       Bayırda göyün üzünü buludlar almışdı, mən də özümü belə, qapqara bulud kimi  hiss edirdim, Tabo və mən nəsə bir şey etmək üçün gəzməyə getdik.
       Gözəl geyimdə, dəbdə olan çantası ilə bir xanım keçib getdi, Tabo çantaya, sonra da sanki oğurlayaq  deyirmiş kimi mənə baxdı.
      Mən də Tabo da başqaları kimi oğurluq etmirik, yox, yalnız hərdənbir, çünki o qum heykəlləri ilə həmişə bir qədər pul qazanır, mən isə öz kitabımla qarnımı doyururdum. Ancaq həmin gün ikimiz də möhkəm oğurluq arzusundaydıq, mən içimdə alov kimi titrəyən bir qəzəb hiss edirdim.
      Beləliklə, çantasını çırpışdırmaqdan ötrü xanımın dalınca düşdük, ancaq küçədə xeyli adam olduğundan arabir xanımı itirirdik, nəhayət o, tamam yoxa çıxdı. Sonra qəflətən göydən elə möhkəm yağış tökdü ki, göz-gözü görmürdü, adamlar hərəsi bir tərəfə götürüldü və biz  xanımı itirdik.
       Onda mən də, Tabo da bir sığınacaq axtarmaqdan  ötrü qaçmağa başladıq,  nəhayət talvarı olan bir bar tapdıq.
Ardı var...


  İtalyan dilindən
  tərcümə edən
  Cəmşid Cəmşidov

Yenililklər
19.12.18
Elçinin “Baş” romanı İtaliyada işıq üzü görüb
19.12.18
AMEA-da görkəmli alim Əmin Abidin 120 illik yubileyi qeyd olunub
19.12.18
Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
18.12.18
Cəmşid Cəmşidovun tərcüməsində Erazmusun "Axmaqlığın tərifi" əsəri çap olundu
17.12.18
Qalib Şəfahət - Qızıl inək
17.12.18
Jil Delözdə Fəlsəfə və Kino Münasibəti
17.12.18
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
17.12.18
İsi Məlikzadənin “Quyu” povesti Türkiyədə nəşr edildi
14.12.18
Corc Martin "Taxt-tac oyunları"na davam edəcəyinə söz verib
14.12.18
Ölməz korifeyimiz Rəşid Behbudovun doğum günüdür
14.12.18
İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda müzakirə aparılıb
14.12.18
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib
13.12.18
Burda Yeni ildə bir-birinə kitab bağışlayırlar
13.12.18
Şair Vüqar Əhməd Ədəbiyyat İnstitutuna şöbə müdiri təyin edildi
13.12.18
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çap olunub
13.12.18
“Saza baxsın tariximi yazanlar” adlı yeni kitab işıq üzü görüb
12.12.18
Ərdəbildə Milli Hökumətinin süqutundan sonra törədilən qətliamın ekspozisiyası hazırlanıb
12.12.18
Bu il kitab satışından ən çox gəlir əldə edən yazıçıların adları açıqlanıb
12.12.18
Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibləri mükafatlandırıldı
12.12.18
Azərbaycanın gənc alimi Tatarıstan türkoloqları qarşısında məruzə ilə çıxış edib
11.12.18
AMEA-da professor plagiata görə işdən qovuldu
11.12.18
Türkiyədə Hüseyn Cavidin “İblis” əsərinin səhnələşdirilməsi ilə bağlı işlər davam edir
11.12.18
Elmi adların və elmi dərəcələrin verilməsində inqilabi dəyişikliklər gözlənilir - Prezidentin sərəncamı
11.12.18
Tahir Salahovla söhbət - Xalq yazıçısı Anar yazır
10.12.18
Azərbaycanın kitabxana tarixində ilk dəfə interaktiv plakat hazırlanıb
10.12.18
Varşavada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
10.12.18
2019-cu il MDB-də Kitab İli elan olunub
07.12.18
Kutay Aslantürklə Nafiə xanım haqqında söhbət - Birinci yazı
07.12.18
Sərdar Amindən yeni roman
07.12.18
Hacettepe Universitetinin professoru Mikayıl Müşfiq haqqında məruzə edib
07.12.18
Dillər Universiteti Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransında iştirak edib
06.12.18
"Qanun"dan yeni kitab: Tanrı İllüziyası
06.12.18
Cavid Ağa - Azәrbaycanda Türkologiyanın Çin mәnbәlәri ilә problemi
06.12.18
Dilçilik İnstitutunda “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib
06.12.18
“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb
06.12.18
Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib
05.12.18
Vüsal Bağırlı - Anamın səsi 
05.12.18
Moldovada ilk proza festivalı
05.12.18
Minskdə “Mənim Azərbaycanım” adlı sərgi açılıb
04.12.18
Xanəmir Telmanoğlu - Bir az günəşindən kəs şəms şəms...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.