İsa Həbibbəyli - Cahana sığmayan şair
17.01.19

Qüdrətli sənət nəhənglərinin bədii dühasından doğan orta əsr Azərbaycan poeziyasının yaradıcıları olan sənətkarlardan hər biri ədəbiyyatda tarixi mərhələyə imza atmış, konkret ədəbi istiqamətlərin ən görkəmli simalarına çevrilmişlər. Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqaları orta əsrlərdə Şərq dünyası miqyasını aşaraq beynəlxalq aləmdə parlamışlar. Bu sənətkarların adları ilə bağlı olan ədəbi məktəblər uzun əsrlik türk- müsəlman aləmində poeziyanın inkişafında aparıcı mövqeyə malik olmuşlar.
İmadəddin Nəsimi - ümumşərq miqyasında qüdrətli şair kimi tanınan və qəbul olunan görkəmli sənətkardır.
İmadəddin Nəsimi - Azərbaycan hurufizm ədəbiyyatının böyük yaradıcısıdır.
İmadəddin Nəsimi - dönməz iradəsi və möhkəm əqidəsi ilə təkrarsız qəhrəmanlıq nümunəsi göstərmişdir.
İmadəddin Nəsimi - böyük ədəbi məktəb yaratmışdır.
Seyid İmadəddin Nəsimi (1369-1417) görkəmli Azərbaycan şairi və mütəfəkkiridir. O, orta əsr klassik Azərbaycan şeirinin bənzərsiz nümunələrini yaratmışdır. Onun şeirləri insanın qüdrəti haqqında himn kimi səslənir. Nəsiminin şeirlərində kamil insan olmağa böyük çağırışlar ifadə olunmuşdur. O, kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf etmişdir:

Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi,
Şəmi-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi.
Ta əbəd hüsnün önündə səcdeyi-şükr eylərəm,
Ey cəmalı Kəbə, sənsən küntə-kənzin xanəsi!

Hər ki, qəvvas oldu bildi vəhdətin bəhrində kim,
Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.

...Dilbərin ləli əzəl bəzmində içirmiş mana
Şol meyi kim, nöh fələkdir kəmtərin peymanəsi,

Gözləri sevda meyindən aləmi məst eylədi,
Gör nə meydan əsrimişdir nərgisi-məstanəsi.

Ey bu şeyda könlümün halın soran hər dəm mana,
Dərdini bildirməz ol, eşqin oduna yanəsi.

...Zahidin əfsanəsin qo, söylə eşqin halını,
Aşiqin səminə sığmaz zahidin əfsanəsi.

Buldu ləlindən Nəsimi nəfxeyi-ruhulqüdüs,
Ey Nəsiminin həyatı, canımın cananəsi.

İnsanın qüdrətini tərənnüm edən Nəsiminin poeziyasında mü­barizə ruhu vardır. O, üsyankar şeirləri ilə kamil insan olmaq uğrunda mübarizə aparmışdır. Şairin fikrincə, kamil insan ədalətli cəmiyyət yaratmağın əsasıdır, ilahi varlıq səviyyəsinə yüksələn böyük mənəvi sərvətdir. Ona görə də Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində ən yüksək zirvəni fəth etmiş insan heykəlidir. Ədəbiyyatda mənəvi kamillik konsepsiyasını ifadə edən poeziyada Nəsiminin lirikası fərqli bir mövqeyə malikdir. O, əsərlərində idealla insanlıq arasında bərabərlik yaratmağa nail olmuşdur. İmadəddin Nəsimi özü də tərcümeyi-halı və şeirləri ilə görkəmli bir şair-mütəfəkkir olaraq kamil insan obrazının qüdrətli yaradıcısı olan möhtəşəm sənətkar abidəsidir. Fik­rimizcə, «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» misrası ilə başlanan məşhur şeir İmadəddin Nəsiminin avtoportretidir. Sənəti və şəxsiyyəti haqqında müasirlərindən tutmuş tədqiqatçılarına qədər məğrur şairin haqqında yazılanların hamısında «Sığ­mazam» bəyanatı Nəsiminin real simasını və idealını mənalandıran açar anlayış kimi göstərilir. «Sığmazam» şeiri Azərbaycan klassik lirikasının nadir nümunələrindən biridir. «Sığmazam» şeirində İmadəddin Nəsiminin çağırışlarının dövrə-zamana sığmayan qüdrəti və mübariz ruhu ifadə olunmuşdur. «Sığmazam» şeiri cahana sığmayan böyük şairin əsrlərdən-əsrlərə qədər gəlib çatan məğrurluq manifestidir:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam.

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zati dürür hidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü-gümanə sığmazam.

Sürətə baxü mənini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsənciyəm,
Bunca qurmaşü rəxt ilə mən bu dükanə sığmazam.

...Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətiqifeyi ki, mən dəhrü zəmanə sığmazam.

...Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
...Şəms mənəm, qəmər mənəm, şəhd mənəm,
şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.

Bu, kövnü-məkana, cism ilə cana, dəhrü-zəmana sığmayan qüdrətli bir şairin bənzərsiz şərhi-bəyanıdır.
Xalq şairi Bəxtiyar Vahabzadə «Məndə sığar iki cahan» mis­rasının izahından bəhs edərkən burada İmadəddin Nəsiminin «məndə sığar ikən» cahan mənasını ifadə etməsi qənaətində olduğunu bildir­mişdir. «Məndə sığar ikən cahan» anlayışı da hürufi ədəbi-fəlsəfi təliminə uyğun olub, Nəsiminin bütöv əqidəsini və qeyri-adi məğrurluğunu ifadə edir. Gerçəkliyə uyğun olub-olmamasından asılı olma­yaraq, bu təfsir Nəsimi obrazının əzəmətini və miqyasını dolğun su­rətdə əks etdirən böyük sənət nümunəsidir.
Heç şübhəsiz, Seyid İmadəddin Nəsimi böyük mütəfək­kirdir. Onun fəlsəfəsində hurifizmin ideyaları və ədəbiyyatın böyük idealları öz əksini tap­mışdır. Şairin inandığı və əks etdirdiyi kamil insan təlimi bütövlükdə cəmiyyətdə mənəvi kamillik və ədalət ideyalarını bütün zənginliyi ilə əhatə edir. Nəsimi həyatda da, cəmiyyətdə də, ədəbiyyatda da sarsılmaz əqidə, va­hid amal uğrunda mübarizə aparmışdır. Möhkəm mənəvi bütövlük və kamillik İmadəddin Nəsiminin idealıdır. Bu böyük əqidə sahibinin öldürülməsi haqqında geniş yayılmış rəvayətlər təkrarsız qəhrəmanlıq mifidir. Nəsiminin mübariz şeirləri mənəvi kamillik haqqında ən kamil bədii sözdür. Nəsimi əqidəsi yolunda şəhidlik zirvəsinə yüksəlməyin ibrətamiz nümunəsidir.
Haqqında müxtəlif ədəbiyyatlarda ayrı-ayrı versiyaların irəli sürülməsinə baxmayaraq, İmadəddin Nəsiminin ata vətəni və doğum yeri Azərbaycanın Şamaxı şəhəridir. O, bu şəhərdə dünyaya gəlmiş, uşaqlıq və gənclik illərini ata yurdunda keçirmişdir. Qardaşı Şah Xəndanın məzarının və türbəsinin Şamaxı qəbiristanlığında bu günə qədər yaxşı vəziyyətdə qalması və xalq tərəfindən ziyarət kimi qəbul olunması seyid nəslindən olan İmadəddin Nəsiminin mənsub olduğu nəslə - şəcərəyə yerli əhalinin bəslədiyi yüksək münasibətini nümayiş etdirir. Nəsiminin doğum yerinə aid ayrı-ayrı ölkələrə və şəhərlərə dair qeyd edilən versiyalar onun anadan olduğu yerə aid olmayıb, tərcümeyi-halının digər hadisələri, xüsusən, hürufilik təriqətini yaymaq üçün etdiyi səfərlər, müvəqqəti məskunlaşdığı məkanlarla əlaqədardır.
İmadəddin Nəsiminin hürufilik təliminin görkəmli yaradıcısı Fəzlullah Nəimi Astrabadi (1340-1394) ilə əlaqələri də maraq doğuran mühüm hadisələrlə bağlıdır. Mənbələrdə haqlı olaraq bu əlaqələr ustad-şagird münasibətləri kimi yüksək qiymətləndirilir. Öz dövrünün görkəmli şəxsiyyətləri olmuş bu böyük mütəfəkkirlərin əlaqələri haqqında müxtəlif versiyalar mövcuddur. Bir versiyaya görə onlar, Fəzlullah Nəimi XIV əsrin 80-ci illərində hürufizm ideyalarını təbliğ etmək üçün Şirvanda olarkən tanış olmuşlar. Elmi ədəbiyyatlarda da qeyd olunduğu kimi, “Hüseyni” təxəllüsü ilə şeirlər yazan İmadəddin Nəsimi hürufizmin böyük ideoloqunun təliminə maraq göstərmiş və bu təriqəti qəbul etmişdir”.
Bundan başqa, İmadəddin Nəsiminin ustad mütəfəkkirlə ünsiyyət yaratmaq məqsədilə Naxçıvana gəlməsinə və məşhur hürufi nəzəriyyəçisi Fəzlullah Nəiminin yaşadığı, hürufizmlə əlaqədar təkkəyə çevirdiyi Xanəgahda görüşməsinə dair də məlumatlar vardır. Bu da həqiqətə uyğun ehtimaldır. Çünki hurufizm təliminə görə, bu təriqətə iman gətirən insanların mükəmməl bilik əldə etmələri tələb olunurdu. O dövrdə Fəzlullah Nəiminin əsərləri, xüsusən də müasir tədqiqatçıların yazdığı kimi onun “insan və ədalət anlayışını” özündə cəmləşdirən “Cavidan­namə” traktatı hurufizmin nəzəri-fəlsəfi əsaslarına çev­rilmiş ən mü­kəmməl əsər kimi qəbul olunmuşdu. Bu mənada Nəsiminin dövrün böyük mütəfəkkiri kimi inam və etiqad bəslədiyi Fəzlullah Nəimi­nin özü və əsərləri ilə tanış olmaq üçün Naxçıvanda - Astrabadda onunla görüşmək ehtimalı reallığa uyğundur.
Eyni zamanda, İmadəddin Nəsiminin Şirvandan ayrılarkən özünə mürşid kimi qəbul etdiyi Fəzlullah Nəimi ilə Hələb səfəri ərəfəsində vida görüşünə gəlməsi ehtimalı da onların arasındakı mənəvi münasibətlərlə səsləşir.
Hansı versiyanın gerçək olmasından asılı olmayaraq, İmadəddin Nəsimi ilə Fəzlullah Nəiminin görüşünün, bəlkə də müxtəlif yerlərdə görüşlərinin olması Azərbaycanın iki böyük mütəfəkkirinin əqidə birliyinin, onların qarşılıqlı inam və etibarının mühüm bir faktıdır. İmadəddin Nəsiminin Fəzlullah Nəiminin qızı ilə ailə qurması və onların qohumluğu da sadəcə bir tərcümeyi-hal göstəricisi olmayıb, eyni böyük əqidə sahiblərinin əlaqə və münasibətlərinin bütövlüyünü bildirən əhəmiyyətli faktdır.
Cəmi 48 il ömür sürmüş Seyid İmadəddin Nəsimi üç dildə - Azərbaycan, fars və ərəb dillərində divan yaratmışdır. Şairin əsərləri öz sağlığından etibarən türk-müsəlman dünyasında əlyazma halında yayılmışdır.
İmadəddin Nəsiminin şeirlərində ifadə olunan yüksək hu­ma­nizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları yaşadığı epoxanın zamanı daha da irəli aparmasına xidmət edən çağırışlardır.
Nəsiminin böyük idealları müasir dövrün də ideyalarını əks et­dirir. Azərbaycanın paytaxtı Bakı şəhərində İmadəddin Nəsimiyə ucaldılmış əzəmətli heykəl məğrur və mütəfəkkir bir ədəbi şəxsiyyətin obrazını parlaq şəkildə əks etdirir. Bu heykəl Azərbaycan monumental heykəltəraşlıq sənətinin kamil nümunəsidir.
Şeyx İmadəddin Nəsimi Azərbaycandan getdikdən sonra Türkiyədə, İranda, İraqda yaşamış, nəhayət Suriyada, Hələbdə məskunlaşmış və burada faciəli şəkildə həyatını tamamlamışdır.
Çox təəssüf ki, Seyid İmaddədin Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarı son illərdə - müharibə dövründə dağıdılmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə anadan olmasının 500 illiyinin yüksək səviyyədə və böyük təntənə ilə qeyd olunması bu qüdrətli sənətkara doğma xalqının bəslədiyi ümumxalq məhəbbətinin ifadəsidir. Yubiley münasibətilə adının Bakının rayonlarından və metro stansiyalarından birinə verilməsi, paytaxtda heykəlinin ucaldılması sənətkarın xatirəsinin mənsub olduğu ölkədə əbədiləşdirilməsi istiqamətində atılmış tarixi addımlardır.
Nəsimi cahana - zamana sığmayan əbədiyaşar sənətkardır.
Nəsimi - ölməzlik rəmzinə çevrilmişdir.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.