Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...

18.07.19

TƏRCÜMƏNİN NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI BARƏDƏ

Demək lazımdırmı ki, bu dünyada hər şey nisbidir, elə "rəng və zövq məsələsində özünə yoldaş axtarma" kimi, sanki, mütləq həqiqəti ifadə edən qavramın özü də.

İnsan fəaliyyətinin digər sahələrində, bəlkə də, hər şey deyildiyi kimidir - zövqə və rəng seçiminə görə yoldaş tapmaq mümkün deyil. Ancaq tərcümə elmi sahəsində işlər tamam başqa cürdür - burada həm rəngə, həm zövqə, həm də tərcümə tiplərinə və tərcümənin növlərinə görə həmfikir mütləq tapılır... İstədiyin vaxt hər hansı tərcümə məktəbinə qoşulub, tərcümənin "dəqiqliyi, adekvatlığı və gözəlliyi" naminə onlarla birgə elm yolunda külüng vura bilərsən. İstəsən, hətta tərcümənin mümkünsüzlüyü, səmərəsizliyi, lap cəfəng şey olması haqqında iddialarda da buluna bilərsən. Bu halda yuxarıdakı deyim özünü tamamilə doğrultmuş olacaq. Bu, müxtəlif məktəblər, cərəyanlar, tərcümənin bu və ya digər problemi ilə bağlı çeşidli baxışlar arasındakı mübahisələrdə də özünü göstərir.

Bütün bu diskussiyaların, mübahisələrin nəticəsində hər dəfə yeni bir konsepsiya sistemi meydana çıxır. Guya bu sistemlər tərcümə elminin məqsədləri və vəzifələri haqqında ümumi təsəvvürlər formalaşdıracaq. Amma formalaşdırırmı?

R.K.Minyar-Beloruçev özünün "Ümumi tərcümə nəzəriyyəsi və şifahi tərcümə" kitabında yazır: "Kifayət qədər tərcümə modellərinin olmasına baxmayaraq, bu gün hər hansı tərcümə nəzəriyyəsinin elmdə üstün mövqelərə sahibləndiyi demək mümkün deyil". Professor A.Ələkbərli də "Tərcümənin predmeti və problemi" məqaləsində eyni şeyləri deyir: "Tərcümə təlimlərinin tarixi, çoxəsrlik tərcümə praktikasının kritik təhlili və dəyərləndirmələri "əbədi" tərcümə problemlərinin, tərcümədə dəqiqliyin, dürüstlüyün, tam adekvatlığın və s. permanent müzakirələri ilə doludur".

Əgər siz bütün bu əbədi müzakirələri saya salmayıb, bədii mətnin qavranılması məsələsində öz şüurunuzu yeganə vasitə hesab edərək (Qadamerin məsləhət gördüyü kimi, tərcüməçi-interpretator olaraq) tərcüməyə girişəcəksinizsə, hər halda, unutmayın ki:

1. Tərcümə orijinalın sözlərini çatdırmalıdır.

2. Tərcümə orijinaldakı fikirləri çatdırmalıdır.

3. Tərcümə orijinal kimi oxunmalıdır.

4. Tərcümə tərcümə kimi oxunmalıdır.

5. Tərcümə orijinalın üslubunu ifadə etməlidir.

6. Tərcümə tərcüməçinin üslubunu əks etdirməlidir.

7. Tərcümə tərcüməçinin zamanına uyğunlaşdırılmalıdır.

8. Tərcümə əsəri orijinalın zamanına uyğun olmalıdır.

9. Tərcümədə orijinala nələrisə əlavə etmək, nələrisə çıxarmaq olar.

10. Tərcümədə heç nəyi əlavə etmək, heç nəyi çıxarmaq olmaz.

11. Şeir nəsrlə tərcümə olunmalıdır.

12. Şeir şeirlə tərcümə olunmalıdır.

"Tərcümə sənəti" kitabında (T.Seyvori) tərcüməçi qarşısında, yumşaq dillə desək, bu cür ziddiyyətli tələblər qoyulur.

Amma siz, dediyimiz kimi, bütün bu tələbləri öyrənib məyus olmursunuz, çünki sizin üçün vacib olan öz şüurunuzdur. Amma... burada da daş qayaya rast gəlir. İşə başlar-başlamaz Delteyin zəhərli kinayəsi ilə rastlaşırsınız, o soruşur: "Bir fərdiyyət başqa bir fərdi həyatın təzahürlərini ümumi obyektiv qavram predmetinə necə çevirə bilər?"

İş bununla da bitmir. Sən demə, sizin keyfiyyətli, gözəl tərcümə etmək istəyiniz hətta demokratik prinsiplərlə və ümumiyyətlə, demokratik görüşlərlə "ziddiyyət" təşkil edir. Belə ki, sadalanan tələblərdən sonuncusu Qərb oxucusunun getdikcə artan iradlarına tuş gəlməkdədir: şeirin şeirlə tərcüməsi bəlli dərəcədə tərcümənin yaradıcı müstəqilliyi deməkdir və oxucu, adətən, orijinalın özüylə deyil, onun sərbəst interpretasiyası ilə tanış olur. Belə olan halda sual yaranır: "Burada mənim hüquqlarım pozulmur ki?" O mənada ki, bədii tərcümə bəlli ölçülərdə seçim prosesi deməkdir. Orijinalın ötürülməsi və onun tərcümə transformasiyası üsullarının seçimi. "Seçim" sözünün isə Qərb insanına təsiri haqqında ayrıca danışmaq lazım gəlir. Yalnız onu qeyd edək ki, Qərb insanı üçün ən böyük təhqir, xoş niyyətlə də olsa, onun seçiminə təcavüz edilməsidir. Bu məsələdə o, nə ixtisaslaşmanı, nə yüksək professionallığı, nə də xüsusi istedadı vecinə almır. Mətnin məzmununun başqa dil vasitələri ilə adekvat verilməsinin problemli məsələ olduğunu bildiyi üçün oxucu elə bir minimum - sətri tərcümə - istəyir ki, onun üzərində öz şəxsi mülahizələrini qura bilsin. Beləcə, məsələn, get-gedə daha çox fransız jurnalı aşağıdakı fikrə meyllənməkdədir: şeirin bədii tərcüməsi, yəni şeirin şeirlə tərcüməsi keçilmiş mərhələdir. Və oxucuya şeirin sətri tərcüməsi təqdim edilir - həm asan başa gəlir, həm də oxucu razı qalır... Ədalət naminə demək lazımdır ki, Qərbdə şeirin şeirlə tərcüməsinin tərəfdarları da az deyil.

Burada qeyd edək ki, bu praktika bütün Qərb ədəbiyyatı üçün səciyyəvi deyil. İngilislərdən, fransızlardan və almanlardan fərqli olaraq, Orta Avropa ölkələrində (çexlər, slovaklar, macarlar) şeirin nəsrlə tərcüməsi kobud norma pozuntusu sayılır. Bu, əlbəttə, orta avropalıların daha az azadlıqsevər və yeni fikirlərə daha az açıq olduğuna dəlalət etmir. Amma burada da danışılmalı mətləblər var - orta Avropada uzun müddət "hamı üçün eyni fikir" ədəbiyyat və sənət məsələlərində hər şeyi olmasa da, çox şeyi həll edirdi. Bəlkə də, kollektiv və individualist şüurun görsənişlərini burada da görmək lazımdır...

"Semantik ekvivalentliyin kompetent alt səviyyəsi üçün elə struktur transformasiyaları səciyyəvidir ki, burada məzmunu müəyyən edən məna çalarları dəyişməz qaldığı halda, ifadənin formal strukturu dəyişikliyə uğrayır". Terminlərlə elə də çox süslənməmiş, ancaq tərcümə anlayışını müəyyən mənada ifadə edən bu çıxarışı tərcümə nəzəriyyəsi kitablarından birindən götürmüşəm. Tamamilə aydındır ki, ən savadlı və dərrakəli oxucu da, bu cür təyin-tərifləri oxuyarkən, əllərini yana açıb, çiyinlərini çəkməli olur. Belə hallarda qədim yunanlar öz sevimli Tanrılarından birinə - Hermesə müraciət etməli olardılar. Bildiyimiz kimi, Hermesin vəzifələrindən biri də özündən yuxarıdakı tanrıların fikir-mülahizələrini şərh etmək və insanlara çatdırmaqdan ibarət idi. Ancaq bizim tanrımız birdir və bu sadə səbəbdən nə Hermesin, nə də Merkurinin (o da Tanrılar və insanlar arasında vasitəçi idi) yardımından yararlana bilərik. Sonuncu peyğəmbər isə bu tipli məsələlərlə bağlı aydın bəyan edir: "Aydın danışın, elə danışın ki, insanlar fikrinizdə tamam başqa şeylər tutduğunuzu düşünməsinlər".

Tərcüməşünaslığı müstəqil elm kimi qələmə vermək, əyri-üyrü yollarla ona obyekt, predmet və terminologiya bazası yaratmaq (müstəqil elm üçün sadalananların olması mütləqdir) məsələsində alimlərin həddən ziyadə canfəşanlıq göstərməsi ona gətirib çıxarıb ki, bu elm sahəsi "özündə şey"ə çevrilib və praktiki məqsədlər və vəzifələr üçün xüsusi bir dəyər daşımır. Elmi inkişaf etdirmək əvəzinə, onu "lazımsız şeylər fakültəsi"nə çevirməklə məhvə sürükləyirlər. Bunu saymazyana və kibirli bəyanat kimi qəbul edə bilərsiniz, amma əgər tərcümə elmi tərcüməçinin subyektiv başlı-başınalığını minimuma endirmək istəyirsə, tərcüməçi-praktikin yanına cığır salmalıdır. Bu gün isə elə bir vəziyyət yaranıb ki, əksər tərcüməçilər onların əməyini saf-çürük edən elmin "böyük nailiyyətləri" haqqında tam xəbərsizdirlər. Əslində, bəlkə, elə belə yaxşıdır. Konkret tərcüməçi kəsdirə bilmir ki, onun əməyinə bu böyük "diqqət" hansı sosial-tarixi zərurətdən yaranıb. O, hətta tərcümə elminin bütün fəlsəfi-həyati peripetiyalarını idrak etmiş olsa belə, bu o demək deyil ki, o, öz anadangəlmə qabiliyyətlərindən əlavə nəsə yararlı bir şeylər əldə eləyəcək.

Bu fikri yaranmasını bir sıra faktlar şərtləndirir, onlardan yalnız üçünü diqqətinizə çatdırım:

1. Hələ tərcümə elminin heç bir fundamental məsələsi üzrə ümumi, ortaq fikir müəyyənləşməyib. Bu elm konkret olaraq nəyi öyrənməlidir? Onu necə adlandırmaq lazımdır - tərcüməşünaslıq, translatologiya, yaxud başqa cür? O, müstəqil elmdir, yoxsa linqvistikanın yalnız bir sahəsi? Razılaşın ki, bütün bu təfərrüatlar tərcüməşünaslığı yalnız hansısa ideya laboratoriyası kimi xarakterizə edir. Bu, öz-özlüyündə, bəlkə də, pis deyil, amma artıq formalaşmış, müstəqil, nüfuzlu mənbə kimi ona istinad etmək olmur. Bəlkə, elmdən bunu gözləmək artıqdır, elə isə, bu qədər hay-küy, toz-duman nəyə lazımdır?

2. Tərcümə elminin digər elm sahələri - fəlsəfə, psixologiya, sosiologiya, hətta fiziologiya ilə əlaqələrindən çox danışılır. Bu formal-texniki orijinallıqlar elə sərt doqmalar yaradıb ki, tərcümə problemlərini daha bir elm sahəsi - estetikanın problemləri ilə uzlaşdırmaq müşkülə çevrilib. Bu, özünü nədə göstərir? Onda göstərir ki, "təcrübə və səhv metodu" burada mütləq üstün mövqelərə malikdir və bu onun magistral istiqaməti haqqında düşünməyə şərait yaratmır. İstiqamət isə, məlum olduğu kimi, estetikanın əsas problemlərindən biridir və burada inkişafın bütün mərhələlərinin ardıcıllığı mühümdür.

3. Üçüncü faktor məhz fiziologiya ilə bağlıdır. İş burasındadır ki, tərcümə elmi necə yüksək nailiyyətlər qazansa da, nə qədər mükəmməl olsa da, tərcüməçi-praktik onun nəticələrini əsas götürməyəcək. Onu buna yalnız məcbur etmək olar. Çünki o, yaxşı başa düşür - onu "haqq yoluna" gətirmək istəyən bütün məsləhətləri, cürbəcür elmi qənaətləri göz önündə tutmuş olsa, hamının yaxşı tanıdığı qırxayağın gününə düşəcək. O qırxayağın ki, bir dəfə ayaqlarını hansı ardıcıllıqla atmaq barədə düşünməyə başlayıb və nəticədə yeriməyi yadırğayıb.

Düşünürəm ki, tərcüməçidən mümkün olmayan şeyləri tələb etməyə ehtiyac yoxdur. Əks halda iki dildən istifadə etməklə ərsəyə gələn kommunikasiyadan - tərcümə elminin obyektindən özümüzü məhrum edə bilərik. Onda bu elmin müstəqil olub-olmadığı barədə söhbətlər, doğrudan da, kəsiləcək. Doğrudan da, obyekti olmayan elm kimə lazımdır? /525.az/

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.