Şəfa Vəli - Gülün sözü
10.04.19

Hər sözünün üstündə duran, edə bilməyəcəyi sözü dilinə gətirməyən Gülnar Səmanın yeni kitabı işıq üzü görüb. “Sözümüz sözdür” adlı kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabda “Ön söz yerinə” Elçin Əfəndiyevin “Söz azadlığı tənqidimizə nə verib?” adlı məqaləsindən bir hissə verilib. (III məqalə, “Ədəbiyyat qəzeti”. 4 noyabr 2017. № 39 (5110) səh. 8-9) Həmin hissədə Elçin Əfəndiyev  yazır: “…mən Gülnar Səmanın “Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” (“525-ci qəzet” 4 iyun 2016) adlı xülasə tipli məqaləsini maraqla oxudum və bu məqalənin yaxşı cəhəti ondadır ki, oxuyursan və aşkar hiss edirsən: haqqında bəhs olunan, bax, bu gəncləri oxumaq lazımdır, onların yaradıcılığından daha ətraflı, daha artıq bir təfərrüatla, daha mütəmadi yazmaq lazımdır”.

Mən 2016-cı ilin fevralını xatırlayıram bu sətirləri oxuduqca... Onda Gülnar Səma ilə eyni otaqda yaşayırdıq. Mən onun “Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” adlı yazısının yazılma prosesinin şahidiydim. Gülnar yazıda adını çəkdiyi bütün gənclərin kitabını başdan-başa oxuyur, kitabı olmayanların (məsələn; mənim) mətbuatda çap olunan qələm nümunələrini bircə-bircə toplayır, onları əsl ədəbiyyatşünas kimi incələyirdi. Və yazının kiçik bir abzası üçün bəzən ən az dörd mətbu orqan;  jurnal, dərgi, qəzet, almanax, antologiya oxuyurdu. Sonra da keçirdi kompyuterin başına və yazmağa başlayırdı. Məni yuxu necə tuturdu, bilmirəm. Bir də səhər ayılırdım ki, masanın üstündə başqa kitablar, fərqli qəzet-jurnallardır. Və Gülnar növbəti gəncin yaradıcılığına “səyahətə çıxıb”...

Belə yaranırdı Gülnarın ədəbiyyat tariximizin bütöv bir mərhələsinə bələdçi  olacaq məqaləsi; onun yuxusuz saatlarından, yorulmazlığından, gərgin günün davamı olan soyuq fevral gecələrindən doğulurdu... Amma təəssüflə, həm də böyük bir təəssüflə qeyd etmək istəyirəm ki, məhz bu yazıdan sonra yazıda adları çəkilən gənclərdən bir çoxu öz iradlarını küskünlük şəklində göstərdilər. “Niyə mənim bir kitabım haqqında bir abzas yazmısan?”, “Niyə şeirimdəki səhvi yazında qeyd etmisən?” kimi cümlələri birbaşa Gülnarın üzünə deyirdilər. Düzdür, Gülnar bunlara  səmimiyyətlə gülümsəyib keçirdi, “adi haldır” deyirdi, amma mən hələ də bu laqeydliyi qəbul edə bilməmişəm... Çünki ədəbiyyat tariximizin yaddaşına hopacaq bir məqalədə “Ağarmış gün” hekayəmdən və “Azərbaycan” jurnalında çap olunan şeirlərimdən bəhs olunması mənim üçün həqiqətən də, böyük sevinc idi. Üstəlik, regionlarda yaşayan, aylarla yolu Bakıya düşməyən gənclərin də yaradıcılığına işıq tutan yazı üçün Gülnara  bu gün də minnətdaram...

    Gülnar Səma öz kitabında yüz il əvvələ qayıdır,  tarixi qürurumuzun şanlı səhifəsi olan cümhuriyyət dövründəki ədəbi mühitdən bəhs edir. Həmçinin, “tanrı ərməğanı olmayan”, əksinə, “xalqımızın layiq olduğu halal haqqı olan”  Azərbaycanın dövlət müstəqilliyindən köksü qabara-qabara yazır... Və müstəqillik illərində ədəbiyyata göstərilən dövlət qayğısına diqqət çəkir, keçirilən tədbirlər və dövlət nəzarəti ilə işıq üzü görən nəşrlər haqqında dolğun məlumat verir.

    Kitabı oxuduqca Gülnarın şair kimi xüsusiliyindən çox uzaqlaşdığımı etiraf etməliyəm. Şeirin doğuluşu bir neçə an çəkir... Amma bu kitabdakı hər bir yazının, ən azı, bir neçə həftə Gülnarın ruhuna sancı çəkdirdiyinin fərqindəyəm... Məsələn, “Elçinin “Kölgə” hekayəsində kölgələrin ardındakı işıqlı mətləblər” yazısını yazmaq üçün Gülnar “Kaşeyin taleyi” kitabını alıb, oxuyub, qeydlərini kiçik dəftərçəsinə yazıb,  sonra bir neçə gün oxuduqlarını beynində, ürəyində evdən-işə, işdən-evə daşıyıb... Neçə yuxusuz gecə keçirdiyini isə bir özü, bir də kompyuteri bilib. Və budur, biz oxucu kimi uzağı on beş-iyirmi dəqiqəyə bu yazını oxuyub bitiririk...

    “Cavidanə uçurum” Gülnarın ən sevdiyim yazılarındandır. Və kiçik bir etiraf etməyi özümə borc bilirəm: mənim “Cavidanə təbəssüm” şeirim məhz bu yazıdan sonra dünyaya gəlib... Məncə, heç kimsə, Cavid yaradıcılığındakı uçurumlardan keçməyi, ruhunun hər qaya çıxıntısına dəyib sıyrılmağını, incinməyini, bir şairin yaradıcılığına bu cür-fəlsəfi və ruhi dərinliklə yanaşmağı  özünə rəva görməzdi... Gülnar məhz bunu edib və bacarıb!
    Bir də “Əbülfət İslamı xatırlayarkən” adlı yazısı var Gülnarın... Yazı haqqında danışmaq istəmirəm, çünki Gülnara ünvanlayacaq bir cümləm var: “Gülnar, sən Əbülfət müəllimi xatırlamaq üçün ömür payında heç vaxt ayaq yeri qoymadın, axı, onu heç unutmadın ki, xatırlayasan...”

    Gülnar Səmanın 2016-cı ildə çap olunan “Gül” adlı şeirlər kitabının ön sözünü Vaqif Yusifli yazıb. O,  yazısını “Gülnar Qasımlı mənim doktorantımdır” cümləsi ilə başlayır. Gülnar isə öz kitabında qürurla yazır: “Azərbaycan ədəbiyyatşünaslığının sanballı tənqidçi kimi qəbul etdiyi Vaqif Yusifli həm də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiridir... Mən 2014-cü ildə Ədəbiyyat İnstitutuna doktoranturaya qəbul olunanda həmin şöbə yeni yaradılmışdı. Həm şöbənin, həm də Vaqif müəllimin ilk doktorantı olmaq şərəfinə nail oldum”. Gülnarın müəllimlərinə olan ehtiramı bu gün hər gəncdə, hər “yazaram, şairəm” deyən qələm sahibində yoxdur...

    Gülnar üç dəfə də şair kimi Türkiyədə keçirilən ədəbi tədbirlərdə iştirak edib. Hər üçündən də bir qucaq kitabla qayıdıb və gətirdiyi kitabları Azərbaycan oxucusuna tanıtmaqda gecikməyib. Birinci səfərindən sonra “Ulduz” jurnalından “İnci Okumuşu oxuyuruq” adlı yazısını oxuduq. Burada  Gülnarın Türkiyəli şairin “Aşkın elif hali” adlı kitabı haqda düşüncələri yer alıb.

Gülnar 2017-ci il aprelində  Uluslararası Trabzon Ədəbiyyat Festivalında  da iştirak edib. Və “Necip Saraçoğlunun “Gülə həsrət” duyğuları” o səfərdən yadigardır… Yazıda Necip Saraçoğlunun çoxşaxəli yaradıcılığı ilə yanaşı,  onun “gülün indiki, gələcək və keçmiş zamanlardakı halını vəsf edən” şeirlərindən də danışılır.

“Çanaqqala zəfəri və ya 26 minanın türkanəliyi” yazısını kitabdan oxumuşdum. Ağlamışdım... Özü də Gülnardan gizlətmədən, elə onun yanındaca ağlamışdım... Yəqin ki, kitabı oxuyanlar da qəhərlərini gizlədə bilməyəcək...

Bir də Məmməd İsmayılın yaradıcılığından bəhs edən yazıları var Gülnarın... “Məmmədəm, a kəndim, tanımadınmı?”, “Hardasa, hardasa bizi duyan var, Hələ yaşamağa dəyər bir az da...” deyən şairin Gülnarla ruhi doğmalığının da şahidi olmuşam. Bu misraları uşaqlıqdan anamdan eşitmişəm... Böyüdükcə Məmməd İsmayılın adını tanımışam. Sonra da Gülnarla birgə Məmməd İsmayılın ədəbi məsləhətlərini dinləmişəm... Və düşünürəm ki, Gülnar olmasaydı, heç vaxt Məmməd İsmayılın qarşısında bir şagird kimi otura bilməzdim... Gülnar Məmməd İsmayıldan “bəxtinə düşən günü şair taleyi kimi yaşayan” bir insan kimi bəhs edir. Eyni zamanda, məndən iyirmi yaş böyük olan şeirin zamana qalib gəlməyinin mistikasını da de-şifrə edir: “Yazarın ən məşhur əsərlərindən olan “Hələ yaşamağa dəyər bir az da...” şeiri 1968-ci ildə yazılsa da, bu şedevr əsərdə müdrik el ağsaqqalının simasını görür, ürək çırpıntı¬larını eşidirik”. “Məmməd İsmayılın vətənpərvərlik mövzulu şeirlə¬rinin kökündə bütün türk dünyasının xəritəsi dayandığını” da Gülnar kəşf edib... Və bu kəşfi onun ədəbiyyatşünas kimi fərqliliyinin sübutudur. Bu fərqlilik ümumi anlam daşıyan “oxucu” sözünə şamil edilə bilməz.
“Rəşad Məcidin “Çiyələk qadın”ı”... Bu “çiyələk qadın” hamının sevimlisidir. Elə Rəşad Məcidin eyniadlı kitabı da. Bəlkə də, indiyədək oxuduğum yeganə şeirdir ki, oxucunun cinsi fərqliliyini aradan qaldırır. Hər bir qadın özülüyündə “çiyələk qadın” olduğunu hiss edir, yaxud məhz o cür olmağı arzulayır. Hər bir kişinin ömründən isə mütləq bir “çiyələk qadın” keçir... Doğrusu, bu şeiri və  ətirlərdən bəhs edən şeiri oxuyana qədər inanmazdım ki, Rəşad Məcidin ruhunda bu qədər utancaqlıq var... Elə Gülnar da təəccübünü gizlətmir:  “Bilsəydim, əvvəldən heç başlamazdım, Öldüm yaza-yaza bu şeirləri”. Bəlkə də, çoxumuz bu misraların Rəşad Məcidin olduğuna inanmazdıq. Elə mən özüm də haqqında söhbət açacağım “Çiyələk qadını” oxuyana qədər belə bir məsumluğun fərqinə varmamışdım”.   Bəli, Rəşad Məcid bir şair kimi özünü gözəl “gizlədib”... Düşünürəm ki, bu gizli şeir xəzinəsinin kəşfi bütöv bir ədəbi nəsli gözləməkdədir...

2016-cı il idi. “Köroğlu” dərgisi Müşfiqə həsr olunmuş xüsusi buraxılış hazırlayırdı. Yazıları gözlənilən imzalar içərisində Gülnarla mənim də adım var idi. Qarşı-qarşıya oturub düşünürdük ki, indiyədək Müşfiqi necə tanımışıq? Necə anlada bilərik onu? Yox, danışmırdıq biz, sadəcə, üz-üzə düşünürdük... Və sonra  Gülnar kompyuterinin arxasına keçdi, mənsə telefonumu əlimə alıb məktub yerini açdım, ünvan kimi də Gülnarı seçdim... Yazmağa başladıq... Nə qədər zaman keçdiyini bilmirəm, amma ikimiz də eyni anda başımızı qaldırdıq və birimiz çay dəmləməyə, birimiz də fincanları yumağa getdik. (İzah edə bilməsəm də, bu cür bir-birimizlə danışmadan nə etmək lazım olduğunu anlamağımız da az olmayıb). Çay içə-içə yerimizi dəyişmişdik, mən kompyuterdən onun yazısını oxuyurdum, o da öz telefonuyla mənim göndərdiyim məktubu...  Gülnar Müşfiqin “Çoban” poemasından yazmışdı. Sanballı bir yazı idi, hətta ədəbiyyatşünaslıq baxımından qüsursuz idi. Başımı razılıqla tərpətdim, üzümü döndərib Gülnara baxdım, qəhərlənmişdi... Və onun orada dediyi sözləri heç vaxt unuda bilmirəm: “Şəfa, Müşfiqin yaşamaq sevgisini hamıdan yaxşı sən anlatmısan...”

Gülnar Səma müstəqillik dövrü poemalarını incələyir, onların məziyyətlərini, əhatə etdiyi dövrü və özündə ehtiva etdiyi mövzuları səlis bir şəkildə xronikalaşdırır, bəzən tapdığı cizgilərlə müəlliflərin özünü də heyrətə salır. “Nəriman Həsənzadənin “Nuru Paşa” poeması”, “Fikrət Qocanın çağdaş dövrdə yazdığı poemaları”,  “Zəlimxan Yaqubun “Yunus Əmrə dastanı”, “Zəlimxan Yaqubun “Hüseyn Saraçlı dastanı”, “Yusif Nəğməkarın “Çanaqqala” poeması”, “Məmməd İlqarın “Qaratel” poemasının məziyyətləri”, “Elxan Zalın “Anıt məzar dastanı”, “Elçin İsgəndərzadənin poemaları”, “Barat Vüsalın “Aldədə” poeması”, “Musa Ələkbərlinin “Mübarizlik dərsi”  kimi yazılarda oxucular dediyimin təsdiqini tapacaqlar.

Kitabda Gülnarın öz müasirləri olan gənclərin yaradıcılığına bələdçi olacaq yazıları da yer alır. Bu yazılardan hər hansı birini oxumaq, həmin imza ilə artıq ilkin tanışlıq deməkdir. Həmçinin, onun nə yazdığı, nədən yazdığı, şeirlərindəki labirintlərin yolları Gülnarın təqdimatında mükəmməldir.  “Arzu Hüseynin içində yaşayan məsumluq”, “Nuranə Nurun “Yoxluğuna və sağlığına”, “Şahanə nağıl”, “Emin Piri “Tanrının kölgəsi”ndə”, “Elməddin Nicata məktub”, “Faiq Hüseynbəyli yaradıcılığının çalarları”, “Ruslan Dostəlinin gənclik hesabatı” kimi təəssürat yazıları ədəbi gəncliyimizin portretinin ştrixləridir...

Bir də kitabda Gülnarın “Ulduz” jurnalında apardığı müzakirələr var. Bu ədəbi müzakirəni dövrümüz üçün sevincli hadisə sayıram. Jurnalın redaktoru Qulu Ağsəs bu layihəni başlatmaqla gənclərin bir-birinə olan münasibətini, bir-birinin yaradıcılığını necə qiymətləndirmələrini aşkarlamamızda yeni cığır açdı...

Utanaraq qeyd edirəm ki, kitabda mənim “Poçtalyona məktub”um haqqında da yazı var. Mənim uyğunsuz qafiyələrimə daim irad  tutan Gülnar Səmaya həmişə cavabım bu olur: “Mən şeiri düzəltmirəm, şeir məni düzəldir”. Amma hərdən onun iradlarının qarşısında da utandığım  olub...

Hər uğurun uğurumuzdur, Gülnar Səma! Sənin zəhmətin çağdaş ədəbiyyatımızın gündəlik həyat tərzinə çevrilsin... Amin!

Yenililklər
14.08.20
“Çölçü” filmi yenidən mükafata layiq görülüb
14.08.20
Mədəniyyət Nazirliyində kadr təyinatı
14.08.20
Koreyalı türkoloqun kitabı Azərbaycanda nəşr olunub
13.08.20
MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
13.08.20
Mədəniyyət nazirinə müşavir təyin edilib
13.08.20
Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
13.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.