Müasir gerçəkliklərimiz şair gözü ilə

29.10.18

Prof.Dr. Babək Qurbanov

Oxucularımızın, şeirsevərlərimizin ixtiyarına verilmiş "Kür Harayı" (Avanqard Yayınevi, Bakı, 2018) adlı kitab Rövşən Xasayoğlunun ikinci şeir kitabidir. Onun birinci şeir kitabi ilə əlaqədar da fikirlərimi bölüşmüşdüm. Sözün düzü o zaman şeir kəlməsindən olduqca az istifadə etmişdim, belə ki, bu kitabdaki şeirlər əsasən şairin gənclik yaşlarında yazdığı, daha çox da onun saf hıss və həyacanlarını, gənçlik ehtiraslarını ifadə edirdi, bir qədər sadəlöhv təsir bağışlayırdı. Hələ müəllifin özünün də hardasa həyacanlı, tərəddüdlü olduğunu hiss etmək mümkün idi. Fəqət bu şeirlərin əksəriyyəti boyük ilham və istedadla qələmə alınmışdı.
Rövşənin ikinci kitabındaki şeirləri oxuduqdan sonra isə qarşımıza öz üslubu, dünyabaxışı, bədii-estetik zövqü ilə fərqlənən bir şair-şəxsiyyətin çıxmasının şahidi oldum. Rövşən bəyin kitabında bir necə prinsip diqqətimi çəkdi. Bunlar mövzu rəngarəngliyi, mövzu aktuallığı, müasirlik ruhu, yüksək bədiilik, forma və kompozisiya mükəmməlliliyi, dilimizin incəliklərindən yaradıcılıqla istifadə edə bilmə bacarığı, Atalar sözlərindən məntiqi olaraq və mövzunun təsir gücünü daha da artırmaq məqsədi ilə yerli-yerində istifadə etməsi, son ideoloji-siyasi məsələlərə prinsipial şair münasibəti və s. Rövşən oxucularına müraciətində olduqca ehtiyatlı və həssas, onun ruh halına, psixologiyasına dərindən sayğılıdır. Bu münasibəti hətta kiçik yaşlı uşaqlara, nəvələrinə həsr etdiyi lirik, öyüd-nəsihət xarakterli şeirlərində belə izləmək mümkündür. Sözə, kəlməyə, cümləyə belə bir nəzakətli münasibət onun daxili aləmindən, son dərəcə ağır, keşməkeşli ömür yolunun yaddaşına köçürdüyü ayrı-ayrı məqamlarından axarlanıb gəlir.

Müəllif anaya olan dərin hisslərini ifadə edərkən eyni zamanda onu mənəviyyatın yüksək ideal nümunəsi olaraq görür və ona olan bağlılığını poeziya dili ilə söyləyir. Onun bu qəbildən olan şeirlərində anaya olan bəşəri, milli hiss-həyacanlarını duya bilirik. Bu şeirlərin dili o qədər axıcı, təsirli və yanıqlı olur ki, onları həyacansız oxumaq mümkün deyildir. Təvazökarlıqdan uzaq da olsa, bu şeirlərdən biri "Dünyanın Tacı" vaxtilə məni o qədər təsirləndirdi ki,ona musiqi yazdım.

Şairin şeirlərinin milliliyini, xəlqiliyini göstərən xüsusiyyətlərdən biri də onun atalar sözlərinə, ibarələrinə yaradıcı münasibətidir və bu üsulu təsvir-ifadə vasitəsi kimi diqqətə alan müəllif onun şeirin milliliyinə xidmət edə bilməsini cox gözəl dərk edir. Lakin o, atalar sözlərinə müraciət edərkən bəzən ona öz məntiqi əlavələrini belə gətirə bilir. Şair şeirin, sənətin sosial funksiyalarını, onların necə və harada istifadə edlməsini də bəlkə də intuitiv olaraq hiss edir. Məsələn, adət-ənənələrimizi, mənəvi dünyamızı, sevgi və məhəbbətimizi ifadə edərkən onun şeir dilinin, hiss-həyacanlarının nə qədər emosional olduğunun şahidi oluruq.

Yüksək əxlaqi dəyərlərimizin tərsinə hərəkət edən, əxlaq antipodlarının, tüfeylilərin, ikiüzlülərin, yaltaqların, xalqın malını soyanların başqasının əməyinə əl qoyanlarin surətlərini yaradarkən isə şairin dili daha kəsərli, satirik və öldürücü olur.

Rövşənin yaradıcılığında qürbət mövzusunun da ayrı bir yeri var. Şair bu qəbildən olan şeirlərində bir daha belə bir fikri ifadə etməyə calışır ki, qədirbilən insan harada, hətta ən zəngin bir ölkədə yaşasa belə, daima Vətən həsrəti ilə yaşayır, bu diyarın əmin-amanlığı, əhaləsinin firavan yaşaması barədə düşünür. Arzu-istəklərinin, xoş diləklərinin Vətənə çatdırılmasını istəyir.. Subyektiv səslənə bilən bu dərin hisslər əslində bəlli səbəblərdən dolayı vətəndən uzaqlarda yaşayıb-yaratmaqda olan bəlkə də minlərcə, milyonlarca insanların arzu və istəklərinin ifadəsidir. Bu qəbildən olan şeirlərdə biz M.P.Vaqifin məşhur """::Durnalar""":: şeirinin xoş təsirini görür, bir daha Rövşənin klassik poeziyamızın ölməz ruhundan uzaq düşmədiyini, əksinə onun müasir mərhələdə yaşaması, davam etdirilməsi fikrinə sadiq qalmasını sübut etməkdədir. Zənnimizcə, bu qəbildən olan şeirlər əslində harada olmasından, millətindən, dinindən, dilindən, irqindən belə asılı olmayaraq insanların vətənpərvərlik hisslərini hərəkətə gətirir, ana kimi əziz və əbədi olması fikirlərini ifadə etmiş olur. Şairin bir çox şeirlərində və bayatılarında vətən sevgisi, bəzən aşıq, bəzən də simvolik şəkildə özünü ifadə etməkdədir Məsələn, elə Cənubi Azərbaycanda mücadilə edən qardaşlarımıza həsr olunmuş "Kəkliyim" şeirində də vətən sevgisinin, torpaq sevgisinin ifadəsini görür, eyni zamanda klassik şairlərimizin, xüsusilə də M.P.Vaqifin, Səməd Vurğunun təsirini hiss edirik. Fikrimizi əsaslandırmaq üçün həmin şeirdən bir-iki bəndə müraciət etməli oluruq:

Mənim kimi sən də vətən sevdalısan.
Ondan belə dəlilər tək havalısan.
Soran yoxdu hardan gəldin-haralısan.
Fikrimdəki bir xəyaldın, boz kəkliyim.

Və ya:

Ovçuların əsir düşüb kor nəfsinə,
Dağda-daşda çoxdan düşüblər izinə,
Tuş gəlməsin sinən namərd gülləsinə,
Bir az da döz, yol qısaldı, boz kəkliyim.

Təbii ki, burada şairi düşündürən heç də yalnız Vətənin təbiəti, flora və faunası deyil, onu eyni zamanda Vətənin gələcək taleyi, torpağımızın tarixən ədalətsiz olaraq parçalanması problemidir. Şairin "Tənha ağac" şeirində də biz yuxarıdaki əhvali-ruhiyyəni hiss etmiş oluruq. Burada da şair tənha ağaçla fikirlərini paylaşmağa çalışır, onun tənhalığında bir məna axtarır, hər bir bənddə tənha ağaca xitab edən müəllif ona sanki ürək-dirək verir, uzaqda da olsa onu vətənindən ayrı düşünməyir. Əslində bu şeirdə də qürbət mövzusu, vətən həsrəti ilə bağlı fikirlər assosiativ olaraq öz əksini tapır. Şeirin son bəndi bir daha fikrimizi əyaniləşdirir:

Tək ağaçlar tək yaşadı bu dünyada,
Görmədiniz qəm-kədəri bölənləri.
Tənhaliğı unutmaqçün salın yada,
Vətənindən yalqız qalıb ölənləri!

Ömrünü xalqına, elinə səadətlə qulluqda görən şair yenə də əslində vətənin çiçəklənməsini, maddi və mənəvi yöndən tərəqqisini düşünür, elmin, sənətin bu yolda ən mühüm amillərdən omasını, məktəbin bir məbəd olaraq görülməsini, əsrlərdən gələn mənəvi-maddi dəyərlərizin sonraki nəsillərə verilməsində, onların mühafizə edilməsində müəllimlərimizin xüsusi rolunun olmasını, onların unudulmamasını arzu edir. Şairin vaxtilə müəlliməsi olmuş Zərxanim müəlliməyə həsr etdiyi "Mən haziram" şeirində yuxarıdaki fikirlərimiz bəlli bir dillə öz ifadəsini tapmış olur. Onun müəlliməsinə olan sədaqəti, sayğısı, verdiyi yüksək dəyəri bu misralarından daha aydın duyulur:

O aldığı bilgilərlə nur ələdi yolumuza,
Hər hərifi öyrədəndə bir çiraq tək işıq saçdi.
Bəzən tutub əlimizdən dayaq oldu qolumuza,
Gənc olsa da, ana kimi üstümüzdə qanad açdı.

Vətəninə, xalqına qulluq edə bilən şəxslər hər zaman şairin idealına, sevgisinə çevrilmiş olur, bu səbəblərdən dolayı da o, müxtəlif əmək fəaliyyəti sahəsində namusla çalışan insanları uca tutur, onların əməyinin yüksək qiymətləndirilməsini daha adil sanır. Zənnimizcə, bir çox tanınmış və tanıdıqları insanlara həsr etdiyi şeirlərini də bu məqsədlərlə yazdığını düşünmək mümkündür. Şairin Xalq Şairi Xəlil Rza, İlyas Tapdıq, Musa Ələkbərli və Tofiq Abdin kimi tanınmış şairlərimizə həsr etdiyi şeirlərində biz bir daha bu sevgi və sayğını hiss edirik.
Maraqlıdır kı, şaır nəvələrınə yazdığı şeirlərində belə vətən eşqinin heç bir zaman sönmədiyini, nəvələrinin də heç bir zaman ayaqlarının vətən torpaqlarından uzaq düşməməsini tövsiyə edir:

Ayağın torpaqdan heç ayrılmasın,
Gücünü aldığın torpaqdır Vətən!

- deyir. Eyni zamanda şair "Nəvəm Aydana" şeırində də əslində nəvələrimizin xalqımızın yüksək əxlaqi-etik dəyərlərini anlatmağa çalışır. Təsadüfi deyil ki, bir baba olaraq onları sonsuz bir məhəbbətlə sevdiyinə baxmayaraq nəvələrinin bu dəyərləri unutmamaqlarını da izah etməyə çalışır:

Sevginizi daşıyacaq sinə dar,
Bu yanğını söndürəcək sumu var?
Payız ömrüm nəvələrlə ilk bahar,
Qığılcımdan ocaq olur, od olur.

Bir sıra şeirlərində Rövşən realist qələmi ilə başımıza gələn bəlaları, müsibətləri, haqsızlıqları dilə gətirir, Azərbaycanın vaxtilə ikiyə bölünməsini, Qarabağ faciəsini, Xocalı soyqırımını, Batı dünyasının bütün bunlara seyrçi qalmasını məntiqi bir şəkildə ifadə edir. Sonuc olaraq xalqımızı, hətta bütün Türksoylu xalqları birliyə, bu haqsızlıqların aradan qaldırılmasında, ədalətin bərqərar olmasında nicat yolunu yenə də birləşməkdə görür:

Birlik bizə torpaq kimi babalardan əmanətdir,
Təklik Allaha məxsusdur, təklənməksə fəlakətdir.
Öncə bizim ruhumuzu ayırmağa qalxdı düşmən,
Azərbaycan Türklərini ayrı saldı türklüyündən.

Şeirin bütün misraları güclü vətənpərvərlik hissləri ilə zəngindir. Şair bütün bu fəlakətlərə, haqsızlıqlara rəğmən xalqımızı ruhdan düşməməyə səsləyir, bir gün bütün haqsızlıqların hesabının sorula biləcəyinə inanır, qədim qəhrəmanlıq tariximizi yada salmağı unutmur:

Sor hesabın Türk əsgəri, yerdə qalmış axan qanım,
Bunun üçün özünə dön ey Oğuzun ər boyları,
Nicat yolu keçir təkcə birləşməkdən Türk soyları!

Hər zaman xalqımıza qarşı törədilən haqsızlıqlara, təfriqələrə, düşmənçiliyə üsyan edən şair sonuna qədər öz mövqeyindən dönmür, haqqımızda ortaya çıxa biləcək hər cürə böhtanlara, yalanlara, təhriflərə qarşı alovlu misralarla cavab verir, yeri gəldikcə "sapı bizdən baltaların" (İsmayıl Şıxlı) iç üzlərini, kor niyyətlərini, düşmənçilik amaclarını üzə çıxarır."Qara olsun"şeirində də biz müəllifin bu mövqeyinin nə qədər güclü olmasını hiss edirik.

Şairin uzun bir müddət qardaş Türkiyədə yaşaması (xatırladıram ki, Doç.Dr.Rövşən Xasayoğlu Türkiyənin bir çox şəhərlərində, Qaziantep, Ərzurum, hal-hazırda Ərdahanda kimya mühəndisi və dekan yardımçısı olaraq çalışmaqdadır) ona bu xalqın adət-ənənələri, dili, dini, mənəvi mədəniyyəti ilə yaxından tanış olmaq imkanı vermişdir.

Və onun Türk xalqının yaşam tərzi, ədalətli təbiəti, əzilmişlərə hər zaman əl tutmaq niyyəti, əsrlərdən gələn qəhrəmanlıq qüdrəti şairin həyatında, dünyagörüşündə əbədi izlər buraxdığını bir daha "Türkiyəm" şeirindən anlamaq mümkündür.

Şeirin "Türkiyəm" adı ilə oxucularına təqdim edilməsi bir daha şairin bu məmləkətə əbədi olaraq bağlılığını vurğulamaqdadır.

Təsadüfi deyil ki, şair bu sevginin nə qədər güclü olmasını, əbədi olmasını göstərməkdən ötrü "Tikanın da mənə güldü" - deyir, bu qardaş xalqın sevincinə də, kədərinə də ortaq olduğunu bildirir, onun bütün şəhərlərinin, bölgələrinin eyni dərəcədə əziz olması fikrini ifadə edir.

Şairin "Türklər ağlamasın" şeirində də bu sevginin müqəddəsliyi, bəzi dünya coğrafi bölgələrində Türklərin acınacaqlı vəziyyəti və bütün bunlara baxmayaraq ruhdan düşməmələri, xoş gələcəyə olan inanclarını heç bir vaxt itirməmələri tövsiyə olunur:

Türklər ağlamasın, düşməni gülər,
Gözdən axıb gedən qan kimə lazım.
Vətənə can verən Türklər igid, ər.
Vətənsiz, torpaqsız can kimə lazım!

Başımıza gətirilmiş tarixi haqsızlıqlar və fəlakətlər şairin "Vur neştəri" şeirində də bir daha diqqətə yönəldilir, dünya ictimaiyyətini bu hadisələrdən xəbərdar olmağa çağırır, onlar haqda susmamağa, onlara qarşı biganə qalmamağa çağırır və:

Dünya susur neçə ildir, qulağı kar, gözləri kor,
Yoxsa mənim qismətim bu, duzu yoxdur çörəyimin.
Ya da qapı qonşularım haqqı danan qansız, nankor,
Namərd kimi nişan aldı ortasından kürəyimi.

- deyir.
"Yerin olsa" şeirində keçici olmayan, əksinə əbədi olan, xalqın istək-arzularını ifadə edə bilən dəyərlərə böyük önəm verir, öz xoş arzularını misralarına düzə bilir və qeyd edir ki, insan sağ ikən milləti üçün faydalı əməllərlə yaşaya bilməlidir ki,yaddaşlarda qala bilsin:

Can sağ ikən bir imdada yetişəm,
Yaralara sarğı olsam, ya məlhəm.
Kor çibanı nəştər kimi deşərsəm,
Könüllərdə yerim olsa, deyirəm.

- fikrini davam etdirərək bir daha yenə də yuxarıda söylənən fikri ifadə edərək və:

Mən öləndə nə yas tutun, nə matəm,
Torpaqda yatmıram - ürəklərdəyəm!

- deməklə bir daha insanın israfedici fəaliyyəti, cismani dəyəri yox,onun ruhunun, ideallarının qalıcı olması, əbədi yaşaya bilməsi fikrini ifadə etmiş olur. Maraqlıdır ki, xalq şairimiz Xəlil Rzaya həsr etdiyi "Zaman keçir" şeirində də bu unudulmaz simanın sağlığında Vətən yolunda, onun azadlığı yolunda apardığı mücadilələri xatırladaraq, bir daha bu qəbildən olan şəxsiyyətlər cismani olaraq bizdən ayrılsalar da əslində xalqın hafizəsində, ruhunda əbədi olaraq yaşamaq haqqı qazanmış olurlar:

Vətən, torpaq, bayraq dedin usanmadan gecə-gündüz.
Sənin kimi mərd şairi hansı ana doğar görən?

- sualını verən şair, daha sonra bir daha xatırladır ki,
Ürəklərdə yaşayırsan köç etsən də bu dünyadan.

Rövşənin tanınmış şair Musa Ələkbərliyə həsr etdiyi "Yalan" adlı şeirində də zamanla bir çox dəyərlərin dəyişməsindən, doğru düşünənlərin susmamasından, yalanın doğruların donuna girə bilməməsindən söz açır. Zamanın dəyişgən olması, insanları mənən dəyişdirə bilməsi "Zaman", "Dəyişir İnsan", "Ey Dilim" kimi şeirlərdə də öz bədii ifadəsini tapır.
Şairin "Qərib" şeirində də biz Vətən həsrəti ilə yaşayan qürbətdə ömür sürən bir zavallının hiss və həyacanları, tənhalıq qorxusu olduqca poetik bir tərzdə və emosionallıqla ifadə olunmuşdur:

Yol çəkər hər zaman qəribin gözü,
Qəmi sevincinə qənim kəsilmiş,
Hicranın oduna atılmış özü,
Yoxsa ki, qismətdən əli üzülmüş?

Rövşən Bəy təbiət problemlərini də unutmur, lakin o bu problemi başqa bir yöndən aydınlaşdırmağa çalışır. Onun "Xəzər", "Qorxma" kimi şeirlərində təbiətə vurulan zərbələr, dənizimizin, çaylarımızın, göllərimizin, meşələrimizin, heyvanat aləminin və s. acı taleyi bir mütəxəssis-alim, şair kimi onu narahat edir, həyəcanlandırır.

Bu cür şeirlərində o, bir vətəndaş kimi ekoloji dünyamıza zərər verən müəssisə və müəssisə rəhbərlərinin cavabdeh olduqlarını gündəmə gətirir, təbiətin xalqımızın bəxş etdiyi neməti olaraq görür:

Dünyada varmıdır bunun örnəyi,
Daşlarla hasara alına sahil.
Arazda dərdimdir sərhəd dirəyi,
Xəzəri zindana saldı hansı "fil"?
Filin fil hesabı olar, bunu bil!

Həqiqətən də təbiətlə insanlar arasındakı bu problemlərə deyinən şair əslində yenə də bu qəbildən olan, namus-qeyrətini, milli mənsubiyyətini itirmiş insanlara xəbərdarlıq səsini ucaldır ki, vətən torpaqları və təbii sərvətlərimiz kimsəsiz deyil, o xalqın maddi və mənəvi sərvətləri kimi daima xalqın, onun marağını güdən ekoloqların, mütəxəssislərin nəzarəti altında olmalıdır.

Rövşən Xasayoğlunun ikinci şeir kitabını oxuduqdan sonra ondan xoş təəssüratlarla ayrılır və artıq qarşımızda xalqımızı, millətimizi, dinimizi, dilimizi, tariximizi, maddi-mənəvi dəyərlərimizi, zəngin təbiətimizi, insanlarımızı dünyalar qədər sevən bir istedadlı və yetkin vətandaş-şair görürük, onun sehirli qələmindən bundan sonra da xalqımızın mənəvi tərəqqisinə xidmət edə biləcək əsərlərin meydana gələcəyinə böyük ümidlərlə baxırıq. /Adalet.az/

Yenililklər
05.11.18
İlahiyyat İnstitutunda “Hərəyə bir kitab” adlı sosial aksiyaya start verilib
05.11.18
Nəriman Nərimanovun “Bahadır və Sona” fransız dilində
05.11.18
Cəmşid Cəmşidovun tərcüməsində Antonio Tabukkinin əsəri çap olundu
05.11.18
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb
03.11.18
“YAZI” ədəbiyyat dərgisi çapdan çıxdı
02.11.18
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub
02.11.18
Vaqif Səmədoğlunun Polşada nəşr olunan kitabının təqdimatı keçirilib
02.11.18
Prezident Azərbaycan dili ilə bağlı Fərman verdi
01.11.18
Con Steynbekin gənc yazıçıya məktubu
01.11.18
“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı nəşr edilib
01.11.18
Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı çap olunub
31.10.18
Şostakoviçin xatirələri 1 - Milli incəsənət
31.10.18
Noyabrda Musiqili Teatrda maraqlı səhnə əsərləri təqdim olunacaq
31.10.18
“Ustad”ın 22-ci sayı işıq üzü gördü
31.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır IV
30.10.18
Nicat Azər - Lopa qar
30.10.18
Azərbaycanlı yazıçının kitabları Rusiyada nəşr olunub
30.10.18
“Metafizika” jurnalı beynəlxalq impakt faktorlu indeksdə qeydiyyata alınıb
30.10.18
Aygun Sadiq - Ətrafı dərk etmək: Zehnimiz informasiyanı hansı tərzdə depolayır?
30.10.18
Stiven Kinq yeni kitabının anonsunu verib
29.10.18
Əli Kərimin qonaqlığı və  Mərkəzi Komitənin məzəmməti
29.10.18
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb
29.10.18
Nicat Həşimzadə - İmperiyaların yaranışı, çöküşü və vətəndaş mövqeyi
29.10.18
Müasir gerçəkliklərimiz şair gözü ilə
29.10.18
“Şahanənin nağılı” təqdim edildi
26.10.18
Nicat Həşimzadə - Ölümsüzlük axtarışı – Gilqameş və biz
26.10.18
Əli Şamil - Bakıda repressiya qurbanı olan özbək türkoloqu
26.10.18
Azad Qaradərəlinin “Renesans həsrəti” 2 kitabı çap olunub
26.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
26.10.18
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
25.10.18
Sabir Rüstəmxanlının “Astar” adlı yeni kitabı çıxdı
25.10.18
Bulgaristan’da Müslüman-Türk Katliamları ve Asimilasyon Hareketleri
25.10.18
Anar Müşfiqin ehtimal olunan qalıqlarının tapılmasından danışdı
25.10.18
"Lütfi Zadə və Eynşteynin nəzəriyyələri yeni ədəbi cərəyan yaratmama yardımçı oldu” - MÜSAHİBƏ
25.10.18
Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi yad olunub
24.10.18
“Metafizika” jurnalının 3-cü sayı nəşr olunub
24.10.18
Ənvər Məmmədxanlının romanı Türkiyədə nəşr olunub
24.10.18
Hüseyn Cavid - Dodaq-dodaqda öpüşdükcə xеyli söz vеrdin
24.10.18
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib
23.10.18
Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.