P.S: Yubiley elmi məqaləsi əvəzinə hekayə
28.12.18

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik 

1. Təhlil edilməyən cümlə 

İllər sürətlə ötüb keçdi. İndi-indi tələbəlik illərində qrup yoldaşlarımızın bəslədikləri arzulardan hansının həyata keçib-keçmədiyi barədə, yaxud səbəblər və nəticələr haqqında fikir yürütmək, müəyyən qənaətə gəlmək olur. Yarım əsr bundan əvvəlki illərin qanadlı xəyallarından, xoş niyyətlərindən itib-batanı da oldu, həyata vəsiqə alanı da. Hətta səmtini dəyişəni də. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialını bitirəndə Akif İmanovun arzularından biri yerinə yetirildi. O, Şərur rayonunun Şəhriyar kənd orta məktəbində müəllim kimi Azərbaycan dili və ədəbiyyatı dərslərini tədris etməyə başladı. Xüsusən Azərbaycan dili dərslərini böyük həvəslə öyrətməyə səy göstərdi.

Tələbəlik illərində Akif İmanov Azərbaycan dili dərslərinə böyük maraq göstərirdi. Əvvəllər qrammatik tərifləri əzbərləyir, nəzəri biliyini artırmağa üstünlük verirdi. Yuxarı kurslarda isə oxuyub öyrəndiklərini tətbiq etməyi ön plana çəkdi. Akifin əsas fikri belə idi: cümlə təhlili Azərbaycan dilinin bütün sahələrinin tətbiq olunduğu sınaq meydanıdır. Bu meydanda sübut olunmayan qrammatik məlumat, nəzəri bilik havadan asılı qalar, özünün doğruluğunu sübuta çatdıra bilməz. Odur ki, Akif İmanov dərsdə də, yataqxanada da cümlə təhlilinə baş sındırar, ən mürəkkəb, çətin, müəmmalı budaq cümlələri həvəslə elmi təhlilin süzgəcindən keçirərdi. Yataqxanadakı otağından asdığı yazı lövhəsi, üzərində "Cümlə təhlili" yazılmış dəftərləri sadə və mürəkkəb cümlələrin aramsız təhlilinə xidmət edirdi. Ara-sıra müxtəlif qəzetlərdə dərc etdirdiyi "Dostlar", "Kal qarpız", "Acı xatirə" kimi kiçik hekayələrində də maraqlı süjet qurmaqla yanaşı, cümlədə sözlərin sırasına və yerinə, üslubi məqamların mütənasibliyinə xüsusi diqqət yetirirdi.

1977-ci ildən akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun "Pedaqogika və psixologiya" kafedrasında müəllim kimi çalışdığı illərdə sevimli məşğuliyyətindən bir qədər uzaqlaşmalı oldu. Çünki tədris etdiyi pedaqogika tarixi dərslərində cümlə təhlili etmək tələbələrə qəribə görünərdi. Sonra bunun da yolunu tapdı. Görkəmli alim və pedaqoqların maarifçi görüşlərindən danışarkən onların ana dili haqqındakı mülahizələrini ön plana çəkdi, arabir fikirlərini əyaniləşdirmək üçün cümlə təhlilinə də müraciət etdi. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Ümumi pedaqogika" kafedrasının qiyabiçi aspirantı kimi "Məhəmməd ağa Şahtaxtlının pedaqoji görüşləri" mövzusunda axtarışlar aparanda da məşhur publisist və pedaqoqun ana dilinə, əlifba islahatlarına dair baxışlarının öyrənilməsini müasir qrammatika ilə, cümlə təhlili ilə əlaqələndirməyə çalışırdı. Lakin bütün bunlar içindəki cümlə təhlili ilə bağlı dərin ehtiyacı tam ödəmək imkanına malik deyildi. Ona görə də Akif İmanov o vaxt hamı üçün gözlənilməz olan qəti bir addım atmışdı. Aspiranturanı tərk etmiş, aspiranturanı yarımçıq qoymuşdu. O, çalışdığı kafedranı dəyişdi, "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında fəaliyyətini davam etdirməyə başladı. Bakıda, Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunda pedaqoji elmlər doktoru, professor Əziz Əfəndizadənin rəhbərliyi ilə "Azərbaycan dili sintaksisinin ibtidai kursunun öyrədilməsində sintaktik bacarıq və vərdişlərin formalaşdırılması" mövzusunda yeni axtarışlara başladı. Dissertantın budəfəki elmi mövzusu nəinki Azərbaycan dilinə, Akif İmanovun öz sözləri ilə desək, birbaşa "dilçiliyin sınaq meydanı" olan cümlə təhlilinə aid idi. Bu vaxtadək praktik olaraq cümlə təhlili ilə məşğul olan Akif İmanov artıq bu işin nəzəri və təcrübi xüsusiyyətlərini vəhdətdə öyrənməyə başladı. Mövzusu ürəyincə olduğu üçün tədqiqat işi sürətlə aparıldı. Bu, arada itirilən illərin əvəzini çıxmaqdan daha çox dissertantın elmdə öz yerini tapmasından, çoxillik arzusuna çatmasından irəli gəlirdi. Akif İmanov cəmisi 4 il müddətində yenidən namizədlik minimumlarını da verdi. Əlavə zəruri nəzəri və metodiki ədəbiyyatları da oxudu, eksperiment də qoyub nəticəsini ümumiləşdirdi. 1984-1987-ci illərdə 4 dəfə müxtəlif elmi konfranslarda məruzələrlə çıxış etdi, mövzuya dair 9 məqalə və tezisi çap olundu. Az vaxtda Azərbaycan dilinin tədrisi metodikası ilə məşğul olan tədqiqatçılar arasında tanındı.

Nəhayət, Akif İmanov 27 iyun 1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasının iclasında nüfuzlu dilçi-alim və metodistlər qarşısında axtarışlarının nəticələrini bir-bir şərh etdi. Azərbaycan dilinin başlanğıc kursunda cümlə təhlilinin ən çətin növlərindən olan sintaktik təhlil bacarıqlarının öyrədilməsinin incəliklərini nəzəri və təcrübi cəhətdən aydınlaşdırdı və dəqiqləşdirdi. Neçə-neçə müxtəlif xarakterli tabeli və tabesiz mürəkkəb cümlələri təhlildən keçirdi, nəticə çıxardı. Bu vacib işin daha səmərəli təşkili üçün faydalı təkliflər irəli sürdü. Elmi rəhbəri, professor Əziz Əfəndizadənin, rəsmi opponentləri pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovun, filologiya elmləri doktoru Qəzənfər Kazımovun, professor Həsən Balıyevin, pedaqoji elmlər namizədi Sevindik Vəliyevin çıxış və rəylərində nəinki araşdırmaları müsbət qiymətə layiq görüldü (S.Vəliyev sonralar dilçilik üzrə müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsi qazanmışdı). Eyni zamanda, onun dissertasiyası respublikamızda cümlə təhlili vərdişlərinə həsr olunmuş ilk əhəmiyyətli tədqiqatlardan biri kimi diqqət mərkəzinə çəkildi. Akif müəllimin sintaktik təhlil vərdişlərinə dair müəyyən edib, uğurla sınaqdan çıxardığı üsul və vasitələrin yeniliyi və səmərəliyi xüsusi qeyd olundu.

SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasından tədqiqatçı müəllimin ünvanına gələn "otkrıtka"da cəmi bir cümlə yazılmışdır: "Akif Kazım oğlu İmanov "Azərbaycan dili sintaksisinin ibtidai kursunun öyrədilməsində sintaktik bacarıq və vərdişlərin formalaşdırılması" mövzusunda dissertasiyasına görə pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülür".

Bizcə, bu cümləni əlavə təhlil etməyə ehtiyac yox idi. 

2. "Kal qarpız"ın hekayəsi 

Akif  İmanlı ilə ilk dəfə hələ 1965-ci ildə, orta məktəb illərində tanış olmuşam. Doğrudur, biz ayrı-ayrı orta məktəblərdə təhsil almışıq. Lakin mən Şərur rayonundakı Ulya-Noraşen (indiki Oğlanqala) kənd orta məktəbinin sonuncu sinfində oxuduğum zaman Axura kəndindən olan şagird yoldaşlarım rayon məktəbində təhsil alan bu gənc həmkəndliləri ilə məni tanış etmişdilər. İlk tanışlıqdan Akifin səliqəli geyimi və sadəliyi diqqətimi cəlb etmişdi.

Sonralar, 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan  filialında  elə ilk dərs günü görüşdük və tələbə  yataqxanasında ikimiz bir otaqda qalmağa qərar verdik. Tələbəlik illərimin bütün xatirələrinin, sonrakı həyatımın da əsas iştirakçısı, canlı şahidi Akif İmanlıdır. Bir qrupda ("B" qrupunda) təhsil almağımız, eyni otaqda yataqxana həyatı keçirməyimiz bizi nəinki yaxınlaşdırdı, hətta doğma qardaşlara çevirdi. Hər ikimizin ucqar dağ kəndindən olmağımız, müəllim ailəsində formalaşmağımız, çoxuşaqlı ailəni təmsil etməyimiz, təhsilə, elmə, cəmiyyət həyatına münasibətlərimizdəki yaxınlıq ali məktəb illərində birgə addımlamağımızı şərtləndirdi. Mən Akif İmanlının elmi qabilliyyətini də, bədii istedadını da o unudulmaz  illərdə yaxından hiss etdim...

İş elə gətirdi kii, Akif İmanlı ali məktəbi bitirdikdən sonra elmi fəaliyyəti ön plana çəkməli oldu. O, Azərbaycan dilinin metodikası üzrə aktual bir mövzuda dissertasiya yazıb, uğurla müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi qazandı. İnamla deyə bilərəm ki, Akif İmanlı Naxçıvanın ali məktəblərində çalışan ən kamil ana dili müəllimlərindən biridir. O, bəlkə elə azsaylı Azərbaycan dili müəllimlərindən biridir ki, dilin tarixini də, qrammatikasını da, metodikasını da eyni səviyyədə dərindən mənimsəmişdir. Buna görədir ki, əslində, metodist-alim olan Akif  İmanlının nəzəri dilçiliyin problemlərinə, qrammatika məsələlərinə, onomastikaya, toponimikaya həsr olunmuş əsərləri də eyni dərəcə profesionallığı ilə diqqəti çəkir.

Ana dilinə sevgi, həssas və qayğıkeş münasibət Akif İmanlının tədqiqatçılığı ilə hekayəçiliyini doğmalaşdırır. Ana dili onun elmi əsərlərinin də, pedaqoji fəaliyyətinin də, hətta bədii yaradıcılığının da cövhərini təşkil edir.

Bədii yaradıcılıqda Akif İmanlı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında təhsil aldığı illərdə, hələ tələbə ikən başlamışdır. O, 1967-1971-ci illərdə Naxçıvan filialında fəaliyyət göstərmiş "Gənc qələmlər" dərnəyində ilk hekayələrini müzakirəyə təqdim etmiş, özü də digər tələbə yoldaşlarının şeir və hekayələrinin müzakirələrində fəal iştirak etmişdir. Akif İmanlının "Dostlar" adlı ilk hekayəsi "Şərq qapısı" qəzetinin 18 may 1968-ci il tarixli sayında Naxçıvan Filialı tələbələrinin yaradıcılığına həsr edilmiş "Ədəbiyyat səhifəsi"ndə çap olunmuşdur. Tələbəlik illərində Akif İmanlı ara-sıra lirik miniatür hekayələr yazsa da, əsasən yumoristik hekayələri ilə tanınmışdır. Ali məktəbi bitirəndə artıq Akif İmanlının bir neçə yumoristik hekayəsi ədəbi mühitdə səsə-sorağa çevrilmişdi...

Akif İmanlı hekayələrində rastlaşdığı, müşahidə etdiyi hadisələri, yaxından tanıdığı, ünsiyyətdə olduğu insanları, yaşadığı hissləri, düşüncələri qələmə alır. Buna görədir ki, onun hekayələrinin əksəriyyəti baş vermiş əhvalatlar təsiri bağışlayır. Adama elə gəlir ki, Akif İmanlı sanki iştirakçısı olduğu hadisələri eynilə kağıza köçürməmişdir. Halbuki müşahidə edilən adamlar və əhvalatlar bədii təxəyyülün süzgəcindən keçirildikdən sonra yazıya alınmışdır. Amma bütün bunlar müəllifin hadisələri yaşayaraq yazdığı üçün canlı və təsirli çıxır, düşündürücü və oxunaqlı olur.

Azərbaycanda kiçik hekayənin özünəməxsus ənənəsi olsa da, müxtəlif səbəblərdən bu janra nisbətən az müraciət edilir. Mən Akif İmanlının kiçik hekayələrini həmin janrda qiymətli nümunələr yaratmış görkəmli yazıçıların əsərləri ilə müqayisə etmək  fikrində deyiləm. Ancaq onu qeyd etməyi lazım bilirəm ki, son 50 ildə Akif İmanlı kiçik hekayə janrına həmişə sadiq qalmışdır. Az yazmasına baxmayaraq, Akif heç zaman  janrını dəyişməmişdir. Bu janr sahəsində Akif İmanlıya məxsus yeniliklər sırasında onun qələmindən çıxmış bədii nümunələrin lap kiçik hekayələr olmasını məxsusi qeyd etməyi vacib sayıram. Adətən, çox kiçik həcmdə olan nəsr nümunələri janr etibarilə miniatür adlandırılır. Akif İmanlının da bəzi kiçik hekayələrini - "Dostlar", "İlmələr" və sair kimi lirik hekayələrini miniatür kimi dəyərləndirmək mümkündür. Lakin onun əksər kiçik hekayələrində miniatürlərdən fərqli olaraq yalnız lirik-psixoloji ovqat yox, yığcam süjet və yaddaqalan bədii obrazlar vardır. Buna görə də əsərlərinin bədii-sənətkarlıq səviyyəsindən asılı olmayaraq, Akif İmanlını müasir mərhələdə kiçik hekayə janrına ardıcıl maraq göstərən "nəsr əhli" kimi dəyərləndirmək mümkündür. Akif İmanlı yeni dövr Azərbaycan miniatür yumoristik hekayəsini yaradanlardan biridir.

Kiçik hekayələrinin ifadə vasitələrinə görə Akif İmanlının hekayələri əsasən iki  istiqamətə ayrılır: lirik hekayələr və satirik-yumoristik hekayələr. Müəllif seçdiyi hər iki  istiqamət üzrə bacarıqla irəli getmiş, uğurlu, təsirli, yaddaqalan bədii nümunələr yaratmağı bacarmışdır. Bununla belə, onun yaradıcılığında satirik-yumoristik hekayə ağırlıq qazanmışdır.

Lirik hekayələrində Akif İmanlı yığcam həcm daxilində nasiranə düşüncələrini və təəssüratlarını sadə və obrazlı bədii dillə mənalandırmışdır. Hətta Akif İmanlının lirik ovqatda yazılmış "Adamlar" adlı kiçik hekayəsi ciddi mini lirik-fəlsəfi əsər kimi  yaddaşlarda dərin iz salmaq imkanlarını nəzərə çarpdırır. Bununla belə, geniş ictimaiyyət onu daha çox satirik-yumoristik hekayələrinə görə tanıyır. Akif İmanlının satirik qələmi daha işlək və sərrastdır. Əvvəla, Akif İmanlı satirik hekayə üçün mövzu seçməyi bacarır. Diqqəti çəkən cəhətlərdən biri bundan ibarətdir ki, müəllif satirada da lirik hekayələrində olduğu kimi, cəmiyyət həyatından çox insan mənəviyyatındakı, davranış və münasibətlərdəki kəsirləri, eybəcərlikləri ön mövqeyə çəkir. Akif İmanlı cəmiyyətşünas yazıçıdan çox insanşünas hekayəçidir. Bununla belə, Akif İmanlının insan mənəviyyatı haqqındakı düşüncələri də nəticə etibarilə mühitinə, cəmiyyət həyatının  sağlamlaşdırılmasına xidmət edir. "Xırda kişi ilə Böyük padşahın nağılı" hekayəsində məhz insan mənəviyyatından keçən cəmiyyət hadisələri bacarıqla təsvir edilmişdir. Bu kiçik hekayədə Akif İmanlı üstüörtülü şəkildə sovet rejimi kimi böyük quruluşun nöqsanlarına yumşaq şəkildə olsa da, tənqidi münasibətini ifadə etmişdir. Bütövlükdə "Xırda kişi ilə Böyük padşahın nağılı" hekayəsi Akif İmanlının çoxillik satirik hekayə yaradıcılığının qanunauyğun məntiqi  nəticəsi, ən kamil nümunəsidir. Bu hekayə ilə o, daha geniş yaradıcılıq imkanlarına malik olan ciddi bir yazıçı olduğunu isbata çatdırır.

Akif İmanlının satirk hekayə kimi təqdim etdiyi bədii nümunələrin böyük əksəriyyətində yumor hissi üstünlük qazanır. Onun hekayələrində cəmiyyət hadislərinə kəskin tənqidi münasibət bəsləmir, ifşa yolunu tutmur. Akif İmanlı həyat hadisələrini qələmə alarkən əsasən islahedici mövqe tutur və bu yolla mühitin sağlamlaşdırılacağına inanır. Ona görə də onun hekayə yaradıcılığında yumor satiranı üstələyir. Akif İmanlı Azərbaycan yumoristik hekayəsinin istedadlı yaradıcılarından biridir. Bundan başqa, yumor Akif İmanlının satirik hekayələri ilə lirik hekayələri arasında maraqlı, əhəmiyyətli bir körpü, münasib bir əlaqələndiricidir. Onun lirik hekayələrində zərif bir yumor müşahidə olunur.

"Kal qarpız" hekayəsini Akif İmanlı tələbə ikən bədii yaradıcılığa başladığı ilk illərdə yazmışdır. Bununla belə, "Kal qarpız" hekayəsi Akif İmanlının bədii istedadının güzgüsüdür. Bu kiçik hekayə özünəməxsus təhkiyəsi və üslubu ilə, fərdi cizgiləri ilə onun istedadlı bir qələm sahibi olduğunu  nəzərə çarpdırmışdır. Akif İmanlı məhz "Kal qarpız" adlı kiçik hekayəsi ilə satirik hekayə yazmaq imkanlarının üstünlüyünü bəyan etmişdir. Bu kiçik hekayə Akif İmanlını böyük ədəbiyyata gətirmişdir. Qələm əhli kimi də o, ədəbi mühitdə bu düşündürücü ibrətamiz hekayəsi ilə tanınmışdır. Bu hekayədəki bədii obraz Azərbaycan hekayəçiliyinin banisi, ustad Mirzə Cəlil Məmmədquluzadənin məşhur "Zırrama" hekayəsindəki Qurbanqulunun yeni şəraitdəki davamçısıdır. Ümumiyyətlə, Akif İmanlının kiçik satirik-yumoristik hekayələrində hekayənin böyük ustadı Mirzə Cəlil təlimindən "bir duz" vardır. Lakin Akif İmanlının təsvir etdiyi mühit, qələmə aldığı hadisə və adamlar tamamilə başqadır. O, klassik satirik hekayə ənənəsini yumoristik məcrada davam etdirməsi ilə də fərdi yaradıcılıq üslubunu meydana qoymuşdur. "Kal qarpız" hekayəsi Akif İmanlının hekayəçilik üslubunun modelidir. Akif  İmanlının "Naxoşluq", "Axır ki, şair oldum", "Gorunda çatlar" hekayələrində də "Kal qarpız"dan bir duz, bir ilmə müşahidə olunur. Əlli il bundan əvvəl tələbəlik illərində yazılmasına baxmayaraq, "Kal qarpız" hekayəsi indi də aktual səslənir, təzə hekayə kimi maraqla oxunur.

Göründüyü kimi, Akif  İmanlı sözün gerçək mənasında  yazıçıdır. "Kal qarpız" hekayələr toplusu oxunaqlı, cəlbedici, maraqlı bir yazıçı ilə tanışlıq üçün etbarlı bələdçidir. Eyni zamanda, bu kitab 40 ildən çox bədii yaradıcılıqla məşğul olan Akif  İmanlının əsərlərinin "külliyatı" kimi onun haqqında tanınmış dilçi alim və bacarıqlı pedaqoqdan başqa həm də orijinal bir yazıçı kimi də söz deməyə, fikir söyləməyə imkan yaradır.

"Kal qarpız" hekayələr toplusu gecikmiş kitab kimi meydana çıxsa da, diqqətli, tələbkar oxucuya ünvanlanmış dəyərli kitabdır. Bütövlükdə isə, Akif İmanlının "Kal qarpız" hekayəsindən başlayaraq davam edən  yaradıcılıq təkamülü yetkin bir yazıçının  ərsəyə gəlməsi ilə nəticələnmişdir.

"Kal qarpız" adlı ilk hekayələr toplusu Akif İmanlının yaradıcılıq debütüdür. "Müharibə başlandı" hekayələr kitabı isə onun böyük ədəbiyyatdakı özünütəsdiqinin ifadəsidir.

Sənətin çətin və şərəfli yollarında inamla çalışmaqda davam edən Akif İmanlıdan yeni-yeni elmi və bədii əsərlər gözləməyimizə səbəblər çoxdur. 

3. P.S: Yubiley elmi məqaləsi əvəzinə hekayə 

Akif İmanlı Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Seyidovun elmi rəhbərliyi ilə 2010-cu ildə "Şərur və İğdır oykonimlərinin linqvistik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Filologiya üzrə elmlər doktoru, professordur. Uzun illər Naxçıvan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimidir. 6 monoqrafik əsərin, 5 metodik vəsaitin, 2 tərtib kitabının, 2 hekayələr kitabının, 100-dən çox elmi məqalənin müəllifidir.

Ən maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, Akif İmanlı dilçilik elminin hansı problemindən yazırsa-yazsın, orada mütləq ədəbiyyat faktoru da iştirak edir. Akif İmanlının "Şərur və İğdır oykonimlərinin linqvistik xüsusiyyətləri" mövzusunda yazdığı doktorluq dissertasiyası dilçiliyə dair müddəaları isbat etmək məqsədilə bədii əsərlərdən gətirilən seçilmiş sitatlardan başqa, həm də yer və şəxs adlarının mənşəyi izah olunarkən mütləq Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisindən  və Türkiyə Cümhuriyyətinin İğdır-Sürməli bölgəsindən toplanılmış əfsanə və rəvayətlərə istinad olunmuşdur. Bir çox hallarda Akif İmanlı dil tarixinə aid faktları olduğu kimi, yer və şəxs adları ilə səsləşən faktlar materiallarını da özü toplamışdır. Doktorluq dissertasiyası üçün Azərbaycan və Türkiyə yazılı ədəbiyyatından seçib yerli-yerində işlətdiyi bədii nümunələr də onun bədii ədəbiyyata bələdliyini və ondan yaradıcı şəkildə istifadə bacarığını nümayiş etdirir.

Akif müəllim dünyaya gəldiyi Şərur rayonundakı axura kəndinin adı haqqında dəqiq elmi təyinat vermək üçün Türkiyə tərəfindəki Ağrı dağının ətrafında yerləşən eyniadlı kəndə dair Nuh əyyamından qalmış əfsanə və rəvayətləri, bu kəndin adını çəkmiş Mirzə Fətəli Axundzadənin dram əsərlərini diqqətlə oxuyub öyrənmiş, araşdırıb nəticə çıxarmışdır. Akif İmanlının arabir ədəbi tənqidlə də məşğul olması onun müasirlərinin bədii yaradıcılıq sahəsindəki fəaliyyətinə dəstək vermək niyyətindən irəli gəlir. Bu qeyd edilənlər Akif İmanlının sanballı dilçilik tədqiqatlarının onun ədəbiyyat biliklərinin qovşağında yarandığını və müəllifin hər iki sahə ilə həmişə paralel şəkildə məşğul olduğunu nümayiş etdirir. Üstəgəl, Akif İmanlının çox fəal bədii ədəbiyyat mütaliəçisi olduğunu da nəzərə alsaq, onda tanınmış dilçi alimin ədəbiyyat dünyagörüşünün hansı miqyasda olduğunu təsəvvür etmək mümkün olar. Buna görədir ki, Akif müəllimlə dilçilik sahəsində olduğu kimi, ədəbiyyat istiqamətində də istənilən mövzuda fikir mübadiləsi etmək, ədəbiyyat söhbəti aparmaq və müəyyən nəticəyə gəlmək olar. Sözün əsl mənasında o, ədəbiyyat meylli dilçi alim olmağın nümunəsini göstərir.

Mənim üçün filologiya elmləri doktoru, professor Akif İmanlının anadan olmasının 70 illiyi ilə əlaqədar "Ədəbiyyat qəzeti"ndə çap edilmiş AzərbaycanYazıçılar Birliyinin təbrikindən sonra ənənəyə uyğun olaraq yaxın dostlardan birinin onun haqqında yazdığı yubiley elmi məqaləsinin əvəzinə yubilyarın özünün "Bazar gününün qonağı" adlı maraqlı kiçik hekayəsini təqdim etməsi mənalı və düşündürücü göründü. Eyni zamanda, "525-ci qəzet"də professor Akif İmanlının 70 illiyini onun həyatı və yaradıcılıq yoluna həsr edilmiş elmi yazı ilə yox, alim-yazıçının "Gerçəkləşən istəklərim və..." adlı hekayəsi ilə qeyd etmişdir. Bu faktlar tanınmış dilçi alim və yazıçı Akif İmanlının özünəməxsus təvazökarlığını, tərifdən-təntənədən uzaq mənəvi dünyasını çox aydın şəkildə ifadə edir. Bu, həm də  dilçi alimin bu yaşında da hekayəçi kimi nəinki qələmi yerə qoymadığını, hətta hekayəçilikdə yeni səhifələr açmaq imkanlarına malik nasir olduğunu bir daha diqqət mərkəzinə çəkir və isbat edir. Akif  İmanlının "Bazar gününün qonağı" hekayəsində "satiralı-yumorlu", "duzlu-məzəli hekayələr" yazmaq azarına düşmüş yeni dövrün "şeir bülbülü"nün yaddaqalan obrazı yaradılmışdır. "Gerçəkləşən istəklərim və..." hekayəsində də "şeir bülbülü" motivi əsasında əri təqaüd yaşına çatmış Xədicənin "Gülsevər" təxəllüsünü qəbul etməsi, şeir yazmağın qaydalarını öyrənmək və yaradıcılığa başlamaq arzusuna düşməsi gülüş obyektivinə çevrilmişdir. Əri Rüstəmin  qabiliyyəti çatmadığı halda arvadının şairliyə meyl salmasından istifadə edərək ev-eşiyi gül-çiçəklə bəzətdirməsi, əyin-başını düzəltməsi də hekayənin sujetini gülüş dolu cəlbedici əhvalatların təqdim edilməsinə yönəltmişdir. Bu hekayələrdəki həqiqətən duzlu-məzəli təsvirlər, sadə və obrazlı düşüncə tərzi kamil bir yazıçının yetkin sənətkarlıq səviyyəsi haqqında düşünməyə əsas verir. Hər iki hekayədə Akif İmanlının ədəbiyyat təəssübkeşliyi də diqqət mərkəzində dayanır. Hekayələrindən çıxan bu məntiqi yekun Akif İmanlının elmə və ədəbiyyata münasibətinin nüvəsini təşkil edir. Tərəddüd etmədən demək olar ki, filologiya elmləri doktoru, professor Akif İmanlının elmi əsərləri də, hekayələri də daxili tələbatdan, böyük zəhmətdən və təbii bir istedaddan yaranmış səviyyəli, gərəkli, faydalı bədii örnəklərdir. Mətbuat vasitəsilə oxuculara təqdim olunan hekayələr Akif İmanlının elmi və bədii yaradıcılıq potensialının "aşıb-daşan" imkanlarından xəbər verir. Mövzusundan, gülüş hədəflərindən asılı olmayaraq, istedadsız, qabiliyyətsiz adamların yaradıcılıqla məşğul olmaq niyyətlərini tənqid edən bu hekayələr istedadla, böyük zəhmətlə yazıb-yaratmağa mənalı bir çağırışın ifadəsidir. Alim-yazıçı Akif İmanlı artıq yarım əsrdir ki, elm sahəsində də, ədəbiyyat sahəsində də istedadla, vicdanla yazılmış əsərləri ilə elmə də, ədəbiyyata da şərəflə və məsuliyyətlə xidmət etməkdə davam edir.

Mətbuatda özü haqqında yubiley elmi məqaləsi "yazdırmaq" əvəzinə istedadla yazılmış hekayələrini çap etdirməsi Akif İmanlının hər iki cəbhədə bitib-tükənməyən yaradıcılıq imkanlarının real göstəricisidir. Hekayələri oxuyanda elə bildim ki, Akif İmanlı 50 il qabaq ali məktəbimizin tələbə yataqxanasında ayaq üstə dayanıb izah edə-edə hekayəsini təqdim edir. Həmin pak mənəviyyat, həmin duzlu-məzəli yumor və ən başlıcası heç dəyişməyən etibarlı dostluq! Bu səhnənin o biri başında dayanan insanın onun üçün zəruri olan münasibətinin ifadəsi. Təqdim etdiyim bu yazı da yubiley məqaləsi olmaqdan başqa, mənim də çox dərindən   ehtiyac hiss etdiyim əziz dostum Akif İmanlı ilə hekayələri bəhanəsi ilə yenidən görüşmək və bölüşmək ehtiyacımın ifadəsidir. 

Qədim və həmişəcavan dostumu, görkəmli dilçi alimi, tanınmış yazıçını, böyük mənəviyyat və etibar sahibi olan əziz İnsanı - sadəcə hər şeyi ifadə edən, Akif İmanlını 70 yaş münasibəti ilə ürəkdən təbrik edirəm. Professor Akif İmanlı 70 ili şərəflə və zəhmətlə yaşamışdır. Akif İmanlıya möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıram.

Qəlbində yaşamaq eşqi və yaratmaq həvəsi varsa, 70 yaş nədir ki... /525.az/

Yenililklər
19.03.19
Elşad Ərşadoğlu: "Müsabiqələri ayrı-ayrılıqda yox, bir yerdə elan etməyi qərara aldıq"
19.03.19
Fəlsəfə İnstitutunda Nəsimiyə həsr olunmuş “Poeziya dəqiqələri”
19.03.19
Fransada Alim Qasımovun diskinin təqdimatı olub
19.03.19
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.19
Əqli Mülkiyyət Agentliyi Nəsiminin qəzəlinin təhrif olunması məsələsinə münasibət bildirib
18.03.19
Nemət Mətin - Kiməsə danışsan öləcəksən
18.03.19
ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışı olub
15.03.19
Keçmiş kəşfiyyatçı:"Mən kabinetə şkafdan girdim"
14.03.19
Səməd Behrənginin 80 illiyi qeyd edilib
14.03.19
Şahanə Müşfiq - Yaddaşlarda əbədi yaşayan sənətkar
14.03.19
“Hərbi-tibbi terminlərin izahlı lüğəti” nəşr olunub
14.03.19
Şəhla Aslan - Anarın yelbeyin İmanı və Yel çərşənbəsi
13.03.19
Ədəbiyyat İnstitutunda növbəti seminar indoneziyalı yazıçıya həsr olunub
13.03.19
Simran Qədim - Dərs - Hekayə
13.03.19
“Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək
13.03.19
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
12.03.19
Şəhla Aslan - Bu cavanlar niyə fışqırıq çalmırlar?
12.03.19
Vasif Əlihüseyn - Başqa dizlərdə qatır qadınsızlığının başını
12.03.19
Sabir Rüstəmxanlının “Özümüzdən böyük sözümüz” adlı kitabı çap olunub
12.03.19
“Loqos”da “Gülümsə, çünki sən qadınsan” adlı tədbir - Fotolar
12.03.19
“Çapar” jurnalının təqdimatı keçirilib
11.03.19
"Yüz illər bundan öncə yaşamış klassiklər müdafiəsizdir" - Sorğu
11.03.19
Əbülfəs Qarayev: “Muzeylərdə audio-vizual bələdçilərin tətbiqinə başlanacaq”
11.03.19
Xalq rəssamı Arif Əzizin  İstanbulda fərdi sərgisi açılıb
11.03.19
İmarət Cəlilqızı - Mən, atam, balta, yer, göy və başqaları
11.03.19
Aleksandr Serovun Heydər Əliyev Mərkəzində konserti olacaq
11.03.19
Bədirxan Əhmədli -  Üçlü formula gedən yol...
11.03.19
Fəxrəddin Teyyub - Gözünə gün düşənə məktub
07.03.19
TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi keçirilib
07.03.19
Siyasi Büronun artıq üzvləri, ermənilərin xroniki separatizmi və zabit ləyaqəti...
06.03.19
“Oxu Günü” artıq dövlət səviyyəsində qeyd olunacaq
06.03.19
“Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitabın təqdimatı keçirilib
06.03.19
AzTV-də daha bir dəyişiklik - Yazıçıya baş redaktor vəzifəsi verildi
05.03.19
8 Martda iki qadın yazarın imza və şeir gecəsi keçiriləcək
05.03.19
“Unutmağa kimsə yox” festivalda nümayiş olunub
05.03.19
AzTV-də növbəti təmizləmə: iki əməkdaş nöqsanlara görə işdən uzaqlaşdırıldı
05.03.19
Azərbaycan teatrlarının inkişafına 1,8 milyon manat ayrılıb
05.03.19
Türkiyədə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək
05.03.19
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin iclası keçiriləcək
05.03.19
Şəhla Aslan - Niyə intihar edirik?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.