Natiq Məmmədlidən Yeni Hekayə - Molyerin öldürüldüyü gün
29.03.19

Mən orada mədəniyyətin necə dəfn olunduğunu gördüm.

Teatrın baş rejissorundan aldığı cavaba uzun müddət özünü inandıra bilmədi. Telefon danışığı çox qısa çəkmişdi; gözləntisinin əksinə olaraq özünü yerli-yataqlı təqdim eləməyə, şirin sözlər deməyə ehtiyac qalmamışdı, gənc dramaturq olduğunu və ilk pyesini tamamladığını eşidən kimi rejissor sevincək səslə təcili əsəri teatra gətirib Bədii Şuraya təqdim eləməsini məsləhət görmüşdü. Gənc işlərin belə sürətlə gedəcəyini təsəvvürünə gətirməyə çətinlik çəkirdi. Yəni doğurdanmı tanınmaza-bilinməzə bircə dənə telefon zəngiylə ölkənin ən məşhur teatrının baş rejissorunun razılığını almaq olarmış? Yəni doğurdanmı, bir zamanlar xəyallarını qurduğun arzuların gerçəkləşməsinə bu qədər yaxınlaşıb? Çoxdan tamamladığı pyesini bunca aylardı işıq üzünə çıxarmadığına görə özünü məzəmmət də elədi. Hər şey rejissorun qəzetə verdiyi müsahibəsindən başlamışdı; çeynənmiş lətifələri təzə yazdığı hekayələr kimi qəzetin bütöv bir səhifəsində çap etdirmiş yazıçıya necə qəzəblənmişdisə, digər səhifədə rejissorun “Gənc istedadların sorağındayıq” sərlövhəli müsahibəsinə bir o qədər sevinmişdi. Ölkənin məşhur teatrının həm də bədii rəhbəri olan tanınmış rejissor yeni gənc imzalar axtardıqlarını, təzə istedadları üzə çıxarmaq üçün hətta strateji plan hazırladıqlarını deyir və müqəddəs mədəniyyət ocağının qapılarının əli qələm tutan hər kəsin üzünə açıq olduğunu dönə-dönə təkrarlayırdı. Gənc yazıçının uçmağa bircə qanadları kəm idi, müsbət cavabdan sonra qulaqlarına anşlaqla keçən premyerada tamaşaçıların hərarətli alqışlarının sədaları toxunmuşdu, hətta balaca otağındakı sınıq güzgünün qabağında bir neçə dəfə təzim də eləmişdi. Bir vaxtlar kor dumanın arasında yalnız onun gözlərinə görünən xəyalları indi aydın səmada uçuşan qaranquşlara çevrilib baharın yaxınlaşdığını xəbər verirdi.

Rejissora öz müsahibəsindən daha çox prinsipiallığı, həm də qrafomanlığı ilə ad çıxarmış ölkənin adlı-sanlı tənqidçisinin təqdimatında bu vaxta kimi diqqətini cəlb eləməmiş yazıçının hekayələri ləzzət eləmişdi. Ona elə gəlirdi ki, sanki bunları hardasa oxuyub, ya da ki, hardansa eşidib, amma əsas məsələ hekayə adıyla təqdim olunmuş yazıların məzmunu yox, tənqidçinin təqdimatı idi. Peşəkar vərdişi ona diktə edirdi ki, burada nəsə var. Elə təqdimat məqaləsində də beləcə yazılmışdı “… fitri istedadın, yuxusuz gecələrin bəhrəsi olan bu hekayələrdə nəsə var…”. Axı nə?

Onların görüşü bir göz qırpımında alındı, rejissordan müsahibə götürmüş müxbir dərhal yazıçının nömrəsini tapdı, yazıçı da elə bu zəngə bəndmiş kimi teatra gəldi. Söz və səhnə adamlarının söhbətinin əsasən gərgin keçməsi təbiidir. Çünki məsələ ədəbiyyat, yoxsa teatr, yəni toyuq birinci yaranıb ya yumurta dilemması üzərinə gələndə yaxşı olar ki, tərəflərdən biri kübarlıq göstərib geri addım ata, yoxsa Allah göstərməsin. Rejissorla yazıçının söhbətiysə elə əvvəldən şirin başladı, görüş qarşılıqlı kompliment yağışıyla müşayiət olunduğundan onlara elə gəldi ki, sanki nə vaxtsa görüşüblər, amma nə vaxt görüşdüklərini heç cür yadlarına sala bilmədilər.  

- Açığı niyə yazdığımı bilmirəm, - yazıçı təvazökarlıqla danışırdı – hərdən mənə elə gəlir ki, sanki bunların hamısını məndən əvvəl nöqtə vergülünə qədər kimsə yazıb. Mən də kiminsə yazdığını köçürürəm.

- Qəribədi, - rejissor heyranlıqla dilləndi. Yazıçı danışdıqca o, özünü böyük teatrın baş rejissoru yox, uzun çək-çevirdən sonra Folkneri atüstü müsahibəyə razı sala bilmiş jurnalist kimi hiss edirdi və görünür halından məmnun idi, - doğurdan da belə şeylər olur, adam bilmir niyə yazır, amma yazır.

- Hə, məndə də elədi, heç vaxt nə yazdığıma fikir verməmişəm. Elə yaza-yaza fikirləşirəm. Evdə bir sandıq yazım var, amma bir dənə də kitab çıxartmamışam. Axır ki, tənqidçi dostumuz saqqızımı oğurladı. Dedi at bu kompleksi, sən ədəbiyyata lazımsan. Hə, belə də dedi. İndi üç kitabımı bu il çapa hazırlayırlar – iki povest, bir hekayələr toplusu. Gələn il də iki romanım çıxacaq. Ondan sonrakı ildəysə…

- Siz böyük janrda da yazırsınız? - bu dəfə rejissor özünü Şoloxova sual verən ağızıayrıq pionerlərin yerinə qoydu.

- Janr mənlik deyil, mən sadəcə yazıram, janrı tənqidçi müəyyənləşdirir. Kitablarımın hamısının da ön sözü artıq hazırdı.

- Artıq yazılıb belə.

- Əlbəttə, kitab çıxandan sonra hələ başqaları da yazacaq. Sonra başqalarının mənim haqqımda yazdıqlarını toparlayıb ayrıca kitab buraxacağıq. Necə deyim, yaradıcılıq planlarım genişdi. Bax, bu ərəfədə siz zəng elədiniz. Açığı belə tezliklə diqqət çəkəcəyimi gözləmirdim.

- Mən sizi axtarmaya bilməzdim. Bilirsiniz, istedad…

- Bəli, bəli məhz istedad. Mən bunu sözlə ifadə edə bilmirəm. Bilirsiniz tənqidçi deyir ki, yazdıqlarımda nəsə var…

- Tamamilə düzdür! - bu dəfə rejissor bütün teatral məharətini toparlayıb ayağa qalxdı, peşəkar vərdişi ona deyirdi ki, məhz indi sarsıdıcı monoloq söyləməsə məqsədinə çata bilməyəcək - Nəsə var! Elə biz də məhz o “nəsə”nin sorağındayıq. Elə bizim axtardığımız da o “nəsə”di. Sizin təkrarsız üslubunuz var, mətnlərinizdə həm sarkal, həm də mifoloji qat var. İfadə etdiyiniz sözlər çoxplanlıdı, polifonik tərz hekayələrinizin elə ilk cümləsindən hiss olunur. İlk baxışdaca sizin hekayələrinizdəki dramaturji xətti duya bildim, açığını deyim ki, belə əsərləri heç vaxt həyəcansız oxumuram. Düzdür, ideyanı dərindən işləyirsiniz, amma o mürəkkəb konfliktlərin elə asan həllini tapırsınız ki, adam heyrətlənməyə bilmir. Mən sizin əsərlərinizdə teatral ovqat hiss edirəm, onları yalnız kitablarda saxlamaq olmaz, bu əsərlər teatrın malıdı…

Rejissor ayağa duranda yazıçıya elə gəlmişdi ki, söhbət çox uzandığından artıq getmək vaxtıdır, sən demə, hər şey bundan sonra başlayırmış. Monoloqun gözlənilməz zərbəsi altında əvvəl elə bildi ki, onu ildırım vurdu, hətta yerindən sıçrayıb otaqdan qaçmaq istədi. Sonra söhbətin məhz ondan getdiyini anlayaraq yavaş-yavaş özünü yığışdırıb əlini çənəsinə söykədi. Belə vəziyyətdə o, həqiqət də yazıçıya oxşayırdı, bu gün-sabah işıq üzü görəcək kitablarında da elə məhz bu pozada portretini verəcəkdilər. Rejissorun inandırıcı mimikalarıyla müşayiət olunan kəskin səs tonu artdıqca o, həqiqətən də yazıçı olduğuna inanmağa başlamışdı və monoloqun sonunda buna qəti inandı.

-… ideya sizdə çox dərindi, konfliktsə elə ustalıqla işlənib ki, onu yalnız hekayə formatına sığışdırmaq günah olardı. Siz məni başa düşürsünüzmü? ,- yanaqları pörtmüş rejissor nəhayət canlı monoloqunu bitirib əyləşdi. Axırıncı dəfə onun yanaqları universitetdə diplom işi kimi hazırladığı “Hamlet”in monoloqunu söyləyərkən beləcə pörtmüşdü.

- Başa düşürəm.., - yazıçı dodaqaltı mızıldandı. O, düşdüyü anlaşılmaz vəziyyətdən çıxmaq üçün nə deyəcəyini götür-qoy edirdi, - yəni deyirsiniz lap elə...

- Əlbəttə, lap elə.

- Lap… yəni necə?

- Siz necə istəsəniz?

- Elə?

- Əlbəttə.

- Yəni?..

- Əsərinizi səhnəyə qoyaq də.

- Hə, onu deyirsiniz?

- Hə də.

- Onda gəl açıq danışaq.

- Mən də sevirəm açıq danışmağı.

- Açıq danışmağı sevirsənsə danış də rəhmətliyin oğlu, bayaqdan başlamısan… Açığı elə bildim ki, məşq eləyirsən?

- Yox siz nə danışırsınız?

- İncimə e, axı bu artist tayfası bir az axı o söz… İncimədin ki?

- Buyurun, buyurun.

- De ki, teatr göstərmək istəyirik də… Yaxşı bunu necə edəcəksən? Hekayədən teatr qayırmaq olur?

- Niyə olmur ki, mən elə şeylərdən teatr qayırmışam ki...

Gələcəyin tamaşası üçün əlavə bədii materiala ehtiyac duyulmadı, elə qəzetdə çap olunmuş hekayələrinin əsasında işə başlanıldı. Rejissor bütün yaradıcılıq məsələlərini öz üzərinə götürdü, yazıçı isə vaxtı olanda məşqlərə gəlib dialoqların kəm-kəsirini düzəldəcəyini dedi. Yaradıcı proses inanılmaz coşquyla başlamışdı, ölkənin sayılıb-seçilən artistlərinin demək olar ki, hamısına rol bölgüsündə pay düşmüşdü. Səhnə qeyri-adi tərtibatıyla göz qamaşdıracaqdı; arxa fonda nə üçün düzəldildiyi bilinməyən, tamaşanın əvvəlindən axırına kimi öz-özünə fırlanan nəhəng çarx quraşdırılacaqdı, zamanın daim hərəkətdə olmasına işarə eləmək məqsədiylə Kreml saatı boyda, lakin geriyə işləyən iri bir divar saatı səhnənin sol tərəfinə qoyulacaqdı, hərəkətlər bir-birini əvəz elədikcə obrazların da həm müasir, həm də tarixi əlbisələr geyinməsi nəzərdə tutulmuşdu, bir neçə dəfə buraxılması nəzərdə tutulan tüstü dumanını daha qatı eləmək üçün xüsusi sifarişlə quru buz alınmışdı, kuliminasiya anında qəhrəmanların səhnə boyu uçması üçün ayrıca kaskadyor xidmətindən istifadə eləmək qərara alınmışdı. Kütləvi səhnənin tərtibatındaysa rejissor dahiyanə kəşfə imza atmışdı, indiyə kimi yazıçının yazdığı hekayələrin sayı qədər, yəni cəmi on üç nəfər aktyor ruh kimi tamaşa salonunun içindən səhnəyə çıxacaqdılar. Rejissor bunun adına interaktiv metod deyildiyinə və milli teatrın tarixində ilk dəfə tətbiq olduğuna yazıçının inandırmışdı. Dövlət sifarişiylə rəsmiləşdirilməsinə baxmayaraq, yazıçı tamaşanın bütün xərclərini artıqlamasıyla ödəmişdi, lakin bir məsələdən nigaran idi.

- Teatr belə düzəlir? - əsas məşqdən sonra bütün truppaya verdiyi qonaqlıqda rejissordan soruşmuşdu - sizin işiniz də yaman qəlizmiş.

- Qəliz deyəndə ki, bilirsiniz, messenantlıq  olsa, mədəniyyət də nəfəs alar - rejissor demişdi.

- Nə olsa?

- Yəni necə deyim, dəstək lazımdı, bilirsiniz...

- Bilirəm, hər şeyi yaxşı bilirəm, amma yenə də soruşmalıyam də, doğrudanmı bu tamaşaya gəlib baxan olacaq?

- A, lap xətrimə dəyirsiniz? Baxan olacaq nədi, anşlaq olacaq, yəni, adam çox gələcək. Siz tamaşaçı sarıdan narahat olmayın.

- Bax, bircə o sarıdan nigaranam.

- Çox nahaq yerə, bizim teatrın tamaşaçı problemi yoxdu, özünüz görəcəksiniz.

Premyera fevralın 17-nə təyin olundu. Afişa iki yerə vurulmuşdu: əməkdaşların keçdiyi xidməti girişə, bir də tamaşaçılar üçün nəzərdə tutulmuş əsas qapının böyrünə. Yazıçı bunun az olduğundan gileylənsə də, rejissor onu yenə sakitləşdirmiş, özünü çox dilə-dişə salmamağı məsləhət görmüşdü. “Demişəm anşlaq olacaq, deməli olacaq, özünü darıxdırma” - söyləmişdi.

Gənc yazıçı ötən il payızın ortalarında Bədii Şuranın cavabını almaqdan ötrü ən azından həftədə bir dəfə teatra getməli olurdu. Birinci zəngdən sonra nömrəsini dəyişmiş baş rejissorla əlaqə müşkülə düşmüşdü. Yalnız, teatrın gözətçisiylə danışmaqdan başqa çarəsi qalmamışdı. Elə əsərini də ona təqdim eləmişdi, daha doğrusu demişdilər ki, qovluğu “oxrana”nın yanına qoyarsan, nəticəsini də ondan soruşarsan. “Oxrana” dedikləri bəstəboy, saçları seyrəlmiş, cuqquş gözlü, qoca kişi hər dəfə oğlanı görəndə ya teatrda ciddi məşqlərin getdiyini, ya da truppanın qastrola hazırlaşdığını deyib günü-günə calayırdı. Qoca “yox”u elə deyirdi ki, əslində heç “yox”a da oxşamırdı, elə onu aylarla teatra gəlib-getməyə vadar edən də bu cavabların içərisində gizlənmiş ümid idi. Bu vaxta kimi repertuarda yer alan ölmüş və ya əcnəbi dramaturqların bütün əsərlərinə baxmışdı. Hər dəfə də tamaşadan çıxandan sonra içini kəsib-doğrayan sualı bir dəfə necə oldusa qocaya tuşladı:

- Niyə bizim teatrda həmişə ölmüş yazıçıların əsərlərini oynayırlar?

- Görünür, teatrı maraqlandıran diri yoxdu, ona görə, -  kişi baməzə cavab vermişdi.

Nəhayət, soyuq fevral günlərinin birində qoca balaca gözlərini bir az da qıyaraq “gözlədiyin gün gəlib çatdı. Ayın 17-si diri yazıçının əsərinin premyerasıdı, əntiqə komediyadı, Bədii Şuranın rəyini də elə tamaşadan sonra gəlib götürərsən”, dedi.    

Oğlan teatrda hələ belə tünlük görməmişdi; salon ağzına qədər dolu idi, iynə atsan yerə düşərdi, amma tapa bilməzdin, hətta lojalara əlavə stullar da qoyulmuşdu. Teatra bilet alıb gedən qənimət adam kimi həmişə onu gülərüzlə qarşılayan kassir qız bu dəfə təəssüflə yaxşı yerlərin hamısının bir neçə gün əvvəldən tutulduğunu söylədi. Amfiteatrın üçüncü yarusunun ən axırıncı cərgəsində güc-bəla özünə yer edə bilmişdi. Bu aralar teatra elə isnimişdi ki, tamaşaçıların hamısını üzdən tanıyırdı. Hərdən haqlı olaraq düşünürdü ki, bu şəhərin bütün teatrlarının aktyorları kimi tamaşaçıları da çox vaxt elə eyni adamlar olurdular. Məsələn, akademik teatra daha çox kostyumlu, qalstuklu kişilər, nigaran sifətli qadınlar gələrdilər, rus dramasında isə əksinə köhnə cins geyinmiş az sayda kişi və bir-birləriylə mütləq öpüşüb görüşən əllərində sarı, ağ çiçəklərdən balaca buket tutmuş yaşlı qadınlar çoxluq təşkil edərdi. Orta məktəb uşaqlarını, təzəcə tanışlığa başlamış sevgililəri, hərbi məktəblərin kursantlarını isə əsasən ya gənclər, ya da ki, musiqili teatrda görmək olardı. İncəsənət Universitetinin bütün teatrlara dəstə-dəstə biletsiz axışan tələbələrindən savayı eyni adamla heç vaxt başqa teatrda rastlaşmamışdı. Sanki salonda hətta boş qalan yerlərin də öz xəyali sahibləri vardı və teatrlar tamaşaçıları öz aralarında “centlmen razılaşması” əsasında bölmüşdülər ki, heç kim incik düşməsin. Zaman nə qədər dəyişsə də, hamı bu qeyri-rəsmi sövdələşməyə dinməz-söyləməz əməl edirdi. Bu dəfə isə tamam başqa mənzərə yaranmışdı, nə qədər gözlərini salonu ağzına kimi doldurmuş qalstuklu əmilərin, nigaran xalaların üzündə səyritsə də, bir nəfər də olsun tanış adama rast gəlmədi. Görünür, camaat ilk dəfə diri dramaturqun əsərinin oynanılmasından xəbər tutan kimi fürsəti əldən buraxmaq istəməyibmiş.

Ondan başqa üçüncü yarusun axırıncı cərgəsindəki adamların hamısı iri gözlük taxmışdılar. Ümumiyyətlə, salon boyu eynəklilərin sayı o qədər çox idi ki, adama elə gələ bilərdi ki, tamaşa yox, 3D formatında film göstərəcəklər. Həmişə olduğu kimi, vaxtından yarım saat gec çalınan üçüncü zəngdən sonra pərdələr qalxdı və ilahi… Hər şey necə də parlaq və möhtəşəm görünürdü, gözünün qabağında dünyanın hansısa nəhəng meqopolisini xatırladan gözqamaşdıran mənzərə açılmışdı; arxa fonda şeytan çarxının fırlanmasıyla köhnə Kreml saatının geriyə işləməsini əvvəlcə müasirliklə tarixiliyin təcəssümü kimi başa düşmüş, tezliklə də bütün bunların sadəcə parıltıdan başqa bir şey olmadığını anlamışdı. Aktyorlar necə lazımdı oynayırdılar, ölkənin titullu komediya ustaları səhnəyə çıxar-çıxmaz tamaşaçıların qəhqəhəsindən qulaq tutulurdu. Belə götürəndə artistlər heç nə danışmırdılar, daha doğrusu, nə danışdıqlarını özləri də bilmirdilər, sistemsiz, əlaqəsiz dialoqları bir-birinə calaq eləmək üçün kaskadyorlar havada uçuşur, bacardıqları bütün təhlükəli tryukları göstərirdilər, qəflətən salonunun içərisindən kəfənə bürünmüş adamlar səhnəyə tullanır, mayallaq aşır, hərdən salona düşüb tamaşaçıları qıdıqlayırdılar. Pafoslu rollayıla məşhurlaşmış ciddi imicli aktyor ağır addımlarla səhnənin ortasında dayananda oğlana elə gəldi ki, nəhayət, bütün bu məzhəkənin məzmununu ifadə edəcək sarsıdıcı monoloq eşidəcək. Ciddi aktyor isə qalın qaşlarının altında parlayan gözlərini məchul bir nöqtəyə zilləyərək dayandı, sakitlik yaranan kimi bircə dənə “pık” eləyib getdi. İnsanlar bu “pık”a bəndmiş kimi gözləri yaşarana qədər güldülər, gülüş sədaları ətürpədən uğultuya çevrilib oğlanın beynini döyəclədi. O, bu vaxta kimi teatr haqqında nə qədər kitablar oxumuşdu, dramaturgiya nəzəriyyəsini az qala vurma cədvəli kimi əzbərləmişdi, başının tükü sanı tamaşalara baxmışdı və dəqiq bilirdi ki, səhnədə göstərilən istənilən şey adamı ya güldürməli, ya ağlatmalı, ya da düşündürməlidir. Maraqlı idi ki, o, bu üç hissdən heç birini keçirtmirdi.

İki il bundan qabaq elə bu teatrda ilk dəfə “Kral Lir”ə baxanda da təxminən belə bir anlaşılmazlıqla qarşılaşmışdı, tamaşadan sonra isə əslində problemin özündə olmadığını öyrənmişdi. Kral balaca qızının onun sevgisinə layiq olmadığını deyib hayqıranda qabaq cərgədə əyləşmiş yaşlı kişilər uğunub getmişdilər. Sonra həmin kişilər faciənin finalına kimi o ki var gülmüşdülər, nəzarətçilərin dönə-dönə pıçıltılı iradlarına belə məhəl qoymamışdılar. Yalnız fasilədə nəzarətçi qızların danışığından belə başa düşmüşdü ki, tamaşa həmin gün Qocalar evinin sakinləri üçün oynanılırmış. “Onlara deyiblər ki, sizi komediyaya aparırıq, ona görə də dəxli yoxdu, nə görsələr onsuz da güləcəklər”,- nəzarətçilərdən biri belə də demişdi. İndi yenə də oxşar vəziyyətlə qarşılaşsa da, bu dəfə həqiqətən də komediya göstərirdilər, bəs niyə ondan başqa hamı gülürdü?  

İki saat qırx beş dəqiqəlik məşəqqət başa çatan kimi yaradıcı heyət iki-bir, üç-bir səhnəyə çıxdı; sürəkli alqışların müşayətiylə artistlər təzim edərək səhnənin ortasında üçbucaq formasında dayandılar, qaranlıq dərinlikdən peyda olan baş rejissor üçbucağın düz mərkəzinə qədər gəldi, bu zaman insanlar daha hərarətlə əl çalmağa başladılar. Hamı çox xoşbəxt görünürdü. Rejissor bir neçə dəfə baş əydikdən sonra əlini salona sarı uzadıb israrla kimisə səhnəyə dəvət elədi. Amma həmin “kim” ya deyəsən nəyin baş verdiyinin fərqində deyildi, ya da misli görünməmiş təvazökarlıq göstərirdi. Lakin rejissorun barmaq işarəsiylə üçbucaqda müsəlləh əsgər kimi dayanmış cavan artistlərdən ikisi qaçaraq salona düşdü, altı, ya yeddinci sırada oturmuş bəstəboylu orta yaşlı kişinin qollarına girib, sürüyərək səhnəyə çıxartdılar. Üçüncü yarusun axırıncı sırasında oturmuş gənc yazıçı çətinliklə də olsa, səhnənin ortasında rejissorla qolboyun olmuş diri yazıçını tanıya bildi. Bu, ötən ilin payızında rejissorun müsahibəsi gedən qəzetin bütöv bir səhifəsində hekayələr çap etdirmiş həmin adam idi. O zaman bu söz yığnağını hekayə kimi təqdim edən qrafoman tanqidçiyə əsəbləşsə də, gənc istedad sorağında olan rejissorun fikirlərində itirdiyi ümidi tapmışdı. İndi onların ikisini də səhnənin ortasında qol-boyun görəndə, içindən bircə sual keçdi – “əgər diri yazıçı budursa, onda mən çoxdan ölmüşəm…”.

- Bura teatrdı?..

- Yaxşı ki, bura teatrdı, həyat bundan da betərdi,- tamaşadan sonra xidməti girişdəki qoca gözətçiyə yaxınlaşanda sanki öz-özünə verdiyi suala belə cavab alacağını gözləmirdi.

- Niyə bizdə hər şey belə qəribədi? - yenə öz-özündən soruşdu.

- Qəribə olan bilirsən nədi? - qoca dilləndi ,- həyat davam edir. Ruhdan düşmək lazım deyil, iradəli ol. Məsələn, mən, otuz il bundan qabaq siqareti tərgitdim, qırx il bundan qabaq isə yazmağın başını buraxdım.

- Siz yazırdınız?

- Özü də necə…

- Bəs niyə atdınız?

- Az keçməz bunun səbəbini sən özün də öyrənəcəksən. Bilirsən, yazmaq üçün həmişə müxtəlif səbəblər olur, tərgitməyi isə hamı eyni cür edir – tfu, vəssalam.

Qoca masanın üstündəki vərəqi oğlana verməyə tələsmirdi. Əvvəlcə onu bu cavaba hazırlamaq üçün məzəli teatr əhvalatlarından söhbət açmaq, nəsə zarafat eləmək istədi, alınmadı. O, cavan yazıçıyla qaranlıqda sonsuza qədər dayanıb nədən desən danışa bilərdi, lakin fevralın sərt soyuğu bütün romantikanı qılınc kimi kəsirdi.

- Bu gün tamaşa gözdən əlillər cəmiyyətinin üzvləri üçün oynanılırdı,- qoca dedi, -  kor oldunsa, əl çalmaqdan başqa çarən qalmır. Bilirsən, korlar gözlülərdən daha bərk əl çalırlar ki, onların kor olduqlarını duyan olmasın.

Oğlan artıq nəsə soruşmaq, nəyinsə xatirinə danışmaq istəmirdi. O, bu fevral gecəsində yalnız özünün anladığı və heç vaxt dilinə gətirməyəcəyi həqiqəti başa düşmüşdü - burada ölü olmaq diri olmaqdan yaxşıdı…

Başını qaldırmadan teatrı qaranlıqda buraxıb küçəyə çıxdı.

- Sən ən çox hansı dramaturqu sevirsən? - qoca sanki içində yarımçıq qırılmış təsəlliverici sözlərinin ən təsirlisini söyləmək üçün soruşdu. 

- Molyeri,- qaranlıqdan səs gəldi.

- Sən bir təsadüfə bax, bu gün Molyerin öldüyü gündür.

- Yox, bu gün Molyerin öldürüldüyü gündür… Hamının gözü qabağında, korların gurultulu alqışlarının müşayiətiylə - qaranlıqdakı səs qeyb oldu.

May, 2018

/Kulis.az/

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.