Həyat, söylə, sən kiminsən... - Cəfər Cabbarlı - 120
21.02.19

Vüqar ƏHMƏD
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Mətbuat tarixi və publisistika" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor 

Nə gözəl bir gündür bu gün. Sanki kimsənin dərdi-səri, qüssəsi yoxmuş. Hər yerdən musiqi, çalıb-oxumaq, gülüş səsləri gəlir. Sanki həyat yalnız firavanlıqdan, insanlar xoşbəxtlərdən ibarət imiş.

... Kömürçü Qafar kişi zahirən olmasa da, qəlbində ikiqat sevinc içindədir. Çünki Novruz sevinci ilə yanaşı, ona Uca Allah tərəfindən bir mükafat da verilib. Belə ki, həmin gün onun oğlu dünyaya gəlib.

Bu hadisədən üç il keçəndən sonra Qafar kişi dünyasını dəyişdi. Onun yoxluğu ailənin vəziyyətini olduqca ağırlaşdırdı. Kişi zəhmətinə, kişi əməyinə, kişi gücünə bağlı olan kənd həyatı, ailə başçısının yoxluğundan Xızıda qərar tuta bilmədi və Bakıya qohumlarının yanına köçməyə məcbur oldu.

Bir neçə il belə keçdi. Balaca Cəfər anasının bişirdiyi çörəkləri şəhər bazarlarında, meydanlarında satıb ailəsinə kömək eləyirdi. Lakin anası Şahbikə xanım onu heç olmasa təhsildən məhrum etməmək üçün əvvəl məhəllə mollasının yanında "Çərəkə", sonra Molla Qədirin yanında Quran oxumağa qoyur. Müqəddəs Quranı çıxandan sonra balaca Cəfər 1905-ci ildə Starıy Poçtovıy küçəsi 25-də yerləşən Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üç sinifli "Yeddinci Müsəlman-rus məktəbinin birinci sinifinə daxil olur. Cəfərin ilk müəllimləri Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlınski, Əliməmməd Mustafayev idi. O, 1908-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirir, bir müddət ailəyə kömək eləyir. Sonralar Bakıda Alekseyev adına üçüncü ali ibtidai məktəbdə oxuyur. 1915-də ildə buranı bitirib sənədlərini Bakı-Texniki Məktəbinin elektro-mexanik şöbəsinə verir. Hələ ibtidai məktəbdə oxuduğu zaman müəllimlərin təsiri ilə Azərbaycan və rus şairlərini mütaliə edir və özü də şeir yazmağa başlayır. Onun əlyazmaları içərisində hələ tam bitməmiş bir neçə hekayə, şeir, opera mətni və roman vardır. Bu yaxınlarda professor Asif Rüstəmli ədibin şəxsi arxivindən üzə çıxan on üç yaşında qələmə aldığı "Kazım bəy" romanını latın qrafikasına çevirərək çapa hazırlayır.

İstər rus-müsəlman məktəbində, istərsə də Alekseyev adına üçüncü ali məktəbdə oxuyan zaman o, həm müsəlman Şərqinin korifeyləri Nizaminin, Nəsiminin, Füzulinin həyatına, yaradıcılığına, həm dünya ədəbiyyatı klassiklərinin, həm də rus mütəfəkkirləri Dostayevskinin, Tolstoyun, eləcə də Puşkinin bədii irsinə bələd olur, öyrəndikcə öyrənir, dramaturgiyanın qaydalarını yaddaşına həkk edir, eyni zamanda, klassik şeirin poetik qəliblərini, bədii ifadə vasitələrini əxz edirdi. Bütün bunlar Cəfərin həm şair, həm yazıçı-dramaturq, həm də güclü bir vətənpərvər kimi yetişməsinə zəmin yaradırdı.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə hesab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C.Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.                  

Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür! 
Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür! 

Sən kimi çoxları gəlib, bənd eləyib cəmaəti, 
Hamısının çərən-pərən, boş danışıqdır adəti.
Xalqa ziyan verib hamı, zaid edib şəqavəti; 
Boş yerə yorma ağzını, dadü nəvadan əl götür, 
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!         

"Cəfərin şeirləri axıcı və mənalı idi. Abdulla Şaiqdən sonra yeni məktəbdə onu şeir yazmağa gənc müəllimlərdən Pənah Qasımov və sinif yoldaşı, ədəbiyyata, teatra dəlicəsinə vurğun Hacı Cabbarzadə (Hacınski) sövq edirdi. Hətta, Hacı Cabbarzadə (Hacınski) onun bəyənilən lirik və satirik şeirlərindən bir qismini qəzet və jurnallarda nəqşini tövsiyə edir, bu istiqamətdə ona yaxından köməklik də göstərirdi".

Bir-birinin ardınca "Vəfalı Səriyyə", yaxud "Göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini bəzəyən əsərlər yazmış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir. Onun yaradıcılığı zaman etibarı ilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrün, 1915-1934-cü illər arasındakı 20 illik bir tarixi mərhələni əhatə edir. O, yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır.

Cabbarlının yaradıcılığını vərəqləyərkən onun bədii ədəbiyyatın hər bir sahəsində fəaliyyət göstərdiyini görürük. Yazıçının yaradıcılığında hekayə janrı da özünəməxsus yer tutur. Heç təsadüfü deyil ki, onun yuxarıda qeyd edildiyi kimi, hələ 16 yaşında ikən qələmə aldığı "Aslan və Fərhad" hekayəsi əslində, böyük bir əsərin mövzusudur ki, C.Cabbarlı bu mövzunu kiçik bir hekayədə olduqca ustalıqla, peşəkarlıqla, insanın tükünü ürpəşdirən dramatik səhnələrlə əhatə etmişdir. Hekayədə Aslan və Fərhad adında iki qardaşdan danışılır. Hekayənin başlanğıcında Cabbarlı bir müəllif olaraq öz dilindən belə yazır:

"Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəssər bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm".

Dramatik səhnələrlə zəngin bir mövzunu niyə faciə-dram əsərinə çevirməməsinin çox güman ki, səbəbi bu əsərin sosializmin dar çərçivəsinə sığmayacağından irəli gəlirdi. Bir də ki, yəqin fikir verdiniz, burda bir gün Uca Allah tərəfindən hökmən baş verəcək qiyamət günündən də söz açılır. Bütün bunlar da dahi sənətkarın sovetlər dönəmində bizlərə təqdim olunduğu kimi ateist, materialist, allahsız kimi deyil, Uca Allaha möhkəm inanan, eyni zamanda, olduqca vətənpərvər, yəni Azərbaycanın müstəqilliyini istəyən bir insan olduğu açıqcasına görünür. Lakin Cəfər Cabbarlının hətta güclü bir iman sahib olduğu onun məhz Azərbaycanın üçrəngli bayrağına həsr etdiyi müəzzəm bir şeirdə öz əksini tapır: 

Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım,
Bu sevimli üç boyalı, üç mənalı bayrağı. 
Mələklərin qanadım üzərinə kölgə salan?
Nə imiş bu aman Allah?! Od yurdunun yarpağı. 
Göy yarpağlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır? çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.  

"Azərbaycan Cümhuriyyətinin bu dövlət atributuna saysız-hesabız şeirlər, nəğmələr həsr olunsa da, üç boyalı, ay və səkkiz ulduzlu milli bayrağın simvolika acımını ilk dəfə poeziyaya gətirən Cəfər Cabbarlıdır. Onun "Azərbaycan bayrağına" şeiri milli rəmzlərimizin ilk poetik əlifba dərsliyidir. Milli ruhlu Azərbaycan gəncliyinin maariflənməsində, ictimai şüurun oyanışında C.Cabbarlının poetik irsinin əhəmiyyəti danılmazdır. "Sevimli ölkəm", "Sevdiyim", "Azərbaycan bayrağına" şeirləri mövzusu, ideya istiqaməti, fonematik səslər sistemi, musiqiyə uyarlığı etibarilə milli himnin yaranması prosesində təməl, mərhələ missiyasını daşıyan layiqli sənət nümunələridir" (1.s.69).

Sovetlər dönəmi zamanında belə bir fikir formalaşmışdı ki, Cəfər Cabbarlı zatən bütün yaradıcılığı boyu İslam ehkamlarına, İslam qanunlarına qarşı mübarizə aparmışdır. Söz yox ki, bunu onun bəzi əsərlərində görmək olar. Lakin əslində, bu tamamilə belə deyildi. Cabbarlı olduqca peşəkar, necə deyərlər qələmini bir zərgər dəqiqliyi ilə işlədə bilən sənətkar idi. Əslində, elə indicə dinlədiyimiz şeirə rəğmən də deyə bilərik ki, sənətkar heç vaxt İslam dininə qarşı mübarizə aparmamışdı. O, İslam ehkamlarına, İslam qanunlarına çox yaxşı bələd idi və bu mütərəqqi dinin nə qədər işıqlı, nə qədər cahanşümul bir din olduğunu olduqca gözəl bilirdi. Bu səbəbdən də onun 1920-ci ilə qədər yazdıqları əsərlərin arasında insanları küfrə çağıran heç bir işarət yoxdur. Lakin 1920-ci ildə 11-ci Oızıl Ordu Azərbaycanı işğal edəndən, Azərbaycanın müstəqilliyinə son qoyandan etibarən Şura hökümətinin iti qılıncı bir çox qabaqcıl ziyalılarımızın, vətənpərvər insanlarımızın başını kəsdi və ona boyun əyməyənlərin mütləq boynunu vuracağını nümayiş etdirdi. Cəfər Cabbarlını isə Azərbaycan Demokratik Cumhuriyyəti aparatının ən fəal üzvlərindən biri olduğu üçün həbs edib "Palaç" ləqəbli general Pankratovun "Osobıy otdel" deyilən zirzəmisinə gətirib iki aydan yuxarı işgəncə verdilər.

Diqqət edin! Bütün mövcudat, bütün məxluqat ləilahəilləllah deyir, lakin təkcə Elxan bunu inkar eləyir! Söz yox ki, bu da öz növbəsində Cəfər Cabbarlının sözaltı mənalarla Uca Allahın varlığını, Ondan başqa Allahın olmadığını açıq-aydın təsdiq etdiyini subuta yetirir.Bütün nəslinin kəsiləcəyindən qorxan Cəfər Pankratovun əmrlərinə riayət eləməyə məcbur oldu, lakin hələ cəmisi iyirmi bir yaşı olmağına baxmayaraq, qələmini sözaltı mənalarla olduqca ustalıqla işlədə bilən ədib Pankratovun zindanından çıxandan sonra yazdığı bütün əsərlərdə məna içində məna verdi. Məsələn, həmin zindandan çıxandan sonra qələmə aldığı və həmin vaxtdan etibarən yüz dəfələrlə tamaşaya qoyulan "Od gəlini" əsərində əslində, Azərbaycan xalqının qəhrəman oğlu Babəkin obrazı kimi çözülən Elxan ərəb xilafəti tərəfindən edam olunmamışdan hayqırır; - "Hamı deyir ləilahəilləllah, lakin mən demirəm!"

"Od gəlini" tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. "Od gəlini" əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir. Heç bir əsər üzərində Cabbarlı "Od gəlini" qədər çox və səylə işləməmişdir.

Sovet tənqidinin "ateist ruhlu", dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.

Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində yazırdı ki, "Od gəlini"ni Cəfər "Çeka" həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar" qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini qəbul etməyə məcbur edirlər.

Onun mübarizəsi haqsızlığa, ədalətsizliyə qarşı idi. Onun bütün əsərləri, istər Azərbaycan müstəqil olana qədər, istər ondan sonra, istər də Azərbaycanda Şura höküməti qurulana qədər ədalətsiz, namərd, yalançı, saxtakar, xalqın qanını soran, fitnə-fəsad törədən, vətən satan, əxlaqsız insanları ifşa edir, zümə məruz qalmış, məşəqqətlərlə yaşamış, zülmkar insanların zalımlığı ucbatından günahsız olaraq zindanlara atılmış, işgəncələr verilmiş, döyülmüş, təhqir olunmuş insanların acı taleyinə çıraq yandırırdı. Otuz beş illik ömründə qələm tutandan bəri qələmini heç vaxt yerə qoymayan sənətkar öz möhtəşəm, olduqca dəyərli əsərlərində xalqına xoşbəxt gələcək, işıqlı sabah, firavan həyat arzulayırdı.

Fəqət sənətkarın ifşa elədiyi insanlardan biri də ən gözəl əsərlərindən biri "Sevil" əsərindəki Balaş obrazıdır. Azərbaycan dramaturgiyası xəzinəsinin qızıl səhifələrindən biri olan bu pyesi oxuyanlar, onun tamaşasına baxanlar çox gözəl bilirlər ki, Cabbarlı Ediliya obrazını bir erməni qadını olaraq xarakterizə etmişdir. Fəqət Şura hökəmitinin iti qılıncının altında olduğu üçün buna başqa rəng verərək, guya onu erməni deyil, zatən milləti bilinməyən bir obraz kimi qələmə vermişdir. Təsadüfi deyil ki, Ediliyanı, vaxtilə məhz onun fitvası ilə binamus Balaşın evdən qovduğu Sevilin Moskvada təhsil alandan sonra yazdığı "Türk qadınlarının azadlıq yolu" əsəri olduqca qıcıqlandırır və Ediliya bir türk qızının belə bir əsər yazdığna heç zaman inanmayacağını söyləyir. Şübhə yoxdur ki, Cəfər Cabbarlı əxlaqsız erməni qadını Ediliyanın simasında bütün ermənilərin azərbaycanlıların inkişaf etməsini, maariflənməsini, təhsil almasını, gözlərinin açılmasını istəməməsini, ən əsası isə xalqımıza, millətimizə dəhşətli dərəcədə nifrət eləməsini nümayiş etdirir. Balaş isə hər şeyini - simasını, əqidəsini, mənliyini öz şəhvətinə qurban edən layətsiz bir insandır ki, hicaba bürünmüş, əxlaqı gözəl, tərbiyəli, namuslu, zəhmətkeş zövcəsi Sevili erməni qadın Ediliyanın fitvası ilə evdən qovur. Lakin Sevil Moskvada təhsil alıb Bakıya dönəndən sonra onu müasir görkəmdə görən kimi nəfsinin tələbi ilə ayaqlarına qapanır.

Cəfər Cabbarlı bir-birindən möhtəşəm əsərlər yaratdı, belə ki, bu əsərlərin hamısının öz çəkisi, öz ölçüsü var və əvvəldə qeyd etdiyim kimi, yaradıcılığının təxminən iyirmi illik dövründə bədii ədəbiyyatın bütün janrlarına baş vurdu, özü də heç vaxt büdrəmədi, yıxılmadı, həmişə sınaqdan üzüağ, alnıaçıq çıxdı. Bir sözlə, Uca Allahın ona bəxş etdiyi qısa ömrü olduqca səmərəli keçirtdi, heç zaman qızıl dəqiqələrini boşa xərcləmədi, daim çalışdı, yazdı, yaratdı. Fəqət bu dahi sənətkar üçün həyatda elə bir varlıq var idi ki, heç bir xilqəti onunla yanaşı qoya bilmirdi. Bu isə onu həyata gətirən, saçını süpürgə, qollarını odlu kösöv edən, kipriyilə od götürən Şahbikə ana idi ki, onu olduqca əziyyətlə böyütmüş, özü ac qalıb onu yedirtmiş, eyni zamanda, onu oxutdurmuş və Azərbaycan xalqına bir töhfə olaraq vermişdi. Cəfər də anasının haqqı-sayını, əziyyətlərini, zəhmətlərini layiqincə dəyərləndirmiş və oxucunu ehtizaza gətirən, kövrəldib gözyaşları axıtmağa məcbur edən, poetik qəlibləri özündə ehtiva edən, ən əsası isə müqəddəs ana obrazını bütün mənəvi keyfiyyətləri, nəcib sifətləri ilə göz önündə canlandıran olduqca dəyərli və möhtəşəm bir əsər meydana gətirmişdir.

Əgər bütün bəşəriyyət ədüvvi canım ola,
Ürək suqut eləməz aldığı mətanətdən.
Ricavu xovfə məkan vermərəm gər alimlər,
Min il də vəz edələr dəhşəti qiyamətdən. 

Pələnglər tuta dövrüm, çəkilmərəm əsla,        
Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
Ki, bir kəsə baş əyib, əczimi bəyan eyləyim,
Əyilmərəm nə ki, yer, versələr səmanı mənə.         

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi xəyalətdə.
Yatar, ölər bədənim, nitqidən düşər bir söz,
"- Ana... Ana... Sənə mən rahibəm itaətdə!.. 

Hamının bildiyi kimi, Cəfər Cabbarlının dramaturgiyası bir teatr məktəbi, bir aktyor məktəbidir. Hələ sağlığından bəri Azərbaycanın ən qüdrətli, ən peşəkar aktyorları onun dram əsərlərində müxtəlif obrazlar 

yaradaraq, yetişərək xalqın sevimlisinə çevrilmişlər. Nədir bunun səbəbi?! Dünyanın, Avropanın, Rusiyanın tanınmış dramaturqlarının əsərlərinin təsirimi?! Yoxsa böyük ədibin öz sələflərindən qidalanmasımı?! Söz yox ki, insan bir sənətkar kimi yetişməkdən ötrü özündən əvvəlki sənətkarların əsərlərini mütaliə etməli, sənətin qayda-qanunlarını öyrənməli və öyrənə-öyrənə sənətdə özü üçün bir cığır açmalıdır. Cəfər Cabbarlı çox mütaliə edib, çox öyrənmişdi və məhz elə bu səbəbdən də artıq lap gənc yaşlarından sənətin dərinliklərinə baş vura bilmişdi. Lakin istedad deyilən bir şey var ki, o, hökmən insana Uca Allah tərəfindən verilməlidir. Əgər Ulu Yaradan bir insana istedad verməyibsə, həmin insan həyatı boyu sənətin zirvəsinə qalxmaq üçün durmadan çalışsa belə, sənət pilləkəninə heç yaxın dura bilməz.

Cəfər Cabbarlı çox çalışırdı, çox zaman gecələr belə yatmırdı, lakin onda Uca Xaliq tərəfindən verilən fitri bir istedad var idi ki, bu istedad ona həm sağlığında, həm dünyasını dəyişəndən sonra xalqın ruhunu oxşayan, onu düşündürən, həyatın bütün acılarını, şirinliklərini, əzablarını, sevinclərini əks etdirən, bəzən göz yaşı tökməyə məcbur edən, bəzən ovunduran, bəzən güldürən, əsl həqiqətdə isə dərindən düşündürən əsərlərinin obrazlarının eyni zamanda, olduqca sadə, rəvan, anlaşıqlı, tez yadda qalan dili, xarakterlərin dolğunluğu, biçimi, Azərbaycan aktyorlarının peşəkarlığını artırmaq, onlara əsl sənət həqiqətlərini anlatmaq üçün ən gözəl bir vasitə oldu. Bizdən qabaqkı nəsillər və biz məhz Cəfər Cabbbarlının dram əsərlərində yetişən yüzlərlə aktyorlarımızın bənzərsiz məharətlərini, parlaq istedadlarını gördük, duyduq və həmişə də görməkdə, duymaqdayıq. Onun hər hansı bir dram əsərinə baxsaq, nə qədər aktyorlarımızın məhz bu əsərlərdəki oynadıqları obrazlar vasitəsilə inkişaf etdiyini, püxtələşdiyini, ən əsası isə xalqın sevimlisinə çevrildiyini görərik. Hansını deyək?! "Solğun çiçəklər"imi, "Vəfalı Səriyyə"nimi "Oqtay Eloğlu"numu, "Aydın"ımı, "Almaz"ımı, "Sevil"imi,  "Od gəlini"nimi?! Və ilaxır və ilaxır... Bu əsərlər hələ ədibin sağlığından Azərbaycan teatr səhnələrinin bəzəyi olmuş, yüzlərlə aktyorun yetişib boy atmasına bir vəsilə olmuş və yəqin ki, həmişə belə olacaq.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının prezidenti cənab İham Əliyev böyük ədibin 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün sərəncam imzalamışdır. Bu da öz növbəsində cənab prezidentimizin Cəfər Cabbarlıya qarşı olan hörmət-ehtiramı, sevgisidir. Vaxtilə böyük Heydər Əliyev də Cəfər Cabbarlının yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar vermiş, əsərlərini sevə-sevə oxumuş, onun dram əsərlərinin tamaşalarına böyük həvəslə baxmış və sənətkarın yubileylərində ürək dolusu danışmış, onun əsərlərinin Azərbaycan dramaturgiyasındakı müstəsna roluna böyük qiymət vermişdir. Məhz Ümummilli liderimiz Heydər Əliyev Cəfər Cabbarlıya Bakının mərkəzində fundamental, möhtəşəm abidə qoydurmuşdur.

Əlbəttə, bütün bunlar heç də təsadüfü deyil! Yaxşı bir zərb misal var: "Zər qədrini zərgər bilər". Cəfər Cabbarlıya da ən yüksək qiyməti həm xalq, həm də böyük Heydər Əliyev verə bilərdi. Çünki Cəfər Cabbarlı həyatda baş verən təlatümləri, fırtınaları, ziddiyyətləri, faciələri, sevincləri, qaranlıqları, işıqları, bədbəxtlikləri, firavanlıqları, dramatik mənzərələrlə, poetik lövhələrlə  kiçik səhnələrə sığışdırmağı bacaran nəhəng bir sənətkar idi.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda da hal-hazırda ölkə başçısının dahi dramaturqun 120 illiyi ilə verdiyi sərəncama uyğun olaraq institutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi altında yubileylə bağlı tədbirlər planı tutularaq geniş hazırlıq işləri görülür.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.