Tahir Salahovla söhbət - Xalq yazıçısı Anar yazır
11.12.18

Rəssamlar danışmağı adətən çox da xoşlamırlar. Duyğularını və düşüncələrini, sevgilərini, ağrılarını, sevinc və təlaşlarını boyalar, fırça vasitəsiylə ifadə edirlər.

Jurnalist, musiqişünas, publisist Raya Abbasova azdanışan Tahir Salahovu, - bizim qeydsiz, şərtsiz böyük sənətkarımızı - “danışdıra” bilib.

Sənətşünaslıqda Tahir Salahov “sərt üslubun” yaradıcılarından və ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilir. “Sərt üslub” - çoxcəhətli həyat gerçəkliyini bütün qəlizliyiylə, çətinlikləriylə ifadə etməkdir. Çətinliklərə mərd mərdanə sinə gərmək və qalib gəlməkdir.

“Sərt üslub” dünyaya çəhrayı eynəklə yox, ayıq və açıq gözlə baxmaq, onu bəzək-düzəksiz görmək və göstərmək cəhdidir. “Sərt üslub” qurucu, yaradıcı insanların - fəhlələrin və bəstəkarların, neftçilərin və yazıçıların bədii obrazlarını plakat nikbinliyiylə deyil, real cizgilərlə yaratmaqdır. Raya Abbasovayla söhbətdə Tahirin ürəkdən gələn etiraflarını oxuduqca   bir daha əmin olurdum ki, bu “sərt üslub” hardasa rəssamın uşaqlıq və yeniyetməlik çağında qarşısına çıxmış sərt həyat sınaqlarıyla bağlıdır.

Tahirin atasını - görkəmli partiya işçisi, əqidəli kommunist Teymur Salahovu şərləmiş, 1937-ci ildə həbs etmiş və güllələmişlər. Tahir Salahovun başqa bir müsahibəsində dediyi sözlər məni çox həyəcanlandırır: “O sentyabr axşamında hava çox xoş idi. Təqribən axşam 10-da qapımızı döydülər. İki nəfər içəri girdi. Anam həyacanla: -  Nə olub? - deyə soruşdu. Atam: - Məndən şübhələnmə - dedi - narahat olma, tezliklə qayıdacam.

Onu apardılar. Mən pəncərədən baxırdım, Atam onu aparan iki adamla tini burulub gözdən itdi. Bu səhnə ömürlük yaddaşıma həkk olundu. Bundan sonra atamı daha heç vaxt görmədim”.

O zaman Tahirin doqquz yaşı varmış və donub qalmış kinokadr kimi bu səhnəni bütün həyatı boyu unutmayıb. On illərin içindən keçirib hafizəsində saxlayıb.

R.Abbasovayla söhbətində Tahir məhkumun ailəsinin hansı əzab-əziyyətlərə, məşəqqətlərə düçar olduğundan danışır. Anasının - Sona xanımın beş uşağı necə qəhrəmancasına böyüdüb yetişdirməsindən bəhs edir. Ən yaxın qohumların, qonşuların daha onların qapılarını açmamalarından söz açır. Amma Tahir müdrik mərhəmətlə onları  qınamır. Zəmanənin insanları ağır imtahana çəkdiyini nəzərə alır.

Ən gənc yaşlarından afişalar çəkərək, asfalt üzərində rəsmlər yaradaraq Tahir ailələrinin az-çox dolanışığını təmin edirmiş. Rəsmə marağı ona lap kiçik yaşlarından atası təlqin edib. Moskvanın və Leninqradın Ali rəssamlıq məktəblərinə daxil olmaq istəyiylə bütün imtahanları uğurla verib və instituta ... qəbul edilməyib. Axı tərcümeyi-halında siyasi  məhkum olunmuş insanın oğlu olduğunu qeyd edirdi. Və bütün bioqrafik məlumatlarda bu məlumatın altını qırmızı xətlə cızırmışlar. Tahir Salahovun əksər əsərlərində sənətinin özəl işarəsi kimi qırmızı xəttin ya qırmızı detalın olması burdan doğulmayıbmı?

R.Abbasova rəssamı elə məsələlərdən danışmağa vadar edir ki, o, təbii təvazökarlığı və nəcabətinə görə özü heç vaxt bu məsələləri car çəkməzdi. Amma bu faktlar da böyük rəssamın tərcüməyi-halında izsiz qalmamalıdır. Özü əqidəli və bu sözün ən dəqiq, ən yüksək mənasında realist Tahir Salahov heç bir dəbdə olan “izm”lərə meyl göstərmədi, amma bununla belə, başqa istiqamətlərdə, ayrı üslublarda işləyən rəssamların da - əgər onlar həqiqətən istedadlıydılarsa - dəyərini bilir. Bu baxımdan o, “Abşeron məktəbi” adlanan və o dövrdə rəsmi siyasi və sənət dairələrində saya salınmayan bir qrup rəssamı - Mir Cavadı, Rasim Babayevi, Tofiq Cavadovu, Əşrəf Muradı, Qorxmaz Əfəndiyevi “hədsiz dərəcədə istedadlı” sayaraq onlara hər növ yardım göstərib. Azərbaycan Rəssamlar İttifaqının sədri və SSRİ katibi olaraq Tahirin onların hər birinin taleyində xeyirxah rolu var.

Əşrəf Murad xəstələnəndə maddi vəziyyəti ağır olan rəssamla müqavilə bağlayaraq ona o vaxt üçün çox böyük məbləğ - 15 min manat verir. Mir Cavadın Türkiyə xəstəxanasında müalicəsinə yardım edir. Səttar Bəhlulzadə də xəstələnəndə təcili şəkildə onun işlərini alıb müalicə üçün gərək olan məbləğlə təmin edir.

Toğrul Nərimanbəyovun anası İrmanın bəraət qazanıb Bakıya dönməsi, mənzillə təmin olunması da Tahirin xidmətidir.

Tahir Salahov rus rəssamı Pavel Nikonovun “Geoloqlar” tablosunu xilas edib. Məhz bu əsərinə görə N.S.Xruşşovun nadan hücumlarına məruz qalan rəssam tablosunu məhv etmək qərarına gəlir. Tahir onu bu fikrindən daşındırır, əsəri götürüb Bakıya gətirir. Xruşşov və onun sənət siyasəti süquta uğrayandan sonra Nikonovu Azərbaycana dəvət edir və xilas olunmuş işini ona təqdim edir. Rəssamın taleyin (daha doğrusu, Tahirin) bu gözlənilməz töhfəsindən necə xoşbəxt olduğunu təsəvvür etmək olar.

Həqiqi istedadın bir cəhəti də başqalarının istedadlarına sevinməkdir. Paxıllar o adamlardır ki, həsəd çəkdiklərindən nə qədər aşağı olduqlarını özləri də dərk edirlər. Dərk edirlər, amma xislətləriylə bacara bilmirlər.

Tahir Salahovun “peredvijniklər” adlanan XIX əsr rus rəssamlarına münasibəti də maraqlıdır. Bu rəssamlara bədii cəhətdən deyil, mövzuları baxımından qiymət verir. O işlərini qeyd edir ki, onlarda sosial mövzular qabarıq ifadə olunub - Perovun “Üçlük”, Yaroşenkonun “Hər yerdə həyat”, Repinin “Təbliğatçının həbsi” və “Gözləmirdik” əsərlərinə münasibəti T.Salahovun özünün də sənətdə vətəndaşlıq mövqeyinin nə qədər önəmli saydığını göstərir.

İctimai xadim kimi Tahirin xidmətləri sırasında Moskvada sovet ideologiyasına daban-dabana zidd olan Robert Rauşenberq, Ruffino Tamaya (onun obrazları Mir Cavadın obrazlarına yaxındır), Frensis Bekon (əlbəttə, Orta əsr filosofu yox, müasir ingilis rəssamı) kimi məşhur Qərb sənətkarlarının Moskvada sərgilərinin təşkil edilməsidir. Tahirin məqsədi bütün dünyanın bələd olduğu çağdaş sənət örnəkləriylə ölkəni də tanış etmək idi. Onu da deyək ki, bütün bu rəssamların sənəti Tahir Salahovun estetik prinsiplərindən çox uzaqdır. Elə bunda da rəssamın toleranslığı, başqa üslublara yalnız dözümlülüyü deyil, həm də anlaşıqlı, dəyərverici münasibəti görünür.

T.Salahov özündən qabaqki nəslin nümayəndələri - Azərbaycan rəssamlarına da xüsusi ehtiramla yanaşır. Sələflərə inkarçı, yekəxana, lovğa, bəzən təhqiredici yanaşma yalnız nankorluğun yox, eyni zamanda, tərbiyəsizliyin örnəyidir. Yalnız rəssamlar deyil, başqa sənət sahibləri də keçmişə nəcib münasibət bəsləməyi Tahirdən öyrənməlidirlər. T.Salahov özündən əvvəlki sənətkarlar haqqında - Qəzənfər Xalıqov, Lətif Kərimov, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Tağı Tağıyev haqqında  böyük hörmətlə danışır.

Mən də Tahirlə uzaq gənclik illərimdə elə bibim Həbibə Məmmədxanlının həyat yoldaşı Tağı Tağıyevin evində tanış oldum. Qonşu idilər. Tez-tez dostu və sinif arkadaşı Toğrul Nərimanbəyov Tahirgilə qonaq gələrdi. Bəzən onlar və Toğrulun əmisi, kinooperator Arif Nərimanbəyov Tağıgilə keçərdilər.

Elə təxminən bu vaxtlarda Tahirin və Toğrulun yaradıcılığı atamın də diqqətini çəkmişdi. Özü poeziyada novator olan Rəsul Rza hansı fəhmləsə tək ədəbiyyatda yox, musiqidə, rəssamlıqda da yeniliyi, qeyri-adiliyi duyur, bəyənir və dəstəkləyirdi. Moskva Konservatoriyasını bitirib Bakıya qayıdanda çox da xoş münasibətlə rastlaşmayan Qara Qarayevi ilk dəstəkləyənlərdən biri də atam idi. Qarayevin bir söhbətini xatırlayıram. Şostakoviçə qarşı növbəti yöndəmsiz tənqid kompaniyası başlayanda onun tələbələri Qarayev və Cövdət Hacıyev təlaşlanırlar, öz aqibətlərini bilmək üçün Quran səhifələrinə üz tuturlar. Müqəddəs kitabı açıb rastlarına çıxan ilk cümləni oxuyurlar: Sizi dəmir dəyənəklərlə döyəcəklər - Qarayev bunu gülə-gülə danışırdı. Çox illər sonra mən bu əhvalatı Cövdət Hacıyevdən xəbər alanda Cövdət müəllim səhvimi düzəltdi: Yox, orda belə yazılmışdı: - Sizi dəmir qırmanclarla döyəcəklər.

O vaxt Kinematoqrafiya naziri olan Rəsul Rza Qara Qarayevə maddi dəstək məqsədiylə xüsusi olaraq məhz onunçün yeni vəzifə yaradır: - Kino teatrların musiqi rəhbəri. Axı o illərdə kino teatrların öz orkestrləri vardı və seans qabağı çalardılar.

Rəsul Rza cahil, küt tənqiddən gənc istedadlı  şairləri də qoruyurdu - Əli Kərimi, Məmməd Arazı, Fikrət Qocanı, Vaqif Səmədoğlunu… İndi onlar  klassik sayılır və o hücumlar da, o hücumlardan müdafiə də unudulub gedib, sanki heç belə şeylər olmayıb.

Qəribə şakərimiz var. Sənətə bənzərsiz yaradıcılıqla gələn gənc istedadlar ilk addımlarında top-tüfənglə qarşılanırlar, sonra özlərini təsdiq edəndən, hamı tərəfindən qəbul və təqdir olunandan sonra onları vaxtilə tənqid edənlər də bu xora qoşulurlar, haçansa nəinki onlara, hətta onların müdafiəçilərinə də hücumlarını yaddan çıxarırlar.

Eynən bu təbir Tahirlə Toğrula da aiddir. İlk addımlarında onlar da şiddətli və əsassız tənqidlərə məruz qaldılar. Bir gün Toğrulun tamamilə bədbinləşib ölkədən çıxıb getmək istəməsini də xatırlayıram. Amma gənc rəssamlara qahmar duranlar da oldu və onlardan biri də atam idi. Rəsul Rza elə ilk işlərindən Tahirə də, Toğrula da diqqət yetirdi, onları özüylə Azərbaycan rayonlarına aparırıdı, barələrində müsbət rəy yazırdı. Toğrul haqqında “Pravda” qəzetində, Tahir haqqında Moskvanın “Tvorçestvo” jurnalında. T.Salahovun  əsərlərini - “Səhər eşalonu”, “Rezervuarlar”, “Fəhlənin portreti”ni yüksək qimətləndirdiyinə görə Moskvanın mötəbər sənətşünası Andrey Lebedev Rəsul Rzaya ciddi iradlar bildirmişdi.

Gənc rəssamlara iradları yalnız mühafizəkar sənətşünaslar deyil, bəzi partiya xadimləri də tuturdular. Belə hadisələrdən birini Tahir xatırlayır:

“Yadımdadır, mənim “Yeni dəniz” (1970) şəklimin təqdimatında MK-nın məsul işçilərindən biri məndən soruşdu:     - Tahir, niyə sənin fəhlələrin belə ciddidirlər, niyə heç gülümsəmirlər? Heydər Əliyev söhbətə qarışdı: Onlar niyə gülməlidirlər ki... İşləyiblər, əmək sərf ediblər - bu, çox ağır zəhmətdir”. Bir qədər sonra “Yeni dəniz” tabloma görə mən ilk dövlət mükafatımı aldım”.

Heydər Əliyev sonralar da Tahir Salahovu həmişə dəstəkləyirdi, onun böyük istedadını, həyatın müxtəlif sınaqlarında dəyanətini və sədaqətini yüksək qiymətləndirirdi.

Tahir Salahov tez bir zamanda sənətiylə özünü təsdiq edə bildi. Moskvada və Bakıda Rəssamlar İttifaqına rəhbərlik etdi, əvvəl Azərbaycan Ali Sovetinin, sonra da SSRİ-nin deputatı seçildi, ən müxtəlif mükafalara və ən yüksək adlara layiq görüldü. Rəssamın ilk yaradıcılıq dövründə - gəncliyinin ən kövrək, həssas illərində aldığı yaralar da sağaldı, bəlkə də unuduldu.

Sovet sisteminin sənətkarlara münasibətində qəribə bir paradoks vardı, onları gah qaldırır, gah da gözdən salırdı. Tahir Salahovun portretlərini çəkdiyi sənət adamları da bütün bunları yaşamışdılar - Dmitri Şostakoviç də, Mstislav Rastropoviç də, Andrey Voznesenski də. Eyni aqibəti Rəsul Rza da yaşamışdı. Bir vaxt yüksək vəzifələr tutan, fəxri adlarla təltif olunan şair qısa müddət ərzində qurduğu və on il rəhbərlik etdiyi ensiklopediyadan Moskvanın təhriki ilə uzaqlaşdırıldı, deputat “seçilmədi”, SSRİ Yazıçılar İttifaqı İdarə heyətinə düşmədi. Halbuki uzun illər boyu həm deputat, həm də İdarə heyətinin üzvü olmuşdu. Sonralar Heydər Əliyevin təşəbbüsüylə o, yenidən deputat seçildi, Sosialist Əməyi qəhrəmanı adı aldı. Ömrünün məhz o bəlalı dövründə Tahir atamın portretini çəkdi. Bu kişi hərəkəti idi. Qorxmazlığın ifadəsi idi.

Rəsul Rzanın vəfatından çox illər sonra Tahirlə məhrəm söhbətimiz zamanı dedi ki atasını çox erkən yaşında itirdiyindən xüsusiylə ilk gənclik illərində Rəsul Rzanın ona atalıq qayğısını heç vaxt unutmur.

Rəsul Rza Tahirə məqalə həsr edib və orada portret üzərində işi xatırlayır:

“Bir də görürdün ki, Tahir müəyyən bir şəkildə,  müəyyən bir tərzdə səni otuzdurur və başlayır işləməyə. Baxıb görürsən ki, doğrudan, çəkdiyi şəkil istər oxşarlığı, istər özünün ifadə məzmunu etibarı ilə çox yaxşıdır. Səhərə vədələşib vaxt qoyurduq ki, davam etsin. Səhər gələndə görürdüm ki, Tahir bütün kompazisiyanı dəyişib təzədən başlayır. Belə bir, iki, üç dörd dəfə… Bir də görürsən ki, yalnız əlləri çəkməklə bir neçə seans məşğul oldu”. Raya xanım mənə T.Salahovla söhbətlər kitabına Ön söz yazmağı təklif edəndə qarşıma problem çıxdı. Məsələ ondadır ki, 2003-cü ildə Tahirin yetmiş beş illiyində onun haqqında “Sədaqət” adlı böyük esse yazmışdım və bu yazı “Bakinski raboçi” qəzetində dərc olunub, mənim “Azərbaycan ədəbiyyatı, sənəti, mədəniyyəti” üçcildliyimə daxil edilib. Sevdiyim rəssam haqqında yenidən necə yazasan ki, dediklərini təkrar etməyəsən. İndiki yazımda buna çalışdım, rəssam haqqında demədiklərimi söyləməyə cəhd etdim. Köhnə yazımdan yalnız bircə sitat gətirmək istəyirəm: “Bir dəfə özüm də bilmədən Salahovun işləməsinin şahidi oldum. Tahir uzun illər boyu görüşəndə deyirdi ki, şəklimi çəkmək istəyir. Onun çox gərgin həyat ritmini bildiyim üçün özüm bunu heç vaxt rəssama xatırlatmırdım. İki il bundan qabaq ən yaxın və əsgi dostumu, istedadlı bəstəkar Emin Sabitoğlunu itirdim. Tahir də onunla dost idi. Vəfatının ikinci günü Emingildəydik. Televizoru qurmuşduq. Bəstəkar haqqında nekroloq səslənməyə başladı. Altı yaşından tanıdığım və bütün şüurlu həyatımı çiyin-çiyinə yaşadığım bir dost haqqında bu vida sözlərini eşidərkən nə hala düşdüyümü təsəvvür etmək olar. Bu hisslərin sifətimdə necə əks  olunduğunu isə az sonra Tahirin demə bu vaxt çəkdiyi qrafik portretimdən bildim. Yəqin ki, bu mənim ən kədərli şəklimdir, amma mənə çox əzizdir. Həm Eminin xatirəsiylə bağlı olduğuna görə, həm də Tahirin qələmindən çıxdığına görə”.

O gündən çox illər keçdi və bir səhər Tahir zəng elədi, məni İçərişəhərdəki muzey-emalatxanasına dəvət etdi. Məlum oldu ki, portretimi çəkmək niyyətindədi.

Dörd-beş seansa mənim iki qrafik və bir irihəcmli yağlı boya ilə portretlərimi çəkdi. O vaxt qəlyan çəkirdim və şəkil çəkdiyi zaman da əlimdə qəlyan tutmuşdum. Bir gün nədirsə unutdum, qəlyansız gəldim. Tahir bir az tutuldu. Dedim ki, əlimi eynən elə tutaram - elə bil əlimdə qəlyan var. Bir az düşünüb köməkçisini göndərdi eynən belə bir qəlyan aldırdı və yalnız mən qəlyanı əlimə alandan sonra işləməyə başladı. Mən sənətkarın ən xırda detallara belə necə “vasvasılıqla” yanaşdığının şahidi oldum. Portretimdə mənə təsir edən bir detal da o oldu ki, arxa planda atamın məşhur şəklini yerləşdirmişdi. Tahir Salahovla bu yaradıcılıq görüşləri, iş seansları, məhrəm söhbətlər ömrümün unudulmaz xatirələrindəndir. Tahir özü də bu barədə deyib:

“Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Əvvəllər atasının - gözəl şair Rəsul Rzanın portretini çəkmişdim. Anar - bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur”.

Tahirə çox minnətdaram bu səmimi sözlərinə görə də, birini mənə bağışladığı gözəl portretlərimə görə də.

Tahir Salahovun 90 yaşı tamam oldu. Hörmətli Prezidentimiz İlham Əliyev onu 1-ci dərəcəli “Əmək” ordeniylə tətif etdi.

Böyük sənətkarımıza nə arzu etmək olar, uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları...

Bir də mənim bir arzumun həyata keçirməsini, bu arzularımı Tahirə demişəm. T.Salahov Dədə Qorqudun, klassik və çağdaş şairlərimizin parlaq portretlərini çəkib. İstərdim ki, gənc Füzulinin də portretni çəksin. Məhz GƏNC Füzulinin, çünki adətən bu şairi çox qoca yaşında təsvir edirlər. Sevgi haqqında ən incə və ən ehtiraslı şeirlər müəllifini saçı-saqqalı ağarmış ixtiyar obrazında görmək adama qəribə gəlir. Tahir Salahovun fırçasıyla canlandırılmış gənc Füzuli onun şeirlərindən aldığımız zövqə uyğun bir obraz olardı. Bir də Tahirə təklif etdim ki milli faciəmiz Xocalı soyqırımını əks etdirən bir tablo barədə düşünsün. Tahir Salahov belə bir şəkil çəksə, İnsanlığın Yaddaş muzeyində bu şəkil Pablo Pikassonun məşhur “Hernika”sıyla yanaşı yer tutardı.

R.Abbasovayla söhbətlərində Tahir Salahov ən məhrəm fikirlərini söyləyir. Sanki özü-özüylə təkbətək danışır.

Təklikdə, amma bizim hamımızla birlikdə...

2 dekabr 2018

/525.az/

Yenililklər
19.03.19
Elşad Ərşadoğlu: "Müsabiqələri ayrı-ayrılıqda yox, bir yerdə elan etməyi qərara aldıq"
19.03.19
Fəlsəfə İnstitutunda Nəsimiyə həsr olunmuş “Poeziya dəqiqələri”
19.03.19
Fransada Alim Qasımovun diskinin təqdimatı olub
19.03.19
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.19
Əqli Mülkiyyət Agentliyi Nəsiminin qəzəlinin təhrif olunması məsələsinə münasibət bildirib
18.03.19
Nemət Mətin - Kiməsə danışsan öləcəksən
18.03.19
ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışı olub
15.03.19
Keçmiş kəşfiyyatçı:"Mən kabinetə şkafdan girdim"
14.03.19
Səməd Behrənginin 80 illiyi qeyd edilib
14.03.19
Şahanə Müşfiq - Yaddaşlarda əbədi yaşayan sənətkar
14.03.19
“Hərbi-tibbi terminlərin izahlı lüğəti” nəşr olunub
14.03.19
Şəhla Aslan - Anarın yelbeyin İmanı və Yel çərşənbəsi
13.03.19
Ədəbiyyat İnstitutunda növbəti seminar indoneziyalı yazıçıya həsr olunub
13.03.19
Simran Qədim - Dərs - Hekayə
13.03.19
“Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək
13.03.19
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
12.03.19
Şəhla Aslan - Bu cavanlar niyə fışqırıq çalmırlar?
12.03.19
Vasif Əlihüseyn - Başqa dizlərdə qatır qadınsızlığının başını
12.03.19
Sabir Rüstəmxanlının “Özümüzdən böyük sözümüz” adlı kitabı çap olunub
12.03.19
“Loqos”da “Gülümsə, çünki sən qadınsan” adlı tədbir - Fotolar
12.03.19
“Çapar” jurnalının təqdimatı keçirilib
11.03.19
"Yüz illər bundan öncə yaşamış klassiklər müdafiəsizdir" - Sorğu
11.03.19
Əbülfəs Qarayev: “Muzeylərdə audio-vizual bələdçilərin tətbiqinə başlanacaq”
11.03.19
Xalq rəssamı Arif Əzizin  İstanbulda fərdi sərgisi açılıb
11.03.19
İmarət Cəlilqızı - Mən, atam, balta, yer, göy və başqaları
11.03.19
Aleksandr Serovun Heydər Əliyev Mərkəzində konserti olacaq
11.03.19
Bədirxan Əhmədli -  Üçlü formula gedən yol...
11.03.19
Fəxrəddin Teyyub - Gözünə gün düşənə məktub
07.03.19
TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi keçirilib
07.03.19
Siyasi Büronun artıq üzvləri, ermənilərin xroniki separatizmi və zabit ləyaqəti...
06.03.19
“Oxu Günü” artıq dövlət səviyyəsində qeyd olunacaq
06.03.19
“Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitabın təqdimatı keçirilib
06.03.19
AzTV-də daha bir dəyişiklik - Yazıçıya baş redaktor vəzifəsi verildi
05.03.19
8 Martda iki qadın yazarın imza və şeir gecəsi keçiriləcək
05.03.19
“Unutmağa kimsə yox” festivalda nümayiş olunub
05.03.19
AzTV-də növbəti təmizləmə: iki əməkdaş nöqsanlara görə işdən uzaqlaşdırıldı
05.03.19
Azərbaycan teatrlarının inkişafına 1,8 milyon manat ayrılıb
05.03.19
Türkiyədə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək
05.03.19
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin iclası keçiriləcək
05.03.19
Şəhla Aslan - Niyə intihar edirik?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.