Aqil Abbas - Camış bağa girdi, gəl --Hekayə

28.01.19

Avanqard.net Aqil Abbasın "Camış bağa girdi, gəl" hekayəsini təqdim edir.

(Xanəndə Sədi Məmmədovun əziz xatirəsinə)

Dolamalardan yenib Ağa körpüsünə çatanda yuxudan ayıldı. Dan yeri  çoxdan sökülmüşdü. Əvvəl-əvvəl gözlərini  ovxaladı. Sonra şuşəni yendirib pəncərədən çölə boylandı. Dağların bal kimi havası doldu içəri. Bu yolu ayda ən azı bir-iki  dəfə getsə  də, harda olduğunu  anışdıra bilmədi.
Bərkdən əsnəyib soruşdu:
- Hardıyığ, ə?
Bacıoğlu:
- Ağa körpüsünü keçdik.
- Ə, sarsağ oğlu  sarsağ, saa  deməmişdim ki, Şuşaya çatanda məni  oyat. Qəmərin xəngəlini yeməmiş Şuşadan  keşmək olar?
- Dayı, vallah, elə gözəl yatmışdın ki, ürəyim gəlmədi. Xəngəli Ağdamda yeyərsən, nə fərqi?
- Ə, onnar nə bilir  xəngəl nədi Qəmərin xəngəlinin yanında?  Özdəri  tezdən durub  qaçırlar  Şuşaya - Qəmərin  yanına. Qəmər ayrı Qəmərdi ey. Spidometri  yetmişi döyür, elə bil  təzə gəlindi. Xan əminin  ağlın başından nə təhər alıbsa, ona mahnı da qoşub; - dedi və başladı “Ay Qəmərim, Qəmərim” oxumağa.
- Dayı, istəyirsən dönüm  Malıbəyli bulağına, Xanoğlangilin yanına.
- Ə, sür, orda  kavabı yaxşı bişirirlər. Səər-səər  kavab yeyərlər?  Birdən  yenə  yuxu məni  tutar Şampan zavodun keçəndən  sonra sağda bir xaşxana  var, orda  saxlıyarsan.
Sonra bir   siqaret yandırdı. Səhərin təmiz havası kimi tüstünü çəkdi ciyərlərinə.  Acı tüstü Zarıslı bulağının  suyu kimi tükündən dırnağınacan yayıldı, ləzzət elədi.
Qeyri-qarabağlılar İsa bulağının  suyuna görə tökülüb  gəlirdilər  Şuşaya. Gedəndə də bidon-bidon su aparırdılar.
Köklü qarabağlılar, özlərini xan-bəy nəvəsi sayanlar  isə İsa bulağının   suyunu bəyənməzdilər ki, adamı  köpdürür. Zarıslı  bulağını  xoşlayırdılar. Doğrudan, bu suyun  dünyada  əvəzi yox idi. Nə qədər   yeyirsən-ye, nə qədər  vurursan-vur, üstündən  bircə stəkan içib cır armudla da bir dişləm yeyəndən sonra elə acırdın ki,  üstündən bir cəmdək də yeyə bilərdin.  Zarıslının  cır armudu da  arağın dərmanı idi.
İndi siqaretin  tüstüsünü  hər dəfə sinəsinə  çəkdikcə Zarıslı bulağının suyu kimi tükündən dırnağınadək yayılırdı. Bir az özünə gəldi.
- Dayı, deyirəm birdən razı olmazlar ey, sözünü yerə salarlar.
- Qələt eliyillər. Dayının sözünü hələ yerə salan bir kişi olmuyuf, olmeyjax da.
- Deyirəm  birdən  oldu da.
- Bir ətək pul verəjəm, minnəttəri olsun.
- Dayı.
- Nədi, ə?
- Dayı, bu ağdamlılar bu qədər  pulu hardan alırlar?
- Mən nə bilim, ə? Özdəri  kəsirlər.
- Dayı, bəs sən bu qədər pulu hardan  alırsan?
- Ə, sarsağ oğlu sarsağ, abaxeyis-zadsan. Mən də onnardan  öyrənmişəm.  Üç il havayıdan  orda selxoztexnikomda oxumamışam ha. O texnikom deyildi ey, akademiyaydı. Onun hesabına otuz ildi sədr işləyirəm. İnşallah, bu payız səni də ora düzəldəjəm. Oxu, adam ol.
- Dayı, doğrudan  onların  bazarında atom bombası satırlar?
- Ə, gopa basırlar. Atom bombası nəəzir, iki dənə varıydı, onu da nemesdər düzəltmişdilər, amerikalılar da  nemesdərdən oğurluyuf atdılar Yaponiyya, day qalmadı. Olseydı tapıb gətirib satardılar fələstinlilərə,  onnarın da canı İsraildən  qurtarardı. Amma yanıcüjəli toyux nə qədər istəsən; - dedi belindəki nikel  tapançanı  çıxarıb  sığalladı və yenidən qoydu  belinə.
Əsgəran qalasını  keçəndə elə bil Dayıya iynə batırdılar, öz-özünə hirsləndi:
-  Buna bax, bir cındır  küçələri var rayon eliyiflər. Bizim kənd bunun yanında Sumqayıt kimi bir şeydi. İt uşaqları bizim Şahmalı  Kürdoğlunu da şərləyib  tutdurdular. Hərdən  istiyirəm düşəm  bir-ikisindən Şahmalının hayfını  alam.  O harsına bax ey, Ağdam-İstipanakert dəmir yolu qədər işlənif. Yadında saxla, qayıdanda bir-iki kletka pivə alax. İtuşaxlarının pivəsindən  yoxdu.
- Dayı, saa qurban olum, nolar Ağdamdan maa bir saz al, bizimkilərin  sazı bir  birtəhərdi ey, səsi yaxşı  çıxmır.
- Ə, onnar nə bilir saz nədi? Onnarınkı tardı, bir iki  yüz vurub segah çaldırıf  ağlaşsınlar. Saz əzəmətdi ey, bizim dağlar kimi. Aşıq Umbaya dəərəm saa bir saz bağışdıyar.
- Dayı, Aşıq Umbay nivasını  bağışdıyar, amma saz bağışdamaz.
- Yaxşı, baxaram.
Şampan zavodun  keçdilər. Dayı  qarşıda  sağda görünən xaşxananı göstərib dedi ki, orda saxlayarsan.
Bu da xaşxana. Maşından  düşdülər. Dayı bir-iki dəfə gərnəşdi, quluncunu qırmaq  üçün gövdəsini sağa-sola burxutdu. Sonra girdilər içəri.
Səhərin gözü  açılmamış, camaat gözü yox, ayrı ifadə işlədirdi, xaşxanalar  ağzınadək dolurdu, yer  tapmaq mümkün olmurdu. Amma indi gün çıxmışdı, bu vaxtlar müştəri azalardı. Səhərin gözü  açılmamış gələnlər xaşlayıb getdikləri  üçün içəri o qədər tünlük deyildi. Xaşın iyi, sarımsağın  iyi, tut arağının iyi, siqaretin iyi bir-birinə qarışıb  elə bir qoxu yaratmışdı ki,dünyanın heç bir ətriyyat  fabriki, hətta Şanel də belə bir qoxunu ala bilməzdi.
Keçib əyləşdilər bir küncdə.
- Dayı, vallah, qorxuram razı olmayalar, sən də pərt olarsan  camaatın yanında.
- Səfeh, səfeh danışıf əlimin  üstə nəs gətirmə. Mənim burda da  vesim var. Sən öl, rəisə deyərəm kepeze maşınına  basıb göndərər; - sonra dedi; - Bajoğlu, bilirsən də, bu xaşı bizim dədələrimiz icad eliyiflər. Bütün gejəni yatmıyıflar heyvanı, qoyun-quzunu güdüflər, səər tezdən də xaş yeyiflər ki, yata  bilsinlər. Bu görməmişlər də elə bilillər ki, xaşı tezdən yemək lazımdı. Tökülürlər xaşxanaya, sonra da  günortayacan yatırlar. - dedi və güldü.
Xaş gəldi. Böyür-başıyla, dəmiylə-dəsgahıyla bir yerdə.  
- Ə, xalası göyçək,  arağın  girdirmə döyül ki?
- Sənin kimi  bir kişiyə girdirmə  araq vermək olar? Seyid Lazım Ağanın  cəddi haqqı, axşam  özüm düzəltmişəm, bir yüz də  vurmuşam, bal kimidi.
İçəridəkilər  hamısı güldü.
Xaşı sarımsaqla, sirkəylə  qəşəng hazırladı.
- Bəh-bəh, mətdi ey mət, ölü yesə dirilər.
Bacoğlu Dayı ilə məzələndi:
- Gedəndə bəlkə bir az aparaq ölülərimizə?
Dayı:
- Genə sarsağladın?! - sonra özünə də, Bacıoğluya da araq süzdü.
- Dayı,  mən içməyim də, geri  qayıdacağıq, həm də qaidən  qorxuram.
- Vur, ə. Qailər  hamısı  mənim  dostumdu.
- Yox, vallah, içmirəm. Sən boyda kişini mən sağ-salamat geri  qaytarmalıyam.
Özü bir yüz vurdu, girişdi  yeməyə. Bir yüz də vurdu, sonra xörəkpaylayanı çağırdı:
- Ə, xalası göyçək, adama bir boşqaf da gətir.
Bu vaxt xaşxananın müdiri  girdi içəri. Hamıyla salamlaşdı,  bir “nuş olsun” dedi. Dayını görəndə iki əlini geniş açıb basdı bağrına.
- Əmioğlu, sən hara, bura hara? Çoxdandı görünmürsən?!
- Əşi katib qoyur ki, rayondan  çıxaq? Ət planı, süd planı, yağ planı, yun planı. Bakıdan gələn  qonaqları  yola  salmaq planı.  Amma sən öl, sənin xaşından dünyada  yoxdu. Kaş sənin kimi belə  xaş bişirən səliqəli bir arvadım  oleydi.
Bu sözə həm özləri, həm də yeməkxanadakılar  gülüşdülər.
Dayı sonra üzünü tutdu Bacıoğluna:
- Ə, dur o baqajdakı motaldan birini  gətir bura.
Müdir:
- Əşi, bu nə xəcalətdi?
- Xəjələtdi  düşmənin olsun. Sən öl, baqajda  üç motal var -  biri rəisindi, biri Məcidovun, birini də asobu saa gətirmişəm.
Bacıoğlu motalı gətirdi. Hamının  gözü qaldı motalda.
Yer-yerdən:
- Qardaş, satlıq yoxdu?
- Mən  heç motal satana oxşayıram?! Biz motalı  satmırıq, dost-tanışa pay veririk. Ürəyiniz istəyəndə qalxın bizlər tərəfə, hərənizə birini  bağışdıyım.
Sonra  stolun  üstünə bir  iyirmibeşlik atdı.
Müdir:
- Əmoğlu, ayıbdı, pulu götür.
- Ə, saa vermirəm, uşaqlara verirəm, qoy dayının hesabına vursunlar. - deyib  xörəkpaylayanları göstərdi.
Yenidən  müdirlə  öpüşüb-görüşdü, xaşxanadakılarla da sağollaşıb  çıxdı. Oturdular maşına.
- Dayı, bəs motalın  birini  prokurora gətirmişdin?
- Ə, sür, bazar doludu  motalnan, birini alıb  göndərərəm.  Sən sür  Məcidovgilə.
- Tanımıram  axı.
- Yolu göstərəjəm.
Hərbi komissarlığın  önündə yaşı bilinməyən bir  Armud ağacı  vardı. Bura Şuşa-Laçın, bir də Füzuliyə, Cəbrayıla gedən  avtobusların, taksilərin dayanacağı idi. El  arasında bura “Armudun dibi” deyirdilər.  Səhər-səhər olmasına baxmayaraq, xeyli adam vardı.
- Ə, gör bizimkilərdən  varsa, denən  gözdəsinlər, günorta qayıdanda götürrük.
Bacıoğlu diqqətlə baxdı, tanış tapmadı.
- Dayı, bizimkilərdən heç kim yoxdu.
- Onda qazda getsin.
Hamama  çatanda dedi  ki, dön sola. İki tin keçdilər, dedi,  indi bir də sola dön. Bir dəmir darvazanın qabağında maşını  saxlatdı, düşdü. Yerdən bir  daş götürüb darvazanı  möhkəm-möhkəm döyəcləməyə başladı.
- Dayı, zvanoku bas də!
- Ə, zəhləmi tökmə.
Darvazanı bir  cavan oğlan  açdı.
- Kimi istəyirsiz?
- Məcidov evdədi?
- Xeyr! Məcidov bir  ay olar köçüb Ağcabədiyə.
- Niyə, buralar xoşuna gəlmədi?
- Yox, ora daha böyük vəzifəyə göndərdilər.
- Bəs, sən kimsən?
- Qohumuyam, evi  mənə  tapşırıblar.
Dilxor-dilxor  qayıdıb  oturdu maşına.  Allahverdinin restoranının qabağında bir  taksi dayanmışdı. Maşını saxlatdı, düşdü aşağı, getdi taksiyə tərəf. Taksi sürücüsü də hörmət  əlaməti  maşından düşdü.
Üzünü tutdu taksiçiyə:
- Qardaş, savahın  xeyir.
- Avətin xeyir.
- Məcidovu tanıyırsan?
- Seyidi kim tanımır ki?
- Ağcavədidəki evlərini də tanıyırsan?
- Ora ojaxdı, oranı kim tanımır ki?!
- Ağcavədiyə neçəyə gedirsən?
- On manata.
Döndü Bacıoğluna:
- Ə, düş o baqajı aç. Ordakıları gətir bura.
Taksiçi də  kömək elədi. Bir iri qoyun  cəmdəyi, bir motal, üç kiloluq bankada da balı qoydular taksiyə.
- Qardaş, sən Allah,  ehtiyatlı ol banka qırılar, hayıfdı. O balı özüm kəsmişəm.
- Narahat olma.
Əlini  cibinə salıb iki dənə şax onluq  çıxarıb atdı oturacağın  üstünə:
- Bunları  tez çatdır, ət xarab olar.
- Deyim kim göndərdi?
- Əşi, deynən  əmioğlun, özü biləcək.
Taksi yola düşdü. Onlar qayıdıb oturdular maşına.
- Dayı, barı  taksinin  nömrəsini  götürəydin dana.
- Niyə?
- Bəlkə birdən aparmadı?
- Boş-boş danışma,ə, bu camaatda heylə şey olmaz, - sonra dedi; -  Bajoğlu, bilirsən  Məcidov nə kişidi? Bizim Mirhacib ağanın oğludu. Halal adamdı. Dost-doğma da əmuşağıyıx.  Burda Qorponun  müdiriydi. Keçən dəfə gələndə  saldı məni  isklada, hamısı da  importnı mal. Dedi, əmoğlu, ürəyin nə istiyir seç. Xeylax  şey-şüy aldım. Nə qədər  elədim əlimi civimə salmağa qoymadı, dedi buralar saa qurbandı. Gələn dəfə gələndə gedərik bir Ağcavədiyə, həm seyidin ojaxına, həm də  qonağı olarıx. Oğlu da fəxrimizdi, şairdi, kitavı-zadı da çıxıf.
- Bizim Malik Fərrux kimi?
- Ə, o uşaqdı. Malikdən  heç Azərbaycanda yoxdu.
- Bəs, Ağa əmi, bəs Sücaət?
- Onnardan heç mirdə yoxdu.
Sonra maşını  sürdürdü Milis şöbəsinə.
- Düş ordan  nöbətçiyə denən dayın çağırır.
Növbətçi gəldi.
- Oyy, Dayı, xoş  gəlmisən, həmişə sən gələsən, nə qulluq?
Dayı əvvəl əlini  salıb cibinə bir onluq  çıxartdı və basdı növbətçinin  döş cibinə:
- Rəis burdadı?
- Yox, hələ  gəlməyib.
- Baqajda rəisə  çatajax  pay-pürüş var, götürün  onu.
Növbətçi bir nəfər də milisioner  çağırdı, pay-pürüşü götürdülər.
Dayı:
- Hə, indi sür bazara.
- Dayı, bəs prokurorun payı qaldı axı?
- Ə, sür bazara dedim, sür dana.
Məscidin önündən keçəndə Dayı bir “Fatihə” surəsi oxudu, sonra da salavat çevirdi.
Bacıoğlu:
- Dayı, saa qurban olum,  içirsən, donuz əti yeyirsən, sonra da fatihə oxuyursan.
- Ə, sarsağlama. İçənnərin Allahı yoxdu? Özü də mən donuz əti yemirəm, qaban əti yeyirəm. Bir də ki donuz əti pis şey olsa, o boyda Berejnyev yeməz. Əsas odu ürəyini  Allahla düz saxlıyasan.
Bacıoğlu:
- Dayı, niyə bunların  mecidləri var, amma bizim yox?
- Noolsun meciddəri var, amma bunnarın da seyidləri  yoxdu. Seyidlərin hamısı bizdən gəlmədi. Elə Seyid Lazım Ağa da bizdərdəndi. Özü də Sultan bəy olmaseydı bunnarın da meciddəri olmazdı.
Məscidi keçəndən sonra  əvvəlcə sola, sonra  sağa  burulanda ikimərtəbəli bir binanın qabağında dedi ki, saxla və maşından  düşdü. Baqajı  açdırdı. Bal bankasını  özü götürdü, dedi, cəmdəyi də sən götür, qalx dalımca.
- Dayı, bəs prokuror?
- Onunku qaldı gələn dəfiyə.
Qalxdılar  ikinci mərtəbəyə. Qapısına “Qəbul otağı”  yazılmış  bir kabinetə girdilər. Kabinetin  səliqə-səhmanına  söz ola bilməzdi. İki kreslo, bir divan, televizor, divanın  önündəki stolun üstündə də qalaq-qalaq  moda jurnalları,  kitab dolabı, pəncərədə gül dibçəkləri.
- Dayı, heç bizim  katibin belə qəbul otağı yoxdu. Bu buraların  müdiridi?
Bu vaxt içəri  otaqdan ortaboylu, ağbəniz, sifətinə  xüsusi  yaraşıq verən  qapqara bığlı, İslam Rzayevə oxşayan gülərüz bir  adam çıxdı. Onları görəndə elə sevindi ki, elə bil oğlu  əsgərlikdən qayıdıb indicə həyətə girmişdi.
- Əmoğlu?!
- Can əmoğlu.
Qucaqlaşdılar. Dayı onu  nə təhər  sıxdısa:
- Ə, burax, qol-qabırğamı  sındırdın ki! Sən öl, bu dəfə elə söhbət yoxdu, gedəjiyik evə.  Xalayın bir döşəmə  plovunu yeməsən mümkün deyil. Bəlkə sənin hesabına mənim də ağzım bir  dada gələ.
- Əmoğlu, vallah, tələsiyirəm. Katibdən bircə günlük icazə almışam. Gələn  şənbə bizim gədənin toyudu. Gəlmişəm  həm  bazarlığa, həm də  manısdarnan danışım. Balla cəmdəyi də xalama gətirmişəm. Motal da vardı ey, bir az vurmuşdum, bilirsən də  mən də vuranda sıyrılıram, bağışdadım Petro Elbrusa. Toydan sonra  ondan da yaxşısını göndərəjəm.
- Əmoğlu, xalana motal-zad lazım döyül ey, bazar motalla doludu, sən lazımsan, səni görsün. Bir o dağları yada  salsın.
- Allah qoysa, gələn dəfə.
- Deyirsən gələn şənbə toydu? Bəs, bizim  niyə xəbərimiz yoxdu?
- İndi dedim də. Uzax yoldu, gəlsən də  sağ ol, gəlməsən də. Gəlsən  xalanı da  gətirərsən bizimkilər sevinər.
Sonra  Naməlum Kişi harasa zəng elədi, tapşırdı ki, təcili bir  çay dəsgahı düzəltsinlər.  Sonra  kitab dolabının  alt gözündən iki banka çıxardıb qoydu  stolun  üstünə.
- Heç olmasa  xalayın  bişirdiyi  mürəbbələrlə  bir çaya  nə deyirsən?! Biri çiyələkdi, biri də gül.
Dayı:
- Yaman olar. - deyib  sərildi kresloya. Sonra da üzünü tutdu bacıoğlusuna; - Ə, otur də, gözünü niyə döyürsən?
- Bu kimdi?
- Bizim bajoğludu,  əsgərrikdən  təzə gəlif,  hələlik götürmüşəm özümə  şofer.  Bu il qoyajam burda selxoztexnikoma. Midir  dostumdu.
Naməlum Kişi onu da qucaqladı:
- Otur a bala, elə bil öz evinizdəsən.
Qapı açıldı, içəri əlində sini bir  nəfər girdi, bir  çay süfrəsi açdı, cürbəcür şokoladlar da qoydu stolun üstə. Sonra dedi:
- Aydın müəllim,  ayrı qulluğun?
- Sağ ol, sağ ol.
Çay gətirən getdi.
Bacıoğlu  dayısının qulağına  pıçıldadı:
- Bu ispalkom  Aydın müəllimdi.
Naməlum  Kişini  gülmək  tutdu.
Dayı:
- Ə, yox.
Aydın müəllim deyilən kişi bir az da  bərkdən  gülüb dedi:
- Əmoğlu, deməli bir dəfə Novruz bayramıdı. Qapı döyüldü, uşaq getdi açdı. Bir də gördüm ki, bir cəmdək, mer-meyvə, qoz-fındıq, hətta banan, moskovski  araqlar. Soruşdum ki, bu nədi  bala. Dedilər ki, bir Uaz gətirmişdi, paydı. Sən bilirsən də, bizim payımız olar  Səyavuşun şampanları, ya konyakları, uzaqbaşı bir banka  Kəlbəcər balı. Çaşdım. Bir azdan  məlum oldu ki, bu payı İspalkoma göndəriblərmiş, səhvən mənə gəlib. İspalkom da qohumdu axı. Zəng elədim ki, sizə çatan şeyi  səhvən bizə  göndəriblər. Qəşş elədi. Dedi, ə, qohum, halal  xoşun. Öyün bizim uşaq dalaşıb, aparıblar  milisə. Deyiblər kimin oğlusan? Deyib, Aydın müəllimin. Buraxıblar. Biz də belə irəli düşürük ey. Yaxşı, evə getmədin-getmədin, onda günorta mənim qonağımsan.
- Yox ey, günorta  istiyirəm manısdara  bir  qonaxlıx verim.
- Lap yaxşı, onları da götürərsən gedərik  Batumun yanına bir çörək yeyərik, sonra da səni yola salaram.
- Nə deyirəm, sən deyən olsun.

***

Bazarın  yaxınlığında  maşını saxlamağa  zorla bir yer  tapdılar.
Bacıoğlu:
- Vay dədəm vay, bir belə maşın olar?
Dayı:
- Bu nədi, ə, şənbə-bazar  buranı görsən, başına  hava  gələr. Şəər  camaatı  şənbə-bazar maşınnan  küçəyə  çıxmırlar ki, kolxozniklər şəərdədi.
Girdilər  bazara. Girişdə düz  yolun  ortasında bir  çəkməçi oturub  öz işiylə məşğuldu. Camaat az qala  onu tapdalayıb  keçir, amma heç  vecinə də deyil.
- Dayı,  bu niyə belə ayaq altında oturub?
Dayını  gülmək tutdu:
- Gəl görüm. Deməli, bir dəfə ispalkom gəlir  bazara. Görür  bu kişi oturuf  elə indi oturduğu yerdə.  Bazarkoma deyir ki, ə, bunu  yolun  ortasından  götürün, başqa yerə qoyun. Hopstof götürüf  qoyullar bir kənara. Axşam İspalkom evəələndə sekadan  zəng gəlir  ki, bəs, bizim orda bir yetimçə var, bazarda çəhməçilik edif balalarını saxlıyır, onu incitmisən. Qoy  harda istiyir, orda da otursun.  İspalkom dəli olur. Tez bazarkomu  tapıf deyir ki, bu dəyqə gedirsən bazara, o oğraşı  tapıf  şey-şüyünü  də götürüf indiyəcən harda  oturmuşdu qoyursan ora, canı  çıxsın. Bildin?  Burda hərənin bir  dayısı var ey!
Ara gün olmasına  baxmayaraq, bazarda yenə basabasdı. Dayı gedir, Bacıoğlu da dalınca.
Seyid Lazım Ağa bir dükanının önündə  kresloda oturmuşdu, əlində də uzun gərməşov  çubuğu. Keçib gedənlər kimisi əlindən  öpür,  kimisi  nəzir verir. O da yanında əliuşaqlı  adam görəndə saxladıb uşağa bir  şirni  pulu verib başını  sığallayırdı.
Dayı:
- Bax, o, Seyid  Lazım  Ağadı.  Cibində pulun var?  Apar Ağaya bir  iyirmibeşdik ver.
- Dayı, niyə özün aparıb vermirsən?
- Ə, sarsağ  oğlu  sarsağ, görmürsən işmişəm?  Gedim kişini mundarlıyım?  Sən apar ver, sonra pulunu verəjəm.
- Dayı, deyim  kim göndərdi?
- Heç nə demə. Pulu bas kişinin  cibinə,  əlindən də öp, qayıt.
Bacıoğlu  getdi iyirmibeşliyi qoydu  Seyid Lazım Ağanın  döş cibinə, sonra əlindən  öpdü.  Ağa da  onun başını  sığalladı:
- İmam Hüseyn  köməyin olsun,- sonra çıxarıb Bacıoğlunun  cibinə bir manatlın qoydu; - Götür, bala, seyid puludu, bərəkətli olar.
Bacıoğlu  qayıtdı Dayının  yanına.
- Ə, o manatlığı qoy mənim döş cibimə.
- Niyə, dayı, mənə  verdi axı?
- Ə, ağanın pulu bərəkət gətirir. Məndə olmasa, siz nə... yeyəssiz.
Bacıoğlu manatlığı qoydu Dayının cibinə.
Dayı:
- Di get bazarın  başına, orda  arabaçılar  var, birini götür gəl.
Bacıoğlu gedib  arabaçıların  birini  gətirdi. Dayı başladı  bazarlığa, heç malların qiymətini də soruşmadı.   Qoz-fındıq aldı,  mer-meyvə aldı,  arabanı doldurdu.
Banan da alanda Bacıoğlu dedi:
- Bunu neynirsən, dayı, bunu Afrikada meymunlar yeyir.
- Bizdə də pullular.
  Sonra Dayı gəldi bir piştaxtanın yanına:
- Nə  çayınız var, ə?
- İndeyski, seylon, qruzinski.
- Ordan  bir on  paçka seylon ver. Gürcü  çayı nədi ə, satırsız? Bizim Astara çayı onnan min dəfə  içməlidi. - deyib  satıcını danladı.
- Ağsaqqal, burda mesni  mala pul verən yoxdu ey, elə biri də sən.
Sonra da Bacıoğluna dedi:
- Apar bunları  yığ  baqaja, qayıt gəl.  Arabaçıya da bir-iki  manat  pul ver.
Bacıoğlu dediyini  edib  qayıtdı. Dayı sonra girdi bir ərzaq mağazasına. Satıcıdan  soruşdu ki,  ə, kişi ol, içməyə  yaxşı  nəyiniz var.
Satıcı:
- Əla moskovski  arağımız da var, Göy-göl konyakımız da.
- Ə kişi ol,  girdirmə döyül ki?
- Seyid Lazım Ağanın cəddi haqqı, yox, xüsusi  dostlar üçündü. Amma özüm ölüm, bizim girdirmələr bunlardan içməlidi.
- Yaxşı, bir kletka kanyax, iki  kletka da maskovski. Bajoğlu, bir arabaçı da çağır bunnarı daşı maşına, qayıt.
Bacıoğlu  komandirdən  əmr almış kimi  tapşırıqları   yerinə yetirib  qayıtdı.
Sonra Dayı  girdi böyük bir  pal-paltar  mağazasına. Mağaza müdiri elə oturub ləzzətlə çay içirdi ki, elə bil  qırx eşşəyi  sağına gəlir.
Dayı içəri girəndə, bayaqdan bəri qırx eşşəyi  sağına gələn müdir, obaxeyisi görmüş kimi qalxdı ayağa:
- Bay, xoş gəlmisən, həmişə sən gələsən.  Dağlarda nə var, nə yox? Eşitdim hökumətlə dava salıb yuxarı kəndlərə işıq  çəkdirirsən?
- Ə, ağzım nədi hökumətlə dalaşam. Xahiş etmişəm, sağ olsunlar da, sözümü yerə salmayıflar.
Görüşüb-öpüşdülər.
- Nəyiniz var?
- Odeey,  kostyumlar, köynəklər, ayaqqabılar. Nə istəsən.
- Ə, Valadarskinin  kastyumlarını  gözümə soxma ey. Heç Valadarskinin  müdiri ondan geyinmir.
- Əla finskilərimiz var, uşaqlar Leninqraddan  təzə gətiriblər.
- Sən öl, bu hökumət dağılajax. Ə, Leninqradda, o soyuxda  finski kəstyum geyən var? Finski  kəstyumu göndərirlər  Leninqrada, qış ayaqqavıların da bizim Hindarxa. Davay, iki dənə  əlli dörd  razmer  finski  gətir  görək.
Müdir  satıcıya göz elədi.  Satıcı keçib  arxa otağa, ordan  dörd-beş dəst  kostyum gətirdi. Dayı bir-bir götürüb  baxdı, ikisini  seçib qoydu kənara:
- Bunnara  uyğun  köynək də gətir.  Ayaqqavı  nəyiniz var?
- Yuqoslavski də var, rumınski də.
- Ə, rumınlar  nə  bilir ayaqqavı  tihməyi, onnarınkı mebeldi. İki dənə yuqaslavski.
Satıcı:
- Ağsaqqal, neçə razmer?
- Qırxdörd.
Satıcı təəccüblə  müdirə baxdı.
Müdir:
- Neçə?
- Qırxdörd.
-  Qırxdörd  razmer  ayaq olar?
- Niyə olmur, ə?  Mənim  ayağım   qırxbeşdisə, oğlumunku də qırxdörd olmalıdı də. Biz mamlı-matan şəər uşağı  əhmirik ey, dağlar  oğlu əkiriy.
- Yaxşı,  otur bir  çay iç, - dedi müdir, sonra üzünü  satıcıya tutdu;  - Qaç Qurbanovun  mağazasına, denən iki dənə  qırx dörd  yuqoslavski  ayaqqabı versin.
Satıcı on dəqiqəyə qayıtdı, əlində də iki  dənə ayaqqabı qutusu.
Dayı üzünü tutdu  Bacıoğluna, mağazadakı  kostyumları göstərib dedi:
- Neçə razmer geyirsən, ə? Keç ordan özünə bir  kəstyum seç.
Bacıoğlu  əlli iki deyib, Dayıya  nə təhər yazıq-yazıq  baxdısa.
Dayı:
- Ə, bir dənə də əlliki  razmer  finski  də buna gətir. - dedi, sonra Bacıoğluna  hirsləndi; -  Ə, dədən-baban   finski  kəstyum  geyinif?
Bacıoğlu:
- Dədəm-babam  sənin də dədən-baban deyilmi? Bəs, sən niyə geyirsən? Onlar geymiyib deyin, mən geysəm dünya dağılar?
Dayı Bacıoğlunu  qucaqlayıb  öpdü:
- Yaxşı,  daşı maşına.
Sonra  çıxarıb aldıqlarının pulunu verdi, on manat da atdı  satıcıya ki, bu da sənin.
Bazardan çıxdılar, oturdular  maşına.
- İndi də sür manıslar  olan yerə.
Vaxtilə bazara  çataçatda bir  böyük  bağ vardı. Həm bazara  gələnlərin, həm də  ətrafdakı  dükan və atelyelərdə işləyənlərin sərinləmək üçün  istirahət yeri idi.  Uşaqlar da burda mərc çəkərdilər: kim neçə ağacdan-ağaca keçər.  Bir də Pasan  deyilən bir oğlan burda velosiped  kirayə verərdi -  30 dəqiqəliyə, bir saatlığa, iki  saatlığa. Deyəsən, saatı 20 qəpik idi. Bir dəfə də  velosipedi  aşırtdığına görə bu sətirlərin   müəllifinə  qəşəng bir  şapalaq vurmuşdu. Bağın  aşağısında da  böyük bir  çayxana vardı. Çayxananın bir tərəfinə  taksi  sürücüləri, bir tərəfinə də toy tutmaq istəyən musiqiçilər yığışardı.
Sonra rayona  yeni  katib gəldi. Ağacları  dibindən kəsdirdi, bağı şumlatdı, kiminsə adına bir xiyaban düzəltdi, daşlardan ibarət. Düzdür, çayxananı  sökdürməyə  gücü  çatmadı, amma bağ  da əldən getdi.
Bağın  aşağısında, çayxananın  yanında maşını  saxlatdı:
- Sən get  Aydın əmoğlunu götür gəl.
- İspalkomu?
- Ə, sən nə tupoy adamsan, ə? Bayaxkı kişini  deyirəm də.
Girdi çayxanaya. Yer-yerdən  durub  görüşdülər. Onu tanıyan manıslar da yığışdılar başına,  xoşgəldindən sonra  da  çayçıya dedilər  yaxşı bir   çay dəmlə.

Dayı çayçıdan soruşdu:
- Kəkotunuz var, ə?
- Var.
- Maa  kəkotu  çayı gətir.
Manıslardan biri:
- Ağsaqqal, nə qulluq?
Dayı:
- O bir  gitarist var ey, meymunnan gəzən, Çinqaçuka oxşuyur.
- Rəmişi deyirsən?
- Hə, hə, Rəmiş.
- Ağsaqqal, o burda  yaşamır ey, Bakıda yaşayır, toydan-toya gəlir.
Kimsə:
- O gün burdaydı, meymunu  xəstələndi, apardı Bakıya.  Sənə  gitarist  lazımdısa Qəhrəmanı götürək.  Rəmiş nə tökübsə o da yığıb, heç ondan da geri qalmır. Peşə məktəbləri ümumittifaq festivalının laureatıdı.
Dayı:
- Bir dənə də tar çalan.
- Gitara  varsa, tar çalanı  neynirsən?
- Ə, gitarayla  muğam  oxuyarlar, adınızı da muzkant qoymusuz?
- Onda Eldarı götürək. Onun kimi tar çalan var?
- Eldar Qədirsiz toya getmir.
- Elə mən Qədiri istiyirəm.
Musiqiçilər dilxor oldular, Qədirin öz ansamblı vardı, bunlardan da zəhləsi gedirdi. Qədiri tapsalar, toy əldən  çıxacaqdı.
- Ağsaqqal, çətin məsələdi. Qədir burda deyil, Bakıdadı, deyəsən radioya  çağırıblar, həm də gələn şənbə Bakıda toyu var.  Bəlkə Sədiyə  deyək, bu dəqiqə moddadı.
- O Bağdagülü  oxuyan? Hə, pis oxumur. Qonşu  kənddə bir  toy aparırdı. Amma, o da hamıynan məzələnir ey. Toyda  dolamadığı adam qalmadı. Vallah, mən olmasam onu döyəjeydilər. Bizim camaatı tanıyırsız dana. Bir də o Məmli var ey, qarmonçalan, bərdəli, onu da tapın.
- Əşi, Zahidin yanında o nə bilir qarmon çalmağı.
Beş dəqiqəyə ansamblı düzəltdilər. Sədini də tapdılar, Zahidi də.
Sədi Dayını görən kimi:
- Ə, bu Dayı Laçının yiyəsidi ey, bir kişi bunun qabağında söz deyə bilməz. Pul da Dayıda mal tırığı kimi. Özü  də bir oynamağı var ki, Məşdibaddakı Süleyman onun yanında qolun qaldıra bilməz. - deyib Dayını  basdı bağrına.
Dayı baxdı ki, gitaraçı da kəkodu, nağaraçı da, qarmonçalan da. Bir şaqqanaq çəkdi:
- Ə, İldırım  Həsənovu da tapın, bir kəko ansamblı yaradın, o qayadı, daşdı-kəsəkdi, nədi sizin yanınızda qələt eliyir.
Bu vaxt Aydın kişi də gəldi:
- Hə, indi durun gedək Batumun  pavilyonuna, söhbətin dalını orda eləyərsiz. Bu kişi də qayıdıb getsin.
Oturdular  maşınlara, çıxdılar Qiyaslı yoluna, Batumun  pavilyonuna.  Palıd ağacının  altında yaxşı bir  süfrə açdırdılar. Ofisiant  qəlyanaltıları qoyandan sonra soruşdu:
- Nə yeyəssiniz?
- Nəyiniz var, ə?
- Hər şeyimiz. Lülə kabab, tikə kabab, basdırma kababı, hinduşka kababı, çolpa…
- Ə, saxla görüm. Nə qədər kabab  yemək olar, balığınz var?
- Niyə  yoxdu? Sazan, kütüm, çay balığı.
- Ağ balıx nətər?
- Var.
- Davay. Ağ balıxdan  başdıyax. Özü də maskovski  araq ver.  Bu girdirmə arağınızı  az sırıyın  camaata.
Sağlıqlar başladı, nə başladı. Hamısını  da Dayı deyirdi. Sultan bəyin nəslinin  sağlığına, Qaçaq Nəbinin  nəslinin  sağlığına. Ağa Laçınlının  sağlığına, gördü ki, bir az ağ oldu, hamı da ona əyri-əyri baxır, hətta bəziləri mısmırığını  sallayıb heç  içmir, keçdi Xudu  Məmmədovun  sağlığına.  Yadına düşdü ki, təzə bir alim çıxıb, cavan oğlandı, SSRİ Dövlət  Mükafatı alıb, bir aydı televizor, qəzetlər  ondan danışır, birtəhər adını  yadına saldı - Rafiq   Əliyev. Sonra onu da yadına  saldı ki, qayınatasıyla da əvvəllər yun alveri-zadı olub, bir təmtəraqlı sağlıq da ona. Qaldı şair, onu da tapdı. Famil Mehdi bir neçə dəfə Ağayla onlara qonaq gəlmişdi, hələ kitab da bağışlamışdı, onun bir  şeirini də əzbər bilirdi, şeiri əzbər dedi.
- Familəm, həmişə  yanmaqdı peşəm,

Can deyən gözələ  canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm,
Bir daha demərəm, tamarzıyam mən.

Beləliklə, hesabı  üç-üçə bağladı. Sonra fikirləşdi ki, heç-heçə ona sərf eləmir, burdan qalib çıxmalıdı, dedi:
- Ə, bu rayonun qədrin bilin. Bu rayonda mirdə yoxdu. Görün bizim əmoğlu Kürdoğlu Hüseyn rayonunuz haqqında nə deyiv ey:

Yenə də baş çəkim Ağdama gərəh,
Qarqarın suları Ağdama gərəh.
Bu yerin qədrini bilmiyənlərin
Qara gözdərinə  ağ dama gərəh.

Beləliklə, hesabı dörd-üç öz xeyirinə dəyişdi və sonra da  əli ilə işarə elədi ki, stolun  üstündəkiləri yığışdırıb çay gətirsinlər.
Çay gəldi. Dayı çaydan bir  qurtum  aldı, sonra əvvəl-əvvəl Bacıoğluna baxdı, musiqiçilərə baxdı, dedi:
- Hə, indi  keçək əsas  məsələyə. Bir  şərtim var.
Sədi:
- Ağsaqqal, xırdala gəlsin. Beş yüz mənlikdi, min manat da uşaqlara.
- Ə, söhbət  puldan getmir. Pul əl çirkidi. Ayrı bir  şərtim var. Toya vertalyotnan gələssiz.
Hamısı birdən dilləndi:
- Nəynən?
- Vetalyotnan.
Gitaraçı:
- Aydın kişi, əmoğlun deyəsən biznən məzələnir axı, bəlkə samalyotla gələk?
Bacıoğlu:
- Dayı, saa demədim?
- Ə, küçük, sən səsini kəs, - sonra  üzünü tutdu çalğıçılara; -  Mən heç məzələnən  adama  oxşuyuram? Ciddi sözümdü. Qonşu  kolxoz sədrinin  oğlunun toyuna  sizinkilər  mersedeslə gəlmişdi. Bütün  kənd yığılmışdı maşının  başına. Maşın yiyəsi də forsdanırdı ki, o xakkeyis var ey, Tretyak, ondan  alıf. Sədr yerə-göyə  sığmırdı.  Mən də bir az vurmuşam, onun ajığına hamının  içində dedim ki, bizim gədənin  toyuna muzkantları vertolyotnan gətirdəjəm. Mərc çəkdiy.  Bütün  rayon  bilir. Mən  vesimi  aşağı  sala bilmərəm axı.
Sədi:
- Ağsaqqal, başına  dönüm, vertalyotu hardan  tapaq? Hərəmizin bir  dranqulet  jiqulimiz var. Sənin  xətrinə jiquliylə yox, qaz iyirmidördlə gələrik.
Dayı:
- Vertalyot mənlikdi, danışmışam, pullarını da vermişəm. Şənbə günü saat  doqquzda  sizi Məzahirin ayriportundan  götürüb gətirəjək kəndə, iki gündən  sonra da qaytarıb qoyajax  yenə Məzahirin  ayriportuna.
“Məzahirin  ayriportu”  sözünü də  elə deyirdi ki,  elə bil  aeroport Məzahirin  dədəsinin idi.
Nağaraçı dəbbələdi və dəbbələyən kimi, ya hirslənən kimi də kəkolayırdı:
- Yoooox,  qqardaş, məənlik deeyil. Heçç yeerdə düdüz əməlli  ggəzə bibilmirəm, gögöydə nə itim  azıb.  O vevertalyot, oo da siiz  mən gegetmirəm.
Bacıoğlu:
- Dayı, saa dedim axı.
- Ə, küçük, saa demədim sus. Uşaxlar, burda nə var ki? Səər-səər xaşla  adama bir iki yüz vurub minirsiz vertalyota, uzağı bir saata, saat yarıma bizim kəddəsiz. Hərənizə ayrıca İstipanakert  pulu da verəjəm.
“İstipanakert pulu” eşidən kimi  bir-birlərinə baxdılar, Nağaraçı da  sıyrıldı:
- Əşi, nə olar-olar.  Ağsaqqal, amma bir  az bahalaşıblar ey.
Dayı əlini saldı qoltuq  cibinə. Bir topa şax pul çıxartdı. İçindən  on dənə  yüzlük seçib atdı stola:
- Bu sizin  behiniz, şabaş da sizdikdi, min də vertalyotdan düşəndə verəjəm - dedi, sonra da beş dənə  əllilik sayıb atdı  yüzlüklərin  üstünə; - bu da sizin  İstipanakert pulunuz.
“İstipanakert pulu” eşidən  Bacıoğlu yazıq-yazıq dayısına  baxdı. Dayı da Bacıoğlunu başa düşdü və dedi:
- Qələt eləmə,  sənin hələ yaşın çatmır. Uşaxlara dəərəm saa bir saz gətirəllər, - sonra  üzünü tutdu musiqiçilərə; - Ə, sizdə saz olur?
- Gülablı dolu deyil?
- Gələndə buna bir saz da gətirin.
Sədi pulları  götürüb qoydu cibinə:
- Ağsaqqal, vertalyot nədi ey, istiyirsən lap sayuzappolonla gələk.
Dayı xörəkpaylayanı səslədi:
- Ə, xalası göyçək, gəl hesabı al, gedək. - dedi və əlini atdı cibinə.
Musiqiçilər  hamısı əllərini  cibinə atdı:
- Olmaz, Allah haqqı, day ağ eləmə də. Nolsun pulun çoxdu, qonağımızsan.
Aydın kişi:
- Hamınız oturun yerinizdə. Hesab mənlikdi. Əmoğlu mənim qonağımdı.

lll

Aeroportda  Məzahir  onları  qımışa-qımışa qarşıladı:
- Nədi ə, lotular  deyəsən artırmısız, toya getməyə  vertolyot  zakaz eləmisiz?!
- Dağ yeridi də, yollar  xarabdı, dedik maşınımız hayıfdı, vertalyotla gedək.
Bu vaxt  pilotlardan  biri  onları  səslədi:
- Ay qardaşlar, bayaqdan sizi gözləyirik, tərpənin də. Bizim bu gün hələ bir sürü işimiz var.
- Gəlirik dana, beş dəqiqə ilə dünya dağılajaq?
Məzahir müəllim:
- Gözləyin, - dedi və  girdi binaya, bir bağlama ilə qayıtdı; -  bu şirvan  konyakıdı, mənim adımdan  bağışlayarsız Dayıya. Əla kişidi.
Kimsə:
- Məzahir müəllim, hər şeyi başa düşdük ey, amma bu vertolyotu hardan tapıb?
-  Maşın  çıxmayan kəndlərə  işıq  çəkdirir.  Materialları dəmiryoldan vertolyotlarla daşıyırlar.  Çox  vaxt özü də  vertalyotla  gəlib-gedir. Burda da mənim  maşınımı  götürüb  sürür.  Qonağı da olmuşam. Kəndləri  cənnətdi ey. İki-üç gün kef partladassız.
Vertolyot  yerdən  qalxan kimi Nağaraçının  rəngi-rufu qaçdı.  Malıbəylinin üstündən keçəndə öyüdü:
Pilot:
-  Ə, orda paket  var, verin  ona  yeri batırmasın.
Nağaraçı  bir partiya qusdu, sonra  dəsmalla  ağız-burnunu  silə-silə deyinməyə başladı:
- Tütüpürüm  bebelə pul qaaazanmaağa.  Maa dedeyən  gərək, ay iiit oğlu, beeeş maanatdan   ötrü sənin  gögöydə nə işin  var? Caamaat bu dədəyğa Qəqəmərin yaanında xəxəəngəl yeer. Məən də ggöydə şaşalvaarıımı babatırıram.  Siizi bilmirəm, qaqayıdanda məən aaavtobusla qaqayıdajam.
Gitaraçı:
- Ə, kef elə. Nəslindən Şuşaya göydən   baxan olub?  Bax dəə, gözlərin   bayram  eləsin.
Nağaraçı nə isə demək istəyirdi ki, yenə qusdu, bu dəfə paket verməyə macal olmadı. Elə bil  pilota od qoydular:
- Orda şəlpə var, atın o zibilin üstünə, - dedi, sonra əlavə etdi; - Sən öl, bir də böyükağanı çağırsan, səni götürüb qapıdan  atacam aşağı, get Qəmərin  xəngəlini ye.
Nağaraçı :
- Qqardaş, nə qəqədər  dedeyirsən  saa pul verim, məni  düdüşürt Ccıdır düdüzündə.
Kimsə pilotdan soruşdu:
- A bəy, hələ  çox qalıb?
Pilot  əsəbi halda:
- Yox, bircə  qusmaqlıq.

***

Pilot  düz deyirmiş. Kəndə çatanadək Nağaraçı bircə dəfə qusdu.
Kənd meşənin  içindəydi, vertolyotu  yendirməyə bir  açıq meydan yox idi.
Pilot:
- Komandir, bura heç Qaqarin də  vertalyot  yendirə bilməz. Bəlkə qalxaq dağın  döşündəki inşaat  meydançasına, gəlib  ordan  apararlar?
Komandir:
- Ə, yox. Kişiyə söz  vermişik ki, manısları düz həyətə düşürəcəyik. İndiyənəcən  bir ton çörəyini  yemişik, bir ətək də pulunu almışıq. Mən vertalyotu ağaclardan  bir  az yuxarıda  saxlayacam, sən də  onları bir-bir trosla  yendir  aşağı.
Pilot:
- Bəlkə nərdivanı  açım?
- Yox.  Yıxılıb  eləyərlər p..a düşərik.
Əvvəl  alətləri yendirdilər. Trosu Xanəndənin  belinə  bağlamaq istəyəndə Nağaraçı dedi:
- Ə, babaşınız xaxarab  olub?  Kakamandir  qaqaytar   biizi gegeriyə.
Sədi Nağaraçıya:
- Ə, düdük, sən bir səsini kəs, -  sonra    pilotdan  soruşdu; - Qaqa, bu  nədi?
- Trosdu, bağlayacam belinə, sonra sizi yavaş-yavaş yendirəcəm aşağı, kinolarda  görməmisən?
- Görmüşəm, qaqa,  amma biz  desant deyilik ey, muzıkantıq.
- Əsgərlikdə olmamısan?
- Niyə olmamışam, olmuşam. Özü də Sibirdə, stroybatda.
Dayı aşağıda camaatı bir kənara  çəkmək istəyirdi:
- Ay camaat, qıraa  durun də, meymun  oynadıram?! Vertalyot  görməmisiz?
Vertolyotu görmüşdülər. Amma  ondan trosla  sallanıb  düşənləri  görməmişdilər. Dayının qorxusundan hamı bir  kənara  çəkildi.
Dayı  əli ilə işarə elədi ki, ver gəlsin.
Pilot  trosu yavaş-yavaş buraxmağa  başladı:
- Düşəndən  sonra trosu   açarsan.
Pilot sonra bir-bir  o birilərini yendirdikcə aşağıdakılar “urra” deyə bağırırdılar.
Nəhayət, qaldı Nağaraçı:
 - Qqardaş, sisizə ququrban  olum. Bir çəçətən   külfətim vaar, məəəni  qaqaytarın Aağdama.
Komandir:
- Ə, ağciyər  olma. Görmədin, onlar  necə rahat yendilər, burda nə var ki?
- Ə, iitoğlu,  iistəəmirəm dana.
Komandir:
- İstəmirəm  nədi, köpəyoğlu,  kişi  aşağıda gözləyir. Toya şətəllik qatmaq istəyirsən? - sonra  pilota dedi; - Bağla trosu, at aşağı. Yoxsa onu bu dəqiqə trossuz tullayacam.
Pilot  Nağaraçı ilə boğuşa-boğuşa  trosu  onun  belinə bağlaya bildi, elə komandir  dediyi kimi də qapıdan  çölə  itələdi:
- Qoz getdin!
Nağaraçı bağırdı:
- Səənin ananııı...
Nağaraçı əl-qol ata-ata, çabalaya-çabalaya söyür. Yenə möhkəm öyüdü, aşağıdakıların bəxtindən day mədəsində qusmağa  heç nə qalmamışdı.
Tros onun naqolay hərəkətlərindən yellənməyə başladı.  Və palıd ağacının budağına  ilişdi. Vertolyot  ləngər vurdu, komandir sükanı  zorla saxlaya  bildi:
- Ə, bu it oğlu  bizi  qıracaq.
Pilot  yuxarıdan  bağıra-bağıra, əli  ilə işarə edir ki, kəməri  aç. Nağaraçı var, bu il ölmüsən, bildir.
Pilot  gördü ki, vəziyyət ağırdı, nərdivanı  aşağı  salladı və özü yendi  ağacın  başına:
- Ə, əclaf, bayaqdan bağırmıram  kəməri  aç?
Nağaraçının  dili  tutulub.  Pilot   onun   belindən  kəməri   açıb  öz belinə bağladı:
- Di canın   çıxsın  qal burda, - dedi və əli ilə komandirə işarə elədi ki, çək.
Pilot  ağacdan  ayrılan kimi vertolyot  qalxdı, Nağaraçı qaldı ağacın  başında.
Pilot:
- Komandir, Dayının konyakı qaldı, Məzahir bilsə qanımız getdi.
Komandir:
- Bizim qismətimiz imiş. Axşam Dayının  sağlığına vurarıq.
Nağaraçı ağacın başında canıyla əlləşirdi, aşağıdan  da qışqırırdılar:
- Ə, düş aşağı dana.
Nağaraçının dili söz tutmur, əli ilə işarə edir ki, düşə bilmirəm.
Sədi:
- Ə, demədim bunu götürməyək? Keçən dəfə Hindarxda görmədiniz necə içib sarsaqladısa az qaldı mitilimizi atsınlar.  Zarafata salmasaydım, nağaranı keçirdəcəkdilər başına. Vallah, bu Dayı onu dəli inək  balasını  çığnayan kimi  çığnayacaq.
Dayı da söyür.
Sədi:
- Dayı,  narahat olma  ey, bu dəqiqə düşəcək. Qoy bir  özünə gəlsin. Yazıq birinci dəfədi  vertalyota minir. Vallah, buracan qusub  canı qalmayıb.
Dayı:
- Ə, düş.  Vallah,  yoxsa çıxıf  səni ordan təpəsi üstə salajam yerə.
Yer-yerdən:
- Ə, düş dana.
- Hə-hə-həzrət  Aaabbas haaaqqı düdüşə bilmirəm.
Bu vaxtı gəlin  gətirən  maşınların “vərə-vürə” siqnalları kəndi  götürdü başına. Bərk gedən  oğlanlar hərə bir-iki  qoyun  satıb gedib  Ağdam bazarından “vərə-vürə” səsi çıxaran  italyan siqnalları  almışdılar.
Dayı bir  qapıya  tərəf qaçdı, sonra qanrılıb  geri qayıtdı:
- Ə, çalın də. Gəlini  gətirirlər.
Klarnetçi:
- Nağarasız vağzalı   çalmaq olar?
Dayı nağaranı  verdi bir  uşağın  əlinə:
- Çıx ver o  dəyyusa, qoy canı çıxsın ordan  çalsın.
Uşaq  meymun kimi  dırmaşdı  ağaca və nağaranı verdi ona.
- Neneneynirəm ə ooğraş, bunu?
Dayı aşağıdan bağırdı:
- Orda  çal, köpəyoğlu, - dedi  və qaçdı  darvazaya  tərəf.
Klarnetin  səsi  aləmi  götürdü başına. Nağaraçı nə qədər  elədi  ritmi  tuta  bilmədi. Dişini  dişinə  sıxıb, başladı  nə  gəldi  döyəcləməyə.
Sonra  parta-part  başladı.  Tüfəngdən, tapançadan, hətta avtomatdan, kasıbın  nəyi var,  onun nə çaldığı  heç kimin vecinə deyildi.
Gəlini  evə ötürəndən  sonra  musiqi də kəsildi,  partapart da.
Yazıq  Sədinin boğazı  quruyub:
- Ə, düş. Gecə ağacda yatassan?
Bu vaxt Dayı qayıtdı  çalğıçıların  yanına:
- Dəyməyin, rəysə zəng  eləmişəm  pajarnı göndərif, indi gələjəklər.
Nəhayət, yanğınsöndürənlər  gəlib  çıxdılar.
Yanğınsöndürənlərdən biri nərdivanı qaldıra-qaldıra:
- Ə, avara, düşə bilməyəcəkdin ora nəyə çıxmışdın?
Sədini  gic gülmək tutdu:
- Çıxmıyıb ey, göydən düşüb.
Nərdivanı qaldırdılar   ağacına  başına. Yanğınsöndürənlərdən biri qalxdı yuxarı:
- Qardaş, qorxma. Əlini  ver mənə, hə, indi çıx nərdivana, tutmuşam, yavaş-yavaş düşəcəyik.
- Yıyıxılmaram ki?
- Dedim mən burdayam da! Qoy nağara  qalsın, mən təzədən   çıxıb  götürərəm.
- Qqaqa, bu məmənim  çöçörək ağacımdı.
Yanğınsöndürən:
- Ə, gəl görüm! Bu da mənim çörək  ağacımdı; -  deyib  əlini vurdu nərdivana, - sonra onu birtəhər yendirdi.
Camaat:
- Urra! Urra!
Elə bil Bir May idi, raykomun tribunasının  önündən  keçirdilər.
Çalğıçılar  meyidə dönmüş  Nağaraçını bağırlarına  basdılar:
- Ə, ordan  bir çappa araq  gətirin.
Elə bil çappa araq  hazır idi. Nağaraçı çəkdi  başına, gözü çıxdı kəlləsinə:
-  Nanamərddər, bubu tutut  aarağıymış ki?
Bu vaxtı Dayı gəldi. Nağaraçı  qorxutdu ki, bu dəqiqə onu  salacaq ayağının altına  çığnayacaq.
Amma gördülər ki, Dayının gözləri  dolub, yanağından  göz yaşı axır.
Nağaraçını necə qucaqlayıb  qaldırdısa, yazığın  ayağı  yerdən  üzüldü. O üzündən-bu üzündən öpdü:
- Bajoğlu, bağışda məni. Bağışda, bu axmax dayını. Bir eşşək  mərci ilə səni də  zibilə  salmışdım, özümü də. Sənin  bir İstipanakert pulun da mənnikdi;- sonra Sədini qucaqlayıb dedi: - Səni  and verrəm Seyid Lazım Ağanın cəddinə, bunu orda-burda danışıf məni dilə-dişə salmıyın.
Sədi:
- Ağsaqqal, elə kişilik olar. Seyid Lazım Ağanın cəddi, ağzımı  açmaram, bir toyda danışaram, bir yasda.
Ağsaqqalı  gülmək tutdu, yenə Sədini  basdı bağrına, dedi:
- Sən yaxşı oğlansan, danışmazsan. Di keçin mağara, camaat gözdüyür.
Keçdilər  mağara. Ağız deyəni  qulaq  eşitmirdi. Amma Dayını  görən kimi  elə bil  qurbağa  gölünə daş atdılar.
Çalğıçılar yerlərini  tutdular, alətlərini  köklədilər.  Sədi bir-iki dəfə mikrafona - Bir, bir, bir - deyib  yoxladıqdan  sonra  boğazını arıtlayıb  səsini  köklədi.
Dayı Nağaraçının nağarasını alıb  qoydu  stolun üstə, özünü də çəkdi mağarın  ortasına ki, mənimlə oynayacaqsan. Sonra stolun   üstünə  bir əllilik  atdı:
- Mənim havamı çalın.
Yeryerdən çığırdılar:
-  Gamış bağa girdi, gəl...
Bəlkə qırx iliydi Ağdamda bu havaya  bir köhnə kişi vardı, Astorq İbrahim, bircə o oynayırdı. O qədər  ağır-ağayana bəy  havasıydı ki!
Sədi:
- Gözlərinzi niyə döyürsüz, ə? Bu  ağsaqqal da buraların Astorq İbrahimidi! Getdik!
Çalğıçılar  başladı  çalmağa. Sədi də mikrofonu götürdü:
- Ədə, ədə Abasqulu,
gamış bağa girdi, gəl.
Tənəhləri  yedi, gəl.
Dayı qollarını  qaldırdı, elə bil  uçmağa  hazırlaşan bir qoca dağ qartalıydı. Nağaraçı da qollarını qaldırdı, elə bil  onun  önündə sərçəydi.
- Ədə, Abasqulu,
gamış bağa girdi, gəl,
Tənəhləri  yedi, gəl.

/525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.