Əzizağa Nəcəfov - Cəfər Cabbarlının cümhuriyyət dövrü
11.04.19

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Çox az adam bilir ki, Cəfər Cabbarlı milli hökumət dövründə parlament iclaslarının stenoqrafı olub, siyasi motivlər əsasında 1923-cü ildə həbs olunub, bir neçə ay məhbəsdə qaldıqdan sonra müxtəlif şərtlərlə, ən əsası isə bundan sonra sovet hökumətinə qarşı heç bir çıxışlar etməyəcəyinə boyun olmaqla həmin ilin avqustunda azadlığa buraxılıb. Əslində, 24 yaşlı bir gəncin cümhuriyyət, türkçülük, millilik naminə hansısa bir nüfuzlu layihələrə qol ata, yaxud bu sarıdan necə ciddi fəaliyyət göstərə bilməsi bizi heyrətləndirməyə bilmir. Xüsusən də yaşı altmışı ötmüş oxucularımıza onun bir türkçü və müsavatçı kimi təqdimatımız qəribə görünməyə bilməz. Maraqlıdır ki, Cəfər Cabbarlı hələ 1915-ci ildə M.Ə.Rəsulzadənin təsisçiliyi ilə yaradılan, M.B.Məmmədzadə, S.Hüseyn, Ə. Cavad və başqa bu kimi türkçü əqidəli vətənpərvər ziyalıları ətrafına toplayan “Açıq söz” qəzetinin ən fəal nümayəndələrindən biri olub. 1916-1917-ci illərdə Türkiyənin Avropa dövlətlərinin cəngində sıxıldığı bir zamanda, Osmanlı imperatorluğunun dağılması ərəfəsində milli hərəkatın geniş vüsət aldığı illərdə baş verən hadisələri böyük can yanğısı ilə izləyib, o dövrdə qələmə aldığı üç pyesindən ikisini – “Trablis müharibəsi” (“Ulduz”) və “Ədirnə fəthi” əsərlərini bu mövzuya həsr edib, xalqın öz ərazilərini qorumaq uğrunda mübarizə əzmini uğurla təsvir etməyə müvəffəq olub.

Əsərdə alovlu nitqi ilə seçilən vətənpərvər hərbçi, istedadlı sərkərdə və alovlu natiq Ənvər obrazı yaradılır. Bu obraz 1918-ci ildə Bakının erməni-daşnak və bolşevik işğalından azad olunmasında müstəsna xidməti olan Qafqaz-İslam ordusunun komandanı Nuru paşanın qardaşı Ənvər paşanın prototipidir. Əsərdə onun əsgərlərə müraciətlə dediyi sözlər bu gün də orduda ruh yüksəkliyi yaratmağa qadirdir ki, faciənin yazıldığı anda xüsusən zəruri idi: “ - Ey qəhrəman türklərin igid balaları! Siz şanlı türk övladları olduğunuzu heç hərbə girmədən bu qədər böyük məsafəni 3 günə piyada gələrkən sübut etdiniz! Qardaşlar, biz Ədirnəyə kimsəni əzməyə gəlmədik, biz kimsəyə hücum etmək, kimsəni tapdalamaq istəmədik və kəndimizin də tapdanmamıza yol vermərik. Bunu görməkdənsə, ölümümüzü görmək istərik. Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən azad Asiyanın istiqanlı, igid balaları! Qarışqalar kimi ayaq altında tapdanmağa həyatmı deyirik? Xayır, türk olduğunu anlayan hər bir kəs bunu qəbul etməz! Yerin üstündə yatmaqdansa, altında yatmaq daha gözəl deyilmi? Biz kimsədən tərəhhüm ummayırıq. Tərəhhüm bir millətin ölməsi deməkdir. Silahına təkyələnməyən bir millət yüksək dağlara belə dayanırsa, nəhayət yıxılacaqdır, …haydı qardaşlar, qəhrəman əsgərlər”.

Heç təsadüfi deyil ki, Bakının azad olunmasından sonra Nuru paşanın şərəfinə təşkil olunan tədbirdə məhz C.Cabbarlının “Ədirnə fəthi” əsəri tamaşaya qoyulub və deyilənə görə, Nuru paşa qardaşının qəhrəman obrazını səhnədə gördükdə heyrətlənib. O zaman Rusiyada baş verən siyasi qalmaqallar, 1918-ci ilin martında Azərbaycanda bolşevik havadarlarına arxalanıb kommunist bayrağı altında soyqırımı aktı törədən ermənilərin vəhşilikləri də Cabbarlının yaradıcılığında əksini tapıb. Bu illərin qanlı hadisələrini özündə ehtiva edən “Bakı müharibəsi” əsəri hazırda əlimizdə olmasa da, təkcə əsərin adı, mövzusu və mündəricəsi haqqında məlumatımız onu deməyə imkan verir ki, dramaturq xalqının, millətinin ağrı-acısını duyan, onun dərdinə şərik olan, eyni zamanda, onun gələcəyinə ümidlə yanaşan sənətkardır. Bu qırğın onu daim düşündürüb, ixtişaşların səbəblərini arayan sənətkar hadisələrin tarixi ardıcıllığını araşdırarkən sələfi Nəriman Nərimanovla eyni fikrə gəlibdir. Sonralar 1931-ci ildə Cəfər Cabbarlının “1905-ci ildə” əsərini yazması da zahirən xalqlar dostluğunu ifadə etmək məqsədi daşıyırdısa, əslində, bunda əsl məram bu iki xalq arasına nifaqın məhz rusların salmasını, müharibə fitnəkarının çar siyasəti olmasını göstərmək idi. Əsərdən də göründüyü kimi, müəllif 12-ci şəklində Allahverdi, İmamverdi və Aramın mehribancasına adi məişət söhbəti aparması zamanı güllə səsinin gəlməsini verir, elə bu dəm Allahverdinin dilindən: “Atan kazaklardır…” ifadəsini işlədir. Nəriman Nərimanov da özünün “Bir kəndin sərgüzəşti, yaxud “Əmi” adlı əsərində metaforik dillə suyu üçüncü birisinin bulandırdığı qənaətinə gəlir.

Artıq 1918-ci ilin may ayında mili hökumət qurulduqdan sonra Cabbarlı yaradıcılığında da bir yüksəliş müşahidə olunur, həm ədəbi, həm də ictimai fəaliyyətində inam hissi güclənir. Tək bircə “Azərbaycan bayrağına” şeiri onun milli bağımsızlığa vurğunluğunu ifadə etmək üçün kifayət edər.

Kölgəsində ay əyilib bir gözəli qucmada,
Qucuşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə sevilmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli “od yurdu”,
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur.
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!

Bu şeir o dövrdə qələmə alınan Azərbaycan bayrağına həsr olunan ən mənalı təsvir, ən dolğun vəsiqədir. Əsər təkcə müəllifin vurğunluq hissini deyil, eyni zamanda, milli vətənpərvərlərin qürur və sevinc əhval-ruhiyyəsini də ifadə edir. Sonralar müstəqilliyini bərpa etdiyi kimi, bayrağını və himnini də yenidən qaytaran gənc azərbaycanlılar üçrəngli, aylı-ulduzlu bayrağın rəmzi anlamını daha dəqiq məhz bu şeirdən öyrənə bildi. 1920-ci il aprelin 27-də parlamentin hakimiyyəti dinc yolla Azərbaycan bolşeviklərinə təhvil verməsi, azadlığın qoxusunu belə dadmamış başqa soybir qardaşlarından fərqli olaraq özgürlüyün dadını bilən azərbaycanlıların müstəqilliyini itirməsi C. Cabbarlını sarsıtdı. Sözügedən tarixdə milli təəssübkeş olan gənclər M.Ə. Rəsulzadənin evində “Gənc müsavatçılar” təşkilatını yaratdı. Həmin gizli təşkilatın katibi Cəfər Cabbarlı, sədri isə onun məktəbdən belə tanıdığı Mirzə Bala Məmmədzadə idi ki, onun bir sıra yığıncaqları Cabbarlıların bağ evində keçirilibdir. Təşkilatın qeyri-leqal mətbu orqanı olan “İstiqlal” qəzetinin də ən fəal müəlliflərindən biri məhz Cəfər Cabbarlı olub. Elə yuxarıda sadaladığımız səbəblər ucbatından 1920-1926-cı illər azadlıq aşiqi Cabbarlının yaradıcılığında bir mənəvi böhran, axtarış məqamı olub. Bu illər ərzində o, tərcüməçiliklə məşğul olub, ali təhsil almaq haqqında düşünüb və bunu reallaşdırıb. Cəfər Cabbarlının 1919-cu ildə yazmağa başladığı və artıq yeni rejim çərçivəsində (1921-ci il) tamamladığı “Aydın” əsərində müəllifin yeni quruluşa qarşı olan münasibəti baş qəhrəmanın çıxışlarından üstüörtülü olsa da, hiss olunmaqdadır. Əqidəsiz, quru vədlərə inanıb inqilaba qalxan kütləni Aydın “qoyun sürüsü” adlandırır. O, Dövlət bəyin otağının qapısını qırmağa cəhd edən işçilərə müraciətində deyir: “Durun, zavallılar! Siz bütün yaşayışı, həyatın bütün gözəlliyini, bütün bu iztirab, bu göz yaşlarını bir qarın çörəyəmi fəda etmək istəyirsiniz? Sonra yeyib yatmaq, yenə yemək, yenə yatmaq - sizcə həyatdırmı? Həyat göz yaşlarından ibarətdir ki, onun da saqisi ancaq onlardır”…

Göründüyü kimi, Aydın hakimiyyət dəyişikliyinin heç də elə böyük bir fərqə səbəb olmayacağını deyir. C.Cabbarlının Aydına qarşı qoyduğu əks qütbdə dayanan obrazı məhz “Dövlət” adlandırması da təsadüfi deyil. Yəni bir dövlətin başqa biri ilə əvəz edilməsi hələ azadlıq demək deyil. Əsl azadlıq müstəqillikdir. Bir vətənpərvər və tərəqqisevər insan olan Cabbarlı şura hökumətinin ağlabatmayan tələbləri içərisində də daha dünyəvi məsələləri tapmağa - qadın azadlığı, savadsızlığın ləğvi, köhnə, vaxtı ötmüş adətlərin tənqidi, xalqlar dostluğu və tolerantlıq kimi önəmliləri üzə çıxarmağa müvəffəq olur, onlara yetəri münasibət “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar” və s. kimi əsərlərində yer alır. Cabbarlı adı gedən mövzulara həsr etdiyi əsərlərində də, əslində, öz vətəndaşlıq təəssübkeşliyindən əl çəkmir, yeri gəldikcə obrazların dilindən, replikalarla mövcud quruluşa, onun qərəzli siyasətinə olan etirazını da ifadə edir. Daha çox 1927-ci ildə qələmə alınan “Od gəlini” əsərində M. F. Axundzadənin həqiqəti söyləmək təlimatına uyğun olaraq hadisələrin yerini və zamanını dəyiş ideyasına sadiq qalır. Eramızın IX əsrlərində baş vermiş Xürrəmilər hərəkatını simvolik olaraq cümhuriyyət dövrü hadisələrini təsvir etmək üçün əsas alan müəllif Elxanın simasında milli demokratik qüvvələri, Aqşinin simasında əqidəsində aldanan kommunist meyilli buyruq qullarını, Solmazın simasında isə təhlükədə olan Vətən namusunu ümumiləşdirir. Məlumdur ki, burada yad din və adətlər qəbul olunmaz mənəvi dəyərlərdəndir, əsərdəki hadisələri reallığa köçürsək, qəbul olunmayan özgələrdən dəstək alan yeni dövlətçilik hərəkatıdır. Nəzərə alsaq ki, din də, siyasət də ideoloji faktordur, onda sözügedən əsərdə rahat paralellər aparmaq mümkündür. Elxanın əsərin sonundakı monoloqundan bəzi cümlələri müəyyən ixtisarla oxusaq, bu etirazın 20-ci illərlə bağlı olduğunu rahat görərik: “La ilahə illəllah! … Yalnız mən demirəm. Yalnız mən, bir günəşin telləri, bir vicdanın çarpması, bir mənanın görsənişləri olan bəşəriyyətin bu qardaşlıq və azadlıq bayrağı altında tək qalıb, son nəfəsimdə də, deməyib, sizə və bütün insan qəssablarına qarşı ucadan deyirəm: “Yoxdur allah, yoxdur allah!”. Əgər bu parçadakı “La ilahə illəllah əvəzinə, “kommunizm rejimindən savayı, azadlıq yoxdur” ifadəsi, “yoxdur allah, yoxdur allah!” əvəzinə isə, “yoxdur azadlıq, yoxdur azadlıq” işlətsək fikrimiz aydın olar. Yaxud bir az öncə əsərdə Aqşinin Elxana “Qarşında iki yol var: Quranlı Solmaz, yaxud bayrağının altından görünən ölüm”, - təklifi müqabilində Elxanın “Mənim üçün bu bəyazı qucmuş Solmaz, yarpaqlarına qan çilənmiş bir çiçəkdən başqa bir şey deyildir”, - cavabı məsələni daha da aydınlaşdırır. Elxanın söylədiyi: “Mən qan sovuran allahlara, sümük gəmirən tanrılara baş əymirəm”, Qoy bütün tarix, qoy gələcək azad bəşəriyyət bilsin ki, öz böyük əməlim uğrunda öz doğma qardaşıma qarşı mən də silahsız deyiləm”, - ifadələri əslində Cəfər Cabbarlının bizə - gələcək Azərbaycanın azad vətəndaşlarına bir səslənişi idi. Çünki Cəfər Cabbarlının 1920-ci ildən ölümünədək qələmə aldığı əsərlərini təhlil etdikdə görürük ki, o, heç vaxt sovet rejiminin təbliğatçısı olmayıb, heç vaxt bu quruluşu tərənnüm etməyib, yəni başqaları kimi ideologiyanın qurbanına çevrilməyibdir. O, milliliyi - türkçülük və islamçılığı müasirləşmə çərçivəsində qəbul edib, üstüörtülü olsa da, təbliğ edən mütərəqqi fikirli ziyalılarımızdan olub. /Azərtac/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.