Əlövsət Bəşirli - Sözün sönməyən işığı
15.01.19

Nahid Hacızadənin vəfatından bir il keçir. Hüzn günü yazmışdım: “Səksən iki yaşın astanasında cismən həyatdan köçən dəyərli qələm sahibinin “bu işıqlı dünyada işıqlı ürəklərin gözəlliyini vəsf edən əsərləri” (Ə.Hacızadə) Onu mənən yaşadacaq, sözünün işığı sönməyəcək!”

Nahid Hacızadənin yaradıb ərsəyə gətirdiyi, baş redaktoru olduğu “Yada düşdü” ədəbi-bədii nostalji jurnalının Onun xatirəsinə həsr olunan xüsusi nömrəsində və respublika mətbuatında qələm dostlarının yazılarında silsilə romanlar müəllifi Əlibala Hacızadənin vaxtilə dediyi sözlər təqdir olunur: “Sənin əsərlərini oxuyanda adamın ürəyinə, beyninə, gözlərinə bir işıq seli axıb dolur - insanın içi nurlanır”.

İllər, qərinələr keçəcək Nahid Hacızadənin Sözünün işığı sönməyəcək!

Və mən istər-istəməz dəyərli Qələm-Söz sahibinin ömründən keçən illəri xatırlayıram...

... Yarım əsri arxada qoyan o çağlar sanki dünən olub. Biz - universitetin “təzə” tələbələri “köhnələrə” - yuxarı kurslarda oxuyanlara qəribə bir maraqla baxardıq. Yaşar Qarayevi, Şamil Salmanovu, Ağacavad Əlizadəni, Famil Mehdini, Şamil Qurbanovu...  tez-tez görürdük, yazılarını oxuyurduq. Əlibala Hacızadənin lirik hekayələri universitet qəzetində çap olunurdu. Onun yaxın dostu Nahidin səsini efirdən eşidirdik, Azərbaycan radiosunun efirindən!

İllər ötdükcə bu səs gurlaşdı, Nahid qələm və söz sahibi oldu, əvvəl Azərbaycan radiosunun, sonra televiziyasının yaradıcı kollektivlərinə rəhbərlik etdi...

Tale elə gətirdi ki, onunla çiyin-çiynə işləmək mənə nəsib oldu: altmışıncı illərin axırlarında Azərbaycan Televiziyasının Gənclik Baş Redaksiyasında. O, baş redaktor idi, mən şöbə müdiri.

Məni üçüncü mərtəbəyə (o vaxt radio ikinci, televiziya üçüncü mərtəbədə yerləşirdi) baş redaktor qaldırmışdı. O, özünəməxsus operativlik və istiqanlılıqla az vaxt içərisində Komitə sədri İmran Mirzəyev, müavin Nəbi Xəzri, radionun Xəbərlər və Təbliğat Baş redaksiyasının baş redaktoru Hacı Hacıyevlə danışıb (o vaxt həmin redaksiyada redaktor idim) onların razılığını almış, məni özünün dediyi kimi, “aləmin bir-birinə qarışdığı” “Gənclər” redaksiyasına gətirmişdi.

Nahidin sonralar xatirələrində yazdığı kimi: “Yaşımızın, ömrümüzün gözəl çağları idi. Ürək-ürəyə verib işləyirdik. “Gənclər” redaksiyası az vaxtda önə çıxdı, şöhrətləndi, tamaşaçıların rəğbətini qazandı...”

Baş redaktorun təşəbbüsü ilə “Gənclər” redaksiyası həftəlik “Səhər” verilişi hazırladı. Moskvada nəşr olunan “Radio i televideniye” jurnalı bu proqram haqqında qoşa səhifəlik reportaj dərc etdi. Respublika qəzetləri, jurnalları, xüsusilə də gənclər mətbuatı baş redaksiyanın ayrı-ayrı verilişləri haqqında vaxtaşırı olaraq materiallar verməyə başladı.

Hələ qələmi bərkiməmiş, təcrübəsiz cavanların çalışdığı “Gənclər” redaksiyası üçün baş redaktorumuz əsl nümunə, örnək idi: təvazökarlığı, redaktəsi, yazıları - əlindən düşməyən qələminin “məhsulu” ilə!

Bizə elə gəlirdi ki, onun qələmində qeyri-adi bir sehr var. Sanki nağıllardakı “sehrli çubuq” kimi qələmini hazırladığımız materialların, süjetlərin, müsahibələrin, kompozisiyaların, müxtəlif verilişlərin üstündə gəzdirərək yazıların elə bil “rəngini” dəyişdirirdi: dili rəvan, səlis, tamaşaçıları özünə cəlb edən baxımlı, maraqlı verilişlər yayımlanırdı.

Baş redaktor televiziya tamaşaçılarının ürəyinə yol tapmağı bilirdi və bunu gənc jurnalistlərə öyrədirdi: özünəməxsus qayğı ilə, səylə, səbrlə, yorulmaq bilmədən. O, qələminin fəhləsi, əsl zəhmətkeş idi. Və bu zəhmətin, gərgin işə dözümün kökü onun uşaqlığına kölgə salan müharibə illərinə gedib çıxırdı.

Nahid anasını bir yaşında itirmişdi, sonra atası vəfat etmişdi. O, arxa cəbhə deyilən zillətdə boy atmışdı: sal daşlar arasından sivişib boylanan şiv kimi. Ruzigarın qovğasında hər cür əzaba dözmüş, bir əlində kitab, o birində çubuq, qabağında quzular, üfüqdə başı buludlu dağlar, sonralar həsrətini çəkdiyi, yuxularında gördüyü dağlar...

Yarıac-yarıtox dolanıb çörəyə həsrət qalsa da, dərsdən qalmadı, analığının “Bəs quzuları kim otaracaq?” sualına sinif müəlliminin “dərsini də oxuyar, quzulara da baxar” cavabını qulağında sırğa elədi. Zəhmətinə güvəndi, məğrur böyüdü, aclığın əzrayıl üzü onu özgə qapısı döyməyə məcbur edə bilmədi. Ancaq tələbə vaxtı qapı döyməli oldu: üçüncü kursda oxuyanda ştatdankənar müxbir kimi, baş redaktorun tapşırığı ilə, əsərlərini oxuyub özlərini görmədiyi məşhur sənətkarların qapılarını açdı, Rəsul Rza, Mir Cəlal, Süleyman Rəhimov kimi görkəmli qələm sahiblərindən müsahibələr aldı. 1957-ci ilin yazında ilk oçerki efirdə səsləndi.

Beləcə, taleyini efirlə, ekranla bağladı. Yaddaşına silinməz izlər həkk edən uşaqlıq çağları arxada qalsa da, unuda bilmədi o illəri, cəbhəyə yola salınan oğulları, ataları, bir də... atları: lap axırda kəndin atlarını yığıb müharibəyə göndərəndə atlar kəndə, örüşə, dağlara sarı boylanıb elə kişnəmişdi ki, arvad-uşağı qəhər boğmuşdu...

Zaman keçdi, o çağlar, o mənzərələr necə varsa, eləcə Nahidin mənsur şeirlərinə, hekayələrinə, povestlərinə köçdü. O, yalnız radio dinləyicilərinin, televiziya tamaşaçılarının deyil, çoxsaylı oxucuların ürəyinə yol tapan əsərlərin müəllifi - istedadlı yazıçı kimi şöhrətləndi. Bakıda və həmçinin, sovet dönəmində dünyaca məşhur olan “Sovetski pisatel” (Moskva) nəşriyyatında kitabları çapdan çıxdı.

Öz zəhmətinə güvənən, yaradıcı işindən zövq alan, vəzifə borcuna məsuliyyətlə yanaşan Nahid Hacızadə səlahiyyət pillələrində də yüksəldi. Vaxtilə Azərbaycanda yeganə efir-ekran məkanı olan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rəhbər vəzifələr daşıdı: 30 il gənclər və ədəbi dram verilişləri baş redaksiyalarının baş redaktoru, Komitə sədrinin birinci müavini.

İngilis yazıçısı Tekkerey mütəfəkkircəsinə obrazlı şəkildə deyib: “Rəftar əkərsən - adət biçərsən, adət əkərsən - xasiyyət biçərsən, xasiyyət əkərsən - tale biçərsən”. Tələbəlik çağlarından tanıdığım, çiyin-çiynə çalışdığım, rəftarına, adətinə, xasiyyətinə vaqif olduğum Nahid ömrü boyu öz taleyinin əkinçisi olub.

Taleyinə şükür edən bəndəsinə Tanrısı nə verməyib? İnsan, Ziyalı, Yazıçı olmaq istedadı, Ər, Ata, Baba olmaq səadəti!

Sənət aləminə öz dəst-xətti ilə qədəm qoyan istedadlı nasirin şeir kimi axıcı dili müqtədir sənətkarların, çoxsaylı oxucuların diqqətini cəlb etdi. Söz sənətinin silahı olan Dilin Nahid Hacızadə qələmində sanki muma döndüyü, Sözün zərgər dəqiqliyi, zərrəbinlə öz yerində işləndiyi xüsusi vurğulandı.

Real həyat materialı, poetik duyum, hisslərin zənginliyi - bütün bunlar yazıçının qələmindən çıxan hekayələrin, povestlərin, pyeslərin, romanların cövhəri, əsas məziyyətləridir. Onun əsərlərini oxuyanda elə bil adamın ürəyinə bir işıq seli axır. Bu əsərlərdə insana, təbiətə, gözəlliyə məftunluqdan doğan poetik təsvir gözümüzü, könlümüzü oxşayır, məhəbbətin yaşarılığı, qüdrəti (“Məhəbbət ölüncə var”, “Payız leysanları”), torpağa, doğma yurda bağlılıq (“Dağlar, sizdə gözüm qaldı”), müharibəyə, haqsızlığa, qəddarlığa nifrət (“Bir ana tanıyırdım”, “Köçündən ayrılan durna”), mənəvi-əxlaqi keyfiyyətlər təbii, həyati, bədii boyalarla qələmə alınıb.

O, görkəmli yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, səhnə ustaları haqqında xatirələrini qələmə almış, “Yada düşdü” kitabını  nəşr etdirmişdir.

Kitabın redaktoru, təcrübəli jurnalist Dilarə xanım Vəkilova “Yada düşdü”nün son səhifəsində müəllifə müraciətlə yazmışdı: “Siz müasir oxucuya, xüsusən də gənclərə çox gərək olacaq bu kitabın nəşrini gerçəkləşdirməklə yaddaşlarda yaşayan insanlara, həmçinin, özünüzə sözdən bir abidə qoydunuz, təməlində nəciblik, sədaqət, etibar duran bir abidə - İnsanlıq abidəsi!”

Nahid Hacızadənin həyatı xatirələr xəzinəsi idi. Onun baş redaktoru olduğu “Azərbaycan Respublikasının Xatirə Kitabı” redaksiyası İkinci Dünya müharibəsində, Əfqanıstanda, 20 Yanvar faciəsində və Qarabağ uğrunda döyüşlərdə həlak olmuş soydaşlarımız haqqında 10 cildlik ensiklopediya hazırlayıb.

***

Qalx, qalx, ulu Torpaq!
Qalx, qalx, ulu Bayraq!
Qalx, qalx, sən ey mərd Xalq!
Yer titrəsin məhvərindən!

Nahid Hacızadənin sözlərinə bəstəkar Eldar Mansurovun bəstələdiyi “Qalx, qalx, ulu Torpaq!” mahnısı Qarabağ uğrunda mübarizənin himninə çevrilib. Onun şeirlərinə otuza yaxın mahnı bəstələnib.

Yarım əsrdən çox yaradıcılığı efir, ekran və kino ilə bağlı olub. Ssenariləri əsasında sənədli filmlər və bədii televiziya filmi çəkilib. Teletamaşaları - “Son qəmin olsun, Vətən!”, “Qayalarda qalan səs”, “Yaşa, ey haqq!” televiziyanın “Qızıl fond”una daxil edilib.

***

Silsilə romanlar müəllifi, bənzərsiz qələm sahibi Əlibala Hacızadə yazıçı dostunun yaradıcılığını yetərincə dəyərləndirib: “Nahid Hacızadənin kitablarında işıqlı bir dünya yaşayır. Bu işıqlı dünyanı işıqlı ürəklərin gözəlliyi bəzəyir”.

Bu, həqiqətən belədir. Onun hər sözünün öz işığı, öz rəngi, öz çaları var. Nahidi oxuyanda adamın ürəyinə bir işıq seli axır. Bu işıq selinin rənglərindən yaranan təbiət mənzərələri, müxtəlif insan xarakterlərini əks etdirən obrazlar göz önündə canlanır.

Səksən iki yaşın astanasında cismən həyatdan köçən dəyərli qələm sahibinin, “bu işıqlı dünyada işıqlı ürəklərin gözəlliyini” vəsf edən əsərləri Onu mənən yaşadacaq, Sözünün işığı sönməyəcək! /525.az/

Yenililklər
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
10.07.19
"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb
10.07.19
Ağstafada tarixi abidənin dağıdılması ilə bağlı araşdırma aparılır
10.07.19
Vudi Allen ilk dəfə “La Skala”da opera səhnələşdirib
09.07.19
Andre Moruanın kitabı Mahir N. Qarayevin tərcüməsində
09.07.19
Əyyub Məmmədov - Vaxt azalıb, gecikirsən ay ürək
08.07.19
"Qanun"dan yeni nəşrlər - Siyahı
08.07.19
Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb
05.07.19
“Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti cildi çapdan çıxıb
05.07.19
Avropa Şurasında “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib
04.07.19
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
04.07.19
Akşin Xəyal - Yad əl, doğma sığal
04.07.19
Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq
03.07.19
Gülnar Səma şöbə müdiri təyin edilib
03.07.19
Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
03.07.19
Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub
28.06.19
Gənc şair Oğuz Ayvazın "Adını pıçıldadığım” adlı yeni şeirlər kitabı işıq üzü görüb
28.06.19
“Metafizika” jurnalının 2019/2- ci sayı işıq üzü görüb
28.06.19
Nəsiminin dini-fəlsəfi görüşləri
28.06.19
İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq
28.06.19
Əbülfəs Qarayev: Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrs Siyahısına salınmasını təklif edəcəyik
27.06.19
Vasif Əlihüseyn - Ən gözəl rəsmini çəkdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.