Bədirxan Əhmədli: “Mirzə Cəlili suçlayanların arqumentləri yoxdur”

04.04.19

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Bədirxan Əhmədli ilə müsahibəni təqdim edirik.

- Son günlər yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığı ətrafında müxtəlif müzakirələr aparılır. Publisist Həmid Herisçi başda olmaqla bir sıra yazarların səsləndirdiyi iddialarla bağlı mövqeyiniz necədir?

- İddialar, ehtimallar səsləndirilə bilər. Bu, təkcə Mirzə Cəlil şəxsiyyəti və ya yaradıcılığı ilə bağlı deyil, bir çox milli ədəbi arenada yer alan şəxsiyyətlər haqqında da tez-tez səsləndirilir. Lakin bu ehtimalları sübut etmək üçün gərək arqumentlərin ola. Ədəbiyyatşünaslıq bir elmdir, burada ehtimal səsləndirməklə heç nəyə nail ola bilməzsən. Bu, həm də elmin yolu deyil. Hər hansı bir fikri əsaslandırmaq üçün bir neçə mənbə və faktlara əsaslanmaq gərəkir. Mirzə Cəlilə "opponentlik" edənlərin əlində isə heç bir fakt, arqument yoxdur. Onun yaradıcılığı yüz ili aşıb. Belə görünür ki, əsərləri, süjetləri, obrazları mahiyyət etibarilə zamanın sınağından çıxacaq, daha uzunömürlü olacaq. O ki qaldı onun yaradıcılığı, yaxud şəxsiyyətinə qarşı tənqidlərə, bu, əsərlərinin ideoloji, siyasi gözlüklə oxunması və dəyərləndirilməsindən irəli gəlir. Mirzə Cəlil hər şeydən əvvəl realizm cərəyanının görkəmli nümayəndəsidir, onun əsərlərini kosmopolit, postmodernist tənqid prizmasından qiymətləndirməklə doğru nəticəyə gəlmək çətindir. Haradan baxsanız bu yanaşma ilə Mirzə Cəlil yaradıcılığı həqiqi qiymətini ala bilməz.

- Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”nda Yekatirina Revazovna Qabaşvilidən təsirləndiyi barədə səslənən fikirlərlə nə dərəcədə razılaşmaq olar?

- Söhbət Qabaşvilinin "Mardananın Lurçası" hekayəsindən gedir. Onlar iddia edirlər ki, Cəlil "Danabaş kəndinin əhvalatları" povestini yazarkən guya bu hekayədən təsirlənib. Birincisi, təsirlənmədə elə bir qəbahət görmürəm. Şair Ramiz Rövşən bir dəfə gərək ki, televiziya söhbətində təsirlənməni siqaretini bir başqasının siqareti ilə yandırması, yəni ondan od almasına bənzətmişdi. Çox doğru və yerində olan müşahidədir. Ancaq burada təsirlənmədən danışmaq çətindir. Yəni bunu sübut edəcək faktlar yoxdur. Qabaşvilinin hekayəsi 1892-ci, Cəlilin əsəri isə iki il sonra yazılıb. Məkan müxtəlif olsa da, zaman bu təsirlənməni istisna etmir. Opponentləri də bu "nəticəyə" gətirən Mirzə Cəlilin əsərinin iki il sonra yazılması, bir də hər iki əsərdə eşşək obrazının iştirakıdır. Göründüyü kimi, onların əlində bir fakt belə yoxdur, yalnız ehtimallardır. Hər iki əsərin mövzu, problem, süjet və obraz baxımından təhlilini bir qədər sonraya saxlayıb ilk "arqumentlərə" nəzər salaq. M.Cəlil Qoridə 1882-1887-ci illərdə oxuyub, bu dövr onun sonrakı yaradıcılığına güclü təsir göstərib. Lakin bu təsir gürcü yazıçısından deyil, rus ədəbiyyatından, əsasən də Qoqolun yaradıcılığından olub. Əgər Y.Qabaşvilinin yaradıcılığı ilə (Yekaterina xanım 1870-ci ildən yaradıcılıqla məşğul olub) tanış olmuş olsaydı, özünün "Xatiratım"da və ya hər hansı bir məktubunda mütləq qeyd edərdi. Necə ki, "Molla Nəsrəddin" jurnalını nəşr etmə ərəfəsində "Kukareku" jurnalını Tiflisdə bir abbasıya alması, jurnalın üz qabığında padşah Nikolayın başının xoruz bədənində təsvir olunması karikaturundan vəcdə gələrək Ö.F.Nemanzadəyə "Faiq, nə durmusan...", - deyə bu fikrə gəlmələri ilə bağlı yerli-yataqlı yazmışdı. Yaxud "Qurbənəli bəy" hekayəsini yazarkən "Qoqol, allah sənə rəhmət eləsin!" epiqrafını yazmağı unutmurdu. Y.Qabaşvilinin bu hekayəsi yazıldığı zaman M.Cəlil artıq Naxçıvanda - Nehrəmdə müəllim işləyirdi. Deməli, onun xanımın hekayəsi ilə tanış olması üçün bu hekayənin rusca yazılması, üstəlik də müəllim işlədiyi dövrdə Qoriyə getməsi və təsadüfən bu hekayə ilə qarşılaşması lazım gəlirdi. M.Cəlilin 1892-1893-cü illər ərəfəsində Naxçıvandan çıxması haqqında məlumat yoxdur, yalnız 1895-ci ilin iyun-avqust aylarında Peterburqa getməsi məlumdur ki, bu zaman artıq "Danabaş kəndinin əhvalatları" yazılmışdı. Yazıçı "Xatiratım"da yazırdı: "Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim və gördüklərimi yazıya götürərdim". M.Cəlil o yazıçılardandır ki, əgər bu əsərin yazılmasında Y.Qabaşvilinin hekayəsinin zərrə qədər təsiri olsaydı, mütləq qeyd edərdi. Çünki o, postmodernist deyildi ki, hardan nə gəldi çırpışdırsın, o, realist idi. Hər iki əsərin müqayisəsinə gəlincə, M.Cəlil əsərini öncə "Eşşəyin itməkliyi" adlandırmışdı. Lakin eşşəyin itməkliyi burada süjet xəttinin yalnız kiçik bir hissəsidir. Hər iki əsərdə oxşarlıq yalnız eşşək obrazıdır. Maqdananın Lurçası doğrudan da itir, Maqdana onu yoldan tapır, qulluq edir və matsonilərini ona yükləyib bazara çıxarır. Elə bu zaman eşşəyin əsl sahibi onu görür və geri istəyir. Maqdana onu tapdığını və qulluq edib sağaltdığını bəhanə gətirərək vermir. Ətrafa yığışan camaat da onu müdafiə edir. Məhkəmə eşşəyi Maqdanada saxlayır. "Eşşəyin itməkliyi"ndə isə ad aldadıcıdır, eşşək itmir, Məmmədhəsən əmi özü Xudayar bəyə verir. M.Cəlildə məhkəmə olmur. Bir dəfə karvan kənddən keçərkən Məmmədhəsən əminin oğlu eşşəyi tanıyır və onun quyruğundan yapışaraq vermək istəmir. Zeynəblə Maqdana obrazları isə əsərdəki funksionallq baxımından müqayisəyə belə gəlmir. Ümumiyyətlə, bir neçə fərqli süjet xəttinə malik olan romanla - bu əsəri həm də roman adlandırmaq olar, epizodik oxşarlığa əsaslanaraq ondan təsirləndiyini iddia etmək peşəkar yanaşma deyil. Sadəcə, müsahibə janrı bu əsərlərin müqayisəsini geniş şəkildə aparmağa imkan vermir.

- İddialarda o da vurğulanır ki, Cəlil Məmmədquluzadə məhz Qabaşvilidən təsirləndiyi üçün sağlığında bu əsəri çap etdirməyib. Bu fikirlərə qarşı hansı arqumentlərlə çıxış edərdiniz?

- Opponentlər özü əvvəlcə problem yaradır, sonra isə o problemi guya həll etməyə çalışırlar. M.Cəlilin bu əsərini qəsdən çap etdirməməsi, "gizlətməsi" absurddur. Əslində bunu onlar özü sübut etməldir, lakin onların əlində belə faktlar yoxdur. Gəlin baxaq, bu dövrdə bu əsəri çap etdirmək mümkün idimi? Əsər yazıldığı dövrdə Naxçıvanda, ya İrəvanda onu çap edən nəşriyyatlar var idimi? Ola bilsin ki, bu Tiflis ədəbi mühitində mümkün olardı. Necə ki, N.Nərimanovun "Bahadır və Sona" romanı çap olunmuşdu. Ancaq bu romanın kiçik bir hissəsi çap edilmişdi. Başqa irihəcmli əsərlərin çapından söhbət gedə bilməzdi. "Danabaş kəndinin əhvalatları" həcm etibarilə böyük əsərdir. Bu həcmdə o zaman heç bir bədii nümunə çap olunmayıb. M.Cəlilin ilk mətbu hekayəsi 1903-cü ildə "Şərqi-rus" qəzetində çap olunan "Poçt qutusu" hekayəsidir. Nəşriyyatda çap olunan ilk əsəri də elə bu hekayədir ki, 1905-ci ildə özünün "Qeyrət" mətbəəsində nəşr etmişdi. Göründüyü kimi, istəsə "Qeyrət" mətbəəsində "Danabaş kəndinin əhvalatları"nı da çap edə bilərdi. Ancaq o, bunu etmir. Burada bir neçə səbəb ola bilərdi. Əlbəttə, bu səbəblər içində təsirlənmə hadisəsi sıfırın üstündədir. Yəni belə bir təsirlənmə olmadığı kimi, müəllifin də elə bir qorxusu olmayıb. Bir səbəb budur ki, əsəri yazarkən Naxçıvanda nəşriyyat olmayıb, yazıçı isə Tiflisə yalnız 1903-cü ildə arvadını xəstəxanaya gətirərkən gəlib və burada "Şərqi-Rus"un redaktoru M.Şahtaxtlı ilə görüşüb. O, Tiflisdə olarkən isə onu çap etdirmək üçün maliyyə olmayıb. Başqa bir səbəb isə əsərin yazılmasından 10 illik bir zamanın keçməsi idi. Bu zaman hər şey dəyişir, hadisələr sürətlə inkişaf edirdi. Belə bir əsərin çap olunması ona nə verə bilərdi? Bu zaman onun əsas məqsədi bu iri əsəri çap etmək deyildi, məqsəd xalqı oyatmaq üçün bir satirik mətbuatın yaradılması idi. Ona görə də "Molla Nəsrəddin"i yaradır və burada digər kiçik hekayələri və felyetonlarını nəşr etdirir. Bu əsəri "Molla Nəsrəddin" də çap etmək də mümkünsüz idi, çünki burada böyük əsərlər yox, kiçik, lakonik felyeton və hekayələr çap etdirmək olurdu.

- Ümumiyyətlə, Mirzə Cəlil Qabaşvilinin əsərləri ilə nə zaman tanış olmuşdu?

- Axı necə demək olar ki, tanış olmuşdu? M.Cəlil Y.Qabaşvilinin əsərləri ilə yalnız həyatının Tiflis dövründə (1903-cü ildən sonra) tanış ola bilərdi. Bu zaman isə onun "Danabaş kəndinin əhvalatları" əsərinin yazılmasının üzərindən on il vaxt keçirdi. Onun Y.Qabaşvilinin əsərləri ilə hətta Tiflis ədəbi mühitində tanış olması haqqında heç bir fakt yoxdur. Əgər tanış olmuş olsaydı, mütləq öz izini qoyardı.

- Həmin dönəmdə ruslar və gürcülərlə eyni bölgədə yaşayırdıq, dünyəvi dəyərlərin axın etdiyi məkan isə Tiflis sayılırdı. Niyə Mirzə Cəlil azərbaycanlıları ruslar, gürcülərlə yox, məhz ermənilərlə müqayisə edirdi?

- Mirzə Cəlilin Tiflis həyatına qədərki əhatə olunduğu mühitdə gürcü, rus yox idi. Bu mühit İrəvan və Naxçıvan mühiti idi. Gərək bunu nəzərə alasınız. Ona görə də "Poçt qutusu", "Danabaş kəndinin əhvalatları", "Kişmiş oyunu"nda erməni obrazını yaratması tamamilə təbiidir. Sizcə, İrəvanda baş verən hadisələrdə ("Poçt qutusu") yazıçı gürcü, ya rus uşağını təsvir edə bilərdimi? Yazıçının "Rus qızı" hekayəsi də var...

- Mirzə Cəlil “Poçt qutusu”nda Novruzəlidən fərqli olaraq azyaşlı erməni uşağın asanlıqla məktubu qutuya atdığına işarə edir...

- Burada təəccüblü nə var ki?! Hadisələr İrəvanda baş verir. Erməni uşağı İrəvanın mərkəzində yaşayır, necə deyərlər, şəhər uşağıdır, Novruzəli isə İtqapan kəndindən gəlmişdi. Poçtun nə olduğunu bilmir, tanıdığı yalnız divanxanadır. Poçt burada bir rəmzdir; çağdaş dünya ilə bağlantıdır, ilətişimdir. Bu gün də novruzəlilər vardır, ancaq formasını dəyişmişdir. Müasir texnologiyada kiçik yaşlı uşaqların bildiyini yaşlı adamlar edə bilməyəndə Novruzəli durumuna düşürlər. Novruzəlilik bu gün həyatın hər sahəsində hökm sürür...

- Yeri gəlmişkən, Həmid Hərisçi iddia edir ki, erməniyə “bəh-bəh” demək Cəlildən başlayır. Bu fikirlərə münasibətiniz necədir?

- Mirzə Cəlil harda erməniyə "bəh-bəh" deyib? Bəlkə bahacıl tacir Karapet ("Danabaş kəndinin əhvalatları") obrazı ilə? Bəlkə "Kamaça"da müsbət erməni obrazı yaradıb? Əksinə ermənilər qaniçən, azərbaycanlılar bağışlayandır. "Usta Zeynal"da milli mentalitetlə yanaşı erməni tərəfi tənqid olunmurmu? Buna görə də ermənilər sovet dövründə Cəlilin 1983-cü ildə çap olunan 6 cildlik "Əsərləri"nin 1-ci cildinə hekayənin salınmasına mane olmağa çalışırdılar? Mərkəzi Komitəyə məktublar yazıb bu hekayənin getməsinə etirazlarını bildirirdilər? Yalnız Azərbaycan ziyalılarının etirazından sonra hekayə "Əəsərləri"nə daxil edilmişdi.

- Belə suallar səslənir ki, “Ay binəva, yazıq, geridəqalmış” kimi xitablarla müraciət edən Mirzə Cəlilin hədəfi maarifləndirmə işi idimi?

- Mirzə Cəlil sırf realist idi. Onun obrazları tipik şəraitdə tipik xarakerlər formuluna tamamilə uyğun gəlirdi. Baxın, Mirzə Cəlilin Zeynəb obrazı nə qədər kimsəsiz, köməksiz, passiv, mübarizə aparmayan bir qadındır. Halbuki əlli il əvvəl M.F.Axundzadənin qadın qəhrəmanları ondan diribaş və mübarizdilər. Bu, necə ola bilər? Çünki M.F.Axundzadə komediyalarında maarifçi kimi çıxış edir. Onun qəhrəmanları maarifçi estetikanın prinsplərindən-müəllif idellarından çıxış edir. M.Cəlil isə qəhrəmanlarını realizm estetikasına uyğun olaraq olduğu kimi təsvir edir. Realizm estetikasından çıxış edən ədəbiyyatın əsas vəzifəsi həyatı reallıqlara uyğun olaraq (tipik şəraitdə tipik xarakterlər) təsvir etməkdir. Nəzərə alsaq ki, M.Cəlil həm də tənqiçi realist idi (bu istilahın nə dərəcədə doğru olub-olmaması bir başqa məsələ) onda bəzi hadisələri qatılaşdırmasını da başa düşmək olardı. Tənqidi realizm estetikasının ən zəif cəhəti məhz hadisələri ancaq tənqidi baxımdan, birtərəfli göstərməsi idi. Ona görə də bu "izm" də çox davam etmədi.

- Ənənəvi dəyərlərə kəskin münasibətdə Cəlil Məmmədquluzadəni postmodernist saymaq olarmı?

- Mirzə Cəlil bütün mahiyyəti, mövzu seçimi, hadisələrə yanaşması, təsvir üsulu, bədii ifadə vasitələri və s. baxımından sırf realist idi. Yaradıcılığının 20-ci illərində "Dəli yığıncağı" və "Ər" tragikomediyaları ilə, fikrimcə, modernist kimi çıxış edir. Lakin bütün bunlar geniş şəkildə araşdırılmalıdır. Onu suçlayanlar isə, əsasən, psevdopostmodernistlərdir. Yenə əsl postmodernistlər olsaydı, nə vardı ki?!..

- Məlum olduğu kimi, Mirzə Cəlil İrana mühacirət eləmişdi, Təbrizdə buraxılan “Molla Nəsrəddin” jurnalının Azərbaycan hökumətinə, xalqa, ictimai-siyasi proseslərə münasibəti necə idi?

- Mirzə Cəlil İrana 1920-ci ilin ortalarında getdi və jurnalın cəmi 8 sayını nəşr etdi. Bu saylarında da öz ənənəsinə sadiq qalaraq milləti qəflət yuxusundan ayıltmağa çalışırdı. Daha sonra N.Nərimanov onu Bakıya dəvət etdi.

- Bəs Cəlil Məmmədquluzadənin Azərbaycan Xalq Cümhuriyyətinə münasibəti barədə nələri deyərdiniz?

- Əlimizdə Mirzə Cəlilin Azərbaycan Cümhuriyyətinə münasibətini ifadə edən (yaxşı və ya pis) hər hansı bədii, ya publisistik mətn yoxdur. 1917-ci ildə "Cümhuriyyət" məqaləsi dərc edilibdir. Burada o, ümumiyyətlə cümhuriyyət anlayışı və onun xarakterini son dərəcə dəqiqliklə açır. O, cümhuriyyəti bir "nemət" hesab edərək "Yaşasın Cümhuriyyət" deyə onu alqışlayır. Lakin bu zaman Azərbaycan Cümhuriyyəti hələ yaranmamışdı. Azərbaycan Cümhuriyyətinə gəldikdə, onun Cümhuriyyət qurucuları ilə yaxın münasibəti olmayıb. Bunu araşdırmaq lazımdır. Yalnız onu deyə bilərəm ki, H.Məmmədquluzadənin "Xatirələri"ndəki "Mirzə Cəlilin də, mənim də Cümhuriyyətə hüsn-rəğbətimiz yox idi..." fikrinin nə dərəcədə real olduğunu araşdırmaq lazımdır. Çünki bu fikir sovet dövründə yazılmışdır. Bəzi yazıçı və şairlər var idi ki, Cümhuriyyətlə yaxınlığı yox idi, yaxud hökumətə rəğbət bəsləmirdi. Hətta məqalələri, şeirləri ilə tənqid edənlər də vardı. Bu isə başqa bir söhbətin mövzusudur...

Teleqraf.com

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.