Elçin Hüseynbəylinin Qarabağ hekayələri
04.04.19

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru 

Dünya ədəbiyyatında müharibə mövzusunda çoxlu əsərlər yazılıb və bu əsərlərin bir qismi sözün əsl mənasında bədii təsir gücü, tarixi əhəmiyyəti baxımından həmişə oxucuların diqqətini cəlb edib. Daha doğrusu, bir insan-oxucu nəsli dünyadan köçmüş, yenisi gəlmiş, amma müharibə haqqında yazılan əsərlərə maraq qətiyyən azalmayıb. 

Azərbaycan ədəbiyyatında müharibə haqqında geniş epik lövhələri əhatə edən əsərlər İkinci Dünya müharibəsi bitdikdən sonra  yazılmağa başladı. Biz Əbülhəsənin "Müharibə" ("Dostluq qalası") romanını, Mehdi Hüseynin, İsmayıl Şıxlının, Hüseyn Abbaszadənin, Nurəddin Babayevin, İmran Qasımovun, Həsən Seyidbəylinin və başqa müəlliflərin povest və hekayələrini xatırlaya bilərik.

Bəs müasir Azərbaycan ədəbiyyatında Qarabağda baş verən  hadisələr, xüsusilə, müharibə ilə bağlı həqiqətlər necə əks olunur?  Bu suala cavab vermək, təbii ki, kiçik bir yazının məqsədinə aid deyil (Yenə də adlar çəkə bilərik: Elçin, Hüseynbala Mirələmov, Aqil Abbas, Yusif Kərimov, Eyvaz Zeynalov və b.), ayrıca, daha geniş  bir yazının mövzusudur bu. Biz yalnız həmin mövzunun bir yazıçının - Elçin Hüseynbəylinin nəsr əsərlərində necə inikas olunduğunu izləyəcəyik.

Elçin Hüseynbəyli son on-on beş il ərzində Qarabağda baş verən olaylarla bağlı qələmə aldığı povestlərini, hekayələrini "Ağ. Qara" (2013) və "Gözünə gün düşür" (2018) kitablarında cəmləyib. Doğrudur, bu kitablarda  hekayələrin bəzisinin Qarabağ müharibəsi ilə heç bir əlaqəsi yoxdur, amma təsvir olunan məkanın müəyyən cizgiləri haqda təsəvvür yaradır.

Qarabağda baş verən hadisə və olaylar, xüsusilə, müharibə ilə bağlı səhnələr, ilk növbədə, təbii və inandırıcı olmalıdır. Buna ancaq o zaman nail ola bilərik ki, bu müharibənin mahiyyətini dərk edək, müşahidələrimiz  dəqiqliyi və reallığı ilə seçilsin, yalnış təsəvvür əsasında olmasın, təsvir olunan obrazlar süni və qondarma  təsir bağışlamasın. Elçin Hüseynbəylinin  Qarabağ müharibəsi ilə bağlı ilk sözü "Qurdun şərqisi" ("Əsirlər və "Qoca" adı ilə iki hissə) adlı povesti olub. Bu povestdə, həmçinin, Elçinin bundan sonra yazdığı hekayələrdə müharibəyə tamam fərqli bir münasibətlə qarşılaşdıq. Nədir bu fərqli münasibət? Vaxtilə yazıçılarımızı qınayırdılar ki, əgər sən bir azərbaycanlının Böyük Vətən müharibəsində igidliyini, qəhrəmanlığını təsvir etmək  istəyirsənsə, mütləq onun keçdiyi döyüş yolunu izləməlisən. Axı, qəhrəmanlıq, məsələn, Həzi Aslanov kimi general olmaq, şərəfli bir yol keçmək heç də asan başa gəlmir.  Amma Elçinin Qarabağda baş verən hadisə və olaylarla bağlı qələmə aldığı nəsr əsərlərinin heç birində döyüş səhnələrinə rast gəlmədik.  Ümumiyyətlə, təkcə Elçin Hüseynbəylinin deyil, Qarabağ müharibəsi ilə bağlı  yazılan roman, povest və hekayələrin bir-iki nümunəsi istisna olunmaqla, heç birində canlı müharibənin özünü görmürük.  Bunun səbəblərini necə izah edək?  Yazıçıların bir çoxunun həmin o canlı müharibənin iştirakçısı olmamasındamı? Yaxud bu müharibənin öz xarakteri etibarilə çox ziddiyyətli nəzərə çarpmasındamı?  Bir tərəfdən, güclü dövlətlərin köməyi və "qayğısı" ilə silahlanan düşmən ordusu, o biri tərəfdən, çox zəif, hələ heç ordu adlana bilməyən kiçik, pərakəndə qruplar (Əsl Ordu sonralar yaranacaqdı). Bütün bunlar doxsanıncı illərin əvvəllərinə aiddir.

Əslində, bizim fikrimizcə, döyüş səhnələrinin təsvirinə ehtiyac duyulmaması təbii idi. Artıq bu üsul ənənəvi idi, çox zaman sırf texniki xarakter daşıyırdı, öz əhəmiyyətini də itirmişdi.  Bir də ki, "canlı müharibə" anlayışı heç də üz-üzə gələn qüvvələrin çarpışması demək deyil. Canlı müharibə daha çox həmin müharibənin ağırlığını çiynində daşıyan, əzabını çəkən, təkcə adi deyil, mənəvi itkilərlə üzləşən  insanın keçdiyi yolu səciyyələndirir.  Daha doğrusu, müharibə psixologiyasının  ayrı-ayrı fərdlərin həyatında, varlığında necə iz buraxdığının şahidi oluruq. Az-çox ənənəvi "canlı müharibə" səhnələri  ilə diqqəti cəlb edən Aqil Abbasın "Dolu" romanında da  silahların, topların, tankların deyil, psixologiyaların döyüşünü izləməli oluruq və qeyd edək ki, "Dolu" Azərbaycan nəsrində bu istiqamətin artıq aparıcı olduğunu sübut edir.

Elçin Hüseynbəylinin "Qurdun şərqisi" povestində onun təsvir etdiyi obrazların müharibəyə  fərdi münasibətinin şahidi oluruq.  Müharibə təkcə qəhrəmanlar, igidlər yetirmir, qorxaqlar, satqınlar, tərəddüd edib fərariliyə yuvarlananlar da yetirir. Yurdsevər, torpaqsevər insanlarla yanaşı, rahat yaşayışa, zahiri dəbdəbəyə uyanlar da çoxdur. Müharibə bu mənada insanları çeşidləyir, kimin kim olduğunu  ortaya çıxarır. Bu mənada Elçin Hüseynbəylinin müharibəyə fərdi münasibətini onun təsvir etdiyi obrazların həyat tərzində, düşüncəsində də görə bilirik.

İki döyüşçünü - biri yaşlı, birisə cavan - "mövqeyə" göndərirlər. Onlar tapdıqları tankı ağacların budaqları ilə  örtür və sonra yola düşürlər. Ancaq ayrıldıqları dəstəyə  çata bilmir və meşədə ermənilərə əsir düşürlər. Onları əsir götürənlərdən biri "kirvə Armik"dir.  Ermənilər bu iki əsirdən - yaşlı kişi Xəlildən və cavan oğlan Yavuzdan gizlətdikləri tankın yerini soruşurlar. Traktorçu olmuş Xəlil  bir xeyli müddət müqavimət göstərir, cavan oğlan isə, elə hey atasını, anasını xatırlayır, qəbul imtahanları yaxınlaşdığı üçün xiffət çəkir. Təsvirlərdən belə anlaşılır ki, müharibənin ilk illəridir, əsir düşənlərin müharibə barədə təsəvvürləri çox zəifdir.  Cavan oğlan deyir ki: "Belə də müharibə olar? Belə də əsirlik olar? Nə güllə atdıq, nə güllə səsi eşitdik. Axmaq kimi Armikin tələsinə düşdük... Anamın ağlamasına, yalvarışlarına qulaq asmadım. Mən axı, bir günlüyə gəldim, bircə günlüyə... Müharibə belə olmur, mən onu kinolarda görmüşəm". Cavan oğlanın içində  əsirlikdən qurtulmaq duyğusu  kök salır və yaşlı kişiyə deyir: "Armik də tanış çıxdı, sənin tanışın, get indi özün danış onunla, denən ki, bu gündən sonra  mənim imtahanlarım başlanır, mən evimizi istəyirəm.  De ki, mən o cındırın yerini bilmirəm, qoy məni buraxsınlar. Birbaşa Bakıya gedərəm, qohumlarımın yanına. Babamın tüfəngini də özümə qaytarsınlar". Cavan oğlanın bu sözlərini təbii sayırıq.  Onun "Mən heç evlənməmişəm də. Anam yola salanda evlənsəydim, heç olmasa, iyini uşağımdan alardım" deyirdi.  Anama-atama yazığım gəlir. Onların nə günahı?" Sonda cavan oğlan dözə bilmir, "evimizi istəyirəm" deyib qapını təpikləməyə başlayır, tankın yerini qışqırır.  "Yaşlı kişi yüyürüb arxadan onu qamarladı, əlləri ilə boğazını sıxdı. Oğlan əlləriylə onun əllərini, üz-gözünü cırmaqlamağa başladı... Yaşlı kişi isə, avtomat  sıralamasından və öz ulartısından başqa heç bir səs eşitmədi".

Povestin ikinci hissəsində yaşlı kişinin yaralı halda bir neçə gün meşədə gəzib, axırda tankı basdırdıqları yerə gəlib çıxması, amma yerində yekə bir çala və soluxmuş ağac budaqlarını görməsi, sonra isə öz kəndinə gedib çıxması və artıq heç kimi görməməsi təsvir olunur. "Heç nə dəyişməmişdi. Kəndlərindən başqa. İndi kəndləri, bağları  vəhşi adanı xatırladırdı". Boşalmış kənddə bir neçə ay tək-tənha dolanır, öz əli ilə tikdiyi, illər boyu arzuladığı evin pilləkənlərinin də söküldüyünü görür. Yaşlı kişi bir xeyli ermənini qətlə yetirir. Onlar  qocanın verdiyi çaxırdan içib yerdəcə qıvrılırdılar, "qocanın sifətində ölüm gülürdü".  Armikin oğlu onu öldürür. Povestin sonunu müəllif belə bitirir: "Qurdun şərqisi" ideoloji əsərdir.  Birinci fəsildə müharibənin dərk olunmazlığı  təsvir olunur. İkinci fəsil  bizim yenicə başlayan özünüdərkimizin  və məğlubiyyətimizin göstəricisidir. Üçüncü fəsildə qalibiyyət olmalıdır. Xəlilin oğlu Xaqan Armikin oğluna qalib gəlməlidir. Hələlik real ilk iki fəsildir.  Bu fəsil qəhrəman Azərbaycan əsgərinə həsr olunmalıydı. Və bircə cümlə: "Armikin dəstəsi kəndi geridə qoyub öz yerlərinə qayıdırdı. Qurd oğlu Qurd isə qeyzindən ulayırdı. Qisas qiyamətə qalmamalıydı".

Elçin Hüseynbəylinin "Gözünə gün düşür" hekayəsini son illərin  nəsrimizdə diqqəti cəlb edən ən uğurlu hekayələrindən  biri hesab etmək olar.  Bu hekayədə hətta bir romanın məzmununa sığa biləcək hadisələrlə qarşılaşırıq, təsvir olunan obraz isə, doğrudan da, İnsan və Müharibə problemini özündə dolğunluqla əks etdirir. Hekayənin qəhrəmanı ağır xəstəliyə tutulmuş əlli üç yaşlı onkoloq-həkimdir və onun yeganə arzusu doğulduğu kəndi, öz həyətlərini son dəfə görmək, orada ölməkdir. Bu niyyətlə o, bildiyi tanış yollarla öz kəndlərinə doğru yol alır. "Kəndlər yox idi. Evlərin çardaqları, divarları sökülüb aparılmışdı, talan edilmişdi, yalnız yaşayış üçün  yararsız olan kərpic tövlələrin, toyuq hinlərinin divarları qalırdı.  O, bunları aydınca  görməsə də, duyurdu. Evlərin bir qismini  sərhədin o tayında, Arazın güneyində yaşayan iranlı soydaşları, bir qismini də ermənilər aparmışdılar". Xəstə həkim çox çətinliklə də olsa, öz həyətlərinə girir və yurdunun yağmalandığını görür: "Xarabalığa dönmüş evə girdi. Bir zamanlar üstündə iməklədiyi, qardaş-bacıları ilə qaçdı-tutdu oynadığı evin döşəməsi də sökülmüşdü.  Ara-sıra çürük taxta qırıqları gözə dəyirdi... Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi". Amma bu, uzun çəkmir, kənddə olan iki erməni əsgəri onu qabaqlarına qatır, kənddən iki kilometr aralıda yerləşən  zastavaya gətirirlər.  Zastavada o, erməni zabitinə məsələni açır və deyir ki, mənim ömrümə bircə gün qalıb, istəyirəm öz kəndimdə öz qəbrimi qazım, ölə bilməsəm, sizlərdən kim isə məni öldürsün. Zabit tərəddüd edir, amma həkim ona rüşvət vəd edir, gəlib qəbiristanlığa çatırlar. Həkim sürünə-sürünə  atasının qəbrinə çatır, daha qəbir uçulmuşdu və xəstə həkim özünü  həmin boş qəbirə yuvarladır. "Gözlərinin önünə güllü-çiçəkli  dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər gəlirdi. Hər şey gözəl idi.  Onun yadında daha çox günəş qalmışdı. Amma bu gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi.  İndi bu gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu. Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ diriydi. Ölərkən hiss elədi ki, gözünə gün düşür. Gözlərini ovuşdururdu". Hekayə beləcə sona yetir və "gözlərini ovuşdururdu" cümləsi elə bil, bizi qəflət yuxusundan ayıldır.

Elçin Hüseynbəylinin hekayələrində zaman və məkan məsələsi də önəmlidir. Təsvir olunan hadisələrin zamanı məlumdur - əsasən müharibənin ilk illəri, köçkünlük başladığı, kəndlərin boşaldıldığı, insanların dəhşətli həyəcanları, daha çox uşaqların və qocaların fikir və duyğularını əks etdirən illər. Məkan da məlumdur-kəndlərin, qəsəbələrin son günləri. "Ağsaqqal" hekayəsində yaşlı bir insanın - ağsaqqalın vaxtilə əldə etdiyi bir tapançanın taleyindən söz açılır. Amma bu tapança açılmır. "Sevgiylə döyüşmək" hekayəsi isə daha təsirlidir. 15 yaşlı Sənan könüllü olaraq vuruşan dəstəyə qoşulur. "Onu dəstəyə götürmək istəmirdim. 15-16 yaşı ancaq olardı. Hansı kənddən gəldiyini bilmirdik. Özü qəsdən demirdi ki, geri qaytara bilərik. Müharibənin nə olduğunu kinoda görmüşdü". Həmin bu oğlan Nahidə adlı bir qızı sevir, ürəyinin sözünü telefonla ona çatdırmaq, ad gününü təbrik etmək istəyir, amma onu vururlar. Əvəzində komandir həmin qızla telefonda danışır, qız onu acılayır. Nə etmək? Həyat, insan münasibətləri çox mürəkkəb və ziddiyyətlidir.

Elçin Hüseynbəylinin hər iki kitabındakı hekayələr öz dilinin aydınlığı, səlisliyi ilə seçilir. Mərhum akademik Tofiq Hacıyev yazırdı ki: "Elçin dil-ifadə tərzində də yenilikçidir. Bu fakt bitkin üslub gerçəkliyidir". Onun hekayələrində dialektdən, şivədən gələn sözlərə, ifadələrə də təsadüf edirsən, amma bunlar ədəbi dil materialında xaric səslənmir, heç bunları hiss eləmirsən də. Təsvir etdiyi obrazlar da təbiidir, həyatdan gəlir. Qoy bu təbiiliyi o, gələcək yazılarında da həmişə qorusun, saxlasın. Müharibə isə hələ bitməyib və Elçin Hüseynbəylinin deməyə sözü çoxdur... /525.az/

Yenililklər
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.