İradə Musayeva - Günümüzün ən aktual və dəyərli tədqiqatı...
03.12.18

(Solmaz Rüstəmova Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” adlı kitabı haqqında)

“Azərbaycan” toponiminin tarixi-coğrafi baxımdan düzgün, elmi-nəzri bilgilər, tutarlı mənbələr və konkret faktlar əsasında səciyyələndirilməsi  məsələsi hər bir azərbaycanlı kimi məni də həmişə düşündürüb və narahat edib. Bəzən bilərəkdən bu toponim, eləcə də “azərbaycanlı” etnonimi ilə bağlı yanlış, çaşdırıcı, təhrif olunmuş şəkildə xarakterizə edilmiş yazılara rast gəlirik ki, bu da yollverilməz hal hesab edilməlidir. Daha çox hallarda isə  bu  ifadələrin mifik, qeyri-real, əfsanə və nağıl motivləri ilə təqdimini görürük ki, bu daha kədərlidir. Xüsusilə də bu cür absurd, əsassız versiyalardan istifadə edərək “nağıllar” uydurmaq tendensiyasının səbəbsiz olmadığı, mənaları və adları təhrif etməklə, min illərlə yaşı, mədəniyyəti olan bir xalqı özündən xəbərsiz duruma gətirib çıxarmaq – kimi bir ideyanın mqsədli olduğu bəlli olur.

“Azərbaycan” və “azərbaycanlı” ifadələri haqqında  müxtəlif elmi məclislərdə, tədris auditoriyalarında həmişə belə bir sadə sual səslənib: “İlk dəfə nə vaxt işlədilib?” Lakin çox hallarda da qeyri-müəyyən, çaşdırcı cavablar sonda konkret qənaət eldə etməmək problemi yaradıb. İki ilə yaxındır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı müxtəlif formatlarda tədbirlərin iştirakçısı olur, bu möhtəşəm tarixlə bağlı elmi, bədii-publisistik əsərlər oxuyuruq. Və bu prosesdə yüzlərlə aktual suallar ortaya çıxıb ki, öz cavab məqamını gözləyir. Həmin suallardan doğan problemlərdən birini, mən deyərdim ki, ən vacib və düşündürücü olanını isə bizim dəyərli alim-tədqiqatçımız, Cümhuriyyət dövrü tarixini sevə-sevə, fədakarcasına tədqiq və təbliğ edən Solmaz Rüstəmova Tohidi ortaya atdı. Amma sual kimi yox, cavab və qəti qənaət kimi...

Solmaz Tohidi xeyli sayda elmi-publiisistik ədəbiyyatdan, mühüm mənbələrdən istifadə edərək 4 fəsildən ibarət gözəl bir kitab yazdı: “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti”...

Bu gün də millətimizin, dilimizin adı ilə bağlı mübahisələr bitmək bilmir. Birmənalı olaraq türk dili, türk milləti kimi səciyyələndirmələr isə qaneedici deyil. Hətta bu cür polemikalarda, ümumiyyətlə, “azərbaycanlı” ifadəsinin yeni, sonradan yaradılan ad kimi meydana çıxdığını söyləyənlərin çox olduğunu da görmüşük. Bəziləri isə “bu adı bizə Stalin verib” – deyə məsələnin ciddiliyini, təhrifedici mesaj verdiyini unudur...   Sözügedən kitabda isə müəllif yazır: “Maraqlıdır ki, hələ Şimali Azərbaycan torpaqlarının işğalından əvvəl, XVIII əsrin sonlarında, Qubalı Fətəli xanın 1782-ci ildə  II Yekaterinaya fars dilində yazdığı və gürcü çarı II İraklidən şikayət etdiyi məktubun rus dilinə tərcüməsində Qarabağlı İbrahim Xəlil Xan nəzərdə tutularaq bir neçə dəfə «адырбайджанец» (adırbaycanes) – azərbaycanlı kəlməsi işlədilib”.

Müəllif onu da qeyd edir ki, həmin dövrdə Cənubi Azərbaycan ərazisində yerləşən xanlıqların əhalisinin farsdilli tarixi salnamələrdə “azərbaycanlılar” adlandırmasına dair çoxsaylı nümunələr var. Eləcə də sonrakı dövrlərdə rus çinovniklərinin və hərbçilərinin yazışmalarında və tərtib etdikləri sənəd toplularında  keçmiş Şimali Azərbaycan xanlıqlarının ərazilərinə, həmin ərazilərdə yaşayan yerli əhaliyə, onun statusuna və dilinə dair “Azərbaycan”, “azərbaycanlı”, “Azərbaycan xanlıqları”, “Azərbaycan xanları”, “Azərbaycan vilayətləri”, Azərbaycan şivəsi (nareçiye) və s. kimi söz və ifadələrə təsadüf olunur.

Kitabı oxuduqca məlum olur ki, yenə həmin dövrdə İranın rəsmi sənədlərdə Cənubi Azərbaycan ərazisindəki əhali üçün “azərbaycanlı” ifadəsini işlətməsi faktı danılmazdır. Lakin Rusiyanın Qafqaz siyasətində bu ifadə (“azərbaycanlı”) təhlükəli görünürdü. Millət, xalq kimi mahiyyətini məhv etməyə çalışdıqları, müstəmləkəsi kimi başqa xırda xalqlara qarışdırıb adını unutdurmaq istədikləri azərbaycanlıları zaman-zaman “asiyalı”, “müsəlman”, “tatar” kimi ümumi anlayış qəlibində simasızlaşdırmağa çalışıblar. S.R.Tohidi onu da göstərir ki, bütün türklərə adətən “tatar” yarlığını yapışdıran ruslar bizim haqqımızda bəzən (ən yaxşı halda) “Qafqaz tatarları”, “Azərbaycan tatarları” adını rəsmi qaydada ifadə edirdilər. Rəsmi-siyasi yanaşmadan fərqli olaraq onların (rusların) elmi ədəbiyyatında “İran azərbaycanlıları”, “Qafqaz azərbaycanlıları” adlandırması isə sübut edir ki, Şimali və Cənubi Azərbaycan əhalisinin əsrlərlə formalaşmış milli kimliyi, tarixi adı XIX əsrdə elmi mənbələrdə ifadəsini tapmışdı. XIX əsrin sonundan etibarən isə “Azərbaycan milləti”, “Azərbaycan türkü”. “Azərbaycan dili” ifadələrinin milli mətbatda dəfələrlə işlədilməsi faktlarını sadlayan araşdırmaçı yazır: “M.Şahtaxtlı Zaqafqaziya müsəlmanlarının “Azərbaycan türkləri”, onların dilinin isə “Türk – Azərbaycan dli” adlandırılmasını uyğun bilir...  Mümkündür ki, məhz bu amil Rus hakimiyyətinin narahatlığına səbəb olmuş və “Kəşkül” qəzetini bağlayandan sonra çar hökuməti azərbaycanlılara 14 il öz dillərində hər hansı mətbu orqanı nəşr etməyi qadağan etmişdir”.

Kitabda bu adların (“Azərbaycan”, “azərbaycanlı”, Azərbaycan dili”) sistemsiz, pərakəndə və fraqmentallıqla deyil, xronoloji ardıcıllıqlarla seçilmiş tarixi mənbələrə əsaslanan süjetli, məntiqi davamlılıqla izah edilən tədqiqat mexanizmi imkan verir ki, oxucu bu mühüm problem haqqında tam məlumatlı olsun və mütəliənin sonunda vacib bilgilər əldə edərək ayrılsın. Yuxarıdakı sitatlara da diqqət etsək, görərik ki, ilk mənbə 1782-ci il tarixinə (Qubalı Fətəli xanın II Yekaterinaya məktubu) aiddir. Daha sonra XIX əsr sənədləri qaldırılır. Rusiya, İran, Qafqaz coğrafiyasında xalqımıza siyasi, sosial və mədəni mövqelərdə rəsmi və qeyri-rəsmi münasibətlərə diqqət yönəldilir. Müəllif tarixi faktlardan sadəcə quru, elmi üslub materialı kimi istifadə etmir. Hərdən elə müqayisələr aparır ki, həmin dövrdə xalqımızın Qafqazdakı dramatik durumu film kimi gözümüz önündə canlanır. Məsələn, S.R.Tohidi böyük ziyalı M.Şahtaxtlının Qafqaz Canişinliyindən israrla Azərbaycan dilində qəzet çıxarmağa icazə istəyərkən aldığı cavabı (“Qəzet xalqın nəyinə lazımdır? Ziyalılar qoy rus dilində oxusunlar, adi tatarlar isə gedib sürülərini otarsınlar”) xatırladır və ardınca yazır: “Müqayisə üçün deyək ki, həmin dövr Cənubi Qafqazda erməni və gürcü dillərində 19 qəzet və jurnal nəşr olunurdu”.

  Onu da qeyd edim ki, bizim xalqın adı ilə bağlı elmi ədəbiyyatda rusların yazdığı məqalələrdən, rəsmi-siyasi yanaşmanın ifadəsi kimi konkret adlandırmalardan sitatlar daha çox marağımızı çəkdi. “Lakin XIX əsrin sonlarında ilk dəfə “azerbeycantsı” –“azərbaycanlılar” etnonimi Rusiyanın akademik ədəbiyyatında müxtəlif formalarda elmi dövriyyəyə və daha sonra mətbuata gətirilir. Məs., Brokqauz və Yefronun məşhur ensiklopedik lüğətində 3 ayrıca məqalədə “azərbaycanlı” etnonimi işlədilir”.

Kitabın I fəsli “Şimali Azərbaycanın ərazisi və “Azərbaycan” adı”, II fəsli “Azərbaycançılıq”, yaxud “Türkçülük”. Siyasi türkçülükdən azərbaycançılığa” adlanır.  III fəsil isə daha konkret tarixi şəxsiyyətin azərbaycançılıq fəaliyyətinə həsr edilir.  “Məhəmməd Əmin Rəsulzadə. “Azərbaycançılıq” milli ideologiyasının banisi” – adlanan III fəsildə Məhəmməd Əmin Rəsulzadənin çox gənc (25-28) yaşlarından İran ictimai-siyasi, mədəni mühitindəki fəaliyyəti (1908-1911-ci illərdə Cənubi Azərbaycan torpaqlarını addım-addım gəzib xalqla yaxından əlaqələr qurur, Səttarxanla görüşür, “İran məktubları” əsərini yazır, İranın məşhur ictimai-siyasi xadimi Şeyx Həsən Tağızadə ilə görüşür və onun etimadı əsasında “Yeni İran” qəzetinin baş redaktoru olur və s.) əks olunur. Və göstərilir ki, bu təcrübənin nəticəsi olaraq M.Ə.Rəsulzadə 1912-ci ildə İstanbulda “İran türkləri” adlı məşhur məqalələr silsiləsini çap etdirir. Həmin məqalələrdə xalqımızın milli kimliyi məsələsi ilk dəfə olaraq konseptual şəkildə təhlil edilir və böyük tarixi əhəmiyyəti olan elmi-nəzəri qənaətlər əldə edilir. Yazılarında bir neçə dəfə “azərbaycanlılar” kəlməsini işlədən M.Ə.Rəsulzadə həm də “iranlı” anlayışına da işıq tutur. “İran türklərinin əsrlərdən bəri İranda “dövlətyaradan” millət, İran şahlarının isə yüzilliklər boyu türk tayfalarının nümayəndələri olduğunu vurğulayan Məhəmməd Əmin bəy bu türklərin İranı özlərinə vətən bildiklərini qeyd etmiş, İranın müasir tarixindən yazarkən Məşrutə hərəkatında və İran məclisində türklərin aparıcı mövqeyinin dərin təhlilini vermişdir.

 Sonrakı analitik təhlillər prosesində Solmaz Rüstəmova Tohidi haqlı olaraq göstərir ki, M.Ə.Rəsulzadənin İstanbul əlaqələri, Ə.Hüseynzadə və Ə.Ağayevlə görüşləri onu  son olaraq türkçü ideoloq kimi deyil, sırf azərbaycanlı lider kimi yetişdirdi. Rəsulzadə ilk fürsətdə turançılığın deyil, azərbaycançılığın bayrağını qaldırdı. XX əsrin əvvəllərində dillə bağlı mətbuatda gedən  yazılardakı ikili yanaşma arasındakı seçimində “osmançılar”ın deyil, “azəriçilər”in tərəfində çıxış edirdi. M.Ə.Rəsulzadənin geniş elmi dünyagörüşü, siyasi baxışları, modern dünya mədəniyyətinə bələdliyi bu məsələdə (milli kimlik) bizi başqa dövlətlər və xalqların gözündə sadəcə “islam  qövmü” kimi görünmək ümumiliyindən xilas etdi. “Azərbaycan milləti”,  “Azərbaycan ərazisi”, “Azərbaycan dili” anlayışlarını öz siyasi uzaqgörənliyi, prinsipial mübarizəsi ilə beyinlərə, şurlara yeritdi. Və 1918-ci il may ayının 28-də bu dahiyanə siyasət öz bəhrəsini verdi. Azərbaycan Xalq Cümhuriyyəti doğuldu, quruldu, yaradıldı və müstəqil, dili, özünəməxsus mədəniyyəti, tarixi, siyasəti olan bir dövlətin əsası qoyuldu...

“Azərbaycan” adı və İran” - başlıqlı IV fəsili kitabın süjetinin kuliminasiya nöqtəsi hesab etmək olar. Həmin fəsildə müəllifin çoxsaylı faktlara əsaslanan materialları təqdimi absurd, kuliminativ düşüncələr yaradır oxucuda. Materiallarda göstərilir ki, artıq “Azərbaycan”, “azərbaycanlı”, “Azərbaycan muxtariyyatı” ifadələrinin siyasi gündəmi fəth etdiyi bir zamanda daima “islam ümməti”, “tatarlar” kateqoriyasında “ayılmamış”, “təhlükəsiz” bir toplum kimi xarakterizə edilən millətimizin bu şəkildə özünütəqdimi ciddi narahatlıqlar doğurdu.

Hətta “İran Azərbaycanına iddia tezisi ola bilər” – qorxusu bizim üçün böyük maneələr və əngəllər yaratmağa başladı. Nəinki ruslar və ermənilər, o cümlədən mühacir iranlı demokratlar bu ayağa qalxmaq, özünü, adını, milli kimliyini  tanımaq istəyən xalqı gələcək iddialardan məhrum etmək üçün müxtəlif səviyyələrdə tədbirlər görməyə başladı.

Bu fəsildə Ş.M.Xiyabani, S.C.Pişəvəri hərəkatı, iranlılar cəmiyyətləri, XX əsrin ilk onilliklərində Bakıdakı ictimai-siyasi gərginliklər, anadilli mətbuatın (xüsusən də “Açıq söz” və “Təcəddüd” qəzetinin)  milli məsələ kontekstindəki layihə və konsepsiyaları və başqa msələlər haqqında bəhs edilir.  O da qeyd edilir ki, M.Ə.Rəsulzadə gələcək böyük və müstəqil Azərbaycanı həm də Cənubda yaşayan azərbaycanlılarla bir yerdə təsəvvür edirdi.  “1918-ci ilin iyulunda İstanbulda özünün köhnə yoldaşları, İran azərbaycanlıları ilə görüşdüyünü qeyd edən Məhəmməd Əmin bəy, bu insanlarda Azərbaycanın (İran Azərbaycanı nəzərdə tutulur-S.R.T) müstəqilliyinə (istiqlalına) gizli bir məhəbbət duyğusu hiss etdiyini yazır: “Onların bir çoxu İrana ümidlərini itiriblər. Onların (bu məsələlərdə) öz fikirlərinin olması çox arzuediləndir. Burada hətta  cənubi azərbaycanlıların türkçülük və azərbaycançılıq təşəbbüsü ilə bir cəmiyyət yaradılıb”.  Daha sonra M.Ə.Rəsulzadə İstanbulda “Türk ocağı” mədəni-maarif  cəmiyyətinin Ramazan bayramı münasibəti ilə keçirdiyi bayram tədbirinə şimali azərbaycanlılarla yanaşı cənubi azərbaycanlıların da nümayəndələrinin gəldiyini yazır, onların giley-güzarını və verdiyi bəyanatları olduğu kimi çatdırırdı: “Bu nümayəndələr deyirdilər ki, biz onları unuduruq. İndiki şimali Azərbaycan siyasi həyata başlayır, mütləq cənubi azərbaycanla birləşəcəkdir. Biz buna ümid edə bilərik”.

IV fəsildə Cümhuriyyətin “Azərbaycan” adının İran mətbuatındakı rezonansı haqqındakı araşdırmalar da xüsusi diqqət tələb edir. Və bu tarixi salnamələrdən gətirilən misallar bizi qürurlandırdığı qədər də kədərləndirir. Bir “Azərbaycan” kəlməsinin siyasi motiv qazanmasına qarşı böyük dövlətlərin ayıq-sayıq xəfiyyələri mətbuatda, siyasi partiya məramnamələrində, ictimai hərəkatda nə qədər qısqanclıq, qərəz, nifrət və təkəbbürlə yanaşırmış. Kitabı oxuduqca “bu ad (“Azərbaycan”) bizə nə qurbanlar, nə itkilər, nə böyük mücadilələr bahasına başa gəlibmiş”-deyə düşünməli oluruq. İranda “Rəd”, “Sitareye-İran”, “Cəngəl”, “Novbahar” və digər mətbu orqanlar Qafqazda bir yeni Azərbaycan türklərinin dövləti yaranacağı ehtimalından xoflanaraq durmadan bəyanatlar, xəbərdarlıqlar yayırdılar. Həmin dövrdə “Açıq söz” qəzetində M.Ə.Rəsulzadənin durmadan siyasi, milli kontekstdə  işlətdiyi “Azərbaycan” kəlməsinə qarşı sanki səlib yürüşünə qalxmışdılar.

“Qafqaz Azərbaycanında türkləşmiş farslar” – deyə diqqəti əsil mahiyyətdən yayındırmaq istəyən İran siyasiləri mətbuat vasitəsilə Qafqazda “Azərbaycan” kəlməsinin siyasi mənada işlədilməsinə, milli dövlətçilik xülyasına  son qoyulmasını rəsmən tələb etdirir, cənubi azərbaycanlıları “İran soylular” kimi təbliğ etdirməklə şüurlarda oyanmış “biz kimik?” – sualının əsil cavabını yanlışa çəkirdilər.

Lakin bütün bunlara rəğmən, necə deyərlər, artıq ox yaydan çıxmış və Bakıda bir çox mətbu orqanlarda, elmi-mədəni qurumlarda, bədii və publisistik mətnlərdə “Azərbaycan” kəlməsi öz siyasi, milli mahiyyəti, çalarları ilə gündəmi dolaşmaqda idi. Bu ad yeni və daha böyük azadlıqlar, müstəqillik sevdaları, geniş ərazilərə hesablanmış dövlət qurmaq siyasəti üçün şüara çevrilmişdir. Və başda M.Ə.Rəsulzadə olmaqla əsil ziyalı, ideoloq və Azərbaycan türkü genetikasının coşdurduğu qan öz işini gördü... “Azərbaycan” ifadəsi Qafqazda müstəqil dövlət statusunda reallaşdı.

Lakin müstəqillik əldə olunduqdan sonra da İranın bu yeni “Azərbaycan” adlı dövlət haqqındakı birmənalı  təxribatçı diktələri  bizə qarşı dünyanın böyük dövlətlərinin münasibətinə də təsir edirdi. Kitabda oxuyuruq: “İngilis hərbi komandanlığının Balkanlarda və Qara dənizdəki qoşunlarının komandanı, 1918-1919-cu illərdə Qafqaz məsələləri ilə məşğul olan general Corc Firensis Miln Londona göndərdiyi raportların birində Azərbaycanda vəziyyət haqqında məlumat verərkən yazırdı ki, “Azərbaycan” İranın şimal-şərqində yerləşən bir regionun adıdır və bu ad yeni yaranan respublikaya türklərin təşəbbüsü və panislamist təşkilat olan “Müsavat” partiyasının təklifi  ilə verilib”.

Cümhuriyyətə “Azərbaycan” adı verilməsi İran dövlətinin siyasilərini heç cür rahat buraxmırdı. Rəsulzadə isə “İranlı qardaşlarımıza” müraciəti ilə siyasi, diplomatik jestlər və ifadələrlə bu dövləti tanımağa səsləyir, “qulağa o qədər də xoş gəlməyən” epiteti ilə “Azərbaycan” adına xor baxmamağı tövsiyə edirdi. Eləcə də Y.V.Çəmənzəminli, Ü.Hacıbəyov da İranı “sakitləşdirməyə” çalışır, yeni yaranan gənc bir dövlətlə mədəni, normal siyasi münasibətlər qurmağı dolayısı ilə tələb edirdi.

 Məsələ o qədər ciddi xarakter almışdı ki, hətta rəsmi görüşlərdə də bu adın (“Azərbaycan”) davası gedirdi. Birmənalı şəkildə bu adın İran ərazisinə iddiası vurğulanırdı. S.R.Tohidi buna misal olaraq göstərir: “Mirzə Mahmud xan Dəəvəli Qacar Əlimərdan bəylə bir saatlıq görüşündə Azərbaycan diplomatına danışmağa belə imkan verməyərək bu ifadə altında öz dövlətinin irad və iddialarını ortaya qoyur və “səhvin” məhz  “Azərbaycan” adı ilə bağlı olduğu bir daha gündəmə gətirilir: “Siz dövlətinizi “Azərbaycan” adlandırırsınız. Bu nə deməkdir? Bu sizin İranın hüdudları daxilində yerləşən əsil Azərbaycana iddianız deyilmi?... Siz özünüzü Azərbaycan türkləri hesab edirsiniz, halbuki Azərbaycanda – ümumiyyətlə, Qafqazda və İranda türklər heç yoxdur: hamı iranlıdır, sizin ata-babalarınız hamısı iranlı olub... Sizin sivilizasiyanız, mədəniyyətiniz, adət-ənənələriniz, hətta geyimləriniz –hamısı iranlınınkıdır”. 

Bəllidir ki, Cümhuriyyət liderləri, siyasi şəxslər öz səbrli və diplomatik taktikaları ilə bu inadkar qonşu dövlətin –İranın münasibətini qismən də dəyişə bilir və nəticədə 20 mart 1920-ci ildə İran dövləti Azərbaycanı tanıma sənədi kimi müqavilə imzalayır və 21 mart tarixdə Tehranda səfirlik  açılır...

Kitabın yuxarıda qeyd etdiyim kimi çox maraqlı süjet xətti var. Elmi araşdırma, tarix tədqiqatı olmasına baxmayaraq bədii mətn kimi poetik dili, obrazlı ifadə tərzi və publisistik üsluba xas ictimai düşüncədə asan həzm olunma mahiyyəti var. Oxucu kitabın süjet xəttinin kompanentlərini  asanlıqla ayırır, ekspozisiya. kuliminasiya, razvyazka hissələrinin sərhədlərini müəyyənləşdirə bilir. Və gərginliklə finalı gözləyir...

Bir daha aydın olur ki, bizim “Azərbaycan” adlı dövlətin, millətin və dilin tarixi, salnaməsi Səməndər əfsanəsi kimi kədərli və qürurvericidir. Bu gün dünya dövlətlərinin bayraqları sırasında bayrağı dalğalanan müstəqil Azərbaycanın adının nağılını yox, həqiqi tarixini öyrəndik bu kitabdan. Və sona qədər daxilimdə gizli bir məmnunluq hissi dolaşırdı. İran kimi böyük bir dövlətin siyasilərinin yenicə yaranmağa başlayan gənc bir dövlətin liderlərinin siyasi uzaqgörənliyindən qəzəblənməsi əsaslı imiş. M.Ə.Rəsulzadənin mücadiləsi hesabına hökumətimizə,  xalqımıza, dilimizə verilən bu ad Qafqaz hüdudunda qalmadı. Bu ad – “Azərbaycan” kəlməsi bizi uzaqlara, öz böyük, hüdudsuz tarixi ərazilərinə, 50 milyondan çox azərbaycanlının yanına çağırır!  Biz varıq, var olmaqda davam edəcəyik!

Mən bu dəyərli araşdırma münasibəti ilə müəllifə sonsuz təşəkkürümü bildirməklə yanaşı, həm də elmi ictimaiyyətimizi təbrik edirəm. Azərbaycan Respublkası Təhsil Nazirliyinin aidiyyati şəxslərinə isə tövsiyəm bu olar ki, bu kitabı tədris-metodik vəsait kimi qriflə, böyük tirajla çap edib məktəblərdə tədris proqramlarına daxil etsin...

02 dekabr 2018.                                                                   


Yenililklər
18.12.18
Cəmşid Cəmşidovun tərcüməsində Erazmusun "Axmaqlığın tərifi" əsəri çap olundu
17.12.18
Qalib Şəfahət - Qızıl inək
17.12.18
Jil Delözdə Fəlsəfə və Kino Münasibəti
17.12.18
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
17.12.18
İsi Məlikzadənin “Quyu” povesti Türkiyədə nəşr edildi
14.12.18
Corc Martin "Taxt-tac oyunları"na davam edəcəyinə söz verib
14.12.18
Ölməz korifeyimiz Rəşid Behbudovun doğum günüdür
14.12.18
İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda müzakirə aparılıb
14.12.18
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib
13.12.18
Burda Yeni ildə bir-birinə kitab bağışlayırlar
13.12.18
Şair Vüqar Əhməd Ədəbiyyat İnstitutuna şöbə müdiri təyin edildi
13.12.18
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çap olunub
13.12.18
“Saza baxsın tariximi yazanlar” adlı yeni kitab işıq üzü görüb
12.12.18
Ərdəbildə Milli Hökumətinin süqutundan sonra törədilən qətliamın ekspozisiyası hazırlanıb
12.12.18
Bu il kitab satışından ən çox gəlir əldə edən yazıçıların adları açıqlanıb
12.12.18
Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibləri mükafatlandırıldı
12.12.18
Azərbaycanın gənc alimi Tatarıstan türkoloqları qarşısında məruzə ilə çıxış edib
11.12.18
AMEA-da professor plagiata görə işdən qovuldu
11.12.18
Türkiyədə Hüseyn Cavidin “İblis” əsərinin səhnələşdirilməsi ilə bağlı işlər davam edir
11.12.18
Elmi adların və elmi dərəcələrin verilməsində inqilabi dəyişikliklər gözlənilir - Prezidentin sərəncamı
11.12.18
Tahir Salahovla söhbət - Xalq yazıçısı Anar yazır
10.12.18
Azərbaycanın kitabxana tarixində ilk dəfə interaktiv plakat hazırlanıb
10.12.18
Varşavada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
10.12.18
2019-cu il MDB-də Kitab İli elan olunub
07.12.18
Kutay Aslantürklə Nafiə xanım haqqında söhbət - Birinci yazı
07.12.18
Sərdar Amindən yeni roman
07.12.18
Hacettepe Universitetinin professoru Mikayıl Müşfiq haqqında məruzə edib
07.12.18
Dillər Universiteti Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransında iştirak edib
06.12.18
"Qanun"dan yeni kitab: Tanrı İllüziyası
06.12.18
Cavid Ağa - Azәrbaycanda Türkologiyanın Çin mәnbәlәri ilә problemi
06.12.18
Dilçilik İnstitutunda “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib
06.12.18
“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb
06.12.18
Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib
05.12.18
Vüsal Bağırlı - Anamın səsi 
05.12.18
Moldovada ilk proza festivalı
05.12.18
Minskdə “Mənim Azərbaycanım” adlı sərgi açılıb
04.12.18
Xanəmir Telmanoğlu - Bir az günəşindən kəs şəms şəms...
04.12.18
Heydər Əliyev Sarayında Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd ediləcək
04.12.18
Nizami Gəncəvinin əsərlərinin bir neçə əlyazmasının surəti Azərbaycana gətirilib
04.12.18
Cəlil Cavanşirdən yeni şeirlər kitabı: "Miladdan sonra”
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.