Nizami Cəfərov - Afad Qurbanovun ümumi dilçilik dərsləri
27.02.19

Afad Qurbanov Azərbaycan ali məktəbləri üçün ümumi dilçilik dərsliyi yaratmaq  axtarışlarına 1960-cı illərin ortalarından başlamışdır.

2011-ci ildə "Elm" nəşriyyatının çap etdiyi ikicildlik fundamental "Ümumi dilçilik" kitabının "Ön söz"ündə Azərbaycan MEA-nın prezidenti Mahmud Kərimov  haqlı olaraq göstərir ki, "Azərbaycan dilçiliyində ümumdilçilik problemləri sahəsindəki ilk sanballı elmi araşdırmalar professor Afad Qurbanovun adı ilə bağlıdır. O, ümumi dilçilik sahəsinə dair davamlı olaraq tədris proqramları, kitablar, dərsliklər, dərs vəsaitləri yaratmışdır.

... A.Qurbanovun 1977-ci ildə çap olunmuş "Ümumi dilçilik" adlı dərsliyi  Azərbaycanın pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük əhəmiyyətə malikdir".

Həmin dərslik daha da təkmilləşdirilərək iki cilddə (I hissə, 1989; II hissə, 1993) nəşr edilmiş, əvvəl 2004-cü ildə, görkəmli alimin vəfatından sonra isə 2011-ci ildə ikicildliyin təkrar nəşri olmuşdur.

Afad Qurbanovun "Ümumi dilçiliy"i (və bütövlükdə ümumi dilçilik dərsləri) bizim üçün, bir tərəfdən, böyük tarixi təcrübədirsə, digər tərəfdən, həmin təcrübə üzərində təzahür edən elə bir müasirlikdir ki, ümumi dilçiliyin problemlərini, demək olar ki, bütün miqyası ilə təsəvvür etməyə (və öyrənməyə) hərtərəfli imkanlar açır.

Dərslik "Giriş"lə başlayır. Və burada dilçilik fənləri sistemində "ümumi dilçiliy"in yeri, məqsəd və vəzifələri, həcmi və quruluşu barədə kifayət qədər mükəmməl məlumat verilir.

Afad Qurbanov yazır:

"Ali məktəblərdə 1950-ci ilə kimi "Ümumi  dilçilik" fənnində, əsasən, N.Y.Marrın "Dil haqqında yeni nəzəriyyə"si və ümumi şəkildə yazı haqqında məlumatlar tədris edilirdi. Lakin 1950-ci il müzakirələrindən  sonra həmin fənnin məzmunu tam dəyişdirilmiş, buraya dilçiliyin müxtəlif sahələrinə dair başlıca problemlər daxil edilmiş və əsaslı şəkildə tədris olunmağa başlanılmışdır".

Əslində, Azərbaycanda ümumi dilçilik kursunun tədrisinin əsası 1919-cu ildə Bakı Dövlət Universitetinin (və onun tərkibində ümumi dilçilik kafedrasının) yaradılması ilə qoyulur. "Dilçiliyimizin məbədi (BDU-nun ümumi dilçilik kafedrasının tarixi)" kitabının müəllifi Adil Babayev göstərir ki, "ümumi dilçilikdən dərs deyən V.B.Tomaşevskinin, M.V.Belyayevin, P.O.Piloşevskinin xidmətlərini kiçiltmədən demək olar ki, onlar bu fənn üçün... B.Çobanzadə və başqaları qədər can yandırmamışlar... Bəkir Çobanzadə Bakıya gələn kimi 1924-cü ildə türkologiyada ümumi dilçiliyə aid "Türk- tatar lisaniyyatına mədxəl"... yarada bildi".

Professor Bəkir Çobanzadə "Mədxəl"də ümumi dilçiliyin mövzusunu kifayət qədər dəqiq müəyyən edirdi:

"Lisan elmində tədqiq mövzusu insanların nitqi, lisanıdır. Lisan isə ən ümumi və geniş mənada hiss və fikirlərimizi ifadə edən işarətlərin öylə bir məcmusudur ki, bunları hassələrimiz vasitəsilə fəhm və tələqqi etmək və eyni zamanda, iradəmizlə təkrar istehsal etmək mümkün olur".

Ancaq çox təəssüf ki, 1920-ci illərin ortalarından etibarən bütün Sovetlər Birliyində akademik N.Y.Marrın "dilçilikdə yeni təlim"i nəinki hakim olmağa, hətta tədricən yeganə həqiqi marksist dilçilik nəzəriyyəsi kimi qəbul edilməyə başladığından xüsusilə 30-cu illərin sonlarına doğru ümumi və ya nəzəri dilçilik axtarışlarına kəskin ideoloji məhdudiyyət qoyuldu. Və sovet dilçiliyinin tarixi üçün nə qədər paradoksal olsa da, tamamilə təbiidir ki, aparılan genişmiqyaslı "dilçilik müzakirələri" 50-ci illərin əvvəllində "yeni təlim"in - marrizmin məhz  antimarksizmdə ittiham edilməsilə başa çatdı.

Adil Babayev yazır:

"1961-ci ildə ümumi dilçilik kafedrasının dosenti  (sonra professoru) N.N.Məmmədov 1945-ci ildən oxumağa  başladığı mühazirələr əsasında "Dilçiliyin əsasları" adlıdərsliyini nəşr etdirdi. Bu əsər Azərbaycan dilçiliyində B.Çobanzadənin "Mədxəl"indən sonra ilk hadisə idi".

Sovet ideologiyasının üzvi tərkib hissəsi olan sovet, eləcə də Azərbaycan sovet dilçiliyi 60, 70 və 80-ci illərdə demək olar ki, az-çox mükəmməl bir ümumi dilçilik təlimi yarada bilmədi. Həmin illərdə tərtib olunmuş dərsliklərdə aparıcı "metod" dünyada geniş yayılmış (və SSRİ-nin hüdudlarına daxil ola bilən) ümumi dilçilik nəzəriyyələrinin məhz sovet ideologiyası mövqeyindən "tənqidi şərh"indən ibarət idi ki, həmin "şərhlər", bir qayda olaraq, məsələn, Vilhelm fon Humboldt, Ferdinand de Sössür, Leonard Blumfild, Lui Yelmselev... kimi dahi dilçilərin dil haqqındakı mülahizələrini çox hallarda təhrif edirdi. Bu baxımdan Azərbaycanda, ümumən müttəfiq respublikalarda vəziyyətin daha acınacaqlı olduğunu xüsusi qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, dünya dilçiliyi klassiklərinin əsərləri nəinki müttəfiq respublika xalqlarının dillərinə (o cümlədən, Azərbaycan dilinə), eləcə də əksəriyyəti rus dilinə tərcümə edilmədiyinə görə ən populyar nəzəriyyələri belə, ilk mənbədən öyrənmək mümkün deyildi.

Əvvəl Afad Qurbanovun (1977), sonra isə Ağamusa Axundovun (1979) "Ümumi dilçilik" dərsləri məhz belə bir siyasi- ideoloji şəraitdə meydana çıxdı.

Afad Qurbanov xatırladır ki, ümumi dilçilik problemləri müəyyən illər ərzində  iki müstəqil fənn kimi tədris olunmuşdur:  "Dilçiliyə giriş" və "Ümumi dilçilik".

1985-ci ildən ali məktəblərdə dilçiliyin əsaslarını təşkil edən problemlər "Ümumi dilçilik" adı altında bir fənn kimi tədris edilməyə başlanılmışdır".

İlk "Ümumi dilçilik" dərsliyi müəllifinin elmi-metodik baxımdan tamamilə əsaslı təşəbbüsü, çox təəssüf ki, bugünə qədər müəyyən maneələrlə qarşılaşmaqda, universitetlərimizdə həm dilçiliyə giriş, həm də ümumi dilçilik fənləri tədris olunmaqdadır. Əlbəttə, eyni fənnin bu cür "mərhələli" tədrisi, bir tərəfdən, təkrarçılığa, digər tərəfdən isə, onun tələbələrdə iki müxtəlif fənn (və nəticə etibarilə, fərqli elmlər) təəssüratı yaratmasına gətirib çıxarır. Odur ki, həmin süni paradoksun aradan  qaldırılmasına, heç şübhəsiz, ciddi ehtiyac vardır.

Afad Qurbanov yazır:

"Dilçilik fənləri sistemində xüsusi yer tutan "Ümumi dilçilik" fənni filoloji təhsilin məzmununu zənginləşdirməkdə və onun səviyyəsini yüksəltməkdə xüsusi  əhəmiyyətə malikdir. "Ümumi dilçilik" fənnini düzgün təsəvvür etmək üçün ilk növbədə iki anlayışı - ümumi dilçilik sahə kimi və ümumi dilçilik fənn kimi - bir- birindən fərqləndirmək lazımdır. Ümumi dilçilik sahə kimi olduqca geniş anlayışdır. Dil haqqında elmin ümumi dilçilik sahəsi dedikdə bütün ümumi nəzəri məsələlər buraya aid olur. Lakin ümumi dilçilik fənn kimi dar mənada, tədris mənasında götürülən anlayışdır. Buna görə də "Ümumi dilçilik" fənnində dilçiliyin bütün fənlərinin əsaslarını təşkil edən müəyyən problemlərdən normativ şəkildə bəhs olunur. "Ümumi dilçilik" fənni bəzən "Dil nəzəriyyəsi", "Dilçilik nəzəriyyəsi" və "Dilçiliyin əsasları" kimi də adlandırılmışdır. Son müzakirələrdə fənnin adı birmənalı olaraq "Ümumi dilçilik" formasında məqsədəuyğun sayılmışdır".

Afad Qurbanovun "Ümumi dilçiliy"i iki cilddə nəşr olunsa da, ümumi dilçilik problemlərini bütün mövcud miqyası ilə əhatə etmək baxımından bütöv bir əsərdir. Lakin nəşrdə həmin bütövlüyə məhz texniki baxımdan əməl olunmadığına görə  metodiki yanlışlıq yaranır. Belə ki, birinci cild artıq dörd bölməni əhatə etdiyindən, ikinci cild birinci yox, beşinci bölmədən başlanmalı idi. Çünki "Ümumi dilçilik" dərslik-monoqrafiyası quruluşu etibarilə, faktik olaraq, altı bölmədən ibarətdir:

I. Dilçiliyin ümumi problemləri.

II. Dil və onun xüsusiyyətləri.

III. Dillər və onların təsnifi.

IV. Yazı nəzəriyyəsi məsələləri.

V. Dillə əlaqədar məsələlərin nəzəri əsasları.

VI. Dil tədqiqatının mərhələləri və metodları.

Ağamusa Axundovun "Ümumi dilçilik" dərsliyinin quruluşu bundan fərqlidir:

I. Dilçilik tarixi.

II. Dilçiliyin nəzəriyyəsi.

III. Dilçiliyin metodları.

Lakin ümumdilçilik problemlərinin əhatə olunması baxımından müəyyən uyğunluqlar da yox deyil. Sadəcə, Ağamusa Axundov öz dərsliyinə "Dilçiliyə giriş" məsələlərini və ya mövzularını daxil etməmiş, Afad Qurbanov isə ümumdilçilik problemlərini, ardıcıl müdafiə elədiyi elmi-metodiki konsepsiyaya uyğun olaraq, "Dilçiliyə giriş"lə "Ümumi dilçiliy"ə ayırmamışdır.

Afad Qurbanovun kitabında birinci bölmə xeyli geniş olub 1) dilçilik elmi və onun obyekti, 2) dilçilik elminin yaranması və inkişafı, 3) dilçiliyin mövqeyi, 4) dilçiliyin əlaqəsi, 5) dilçiliyin sahələri və 6) dilçiliyin şöbələri kimi ümumi problemləri əhatə edir.

Müəllif yazır:

"Dilçilik anlayışını ifadə etmək üçün Azərbaycan dilində dilçilik, dilşünaslıq, linqvistika və dil haqqında elm terminlərindən istifadə olunur. Birinci terminin ünsürləri (dil+çi+lik) mənşəcə xalis Azərbaycan dili vahidlərindən ibarətdir. İkinci terminin (dil+şünas+lıq) tərkibindəki şünas morfemi fars mənşəli olub, həmin dildəki öyrənmək mənasını ifadə edən "şenaxtən" feilindəndir. Son zamanlar dil haqqında elm anlayışını bildirmək məqsədilə dilçilik ədəbiyyatında linqvistika termininin də işlədilməsinə rast gəlirik. Linqvistika termini latınca lingua (yəni dil) sözündən və yunanca - istika şəkilçisindən əmələ gəlmişdir. Hazırda  dilçiliyimizdə hər üç termin sinonim kimi işlənir; lakin dilçilik terminindən daha çox istifadə olunur".

Afad Qurbanov aydın izah edir ki, "dil olduqca mürəkkəb və həm də çoxcəhətli bir ictimai hadisədir. Onun elmi tədqiqi ilə təkcə dilçilik deyil, bir sıra başqa elmlər, o cümlədən, fəlsəfə, məntiq, psixologiya, antropologiya loqopediya, kibernetika elmləri də məşğul olur. Bu elmlərin hər biri dilə öz mövqeyindən yanaşır. Başqa sözlə desək, həmin elmlərin nümayəndələri dildə ancaq maraqlandıqları cəhətləri axtarırlar. Lakin dilçilik elmində dil geniş və hərtərəfli öyrənilir. Bu elm öz obyektinin hər iki cəhəti ilə, yəni həm zahiri səslənməsi, həm də daxili - məna cəhəti ilə maraqlanır. Bu cəhətlərə məxsus olan hər bir hadisənin təbiəti, mahiyyəti və xüsusiyyətlərini bütün incəliyi ilə öyrənir, bunların necə və nə üçün yarandığı səbəblərini obyektiv şəkildə aydınlaşdırır".

Məlumdur ki, ümumi dilçilik kursunun tədrisi, bir qayda olaraq, dilçiliyin tarixindən başlayır. Və yeri gəlmişkən qeyd edək ki, "Ümumi dilçilik" müəllifinin vaxtilə "Dilçiliyin tarixi" (1976) kitabı da nəşr olunmuşdu.

Afad Qurbanov göstərir ki, "dil haqqında elmin əsrlərə görə belə qeyri-bərabər inkişafı onun tarixini dövrləşdirmək problemini son dərəcə çətinləşdirir. Ümumiyyətlə, bu məsələyə dair filoloji ədəbiyyatda müxtəlif mülahizələr vardır. Belə ki, bəzi alimlər dilçiliyin tarixini üç dövrə, bəzi alimlər isə iki dövrə bölmüş və  XIX əsrə kimi olan dövrü qeyri-elmi, yaxud elməqədərki dövr adlandırmışlar. Əlbəttə, XIX əsrədək olan dövrü qeyri- elmi hesab etmək fikri doğru deyil, çünki hələ qədim dövrlərdə dilçiliyin çox mühüm problemlərindən, o cümlədən, dilin mənşəyi, mahiyyəti, cümlə üzvləri, nitq hissələri, qrammatik kateqoriyalar, sözün morfoloji tərkibi və sair müəyyən dərəcədə elmi surətdə şərh olunmuşdur".

Və müəllif öz dövrləşdirməsini təqdim edir:

"I dövr - Dilçilik rüşeymlərinin (dil haqqında görüşlərin) tədricən meydana çıxması, dil haqqında elmin təşəkkül yoluna qədəm qoyması (eramızdan əvvəl - yeni eranın IV əsri).

II dövr - Şərqdə nəzəri dilçilik mülahizə və görüşlərinin get-gedə çoxalması (V- XV əsrlər).

III dövr - Nəzəri dilçiliklə yanaşı, tətbiqi dilçilik axtarışları coğrafiyasının genişlənməsi (XVI- XVIII əsrlər).

IV dövr - Dilçiliyin tam müstəqil ictimai elm statusunu alması (XIX əsr).

V dövr - Dilçiliyin şaxələnməsi, elmi- tədqiqat metodlarının kəmiyyətcə zənginləşməsi, yeni perspektiv istiqamətlərin meydana gəlməsi (XX əsr - XXI əsrin əvvəli)".

Həmin dövrləşdirməyə uyğun olaraq dilçilik tarixi müfəssəl şərh edilir. Və  müəllif qədim Misir, qədim hind, qədim Çin, qədim yunan, qədim Roma dilçiliyi barədə müəyyən təsəvvür yaratdıqdan sonra orta əsrlər Şərq dilçiliyinə keçir. Əksər dilçilik tarixi mütəxəssisləri bu mənada, adətən, "ərəb dilçiliyi" və ya "ərəb-müsəlman dilçiliyi" anlayışlarından istifadə etdikləri halda Afad Qurbanovun "Şərq dilçiliyi"nə üstünlük verməsi, fikrimizcə, anlaşılan olub, elə bir ciddi mübahisə törətmir. Əksinə, o baxımdan daha məntiqi görünür ki, orta əsrlərdə ümumən elmi-mədəni təfəkkürdə Şərqlə Qərbin kifayət qədər sistemli oppozisiyası yaranır. Və dil haqqındakı elmdə də özünü  göstərən həmin oppozisiya o zaman aradan qalxır ki, Qərb yeni dövrün əvvəllərindən öz idrak prinsiplərini tədricən Şərqə diktə etməyə başlayır.

Orta əsrlər Şərq dilçiliyindən bəhs edərkən müəllif dahi türkoloq Mahmud Kaşğarinin məşhur "Divani-lüğat-it- türk"ünə (XI əsr) geniş yer ayırır. Və yazır:

"Mahmud Kaşqarlının "Lügət"i hazırkı lüğətlərdən olmayıb, linqvistik-nəzəri məlumatlarla zəngin dilçilik əsəridir. Bu əsərdə leksik-semantik məsələlərlə yanaşı, dilin fonetik xüsusiyyətlərinə, qrammatik quruluşuna dair də fikirlər irəli sürülür. Buna görə də haqlı olaraq dilçilik ədəbiyyatında bu əsər "türkoloji ensiklopediya" adlandırılır. Mahmud Kaşqarlının "Lüğət"i türk dillərinin tarixini öyrənməkdə ən mötəbər mənbələrdən biridir". /525.az/

Yenililklər
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
10.07.19
"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb
10.07.19
Ağstafada tarixi abidənin dağıdılması ilə bağlı araşdırma aparılır
10.07.19
Vudi Allen ilk dəfə “La Skala”da opera səhnələşdirib
09.07.19
Andre Moruanın kitabı Mahir N. Qarayevin tərcüməsində
09.07.19
Əyyub Məmmədov - Vaxt azalıb, gecikirsən ay ürək
08.07.19
"Qanun"dan yeni nəşrlər - Siyahı
08.07.19
Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb
05.07.19
“Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti cildi çapdan çıxıb
05.07.19
Avropa Şurasında “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib
04.07.19
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
04.07.19
Akşin Xəyal - Yad əl, doğma sığal
04.07.19
Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq
03.07.19
Gülnar Səma şöbə müdiri təyin edilib
03.07.19
Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
03.07.19
Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub
28.06.19
Gənc şair Oğuz Ayvazın "Adını pıçıldadığım” adlı yeni şeirlər kitabı işıq üzü görüb
28.06.19
“Metafizika” jurnalının 2019/2- ci sayı işıq üzü görüb
28.06.19
Nəsiminin dini-fəlsəfi görüşləri
28.06.19
İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq
28.06.19
Əbülfəs Qarayev: Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrs Siyahısına salınmasını təklif edəcəyik
27.06.19
Vasif Əlihüseyn - Ən gözəl rəsmini çəkdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.