Nəvai yaradıcılığında Nəsimi obrazı
12.02.19

Almaz ÜLVİ (BİNNƏTOVA)
Filologiya elmləri doktoru, 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

İmadəddin Nəsimi, Lütfi, Səkkaki, Ətayi, Müqimi və türk dilində yazan digər klassik sənətkarların yaradıcılığından bəhrələnməsi Əlişir Nəvai üçün böyük məktəb olub.

Təkcə öz xalqının deyil, həm də bütün Orta və Yaxın Şərq xalqlarının şairi olmuş Nəsimi şeirlərinin əlyazma nüsxələri də hələ sağlığında ikən Türkiyədə, İraqda, Suriyada, Hələbdə geniş yayılıb. Tədqiqatçı alim Qulamhüseyn Beqdelinin qeydlərindən məlum olur ki, "Səmərqənd Əlyazmalar fondunda Xaqani, Nizami, Nəsimi, ələxüsus 20-dən artıq Füzuli divanının qədim əlyazmaları ilə tanış olub, onların bəzilərinin şifrələri, bəzilərinin isə fotosurəti alınaraq Azərbaycana gətirilib. Aşqabad əlyazmaları fondunda böyük Azərbaycan şairi Nəsimi "Divan"ının Aşqabad variantı əldə edilərək, bu qiymətli əsərin fotosurəti və Nəsimi barədə Daşkənddə aşkarlanan iki poemanın fotosurəti respublikamıza də gətirilib". Bu və digər bu kimi bir çox qeyd və faktlar sübutdur ki, Nəsimi irsi bütün Türküstan boyunca yayılıbmış.

Klassik Azərbaycan şairi, mütəfəkkiri Nəsimi (Seyid Əli. 1369, Şamaxı - 1417, Hələb) yaşadığı dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı dərin öyrənmişdir. İlk şeirlərini "Hüseyni" təxəllüsü ilə yazan Nəsimi sonralar hürufi təşkilatları ilə əlaqə saxlamış və hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini, onun mənsub olduğu təriqətin fikirlərini qəbul edərək poetik dünyasını yaratmışdı. Onun poeziyasında insan gözəlliyinin bədii ifadəsi ali və fəlsəfi duyğulara söykənir. Hələ sağlığındakən şeirləri əldən-ələ gəzən şair böyük şöhrət qazanmışdı. Eyni zamanda, bu şöhrət onu əsrlərin unuda bilmədiyi ölüm hökmünə - Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisinin soyularaq öldürülməsinə gətirib çıxarmışdı.

Nəsimi şəxsiyyəti və yaradıcılığı haqqında Əlişir Nəvainin iki əsərində - "Nəsaim ül-məhəbbət" və "Haləti-Məhəmməd Pəhləvan" əsərlərində - qısa da olsa, maraqlı qeydlərlə rastlaşırıq. Ə.Nəvai "Nəsaim ül-məhəbbət" (1495-1496) təzkirəsində bəhs etdiyi 770 şəxsiyyətdən biri də Seyid İmadəddin Nəsimidir. Şərqin böyük mistiklərindən olan Bahaəddin Nəqşibəndinin üveysi (tanımadan, uzaqdan-uzağa bir dəyərli şəxsə heyran olan, ona dərin rəğbət bəsləyən kimsə) Əbdürrəhman Cami sufiliyin ensiklopediyası sayılan "Nəfahət ül-üns", yəni "Müqəddəs yerlərdən əsən dostluq Nəsimi" (1476-1478) əsərini özündən əvvəl yaşamış sufilərin, həməsri olan sufi şair və alimlərin həyatına həsr etmişdi. Kitabda 618 tanınmış sufi-şair, alim və şeyxlərin tərcümeyi-hallarından bəhs edilib. Əsərin giriş hissəsində özünün də vurğuladığı kimi, Ə.Caminin sağlığındakən bu əsəri çağatay türkcəsinə çevirmək istəyi ustad-şagird arasında razılıq sözü olmuşdu. Ömür vəfa etmədiyindən Ə.Cami bu işin nəticəsini görə bilmədi. Ə.Nəvai ustadının bu əsərini çağatay türkcəsinə çevirərkən mətnlər üzərində yenidən işləyərək onları xeyli dolğunlaşdırır və 152 məşhur sufi şair haqqında əlavələr də edir. "Nəsaim ül-məhəbbət" əsəri orta əsr elmi-ədəbi yazı ənənələrinə uyğun olaraq "Bismillahir-rəhmanir-rəhim"lə başlayır. Daha sonra əsərin Girişində müəllif təvazökarlıqla yazır: "Həzrət ustadım, səyyadım, hüccətim, məhdumum və Şeyxülislamım Mövlana, millət və din nurum Ə.Caminin (Allahın rəhməti, mərifəti, salamı və rizası ona olsun) "Nəfahət ül-üns" kitabının tam tərtibinə nail oldum. Allah-təalanın köməyi ilə bu müqəddəs işi başa vurdum. Həzrət Şeyx Fəridəddin Əttarın "Təzkirət ül-övliya" əsərində bəhs edilən bəzi məşhur şeyxülislamların, yüksək elmli hind övliyaların və bir çox başqa isimləri bu əsərə əlavə etdim".

Ə.Nəvainin bu səmimiyyətinin etik dərinliyinə varmayan fransız şərqşünası E.Blochet bu əsərdən bəhs edərkən, onu böyük şair və ustad deyil, yalnız təqlid edən və sənət himayədarı hesab etmişdir. Bu isə, təbii ki, fransız şərqşünasın Nəvaini oxumadığından, yaxud anlamadığından irəli gəlir. Onun bir çox məsnəvilərinin Nizami, Əttar, Xosrov, Cami kimi böyük şairlərin əsərlərinə nəzirə olaraq yazıldığını görən E.Blochet bunların sadə bir tərcümə və təqlid olduğunu güman etməklə, məsələni heç araşdırmadığını və kor-koranə qərar qəbul etdiyini izah etmiş olur (F.M.Köprülü). Ə.Nəvai "Nəsaim ül-məhəbbət" təzkirəsində haqqında bəhs edilən XVI əsrin klassik şairi - həm ədəbi şəxsiyyəti, həm də acı taleyi ilə səs-soraq salmış İmadəddin Nəsimini "732. Sayyid Nasimiy" deyə təqdim edir. Əsərdəki həmin təqdimatı dilimizə çevirərək olduğu kimi veririk: "732. Seyid Nəsimi (q. r.) İraq və Rum tərəflərdəndir. Rum və türkmən dilində şeir söyləyibdir və nəzmində həqiqət və ürfan həddən çoxdur. Bu yerlərdəki şeir əhlinin onun dərəcəsində şeir söyləyəni yoxdur. Həmin təqlid əhli (yəni onun ətrafındakılar) onun məzhəbində nöqsan tapıb mühakimə edərək şəhid etdilər. Deyilənə görə, dərisinin soyulmasına hökm veriblər. O halətdə bu şeirini deyibdir. Nəzm:

Qibladur yuzung nigoro qoshlaring mehroblar,
Surating mushaf vale xolu xating eroblar. 

Və bu şeirinin təxəllüsü belə sətirlərlə tamamlanıb. Nəzm: 

Ey, Nasimiy, chun muyassar boldi iqboli visol,
Qoy, teringni soysa soysun bu palid qassoblar".

Tarix etibarilə onların yaşam zamanlarını biri-birindən çox uzaq müddət saymaq olmaz. Yenə də Nəvai ucalığı, müdrikliyi dövründə dərisi soyulub edam edilməsinə baxmayaraq, onu yenə də böyük övliya və alim-üləmalar sırasında təqdim edir, insan qanını donduran faciəsindən bəhs edir, əsərlərindən misraları, onun fikir və fəlsəfəsinin qayəsini ehtiva edən sətirlərini məşhur əsərində, həm də 770 məşhur şəxsiyyətlər sırasında qələmə alır. Nəsiminin ölüm ayağında məhz hansı şeiri yazdığı, hansı sözü dediyi orta əsrlərdən bəri dondan-dona girmiş, rəvayətlər formasında zəmanəmizə gəlib çıxmışdır, hətta ölüm fətvası əfsanələşərək müxtəlif formalarda söylənib. Təbii ki, Nəsiminin ölümü haqqında Nəvai daha çox şey deyə bilərdi. Nəsiminin faciəli ölümü haqqında saysız-hesabsız rəvayətlərə, ölümünə yazılmış mərsiyələrə nəzər yetirsək, Nəsiminin günahsız ölümü və ya Nəvainin yazdığına qüvvə ilə desək - şəhid olması, uğrunda mübarizə apardığı ideyanın daha geniş təbliğinə səbəb olmuşdur. "Ənəl-həqq" ideyası Herat ədəbi mühitinə də öz təsirini göstərmişdir. Şair və fazil insan Pəhləvan Məhəmmədi də Nəsimiyə bağlayan həmin bu ideya idi.

Bu təsiri Əlişir Nəvainin 1494-1495-ci illərdə ustad sənətkarlıqla yazıb tamamladığı "Haləti-Məhəmməd Pəhləvan" risaləsində daha aydın görə bilirik. Nəvai əsərdə dövrünün tanınmış ədəbiyyat sərrafı, bəstəkarı, loğmanı və sufi şairi Pəhləvan Məhəmməddən bəhs edir, onunla olan kiçik bir görüşünün təəssüratını bölüşərək, ustalıqla həmsöhbətinin xarakterini açmışdır. Eyni zamanda, bu əsər kontekstində yaşadıqları dövrün ədəbi-mədəni mənzərəsinə də işıq tutur. Əsərin Nəsimi ilə bağlı hissəsini təqdim edirik. Əsər belə başlayır: "Təsadüfən bir gün səhər erkən bir şeir yazmışdım:

Har qayon boqsam, yuzumga ul quyoshdın nur erur,
Har sori qilsam nazar, ul oy manga manzur erur.

(Hər hara baxsam, üzümə Günəşdən nur yetir, 
Hər nəyə nəzər salsam, o Ay mənə xoş gəlir).

Bu şeir yeddi beytdən ibarətdir. Fürsət tapıb cibimə qoyub, özümlə götürdüm, hələ heç kəsə göstərməmişdim. Pəhləvan həmişəki kimi ehtiramla özü məni qarşıladı, üst geyimimi tutdu, söhbətə giriş kimi sualla başladı. Sən türkcə şeir yazanları yaxşı tanıyırsan. Bizim bir sualımız var:

Dedim: Cavab verərəm, siz sualınızı deyin.

Dedi: Sualımız budur ki, şeirləri zaman səhifəsinə keçən türkcə şeir yazan şairlərdən hansı daha yaxşı söyləyib? Və sənin əqidəncə, hansına yaxşı deyə bilərik, sən kimi bəyənirsən?

Mən dedim: Hamısı yaxşı söyləyir, mən bəyənirəm.

Pəhləvan dedi: Sən qeyri-müəyyən və səmimi davranışını bir tərəfə qoy, doğrusunu söylə. Hamısını bəyənirəm deyirsən, amma hamısı bir deyil axı, əlbəttə, aralarında fərq var.

Mən dedim: Mövlana Lütfi hazırda hər kəsin qəbul etdiyi, bəyəndiyi, bu qövmün ustadı və söz mülkünün sultanıdır.

Pəhləvan dedi: Nə üçün Seyid Nəsimini demədiniz?

Mən dedim: Xatirimə gəlmədi və əgər yadıma düşsə də, Seyid Nəsiminin nəzmi özgə rəngdədir, o zahir əhli şairləri kimi nəzm söyləmir, bəlkə həqiqət yolunda şeirlər yazır. Bu sualda sənin məqsədin məcaz yolunda söz söyləyən xalqdır.

Pəhləvan etiraz edib kinayəli dedi ki, Seyid Nəsimi varkən, Lütfi nəzmini bəyənmək uyğun düşərmi? Vəziyyət belədir ki, Seyid Nəsiminin nəzmi zahirən məcaz tərəfinə, məna yönündən isə həqiqət tərəfinə yönəlir. Sonra Pəhləvan yuxarıda yazdığım beyti oxudu, hansı ki, bu səhər yazıb cibimdə bura gətirmişdim. Amma beytin sonunda təxəllüs yerində "Nəvai" yox, "Nəsimi" deyə söylədi. Mən heyrətimdən təəccüb içində qalmışdım.

Əslində, Nəvai içəri girərkən Pəhləvan Məhəmməd onun üst geyimini tutarkən cibindən həmin vərəqi götürüb oxumuş, sonra da yerinə qoymuşdu. İndi mübahisə zamanı həmin misraları oxuyub fikrini əsaslandırdı ki, bax bu şeirdə Nəvai əvəzinə Nəsimi də yazmaq olar, yəni əslində, Nəsimi də belə şeir söyləyə bilir. Nəsimi haqqında Pəhləvanın bu sözləri bəlkə də elə Nəvainin ürəyindən keçənlərdir. O zamanlar teymurilər sarayında Nəsiminin ustadı Fəzlullah Nəimiyə qarşı amansız qətl hökmünün təsiri bəlkə də, Nəvaiyə Pəhləvanın dili ilə bu sözləri dedirdib.

Təbii ki, Əlişir Nəvainin Nəsimi haqqında fikirləri onun türk ədəbi mühitinin "qızıl dövrü"ndə məşhur bir sima olduğunu göstərməkdir. Nəsiminin yuxarıda da qeyd etdiyimiz kimi, hürufi baxışları nəqşibəndliyin geniş yayıldığı bir ortamda özünə yer tuta bilməməsi idi. O zaman digər məmləkətlərə üz tutub getməsi məhz bu səbəblərdən biri idi (onun Suriyaya, Hələb şəhərinə getməsi və s.). Əsrlərdən-əsrlərə yaşayaraq müasir dövrümüzə gəlib çatan iki dahi sənətkarın "qarşılaşdırılmasını" bu əsərlərdə izləyərək uca şeir dünyasında ölümsüzlüklərinə şahid oluruq.

***

Təbii ki, Nəsimi yaradıcılığı ilə Herat hökmdarı Sultan Hüseyn Bayqara da tanış idi. Hüseyn Bayqaranın Nəsimi irsinə olan rəğbətinin nəticəsi idi ki, onun tapşırığı ilə Əmir Kəmaləddin Hüseynin yazdığı "Məcalis ül-üşşaq" əsərində "Haqq aşiqi" Nəsimi haqqında, xüsusən onun faciəli ölümündən ayrıca danışılır". Əsərin Nəsimiyə aid olan bölümündən professor Mirzəağa Quluzadə misal göstərərək qeyd edir ki, "Nəimi nəfəsindən gələn nəsimiləri qoxulayan Əmir Seyid İmadəddin Nəsimi adı ilə məşhurdur. Qərib bir aşiq idi. Cavanlıqda aşiq olmuş, bilikli və incə sözləri dərk edən bir adam idi, şairin sözünü anlamadılar. Onu cəzalandırmaq istədilər. Hələbdə zahiri üləmadan bir münkir ondan soruşdu: bu cavanın üzündə nə görürsən ki, bu qədər həyəcan və məstlik göstərirsən? Cavab verdi ki, onun üzünün aynasında haqqın (Allahın) surətini müşahidə edirəm. Münkir dedi: biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür. Şair dedi: bu dövlət quşu sizin qabiliyyətinizi özünə yuva etmədi". Bu fəsil Nəsiminin bir qəzəli misal gətirilərək yazılmışdır.

XV əsr özbək şair və mütəfəkkirləri arasında çox böyük şöhrət qazanan Nəsimi və onun yaradıcılığı "öz zamanında məşhur şair, arif, mütəfəkkir kimi tanınan, Nəvainin mürşüdü, şair Mövlana Lütfinin də nəzərindən qaçmır. Nəvainin "Söz mülkünün sultanı" ("Məlik ül-kəlam") adlandırdığı, çağatay türkcəsində ən yaxşı şeirlər yazan Mövlana Lütfi Nəsiminin bir sıra şeirlərinə nəzirə yazmış, fəlsəfi-hürufi məsləkinə sadiq qalmış və onun şeirdə işlətdiyi istilahlar əsasında qəzəllər yaratmışdır.

Ey hüsnü camal, əhli xadimlərə sultansan, 
İnsan sifəti birlə sən surəti-rəhmansan!

- misralarında da göründüyü kimi, Lütfi də Nəsimi təsirindən doğan eşqlə insanı Allah surətində ucaldır". Mövlana Lütfi dövrünün dərin zəkalı şairi olmuşdur. Onun şeirlərinin səsi-sorağı Azərbaycana gəlib çatmışdır. "Şahrux və Uluğbəy sarayını tərk edərək Krıma və Azərbaycana səyahətə çıxan Lütfi şeirlərinin yayılmasında bir yol da bu olmuşdur. Özbəkşünas alim Qulamhüseyn Əliyevin təbirincə, Nəsiminin "Susadı" rədifli qəzəlinə -

Gül kimi gülə-gülə gəl aradan pərdə götür 
Ki, üzün görməginə dideyi-giryan susadı. 
Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilət 
Kim, anın diqqətinə dürr ilə mərcan susadı...

Lütfinin yazdığı eyni rədifli "Suvsadi" nəzirəsini göstərə bilərik:

Lütf qıl, vəslin zülali birlə, ey abi həyat,
Kim, könül can birlə şövq otidə yoxsan suvsadi,
Gördü Lütfi gah dodağında piyalə teqadur,
Qüssədən, vallah, onun qanına candan suvsadı.

Bu qəbildən onun başqa şeirlərini də göstərə bilərik. XV əsrdə yaşamış məşhur Şeyxzadə Ətayinin qəzəllərində Nəsimi üsyankarlığı aydın görünür. Bu əsrdə yaşamış bütün şair və alimlər arasında Nəsimi heyranlıqla qəbul edilmiş və iqtibas mənbəyi olaraq ondan ruhlanmış, gözəl əsərlər yaratmışlar.

Azərbaycan-özbək ədəbi əlaqələri tarixində Nəsimi xüsusi bir səhifədir. Ürgənc şairi Əsiri 1775-ci ildə Nəsimi haqqında ayrıca bir dastan yazmışdır. Tədqiqat mənbələrində göstərilir ki, həmin dastan - "Nəsimi" dastanı özbək folklorşünası mərhum Hadi Zərifovun şəxsi kitabxanasındadır. Əsər maraqlı və orijinal məzmuna malikdir. Əsərdəki bütün hadisələr Nəsiminin həyatı ilə həmahəngdir. XVII əsrdə Nəsimi təsiri ilə yazan digər özbək şairi Babarəhim Məşrəb olmuşdur. Məşrəb gənc yaşlarında Özbəkistanın iri şəhərlərini dərvişanə gəzərək din xadimlərinin iç üzlərini, onların cəhalət oyunlarını tənqid etmiş, insanlığın ali hisslərini təbliğ etmişdir. Məşrəb də Nəsimi kimi din fitnəkarlarının fitvası ilə ittiham olunmuşdur. Onu, "Qisseyi-Məşrəb" dastanındakı hürufilik əqidələrini ittihama əsas tuturaq Bəlx hakiminin hökmü ilə 1711-ci ildə kafir kimi dar ağacından asmışdılar. Göründüyü kimi, Nəsimi şeiriyyətinin gücü özbək poeziyasında dərin izlər açmaqla bərabər, iki xalqın əbədi əlaqələr tarixində də böyük və mühüm rol oynamışdır.

Nəsimi obrazını "Memar" romanında yaradan XX əsr şairi, yazıçısı Mirmöhsünün fikirləri də bədii cəhətlə yanaşı, elmi nöqteyi-nəzərdən də əhəmiyyətli faktdır: "Azərbaycan həmişə sonsuz məhəbbətlə yad etdiyim doğma ocaq deyil, həm də mənim tükənməz mövzumdur. Ömrüm boyu onu vəsf etməkdən, şəninə-şöhrətinə, qəhrəmanlığına əsərlər yazmaqdan yorulmaram. Hələlik bu müqəddəs borcu ancaq bu əsərdə qaytarmağa çalışmışam. Romanda görkəmli mütəfəkkir, ölməz şair, söz sərrafı Nəsiminin surətini yaratmaq istəmişəm. Bu təkcə yazıçı borcum deyil, həm də böyük tarixə, mədəniyyətə malik olan ulu xalqa, qardaş torpağına - Azərbaycana bəslədiyim sonsuz hörmət və məhəbbətin yeni ifadəsidir".

Nəsiminin şeirləri, qeyd etdiyimiz kimi, hələ sağlığındakən əlyazma şəklində özbək ədiblərinin əlinə keçmişdir. Söhbət açdığımız bu mövzu ətrafında qeydlər apararkən özbək tədqiqatçısı, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin yaradıcılıqları barəsində bir sıra əsərlər yazıb nəşr etdirmiş akademik Vahid Zahidovun, tanınmış özbək alimi Erqaş Rüstəmovun "Sevilən poeziya", özbək alimi Həsənxoca Məhəmmədxocayevin "Qardaşlıq duyğuları" monoqrafiyasında, Qulamhüseyn Əliyevin "Nəsimi və özbək ədəbiyyatı" və digər araşdırmaları deyə bilərik. Bu tədqiqatlarda Nəsiminin özbək ədəbiyyatına olan təsirindən, özbək ədəbiyyatında Nəsimi irsinin rolundan danışırlar.

Beləliklə, təqdim olunan araşdırmada Nəvainin "Nəsaim ül-məhəbbət" təzkirəsində və "Haləti-Pəhləvan Məhəbbət" risaləsində Nəsimi obrazının işıqlı izlərinə nəzər salınıb. Nəsimi ədəbi şəxsiyyəti və yaradıcılığı haqqında onunla eyni əsrdə yaşamış klassik sənətkarın - Əlişir Nəvainin qələmindən çıxan əsərlərin nə qədər ciddi əhəmiyyət daşıması günümüz üçün də aktualdır. Bununla yanaşı, özbək ədəbiyyatı səhifələrində Nəsimi ilə bağlı bir çox əsərlərə də nəzər yetirilmişdir. Nəsimi irsinə Lütfi və digər orta əsr klassikləri yaradıcılıqları kontekstində baxış, XX əsrə aid elmi-nəzəri əsərlər tədqiqatçılar üçün gərəkli və əhəmiyyətlidir.

Yenililklər
19.06.19
Satirik şair Mirhəsən Münsifin əsərləri nəşr olunub
19.06.19
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib
19.06.19
“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyası nəşr olunub
19.06.19
Daşkənddə İmadəddin Nəsiminin özbək dilində kitabı çap olunub
18.06.19
Bəsirə Əzizəli - Əhməd bəy Ağaoğlu yaradıcılğında türk və islam dəyərləri
18.06.19
Bədirxan Əhmədli Hindistan elmi jurnalının redaksiya heyətinə üzv seçilib
14.06.19
Azərbaycan televiziyası - yeni simada
13.06.19
“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib
13.06.19
Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı olub
13.06.19
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
12.06.19
Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdim olunub
12.06.19
Leonardo da Vinçinin şedevr əsərlərindən biri tapılıb
12.06.19
Famil Mustafayevin verdiyi qərarı haqlı hesab edirəm
12.06.19
Xalq yazıçısı Elçinin Almaniyada yeni kitabları işıq üzü görüb
10.06.19
AzTV-də Bədii Şuranın növbəti iclası keçirilib
10.06.19
Milli Dram Teatrı “Ölülər”i yenidən təqdim edib
10.06.19
Rəşid Behbudovun xatirəsi anılıb
04.06.19
Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli beynəlxalq konfransda iştirak edib
04.06.19
XVI əsrə aid “Kitabi-tibbi-mənzum” əsəri nəşr olunub
30.05.19
"Qafqaz-Media" fəaliyyətində fərqlənənləri təltif etdi
29.05.19
Bədirxan Əhmədli: "Mədəniyyətlərarası dialoqda ədəbi əlaqələrin mühüm rolu var"
29.05.19
Bəsirə Əzizəli - Vladimir Nabokovun “Haram damğası” romanı: siyasi məzmun, ironiya, ölüm
29.05.19
Türkiyədə “Anastas Mikoyan. Bolşevik bir erməninin etirafları” kitabı nəşr olunub
27.05.19
"Özümüzdən böyük Sözümüz" təqdim olundu
27.05.19
Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb
23.05.19
Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində
23.05.19
Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap edilib
23.05.19
Bakı Dövlət Universitetində Füyuzat Mərkəzinin açılışı olub
23.05.19
Dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
22.05.19
Oman yazıçısı Buker mükafatına layiq görüldü
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.